Parisin Yelenayla söhbəti
Müasir Azərbaycan ədəbiyyatında
yeni nəslin ən parlaq nümayəndəsi sayılan
Qismət noyabrın
5-də ailə həyatı
quracaq. Bu münasibətlə istedadlı
qələm dostumuza səmimi təbriklərimizi
və ən xoş arzularımızı
ünvanlayır, oxucularımıza
isə Qismətin poetik yaradıcılığının
yeni nümunələrini
təqdim edirik.
Alman hesabı
o gün,
hə, o gün
sən dodağında qırmızı
qətiyyət,
əynində “qadın hüquqları və qaşqabaq”
gəlmişdin görüşə,
mən boğazıma qara bir ciddiyət taxıb,
təraş olub,
bəyəndiyin ətirdən də vurmuşdum.
O gün idi, hə, o gün
13-ü cüməyə
düşmüşdü,
“Araz” kafesində
ayrılmaq üçün
görüşürdük,
Azərbaycan kimi...
ofisiant,
bizi görən kimi öskürmüş,
sifətinə gülüş, dilinə hazır rusca sözlər geyinib
gəlmişdi yanımıza.
Mən “Günah
anandadı !” salatı ,
yanında “Sən məni başadüşməzsən” qızartması
istəmişdim.
Sən “Özün
bilərsən” şorbası
demişdin,
bir də “Mən yaxşı yaşamaq istəyirəm” püresi.
Sükutun qədəhinə
qırmızı, kəmturş ittihamlar süzülən kimi,
hörmət quşunun boğazı üzülən kimi,
hesabı istəmişdik.
O gün, hə, o gün,
13-ü cüməyə
düşmüşdü
Ucuz bir
ayrılığın hesabını
ödəmişdik
alman hesabı.
Sən masadan
“Sənə qalmamışam” deyərcəsinə
çantanı götürüb
getmişdin.
Mənsə addımlarımın
saatını çox geri çəkmişdim,
amma qürurumdan,
– çinarlara qohum qürurumdan-,
sən bir Meduza kimi uzaqlaşarkən,
dönüb baxmamışdım arxanca.
arada düşünürəm o günü
:
dönüb baxmışdınmı arxamca?
Baxmışdınsa axı nədən
o gün
o küçədə
bircə heykəl
vardı,
Nizaminin heykəli.
Mətbəxlik
Bir qadın
var hardasa
gözləri razılaşmaq dilində
susur...
metroda əlləri yaxasına,
çantası dizlərinə səngər.
Bir qadın
var hardasa
xoşbəxtlikdən sinifdə qalan,
hər gün ciyərini qayğılar didən
mətbəxə zəncirlənmiş Prometeya.
Bir qadın
var hardasa
sevmədiyi kişiyə arvad
sevdiyi kişiyə Çin səddi...
Bir qadın
var hardasa
qara günlərin qırmızı
diplomlusu,
iki uşaq anası.
Yerindədi hər
şeyi
əri, uşaqları, şubası,
biş-düşü.
Bir qadın
var hardasa
kibrit çöpündən tez
sönür gülüşü...
Bir qadın
var hardasa
qadın deyirəm sizə
gecələr ağlar səssizcə
haram qatar yuxusuna.
ağlar bir qalstukun xorultusuna,
bir kostyumun tütün qoxusuna,
ağlar yatağındakı üzütəraşlı
HEÇ KİMƏ...
Bir qadın
var hardasa
Soruşsan xoşbəxtsənmi?
Bədbəxtəm deməz
Deyər: çox
mətbəxəm...
Parisin Yelenayla
söhbəti
Fəth olundu
qəlbimin Troya krallığı,
İndi yanır
ürəyim hər tərəfi duman, sis...
Yelena, məndə hardan tapmısan sakrallığı,
Məni sevmək əzabdı,
dərddi, yoxsa katarsis?
Mən müqəddəs
deyiləm,
qoy səni aldatmasın –
Gözlərimdə gördüyün o təmizlik,
o ziya.
Hər şey
qəfildən oldu,
vaxtın başı batmasın,
Vaxtına düşməyənin
hər şeyi illüziya...
Ömür axır
su kimi, arzu qoyuruq dəmə...
Özü özünə çökən
boz dumanam, Yelena.
Dünya dolub-boşalan bir qədəhmiş sən demə,
Mən isə yaşamağa narkomanam, Yelena.
Mənim adım
cücərsin qoy sənin dodağında,
Adıma kölgələnim, sevinim, qürurlanım.
Bu yaralı gəminin
qaranlıq otağında,
Baxışında yuyunub, səsində qurulanım...
Bilirəm, gedəcəksən,
budur mənim qədərim
Ömrün çoxu gecədir,
sən səhərsən,
Yelena.
Gəl, uduzaq
savaşı, qudurtmayaq
zəfəri,
Sənə at bağışlasam götürərsən, Yelena?
Klassika məşqlərindən
– XX
Gözlərindən öpərəm, dodaqlarından
sənin,
Şirin sözlər
asaram qulaqlarından sənin,
Saçını oğurlayıb daraqlarından
sənin,
Saxlayaram cibimdə,
gizli-gizli qoxlaram,
Yandıraram gecələr,
gəlirsənmi yoxlaram...
Əllərindən tutaram, biləyindən öpərəm,
Saçlarının gül qoxan küləyindən öpərəm,
Məni müqəddəs
bilən ürəyindən
öpərəm,
Öpərəm ki, biləsən mən müqəddəs deyiləm,
Nə var
məndən qaçmağa,
mən ki qəfəs deyiləm...
Qırmızı kəmturş şərab
badələrə süzülər
Zarafatlar uzanar,
ürəyimiz üzülər...
Barmaqlarım tələsər,
düymələrin çözülər,
İçimə bir od düşər, titrəyər
ayaqlarım,
Süd yolunda
dincələr qurumuş
dodaqlarım...
Ürəyimin parası, gözümün
bir tikəsi,
Məni yaman qorxudur dinməmək təhlükəsi.
Mən özündənrazının,
eqoistin yekəsi,
Sən zəriflik
tanrısı, qadının
ötəsisən
Bütün xoş
şeylər kimi sən dəmi bitəsisən ?
Birnəfəsə...
Darıxmaq pəncərəsi
açıq qalıb,
yellənir səbrin pərdəsi,
fikrimin atı qan-tər içində...
Saçlarını üzündən
yığırsanmı astaca ?
Daralırmı nəfəsin ?
Leysan kimi
yastığa
yağırsanmı astaca ?
Mən nə
axmaq adamam,
nə axmaq suallardı ?!
Vaxt vardı,
oyanıb görürdüm ki,
tavan başqa tavandı.
Tavan da
təəccüblənirdi...
Kəsəsi, öpdüyümüz
dodaqlardan
pomada kimi silinmək ehtimalı da var.
Amma səni
düşünmək elə
gözəl ki,
sənə də məsləhət görürəm...
Hamı kimi durursan yuxudan.
Əllərini yudunmu, çayını içdinmi
başlayır dünənə əkiz bir gün.
Kontur göndərirsən
rəfiqənə,
nömrəni dəyişmək istəyirsən,
Facebook-a
öyrəşə bilmirsən...
Filmə baxırsan,
yeməyi qızdırırsan,
qeybət eləyirsən
yüngülvari...
Çantanla ayaqqabının
rəngini tutuşdurursan,
necəsə şalvarını köynəyə
yaraşdırırsan,
qəşəng görünürsən insafsızca...
Gülümsəyirsən kiminsə zarafatına,
yorulursan, mürgüləyirsən divandaca
yastığa toxunur saçların, çiynin...
Oyanırsan, güzgüyə baxırsan.
Güzgün olum,
yadıma düşürsən çilik-çilik
oluram.
Adını bir vərəqə
yazıb baxıram.
Adın gözlərimdən
başlayıb fəth
edir
ürəyimin paytaxtını.
Yuxularıma tökülür
saçların...
Sonra nəsə
olur,
adın ayrı-ayrı mənalara
bürünür,
bax, onda
əllərin “qucaqlaşmaq”,
dodaqların “öpüşmək”
ayaqların “getməmək” felinə bənzəyir...
Bax, onda
nəsə olur,
sənin acıgöz
həsrətin
məni dişinə çəkir.
Bax, onda
darıxmağım qurd kimi ulayır...
Dönüb görərsən
ki...
Bir də
görərsən ki,
qəti alınmır...
Səni gecələrin
zülməti çəkər,
Dodağın bir öpüş
həsrəti çəkər.
Yanar dodağında
bir dodaq yeri
Lap elə mən ölü, sən də ki, diri
Qabları yuyarsan,
çörək alarsan,
Görərsən könlünün simi
tarımdı.
Amma bilməzsən
ki, niyə yarımsan,
Bilməzsən evində nəyin yarımdı...
Könlünə qəfil bir qayıtmaq düşər,
Birdən başlayarsan
lap darıxmağa...
Dönərsən gəldiyin yola baxmağa,
Qəhər boğazında
ilişər qalar,
Dönüb görərsən
ki, divardı yollar,
Dönüb görərsən
ki, yol çıxıb
gedib...
Bezginlik
Suallar verirlər,
çoxlu suallar...
Niyə? Nədən? Necə?
Cavabını bilmirlər guya.
Zalım uşağı,
səadət ərzaq deyil ki,
tutub doldurasan soyuducuya...
Bir nəfər az
Çanaq antenaları
göylərin sonsuzluğuna
qulaq kimi şəklənmiş
binaların sakinləri
çay içir, qab yuyur, nərd oynayır.
Mənsə yenə
Darıxmağa məğlub
oluram,
çünki yenə Darıxmağın
hücumunda Dərd oynayır,
çünki yenə bir nəfər
azlıqdayam...
Dünyaya – bu qədim adamyeyənə
ağaran saçlarla
təslim bayrağı
qaldırmış,
ömürləri reklam kimi təkrar
adamların gecəsi
topdansatış qarasıdı.
Mənimki gecə deyil,
gecə üstəgəl
gecə vur gecədi.
Mənimki qara deyil,
zülmətin kvadratıdı.
Amma neyləməli, bir azdan
ikinci əl
bir səhər açılacaq
və mən
son istifadə tarixi keçmiş
bir ümid
geyinib, gedəcəyəm.
Gedəcəyəm, sizin küçənizdə
baş rolda
darıxmağa...
Qismət
525-ci qəzet.- 2012.-
3 noyabr.- S.27.