Rafiq Yusifoğlunun
Könül Səltənəti
Məncə,
Allah şairlərə təkcə yazmaq yox, həm də təkrar-təkrar
doğulmaq istedadı verib... Şair
hər yeni kitabı ilə dünyaya təzədən göz
açır. Bu məntiqlə Rafiq Yusifoğlunun bir yaşı hələ tamam
olmayıb. Çünki onun
sonuncu şeir
kitabı – “Könül səltənəti”
“soba”dan bu il çıxıb. Sobadan deyirəm,
ona görə ki, Rafiq müəllimin
yaradıcılığında “çiy”,
“bişməmiş” söz tapmaq müşkül məsələdir.
Rafiq
müəllim yazıram... çünki əksəriyyətin
“Göyərçin” jurnalının baş
redaktoru, əməkdar mədəniyyət
işçisi, şair,
ədəbiyyatşünas, tərcüməçi, elmlər
doktoru, professor kimi tanıdığı Rafiq
Yusifoğlu mənim üçün
sadəcə Rafiq müəllimdir. Amma nə müəllimi? Sadəcə ədəbiyyatmı?
... Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura pilləsinə yeni daxil olduğumuz və qalibiyyət duyğusundan hələ ayılmadığımız vaxt idi. Özümüzü “balaca alim”, professorlarla həmkar sandığımız bir dövrdə Rafiq müəllim elə ilk dərsi ilə yumağa döndərmişdi bizi. Onun ruhu, aurası, biliyi, intellekti sanki hamımızı sehrləmişdi. Özümüzü universitetin yeməkxanasına çatdırıb rəngsiz və dadsız “tələbə çayı”ndan içə-içə müzakirələrə başlamışdıq. Hələ orta məktəbdən bələd olduğumuz mövzuların bu yeni təqdimatını anlaya bilmirdik elə bil. Amma çox keçmədən müəllimimizin sirri açılmışdı. Səbəb şairlik imiş. Rafiq müəllim Şairliyini bir an belə unutmayan insandır. Sonralar onunla həmkar, iş yoldaşı da oldum. Və ani salamlaşmadan da, tələsik bir hal-əhvaldan da simasından yağan poeziyanı, gözlərindəki qafiyələri, təbəssümündəki metaforaları açıq-aydın gördüm.
Adama elə gəlir ki, o, “Axı mən şairəm!”
düşüncəsiylə çağdaş
dünyanın “yaşam qaydaları”nı
pozur, özünü
bəzi “zövq”lərdən məhrum edir...
“İmtahan qabağı umacaqlar”ı yoxdur, vəzifədə olan
qohumuna, varlı tələbə
yoldaşına ağız açmır, intriqalara
qoşulmur, paxıllara fikir vermir. Bəli... Rafiq müəllim Şairliyi
pak, müqəddəs sənət sayan və bunu hər zaman qorumağa
çalışan sənətkardır. Lakin
öz dünyasında yaşayan,
bir az da
göylərdə uçan xəyalpərəst
təsiri bağışlayan şair
reallıqdan, bu günün
dərdlərindən uzaq deyil.
Sadəcə onun nə düşündüyünü,
nədən incidiyini, doğulduğu
Qubadlının işğalına necə
yandığını bilmək üçün
şeirlərini oxumaq lazımdır.
50-dən çox kitab müəllifinin sonuncu “Könül səltənəti”ni vərəqləyəndə burada yer almış şeirlərin sadəcə İnsan haqqında olduğunu anladım. Müəllif kitab boyu müxtəlif obrazlarda görünür: yurduna həsrət qalmış vətənpərvər, nəvəsinin nazı ilə oynayan baba, gənclərin tərbiyəsindən şikayətli müəllim, sevgisindən incik aşiq, sevdalı qəlbinə məlhəm gəzən şair. Bütün bu obrazları birləşdirən ümumi cəhət isə səmimilikdir. Şeirləri oxuduqca şairlə “525-ci qəzet”dəki “Pərvinin həmsöhbəti” layihəsi çərçivəsində söhbətimizi xatırlayırdım. Azadlıq barədə sualıma Rafiq müəllim “İnsan İNSAN olduğunu dərk edirsə, azad ola bilməz. İnsan özü də təbiətin tərkibidir. Əgər günəş azad deyilsə, istədiyi yerdən batıb, istədiyi yerdən çıxa bilmirsə, dəniz azad deyilsə, qanad açıb dağın başına qalxa bilmirsə... insan necə azad ola bilər?! Azad ancaq düşüncə ola bilər.” – deyə cavab vermişdi. “Könül səltənəti”ndəki şeirlər də məhz bu mövqedən yazılıb. Şairin düşüncəsi çox azaddır. Lakin o Allahın iradəsi ilə buza dönən Xəzərdən, yaxud taleyin acı hökmü ilə işğalda olan doğma torpağından yüksəkdə qoymur özünü. Öz sərbəst fikirlərini milli-mənəvi dəyərlərimizdən gələn qəliblərə salmaqdan çəkinmir:
Düşüncələrim
ağrılarımı
bir
az səngitdi,
Bir
az azaltdı.
Ürəyim
də çərçivə içindədi,
Ancaq təpədən dırnağacan azaddı...
Rafiq Yusifoğlu sevməyi öyrədən şairdir. Özü də onun sevgisi birtərəfli deyil... O, körpələri düşünüb uşaq şeirləri yazır, çətin bir vaxtda “Göyərçin” jurnalını qoruyub saxlayır, yeniyetmələri primitiv xatirə dəftərləri səviyyəsində şeirlərdən xilas etmək üçün çağdaş sevgi mövzusunu əsərlərinə gətirir. Rafiq müəllimin yaratdığı Məcnun Füzulinin Məcnunu kimi safdı, pakdı, sevgisinə sadiqdi:
Dəli sevda dolanmırsa başında,
Sevmirsənsə, bu dünyada qəribsən.
Ulu tanrım, baş əyirəm qarşında, –
Mənə sevmək istedadı veribsən!
Lakin bu Məcnun Bodruma dincəlməyə gedir, dənizlə söhbət edir, sms yazır, darıxır, küsür, xəyanət görür, bağışlayır. Buna görə də müasir gəncliyin onun məhəbbət lirikasına meyli, pərəstişi təəccüb doğurmur. Yəqin elə bu səbəbdən Rafiq müəllim gizli kameraların hədəfinə ən çox tuş gələn şairlərdəndir. Dərslərində ağzından bir misra çıxdımı, tələbələrin mobil kameraları özündən xəbərsiz işə düşür... Elə biz özümüz də onu telefonlara çəkən “xəfiyyə”lərdən olmuşuq... Şübhəsiz ki, gəncliyin sevgisini qazanan şairin əsl insan xarakteri də az rol oynamır. Alicənab və humanist müəllimi kim istəməz ki?! Amma məncə əsas səbəb onun müasirliyidir. O, Füzulini dərk edən azsaylı adamlardandır, lakin cavanların favoriti Poulo Koeliyonun “Kimyagər”indən, yaxud Ronda Bernin “Sirr”indən də xəbərsiz deyil. Və bütün bu çoxtərəflilik onun poeziyasında özünü göstərir. Sonuncu, “Könül səltənəti” kitabına daxil edilmiş, Çin, Koreya, gürcü, rus şairlərindən tərcümələri də deyilən fikri bir daha təsdiqləyir.
İstər bu, istərsə də əvvəlki kitablarındakı məhəbbət lirikasına baş vurarkən insanda yaranan ilk sual bu olur: dərdlərin ən ağırını, itkilərin ən dözülməzini yaşayan adam bunları necə yaza bilir? Sualımı ürəyimdə saxlamayıb müsahibə zamanı həmsöhbətimə ünvanlamışdım. Sakit və təvazökar şəkildə cavab vermişdi ki, “Şeirlərimlə ətraflı tanış olanlar bunlarda böyük ağrı olduğunu hər zaman vurğulayırlar. Bu da əsasən, torpaqlarımızın itkisindən yaranan ağrıdır... 1993-cü ilin avqust ayının 31-də doğulduğum Qubadlı torpağı düşmən tapdağı altına keçib. Həmin ayın 19-da mən ordaydım. Sonralar bu əzabları içimdə çəkən bir adam kimi fikirləşirdim, daha heç vaxt sevgi şeiri yazmaram. Lakin vaxt keçdikcə anladım ki, həyat davam edir və oxucunun istədiyini yazmaq lazımdır.”
Məhz “içində çəkən”... Elə həmin söhbətimizdən sonra Rafiq müəllimin ictimai lirikasına, vətənpərvərlik, Qarabağ mövzusunda yazılmış şeirlərinə nəzər saldım. Onun bu qəbildən olan əsərləri də özünə bənzəyir. Bunlar kürsüdən qışqırmaq, pafoslu bəyanatlar vermək üçün qələmə alınmayıb. Sanki şair dərdini daxilindəki ürək laboratoriyasında cilalayır, özünə yaraşan səmimi şəkildə, təmkinlə üzə çıxarır
Durub Araz sahilində
Hey baxıram yana-yana.
Kölgəm məndən qeyrətlidi,
Sərhəddən keçib o yana...
Yaxud “Doğulduğum kənd” şeirində:
Çayam, mənbəyimdən gərək güc alım,
Gec-tez bu həsrətin buzu əriyər
Mən axıb getdikcə fikrim, xəyalım,
Dönər balıqlara, üzər
geriyə...
Rafiq Yusifoğlu
poeziyasının orijinallığı,
bənzərsiz qafiyə
sistemi, ənənəvi
mövzulara fərqli yanaşması, bədii təsvir və ifadə vasitələrindən
ustalıqla istifadəsi
öz tədqiqatını
gözləyən ayrıca
bir elmdir. Bu mənada onun Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində
dərs deməsi məni xeyli nikbinləşdirir. Əminəm ki, zaman keçdikcə
Rafiq müəllimin tələbələri içərisindən
onun tənqidçiləri
yetişəcəkdir.
Rafiq Yusifoğlu
haqqında hər zaman danışılası,
əsərləri tədqiq
olunası şairdir, alimdir. Onun “Könül səltənəti”
kitabı məndən
ötrü sadəcə
bir bəhanə oldu.
PƏRVİN
525-ci qəzet.- 2012.- 3 noyabr.- S.25.