Korifey yazıçı haqqında bənzərsiz əsər

 

Mənim məktəb illərim bəşəriyyətin ən böyük kəşfi kitablara hədsiz maraq olan dövrə düşüb. O vaxt kəndlərdə radio və televiziyanın nə olduğunu demək olar ki, bilmirdik. Kitabları hərisliklə oxuyurduq. Yaxşı yadımdadır, M.S.Ordubadinin əsərləri əl-əl gəzirdi. “Dumanlı Təbriz” və “Gizli Bakı” romanlarını növbə ilə oxuyurduq. Məktəbimizin kitabxanaçısı “Qılınc və qələm” əsərini bizə məsləhət görmürdü: “Hələ uşaqsınız, başa düşməzsiniz” – deyirdi. Onun bizi uşaq hesab etməsi, kitabı verməməyindən daha çox xətrimizə dəyirdi. Vaxt keçdi. “İngilis-Azərbaycan dili və ədəbiyyatı” fakültəsində oxuduğumdan istər-istəməz möhtəşəm “Qılınc və qələm” romanını oxumaq da mənə qismət oldu. Məmməd Səid Ordubadi bir yazıçı kimi yaddaşımda həkk olundu.

Bugünlərdə professor Yavuz Axundlunun səmimi avtoqrafla göndərdiyi, təzəcə çapdan çıxmış “Məmməd Səid Ordubadi” monoqrafiyasını alanda şirinli-acılı gənclik xatirələrim yenidən vərəqləndi (Bunun nə demək olduğunu yaşlı adamlar yaxşı bilir). Buna görə ağsaqqal alim dostum Yavuz Axundluya və kitabın çapında maddi dəstəyini əsirgəməyən, əsərə “Azərbaycan tarixi roman məktəbinin banisi” adlı sanballı “ön söz” yazan akademik İsa Həbibbəyliyə minnətdarlığımı bildirirəm.

Onu da deyim ki, akademik İsa Həbibbəylinin “Ədəbiyyat qəzeti”ndə dərc edilən “Ədəbiyyatımızın nəhəngi” və kitaba yazdığı “ön söz”də tədqiqata layiq neçə-neçə sanballı fikirlər vardır. Xüsusən də Ordubadi yaradıcılığının Lev Tolstoyun yaradıcılığı ilə müqayisə olunması yenidir. Doğrudur, hələ sovet dönəmində Ordubadi “Azərbaycan ədəbiyyatının Şekspiri”, “Azərbaycan ədəbiyyatının Qoqolu”, “Azərbaycan ədəbiyyatının Belinskisi” kimi epitet və ifadələrlə oxucu və tədqiqatçıların diqqətinə çatdırılır, qiymətləndirilirdi. Eyni zamanda akademik İsa Həbibbəylinin göstərdiyi kimi, bu ifadələrlə yazıçının, yaxud alimin sənətinin və ya elminin böyüklüyü, qüdrəti deyil, Qərb, yaxud rus ədəbiyyatının adı çəkilən görkəmli nümayəndələrindən Azərbaycan ədibinin geniş ölçüdə təsirlənməsi, faydalanması yada salınırdı. Əlbəttə, “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Qılınc və qələm” kimi romanlarda Qərb və rus ədiblərinin əsərlərinin izlərini, təsirlərini axtarmaq gülünc idi. Burada söhbət yalnız müqayisədən gedə bilər ki, bunu İsa müəllim tam dəqiqliklə etmişdir: “Böyük Lev Tolstoy rus ədəbiyyatının tarixində malik olduğu səviyyə etibarilə hansı yeri tutursa, Məmməd Səid Ordubadi də Azərbaycan ədəbiyyatında həmin mövqeyə malikdir”. İsa müəllim bu qənaətə professor Yavuz Axundlunun monoqrafiyasını oxuyaraq gəlmiş, əsərə yüksək qiymət vermişdir: “Artıq iyirmi ilə yaxındır ki, Azərbaycan ordubadişünaslığını Prezident təqaüdçüsü, Əməkdar müəllim, filologiya üzrə elmlər doktoru, professor Yavuz Axundlu təmsil edir. Professor Yavuz Axundlu Azərbaycan ədəbiyyatşünaslığında tarixi romanın elmini yaratmış görkəmli tədqiqatçıdır. Azərbaycan tarixi roman janrının inkişaf yolunun sistemli şəkildə öyrənilməsi və elmi-nəzəri tədqiqi Yavuz Axundlunun adı ilə bağlıdır”.

Həqiqətən də professor Yavuz Axundlu Azərbaycan tarixi roman janrının tədqiqi sahəsində çağdaş ədəbiyyatımızda ən mötəbər, ən nüfuzlu söz sahibidir. On ildən artıq görkəmli yazıçı, şair, dramaturq, publisist tərcüməçi və ədəbiyyatşünas kimi tanınan Ordubadinin yaradıcılığı ilə bağlı M.Füzuli adına Əlyazmalar İnstitutunda ədibin əlyazmaları üzərində işləyən tədqiqatçı dördcildlik “Dumanlı Təbriz” romanından namizədlik dissertasiyası yazmış, sonralar da Əlyazmalar İnstitutunda araşdırmalarını davam etdirərək M.S.Ordubadi ilə bərabər başqa müəlliflərin də tarixi romanlarını tədqiq etmiş, “Azərbaycan sovet tarixi romanı” (1979) adlı sanballı monoqrafiya buraxmış, elə həmin mövzuda doktorluq dissertasiyası müdafiə etmişdir. Az sonra “Tarix və roman” (1988) və “M.S.Ordubadi”  (“Elm”, 1997, 352 səh.) monoqrafiyalarını çap etdirmişdir. Bu fədakar alim həsəd aparılacaq yaş həddinə baxmayaraq əldə olunanlarla kifayətlənməmiş, “M.S.Ordubadi” monoqrafiyası üzərində yenidən işləmiş, Azərbaycan tarixi roman janrının təməl daşını qoyan, Azərbaycan tarixi roman məktəbinin banisi, Ordubadi haqqında “Məmməd Səid Ordubadi” (“Elm və Təhsil”, 2012, 384 səh.) monoqrafiyasını mükəmməl şəkildə buraxmışdır. Üç fəsildən ibarət monoqrafiyada Ordubadinin dövrü, mühiti və həyatı, bədii yaradıcılığı: poeziya yaradıcılığı, felyetonları, dram yaradıcılığı, elmi-publisistik məqalələri, hekayələri, “İki cocuğun Avropaya səyahəti”, “Qanlı sənələr”, “Bədbəxt milyonçu, yaxud Rzaquluxan Firəngiməab” əsərləri, M.S.Ordubadi və tarixi roman janrının bəzi məsələləri, “Dumanlı Təbriz” romanının mövzu və ideyası, əsas surətləri, bədii xüsusiyyətləri və dili, “Dumanlı Təbriz” ədəbi tənqiddə, romanın variantları, Bakıdakı inqilabi hərəkatın bədii inikası, “Qılınc və qələm”, Ordubadi haqqında xatirələr və nəhayət “son söz” yer alır. Elə saydıqlarımızdan da görünür ki, M.S.Ordubadi qələmini ədəbiyyatımızın demək olar ki, bütün janrlarında sınamış, uğur qazanmışdır. Hələ biz ədibin tarixi roman jarının əsasını qoyduğunu və məktəb yaratdığını demirik. M.S.Ordubadi, eyni zamanda, tanınmış ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. Klassik Azərbaycan ədəbiyyatının görkəmli simaları – Nizami, Füzuli, Vaqif, Sabir və başqaları haqqında məqalələr, eləcə də “XII əsr Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri” adlı monumental elmi-tədqiqat əsəri yazmışdır. Göründüyü kimi, zamanında onun “Azərbaycan ədəbiyyatının Belinskisi” adlandırılması ədəbiyyatşünaslıq sahəsindəki elmi-tədqiqat ilə bağlı olmuşdur.

M.S.Ordubadi “Koroğlu”, “Nərgiz”, “Nizami” və s. operaların, eləcə də “Beş manatlıq gəlin” və “Ürəkçalanlar” musiqili komediyalarının librettosunun müəllifidir. Çoxcəhətli yaradıcılığı Ordubadiyə imkan vermişdir ki, tərcüməçilik sahəsində də qələmini sınasın. A.S.Puşkinin “Baxçaray fontanı” poemasını, “Boris Qodunov” dramını, “D.Bedninin “Baş küçə” poemasının uğurlu tərcüməsi onun bir şair kimi istedadından xəbər verirdi.

“Məmməd Səid Ordubadi” kitabında “Şeir yaradıcılığı” bölməsinə nəzər salanda aydınca görmək olur ki, Ordubadi M.Ə.Sabir üslubunda və onun təsiri altında şeirlər yazmışdır. Şairin “Şərqi-Rus” qəzetinin 14 dekabr 1903-cü il tarixli 109-cu sayında çap olunan “Xabi-qəflət” adlı ikinci mətbu şeiri deyilənlərə əyani sübutdur:

 

Dur, ey qafil yatan könlüm,

oyan bu xabi-qəflətdən,

Sənə yoxdur səmər hərgiz

bu bica istirahətdən!

Tamamən xalq olub

bidar avazi-müəzzindən

Dur, ey aludeyi-qəflət,

göz bir dəm kəsalətdən.

 

Ordubadi sağlığında olduğu kimi, dünyasını dəyişəndən sonra da həqiqi qiymətini almışdır. Ədib Fəxri Xiyabanda dəfn olunmuşdur. Naxçıvanda büstü qoyulmuş, Bakıda Ordubadda ev-muzeyi yaradılmış, ona Azərbaycan Sovet  Ensiklopediyasında geniş yer verilmişdir. Bütün bunlar ədibin yaradıcılığına verilən yüksək qiymətdən xəbər verir.

Professor Yavuz Axundlunun xüsusi vurğuladığı kimi, M.S.Ordubadinin çoxşaxəli yaradıcılığı həm sağlığında, həm sonralar ədəbiyyatşünasların diqqət mərkəzində olmuşdur. Ədəbiyyatşünaslıq elmimizin formalaşmasında inkişafında xüsusi xidmətləri olan M.Arif, M.Cəfər, C.Xəndan, Ə.Sultanlı, M.Cəlal, A.Zamanov, K.Talıbzadə, B.Nəbiyev, F.Vəzirova, Q.Xəlilli kimi görkəmli alimlərimiz Ordubadi yaradıcılığına sanballı əsərlər həsr etmişlər.

Ədəbiyyatşünas Rasim Tağıyev isə Ordubadinin biblioqrafiyasını tərtib edərək çap etdirmiş, Cənubi Azərbaycan alimi Fərhad Dağyaran onu fars dilinə tərcümə etmişdir.

Bununla belə deməliyəm ki, Ordubadi yaradıcılığının ən müqtədir tədqiqatçısı professor Yavuz Axundludur. Otuz ildən artıq bir dövrdə Ordubadinin həyat yaradıcılığı, ədəbi şəxsiyyəti ilə bağlı tədqiqat aparan alim, ədibinHəyatım mühitimadlı xatirə-memuarı, “İki cocuğun Avropaya səyahətiadlı romanı, “Qrenadanın süqututarixi dramı, “Qanlı sənələr” (qanlı illər) əsəri Respublika Əlyazmaları İnstitutunda saxlanılan çoxlu sayda işıq üzü görməmiş yazıları barədə ilk dəfə söz açmışdır. OrdubadininMolla Nəsrəddinjurnalı XX əsrin əvvəllərində digər mətbu orqanlarda dörd minə qədər şeir felyetonunun çap olunduğunu da professor Yavuz Axundlu üzə çıxarmışdır. 

Çox mətləblərdən söz açan, çox da maraqlıMəmməd Səid Ordubadimonoqrafiyası müəllifin çox yığcam, çox da təvazökarcasına yazılmış “son söz”ü ilə bitir. Elə bu bir səhifə yarımlıq “son sözəsər haqqında tam təsəvvür yaradır: “M.S.Ordubadinin həyat yaradıcılığı haqqında tədqiqatımıza burda son qoymaq, sözümüzü bitirmək istəyirik. Çalışdıq ki, bu nəhəng sənətkarın həyatı, mühiti, şəxsiyyəti ən başlıcası, bənzərsiz yaradıcılığı barədə bizi düşündürən, narahat edən fikir mülahizələri oxucularla bölüşək... Ordubadinin sənət dünyasından yalnız məlum olan əsərlərini deyil, məlum olmayanlarıarxivlərdəxəfə künclərdə üstünü toz basmış əsərləri təqdim elədik. O əsərlər ki, Ordubadini bir insan, bir sənətkar kimi tam, dolğun şəkildə səciyyələndirir, bir vətəndaş, bir azərbaycanlı kimi öz xalqına intəhasız məhəbbətindən xidmətindən söz açır”.

Ömrünün ahıl çağında da professor Yavuz Axundlu qələmi əlindən yerə qoymur, gənclik həvəsi ilə ədəbiyyatşünaslıq elmimizə layiqincə xidmət edir. Onun son vaxtlar nüfuzlu mətbu orqanlarda çap olunan bir-birindən maraqlı sanballı məqalələri, “Məmməd Səid Ordubadimonoqrafiyası imkan verir deyək ki, elm fədaisi Yavuz müəllim bir örnəkdir.   

 

 

Qəzənfər Paşayev,

Professor

 

525-ci qəzet.- 2012.- 3 noyabr.- S.24.