“Biz bir qatar tutiyi-şirinsüxənlərik...”

 

Uşaq olanda elə bilirdik ki, 60 yaş insan ömrünün ən qoca çağlarındandır və bu yaş həddini keçib 70-ə, 80-ə varanlara mifik bir varlıq kimi baxırdıq. 90-ı ki, daha demirəm... Bəzən də böyük Sabiri qınayırdıq ki, 60 yaşlı kişi də “madam” eşqi ilə durub Ərdəbildən Bakıya gələrmi? Ancaq Sabirin də alibisi var idi və qəhrəmanının dili ilə: “lakin düzəlmir halətim!” deyə fəryad edirdi. Nə isə, sözüm bunda deyil. Sözüm ondadır ki, Kainatın böyük yarımkeçiricisi olan Əlahəzrət Zaman amansızlıqla keçib getdi və bizim nəsil də gəlib 60 yaşına çatdı.

İlk öncə, nəslimizin hələlik yeganə akademiki, Azərbaycan ədəbiyyatının görkəmli araşdırıcısı və təbliğatçısı, görkəmli ictimai xadim, millət vəkili, Şərqin qapısında əzəmətlə ucalan elm və təhsil ocağı Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli 60 yaşlı gəncin etalonunu əyani şəkildə hər kəsə nişan verdi.

Onun ardınca, 59-u aşıracağına bir dürlü ümid bəsləməyən, hələ 30-larında bəmbəyaz saçı ilə öyünən Məşədi Rəhim Əliyev xudmani bir yubileyciklə öz 60 sevincini dostları ilə bölüşdürdü. “Çal qılıcın, ağam Qazan, yetdim! – dedi.”

Əlbəttə, heç ola bilməzdi ki, həmin məclisdə görkəmli Azərbaycan şairi, bizim böyük dostumuz, cənnətlik Hüseyn Kürdoğlunun dostluq şarjı səslənməsin:

 

Şəkərim Məşdi Rəhim,

sən nə xəyal eyləmisən?

Bu cavan yaşda nöşün başuvu

çal eyləmisən?

 

Eeh, gidi dünya! Kimləri itirdik, kimləri tapdıq...

Məşədi Rəhimin ardınca 60-a möhtəşəm bir pəncə vuran görkəmli dilçi-alim və yazıçı, istedadlı elm və təhsil təşkilatçısı, Nobel mükafatına ilk namizədimiz Kamal Abdulla oldu. “Çal qılıcın, ağam Qazan, yetdim! – dedi.”

Zaman isə bir an belə geriyə boylanmadan irəliləyirdi. Əslində, zamanın boynu dönmürdü; yoxsa bir nəfəsini dərər, özündən sonra nələr qoyub getdiyinin fərqinə varardı... İş o yerə gəlib çatdı ki, hətta zamanın sevimli adaşı, XIX-XX yüzilliklər Azərbaycan ədəbiyyatnın görkəmli tədqiqatçısı Zaman Əsgərli də 60 yaşın müdrikliyi zirvəsindən həmişəki qaşqabaqlı çöhrəsi ilə sərt-sərt bizə boylandı.

Hətta Dəli Domrulun nəvəsi, Əzrayılla pəncə-pəncəyə vurub, Mərkəzi Klinikanın Bayburd hasarından pırlamış, elmlər doktoru diplomunu elə havadaca qamarlamış Vaqif Yusifli də zəif səslə: “Çal qılıcın, ağam Qazan, yetdim! – dedi.”

İgidlər bir-bir yetdikcə Qazanın da ürəyindən bir yubiley havası keçdi. Əlbəttə, zəkavətli oxucu əlbəəl saatda anladı ki, “Qazan” adı burada şərtidir və bu adın altında bizim müasirlərimizdən kimsə gizlənir. Biz indi o mübhəmlik pərdəsini götürüb hamıya elan edirik ki, bəli, düz tapmısınız: bizim şirin sözlü tutilərin qatarındakı bu nəsildaşımız – 42 illik dostumuz professor Şirindil Alışanlıdır.

42 il dedim, xəyal məni 1970-ci ilin ilıq sentyabr günlərinə apardı. Universitetin filologiya fakültəsinə təzəcə daxil olmuşduq. Onda mən Xutorda bacımgildə, Şirindil isə mikrorayonda qardaşıgildə (cənnətlik Hüseyn Kürdoğlu) qalırdı. Hər ikimiz dərsə 110 nömrəli avtobusla gedib-gəlirdik. LAZ markalı avtobusların lap arxa oturacağında yer tapanda (qabaq oturacaqlar qocaların və qadınların inhisarında idi) mən özümü savadlı göstərmək üçün rusca kitablar oxuyurdum. Bir dəfə necə oldusa, Şirindillə yanaşı oturduq. Mən çantamdan rus dilində “Kürd xalq nağılları” kitabını çıxararaq, dərin mütaliəyə daldım. Sən demə, hərif yol boyu məni müşahidə edirmiş. Son dayanacağa az qalmış mən kitabı qatlamaq istəyirdim ki, birdən Şirindil məndən soruşdu: “Rusca bilirsən?” Mən müdrik bir görkəm alıb, azacıq istehza çaları ilə: “Bilməsəm, oxumaram ki!” dedim və dostluğumuz belə başlandı.

O dostluq, bu dostluq...

Onu da deyim ki, çoxumuza nisbətən Şirindil elə birinci semestrdən dərslərinə çox ciddi yanaşırdı. Elə buna görə də müəllimlərin sevimlisinə çevrilmişdi. Xüsusən, Mir Cəlal müəllimin quşu qonmuşdu ona və bütün tələbələrə örnək göstərməkdən yorulmurdu. Hamımız elə bilirdik ki, Şirindilin artıq gələcək üçün heç bir problemi yoxdur və o, heç şübhəsiz ki, Universiteti bitirən kimi orada müəllim saxlanacaq.

Düzdür, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu Şirindil Alışanov müəllim oldu, ancaq biz düşündüyümüz kimi, Universitetdə deyil, Laçın rayonunun Quşçu kəndində və orada da cəmisi üç ya dörd ay duruş gətirə bildi.

Ataların gözəl bir sözü var: “Nəhəng dəryada olar.” Şirindili də gələcəyin nəhəngi kimi elm və ədəbiyyat dəryası özünə çəkirdi və bu cazibə o qədər güclü oldu ki, onunla birgə Laçın rayon maarif şöbəsinin müdiri rəhmətlik Bəylərovu da köklü-köməcli vəzifəsindən qopardı...

O zaman mən də “təyinat” adlı təhkimçilik qanununun tələbi üzrə Kəlbəcərdə müəllimlik edirdim və əlbəttə ki, rayon maarif şöbəsinin müdiri, üzərimdə böyük haqqı olan gözəl şair və alim, cənnətlik Şamil Əsgərovu vəzifəsindən çıxarmaq fikrim yox idi. Bu babətdən də, kəndimizin qarıları demişkən, “balaqayıs” olan iki ilimi namus və vicdanla başa vurub, aspirantura şansından yararlanmaq üçün Bakıya gəldim və onu da deyim ki, o vaxt Nizami adına Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi olan Şirindil Alışanovdan başqa Bakıda mənim qabağıma düşüb yol göstərəcək başqa bir əhəd yox idi və Allah eləməmiş, o da bu işdə azacıq kahıllıq göstərsəydi, mən Kəlbəcərə qayıdıb, “Pompeyin son günü”nədək elə oradaca qal oğlu qal olacaqdım

Məsləhətinə şükür!

Universitetin filologiya fakültəsində oxuyanlar bilir ki, yanılmıramsa, üçüncü kursda ixtisas seçimi baş verir və ədəbiyyatçılarla dilçilər sünnü-şiə kimi bir-birindən ayrılıb, sonralar əbədi düşmən olurlar.

Başqa bir qatar tutiyi-şirinsüxənlərdən olan eyni kursda oxuyan Allah canını sağ eləmiş ustadımız Tofiq Hacıyevlə cənnətlik Yaşar Qarayev də məhz gələcəkdə bir-birinə rəqib olmamaq üçün biri dil, o biri ədəbiyyat ixtisasını seçmişdi. Və paralel olaraq hərəsi öz sahəsində elmin ən yüksək zirvələrinə çatmışdı. Əslində bəlkə mən də şüuraltı olaraq, Şirindil Alışanov və Vilayət Quliyevlə rəqib olmamaq üçün dil ixtisasını seçdim, hətta ustadımız, akademik Ağamusa Axundovun elmi rəhbərliyi altında “Dünya dillərində infinitiv” mövzusunda orijinal bir diplom işi də yazıb, necə deyərlər, uğurla müdafiə etdim. Ancaq deyir, sən saydığını say.

Qismət elə gətirdi ki, aspiranturaya imtahan verərkən dostum Vilayətlə rəqib olası oldum və ikimiz də imtahanların hamısından əla qiymətlər aldıq. Bəs nə etməli? Yalnız bir yer var və Ədəbiyyat İnstitutunun direktoru cənnətlik Mirzağa Quluzadə fars dilini bildiyimə görə həmin yeri mənə verərək, altı aydan sonra da Vilayəti imtahansız aspiranturaya götürdü. Əlbəttə, dərin zəka və böyük istedad sahibi Vilayət Quliyev həm namizədlik, həm də doktorluq dissertasiyalarını məndən xeyli qabaq müdafiə edib, ictimai və diplomatik fəaliyyət sahəsinə keçdi və indi də bu çətin sahədə uğurla çalışmaqdadır, ancaq məsələ bunda deyil. Axı biz bu yazımızda Şirindil Alışanlı “tutiyi-şirinsüxənimizdən” bəhs açırıq.

Hə, onu deyirdim axı. Onu deyirdim ki, hələ tələbəlikdən Şirindil dərsə qarşı ciddiliyi ilə bizdən fərqlənirdi. Onu bəzilərimizdən fərqləndirən bir cəhət də var idi: xeyirxahlığı və səxavəti. Biz kənd uşaqları gözümüzü 35 manatlıq təqaüdə və valideynmizin boğazından kəsərək göndərdiyi 5-3 manata dikir, əlimizə para keçən kimi də qəddarcasına param-para eləyirdik, yəni xərcləyirdik (zira, biz Sovet gənclərini pula nifrət ruhunda böyüdürdülər; nifrət etdiyin şeydən isə gərək canını tez qurtarasan!).

Və pullarımızı dəlicəsinə havaya sovurub quru yerdə qalanda dadımıza yenə də Şirindilin məşhur “üçlükləri” çatırdı. Cənnətlik Hüseyn Kürdoğlu Allahın var günü Şirindilin cibinə bir “üçlük” qoyurdu və o da həmin canqutaranı qardaş malı kimi bizimlə bölüşürdü...

Onu da deyim ki, zaman keçdikcə Şirindilin bu xeyirxahlığı və səxavəti yüksələn xətlə bizim günlərimizə qədər gəlib çatıb.

İndiyə qədər yazdıqlarımızı filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlının elmi yaradıcılığının təhlilinə preambula sayanlar o qədər də umutdu olmasınlar. Əlbəttə, bir nəzəriyyəçi və tənqidçi kimi Şirindilin alimliyinə söz yoxdur. Ancaq Alla Puqaçovanın məşhur mahnısında deyildiyi kimi, söhbət başqa şeydən yox, məhəbbətdən gedir.

Mən Şirindil məhəbbətinin müxtəlif ipostaslarının şahidi olmuşam. Qardaş məhəbbətinin gücü ilə Məcnun kimi biyabanlara düşüb dünyanın o başına getdiyini görmüşəm. Sonbeşik olmasına rəğmən, bu məhəbbətin diktəsi ilə bütün ocağa ağsaqqallıq etdiyini, təəssüb çəkdiyini müşahidə etmişəm.

Yurd sevgisi, yurd dərdi ilə qanlı göz yaşlarını səssiz-səmirsiz içinə axıtdığının şahidi olmuşam.

Hər kəs ailəsini, övladlarını sevir; bu, təbiidir. Ancaq Şirindilin övlad sevgisi bir ayrı işdir. Desəm ki, taleyin istehzası ilə dostlar arasında daha çox “acıdil” kimi tanınan Şirindil dostumuz övladlarına sonsuz sevgisini də çox vaxt dava-dalaşla, çığır-bağırla, bəzən hətta kobudluqla izhar edir, yəqin ki, o qədər şişirtməyə yol vermərəm. Bu da elani-eşqin Şirindil üslubudur və bu üsluba həm dostlar, həm də qohumlar artıq adət ediblər.

Bir də Şirindilin içində bir insan sevgisi var ki, çox vaxt onu da Mirzəcəlilsayağı, Sabirsayağı ironiya ilə, puzxəndlə bildirməyi sevir; elə övladlarına olan məhəbbəti kimi...

Hə, bu da 60, əziz dost! Adətən, 60 bahar, 60 qış deyirlər. Ancaq nə yazıq ki, sənin ömründə qışın sayı baharın sayından çox olub. Bu 60 ilin əzabı sevincini üstələyib. Neynək, qoy qarşıdan gələn onilliklər çərxi-fələyin bu səhvini düzəltsin, pozulmuş dəngəni kompensə eləsin. Gələn yubileylərində sevincin kədərini üstələsin.

Bunu da bir dost alqışı kimi qəbul et!

Bir alqışım da var; düzdür, birbaşa sənə ünvanlanmayıb. Hələ böyük şairimiz, gözəl insan, vətəndaş ziyalı Hüseyn Kürdoğlunun sağlığında yazılıb, ürəyində vətən eşqi coşan bütün laçınlılara həsr edilib. Ancaq Şirindili Hüseyndən kim ayırır ki! Sözümü də həmin alqış-qəzəllə bitirirəm:

 

Yenə dağ başına qartal çıxar,

Allah qoysa,

Düşmənin növrağını Haq yıxar,

Allah qoysa.

 

Ağlamaz tapdağı altında

o murdar yağının,

Çeşmələr doğma çəməndə axar,

Allah qoysa.

 

Alp ərən əl suyunu göstərəcək!

Düşmənimin

Təpəsindən çıxacaqdır buxar,

Allah qoysa!

 

Neçə vaxtdır çeviribdir üzünü bizlərdən –

Tanrımız biz tərəfə bir baxar,

Allah qoysa.

 

Bir zaman düşmənimiz dünyada

sərgərdan idi,

Yenə çöllərdə qalıb vurnuxar,

Allah qoysa.

 

Diz çöküb qarşımıza,

yüz kərə üzr istəyəcək,

Olacaq it kimi peşman və xar,

Allah qoysa!

 

Yenə Kürdoğlu gəzər yazda

Laçın dağlarını,

Döşünə dəstə bənövşə taxar,

Allah qoysa!

 

Kürdoğlunun qərib ruhu hər yaz Laçın dağlarını gəzir. Döşünə dəstə bənövşə taxmaq arzusunu isə qoy ən qısa bir zamanda 60 yaşlı gənc dostumuz Şirindil Alışanlı gerçəkləşdirsin!

Amin deyən dillər lal olmasın, inşallah!

 

 

Teymur KƏRİMLİ

 

525-ci qəzet.- 2012.- 3 noyabr.- S.21.