Ədəbi
dünyanın fədaisi
Vilayət Quliyev
- 60
Onunla
1970-ci ilin sentyabrında tanış olduq. Mən artıq IV kursa
adlamışdım. Adətən yuxarı kurs tələbələri
elə sentyabrın ilk günlərində I kursa qəbul
olunan tələbələrlə maraqlanırlar. Əksəriyyəti
öz rayonundan olan yerlilərini axtarır. Məlum məsələdir
ki, tələbələrin böyük bir qismi yataqxanada
qalırdı və bu yataqxana həyatı müxtəlif
xüsusiyyətləri və
xarakterləri bir sevincin və qayğının ətrafında
birləşdirirdi. Onunla da yataqxanada tanış oldum. Qara,
qıvrım saçları və sanki Beyləqan
çöllərindən götürüb gəldiyi
qarayanız sifəti onu afrikalıya oxşadırdı.
İş elə gətirdi ki, mən onunla bir kursda oxuyan iki tələbəylə
bir otaqda yerləşdik. O,
tez-tez dostlarının yanına gəlir. Onun elmə sonsuz həvəsi,
dəhşətli arı inadcıllığı məni heyrətə
gətirirdi. Vilayətə Axundov kitabxanasının yerini
göstərmək lazım
deyildi, elə I kursun ilk ayında onu oxu zalında
gördüm.
Beləliklə,
isti, səmimi dostluq münasibətlərimiz başlandı və
mən belə bir sərbəst mühakimə qabiliyyətinə,
orijinal düşüncə tərzinə malik olan cavan bir həmkarımla
fəxr etməyə başladım. Vilayət orta məktəbi
Beyləqanda bitirmişdi (O, Ağcabədidə fəhlə
ailəsində anadan olmuşdu), kasıb ailədəndi, amma
bu kasıblıq qətiyyən hiss olunmurdu, çünki mədəni
səviyyəsi və intellekti bu kasıblığı
unutdururdu. Vilayət elə tələbəlik illərindən
özünü dolandırmağı yaxşı
bacarırdı; qəzetlərə məqalələr
yazır, radio ilə əməkdaşlıq edir, bunun nəticəsi
qonorarla tamamlanırdı. Çox sonralar aspirant olanda öz əli,
öz başı oldu.
Vilayət
elə tələbəlik illərindən həmyaşıdlarından
seçilə, fərqlənə bilirdi. O, rus və ingilis
dillərində sərbəst yazır və
danışırdı.
Ancaq
ADU-nun filologiya fakültəsini bitirəndə onu aspiranturada
saxlamadılar. Üç il Beyləqanın orta məktəblərində
dil və ədəbiyyat müəllimi işlədi. O zaman mən
aspiranturada oxuyurdum, Vilayətlə də məktublaşırdım.
Ona təskinlik verir, Bakıda, qaynar ədəbi mühitdə
və elm aləmində nələr baş verdiyiylə onu məlumatlandırırdım.
1977-ci ildə o, sənədlərini Nizami adına Ədəbiyyat
İnstitutunun əyani aspiranturasına təqdim elədi, amma
çox qəribə, gözlənilməz bir hadisə
baş verdi. Vilayət üç fəndən 15 bal (maksimum)
yığmağına baxmayaraq aspiranturaya qəbul
olunmadı, çünki onun rəqibi də bu qədər
bal yığmışdı və aspiranturaya həmin il cəmi
bircə yer vardı. Yenə də qayıtdı rayona . Gələn
il isə qəbul olundu. Yenə də kitabxanalar, amma bu dəfə
məkan sərhədləri genişləndi. Vilayət
işi ilə əlaqədar SSRİ-nin müxtəlif şəhərlərinin
kitabxanalarına baş çəkdi. Vaxtında, üç
il ərzində namizədlik dissertasiyası müdafiə elədi,
1990-cı ildə isə artıq elmlər doktoru idi. Ədəbiyyat
İnstitutunda kiçik elmi işçidən direktor
müavinliyinə qədər yüksəldi. Arada siyasi fəaliyyətlə
də məşğul oldu və ulu öndər Heydər Əliyevin
sərəncamı ilə Azərbaycan Respublikasının
xarici işlər naziri təyin olundu. Bir neçə il bu vəzifədə
çalışdı, xarici siyasətimizi layiqincə həyata
keçirdi. Ölkələr, dövlətlər, prezidentlər
gördü. İndi yenə də diplomatik işlə məşğuldur,
Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli
səfiridir. Amma harada olur olsun, o arı
inadcıllığı Vilayəti tərk etmədi. İstər
90-cı illərdə Türkiyədə ali məktəblərdə
müəllimlik etdiyi illərdə, istərsə də səfir
olduğu bu illər ərzində ədəbi-elmi fəaliyyətindən
əl çəkmədi, heyrət doğurucu bir təmkinlə
yazılarını bax bu “525-ci qəzet”də çap
etdirdi.
Vilayət
Quliyev sözün həqiqi mənasında
istedadlı bir insandır və bu istedadı təyin edən
mənbə peşəkarlıq və professionallıqdır.
Ədəbiyyat İnstitutundan mənə tanış bir
xüsusiyyətini qeyd etmək istəyirəm. Ona bir iş
tapşırdınmı, çalışar ki, o işin ən
uğurlu icrasına nail olsun. Fanatikcəsinə kitablar üzərinə
əyilmək, arxivlərin, oradakı saralmış əlyazmaların
tozunu udmaq...klassik və müasir ədəbiyyatı fərq
qoymadan zərrəsinəcən öyrənmək
inadcıllığı..məncə, əsl alimin
qatlaşdığı əzablı nəşə elə
budur!
Vilayətin
80-90-cı illərdəki ədəbi-elmi fəaliyyəti mənim
gözlərimin qarşısında cərəyan edib.O,
müntəzəm olaraq ədəbi orqanlarda
yazılarını çap etdirir, ədəbiyyat tarixinin
müxtəlif problemləri ilə bağlı tədqiqatlarını
davam etdirirdi. Yadımdadır ki, “Gənclik” və
“Yazıçı” nəşriyyatları bizə tez-tez
müraciət edir, bədii əsərləri rəyə
verirdilər. Bu, bizim əsl dolanacaq yerimizə
dönmüşdü.
İşlədiyim
“Azərbaycan” jurnalının daimi müəlliflərindən
biri də Vilayət Quliyev idi. Bilirdim ki, ona nə sifariş
verilsə, yerinə yetirəcək. Odur ki, iri həcmli
filoloji yazıların tərcümələrini ona həvalə
edirdik. Özünün də müasir ədəbiyyatla
bağlı resenziya və məqalələrini çap
edirdik.
Mənim
həyatımda iz buraxmış bir hadisəni qeyd etməliyəm.
“Gənclik” nəşriyyatı mənim “Yollar hayana aparır”
adlı məqalələr kitabımı nəşr edirdi. O
kitaba ön söz yazmağı Vilayətdən xahiş
etdim.
Və
yazdı.
Məni
oxuculara və elə mənim özümə tanıtdıran
çox səmimi bir yazı idi. Mən o yazının son iki
abzasını misal gətirmək istəyirəm:
“Tanıdığım vaxtdan mən Vaqifi həmişə ədəbiyyat
gəmisinin dor ağacından (dar ağacından yox ha!) nəyi
isə hamıdan əvvəl görmək, hamıdan əvvəl
tapmaq məqsədi ilə uzaqlara baxan görmüşəm..
Qədim və sədaqətli qələm dostuma yarıməsrlik
yubileyi günündə ən xoş arzularımı
çatdırıram. İnanıram ki, ədəbiyyat həvəskarlarının
qulaqlarının və dillərinin öyrəşdiyi “Vaqif
Yusifli” adı hələ neçə on illər bundan sonra da
mətbuat səhifələrindən düşməyəcəkdir”.
Həmin
kitab 1999-cu ildə işıq üzü gördü və dərhal
ilk nüsxələrdən birini ona çatdırdım. Amma
çox tezliklə onu xarici işlər naziri təyin etdilər
və Vilayət Quliyevlə görüşlərimizin
ardı kəsildi. Bir-iki təsadüfi görüş istisna
olunmazsa, demək olar ki, çoxdandır
görüşmürük..
Vilayət
Quliyev Azərbaycan tənqidi və ədəbiyyatşünaslığında
xüsusi yeri və mövqeyi
olan bir şəxsdir. Onun tədqiq və
araşdırmaları çoxsahəlidir. Ədəbi əlaqələr-klassik
ədəbiyyat-müasir ədəbiyyat-mətnşünaslıq
fəaliyyəti-tərcüməçilik işi. Mən deyə
bilmərəm, bu fəaliyyət sahələrinin hansı
onun üçün daha önəmlidir, amma onu deyə bilərəm
ki, bu sahələrin hər birində o öz
sözünü deyə bilib.
O, ilk
növbədə, fədakar bir ədəbiyyat
tarixçisidir. Doğrudur, onun ayrıca bir ədəbiyyat
tarixi dərsliyi yoxdur. Lakin son iki əsrin Azərbaycan ədəbiyyatının
ayrı-ayrı şəxsiyyətlərinin həyatı və
yaradıcılığı, ümumən ədəbi-bədii
fikrin özünün inkişaf istiqamətləri və ədəbi
əlaqələr sahəsində çoxşaxəli fəaliyyəti
onun tədqiqatlarının başlıca mövzusudur. Əgər
belə demək mümkünsə, Vilayət Quliyev ədəbiyyat
tariximizin qaranlıq bucaqlarını
işıqlandırıb bizə gizlin qalan həqiqətləri
nişan verir. Onun ədəbiyyat tarixçiliyi missiyası ədəbi
əlaqələr sahəsində fəaliyyəti ilə vəhdət
təşkil edir. Bu baxımdan iki kitabını xüsusilə
qeyd etmək istəyirəm. “Azərbaycan filoloji fikri və
rus ədəbi-ictimai mühiti (XIX əsrin birinci
yarısı)” monoqrafiyası çox maraqlı və yeni
faktlarla zəngin bir əsərdir.
Bu mövzuda mərhum tədqiqatçılarımız-Məmməd
Cəfər və Şıxəli Qurbanov kitablar çap
etdirmişlər. Amma Vilayətin monoqrafiyası da
seçilir. Burada elə problemlər qoyulub ki, ədəbi əlaqələr
sahəsində ilk dəfədir ortaya qoyulub. Əsərin
birinci fəsli Azərbaycan filoloji fikrinin rus ədəbi
mühitində fəaliyyət göstərən ilk nümayəndəsi-
Mirzə Cəfər Topçubaşovun həyat və yaradıcılığına
həsr olunmuşdur. Məlum olur ki, indiyə qədər bu
görkəmli alimin həyatının və elmi-poetik
yaradıcılığının bir sıra səhifələri
ilkin mənbələr əsasında, ardıcıllıq və
dəqiqliklə araşdırılmamışdır. Onun
doğum tarixi mübahisəlidir, bir qayda olaraq yanlış
şəkildə göstərilmişdir. V.Quliyev bu
yanlışlıqları aradan qaldırır. Onun elmi-pedoqoji
fəaliyyətinin mühüm bir dövrü Peterburq
Universiteti ilə bağlıdır. O, burada fars ədəbiyyatı
kafedrasında işə başlayır. Müəllif
yazır: “M.C.Topçubaşov Peterburq Universitetində fəaliyyətə
başlayanda ərəb, fars və türk dillərinin tədrisi
üçün Rusiyada demək olar ki,heç bir dərs vəsaiti
mövcud deyildi. Avropalı şərqşünaslar öz
mühazirələrini latın, alman, fransız dillərində
çıxmış kitablar əsasında qurur, əksər
hallarda da əcnəbi dillərdə oxuyurdular.
M.C.Topçubaşov isə tədris etdiyi ərəb və
fars, daha sonra isə türk dillərinə dair şifahi oxu
materiallarını özü müəyyənləşdirməli,
bir sıra hallarda isə məxəzlərdən toplamalı,
yaxud yazmalı olurdu”.
M.C.Topçubaşovun
həyat və fəaliyyətini, Rusiyada tanınmış bir
şəxsiyyət olmasını sanki addım-addım izləyən
V.Quliyev elə faktlar ortaya gətirir ki, sevinirsən, fərəhlənirsən.
Deyəndə ki, 1834-1838-ci illərdə Peterburq Universitetində
M.C.Topçubaşovun rəhbərliyi ilə Şərq dillərini
öyrənən P.Y.Petrov dostu, böyük tənqidçi
V.Q.Belinskiyə bir məktubunda bildirirdi ki: “Etiraf edim ki, tərcümə
etdikcə mən müəllifin məharətinə heyran
qalıram. Mirzə Cəfər Hafizin bəzi odalarının
(qəzəl mənasında işlənmişdir) mistik mənasını
mənə izah eləyəndən sonra onların ən
yaxşılarını mütləq nəzmlə rus dilinə
tərcümə etməyi qərara aldım.
Görünür ya mən tam şərqli olub getmişəm,
ya da tanış olduğum bu nümunələr ən
yüksək poeziya möcüzələridir”.
M.C.Topçubaşov
Peterburq Universitetini tərk edəndən sonra da bu ali təhsil
müəssisəsi ilə əlaqəsini kəsmir.Sonralar da
onun rus şərqşünaslığının
inkişafındakı xidmətləri xüsusi qeyd olunacaq.
Qırx ildən çox bir müddət ərzində həm də Xarici İşlər
Nazirliyi nəzdində fəaliyyət göstərən Şərq
dilləri İnstitutunun professoru olması da ona böyük
şöhrət qazandırmışdı. V.Quliyev eyni
ardıcıllıqla M.C.Topçubaşovun elmi və poetik
yaradıcılığını da təhlil hədəfinə
çevirir.
Vilayət
Quliyevin haqqında söz açmaq istədiyim ikinci kitabı
daha bir azərbaycanlı rus şərqşünası-Kazan
şərqşünaslıq məktəbinin
yaradıcısı Mirzə Kazımbəy haqqındadır.
Müəllif haqlı olaraq yazır ki: “XIX əsrin birinci
yarısında M.C.Topçubaşov, A.Bakıxanov,
İ.Qutqaşınlı, M.F.Axundov və digər Azərbaycan
maarifçilərinin, yazıçı, alim və ictimai
xadimlərinin fəaliyyəti sayəsində başlayan və
genişlənən Azərbaycan-rus-Avropa və Rusiya-Yaxın
Şərq ədəbi-mədəni əlaqələri Mirzə Kazımbəyin
simasında özünün yeni inkişaf mərhələsinə
qədəm qoydu”. Təfərrüata varmaq istəməzdim.
Ancaq Mirzə Kazımbəyin necə böyük, parlaq bir
şəxsiyyət olduğunu açıqlayan bu sətirlərə
diqqəti yönəltmək istəyirəm: “Mirzə
Kazımbəy ensiklopedik biliyə malik elm xadimlərindən
idi. Özündən sonra o, Azərbaycan, rus, ərəb,
fars, türk, cığatay (özbək), tatar, uyğur ədəbiyyatlarına
və dillərinə, Şərq tarixinə, ədəbi tənqidə,
müsəlman hüququna, mifologiyaya, etnoqrafiyaya, etimologiya,
dilin və tarixin fəlsəfi problemlərinə,etikaya,
pedaqoqikaya və humanitar elmlərin başqa sahələrinə
dair onlarla əsər qoyub getmişdir”. Digər tədqiqatçılar
kimi V.Quliyev də belə bir faktı nəzərə
çatdırır ki, böyük rus ədibi L.N.Tolstoyun
Şərq dilləri müəllimi olmuşdur.
Vilayət
Quliyevin “Tarixdə iz qoyan şəxsiyyətlər” adlı
bir kitabı da var və bu, son dərəcə dəyərli
bir topludur. Burada Mirzə Cəfər Topçubaşov, A.A.Bakıxanov,
M.F.Axundov, H.B.Zərdabi, Heyran xanım, Aşıq Pəri,
Fatma xanım Kəminə, Əhməd Cəfəroğlu,
Haşım bəy Vəzirov haqqında ədəbi-tarixi
oçerkləri heç nöqtəsinə-vergülünə
toxunmadan da “Azərbaycan ədəbiyyatı
tarixi”nin cildlərinə daxil etmək olardı. Həmin
kitabda modernist ədəbiyyatın atası sayılan Ceyms
Joys, həmçinin Frans Kafka və Marsel Prust haqqında qələmə
alınan yazılar da böyük maraq doğurur. Yaxşı
məlumdur ki, Vilayət Qərb ədəbiyyatını
çox gözəl bilir, xeyli tərcümələri də
var. Vilayət Quliyevin “Ağaoğlular”, “İsa Sultan
Şahtaxtinskinin qəribə həyatı”, “Açıq
sözün hikməti”, “Tariximiz-taleyimiz” , “Özümüz və
sözümüz” (Elçin Əfəndiyevlə birlikdə)
və b. kitabları da var və bu kitablar da fikrimcə, filoloji fikrimizin
inkişafında mühüm əhəmiyyətə malikdirlər.
Vilayət Quliyev həm də tənqidçidir və bu fikri
söyləyərkən mən onun son 40 ilin ədəbiyyatı
haqqında dərc etdirdiyi məqalələri və məruzələri
nəzərdə tuturam. Müxtəlif illərdə o, tarixi
roman problemi, ədəbi gəncliyin axtarışları, nəsrin
ayrı-ayrı janrları və poeziyanın inkişafı ilə
bağlı yazıları ilə diqqəti cəlb
etmişdir, Azərbaycan yazıçılarının
qurultaylarının birində o, “Nəsr haqqında” məruzə
etmişdir.
Bir sözlə, əsl ədəbiyyatçı ömrü... Fədai ömrü.
Bu sözü yazıram və qəti şübhə eləmirəm ki, Vilayət Quliyev bizdən uzaqlarda yaşasa da, bizi düşünür və Azərbaycan ədəbiyyatına aid növbəti məqaləsini yazır.
Uğurlar olsun, əziz dost! Altmış yaşın mübarək!
Vaqif YUSİFLİ
525-ci qəzet.-
2012.- 3 noyabr.- S.20.