Böyük
şəxsiyyətlər bütün dünyaya məxsusdur
Şəxsiyyət
anlayışı barədə
(Xeyirə
kahin xidməti, şərə qarşı isə məğlubedilməz
qladiator cəsarəti göstərən R.A.-ya)
(Əvvəli
ötən şənbə saylarımızda)
Antonin
kimi mənim üçün şəhər və vətən
Romadır, bir insan kimi isə – dünyadır.
Mark Avreli
Pittak
(b.e.ə. 620-570-ci illər) Afina ilə müharibədə
qoşunlara komandanlıq edəndə afinalı sərkərdəni
döyüşə çağırmış və
aldatmaqla onu öldürmüşdü. Hökmdar olduqda
qanunları və idarəetməni qaydaya salmış, sonra isə
səlahiyyətlərindən imtina etmişdi. Ona bu ibrətamiz
sözlər aid edilir: “Mülayimliyi sev!”, “Hər şeyin
vaxtını bil”.
Xilona
(b.e.ə. 600-540-cı illər) belə nəsihətlər
aid edilir: “Dilini saxla!”, “Hədələmə – bu arvad
işidir”, “Öz evində ağalıq etməyi öyrən!”
Biant (b.e.ə.
590-530-cu illər) məhkəmədəki nitqləri ilə məşhurlaşmışdı.
Demişdi ki, daha yaxşısı odur ki, dostlarının
yox, düşmənlərin arasındakı mübahisəni
araşdırasan, dostlarından biri bundan sonra düşmən
olacaq, düşmənlərindən isə biri dostun
olacaqdır. “Çoxluq – şərdir” məşhur aforizmi də
ona məxsusdur.
Anaxarsis
(b.e.ə. VI əsrin birinci yarısı) çar nəslindən
olan skif idi. Onun nitqlərinin ağıllılığı
afinalıların “skif kimi danış!” zərb-məsəlinə
çevrilmişdi. Afinaya gələndə Solona
çatdırdı ki, onu görmək və onunla dost olmaq
istəyir. “Dostluğu vətəndə qururlar” cavabına o,
etiraz etdi: “Solon elə vətənindədir, niyə
özünə əlavə dost tapmasın”. Onun bəzi məşhur
iti sözləri bunlardır: “Hər bir üzüm tənəyi
üç salxım verir: həzz, sərxoşluq və ikrah
hissi”, “Ən təhlükəsiz gəmi – sahilə
çıxarılan gəmidir”, “Bazar – qanunsuzluğun qanuniləşdirildiyi
yerdir”.
Dünyanın
yeddi müdriki barədəki lakonik məlumat heç də
belə təsəvvür yaratmamalıdır ki, yalnız iti
düşüncə tərzinə, hazırcavablığa
malik olanlar, danışıqları zərb-məsələ
çevrilənlər şəxsiyyət
adlandırılmalıdır. Bu büsbütün səhv
fikir olardı. Bəzən savadsız şəxsiyyətlər
belə adamları heyran edən ağıla və qabiliyyətlərə
malik olurlar və onlar öz əməllərinin miqyası ilə
bəşər tarixinə təkrarı olmayan hərbi qələbələr
çalmaq və ya iri imperiyalar yaratmaqla düşmüşlər.
Çingiz xan, bu ad “Kainat hökmdarı” mənasını
verirdi, dünyada misli bərabəri olmayan iri qitə
imperiyası yaratmışdı. Onun imperiyasının ərazisi
31 milyon kv. kilometri əhatə edirdi, bu, XX əsrin
imperiyası olan SSRİ ərazisindən 9 milyon kv. kilometr
böyük idi və ya Yerin quru hissəsinin beşdə
birini, o vaxt məlum olan Avroasiyanın 2/3-ni təşkil
edirdi. Çingiz xanın imperiyasının ərazisi
ABŞ-ın indiki ərazisindən 3,5 dəfə
böyük idi. Çingiz xan ilk dəfə həmin dövr
üçün ən qabaqcıl konstitusiyanı – “Yasanı”
meydana gətirmişdi. O, anlamışdı ki, xalqı idarə
etmək üçün qanunlar lazımdır. Çingiz
xanın qanunları sərt cəzalar nəzərdə
tuturdu. Hərbi yürüşlərində çoxlu qan
axıtmasına baxmayaraq, buna istər arvadı Börteni xilas
etmək üçün boyu arabanın oxundan yuxarı olan
bütün tatarları
qırmaq haqqında əmr verməsi, istər Xarəzmi
işğal edəndə şəhəri qarət etmək
siqnalı kimi uca bir yerdən “İndi ot biçmək
vaxtıdır” çağırışı ilə
döyüşçülərini vəhşiliyə səsləməsi
nümunələri daxildir. Ancaq öz imperiyasının idarə
edilməsində heç də qəddar tədbirlərə əl
atmırdı. Bir sərkərdə və dövlət xadimi
kimi o, indiyədək öz unikallığını qoruyub
saxlayır.
Teymurləng
və ya əmir Teymur savadsız adam olsa da şahmat
oynamağı, müdrik alimlərlə söhbət etməyi
çox xoşlayırdı. O, öz imperiyasına Səmərqənd
kimi gözəl paytaxt şəhəri
saldırmışdı və işğal etdiyi bütün
ölkələrdən bura ən istedadlı memarları dəvət
edirdi. Köçəri tayfalardan olan ilk sərkərdə və
dövlət xadimi idi ki, bu günə qədər memarlıq
abidələrinin gözəlliyi və möhtəşəmliyi
ilə hamını heyran edən bir şəhər yaratmaqla,
gələcək üfüqlərə boylanmaqla öz
uzaqgörənliyinə əsl abidə qoymuşdur.
Pont
çarı VI Mitridat Yevpator savadsız olsa da, otuza qədər
dil bilirdi. Misir çariçası Kleopatra təkcə
öz dövrünün geniş yayılmış dillərini
deyil, hətta ölkəsindəki xalqların dillərini bilməklə,
onlarla öz dilində ünsiyyətə girməklə fərqlənirdi.
VI Mitridat
da, Çingiz xan da, Termurləng də başqa fatehlər kimi
çoxlu qan axıtmışdılar, hərbi uğur
qazanmaq üçün hiyləgərliyə də əl
atırdılar, məsələn, Mitridat bir gündə
Kiçik Asiyada 80 min mülki romalının qətlinə səbəb
olmuş, Çingiz xan Çinə hücum vaxtı
döyüşdə əsir götürdüyü
çinliləri qabağa salıb öz
döyüşçülərini onların arxasınca
düzürdü və bu əsirləri özlərini
müdafiəsi vaxtı ölümə məhkum etməklə,
onların yaxınlarını isə qatillərə
çevirirdi. Lakin onlar dünya tarixində əlamətsiz
ötüb keçən şəxslər olmamışlar,
tarixi yaradanlar kimi ərazilərdən fərqli olaraq onun səhifələrini
əbədi olaraq zəbt etmişlər.
Bəlkə
də şəxsiyyəti təkcə məşhur
ağıl və fərasət adamları arasında axtarmaq
da düzgün deyildir. İnsan çox vaxt davranış
motivasiyasına görə bütün başqalarından
yaxşı tərəfə fərqlənməklə,
özünün həqiqətən də şəxsiyyət
olduğunu biruzə verir. Bununla əlaqədar german
xalqlarının mifologiyasından olan bir nümunəyə
müraciət etmək istərdim. Bu əsatirdə deyilir ki,
qüdrətli knyazlardan birinin ailəsində bir qız
uşağı dünyaya gəlir. Körpə gözəl
cizgilərə malik idi və yeniyetməliyə qədəm
qoyduqda füsunkar bir gözələ çevrildi. Lakin
qızın anadangəlmə bir qüsuru da var idi –
ağlayanda gözlərindən yaş əvəzinə
daş-qaş tökülürdü. Bunu qız özü
üçün qüsur saysa da, valideynləri
üçün ən arzu olunan, sevinc gətirən bir
xüsusiyyət idi. Onlar istəyirdilər ki, qız tez-tez
ağlasın ki, knyazın xəzinəsi daha da zənginləşsin.
Ətrafdakı feodallar da bunu eşidib oğlanlarına almaq
üçün qıza elçi düşdülər,
axı belə qızı almaq sehrli xəzinə tapmağa bərabər
olardı. Lakin qız hətta valideynlərinin təkidinə
baxmayaraq belə nikah təkliflərindən imtina edirdi. Bir dəfə
bir gənc çoban qızı gördükdə ona vuruldu,
oğlan da ilk görüşdən qıza xoş gəlmişdi.
Oğlan knyazın qızına elçi düşdükdə,
hamının təəccübünə səbəb olan bir
hadisə baş verdi – qız çoban oğlana ərə
getməyə razılıq verdi. Knyaz çobanın cəsarətinə,
qızının qərarına da məəttəl
qalmışdı, bu suallara cavab tapa bilmirdi. Ona görə
ata qızının əlini xahiş edən oğlanla
görüşüb, belə qəribə istəyinin səbəbini
öyrənmək istədi. Oğlan knyazın “nəyə
görə bu qıza evlənmək istəyirsən” sualına
qısa cavab verdi:
–
Qızınızı görən kimi ona vuruldum. Bircə
şeyə and içmişəm ki, əgər ona evlənsəm,
ömründə bir dəfə də olsun onun
ağlamasına imkan verməyəcəm.
Ata
oğlanın pak hisslərini anlasa da, dünyada belələrinin
olmasına öz təəccübünü gizlədə bilmirdi.
Digər bütün varlı elçilər qıza yalnız
sərvət mənbəyi kimi baxdıqlarından ona sahib
olmağa can atırdılar, bu kasıb çoban oğlan
üçün isə daş-qaşın heç bir əhəmiyyəti
yox idi, onun üçün ən vacib olan onun hissləri,
müqəddəs məhəbbəti idi.
Bütün
başqaları maddi maraq prizmasından qızla nikaha girməyə
çalışsa da, çoban tam başqa motivasiya üzrə
– sevdiyi qızla müqəddəs ittifaqa girmək barədə
düşünürdü. O, bilirdi ki, sevənlərin kəbini
göylərdə kəsilir və göylər də onun bu
izdivacını alqışlayacaqdır. Təkcə bir
motivasiya baxımından bu oğlanı şəxsiyyət
adlandırmaq daha düzgün olardı, çünki o,
xalqının adlı-sanlı adamlarından, şöhrət
dənizində üzən feodallardan daha yuxarıda
dayandığını yalnız bu məqsədinin
saflığı ilə sübut etmişdi.
İnsan
daim həyatın irəli sürdüyü suallara cavab verməyə,
imkanlar çoxluğunda düzgün seçim etməyə
çalışır. Şəxsiyyət müvafiq şərtlərdən
yuxarıda dayanmağa və öz hərəkətlərinin
əvvəlki xarakterini də dəyişməyə qadir olur.
Günah hissini və qəzəb hissini
aydınlaşdırmağın özündə şəxsiyyətə
məxsus olan xüsusiyyət meydana çıxır. Bunu biz
bir qəribə yapon pritçasının timsalında
görürük. Samuray yolla gedirdi və bir rahiblə
qarşılaşdı və ona müraciət etdi:
“Müdrik adam, mənə cənnətin və cəhənnəmin
nə olduğunu söylə”. Rahib ona baxıb, dedi: “Sən
belə iri və güclüsən, ancaq çox kobudsan, səndə
bu qədər güc vardır, ancaq şüur isə tamamilə
yoxdur, – sən heç vaxt cəhənnəmin və cənnətin
nə olduğunu başa düşməyəcəksən”.
Samuray
hiddətləndi, qılıncını çıxarıb
rahibi vurmaq istədi: “Mən səni bu saatca yarı böləcəyəm,
sən məni necə təhqir edə bilərsən?” Elə
bu an rahib ona dedi: “Bax bu – cəhənnəmdir”. Samuray fikrindən
daşındı, qılıncı qınına qoydu, rahibə
baş əyib, üzr istədi. Bu vaxt rahib dedi: “Bax, bu isə
– cənnətdir”. Əvvəlcə kobudluqla hərəkət
edən samuray öz reaksiyasını və düşüncə
tərzini dəyişdirməyi bacardı. Məhz belə
davranışı onu şəxsiyyət səviyyəsinə
yüksəldir.
Bunlar həyatda
nadir hallarda da olsa rast gəldiyimiz nümunələr
sırasına daxildir. Tarixi yaradanlar isə daha nəhəng
şəxsiyyətlər olub, əsrlər keçsə də insanların maraq dairəsini tərk
etmirlər. Onların ölməz əməllərinə
ehtiram əsasən bəşəriyyətin böyük
amallarına yalnız vurğunluq nümunəsi kimi qiymətləndirilməlidir.
Şəxsiyyətlərdən
söhbət gedərkən, onların qüdrəti və zəkası,
mərdliyi və cəsarəti ilə fərqlənən bəzi
əcdadlarını yada salmamaq insafsızlıq olardı.
Axı onlar əsrlər ərzində və nəsilbənəsil
öz ağılları və əməlləri ilə
nümunə rolunu oynamaqda davam ediblər, insanları
böyük ideallar uğrunda mübarizə aparmağa səsləyiblər.
Onlar bir-birlərinə bənzəmirlər, heç kəsi
təqlid etməyə də səy göstərməmişlər.
Ona görə də gələcək nəsillər
üçün müəyyən ali məqsədlərin
simvollarına çevrilmişlər. Onların hərəkətlərində
bəzən gizli hazırlıq və hiyləgərlik
nişanələri olsa da, böyük əməllərində
özlərinə məxsus olan qeyri-adi cəsarət
nümayiş etdirmişlər. Onların bütün həyatı
igidlik, cəsarət üçün birinci əlamət
olduğu kimi, ömürlərinin sonunda da onun son təsdiqini
üzə çıxaran axırıncı nəcib akkordu da
vurmağı bacarırlar. Onlar haqlı risqlərə getməkdən
çəkinməmişlər, geri çəkilib xilas
olmaqdansa, hər cür sınaqlara sinə gərib həlak
olmaq variantını da nəzərdən
qaçırmamışlar.
Onların
hər biri təkcə özlərinə ad-san, şöhrət
qazanmamışlar, həm də xalqlarını belə fəxr
əlaməti ilə mükafatlandırmış, ölkələrinə
və xalqlarının özlərinin şəxsində
iftixar mənbəyi, sitayiş edilməyə layiq olan bir
mehrab yaratmışlar. Ona görə də onların təkcə
əməlləri deyil, bəlkə də birinci növbədə
ruhları yaddaşlara həkk olunmuşdur. Vicdan
yanğısı kimi əlçatmazlığa can atmaq da
heç vaxt qocalmır, axı ömrün sonunda cismani həzzlər
yoxa çıxdıqda insanlara əsasən şöhrət
həzz verir. Bəlkə də onların bəziləri həyatdan
çox tez getmişlər, öz becərdikləri
ağacın meyvəsini dadmağa da macal tapmamışlar,
lakin onlar sonrakı əsrlərdə də
yaşadıqlarından, bir qədər paradoksal görünsə
də, ölümə də qalib gəlmişlər. Onlarla
bir dövrdə yaşamış milyonlar toz dənələrinə,
kölgələrə çevrilmişlər, özləri
isə bəşəriyyətin əbədi yolçuları
adını qazanmaqla, ömürlərini min illərlə,
yüz illərlə uzatmağa müvəffəq ola
bilmişlər.
Təbii
kataklizm dövrlərində, dəhşətli xəstəliklər
yayılanda çoxları uzun müddət əzab çəkməmək
üçün gözəl və faydalı bildiklərinə
nail olmağa can atır. Onları nə Tanrıdan qorxu, nə
insan qanunları saxlaya bilmir, çünki belə vaxtlarda
heç kəs öz cinayətinə görə məhkəməyə
və cəzaya çatacağına qədər
yaşamağa ümid etmir. Belələri ağır hökm
başlarının üstünü alana qədər həyatdan
nə vasitə iləsə səfehcəsinə həzz almaq
istəyinə əsir olurlar. Şəxsiyyətlər isə
ölümün onları kölgə kimi izlədiyini hiss
etdikdə belə, öz nəcib məqsədlərindən
uzaqlaşmırlar. Aristotel hesab edirdi ki, hər şey öz səbəb
mənbəyinə və öz məqsəd təyinatına
malikdir. Böyük şəxsiyyətlər yəqin ki,
böyük işlər üçün dünyaya gəlmişlər
və xoşbəxtlikdən onlar özlərinin məqsəd
təyinatlarını da çox erkən anlamağa
başlayırlar. Bu məqsəd onlar üçün yol
göstərən ulduz rolunu oynayır, ona çatmaq yolunda
onlar hər cür əzab-əziyyətlərə
dözürlər, hətta özlərinin həyatlarını
qurban versələr də, bəşəriyyətin təəccübünə
və heyrətinə səbəb olan bu məqsədin zəfərində,
təntənəsində bilavasitə iştirak etməsələr
də, onların məhz hökmən baş verməsinin ilkin
şərtlərini hazırlayıb həyata keçirirlər,
bunu isə özlərinin müqəddəs borcu hesab edirlər.
(Ardı var)
Telman
Orucov
525-ci qəzet.- 2012.- 3 noyabr.-
S.18.