“İstəyimiz
odur ki, İlham Əliyev yenidən prezident olsun”
ELDAR İBRAHİMOV: “BİZİ
İSTƏMƏYƏN QÜVVƏLƏR DAXİLDƏ
BAŞ VERƏN HƏR BİR MƏSƏLƏNİ
ŞİŞİRDİB BEYNƏLXALQ TƏŞKİLATLARA
ÖTÜRÜR”
Müsahibimiz Yeni Azərbaycan
Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət
vəkili Eldar İbrahimovun 525-ə müsahibəsi
– Eldar
müəllim, qarşıdan növbəti prezident seçkiləri
gəlir. Əks cəbhədə 2013-cü il seçkilərilə
bağlı
müxtəlif proqnozlar verilir – gah bu seçkilərin
hakimiyyətin sonu olacağını deyirlər, gah Qərbdən,
beynəlxalq təşkilatlardan artıq hakimiyyətə verilən
dəstəyin çəkildiyini iddia edirlər.
– Bu deyilənləri
mən də izləyirəm. Xüsusilə, son
vaxtlar Rusiyada azərbaycanlıların yeni diaspor ittifaqı
yaratmasından çox danışılır. Bəlkə
də xoş niyyətlə yaranır, mən dərinliyinə
qədər bilmirəm, amma istər-istəməz sensasiyaya səbəb olur və
hesab edirəm ki, prezident seçkiləri ərəfəsində
bu, yaxşı hal deyil. Eyni zamanda, daxildə baş verən hər
hansı bir məsələni bizi istəməyən
müxalifət qüvvələri şişirdib beynəlxalq
təşkilatlara ötürürlər, dünya ölkələrinə
ötürürlər, hətta təsəvvür edin,
ABŞ-ın Azərbaycandakı səfirinin
danışıqlarında da
bunları sezirik, hiss edirik. Yəni, hər cür vasitə
ilə daxildə olan qüvvələr, hətta elə
iqtidarın içində olan müəyyən adamlar da
çalışırlar ki, hardasa gələn il
seçkilərdə nəsə bir problem yaratsınlar. Amma mən
belə bir problemin yaranacağına da inanmıram...
– Niyə
inanmırsınız?
– Çünki Azərbaycan xalqı, prezidentimizin rəhbərlik
etdiyi Yeni Azərbaycan Partiyası buna imkan verməz. YAP bu gün 600 min insanı
öz ətrafında birləşdirən bir partiyadır. Elə
600 minin hər birində bir dörd nəfər ailə
üzvü olsa, bu, iki milyon, üç milyon əhali edir. Yəni, bu səs var. İlham Əliyevin prezident
seçilməsinin heç bir problemi yoxdur. Amma bəziləri fikirləşirlər ki, “bəlkə
də qaytardılar”. Əlbəttə,
onların o niyyətləri hamısının gözündə
qalacaq. İlham Əliyevin iki
çağırış – 2003-cü ildən bəri
gördüyü işlər göz qabağındadır.
İlham Əliyev, həqiqətən, Heydər Əliyev siyasətini
çox ləyaqətlə davam etdirir, onu çox yüksək
səviyyəyə qaldırıb. Deyirlər,
oğul atasından qabağa keçməlidir. Bu gün ölkəmizin iqtisadiyyatı sürətli
inkişaf yolundadır, quruculuq, abadlıq işləri dinamik
xarakter alıb, hər yerdə yollar çəkilir, məktəblər,
xəstəxanalar tikilir. Bu idman sarayları
kimin üçündür? Azərbaycan
üçündür. Bu yollar çəkilir,
kimin üçündür? Onun
üçündür ki, bizim balalarımız məktəblərə
rahat yollarla gedib-gəlsinlər. İşığı
var, qazı var, suyu var. Şəxsən mən ölkəmizin,
xalqımızın ağır günlərini 20 il bundan qabaq
– 90-cı ildən başlayaraq, 93-ün özündə də,
94-ün özündə də – Heydər Əliyevin hakimiyyətə
gəldiyi vaxtların əvvəlində də şahidi
olmuşam. Yəni, 90-cı ildən Azərbaycan
Ali Sovetinin deputatı kimi bu işlərin içərisində
yaşamışam. Allah uzaq eləsin,
getsin o günlər, qayıtmasın. O günləri
görəndə, əlbəttə, bu günlərə hər
bir insan, hər bir azərbaycanlı şükür etməlidir
ki, indi əmin-aman, azad, müstəqil Azərbaycanın vətəndaşıyıq.
Rahat küçələrimizdə gəzirik,
nəvələrimizlə çıxırıq,
balalarımızla çıxırıq. Bulvarda səhərə
qədər adam əlindən də yer
olmur. Nəyə görə? Birinci növbədə ölkədə əmin-amanlıq
var. Bu əmin-amanlığın da əsasını qoyan ulu
öndərimiz Heydər Əliyev olub. Bu
gün də onun davamçısı olan, çox ləyaqətlə
onun işini, siyasətini davam etdirən möhtərəm
prezidentimiz cənab İlham Əliyevdir. İqtisadiyyatımız
nə qədər inkişaf edib. Büdcəmiz
il-ildən qalxır. 1996-cı ildə, mən
bunu həmişə deyirəm, büdcəmiz cəmi 516
milyon idi, amma biz artıq manatla götürəndə 20
milyarddan danışırıq. Dollarla
götürəndə 24-25 milyard dollardan
danışırıq. Bu, inkişaf elə-belə
deyil. Məsələn,
2012-ci ilə nisbətən 2013-cü ildə iki milyarda
yaxın bizim büdcəmiz artıb. Bütün
dünya bu gün böhran, iqtisadi böhran, maliyyə
böhranı içərisindədir. İspaniyası,
Yunanıstanı, Portuqaliyası, bugünlərdə artıq
İngiltərəsi böhranla çarpışmaqdadır.
Bütün Avropanı böhran
bürüyüb. Amma Azərbaycanda az
qala hər sahədə artım var. Bunlar özü
böyük şeydir. Yəni, biz bu gün
artımı saxlaya biliriksə, demək, böhrandan
uzaqdayıq. Ən azı böhrana
tutulmamışıq, bu özü çox böyük
iqtisadi uğurun səmərəsidir. Bunları
– bu işləri aparan ancaq və ancaq möhtərəm
prezidentimiz cənab İlham Əliyevdir və bütün Azərbaycan
xalqı bunlara görə İlham Əliyevi dəstəkləyir.
Onun növbəti dəfə prezident seçilməyinə
inanıram, əminəm ki, hamı bir nəfər kimi ona səs
verəcək. Amma yenə təkrar edirəm, içəridə
bunu istəməyən adamlar da var. Bu da təbiidir. Hamı istəyə bilməz. Amma bizlər də
Yeni Azərbaycan Partiyasının üzvləri olaraq İlham Əliyevin
təbliğatını yüksək səviyyədə
aparacağıq.
– Belə fikirlər
də var ki, 2013-cü il
seçkiləri ilə bağlı iqtidarda, hakim partiyada
müəyyən tərəddüdlər mövcuddur...
– Təbii
ki, mən də
müəyyən tərəddüdləri, iddiaları hiss
edirəm. Amma bizim partiyanın sədr müavini Əli Əhmədov
da, mən də və digər bizim partiya üzvləri də
konkretolaraq həmişə demişik, bu ümiddəyik və
həqiqətdə də belə olacaq, təkcə YAP-ın
yox, bütün Azərbaycan xalqının İlham Əliyevdən başqa
namizədi yoxdur. Mən bu sözləri bir
neçə dəfə demişəm və bir də təkrar
etmək istəyirəm. Bu gün bəlkə
İlham Əliyevə o prezidentlik vəzifəsi lazım
deyil. Sadəcə, İlham Əliyevin
prezidentliyi bizə lazımdır, Azərbaycan xalqına
lazımdır. Azərbaycana yalnız bu
boyda işlər görən şəxsiyyət rəhbərlik
edə bilər və etməlidir. Azərbaycan
dünyada ən mötəbər, hörmətli ölkələrdən
biridir. Bu gün Azərbaycan BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvüdür. Bu balaca şey deyil. Bunlar
hamısı bizim prezidentimizin hesabınadır. Prezidentin həm xaricdə, həm də daxildə
apardığı işlər hər bir insanın
gözünün qabağındadır. Ona
görə də mən inanmıram ki, Azərbaycan xalqı
başqa seçim etsin. Kimlərinsə bəlkə
iddia olaraq, ürəyindən nələrsə keçir, hər
şey ola
bilər, hamı hər şey fikirləşə bilər. Amma sən fikirləşdiyini fikirləş, gör
Azərbaycan xalqı nə fikirləşir. Yenə deyirəm, Yeni Azərbaycan Partiyası olaraq,
təkidimiz də, məqsədimiz də ondan ibarətdir ki,
İlham Əliyev yenidən prezident olsun. Bu
gün Azərbaycanda İlham Əliyevin alternativi yoxdur.
İkinci bir adam yetişməyib hələ.
Yetişməyibsə, demək, İlham Əliyev
bizim prezidentimiz olmalıdır, İlham Əliyev ölkəmizi
daha da inkişaf etdirməlidir.
–
Müxalif qüvvələr isə iddia edirlər ki, azad rəqabət
şəraitində hakimiyyətin namizədi yox, müxalifətin
namizədi qalib gələ bilər...
– Bizim
müxalifət başqa ölkələrə
arxayınlaşır, onlar başqa ölkələrlə,
beynəlxalq təşkilatlarla iş aparırlar. Bunların
da okeanın o tayında oturan Con dayıları deyir ki, siz bir az tərpənsəniz, biz sizə kömək
edərik. Çünki bu Con dayılar da istəyir ki,
başqa ölkələrdə – Afrika ölkələrində
olduğu kimi, Azərbaycanda
da bu cür hərəkətlər də etsinlər. Amma onlar unudurlar ki, Azərbaycanda prezidenti seçən
Azərbaycan xalqıdır, Con dayılar yox, nə bilim filankəslər
yox. Axı, müxalifət nə edib?
Müxalifət hakimiyyətdə olub,
92-93-cü illərdə, 12 ay 27 gün. Onu bütün
Azərbaycan xalqı görüb ki, Azərbaycanı necə
dağıtdılar, Azərbaycanı necə viran qoydular. Heydər Əliyev gəldi təzədən qırx
arşın quyunun təkindən min dənə daşı
bir-bir çıxartdı, dövlət qurdu. İndi bu dövlət qurulub, Azərbaycan
xalqının bəyəm ağlı yoxdur ki, bu qurulmuş,
hazır dövləti təzədən verək kimlərəsə,
getsinlər dağıtsınlar? Yəni,
bunu hər bir insan başa düşür. Odur ki bu, qeyri-mümkün haldır. Azərbaycanda yenə deyirəm, əmin-amanlıq
var, sabitlik var, Azərbaycan artıq öz resursları ilə
dünyada özünə yer tutub, xüsusilə neft-qaz,
enerji resursları ilə. Ona görə də
Azərbaycan çox böyük, hörmətli bir ölkədir.
Azərbaycana heç kəs yaxın
düşmək istəməz, Azərbaycanın pisliyini istəməzlər.
Azərbaycan nə edir, Azərbaycan
Gürcüstandan, Türkiyədən tutmuş, digər
ölkələrə kimi onların iqtisadiyyatında çox
böyük rol oynayır. Azərbaycan bu gün artıq
borc alan ölkədən borc verən
ölkəyə çevrilib. Şərqi
Avropada, Serbiyada nə qədər böyük işlər
görülüb, körpülər, yollar salınıb.
Digər ölkərə – Gürcüstanın
özünə biz nə qədər sərmayə
qoymuşuq. Dünyanın elə bir yeri varmı ki, Azərbaycan
orada iş görməsin? Və çalışırıq ki, iş görməklə o dövlətləri
özümüzə bağlayırıq. Belə
olan halda mən inanmıram ki, bugünkü iqtidarın
hakimiyyətdən getməsində kimlərsə maraqlı
olsun.
– YAP azad
və ədalətli seçkilərə, rəqabətə
hazırdırmı?
–
Hazırdır. Mən birmənalı deyərəm ki, bu
gün Yeni Azərbaycan Partiyası bütün gücü ilə,
varlığı ilə buna hazırdır və inanın ki,
bu gün əgər hər hansı müqayisə aparsaq Yeni
Azərbaycan Partiyası ən tanınmış partiyalardan
biri kimi dünyanın hər yerində tanınır.
Çinin hakim Kommunist Partiyası ilə, Ukraynanın hakim
Regionlar Partiyası ilə, Rusiyanın “Yedinaya Rosiya”sı ilə,
nə bilim Misirdən tutmuş digər Afrika, Avropa ölkələrinə
kimi bizim əlaqələrimiz var. Yeni Azərbaycan
Partiyasını dünyada tanımayan bir ölkə, belə
deyək də, hansısa bir partiya yoxdur. Bu,
çox böyük bir uğurdur.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.-
2012.- 3 noyabr.- S.9.