Fədakarlıq
Missiyası- Vilayət Quliyev - 60
AMEA-nın
Nizami adına Ədəbiyyat İnstitutunun kollektivi 60 illik
yubileyi ilə bağlı professor Vilayət Quliyevə təbrik
məktubu ünvanlayıb. Məktubda deyilir:
“Hörmətli Vilayət müəllim!
Sizi – Azərbaycan
ədəbiyyatşünaslığının görkəmli
nümayəndəsini, istedadlı tənqidçini və ədəbiyyat
tarixçisini, fədakar elm xadimini, ədəbi-mədəni
əlaqələr sahəsində yorulmaz mübarizi,
Cümhuriyyət dövrünün və İstiqlal məfkurəsinin
fəal araşdırıcısını,
Respublikamızın müstəqilliyi dövründə ilk
Dövlət Mükafatı laureatlarından birini, peşəkar
diplomatı, Macarıstan Respublikasındakı Fövqəladə
və Səlahiyyətli səfirimizi – 60 illik yubileyiniz
münasibətilə səmimi qəlbdən təbrik edirik.
Sizin mənalı
və yaradıcılıq eşq ilə dolu
ömrünüzün 14 ili AMEA Nizami
adına Ədəbiyyat İnstitutu ilə sıx bağlı
olub. Burada aspirantlıqdan (1978) sektor müdiri
(1984-1987), elmi işlər üzrə direktor müavini
(1987-1991) vəzifələrinə qədər yüksəlmisiniz. “Müasir Azərbaycan
nəsrində üslub müxtəlifliyi” (1982) mövzusunda
namizədlik, “Azərbaycan filoloji fikri və rus ədəbi-ictimai
mühiti (XIX əsrin birinci yarısı)” (1990) mövzusunda
doktorluq dissertasiyası müdafiə etmisiniz. Çoxsaylı monoqrafiyaların, tərtib və tərcümə
kitablarının müəllifisiniz. Polşa
Respublikası Prezidentinin sərəncamı ilə “Polşa
qarşısındakı xidmətlərinə görə”
ikinci dərəcəli “Komandor” ordeni ilə təltif
edilmisiniz. Uğurlarınız bizi
sevindirir, qəlbimizi qürur, iftixar hissi ilə doldurur.
Bir daha 60 illik yubileyiniz münasibətilə Sizə
çətin və şərəfli fəaliyyətinizdə
uğurlar, cansağlığı, xoşbəxtlik
arzulayırıq”.
Faktların
yeniliyi, zənginliyi, dil-üslub cazibədarlığı, təhlil
və dəyərləndirmələrin
orijinallığı, mükəmməlliyi,
yaradıcılıq prosesinin intensivliyi, səmərəliliyi,
mövzuların aktuallığı, bənzərsizliyi
baxımından möcüzələrin də adiləşdiyi
çağdaş dünyamızda məni heç kəs
filologiya elmləri doktoru, professor Vilayət Quliyev qədər
heyrətləndirməyib. Vizual statik hesablamalara əsasən
son 35 ildə ümumi həcmi 787 ç.v.-dən, daha sadə
desək; 12 600 səh-dən çox olan 35 kitab (İlk əsəri
– “Mirzə Kazımbəy” monoqrafiyası 1987-ci ildə
“Yazıçı” nəşriyyatında işıq
üzü görüb – A.R.), 600-dən çox elmi məqalə
çap etdirmişdir. Yalnız
kitablarını üst-üstə qalaqlasaq onun pəhləvan
cüssəli, ucaboy müəllifindən hündür olar.
İlk kitab istisna olunmaqla V.Quliyevin bütün əsərləri,
o cümlədən tərcümə və tərtibləri
Azərbaycanın Dövlət Müstəqilliyi bərpa
olunduqdan sonra nəşr edilib və bu yaradıcılıq
nümunələri məlum sovet stereotiplərindən uzaq,
milli mənafeyə xidmət edən sanballı mənəvi sərvətdir.
Faktiki
olaraq Vilayət müəllim fəal ictimai mövqeyi, elmi-nəzəri
düşüncələri, mübarizə əzmi ilə
istiqlal mücadiləsinin ön sıralarında dayanırdı və xalq
diplomatiyası missiyasının tanınmış təmsilçilərindən
idi. Xüsusilə ötən əsrin 80-ci illərinin sonu
90-cı illərinin önlərində onun elmi-publisistik məqalələri,
ingilis, rus və türk dilindən tərcümələri,
müsahibələri ciddi maraq doğurur, qədim və orta əsr
Azərbaycan klassiklərinə, tariximizin mübahisəli,
qaranlıq məqamlarına, Qarabağ hadisələrinə həsr
etdiyi yazıları əl-əl gəzirdi. Milli azadlıq hərəkatının
təşəkkül tapdığı, təşkilatlandığı,
Cümhuriyyət dövrünə kütləvi
marağın artdığı bir zamanda Vilayət Quliyevin
ingilis dilindən tərcümə etdiyi Tadeuş Svyatakovskinin
“Rusiya Azərbaycanı: 1905-1920”, Leonard Ramsden Hartvillin “Bir erməninin
xatirələrində Azərbaycan hadisələri: 1918-1922”
kitablarından ayrı-ayrı fəsillərin izah və qeydlərlə
ilk dəfə olaraq Azərbaycan oxucularına çatdırılması
böyük və təsirləndirici ədəbi hadisə
idi.
Rusiyanın Sankt-Peterburq şəhərində 1989-cu
ilin sentyabrında elmi yaradıcılıq ezamiyyətində
olan V.Quliyev nüfuzlu “Smena” qəzetində Robert Köçəryanın
(sabiq Ermənistan prezidenti – A.R.) “Arsak mühasirədədir”
adlı müsahibəsinə rast gəlir. Azərbaycan xalqının ünvanına sərt
ifadələr səsləndirən, şər və
böhtan xarakterli informasiyalar yayan, rusdilli oxuculara
yanlış məlumatlar verən qatı erməni
separatçısı R.Köçəryanı təkzib etmək,
əsl həqiqətlərdən söz açmaq
üçün “Smena” qəzetinin redaksiyasına yollanır.
Qəzetin müxbiri ilə ciddi polemikadan sonra
separatçıya cavab verilməsi razılığı əldə
olunur. V.Quliyev “Arsak mühasirədədir”
sayıqlamalarında yer alan bütün
yalan və böhtanları danılmaz faktlarla təkzib edir. Qarabağ böhranı ilə bağlı gerçəkliyi,
məkrli niyyətləri, əsl həqiqətləri rusdilli
oxuculara çatdırır. “Smena” qəzeti
R.Köçəryana cavab müsahibəsinin sərlövhəsini
“Mühasirədədir? Başqa yol yoxdur”
başlığı altında özünün 14 oktyabr
1989-cu il tarixli sayında dərc
etmişdir. Vilayət Quliyevin “Smena”dakı
geniş və əhatəli müsahibəsi redaksiyanın mətnə
qüsurlu müdaxilələrinə baxmayaraq o vaxtkı Azərbaycanın
informasiya blokadasını yaran, ilk irihəcmli və
tutarlı alternativ, fərqli fikir partlayışı idi.
Professor Vilayət Quliyevin çoxşaxəli elmi-tədqiqat
fəaliyyətinin əsas istiqamətlərindən birini də
Azərbaycan Xalq Cümhuriyyəti, onun epoxası, ictimai-siyasi
liderləri, milli-istiqlal ideyalarının qaynaqları təşkil
edir. Hələ
1990-cı ilin qanlı yanvar faciəsindən sonra Bakı
şəhərinin komendant saatı şəraitində ruh
düşkünlüyü məngənəsində
sıxıldığı bir zamanda Milli Elmlər
Akademiyasının əsas binasında, 28 may ərəfəsində
ilk genişmiqyaslı ictimai-siyasi xarakterli tədbir – “Azərbaycan
Demokratik Respublikası” adlı elmi-nəzəri konfrans
keçirildi. Tədbirin əsas təşkilatçılarından
biri – Vilayət Quliyev “ADR xarici mənbələrdə”
adlı çox maraqlı və əhatəli məruzə ilə
çıxış etdi. Onun ilk dəfə xarici
ölkələrdə çap olunan qəzet və jurnal məlumatları,
arxiv sənədləri əsasında sovet
tarixşünaslığının, siyasi konyukturaya
uğrayanların “Müsavat hökuməti”
adlandırdığı Azərbaycan Xalq Cümhuriyyəti
haqqında sanballı məruzəsini konfrans
iştirakçıları heyranlıqla dinlədi. Çünki V.Quliyev qürur və iftixar hissi ilə
anılmağa layiq tariximizin Cümhuriyyət, İstiqlal
dövrü haqqında çıxışında ilk dəfə
olaraq naməlum tarixi həqiqətləri, maraqlı və fərqli
düşüncələrini sərgilədi. Çox keçmədi ki, konfrans materialları məhz
onun tərtibində və redaktəsində çapa
hazırlandı, ingiliscədən tərcüməsində
yeni arxiv materialları topluya daxil edildi, geniş ön
sözü və şərhləri ilə işıq
üzü gördü.
Ruhən,
qəlbən milli dövlətçilik hissi ilə sıx
bağlı olan Vilayət müəllim Cümhuriyyət
qurucuları, istiqlal fədailəri haqqında da davamlə
araşdırmalar aparır, yeni-yeni əsərlər yazaraq nəşr
etdirir. Onun böyük şövqlə yazdığı “Şərqdə ilk Cümhuriyyət”,
“İlk Azərbaycan Parlamenti (1918-1920)”, “Aprel kədəri, may
sevinci”, “Avropaya pəncərə açanlar”, “Yoxdan bayraq
yaradanlardan biri” və digər çoxsaylı elmi məqalələri
Azərbaycan parlamentinin sədri, Versal Sülh konfransında
nümayəndə heyətimizin rəhbəri Əlimərdan
bəy Topçubaşovun, Cümhuriyyətin ilk Xarici
İşlər naziri əvəzi, sonralar İranda səfir
işləmiş Adil xan Ziyadxanın, daxili işlər naziri
Behbud xan Cavanşirin və b. görkəmli ictimai-siyasi xadimlərin
həyat və fəaliyyətindən bəhs edən portret
oçerkləri, elmi-publisistik irsi bu mövzuda
yazılmış əsl tədqiqat işi, ali məktəb tələbələri
üçün dərs vəsaitidir. V.Quliyev
parlament sədri Ə.Topçubaşovun Parisdən Azərbaycan
Hökumətinə göndərdiyi məktubları tərcümə
və tərtib edərək geniş ön söz
yazmış, “Paris məktubları” (1998) adı ilə Azərbaycan
və rus dillərində çap etdirmişdir.
Mövzunun aktuallığını və ciddi ehtiyacın
hiss olunduğunu nəzərə alan
müəllif araşdırmalarını davam etdirərək
“Azərbaycan Paris sülh konfransında” (2007) adlı
kitabı üç dildə – ingilis, fransız və azəri
türkcəsində oxucularına ünvanlamışdı. Əsərdə Cümhuriyyətin nümayəndə
heyətinin Paris sülh konfransından tələbləri
(1919) yer almış, tərtibçinin geniş ön
sözü verilmişdir.
A.Ziyadxanın “Azərbaycan” (1993) kitabına ətraflı
müqəddimə yazaraq AXC-nin dövlət quruluşu, daxili
və xarici siyasəti, mövcud problemləri, tarixi şəxsiyyətləri
haqqında əsaslandırılmış mövqeyini
bildirmişdir.
Vilayət Quliyevin elmi yaradıcılığında
İstiqlal məfkurəsi, Cümhuriyyət həqiqətləri
və şəxsiyyətləri, erməni terrorizmi
mühüm mərhələ təşkil edir. Şərqdə
ilk Demokratik Respublikanın görkəmli xadimlərindən
birinin – “Behbud xan Cavanşirin məhkəmə prosesi” (2008)
professorun türk nəşrləri əsasında işləyib
hazırladığı, nəfis şəkildə
işıq üzü görən sanballı bir əsərdir.
Müəllif kitaba “Erməni terrorunun qurbanı
– Behbud xan Cavanşir” adlı müqəddimə
yazmış, çox maraqlı əlavə materiallar – Murad
Gülçünün, Sürəyya və Səməd
Ağaoğluların xatirələrini daxil etmişdir. Əsərdə
erməni terrorizminin təşkilatlanma mexanizmi, maliyyə mənbələri,
sistemli fəaliyyət istiqaməti, Azərbaycan və
Türkiyə ictimai-siyasi xadimlərinin hədəfə
alınma səbəbləri, himayədarlarının hamilik
metodları, Qərb ədalət məhkəməsinin ikili
standartları sənədlər və arxiv materialları əsasında
inandırıcı və təsirli verilmişdir.
Qarabağ
faciələrinə, onun genelogiyasının tədqiqinə
həsr edilmiş, problemin dərkində və çözülməsində elmi-təcrübəvi əhəmiyyətə
malik əsərlərdən biri də “Azərbaycanda erməni
zülmü”dür (1999). Kitabda yer alan əsas
material Milli Məclisin “Azərbaycanlıların
soyqırımı günü” münasibətilə 1998-ci
ilin martın 31-də keçirilmiş xüsusi iclasında
millət vəkili Vilayət Quliyevin “Azərbaycanlıların
soyqırımı ilə bağlı həqiqətləri
bütün dünyaya çatdırmalıyıq” adlı
analitik təfəkkürə dayalı tarixi məruzəsidir.
İstinad edilən faktların böyük əksəriyyəti
ilk dəfə dövriyyəyə buraxılmış, təhlil
və dəyərləndirmə tamamilə yenidir. “Azərbaycanda
erməni zülmü” dünya erməni təşkilarlarının
türklər əleyhinə apardığı “genosid”,
“soyqırımı”, “qətli-am” kampaniyasına qarşı ən
tutarlı dəlillər toplusudur.
Vilayət
Quliyevin Cümhuriyyət dövrü hadisələri və
şəxsiyyətləri barədə kitablarından söz
düşərkən Polşanın nüfuzlu “Adam
Marşalik” nəşriyyatında 2009-cu ildə rus dilində
çap olunan “Çağdaş mühacirət hərəkatı”
seriyasından “Polşadakı Azərbaycan siyasi mühacirlərinin
irsindən” (XX əsrin 30-cu illəri) adlı toplunu da diqqətdən
kənarda saxlamaq mümkünsüzdür. Kitab
Vilayət müəllimin “Söz və fikir mübarizləri”
adlı geniş yazısı ilə açılır. Tərtibçi-müəllif Azərbaycan
mühacirlərinin mövcud tarixi şəraitin real
imkanlarından maksimum faydalanaraq Avropa ölkələrində
yaratdıqları siyasi fikir mərkəzlərinin, mübarizə
metodlarının geniş şərhini verməklə
yanaşı, onların Vətənə, xalqa ləyaqətlə
xidmət etməkdə yeganə silahlarının söz,
fikir olduğunu vurğulamışdır. Polşada fəaliyyət
göstərən mühacirlərimizin isə söz
tribunası funksiyasını Azərbaycan və rus dillərində
çap olunan “Qafqasiya dağlıları” (1929-1934) və bu dərginin
mənəvi varisliyini davam etdirən “Şimali Qafqasiya” –
“Severnıy Kafkaz” (1934-1939) jurnalları
daşıyırdı.
“Polşadakı
Azərbaycan siyasi mühacirlərinin irsindən” kitabında
M.Ə. Rəsulzadənin, doktor Mir Yaqub Mir Mehdiyevin, M.B.Məhəmmədzadənin,
Əli Azərtəkinin, İsrafil bəy İsrafilbəyovun,
Cahangir bəy Kazımbəyovun, Nağı Bayramlının
və digər gizli imza, təxəllüslə yazan müəlliflərin
əsərləri yer almışdır.
Son illər Azərbaycan mühacirət ədəbiyyatı
qaynaqlarının ciddi araşdırılmasına,
sanballı monoqrafik işlərin işıq üzü
görməsinə baxmayaraq bu toplunun fərqli və
üstün cəhətləri ondan ibarətdir ki, kitabda
öz əksini tapan ədəbi-tarixi, siyasi-publisistik
materiallar tədqiqatlardan kənarda qalmış, bu mənbələrə
istinad edilməmişdir. Cümhuriyyət dövrünün hərbi,
ictimai-siyasi mənzərəsini özündə əks etdirən,
tariximizin qaranlıq və naməlum məqamlarına
işıq salan, mötəbər və zəngin faktları
ilə yüksək elmi dəyərə malik mətnlər,
materiallar Polşa nəşrində üstünlük təşkil
edir.
“Son illərin yazıları” (“Ozan”, 2010, 600 səh.) Vilayət
müəllimin hər bir azərbaycanlıya qürur və
iftixar hissi yaşadan kitablarındandır. Elmi-publisistik
üslubda işlənmiş bu “yazılar”la dərindən
tanış olduqda bitkin və mükəmməl struktura, zəngin
fakt yeniliyinə, cazibədar təqdimat manevrlərinə, millətsevərlik
və yurdsevərlik ruhu ilə yoğrulmuş yenilməz ruha,
qayəyə, məfkurəyə malik tutumlu, sanballı əsərlərlə
üz-üzə dayandığına əminliyini ifadə etməyə
bilmirsən. Onun
bu topluya daxil etdiyi məqalələr tarixi vətənindən
uzaqlarda mühacir həyatı yaşamış, Azərbaycanla
gen, qan və mənəvi bağlılığı olan,
yaşadıqları ölkələrdə yüksək
mövqeyə və nüfuza sahib çıxan görkəmli
şəxsiyyətlərin, ictimai-siyasi xadimlərin, mütəfəkkirlərin,
elm və ədəbiyyat adamlarının keşməkeşli
ömür yolu, qəribə taleləri haqqında dəyərli
salnamələrdir.
V.Quliyevin vətəndaş-alim, ictimai-siyasi xadim fədakarlığının
nəticəsində Türkiyədə yaxşı
tanınan Azərbaycan əsilli alimlərin, nazirlərin,
generalların, mədəniyyət nümayəndələrinin
fəaliyyəti barədə üzə çıxarılan
araşdırmalar fərəh doğurur. Məqalələrin sərlövhələri
də az informasiya ilə yüklənməyib: “Sonuncu mogikan – Əhməd
bəy Ağaoğlu”, “Səməd Ağaoğlu – atasına
layiq oğul”, “Əhməd Cəfəroğlu – Gəncədən
bütün türk dünyasına”,
“İstanbulda azərbaycanlı bir xanım – Nazan
Ölçər”, “Türk ordusunun azərbaycanlı
generalları – Bərköz qardaşları”.
Türkiyənin
demokrat inkişafında fəal iştirak edən həmyerlilərimizdən
Səməd Ağaoğlu ölkənin Baş nazirinin birinci
müavini, sənaye naziri vəzifələrində
çalışıb, əslən Şəkidən olan
istiqlal medallı Məhəmməd Sarıkərimli (Bərköz)
Türkiyə Jandarmeriyasının baş komandanı,
general-polkovnik, qardaşı Mahmud Sarıkərimli (Bərköz)
III Ordu komandanı, ordu generalı kimi yüksək vəzifə
və rütbəyə layiq görülmüşdür. Əhməd Cəfəroğlu İstanbul
Universitetinin professoru, Türkiyyat İnstitutunun direktoru kimi vəzifələrə
yüksəlmişdi. Xalqımızın
bu görkəmli oğullarının uğurlarını,
nailiyyətlərini ilk dəfə geniş və sistemli şəkildə
Azərbaycan oxucularına məhz professor Vilayət Quliyev
çatdırmışdır.
“Son illərin
yazıları”nda yer alan, Azərbaycan
dövlətçiliyinə xidmət edən digər
xalqların tanınmış nümayəndələrinin fəaliyyətləri
haqqında məqalələr də ciddi maraq doğurur.
“Polşa tatarları Azərbaycan dövlətçiliyinin
xidmətində” silsiləsindən “General Masey Sulkeviç”,
“Kriçinski qardaşları”, “Şapşal – azərbaycanşünas,
yaxud qardaşlarımız karaimlər” və b. məqalələr
beynəlxalq əməkdaşlığın üfüqlərini
genişləndirmək baxımından aktualdır.
Professor Vilayət Quliyevi poliqlot da adlandırmaq olar. O, ingilis, polyak, rus, türk,
fars və ərəb dillərini mükəmməl
bilir və əcnəbi dillərdən əsərlər
çevirir. V.Quliyevin mütərcimlik fəaliyyətini, tərcümə
yaradıcılığının sənətkarlıq xüsusiyyətlərini
ayrıca araşdırmağa, bu işə
monoqrafiyalar həsr etməyə dəyər. Onun
xüsusilə rus, türk və ingilis dillərindən
çevirdiyi ədəbi-bədii materiallar səriştəlilik
və aktuallıq baxımından beynəlxalq mədəni əlaqələr
sahəsində uğurlu addımlardır. Lev Qumilyovun “Qədim türklər” (1993), Ə.M.Topçubaşovun
“Paris məktubları” (1998), V.Baxtin və İ.Panovun “Məhəmməd
Peyğəmbərin həyatı” (2003), “Azərbaycan Paris
Sülh konfransında” (2008), Səməd Ağaoğlunun
“Hekayələr. Memuarlar” (2009), Corc Oruellin
“Seçilmiş əsərləri” (2009) və “Heyvanstan”
(2012) povesti söylənilən fikirlər üçün
mötəbər söykək sayıla bilər. Onun kitab və məqalələri Polşada,
Rusiyada, Türkiyədə, İranda və digər ölkələrdə
çap edilmişdir.
Bu yığcam yazıda yetərincə vurğulamasam da
şübhəsiz ki, Vilayət Quliyev hər şeydən
öncə fədakar ədəbiyyatşünas-alim, ədəbiyyat
tarixçisi və tənqidçidir. Məhz ədəbiyyatşünaslıq
sahəsindəki xidmətlərinə görə o 2010-cu ildə
Azərbaycan Dövlət mükafatına ilk layiq görülənlərdən
biri idi.
Taleyinin
son 16 ili siyasətlə sıx
bağlıdır. 1996-2000-ci illərdə
Birinci çağırış Azərbaycan Milli Məclisinin
deputatı kimi fəaliyyət göstərmişdir. Azərbaycan
Respublikası Prezidentinin 26 oktyabr 1999-cu il
tarixli sərəncamı ilə xarici işlər naziri vəzifəsinə
təyin edilmiş və 2004-cü ilə qədər bu vəzifədə
işləmişdir. 1999-2004-cü illərdə
eyni zamanda Azərbaycan Respublikası Təhlükəsizlik
Şurasının üzvü, YUNESKO-nun Azərbaycan Milli
Komitəsinin sədri və “Diplomatiya aləmində” (Azərbaycan,
rus, ingilis dillərində) jurnalının baş redaktoru
olmuşdur. 2004-cü il iyun
ayının 7-dən 2010-cu ilədək Azərbaycanın
Polşadakı Fövqəladə və Səlahiyyətli səfiri,
2010-cu ildən indiyədək ölkəmizin Macarıstanda
Fövqəladə və Səlahiyyətli səfiridir.
Polşa Prezidentinin sərəncamı ilə 2010-cu ildə
Vilayət Quliyev iki ölkə arasındakı diplomatik
münasibətlərin, siyasi, ədəbi-mədəni əlaqələrin
inkişafındakı xidmətlərinə görə ikinci
dərəcəli “Böyük Komandor” ordenilə təltif
edilmişdir.
Son iki ildə Azərbaycan – Macarıstan arasındakı
çoxsahəli əlaqələr ən yüksək səviyyəyə
ucalmışdır. Azərbaycan ordusunun zabiti Ramil Səfərovun macar dilindən
azərbaycancaya çevirdiyi Maqda Sabonun “Qapı”, Ferens
Molnarın “Pal küçəsinin oğlanları” əsərlərinin
Bakıda nəşr edilməsində, Macarıstanda təbliğ
olunmasında cənab səfirin dəstəyi
danılmazdır. Cəsur zabitimizin Budapeştin
Kozma həbsxanasından Azərbaycana qüsursuz ekstradisiya
edilməsində də səfirliyimizin və şəxsən
Vilayət Quliyevin xidmətləri səmimi təşəkkürlərə
layiqdir.
Yaradıcılığına
yaxından bələd olduğum bu fədakar insanın 60 illik
yubileyi münasibətilə qələmə
aldığım bu qeydləri yekunlaşdırma ərəfəsində
sosial şəbəkələrdə belə bir informasiyaya
rast gəldim: “Azərbaycanın Macarıstandakı səfirliyinin
təşəbbüsü ilə Budapeştdə ingilis və
macar dillərində “Ağdam: Qafqazın Xirosiması”
adlı fotoalbom nəşr edilib... Səfir Vilayət Quliyev
foto-alboma “Ağdam: Qara taleli ağ şəhər”
adlı müqəddimə yazıb.” Azərbaycan
həqiqətlərinin Avropa ölkələrində
tanıtımı yalnız vəzifə borcu deyil, eyni zamanda
ziyalılıq səlahiyyəti, fədakarlıq
missiyasıdır.
Asif Rüstəmli,
filologiya elmləri doktoru
525-ci qəzet.-
2012.- 6 noyabr.- S.4.