Bakıda Teatr Bayramı 

 

Bayram axşamı

 

4 noyabr 2012-ci il. Bakı. Səhər tezdən şəhərin rəngi dəyişilmişdi elə bil. Yağışdan yenicə qurtulan Bakı deyildi sanki. Daha çox yaz aurası, hətta Novruz bayramından öncə tez-tez beyinə gələn tonqal ətri hiss olunurdu. Məhz beyinlə duyulur belə qoxular. Çünki insan yaddaşındakı xatirələrdən gəlir. Bəzən adətlərimizin bir azca dərininə gedib bəzi məqamların məğzini anlamağa çalışıram. Bayramdan öncə bayramaxşamı, toydan sonra toysəhəri qeyd etməyin mənası nədir? Yəqin ki, səbəb təbiət etibarilə şənliyə meyilli millətimizin bayramları uzatmaq istəyidir.

... Bakı bayramaxşamı ovqatındaydı. Teatrımızın bayramına hazırlaşırdı şəhər. Hava da sinoptiklərin nizamından ona görə çıxmışdı.

Akademik Milli Dram Teatrına yaxınlaşanda nədənsə birdən – bəlkə də paytaxtın təmizliyinə, küçələrin səliqəsinə fikir verdiyim üçün – iməcliyi xatırladım. Sovet dövründə bu daha çox keçirilirdi. Hər idarə öz binasını, onun yan-yövrəsini sahmana salırdı. Məncə, incəsənət, xüsusən də teatr əhli fasiləsiz iməclikdədir. Özü də bu təmizlik işlərini cəmiyyətin ruhunda aparır. Və getdikcə şəhərimizdən tutmuş sənətimizə kimə hər şeyin paklaşması, durulması məhz bu insanların xidmətidir. Hökumətimiz, eləcə də Mədəniyyət və Turizm Nazirliyi onlara  bu məsuliyyətli işi yerinə yetirmək üçün hər cür şərait yaradır. Amma bütün şəraitlərin başlanğıcı insanın öz daxilindədir. Kefsiz və ruhsuz bir halda hansı şəraitdən bəhrələnmək olar ki? Bu günün gözəlliyi həm də ondaydı ki, insan mənəviyyatının həkimləri özləri rahat idilər, cəmiyyət təmizkarlarının ruhları yüksəkdəydi. Sabahkı gün, yəni 5 noyabrda II Beynəlxalq Teatr Konfransının açılışı olacaq və bu bayram iki gün davam edəcəkdi. Konfrans çərçivəsində keçiriləcək tamaşalar, seminarlar, master-klasslar hələ qarşıdaydı.

Bu günün isə ilk hadisəsi Fuceyra Beynəlxalq Monodram Festivalına həsr olunmuş seminar idi. Fuceyra teatrının aktyoru Abdulla Rəşid Əl Danani onillik təcrübəsi olan festival haqqında prezentasiya ilə çıxış etməliydi. Tədbirdə   Amaliya Pənahova, Bəhram Osmanov, Aydın Talıbzadə, Qurban İsmayılov, gənc aktyorlar, həmçinin media nümayəndələri iştirak edirdilər. Beynəlxalq əlaqələr üzrə mütəxəssis Şaiq Səfərov giriş sözü ilə çıxış edərək bütün incəsənət aləmini II Beynəlxalq Teatr Konfransının ölkəmizdə keçirilməsi münasibətilə təbrik etdi, qonaqları salamladı. Bu ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra əmirliyində Beynəlxalq Monodram Festivalında uğurlu iştirakımız haqqında məlumat verdi: “Etiraf etməliyəm ki, belə bir Festivalın məhz Ərəbistanda keçirilməsi məni xeyli təəccübləndirmişdi. Fuceyra əmirliyin ən inkişaf etmiş hissəsi deyil. Lakin sənətə, teatra bu cür yanaşmaları çox təqdirəlayiqdir. Bildiyiniz kimi, biz də orada  Bəhram Osmanovun quruluşunda Qurban İsmayılovun iştirakı ilə “Bu da axırı” monodramı ilə iştirak etmişdik. Qurban İsmayılov həmin festivalın ulduzuna çevrilmişdi. Bütün festival boyu çoxlarının aktyorumuzdan avtoqraf almaları, oyunundan heyranlıqla danışmaları bizi çox qürrələndirmişdi”.

Fuceyradakı uğurumuz barədə hərtərəfli təsəvvür yaratmaq üçün Aydın Talıbzadənin “Bu da axırı” məqaləsini oxumaq kifayətdir. Həmin məqaləsində Aydın müəllim “Qurban elə effektli, elə emosional, elə ehtiraslı oynadı ki, əlüstü tamaşaçıların aşırı simpatiyasını qazandı. Odur ki, festival müddəti boyunca sanki hamı Qurbanı axtarırdı, bu aktyoru bir etalon, bir ulduz kimi görürdü, Qurban İsmayılla danışmaq, şəkil çəkdirmək, ona alqış söyləmək istəyirdi”- yazır. Məqaləni hələ ilin əvvəlində oxuyub ürəkdolusu sevinməyimə baxmayaraq yenə də maraq məni bürüyür. Bəhram Osmanovdan uğurumuzun sirri barədə soruşuram. Onunsa cavabı belə olur: “Biz ilk dəfəydi monodram festivalda iştirak edirdik. Pyesin müəllifi Avstriya dramaturqu Piter Turrindir. Şübhəsiz əsərin orijinallığı da rol oynadı. Amma əsas məsələ Qurbanın oyunu idi. Təsəvvür edin ki, tərcüməyə icazə vermədilər və tamaşa azərbaycanca oynanıldı. Zalda dilimizi bilən adam olmazdı yəqin. Lakin tamaşaçılar gülməli məqamda gülür, kuliminasiyada alqışlayırdılar...”

Qurban İsmayılovun jest, mimika dili sözü üstələyib. Bəlkə bu festivaldan sonra tamaşaçılarda dilimizi öyrənmək istəyi də yaranıb. Lakin aktyor özü bu böyük uğurunu ondan da böyük təvazökarlıqla şərh edir: “Mən heç özüm də bilmirəm, bu necə baş verdi. Deyirlər əsl sənətin dili olmur. Yəqin ki, o festivalda da bu deyim özünü doğruldub...”

Elə qonağımızın da nümayiş etdirdiyi slaydda “Bu da axırı” tamaşasından şəkillər görüntüləndi. Və burada Abdulla Rəşid Əl Dhənhaninin tərcüməçidən slayddakı bütün məlumatları dilimizdə şərh etmə barədə xahişi mənə çox maraqlı gəldi. Bəlkə də Qurban İsmayılov kimi təvazökar olub bir-iki kəlmə danışmalı deyilik. Bəzən qonağımız tək ölkəmizin tarixi, incəsənəti, teatrı, uğurları barədə ağızdolusu məlumat verməkdən çəkinməməliyik...

Seminardan sonra fasilədə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarını, xüsusən Nahidə xanım İsmayılzadəni müşahidə etdikcə maraqlı assosasiyalar yaranırdı beynimdə. Çox zaman bütün bu tədbirlərin təşkilati işlərindən xəbərsiz olan bəziləri ən adi çatışmazlığı, kiçik qüsuru günlərlə müzakirə obyektinə çevirməkdə heç bir çətinlik çəkmirlər. Lakin fasiləsiz telefon danışıqları, filan qonağı qarşılamaq, hansısa texniki işi yoluna qoymaq, fors-majorları aradan qaldırmaq və s. barədə müzakirələr “biz təşkilatlana bilmirik” düşüncəsini tamam dağıdır. Çünki əslində, Fuceyra festivalında uğurumuz da, Beynəlxalq Teatr Konfransının ölkəmizdə ikinci dəfə keçirilməsi də komanda şəklində işləmək bacarığımızdan xəbər verir. ... Camaat Kşiştof Zanussinin ustad dərsinə hazırlaşmaqda olsun... Bir saat fasilədən istifadə edib teatr rəhbərlərimizin fikirlərini öyrənək.

Bakı Bələdiyyə Teatrının rəhbəri, Xalq artisti Amaliya Pənahova bu cür konfransların faydasından danışıb bildirdi ki, “Dünyada cərəyan edən sənət prosesindən xəbərdar olmaq, teatrlar arasında əlaqələr yaratmaq baxımından, eyni zamanda ölkəmizin, incəsənətimizin xaricdə tanınması üçün belə tədbirlərin keçirilməsi çox önəmlidir. Bakı Bələdiyyə Teatrı yarandığı ilk illərdən 20-ə yaxın ölkədə festivalların, konfransların iştirakçısı olub və biz bunun yalnız xeyrini  görmüşük. Hesab edirəm ki, Azərbaycan hərtərəfli inkişafdadır və istər incəsənətimiz, istərsə də başqa sahələrdəki uğurlarımızı dünyaya çatdırmaq baxımından belə forumların əhəmiyyəti böyükdür”. 

Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev də II Beynəlxalq Teatr Konfransını sənət aləmi, teatr ictimaiyyəti üçün çox vacib tədbirlərdən biri  hesab edir: “Çağdaş dünyada qarşıda duran əsas məsələlərdən biri – XXI əsrin teatrı necə olmalıdır – sualıdır. Məncə, belə konfranslar məhz bu sualın cavabını almağa xidmət edir. Şübhəsiz ki, biz də Musiqili Komediya Teatrı olaraq dövlətimizin yaratdığı bu imkanlardan yararlanmağa, ölkəyə gələn qonaqlarla əlaqələr qurub dünya təcrübəsini öyrənməyə çalışırıq”.

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Kşiştof Zanussinin Azərbaycana gəlişi və hətta burada tamaşa qoymaq istəyini böyük hadisə kimi qiymətləndirdi: “II Beynəlxalq Teatr Konfransının keçirilməsi böyük mədəni hadisədir, teatrımızın bayramıdır. Şübhəsiz ki, biz bundan yalnız faydalana bilərik. Dünya şöhrətli polyak rejissoru Kşiştof Zanussinin Bakıya yenidən gəlişi, burada ustad dərsləri keçməsi olduqca vacib məqamdır. Gələn il o, dram teatrı səhnəsində öz sonuncu əsərinə quruluş verəcək. Dünya incəsənətinin böyük fiquru Zanussinin imzası artıq çox şeyi deyəcək, teatrımızı Avropaya çıxarmaq baxımından çox uğurlu gediş olacaq. Artıq hazırlıq prosesi gedir və gələn ildən məşqlərə başlanacaq”.

Kann kinofestivalı laureatı, Venesiya festivalı mükafatçısı, Yaroslav Mudrı ordenli, dünyada tanınmış Kşiştof Zanussi bu ilin yayında kino aktyorları və rejissorlara ustad dərsi keçmişdi. Bu dəfə onun master-klassı teatr əhli üçün nəzərdə tutulmuşdu. Lakin elə söhbətinin əvvəlindən bu böyük insanın nə qədər hərtərəfli və istənilən peşə sahibinə ustad dərsi keçmək səviyyəsində peşəkar olduğu görünürdü. Son dərəcə sadə, gülərüz qonaq elə ilk cümləsindən auditoriyadakı gərginliyi azaltdı: “Mən qarşınızdakı kağız-qələmləri görüb bir az həyəcanlanıram. Bilirəm ki, dediklərimi yazıb sonra çətin suallar verəcəksiniz...” – deyə güldü. Sonra qonaq özü, keçdiyi yol barədə qısa məlumat verib, uzun illər qazandığı uğurlu təcrübəsi ilə bölüşdü. Pan Kşiştofu dinlədikcə nə qədər şanslı olduğumuzu düşünürdüm. Bu insanın peşəkarlığı ilə bərabər həm də sadəcə həyatda nə qədər istedadlı olması heç şübhə doğurmur. O teatr səhnəsi ilə kinonun fərqini çox sadə anlaşıqlı dildə izah edib kinoda aktyor temperamentini gizlətməyin qeyri-mümkünlüyündən danışdı. O öz şəxsi yanaşmasını bölüşərək işlədiyi aktyorlarla hətta bir müddət birgə yaşadığını, evində məşqlər etdiyini və bunun sənət üçün nə qədər faydalı olduğunu bildirdi. Kşiştof auditoriyanı hiss edən sənətkardır. Mənə elə gəlirdi ki, o seminarda iştirak edən hər kəsin gözünün içinə baxır və dediklərini birbaşa beyinlərə ötürürdü. O özünü bir rejissor kimi naqolay hiss etdiyi məqamları belə şərh etdi: “Aktyorla rahat işləmək üçün ilk növbədə onu sevməli, ona pərəstiş etməliyəm. Aktyor bir insan kimi keyfiyyətsiz olanda və onda sevilməli tərəf axtaranda çətinliyə düşürəm... Lakin o aktyorla işləmək istəyirəmsə başqa yolum yoxdur, mütləq hansısa yaxşı cəhətini tapıb onu özümə sevdirməliyəm... ” Kşiştof Zanussi indiyə qədər çalışdığı aktyorlar, xüsusən Yekatrina Vasilyeva, Elizabet Berqnerlə bağlı maraqlı, yaddaqalan hadisələr danışdı. Onun hər sözündən yaradıcılıq eşqi duyulurdu. Bu mənada, məncə, onun özü dediyi kimi rejisorluğa aidiyyatı olmayan diplomat fəaliyyəti, yaxud politoloqlara mühazirə deməsi də sənətə xidmət edir.

Kşiştof Zanussi – “Biz bu işlə məşğul olduğumuz üçün xoşbəxtik. Təsəvvür edin ki, dünyada pul saymaq, hesablamalar aparmaq kimi maraqsız işləri görməli olan insanlar var. Biz isə çox maraqlı və sevdiyimiz sənətin sahibiyik. Hələ üstəlik bununla pul da qazanırıq” – deyib həvəsləndirirdi gəncləri. Çıxışından sonra pan Kşiştof iştirakçıların suallarını cavablandırdı. Və bizim auditoriyanın bu böyük sənətkarla rahat, çəkinmədən dialoqlar aparması, suallar verməsi bir tərəfdən masterin sərbəst aurasından irəli gəlirdisə, digər tərəfdən gəncliyimizin məlumatlı, müasir prosesdən xəbərdar olmasının göstəricisi idi. Zanussinin ustad dərsi sonda teatrın foyesində xatirə şəkli çəkdirməklə bitdi.

Lakin gün hələ qarşıda idi. Bayramaxşamı Rus Dram Teatrında Litva Respublikasının Xalq artisti Yuozas Budraytis və SSRİ Xalq artisti Ryaqimantas Adomaytisin yaradıcılıq gecəsi ilə davam edəcəkdi.

Sovet kinosu və teatrının canlı əfsanələrinin Bakıya gəlişi xüsusi hadisədir. Hələ o dövrdə “Heç kim ölmək istəmirdi”, “Kral Lir”, “İlğım”, “Hisslər” filmləri ilə məşhurlaşmış və Azərbaycan tamaşaçısının da sevimlisinə çevrilmiş aktyorların gəlişinə Rus Dram Teatrı xüsusi hazırlaşmışdı. Qonaqlarla görüşməzdən əvvəl teatrın direktoru Ədalət Hacıyevlə söhbət edirik: “Belə konfransların keçirilməsi çox vacibdir. Mən bir misal gətirə bilərəm ki, biz I Beynəlxalq Teatr Konfransında İrina Krujilina ilə tanış olmuşduq. O çox məşhur teatr geyimi rəssamıdır. Bizim “Mirandalina” tamaşası üçün olduqca gözəl kostyumlar hazırladı və tamaşaya yeni nəfəs, rəng gətirdi. Əminəm ki, bu dəfə də teatrımız forumdan lazımi kimi bəhrələnəcək. Bizim tamaşaçının Yuozas Budraytis və Ryaqimantas Adomaytis ilə canlı görüşü də çox uğurlu bir işdir. Eyni zamanda, hazırda teatrımızda şöhrətli Litva rejissoru Yonas Vaitkus Nizaminin “Yeddi gözəl” poemasını səhnələşdirir. Bu yollarla dünya təcrübəsini səhnəmizə gətirmək teatrımızın inkişafına xidmət edən faktordur. Çünki həqiqətlərimizi Avropada, dünyada yaymağın ən gözəl yolu incəsənətdən keçir”.

Sovet İttifaqı Dövlət Mükafatı laureatı Yonas Vaitikus Nizami sənəti, yaradıcılığına heyranlığını ifadə etdi. “Nizami təkcə Aəzrbaycanlı deyil. O dünyanın dahi şairi, filosofu, mütəfəkkiridir. Onun əsərlərində bu günlə səsləşən bir çox məsələlər öz əksini tapıb ki, bu da şairin böyüklüyündən, dahiliyindən xəbər verir. Ona görə də “Yeddi gözəl” kimi ideal bir əsərlə işləməkdən böyük zövq alıram. Onu da qeyd edim ki, artıq 15 gündən çoxdur ki, Bakıdayam və belə bir təmiz, gözəl şəhərdə yaşamaq və insanların hətta aşırı qonaqpərvərliyini görmək özü ayrıca bir zövqdür” – dedi.

Son illərdə ölkəmizə gələn qonaqlar sözləşiblər sanki. Bir suala hamı eyni cür cavab verir. Şəhərimizi bəyəndinizmi sualına hamısı “Bakı inanılmaz dərəcədə dəyişilib, gözəlləşib, müasir Avropa şəhərlərindən geri qalmır...” kimi cavablandırırlar. Görünür, Bakımız milliyyətindən asılı olmayaraq hər kəsin zövqünü oxşayır. Elə Yuozas Budraytis və Ryaqimantas Adomaytisin də cavabları belə oldu. “Bakıda 40 il öncə kino çəkilişlərində olmuşduq. Bu dəfə şəhərinizə gələndə buraları tanımadıq. Sanki şəhər yenidən salınıb, müasirləşdirilib. Lakin tarixinizi də qoruyub saxlamısınız. Bulvar isə insanı işıqları və gözəlliyilə sehrləyir” – deyən Ryaqimantas Adomaytis öz zərif yumorundan da qalmırdı. Tez-tez Yuozasa atmacalar atır, müsahibəsinə imkan vermirdi. Bu iki saçı-saqqalı ağarmış aktyorun davranışına baxanda adama elə gəlirdi ki, onlar Bakıya gəlməklə 40 il öncəyə qayıdıblar. Bəlkə də 40 il gəncləşiblər. “Ovqatımız çox gözəldir. Mənim həmyerlilərimdən fərqli olaraq, azərbaycanlılar çox gülərüz, mehribandılar. Hətta onların hədsiz isti münasibətləri məni hərdən çaşdırır da...  Şəhəriniz çox günəşlidir və bu günəş insanlarınızın xarakterinə də təsir edib. Bizdə yaratdığınız bu xoş əhval-ruhiyyəni rus dram teatrı səhnəsindən zala ötürməyə çalışacağıq!” – dedi Yuozas. Həqiqətən də yaradıcılıq gecəsi boyu bir-birinə sataşan, zarafatlaşan, zalı fasiləsiz güldürən aktyorlar  xoş ovqatlarını bizlərə ötürə bildilər. Filmlərdən kadrlar nümayiş olunur və onlar keçdikləri sənət yolunun çətin, maraqlı, fərqli tərəfləri barədə danışırdılar. Tədbirin sonunda isə zaldan gələn kiçik məktublara, suallara, sevgi etiraflarına cavablar, şərhlər verdilər. Və tam əminliklə demək olar ki, Yuozas Budraytis və Ryaqimantas Adomaytis ilə görüş sənətsevərlər üçün bayram axşamının ən gözəl və layiqli yekunu idi. 

Sabah isə bizləri böyük hadisə gözləyirdi. Teatr Bayramı...

Haşiyə: Mənim üçün bu günün ən maraqlı sualını taksi sürücüsü vermişdi. Axşam evə qayıdanda taksiyə minən kimi sürücü soruşur: Siz də hazırlaşırsınız, xanım? Sualdan çaşıram. Düşünürəm ki, bayram ovqatımız taksistlərə kimi gedib çatıb.

– Nəyə?

– Deyirlər dünyanın axırı gəlir, camaat ərzaq toplayır.

– Dünyanın axırı nədir? Biz Teatr Konfransına hazırlaşırıq.

– Həə... Doğrudan a... Teatr Konfransıdı axı...

 

II Bakı Beynəlxalq Teatr Konfransı 

 

5 noyabr 2012-ci il. Bakı. Dünənki ovqatın davamıdır. Azca yağış yağsa da, yenə şəhərin rəngi-ruhundan bayram duyulur. Akademik Milli Dram Teatrındakı açılış mərasiminə hazırlıq hamını həyəcan içində saxlayıb. Hamını deyəndə ki, daha çox təşkilatçıları... MDB, Avropa, Amerika və Asiya ölkələrindən 80-dən çox qonağı qəbul etmək sadə iş deyil ki! Beləliklə, Konfrans başlanır və tədbiri açmaq üçün söz Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə verilir. İki il öncə I Beynəlxalq Teatr Konfransında Ədalət müəllim teatrı nağıla bənzətmişdi. İndi də o bu nağıl dünyasının sehirli, heyrətamiz, fərqli tərəflərindən danışdı. Ölkə prezidentinin incəsənətimizə göstərdiyi qayğısı, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində görülən işlər barədə geniş məlumat verdi. Şübhəsiz ki, nağılın qorxulu, kövrək məqamları da olmamış deyil. Bizim dünyada analoqu olmayan 4 qaçqın – Şuşa, İrəvan, Ağdam və Füzuli teatrları nağılımızın incidən, ağrıdan hissələridir. Nazir müavini eyni zamanda Azərbaycan həqiqətlərini də Konfrans iştirakçılarının nəzərinə çatdırdı. Konfrans qonaqların məruzələri ilə davam etdi. UNESKO-nun Sülh artisti, Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti, Sudan Respublikasının görkəmli teatr xadimi Əli Mahdi, Litva mədəniyyət nazirinin müavini Deyvidas Staponkus, Polşa rejissoru Kşiştof Zanussi və başqaları çıxış edərək Azərbaycan ictimaiyyətini bayram münasibətiylə təbrik edib, teatr  barədə fikirlərini bildirdilər. Bizlər üçün tədbirin fərəhli məqamlarından biri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış “Dünən, bu gün, sabah” Azərbaycan milli teatr sənətinin elektron təqdimatı idi. Tariel Məmmədovun təqdim etdiyi, Azərbaycan teatr tarixini hərtərəfli əhatələmiş portal qonaqların böyük marağına səbəb oldu. Məncə, çağdaş dünyanı zəbt etmiş İnformasiya Texnologiyaları zəmanəsində məhz bu elektron baza incəsənətimizin böyük uğurlarından hesab oluna bilər.

Fasilə zamanı Dram Teatrının foyesində qonaqlarımızın I Beynəlxalq Teatr Festivalına, M.F.Axundzadənin 200 illik yubileyinə aid foto-sərgilərə nə qədər sayğı və maraqla tamaşa etməsi də gözümdən yayınmadı. Onlara baxıb düşünürdüm kaş ki, belə bayramlar tez-tez keçiriləydi və biz dünyanın sonu barədə fikirləşməyəydik...

P.S. Günün davamı maraqlı hadisələr vəd edirdi. Mətbuat konfransları, Məryəm Əlizadə və Aydın Talıbzadənin moderatorluğu ilə plenar iclaslar, Cənubi Afrika  Respublikasının tanınmış teatr ulduzu Tembi Mıtshalinin iştirakı ilə “Qadın intizarı” tamaşası hələ qarşıdaydı...

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2012.- 6 noyabr.- S.5.