Auditoriyanın maraq, düşüncə və zövqünü oxşamaq
AZƏRBAYCAN TELEVİZİYASI VƏ
RADİOSUNUN YARADICI KOLLEKTİVİ İŞÇİLƏRİ
ÖZ ÜMDƏ VƏZİFƏSİNİ BUNDA
GÖRÜR
Yəqin
ki, bir çox sahələrlə müqayisədə
televiziya və radioda çalışmaq daha maraqlı və
cəzbedicidir. Amma bu, əlbəttə, insanın
sağlamlığına və təhsilinə cavabdeh olan həkim
və müəllim peşələrindən az məsuliyyət
tələb etmir. Çünki hər evin “ailə
üzvü”nə çevrilmiş ekran-efir cihazından səslənən
hər hansı fikir insanların nəinki əxlaq və
davranışına, eləcə də psixoloji durumuna, səhhətinə
təsir edir.
Xalqımız
dövlət müstəqilliyinə nail olduqdan sonra milli
teleradiomuzun əməkdaşları tarixi ədaləti bərpa
etdilər: 1992-ci ildən bəri noyabrın 6-sı – Azərbaycan
radiosunun ilk dəfə efirə çıxdığı
gün – ölkəmizdə teleradio işçilərinin
peşə bayramı kimi geniş qeyd olunmağa
başlandı. Müstəqillik dövründə TV və
radiolarla bağlı yürüdülən siyasət və
görülən işlər ölkədə böyük və
çoxşaxəli teleradio məkanının
formalaşdırılması ilə nəticələndi.
Amma
86 yaşlı radio və 56 yaşlı televiziya dedikdə,
ilk növbədə, ölkə teleməkanının
birincisi olmaq missiyasını daşıyan Azərbaycan
Televiziya və Radiosu (indiki Azərbaycan Televiziya və Radio
Verilişləri QSC) yada düşür.
Azərbaycan
Radio və Televiziyasının yaranmasında və inkişafında
elə nəhəng simalar iştirak ediblər ki, bu, ölkəmizdəki
digər elektron KİV-lərinə qismət olmayıb.
Onların arasında Məmməd Səid Ordubadi, Üzeyir
Hacıbəyov, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov,
Cəfər Cabbarlı, Hüseynqulu Sarabski, Abbas Mirzə
Şərifzadə, Mərziyə Davudova, Kazım Ziya,
Mirzağa Əliyev, Mustafa Mərdanov, Ənvər Əlibəyli,
Teymur Əliyev, Nəbi Xəzri, Elşad Quliyev, Aqşin
Babayev, Tofiq Quliyev, Fikrət Əmirov, Anar, Seyfəddin
Dağlı, Firudin Ağayev, Gəray Fəzli, Emin Mahmudov,
Fikrət Qoca, Vaqif Səmədoğlu, Eldar Quliyev, Rəfael
Hüseynov, Kamal Abdulla, Fərhad Bədəlbəyli və
başqalarının adlarını çəkmək olar. Məhz
müqtədir sənətkarlarımızın təşəbbüsü
və əməyi misilsiz elektron məbədlərinin – “Radioteatr”ın, sonradan isə
“Teleteatr”ın meydana gəlməsinə səbəb
olmuşdu. AzTV-nin inkişafında və bütövlükdə
Azərbaycan televiziyaçı sənəti
qarşısında Arif Babayev, Kamil Rüstəmbəyov, Kərim
Kərimov, Rauf Kazımovski, Bünyad Məmmədov, Ramiz Mirzəyev,
Tariyel Vəliyev, İsrafil Səfərov, Nazim Abbasov kimi
istedadlı rejissorlar müstəsna xidmət göstəriblər.
“Silinməz
izlər”dən biri də dahi bəstəkarlarımız
Üzeyir Hacıbəyovla Müslüm Maqomayevin Şərqdə
ilk notlu xalq çalğı alətləri orkestri
yaratmaları ilə əlaqədardır. Bu təşəbbüs
sonradan radionun nəzdində bir sıra nadir və qiymətli
musiqi kollektivinin – simfonik, estrada-simfonik orkestrləri, xalq
çalğı alətləri ansamblları, xor kapellası,
uşaq xorunun ortaya çıxması ilə nəticələndi.
Hazırda ölkə teleməkanında yalnız AzTV və Azərbaycan
Radiosu bu cür “xəzinə”yə malikdir. Bu musiqi kollektivlərinin
müxtəlif veriliş və proqramlarda iştirakı efiri
daha da cazibəli edir.
AzTV-nin
musiqi siyasətinə böyük diqqət verməsi efirdən
yalnız peşəkar musiqinin səslənməsini təmin
edir. Təqdirəlayiqdir ki, vaxtilə Cabbar
Qaryağdıoğlu, Seyid Şuşinski, Keçəçi
oğlu Məhəmməd, Ələsgər Qurbanov,
Bülbül, Hüseynağa Hacıbababəyov, Qurban Pirimov,
Cahan Talışinskaya, Zülfi Adıgözəlov, Xan
Şuşinski, Yavər Kələntərli, Zeynəb
Xanlarova, Rəşid Behbudov, Müslüm Maqomayev, Əlibaba Məmmədov,
Rübabə Muradova, Şövkət Ələkbərova,
Flora Kərimova, Akif İslamzadə, Əhməd Bakıxanov,
Bəhram Mansurov, Əhəd Əliyev, Teyyub Dəmirov, Vaqif
Mustafazadə kimi sənətkarlarımızın misilsiz
ifalarını izləyicilərə çatdıran Azərbaycan
Radiosu və Televiziyası bu gün də efirini bayağı
“musiqi”lərdən və “musiqiçi”lərdən qoruyur.
Azərbaycan
Radiosunda və Televiziyasında İsmayıl Əlibəyov,
Raya İmanzadə, Soltan Nəcəfov, Aydın
Qaradağlı, Züleyxa Hacıyeva, Fatma Cabbarlı, Sabutay
Quliyev, Ramiz Mustafayev, Tamara Gözəlova, Nailə Mehdibəyova,
Sara Manafova, Nizami Məmmədov
və başqalarının yaratdıqları diktorluq məktəbini
AzTV-də Rafiq Hüseynov, Roza Tağıyeva, Ofelya Sənani,
Şərqiyyə Hüseynova, Həqiqət Əsgərzadə,
Nərgiz Cəlilova kimi tanınmış diktorlar inkişaf
etdiriblər. İndi bu məktəbin davamçıları
sırasına Rafiq Həşimov, Dilarə Səlimova, Rəşad
Mehdili, Ruslan Həsənov, Səbinə Məmmədova,
Vüsalə Hüseynova, Ramiz İdrisoğlu və
başqaları daxildirlər.
Bu məbəddə
Valid Sənani, Fəridə Aslanbəyova, Həbibə Məmmədxanlı,
Ələkbər Abbasov, Şəfəq Əlixanova, Nadejda
İsmayılova, Telli Pənahqızı, Rafiq Savalan, Akif
Cabbarlı, Samir Əsgərxanov, Famil İsmayılov,
Aqşin Kazımzadə, Aydın Əliyev, Çingiz
İsmayılov, Faiq Həsənov kimi yüzlərlə
jurnalist və şərhçi yetişib. Bu gün həmin
missiyanı Fikrət Adıgözəlov, İbrahim Məmmədov,
Ceyhun Vaqifoğlu, Rüfət Həmzəyev, Nicat Nəsirli,
Mehriban Əfəndiyeva, Südabə Cahangirli, Sevinc Muradova, Səyavuş
Əliyev və başqaları qürurla həyata
keçirirlər.
Güclü
maddi-texniki və yaradıcı potensiala malik olan Azərbaycan
Teleradiosu bu gün də ölkə teleməkanında
bayraqdar rolunu oynayır. Bir sıra obyektiv və subyektiv səbəblərdən
yaranmış tənəzzül dövrünü
çıxsaq, 2006-cı ilin ikinci yarısından
başlayaraq, məhz bu TV öz efirini bayağı, şit,
qalmaqallı verilişlərdən uzaq tutur, “sms” asılılığından
qurtulub, aparıcı seçiminə diqqət yetirir,
“qızıl dövr”dən qalmış ənənəni bərpa
edərək, tanınmış ziyalıları və mütəxəssisləri
veriliş və proqram aparıcılığına cəlb
edir. Hazırda AzTV-nin “tamaşaçıları ardınca
aparmaq” prinsipi ilə çalışmağa daha çox
üstünlük verdiyi aydın duyulur. Maraqlıdır ki,
götürülən bu istiqamət ölkə teleməkanına
təsirsiz ötməyib. Hazırda digər telekanallar da
zövqsüzlüyün hökm sürdüyü,
qalmaqallı, bayağı proqram və verilişlərdən
imtina etməkdədir.
AzTV-ni
ölkəmizin video salnaməçisi adlandırmaq olar. Azərbaycanın
ictimai-siyasi və mədəni həyatında baş
vermiş hər mühüm hadisə ictimaiyyətə
bütün təfərrüatı ilə məhz AzTV-nin
efirindən çatdırılır. Azərbaycan teleradiosu
ana dilinin, milli şüurun, mədəniyyət və incəsənətin
bütün qollarının inkişafında önəmli rol
oynamaqdadır. AzTV ölkə daxilində və xaricində
olan bütün görkəmli və tanınmış siyasi,
ictimai, elm, mədəniyyət və incəsənət xadimlərimizin
həyat və yaradıcılıq yolunu
işıqlandırıb və indi də xalqımızın
ləyaqətli və qürurlu övladlarının ölkə
qarşısında göstərdikləri xidmətləri
tamaşaçılara çatdırmaqdadır.
Bu
illər ərzində AzTV “Xalqımızın kədəri –
kədərimiz, sevinci – sevincimizdir” şüarının təbliğatçısına
çevrilib. Yəqin ki, bir məqam əksər
tamaşaçıların diqqətini cəlb edib:
torpaqlarımızın işğalı ilə bağlı
olan bütün təqvim günlərində AzTV-nin efirində
həmin mövzulara həsr olunmuş verilişlər,
proqramlar, sənədli filmlər və tamaşalar təkrar-təkrar
göstərilir. Bununla da AzTV tariximizin hər bir səhifəsinin
unudulmamasına, gənclərin vətənpərvərlik
ruhunda tərbiyə olunmasına
çalışdığını nümayiş etdirir. Bəzi
kanalların həmin günlərdə əyləncəli
verilişlər yaymasına rəğmən...
2009-cu
ildən başlayaraq QSC iri media-holdinqə çevrilmək
yolunu tutub. Bu quruma AzTV, “Mədəniyyət”, “İdman Azərbaycan”
kimi telekanallar, Azərbaycan Radiosu, Teleradio Akademiyası, bir
sıra dövri nəşr daxildir. Qeyd etmək
lazımdır ki, yaradıldığı tarixdən qısa
müddət keçməsinə baxmayaraq,
tamaşaçıların “Mədəniyyət” və
“İdman Azərbaycan”la bağlı ümidləri
özünü doğruldub. Dünənə qədər
“Mezzo” televiziyasının işini nümunə göstərənlərin
əksəriyyəti bu gün “Mədəniyyət”
telekanalının fəaliyyətindən razı
qaldığını bildirir. Onu da demək vacibdir ki,
“Mezzo”dan fərqli olaraq, “Mədəniyyət” kanalı milli və
dünya mədəniyyətinin bütün qollarını əks
etdirən proqram və verilişlər nümayiş etdirir və
bu zaman maarifləndirici istiqamətə xüsusi diqqət
yetirir. Azərbaycanda keçirilən bütün
irimiqyaslı musiqi tədbirləri – Ü.Hacıbəyov,
Q.Qarayev, Bülbül, M.Rostrapoviç adına beynəlxalq
musiqi festival və müsabiqələri, Respublika muğam
müsabiqəsi, Qəbələ beynəlxalq musiqi
festivalı və bu kimi nəhəng layihələr “Mədəniyyət”
telekanalı vasitəsilə tamaşaçılara ətraflı
şəkildə çatdırılır. Bu gün “Mədəniyyət”
milli, klassik və müasir musiqinin, teatrın, kinonun əsl
carçısına çevrilib. Bu kanalda yerli və dünya
musiqisinin, operanın, baletin, filmlərin, dram və komediya
tamaşalarının ən gözəl nümunələri
nümayiş etdirilir.
AzTV
və “Mədəniyyət” telekanallarında yayılan “Həftə”,
“Günün nəbzi”, “Poeziya”, “Ədəbi abidələr”,
“Xəbərlər”, “Buta”, “Xəbər var”, “Səhər”,
“Ovqat”, “Səadət”, “Mühazirə”, “Azərbaycan tarixi”,
“Azərbaycan dili”, “Yada düşər xatirələr”,
“Musiqi xəzinəsi”, “Daha bir görüş”, “Möhtəşəm
şəhərlərin musiqisi”, “Mahnı qanadlarında”,
“Dünya rəqsləri” “Dünya kino inciləri”, “İdrak”,
“Ailə həkimi”, “Şəfa yolu”, “Maraq dünyası”,
“Dadlı dünya”, “Nə? Harada? Nə vaxt?”, “İntellekt”,
“1001 sual”, “Mən – azərbaycanlıyam”, “Çoxbilmişlərdənsinizmi?”
kimi proqram və verilişlər müxtəlif mövzuların
əhatə edildiyinə və rəngarəngliyə əyani
sübutdur. Televiziya və radio “Qızıl fond”dan seçmələrlə
həm arxivinin zənginliyini göstərir, həm də
tamaşaçı və dinləyicilərdə nostalji hisslər
oyadır...
“İdman
Azərbaycan” telekanalı idmanın bütün növlərinin
təbliğində mühüm və əhəmiyyətli
rol oynayır. Bu kanalda futbol, basketbol, voleybol, gimnastika, güləş,
boks, avtomobil yürüşü (“Formula-1”) və sair idman
növlərinə aid olan bir çox görüş və
turnirlər tamaşaçılara təqdim olunur. Kanalın
hazırladığı “İdman xəbər”,
“Çempionlar klubu”, “Arena”, “Ən güclü”, “Futbol gecəsi”,
“İdman tarixi”, “İdman – sağlamlığın rəhnidir”,
“Olimp”, “İdman ensiklopediyası”, “Şahmat klubu” kimi
verilişlər böyük maraq doğurur.
Kanalın
futbola ayırdığı diqqət isə çoxsaylı
azarkeşləri sevindirməyə bilməz. Bu il futbol üzrə
Avropa çempionatını və qadınlar arasında
dünya çempionatını (U-17) nümayiş etdirən
“İdman Azərbaycan” telekanalı Çempionlar Liqası,
Avroliqa, Premyer-Liqa oyunlarının, İngiltərə,
İspaniya və İtaliya çempionatlarının yayım
hüququna malikdir. Builki London Olimpiadasında
çıxış edən
idmançılarımızın “qızıl –
gümüş – bürünc” sevincini böyük coşqu
ilə azarkeşlərlə paylaşmaq qisməti də AzTV və
“İdman Azərbaycan”a nəsib oldu.
Hər
zaman olduğu kimi, bu il də Azərbaycan Televiziya və Radio
Verilişləri QSC-nin fəaliyyəti müxtəlif
mükafatlara layiq görülüb. Dahi və təkrarolunmaz
müğənni Müslüm Maqomayevin həyat və
yaradıcılığına həsr olunmuş “Əlvida və
salam, Bakı” sənədli televiziya filmi – “TEFİ-Sodrujestvo”,
“Musiqi xəzinəsi” verilişi – “Humay”
mükafatlarını alıb.
Bir
sözlə, əksəriyyətimiz rahat mənzillərdə
ekran qarşısında oturarkən, teleradio əməkdaşları
qaynar günəş şüaları altında və ya
soyuq hava şəraitində kamera və mikrofonların, monitor
və pultların arxasına keçir,
tamaşaçıları məlumatlandıran, maarifləndirən
və əyləndirən veriliş və proqramların ərsəyə
gəlməsi üçün gecə-gündüz yorulmadan
çalışırlar. Təbii ki, teleradio əməkdaşlarının
fədakar əməyi xalqımız və dövlətimiz tərəfindən
yüksək qiymətləndirilir. Təkcə onu demək
kifayətdir ki, 2006-cı ildən
bəri 100 nəfərdən artıq televiziya və radio əməkdaşı
Azərbaycan Respublikasının dövlət
başçısı İlham Əliyevin fərmanları ilə
müxtəlif fəxri adlara, prezident təqaüdünə
layiq görülüb.
Əməyinə
verilən yüksək qiymətdən ruhlanan Azərbaycan
Televiziya və Radio Verilişləri QSC-nin yaradıcı və
texniki işçiləri peşə bayramını öz
sevimli və tələbkar tamaşaçı və dinləyici
auditoriyasının maraq, düşüncə və
zövqünü oxşayan verilişlər hazırlamaqla xidmət
yerində qarşılayırlar.
Şamil VƏLİYEV,
Filologiya elmləri doktoru,
professor,
Əməkdar jurnalist
525-ci qəzet.- 2012.- 6 noyabr.- S.7.