Bütün zəmanələrin
yazıçısı- Çarlz Dikkens
Çarlz Dikkensin anadan
olmasının 200 illiyinə həsr olunur.
Azərbaycanda dünyanın zəka sahiblərinin, incəsənət
xadimlərinin, alimlərin və ədiblərin fəaliyyəti
hər zaman dəyərləndirilib. Onlar
xalqımızın qəlbində və qan yaddaşında əbədilik
qazanıblar. Belə simalardan biri də XIX
əsr ingilis ədəbiyyatının dünya şöhrətli
yazıçısı Çarlz Dikkensdir. Britaniya
Şurası (British Counsil təşkilatı) dahi ingilis
yazıçısı Çarlz Dikkensin anadan
olmasının 200 illik yubileyi münasibətilə 2012-ci ili Azərbaycan Respublikasında “Dikkens ili” elan
edib.
Azərbaycan Respublikasında “Dikkens ili” çərçivəsində
artıq bir sıra tədbirlər və layihələr
gerçəkləşdirilib.
Qeyd etmək
lazımdır ki, Çarlz Dikkensin anadan olmasının 200
illik yubileyinin ölkəmizdə keçirilməsinin əsas
məqsədi ədibin yaradıcılıq irsi ilə həmvətənlərimizi
daha yaxından tanış etmək, yeni nəsli ingilis dilinin
öyrənilməsinə daha dərindən yönəltmək,
keçirilən tədbirlərə geniş auditoriyanı cəlb
etmək və məlumatlandırmaqdır.
Böyük
iftixarla qeyd etmək istərdim ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənablarının
“Dünya ədəbiyyatının əsərlərinin Azərbaycan
dilində nəşr edilməsi haqqında” 30 dekabr 2007-ci il
tarixli sərəncamına müvafiq olaraq dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin əsərlərindən
ibarət 150 cildlik “Dünya ədəbiyyatı
kitabxanası”na bütün zamanələrin klassiki Çarlz
Dikkensin adı da daxil edilib.
Ç.Dikkens ingilis milli mədəniyyətinin iftixar
etdiyi yazıçılar nəslinə mənsubdur. O, XIX əsrin otuzuncu illərində
ingilis ədəbiyyatına daxil olmuş və 35 il ərzində ədəbiyyatın
önündə getmişdir.
O, 15
romanın, bir neçə hekayənin və oçerklərin
müəllifidir. Ç.Dikkens 1812-ci ilin fevral
ayının 7-də Portsmut yaxınlığında, Ləndport
şəhərciyində, dənizçilik idarəsində
xidmət edən məmur ailəsində anadan olub. Dikkenslər ailəsi həmişə maddi çətinliklər
və məhrumiyyətlər içərisində
yaşayıb. Bəlkə buna görədir
ki, uşaqlıq illəri Ç.Dikkensin yaddaşında əbədi
həkk olunub. 1823-cü ildə Dikkenslər
ailəsi Londona köçdü. Paytaxt həyatı
vilayət həyatına nisbətən ağır idi...
Çarlz Dikkensin bədii
yaradıcılığını dörd əsas mərhələyə
bölmək olar.
Birinci mərhələ 1833-1841-ci illəri əhatə
edir. Bu
dövrdə yazıçı “Bozun oçerkləri”, “Pikvik
klubunun qeydləri”, “Oliver Tvistin macəraları”, “Nikolas
Niklbinin həyatı və macəraları” romanlarını
və s. əsərlərini qələmə alıb.
Ç.Dikkensin ilk oçerklər və hekayələr
məcmuəsi ayrıca kitab şəklində 1836-cı ilin
fevral ayında nəşr edilib. O, bu əsərini “Boz” təxəllüsü
ilə dərc etdirib. Artıq bu ilk
kitabçada yazıçı yumoristik qabiliyyətini
göstərib və siyasi mahiyyətli problemlərlə
maraqlandığını bəyan edib.
Yazıçı özünün oçerklərində
London və onun sakinlərinin həyat tərzini təsvir edib. O, böyük şəhərin
yoxsul məhəllələrində yaşayan
kasıbların həyat tərzindən, sadə insanların
dərdindən yazıb.
Ç.Dikkens hələ ilk əsərində
özünəməxsus yazı üslubu ilə fərqlənirdi
ki, bu da onu öz sələfləri və müasirləri
olan görkəmli oçerk ustaları (Çarlz Zemadan, La
Qentadan və Pirs Eqindan) arasında sayılıb-secilən
müəllif kimi tanıtmışdı.
Onun yaradıcılığında nəzəri cəlb
edən irihəcmli əsərlərdən biri də “Oliver
Tvistin macəraları” romanıdır (1837-1839). Yaşadığı
cəmiyyətə qarşı etiraz, məzlum və yoxsul
kütlələrə rəğbət hissi bu əsərin əsas
ideyasıni təşkil edir. Bu əsərdə
yazıcı ingilis burjuaziyasının “zəhmət evlərini”
“yetim uşaqların rahat yaşaya biləcəyi xeyirxah bir
müəssisə kimi” qələmə verməyə
çalışması əfsanənəsini böyük cəsarətlə
ifşa edir. Balaca Oliveri “zəhmət evində”
təhqir edir, alçaldır, günahsız olduğu halda
incidirlər. V.Belinski bu roman haqqında
yazmışdı: “Çarlz Dikkens həqiqi bir sənətkar
kimi ictimai eybəcərliklərin qurbanı olmuş caniləri
və qəddarları çox düzgün təsvir edir”. “Oliver Tvistin macəraları” romanı XIX əsr
ingilis tənqidi realizminin ən gözəl nümunələrindəndir.
Ç.Dikkens yaradıcılığının ikinci
dövrü XIX əsrin qırxıncı illərinə təsadüf
edir. O, bu
dövrdə yazdığı əsərlərində – “Qədim
əşyalar dükanı” (1841), “Amerika qeydləri” (1842),
“Martin Çezlvit” (1843), “Dombi və oğlu” (1846-1848) əsərlərində
özünü kamil bir yazıçı kimi təqdim edir.
Həmin illərdə Ç.Dikkens həm də publisist
kimi tanınır.
1842-ci ildə yazıçını ABŞ-a dəvət
etdilər. Ç.Dikkens ABŞ-ı demokratiyanın,
azadlığın vətəni hesab edirdi. Lakin bu səfər nəticəsində
yazılmış “Amerika qeydləri” Ç.Dikkensin təsəvvürlərində
yanıldığını göstərir.
O, “Amerika
qeydləri”ndə ABŞ-da olan saxta demokratiyanı, Amerika həyat
tərzinin bir sıra qüsurlu cəhətlərini göstərib.
Zəncilərin məhkum vəziyyəti
Ç.Dikkensi xüsusilə qəzəbləndirmişdi.
Nyu-York kimi bir şəhərin ziddiyyətləri
yazıçının nəzərindən
yayınmamışdı. Ç.Dikkens şəfəqlərə
qərq olmuş Brodveylə yanaşı hamının “qəbir”
adlandırdığı həbsxananın qəmli
görünüşünü, izdihamlı küçələri,
şəhərin mərkəzi hissəsindən kəskin surətdə
fərqlənən zənci məhəllərini,
yetimxanaları məharətlə təsvir etmişdi.
“Amerika qeydləri”ndəki “Köləlik” adlı fəsil
dövrün mətbuat səhifələrində əks
olunmuş faktlara əsaslanır. Yazıçının istinad etdiyi
qəzet elanları bunu sübut edir: “Zənci qızı
Karolina qaçmışdır. Boynunda xalta
var”. “Cek adlı zənci oğlan
qaçmışdır. Sol
qulağının ucu kəsilmişdir”. “On
iki yaşında zənci uşağı
qaçmışdır. Boynunda it zənciri
var. Xaltanın üstünə “de Zampet” sözü
yazılmışdır”. “Amerika qeydləri”
öz əhəmiyyətini bu gün də itirməmiş dəyərli
əsərdir.
Çarlz Dikkensin yaradıcılığında tənqidi
realizmin dərinləşməsinə yalnız Amerika təəssüratı
səbəb olmayıb. Müəllifin 1844-cü ildə
yazdığı “Martin Cezlvit” romanı onun
yaradıcılığında irəli mühüm bir
addım idi. Bu əsərdə cəmiyyətdə
pulun oynadığı həlledici rol məsələsi əvvəlki
romanların hamısından daha qabarıq şəkildə
qoyulub.
Yazıçının hər əsərində onun
satira və yumor gücünə malik olan istedadına heyran
qalırıq.
Ç.Dikkensin tənqid hədəfi, satirik
boyaları əsərdən əsərə güclənir.
Yazıçının jurnalistika sahəsindəki fəaliyyəti
də diqqəti cəlb edir. Yazıçı
1850-ci ildə “Ev oxusu” və 1859-cu ildə “Bütün il
boyu” adlı iki ədəbi-bədii jurnal nəşr edirdi.
Ç.Dikkens yaradıcılığının
üçüncü dövrü 1848-1859-cu illəri əhatə
edir. Bu illərdə
Ç.Dikkens siyasi məzmun etibarı ilə ən
güclü “Soyuq ev”, “Ağır zamanlar”, “Balaca Dorrit”
romanlarını yazmışdır.
O, XIX əsrin
50-ci illərindəki altı bədii əsərində və
külli miqdarda publisist məqalələrində sinfi
mübarizə kimi mövzulara toxunur. Yazıçı
öz romanlarında İngiltərənin bütün ictimai
quruluşunu, siyasi sistemini, parlamentini, məhkəmələrini
kəskin tənqid atəşinə tutur. Xalqa
inam, xalqla təmasda olmaq, Ç.Dikkensin bu dövrdə
yazdığı romanların ana xəttini təşkil edir.
Böyük
rus maarifçisi N.Çernışevski buna görə
Ç.Dikkensi belə səciyyələndirmişdi:
“Yoxsulların müdafiəçisi, varlıların
düşməni ... yalan və riyakarlığın qənimi”.
“Ağır zamanlar” (1854) romanında yazıçı
cəmiyyətdəki ziddiyyətlərin mahiyyətini göstərməyə
çalışıb. Ç.Dikkens böyük kömür sənaye
şəhəri Koktaunun timsalında rəmzi şəkildə
cəmiyyəti təsvir edir.
Yazıçı göstərir ki, ictimai quruluş
insanların taleyinə, xasiyyətinə və
dünyagörüşünə təsir edir.
Ç.Dikkens yaradıcılığının son
dövrünü 1859-1870-ci illərdə yazılmış əsərlər
təşkil edir. “İki şəhər haqqında povest”
(1859), “Böyük ümidlər” (1861), “Bizim ümumi dostumuz”
(1864), “Edvin Drudun sirri” (1870- bitməmişdir) romanları bu
dövrləri əhatə edir.
Bu əsərlərdə detektiv və kriminal janrlara
üstünlük verilir. Yazıçının
yaradıcılığında realizm istiqamətinin zəifləməsi
XIX əsrin yetmişinci illərində ingilis mədəniyyətinin
mənəvi böhranı ilə izah edilməlidir.
Müəllifin əsərlərində bəzən bədbinlik
duyulur, lakin bu əsərlər insana inam hissi
aşılayır.
Çarlz Dikkens 1870-ci ilin iyunun 9-da, əlli səkkiz
yaşında, beyin qansızmasından Qeydxildə vəfat
edib. Onun adı vəfatından sonra daha böyük
şöhrət qazanıb. Ədəbiyyatşünaslar
silsilə romanlar müəllifi Çarlz Dikkensi “ağır
artilleriya ustası” adlandırırlar. Onun
şöhrəti İngiltərədə XIX əsrin
80-90-cı illərində C.Bayronun populyarlığını
üstələmişdi.
Böyük rus yazıçısı M.Qorki qeyd
etmişdir ki, Dikkens “... ən çətin bir sənətə
– insanlara məhəbbət sənətinə son dərəcədə
sadiq olmuşdur”.
Bu məqamda
Azərbaycanda ingilis dilinin və ədəbiyyatının əsaslı
şəkildə tədrisi və təbliği ilə məşğul
olmuş, bizə bu xəzinəni sevdirmiş müəllimimiz,
M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun
(hal-hazırda Azərbaycan Dillər Universiteti) ingilis-azərbaycan
fakültəsinin dekanı, vətəncanlı, böyük
alim, görkəmli pedaqoq, mərhum İsmixan Rəhimovu
xatırladım. Buna görə də vaxtilə – XX əsrin
60-cı illərində onun məktəbini görmüş
ingilis dili mütəxəssisləri və onların
davamçıları, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev cənablarının “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il
tarixli sərəncamının uğurla yerinə yetirilməsində
fəal iştirak etmiş və 2007-ci ildə “İngilis ədəbiyyatı
antologiyası”nı filologiya elmləri doktoru, professor
Z.Ağayevin rəhbərliyi ilə (iki cilddə) nəşr
etdirmişlər.
Bu antologiyanın ikinci cildində Çarlz Dikkensin
“Böyük ümidlər” romanının bir qismi ana dilimizə
tərcümə edilib.
“British Counsil” təşkilatının dünya
şöhrətli ingilis yazıçısının 200
illik yubileyi münasibətilə Azərbaycanda “Dikkens ili” elan
etmək təşəbbüsü təqdirəlayiqdir.
Təqribən iki əsr bundan öncə
yazıb-yaratmış Çarlz Dikkensin əsərlərindəki
aktual problemlərin təsviri, müasir qloballaşma
dövründə də öz əhəmiyyətini itirməyib
və buna görə də onun əsərləri Dumanlı
Albionun və dünya ədəbiyyatı xəzinəsinin
qızıl fonduna daxildir.
Namazəli Mustafayev,
tədqiqatçı
525-ci qəzet.- 2012.-
7 noyabr.- S.8.