Teleradio işçilərinin peşə bayramı qeyd olunub

 

1926-cı ilin 6 noyabrında İsmaliyyə binasından ilk dəfə olaraq yayımına başlayan Azərbaycan Dövlət Radiosunun 86 yaşı tamam olub. Srağagün – noyabrın 5-də Opera və Balet Teatrında Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin milli radiomuzun yaranmasının 86 illiyi münasibətilə təşkil etdiyi təntənəli gecə keçirilib.

525.az-ın verdiyi məlumata görə, Müslüm Maqomayevin bəstələdiyi “RV-8” radio marşı ilə açılan tədbirdə görkəmli ziyalılar və mədəniyyət xadimləri iştirak ediblər.  Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Nizami Cəfərov çıxışında  bütün teleradio jurnalistlərini bayram münasibəti ilə təbrik edərək  onların xidmətini xüsusi vurğulayıb. Nizami Cəfərov Azərbaycan dilinin təbliğində teleradionun rolunu xüsusi ilə qeyd edib:

“Ana dilimizin təbliğində dövlət radiosunun böyük xidməti olub. Azərbaycançılıq, ana dilinin təbliğinə həsr olunan verilişlərə geniş yer ayırıb. Yaradıcı məhsulun tamaşaçıya çatdırılmasında texniki işçilərin də rolu danılmazdır. Onlara da minnətdarlığımızı bildiririk”. Daha sonra çıxış  edən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə də teleradio jurnalistlərini bayram münasibəti ilə təbrik edərək bu illər ərzində dövlət teleradiosunda milli mədəniyyətimizə geniş yer ayrıldığı üçün kanalın bütün heyətinə təşəkkür edib: “Bu təkcə teleradioda çalışan əməkdaşların bayramı deyil. Mədəniyyət xadimləri də 6 noyabrı təntənə ilə qeyd edirlər. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti korifeylərin lent yazılarını mütəmadi olaraq efirdə tamaşaçılara təqdim edərək mədəni irsimizin təbliğinə geniş yer ayırır.  Bir neçə il öncə keçirilən “Muğam” müsabiqəsi buna əyani sübutdur”.

Firəngiz Əlizadə 2011-ci ildə yaranan, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (Aztv) nəzdində fəaliyyət göstərən “Mədəniyyət” kanalının rolu haqda da danışıb.

Daha sonra Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin “Bənövşə” ansamblı, Niyazi adına simfonik orkestri çıxış edib.

Xalq artisti Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri Azər Paşa Nemət teleradioda fəaliyyətə başladığı vaxtları xatırlayıb:

“1966-cı ildə burada fəaliyyətə başlamışam. Nağılları, əsrarəngiz ifaları təbliğ edən radio Azərbaycanın sabahını təcəssüm etdirir. İlk dəfə olaraq Azərbaycan Dövlət Radiosu “Danışır Bakı” sözləri ilə yayımlanıb. O gün olsun ki, Şuşada “Danışır Şuşa” sədaları altında efirdə yayımlanaq”. Kinorejissor Eldar Quliyev də öz növbəsində teleradio jurnalistlərini bayram münasibətilə təbrik edib. Tədbir bayram konserti ilə davam edib, xoş anlar bəxş edib.

 

 

Nigar MƏHƏRRƏM

 

525-ci qəzet.- 2012.- 7 noyabr.- S.7.