Bakıda Teatr Bayramı 

 

Məryəm xanımın heyranlığı 

 

...Günün davamı maraqlı hadisələr vəd edirdi. Mətbuat konfransları, Məryəm Əlizadə və Aydın Talıbzadənin moderatorluğu ilə plenar iclaslar, Cənubi Afrika  Respublikasının tanınmış teatr ulduzu Tembi Mıtşalinin iştirakı ilə “Qadın intizarı” tamaşası hələ qarşıdaydı.

... Çərçivəyə, protokola sığmayan incəsənət adamları üçün yəqin ki, ən cansıxıcı hadisələrdən biri iclasdı. Lakin ən sərt qəlibləri dağıtmaq onların əlində çox sadə bir işdir. II Bakı Beynəlxalq Teatr Konfransının da plenar iclasları yaradıcılıq aurası ilə seçilirdi. İclasların moderatorlarından biri teatrşünas, professor Məryəm xanım Əlizadə özü demiş – heyranlığını heç cür gizlədə bilmirdi: “Bu gün birinci plenar iclasda on dörd ölkəni təmsil edən iştirakçıların çıxışları oldu. Və bu iştirakçılar öz milli mədəniyyətlərinə söykənən teatr sənətlərindən söz açdılar. Plenar iclasın məruzəçiləri içərisində Kşiştof Zanussi kimi nəhəng sənətkarlar da var idi, gənclər də. Lakin bunların hamısını sehirli teatr sənətinə olan məhəbbət birləşdirmişdi. Belə konfranslar Azərbaycan teatr düşüncəsinə çox güclü təkan verir, milli sənət prosesini yaxşı mənada qıcıqlandırır. Sanki biz yenidən, kənardan özümüzə baxırıq və dəyərləndirmə aparırıq. Mən  müxtəlif mədəniyyətlərin nümayəndələrini dinlədikcə teatrımız, incəsənətimizin dünyada gedən sənət prosesindən geri qalmadığına əmin oldum. Çox cəsarətlə və fəxrlə deyə bilərəm ki, xarici ölkələrin Azərbaycan incəsənətinə, bütövlüklə ölkəmizə maraqları olduqca böyükdür. Hesab edirəm ki, bu dəfə də Azər Paşa Nemət, Aydın Talıbzadə, İlham Rəhimli Azərbaycan teatr sənəti barədə etdikləri məruzələrlə qonaqlarımızı qədim tarixi olan incəsənətimiz, mədəniyyətimiz barədə düşündürdülər...”

...Uzun illərdir, Azərbaycan teatrşünaslığının simasına çevrilmiş Məryəm xanımın dedikləri bununla bitmirdi. Onun Tembi Mıtşali haqqında danışdıqları olduqca maraqlı və ovsunlayıcı idi. Amma bu barədə bir az sonra. Hələlik sizləri nigaran qoyub keçirəm Tembinin qrim otağına.

“Qadın intizarı”  

Cənubi Afrikanın teatr və televiziya ulduzu Tembi Mıtşali 1949-cu ildə anadan olub. Lakin onunla söhbət edəndə nə yaşı, nə başqa irqə mənsubluğu qətiyyən hiss olunmur. Tembi çox gülərüz və sadədir. Onun “Qadın intizarı” dünyanın bir çox teatr salonlarını lərzəyə gətirib. Məqsədi də elə bu imiş, öz millətinin, irqinin həqiqətlərini sənət dili ilə çatdırmaq:

“Qadın intizarı” avtobioqrafik əsərdir. Mən öz həyat hekayəmi dramaturq, rejissor Yael Fraberə danışmışam, o da bütün bunları qələmə alıb. O məndən gəncdir, amma bu işin öhdəsindən gözəl gəlib. Mən onunla işləməyi çox xoşlayıram. Bizim istəyimiz bir insanın taleyini danışmaqla, “ağlar” və “qaralar  arasındakı münasibətlər, rasizm haqqında məlumat verməkdir. Və bütün bunlar övladını evdə qoyub pul qazanmaq üçün “ağların” uşaqlarına dayəlik edən qadının dilindən nəql olunur.”

Tembi televiziya şousu aktrisası kimi fəaliyyət göstərir. O Keyptaunda yaşayır və öz şəhərində məşhur olan komedik janrda televiziya verilişləri aparır. O Bakıya ilk dəfə gəlib və paytaxtımıza heyranlığı ilə başqa qonaqlarımızdan çox da seçilmir: “Təəssüf ki, şəhəri görmək imkanımız çox az oldu. Dünən İçəri şəhərdə bir az gəzişdik. Heyrətamizdir. Möcüzəvidir. Yeganə çətinliyim dil problemidir. Lakin insanların səmimi münasibəti onları sözsüz də anlamağa imkan verir. Müşahidələrimdən deyə bilərəm ki, dövlətiniz sürətlə inkişaf edir və demokratik ölkədir.”

Tembinin səmimiliyi onunla istədiyin qədər söhbət etməyə imkan verirdi. Lakin o öz əsas sözünü səhnədə deyəcəkdi.

Monotamaşa aktrisanın dünyaya gəlməsi ilə başlanır. Səhnənin ortasında qoyulmuş taxta qutu simvoldur. Ana bətnini simvolizə edir. Hələ dünyaya göz açmamış körpə sanki qarşıdakı çətinlikləri əvvəlcədən hiss edərək doğulmaq istəmir. Vurnuxur, çırpınır, şikayət edir.

Səhnədə dekorasiya çox azdır. Aktrisa təkdir. Bu səhnədə sayı, həcmi bilinməyən yeganə məhfum ruhdur, enerjidir. Tembinin ruhu, enerjisi. Əlavə boyaya, bərbəzəyə, dəbdəbəli, modern dekorasiyaya ehtiyacı yoxdur bu xanımın.  O tək canı, bir də zulu və ingilis dillərində zümzümə etdiyi afrikan mahnıları ilə doldurub səhnəni.

İkinci bir simvol ayaqqabılar idi... Balaca qızın valideynləri uzaqdadır,  o nənəsi ilə yaşayır. Ata-anasıyla ildə bir dəfə görüşə bilir. Lakin il ərzində ayaqlarının ölçüsü dəyişən balaca əziyyət çəkir. Üzünü göylərə, Allaha tutub valideynlərinə xəbər göndərir: “Ayaqqabılarım ayağımı sıxır, mənə yenisini alıb göndərsinlər...” Tembi qızcığazın iztirablarını, uşaqlığını gözləməklə, günləri, ayları saymaqla keçirməsini o qədər gözəl və təsirli çatdırır ki, adam səhnəyə atılıb 63 yaşlı aktrisanın başını sığallamaq, ovundurmaq istəyir...

 Tamaşanın Tembidən başqa qəhrəmanları da vardı. Anasını simvolizə edən uzun paltar, uşağının əvəzinə bükülü mələfə, müqəvvalar və s. Lakin Tembi bu cansız tərəf müqabillərini də öz bənzərsiz ifası və davranışı ilə canlandırır, danışdırır, ağladır, güldürür.

 Bir insanın tarixçəsi, fərdin ağrıları ilə bütöv millətin keçdiyi çətin yol göstərilir burada. Aparteid dövründə qaradərililərin hüquqlarının tapdanması, özlərinin alçaldılması... Cənubi Afrika Respublikası yaranana qədər çəkdikləri zülm...

Tembi tamaşanın sonunda qızcığazın ayaqqabılarını götürüb baxır, kövrəlir: “Axı kim inana bilərdi ki, bu ayaqqabıların sahibi Azərbaycan səhnəsində monotamaşa göstərəcək?!”

Keçdiyi çətin yolu bir saat iyirmi dəqiqə içində yenidən yaşayan aktrisaya baxanda düşündüm ki, Rus Dram Teatrının salonunu böyük bir döyüş, mübarizə və qalibiyyət qoxusu bürüyüb. Bu Tembinin qələbəsi idi.

 Məryəm xanım bu dəfə də Tembiyə heyranlığını gizlətmədən: “Mən bu gün Cənubi Afrika incəsənətinin mükəmməl bir nümunəsini gördüm. Əgər Tembinin ifası üç saat da davam etsəydi, nəfəs çəkmədən baxacaqdım ona. O bir daha sübut etdi ki, nəhəngdir və dünyadakı uğurları təsadüfi deyil.”

Mədəniyyət və Turizm Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə və baş məsləhətçi Vəfa Novruzova tamaşanın aurasından çıxmağa imkan tapmamış yeni təşkilatı işlər başlarının üstünü kəsdirmişdi. Məşhur “Görüş” filmindəki unudulmaz ifadə yerinə düşür burada: “Qonaq üçün süfrə açarlar, süfrə...”

Lakin bu süfrədə təkcə milli yeməklər deyil, həm də musiqimiz, adətlərimiz, qonaqlarla xoş ünsiyyətimiz təqdim olunurdu. Ziyafətdə gənc skripka ustası, Əməkdar artist Səlim Abbasovun ifası isə qonaqları heyran qoymuşdu. Eyni zamanda muğamlarımız səslənərkən xaricilərin kameralarını işə salmaları, şövqlə  alqışlamaları da Azərbaycan incəsənətinin uğuru idi.

Bu gün sevinib gülürdük. Sabahkı gün isə daha həzin və hüznlü notlar üzərində qurulacaqdı.

Bayramın sonu   II Bakı Beynəlxalq Teatr Konfransının bağlanışı

6 noyabr 2012-ci il. Bakı. Füzuli meydanında vida ovqatı hakim idi. Gün ərzində keçirilən plenar iclasların sonu yaxınlaşırdı. Aydın Talıbzadə və Fransadan olan qonaq Petya Xristovanın apardığı iclasın yaddaqalan məqamı Erika Letayerin çıxışı oldu. Fransadan gəlmiş və əslən fransız olan xanım bizə hörmət əlaməti olaraq türkcə danışdı və sonda Azərbaycana sürprizini nümayiş etdirdi. Amma məncə bu sürpriz elə xaricilərin də ürəyindən idi. Xalq artisti Simarə İmanovanın muğam ifasının fonunda Fransadan gətirilən foto-slayd nümayiş olunurdu. Sonda zalı lərzəyə gətirən alqışlardan bizim muğamımızın payını müəyyənləşdirmək çətin deyildi...

Beynəlxalq Teatr İnstitutunun “Mədəni identifikasiya və İnkişaf” komitəsinin hesabatını alman Aleksander Ştilmark təqdim etdi.

... Və nağılımızın, bayramımızın sonuna lap az qaldı. Konfransın yekun çıxışını etmək üçün söz Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə verildi. Ədalət müəllim duyğularının təzadlı olmasından danışdı: “Mən dünən çox həyəcanlı və sevincli idim. Bu gün isə bir qədər kədərliyəm.”

Nazir müavini fransız yazıçısı və filosofu Deni Didronun teatr barəsində fikirlərindən misal gətirdi: “Müharibədə zəfər qazanmaq olar. Buna görə orduda rəhbərliyi, təşkilatçılığı gücləndirmək və əsgərləri, zabitləri döyüşə səfərbər etmək, onlarda cəsurluğu, qorxmazlığı artırmaq, özlərinə inam yaratmaq kifayətdir. Dərin zəka, böyük fəlsəfi fikirlə, yüksək təşkilatçılıqla, səbrlə, insanlarda inam yaratmaqla xalqı öz ardınca aparmaq, onların inandıqları, sevdikləri hökmdar da olmaq olar. Amma kiçik bir teatra yaxşı rəhbərlik etmək çox çətindir. Hətta desəm ki, dəhşətdir, bu daha doğru olar. Çünki teatra rəhbərlik etmək üçün qeyd olunan böyük işlərdən başqa, fitri istedad və Allah vergisi də olmalıdır.

Ədalət Vəliyev konfrans iştirakçılarına dünyada gedən proseslərin teatra, incəsənətə təsirindən danışıb fərqli fikirlər səsləndirdi. Bu gün İnformasiya Texnologiyalarının əsl, canlı sənətə təsiri aktual mövzulardandır. Texnikanın bu səviyyədə inkişafı bir tərəfdən istədiyimiz, arzu etdiyimiz sənəti, tamaşanı, filmi evimizin içinə, masamızın üstünə gətiribsə, digər tərəfdən bizi teatr salonlarından, kinoteatrlardan uzaqlaşdırıb. Nazir müavini bu məsələlər barədə də fikirlərini bildirib teatrın əsas probleminin tamaşaçı olduğunu söylədi: “Teatrda müxtəlif problemlər ola bilər. Aktyorun maaşı, binanın vəziyyəti, texniki nasazlıqlar və s. Bunların hamısı teatrın formalaşması üçün son dərəcə vacibdir. Lakin əsas məqam tamaşaçı ilə ünsiyyət yaratmaqdır.”

Ədalət Vəliyev Ulu Öndər Heydər Əliyevin teatra münasibətini göstərən   kiçik bir hadisəni iştirakçılara danışdı: “1982-ci ildə “Oqonyok” jurnalının redaktoru Mixayıl Safronovun “Gecənin sirri” pyesi hazırda durduğum Dram Teatrı səhnəsində oynanılırdı. Heydər Əliyev tamaşadan sonra səhnə arxasına keçib aktyorlarla görüşdü. Və burada “teatr nədir?” sualı ətrafında müzakirələr başlandı. O zaman mən teatrda işlədiyimdən bu görüşü yaxından izləmək imkanım oldu. Heydər Əliyev üzünü M.Safronova tutub “Sən bilirsənmi teatr çox çətin bir mexanizmdir?” – dedi. M.Safronov bu sual ətrafında xeyli danışdıqdan sonra Heydər Əliyev əlini onun kürəyinə qoyub dedi: “Teatra rəhbərlik edən şəxs ölkəyə də rəhbərlik edə bilər.”

Sonda Ədalət Vəliyev qonaqlara konfransda iştiraklarına görə dərin minnətdarlığını bildirib ölkələrinə Azərbaycandan qucaqdolusu salamlar göndərdi.

Konfrans bağlı elan olundu. İştirakçılar Akademik Milli Dram Teatrının önündə xatirə şəkli çəkdirdilər. Amma konfransdan bizə qalan təkcə şəkillər olmadı. Maraqlı tanışlıqlar, yeni simalar, məşhurların ustad dərsləri, fərqli, sehirli auralar şəhərimizin yaddaşından hələ uzun müddət silinməyəcək.

...Həmişə nağılların sonunda göydən üç alma gözləyirik... Elə bu teatr nağılından da səhnələrimizə üç sənət əsəri düşdü. Litvalı sənətkarların yaradıcılıq gecəsi və “Qadın intizarı” Rus Dram Teatrının, “Vağzal heç yerə getmir” oyunu isə Gənc Tamaşaçılar Teatrının bəxtinə... 

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2012.- 7 noyabr.- S.5.