Qlobal iqtisadi
böhran və ərəb dünyasında çaxnaşma
İqtisadi
böhranların siyasi fəsadları Böhran tarixi inkişaf
prosesinin bir mərhələsidir. İstər
sivilizasiya müstəvisində, istər iqtisadi sahədə
inkişaf-yüksəliş-pik-durğunluq-böhran və
yenidən inkişaf siklləri bəşəriyyətin zəruri
həyat yoludur. İqtisadi sahədə hər
bir böhran müəyyən mərhələdə
inkişafın yekunu və yeni dövr inkişafın
başlanğıcıdır. Geosiyasi
mühitdə isə böhran yeni siyasi mənzərənin
formalaşmasının əsasında dayanır.
Tarixə nəzər saldıqda iqtisadi böhranların
siyasi müstəvidə mühüm dəyişikliklərə,
bəzən isə hətta faciələrə səbəb
olduğunu müşahidə edirik. Müasir
dünyamızda əsas siyasi qüvvə olan Qərb
sivilizasiyasının tarixində bu arqumenti əsaslandıran
bir çox tarixi hadisələri sadalamaq olar. Səlib yürüşləri, böyük
coğrafi kəşflər, II dünya müharibəsi və
dünyanın taleyini dəyişəcək digər hadisələrə
bu aspektdən yanaşdıqda maraqlı mənzərənin
şahidi oluruq.
Misal üçün bəşəriyyət tarixinin
sivilizasiyaların toqquşmasında ən kulminasiya mərhələlərindən
hesab olan səlib yürüşləri hər nə qədər
dini faktor üzərində qurulsa da, iqtisadi amillərin də
bu hadisədə mühüm rol oynadığı
danılmazdır. Tarixi faktlar göstərir ki, səlib müharibəsinin
səbəbləri XI əsrin sonlarında Avropada baş verən
quraqlıq, aclıq və nəticədə çoxsaylı
işsizlərin yaranması, kasıblamış feodalların
varlanmaq hərisliyi, torpaqsız cəngavərlərin
sayının artması, ruhanilərin yeni torpaqlar ələ
keçirmək istəyi idi. Sadəcə hərəkatın
başlaması üçün ona dini don geyindirilmişdi. Yəni,
həmin dövrdə Avropanın
qarşılaşdığı iqtisadi durğunluq səlib
yürüşlərinə təkan verdi.
Nəticədə “Köhnə qitə” izafi insan
resurslarından azad olundu, işsizlərin azalması daxili
bazarda tələb-təklif harmoniyasının yaranmasına təkan
verdi, hərbi qənimət kimi maddi
resurslar Avropaya daşındı. Bütün
bunlar Avropanın iqtisadi böhrandan çıxmasına şərait
yaratdı. Öz növbəsində bu
yürüşlər dünyanın gələcək siyasi mənzərəsinə
də təsir etdi. Qərb dövlətləri
yeni ticarət yolları axtarırdılar və bu, qurudan
mümkün olmadığı üçün, sonralar dəniz
yollarının kəşfi üçün əsas
yaratdı.
Ən
güclü iqtisadi böhran olan 1930-cu illərdə baş
vermiş “Böyük depressiya”nın II
dünya müharibəsinə gətirib
çıxardığını da iddia etmək olar. 1929-cu ildə ABŞ-da başlayan böyük
böhran zamanı işsizlik maksimum həddə
çatmışdı, istehsal aşağı
düşmüş, bir çox müəssisələr
müflisləşmişdi. Həmin
dövr dünya iqtisadiyyatında durğunluğun
başlıca səbəblərindən biri Qərbin
inkişaf etmiş ölkələrinin əvvəlki dünya
müharibəsi zamanı böyük istehsal gücünə
malik hərbi sənayesinin zəifləməsi idi. Böyük depressiyadan isə dünya
iqtisadiyyatı məhz aparıcı ölkələrin hərbi
xərclərini və istehsalı artırması ilə
qurtara bildi. Nəticədə hərbi
qüdrət yeni qüvvələr nisbəti və yeni siyasi
mənzərənin formalaşması uğrunda müharibə
ilə yekunlaşdı. Yəni,
Qərb yenə də iqtisadi böhrandan xilas yolu kimi ekspansiya
siyasətinə üstünlük verdi. Sadəcə əsas hədəflər digər
böyük dövlətlər olduğu üçün bu
siyasət qarşı duran tərəflərin müharibəsinə
və son nəticədə qlobal müstəvidə yeni siyasi
konfiqurasiyaya gətirib çıxardı.
Hazırki qlobal maliyyə iqtisadi
böhranın şahmat taxtasında dəyişiklikləri
Beləliklə, iqtisadi böhran və tərəddüdlərin
yeni dünya nizamının formalaşmasına yol
açması şübhəsizdir. Bu mənada 2008-ci ildən
başlayan qlobal iqtisadi böhran da həmin trendlərin
davamıdır. Bir çox mütəxəssislərin
fikrincə, Qərbin sürətli və mövcud
potensialından artıq inkişaf templəri real iqtisadiyyata
söykənmir. Ona görə də “sabun
köpüyünün” nə vaxtsa partlayacağı
qaçılmaz idi. Məlum olduğu kimi,
2007-ci ildən başlayaraq dünyada yanacaq-enerji
daşıyıcılarının və ərzaq məhsullarının
qiymətinin sürətli artımı aşağı gəlirli
ipoteka borclularını çətin vəziyyətə
saldı və onların ödəmə qabiliyyətinin
olmadığı üzə çıxdı. Kredit verən banklar, kreditlərin geri
qaytarılmasını gözləmədən, təminat
daxilindəki tikintilərin qiymətini qarşılıq
göstərərək bazara istiqraz vərəqəsi ixrac
etdilər və yeni kreditlər verdilər. Satın alınan bu istiqraz vərəqələri
isə təsərrüfat yiyələrinə fond olaraq yenidən
satıldı.
Bununla da, ilkin olaraq ipoteka-kredit-tikinti-qiymətli
kağızlar bazarı istiqamətində dərinləşən
böhran tələbatın və müvafiq olaraq
istehsalın azalmasına, işsizliyin artmasına,
sosial-iqtisadi problemlərin siyasi xarakter almasına səbəb
oldu. Bir çox Qərb
mütəxəssislərinin fikrincə, inkişaf etməkdə
olan ölkələrdə xammal qiymətlərinin artması
fonunda istehsalın azalması və bu tendensiyanın
inkişaf etmiş ölkələrin kreditləşmə
mexanizmində nəzərə alınmaması böhrana gətirib
çıxardı.
Başqa sözlə desək kredit götürənlər
onu real olaraq vermək imkanlarını itirdikləri
üçün bazarda zəncirvarı xəyali vəsait
yaranmışdı. Bu xəyali vəsaitin dövriyyəsinin bir neçə
il ərzində davam etməsi sistemin
çökməsinə səbəb oldu. Yəni,
böhranda başlıca seqment olaraq xammal və ərzaq qiymətlərinin
artmasını əsas görürlər. Hətta Tunis və Misirdə inqilabları ərzaq
böhranı ilə əlaqələndirməyə
çalışırlar. Lakin biz
böhran halqaları arasında başlıca seqment olaraq tələbat
faktoruna üstünlük veririk. Məlum
olduğu kimi, Qərb ölkələrində sosial, təhsil,
səhiyyə, nəqliyyat və sairə kimi fundamental xərclər
ildən-ilə artır. Eyni zamanda əhalinin
demoqrafik strukturunda baş verən qocalma prosesi dövlətlər
üçün əlavə vəsaitlər tələb edir.
Qərb dövlətlərinin həyat səviyyəsinin
yüksəldilməsi ilə bağlı rəqabəti
ölkə daxilində yüksək təbəqələşməyə
səbəb olur. Qərbin dünyada siyasi
ambisiyaları isə xaricdə donor, investor, kreditor və bu
kimi digər missiyaların yerinə yetirilməsini tələb
edir.
Bütün bunlar isə əlavə daxilolmaları
şərtləndirir. Son 100 illik tarixə baxsaq, Qərb bu
ehtiyacını hər zaman yeni-yeni bazarlar əldə etməklə
ödəyib. III minillikdə
proseslərin mahiyyətində baş verən dəyişikliklər
geosiyasi gedişlərin də dəyişdirilməsinə səbəb
olmuşdur. Keçən əsrdə əvvəlcə
müstəmləkə sistemi, sonra yeri yaranmış müstəqil
dövlətlər və onların texnoloji cəhətdən
asılılığı, sosialist bloku ölkələrinin
transformasiya mərhələsində olması Qərbə
böyük üstünlüklər və geniş bazarlar
açmışdı. Hazırda isə
müstəmləkə sistemi artıq tarixin yaddaşına
köçmüş, Çin başda olmaqla Asiyanın bir
çox ölkələri texnoloji cəhətdən
inkişaf edərək bir çox bazarlarda, o cümlədən
Qərbin öz bazarlarında əsas
iştirakçıdırlar. Digər tərəfdən
Avropada resessiyanın davam etməsini daxili tələbatın
aşağı düşməsi, şirkətlərin
iqtisadiyyata əvvəlki kimi sərmayə qoymaması,
bankların kreditləri ixtisara salması, avrozonada dövlət
borcunun və büdcə kəsirinin borcalma faizlərini
artırması, devalvasiya imkanının olmaması ilə əlaqələndirirlər.
Qərbin böhrandan
çıxış strategiyası
Bütün bu nüansları nəzərə alaraq Qərb
ölkələrinin mövcud sistemdə üstün
mövqelərini qorumaq və daha da gücləndirmək
üçün səylərini artırması labüd
görünür. Avroatlantik məkanı bürüyən böhranın
dərinləşməsi və qlobal üfüqdə yeni
güc mərkəzlərinin parlaması Qərbi böhrandan
çıxış yolu kimi yeni strategiya müəyyənləşdirməsinə
yönləndirmişdir: yeni xammal və ticarət
bazarlarının tapılması iqtisadi böhran
üçün çarə ola bilər. Görünən odur
ki, bütün tarixi dövrlərdə Qərb ölkələri
dünyada gedən siyasi, iqtisadi, hətta bəzən ekoloji
proseslərin kataklizm mərhələlərində hər
zaman öz inkişaf istiqamətlərinin oriyentirlərini dəyişmiş
və buna uyğun yeni dünya nizamı
formalaşmışdır.
İnkişaf etmiş ölkələrin
tələbatının səviyyəsi artıq yalnız yeni
xammal bazarlarının tapılması hesabına ödənilə
bilməzdi. Buna görə kardinal dəyişikliklər
tələb olunurdu. Qərb dairələri
tərəfindən irəli sürülən “Böyük
Orta Şərq” planı da bu missiyaya xidmət edir. Bu planın əsas hədəfləri ərəb
ölkələridir. Maraqlıdır ki,
XX əsrdə müstəqillik qazandıqdan sonra ərəb
ölkələri Qərblə fəal əməkdaşlıq
etmişdir. Qlobal iqtisadiyyat neft erasına
daxil olduqdan sonra bu region Qərbin əsas xammal mənbəyi
olmuşdur. Əvəzində həmin
dövrdə ərəb ölkələrində idarəetmənin
Qərb meyarlarına uyğun gəlməməsi, hakimiyyətin
hərbi avtokratiyanın əlində cəmlənməsi
heç kəsi narahat etmirdi. Əsas olan
karbohidrogen ehtiyatlarının davamlı və etibarlı təminatı
olmuşdur. Hətta Qərb indi diktatura
adlandırdığı bir çox ərəb ölkələrinə
uzun illər boyu siyasi, iqtisadi, hərbi, maddi resurslar daxil
olmaqla bütün növ yardım göstərmişdir.
Təsadüfi deyil ki, ABŞ hələ də
dünyada İsraildən sonra ən çox Misirə vəsait
ayırır. Güman etmək olar ki, hazırkı qlobal iqtisadi
böhrandan tək xammal hesabına çıxmaq
mümkün olmadığı üçün alternativ
yollar axtarılır. Bu yenilik isə hərbi sənayenin
sifarişlərinin artırılması,
dağıdılmış infrastrukturun bərpası
üçün şirkətlərə birbaşa yeni iş, ölkənin yenidənqurulması
üçün təhsil, səhiyyə, ordu da daxil olmaqla
bütün sahələrdə konsaltinqdən tutmuş
maddi-texniki bazaya qədər Qərb texnologiya və xidmətləri
üçün sifarişlər və yeni bazarlardan rəqiblərin
uzaqlaşdırılmasını nəzərdə tutur. Faktlar sübut edir ki, “azadlıq və demokratikləşmə”
dövründə iqtisadiyyatı iflic vəziyyətinə
düşən bu dövlətlər infrastrukturun bərpası
üçün tenderləri Qərb şirkətlərinə
verirlər, yeni sistemdə bütün sahələrdə Qərb
təcrübəsi və müvafiq xidmətlər təklif
olunur. Yeni ordu da Qərb silahları ilə
təchiz olunur. Ərəb dünyasında çaxnaşmanın
yaranması bu regionda digər güc mərkəzlərinin
sıxışdırılması da deməkdir. Müşahidələr göstərir ki, indi hədəfdə
olan ölkələrdən yalnız Cənubi Sudan
Respublikasında Qərblə bərabər Çin də fəallıq
göstərir. Bunun da özünəməxsus
səbəbləri vardır. Əsas səbəb
isə odur ki, zəngin neft ehtiyatlarına malik bu ölkənin
neftin daşınması üçün lazımi
infrastrukturu yoxdur. Bütün boru kəmərləri
Sudandan keçir. Yeni infrastrukturun
yaradılması isə böyük maliyyə vəsaiti tələb
edir. Qərbin hazırki böhran zamanı
buna imkanı çatmadığından Çin investisiyalarının
qoyuluşu neftin bazarlara çatdırılması
baxımından bütün tərəflərə sərf
edir. Qeyd etməliyik
ki, Qərbin iqtisadi böhrandan qurtarma planına bu cür
yanaşmaya qarşı Çin də öz siyasi istiqamətini
ortaya qoyur. Belə ki, regionda hazırki vəziyyətdə
heç bir xüsusi mövqe tuta bilməyəcəyini nəzərə
alaraq, Çin daha çox Qərb ölkələrini daxili
iqtisadiyyatına nüfuz etməyə çalışır.
Belə ki, Çin ABŞ qiymətli
kağızlar bazarında ən çox sərmayə yerləşdirən
ölkədir. Milli valyutası olan
yuanın məzənnəsini isə məqsədli şəkildə
aşağı salmaqla xarici investorları cəlb edir. Təsadüfi deyil ki, ABŞ-da prezident seçkiləri
debatlarında Romni və Obamanın iqtisadi proqramlarında
Çinə qarşı ticarət strategiyası əsas
müzakirə mövzusudur. Qızıl-valyuta
ehtiyatlarına görə dünyada lider olan Çin bu
üstünlüyündən Avropa İttifaqı ölkələrinə
də qarşı istifadə edir. Beləliklə,
Qərbin Yaxın Şərq planlarında Çinə yer
verməməsinə Çin ABŞ və Avropanın daxili
bazarlarına nüfuz etməklə qarşılıq verir.
Bütün hallarda qlobal iqtisadi böhran Qərb-Çin
qarşıdurmasını kəskinləşdirdi və
ABŞ-da prezident seçkilərindən sonra bu meylin yeni
xarakter alacağını güman etmək olar.
Böhrandan qurtarmanın gözlənilməz
tərəfləri
Bir məqamı da xüsusi qeyd etmək istərdik ki,
iqtisadi böhrandan qurtuluş planlarında bir sıra
nüansların nəzərə almamağı Qərbin bəzi
gözlənilməzliklərlə üz-üzə qoyur.
Belə ki, Avropa İttifaqının Şərqə
doğru genişlənməsinin davam etdiyi bir dövrdə ərəb
oyanışının başlaması müəyyən
çətinliklər yaratmışdır. Çünki
yeni üzvlər daxil olduqdan sonra vahid bazar kimi hələ tam
formalaşmamış məkanda ölkələr arasında
inkişaf səviyyəsindəki fərqləri aradan
qaldırmaq üçün mərkəzin maliyyə
resurslarının kifayət etməməsi böyük
problemlər yaradır. Keçmiş
sosialist ölkələrinin öz daxili bazarlarını Qərbin
güclü şirkətlərinə tam açması bu
dövlətlərin iqtisadiyyatına ciddi zərbədir.
Öz növbəsində Avropa İnvestisiya
Bankının və digər maliyyə institutlarının
kredit və tranşları Almaniya başda olmaqla böyük
dördlüyün əlindədir. Nəzərə
alsaq ki, ərəb dünyasındakı yeni sifarişlər
də kiçik Avropa dövlətləri üçün
heç nə vəd etmir Avropanın gələcəyi
üçün təhlükə yaranır.
Artıq Baltikyanı dövlətlərdə,
Rumıniya, Macarıstan, hətta Portuqaliya, İspaniya kimi
ölkələrdə vahid bazarla bağlı mövqe dəyişmişdir. Ən
çox əziyyət çəkən isə heç
şübhəsiz Yunanıstandır. Beynəlxalq
reytinq agentlikləri bu ölkənin reytinqini sürətlə
endirirlər. Yunanıstanın dövlət
borcu 350 milyard avroya çatıb və ölkə bu
borcları ödəmək iqtidarında deyil. Hər gün işsizlərin sayı artır, digər
tərəfdən isə miqrantlar böyük problemlər
yaradırlar. Analitiklər bildirirlər ki,
Yunanıstan şoku həm Avrozonanı, həm də ətrafını
ciddi mənfi təsirlərə məruz qoya bilər. Bu ölkədə baş verənlər ümumilikdə
dünya maliyyə sistemi üçün ciddi təhlükə
yaradır. Görünən odur ki, Qərbin
böhrandan çıxış yolu tədbirləri
Avropanın özünün siyasi konfiqurasiyasında belə
gözlənilməzliklər vəd edir. Beləliklə, qlobal
iqtisadi böhranın ilk siyasi fəsadları ərəb
dünyasında müşahidə edilməkdədir. Qərb böhran zamanı hər zaman öz nicatını
xaricdə axtarır.
Tarix sübut etmişdir ki, süni müdaxilələr
kataklizmlərə səbəb olur. Böhranın davam etməkdə
olduğunu nəzərə alsaq, hətta kənardan bu proseslərə
müdaxilə edənlərin özləri belə bumeranq təsirindən
sığortalanmayıb.
Ərəstü Həbibbəyli,
iqtisad elmləri üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2012.-
7 noyabr.- S.4.