Latviyalı
müğənni: «Azərbaycan mənə unudulmaz
təəssürat bağışladı»
«Avroviziya-2012» mahnı müsabiqəsində
Latviyanın təmsilçisi Linda Amantova: «Mən azərbaycanlıların
qonaqpərvərliyinə heyranam»
- Linda xanım, Azərbaycana
xoş gəlmisiniz! İlk öncə Sizdən səhnə ləqəbinizin
tarixçəsi barədə
soruşmaq istərdik.
- Qeyd edim ki,
əsl adım olan Linda adıyla mənə yalnız anam və yaxın
adamlar müraciət edir. Başqaları üçün isə mən Anmariyəm. Bu, mənim ikinci adımdır. Bildiyiniz
kimi, kilsədə xaç suyuna salma zamanı xristianlara ikinci ad verilir. Beləliklə, mənə Anna Mariya adı verilmişdi ki, vaxt keçdikcə
daha müasir və qısa Anmari adına
sahib oldum.
- Ölkəmiz Sizə
necə bir təəssürat bağışladı?
- İlk növbədə
mən ölkənizin
sakinlərinin qonaqpərvərliyinə,
onların saflığına
heyran oldum. Onlarla daha
asan təmas yaratmaq mümkündür.
Bizim ölkədə isə insanlar həmişə gözəçarpacaq dərəcədə
məşğul görünürlər.
Burada isə insanlar, nə qədər məşğul olsalar belə, daha ünsiyyətçil və
gülərüzdürlər, onlarla dil tapmaq
asandır. Mən, rast
gəldiyim hər insanın üzündə
təbəssüm müşahidə
etmişəm. Mən də
onlara baxıb, daha gülərüz olmağa çalışıram.
Peşəkarlığa qaldıqda isə,
deyə bilərəm
ki, mən sizin İctimai televiziyada oldum və gördüm ki, orada da,
Latviyada olduğu kimi, peşəkarlar çalışırlar. Onlarla işləmək mənə
xoşdur.
- Siz Azərbaycanın
regionlarını ziyarət
etmisinizmi, yoxsa ölkəmizdə olduğunuz
müddətdə yalnız
Bakı ilə kifayətlənmisiniz?
- «Avroviziya – 2012» müsabiqəsi
ilə bağlı ölkənizə gələndə
biz, Qobustanı və
Qəbələni ziyarət
etdik. Sentyabrda Masallı rayonunda
keçirilən folklor
festivalında iştirak
etdik. Ölkənizin regionları, eləcə
də bütövlüklə
Azərbaycan bizə çox xoş təəssürat bağışladı.
Masallı rayonunda mən ölkəmizdə
az rast
gəldiyim «Jiquli» markalı avtomobillərini
daha çox gördüm. Bu, bizim
uşaqlığımızın avtomobilidir. Maraqlıdır
ki, Masallıların yaşam tərzi bizim ölkəmizin əyalət sakinlərin yaşayışına bənzəyir:
sakitlik, mehribançılıq,
xoş münasibət
və daha çox fərdiyyətçilik...
Bir fakt məni heyran etdi. Bizim ölkədə heyvandarlıq çox inkişaf edib, ifadəmə görə üzr istəyirəm, bizim mal-qara sizinkilər qədər «ağıllı» deyil və könüllü olaraq hər vaxt özləri otlağa getmirlər. Masallıda mən, kimsənin köməyi olmadan səhər gedib, axşam isə sahiblərinin yanına qayıdan mal-qara gördüm. Bu, məni çox təəccübləndirdi.
- Azərbaycan mətbəxi
barədə fikirlərinizi
öyrənmək maraqlı
olardı.
- Mən sizin şirniyyatı böyük
məmnuniyyətlə yeyirəm,
eyni zamanda sizin çox ləzzətli mili xörəkləriniz var, xüsusən də, müxtəlif variantlarda bişirilən xoş qoxulu plov.
- Bildiyimiz kimi, Siz «Avroviziya – 2012» mahnı müsabiqəsinin
iştirakçısı olmuşsunuz
və müəyyən
uğur qazanmısınız.
Mahnılarınız və ifa tərziniz dinləyicilərimizin
ürəyinə yatıb.
Deyə bilərsinizmi, Azərbaycan
xalq mahnısı olan «Sarı gəlin»i oxumaq arzunuz nədən irəli gəlib? O, Sizi məzmunu ilə cəlb edib yoxsa bir
başqa səbəb var?
- Bir musiqiçi kimi, mən həmişə ilk növbədə
mahnını dinləyib
qavrayıram. Azərbaycanla maraqlananda, mən, “Sarı gəlin” mahnısına rast gəldim və bir neçə dəfə qulaq asdıqdan sonra onu ifa etmək
arzusunda olduğumu
hiss etdim. Şəxsən mənim üçün bu mahnı yenidən
aranjiman olunub. Xüsusi vurğulamalıyam ki, mən mahnının sözlərini əzbərləyəndə
Azərbaycanın Latviyadakı
səfirliyinin əməkdaşları
mənə kifayət
qədər köməklik
göstərdilər. Bu
kömək ilk növbədə
tələffüzlə bağlı
idi, daha sonra, mənim üçün mətni tərcümə etdilər
ki, nə oxuduğumu anlaya bilim. Onda mən başa
düşdüm ki, bütün xalqları birləşdirən bir çox oxşar cəhətlər var. Məsələn,
baş tutmayan sevgi və ya
sevgi olmadan nikah. Bu mahnıda
hər şey ahəng yaradır – həm musigi, həm sözlər həm də məzmun. Bu mahnını
ifa etmək mənə çox zövq verir və bəzən mən özümü «Sarı gəlin» mahnısının həsr
olunduğu qızın
yerində hiss edirəm.
Kimsə
mənə demişdi
ki, sarı gəlin – sarışın
qız deməkdir.
Amma bilmirəm, bu, zarafatdır yoxsa onlar tərəfindən mənim üçün xoş sözdür – axı mən indi sarışınam.
- Sirr deyilsə, deyə bilərsinizmi, Sizin ifanızda
olan bu mahnının
klipinin çəkilişinin
təşəbbüskarı kimdir?
- Doğrusu, bu ideyanı biz çoxdan həyata keçirmək istəyirdik. Yəqin, qismət belə
imiş. Deməli, klip
məhz elə indi çəkilməli idi. Hazırda klipin çəkilişinə
Azərbaycan İctimai
Televiziya kanalı yardım göstərir.
Kanalın əməkdaşları bizə öz məsləhətləri ilə
kömək edirlər.
Nəticədə bu iş mənim üçün daha da maraqlı olur və ümidvaram
ki, qarşılıqlı
əməkdaşlıq və
xoş ünsiyyət
şəraitində həyata
keçirilən bu müştərək layihə
dinləyicilər və
tamaşaçılara xoş
gələcək.
- «Avroviziya – 2012»-dən
sonra karyeranız necə qurulur? Sizin diqqətinizə layiq təkliflər almısınızmı?
- Bəli, təkliflər indi də var,
lakin Bakı «Avroviziya - 2012» müsabiqəsindən
sonra mən anladım ki, məni daha çox Azərbaycan maraqlandırır, həmçinin
onun gözəl dili, maraqlı insanları məni cəlb edir. Mən Azərbaycan dilini öyrənməyə çalışıram,
tələffüzə fikir
verirəm. Azərbaycan dilində
artıq 6 mahnı yazdırmışam. Bundan başqa,
mən Avropa ölkələrindən də
təkliflər almışam,
lakin mən bir işlə məşğul olanda, bütün enerjimi ona sərf edirəm.
Hal-hazırda mənim üçün ən əsası Azərbaycan layihəsi və noyabr ayının 27-si Heydər
Əliyev sarayında keçiriləcək solo-konsertdir.
Mən hamını bu konsertə dəvət edirəm və ümid edirəm ki, maraqlı musiqi gecəsi alınacaq. İndi konsertə hazırlıq
aparılır və burada Latviyanın ən yaxşı xoreoqrafı və rejissoru iştirak edir.
- Zəhmət olmazsa, Azərbaycanda olduğunuz müddətdə baş vermiş unudulmaz anlardan danışardınız.
- Bu ilin sentyabrında Azərbaycana səfərim zamanı bir çox rayonlarda folklor qruplarının çıxışlarını müşahidə etdim. Sizin milli rəqslər, azərbaycanlı rəqqasların rəqs zamanı cəldliliyi məni heyrətə gətirdi. Bizim üçün bu, qeyri-adi bir şeydir. Ağlıma bir fikir gəldi ki, kimsə fiziki cəhətdən daim yaxşı formada qalmaq istərsə, Azərbaycan milli rəqsləri fitnes məşğuliyyətini əvəz edə bilər: pulsuz, sərfəli və əlbəttə faydalı. Bu, doğrudan da çox maraqlıdır. Belə qeyri-adi görüşlər və təsadüfi hadisələr az deyil. Daha bir maraqlı məqam o oldu ki, Masallı rayonunun rəhbərliyi mənə sizin mili musiqi alətinizi – sazı hədiyyə etdi. Bir hadisə də diqqətimi çəkdi – Masallıda biz tavanINa qədər alma ilə dolu «Jiquli» markalı avtomobil gördük. Bu mənə unudulmaz təəssürat bağışladı. Maşının içində o qədər alma var idi ki, sürücünü görmək mümkün deyildi. Belə mənzərəni mən heç yerdə görməmişəm.
- Oxucularımıza nə demək istərdiniz? Azərbaycan sakinləri barədə nə fikirdəsiniz? Özünüzə qarşı onlar tərəfindən xüsusi münasibət hiss etdinizmi?
- Əlbəttə! Hətta deyə bilərəm ki, burada artıq tanışlarım, dostlarım var. Onlara qarşı məndə səmimi hörmət yaranıb, onlar mənim üçün artıq əziz və qayğıkeş insanlardır. Halbuki indiyə qədər dəqiq anlaya bilmirəm, məni burada nə cəlb edir. Bu sirri açmaq üçün, gərək Azərbaycana bir neçə dəfə səfər edim...
- Azərbaycan dinləyicilərinə nə arzulayardınız?
- İlk növbədə sağlamlıq, çünki o, hər işin əsasını təşkil edir. Daha sonra onlara optimist olmağı və həmişə yeni idealarla yaşayaraq onları həyata keçməsinə can atmağı arzulayıram. Sizləri öz konsertlərimdə görməyə çox şad olaram!
İskəndər
QULİYEV
525-ci qəzet.-
2012.- 7 noyabr.- S.7.