“Mədəniyyətlər
arasında körpülərin yaranması üçün
ünsiyyət vacibdi”
Pərvinin
həmsöhbəti Litva mədəniyyət nazirinin
müavini Deyvidas Staponkusdu
Pərvin:
Hörmətli Deyvidas, Azərbaycana xoş gəlmisiniz.
Bildiyimə görə, bundan öncə başqa konfrans və
tədbirlər çərçivəsində ölkəmizə
səfərləriniz olub.
Deyvidas
Staponkus: Təşəkkür edirəm. Bu mənim Azərbaycana
altıncı səfərimdir. (gülür) Buna görə də
artıq özümü qonaq saymıram, sizlərdən biri
hesab edirəm. Bundan öncə may ayında dahi şair Mirzə
Ələkbər Sabirin yubileyinə gəlmişdim. Qədim
Şamaxı şəhərində tədbirlərdə iştirak
etmişdim. Bu dəfə isə II Bakı Beynəlxalq Teatr
Konfransına qatılmışam və bundan çox məmnunam.
Pərvin:
Ölkəmizə tez-tez səfərlər etməyiniz
müqayisə imkanı yaradır yəqin ki... İlk səfərinizdən
bu yana çoxmu dəyişikliklər müşahidə
etmisiniz?
Deyvidas
Staponkus: Onu deyə bilərəm ki, elə ilk səfərimdən
Azərbaycan məni təəccübləndirməkdədir.
Hər dəfə gəlişimdə buradakı şəraiti,
insanların münasibətini, qonaqpərvərliyini, mədəni
və intellektual səviyyəsini gördükcə həm
sevinir, həm də heyran qalıram. Paytaxt, onun gözəlliyi
haqqında isə saatlarla danışmaq olar. Buradakı
inkişafın sürəti inanılmazdır. Təsəvvür
edin ki, bəzən bir neçə ay fasilədən sonra
Bakıya gəlirəm və sanki heç zaman olmadığım
bir şəhərə düşmüş kimi hiss edirəm
özümü. Bakı dünyanın müasir şəhərlərindən
biridir. Lakin bununla yanaşı, Şərq rəngarəngliyini,
gözəlliyini də qoruyub saxlayır.
Pərvin:
İştirak etdiyiniz bütün bu tədbirlərin nəticəsində Azərbaycan mədəniyyəti və
incəsənəti haqqında fikirləriniz möhkəmlənib.
Mənə maraqlıdır ki, Litva və Azərbaycan mədəniyyətləri
arasında hansı oxşar və fərqli cəhətlər
görürsünüz?
Deyvidas
Staponkus: Əvvəla onu demək istəyirəm ki, II Bakı
Beynəlxalq Teatr Konfransı kimi tədbirlərin keçirilməsi
olduqca vacib və faydalıdı. Çünki ilk öncə
mədəniyyətlər arasında körpülərin
yaranması üçün ünsiyyət vacibdi.
Sualınıza gəldikdə isə deyə bilərəm ki,
Azərbaycan və Litva məsafəcə bir-birindən uzaq
olsalar da, coğrafi mövqeyinə görə
oxşardırlar. Yəni sizin Xəzəriniz, bizim isə
Baltikimiz var. Ona görə də şübhəsiz ki, bənzər
təbii mühit incəsənətə də, ədəbiyyata
da eyni münasibətin olmasıyla nəticələnir.
Pərvin: Sizin həmyerliniz, Xalq artisti Yuozas Budraytis demişdi ki, bizim ölkə günəşlidir, bu da insanların xarakterinə təsir edib. Siz necə düşünürsünüz, incəsənətimiz də insanlarımız kimi istidirmi?
Deyvidas Staponkus: (gülür) Dahi Yuozasla razıyam. Bəlkə elə əsas fərq Vilnusun günəşli şəhər olmamasındadır. Şübhəsiz ki, təbiət incəsənət öz təsirini göstərir. Yeri gəlmişkən, mən Azərbaycan dövlətinə, Mədəniyyət və Turizm Nazirliyinə Litva Respublikasının Xalq artisti Yuozas Budraytis və SSRİ Xalq artisti Ryaqimantas Adomaytisin Rus Dram Teatrında yaradıcılıq gecələrini keçirdiklərinə görə təşəkkürümü bildirirəm. Bu Litva mədəniyyətinə böyük sayğının göstəricisidir.
Pərvin: Yəqin ki, həmin yaradıcılıq gecəsində iştirak etmisiniz... Həqiqətən də litvalı aktyorlar bizim tamaşaçılara sadə dialoqları ilə belə əsl sənət nümayiş etdirdilər. Mənə sizin Azəri publikası barədə fikirləriniz maraqlıdır...
Deyvidas Staponkus: Mən o görüşdən və tamaşaçıların litvalı aktyorlara münasibətindən necə razı qaldığımı, məmnun olduğumu sözlə ifadə edə bilmirəm. Həqiqətən də bu görüş mədəniyyətlərimiz arasında körpünün unudulmaz məqamlarından biri oldu. Rus Dram Teatrının zalında çox isti, açıq, səviyyəli bir publika gördüm.
Pərvin: Ümumiyyətlə, Litva mühiti Azərbaycan musiqisi, mədəniyyəti barədə nə dərəcədə məlumatlıdı?
Deyvidas Staponkus: Mən bu yerdə “Baltik-Xəzər” mədəni layihəsi barədə danışmaq istəyirəm. Məncə, bu gün Azərbaycan mədəniyyətinin təkcə Litvada yox, həm də Avropada tanıdılmasında bu layihənin rolu çox böyükdür. Məsələn, ötən il Almaniya Filarmoniyası səhnəsində “Baltik-Xəzər” mədəni layihəsi çərçivəsində konsert reallaşıb. Burada özəllik budur ki, Litvanın Milli Simfonik Orkestri Fikrət Əmirov və Qara Qarayevin əsərlərini səsləndiriblər. Konsertin dirijoru Azad Əliyev idi. Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət Mükafatı Laureatı Fərhad Bədəlbəylinin pianoda ifası həmin konsertdə xüsusi qarşılanmışdı. Əminəm ki, siz Almaniya Filarmoniyası səhnəsində alqış sədaları altında Fərhad Bədəlbəylinin yenidən səhnəyə qaytarılmasını görsəydiniz, xeyli fərəhlənərdiniz.
Avropalı tamaşaçılar Litvanın Milli Simfonik Orkestrinin ifasında dahi Azərbaycan bəstəkarlarının əsərlərini çox böyük maraqla qarşılayırlar. Lalə Kazımovanın rəhbərlik etdiyi “Baltik-Xəzər” mədəni layihəsi bu mənada çox uğurludur.
Pərvin: Litva müasir gəncliyi, onlara münasibət barədə fikirlərinizi bölüşməyinizi istərdim. Azərbaycanda gənclərin inkişafı üçün müxtəlif dövlət proqramları, layihələr həyata keçirilir. Litvada “Sosial Media və gənclik” forumunda iştirakım zamanı gənclərin şəraitdən razılığını müşahidə etmişdim...
Deyvidas Staponkus: Bu doğru müşahidədi. Bizim Mədəniyyət Nazirliyinin
mövqeyi belədi ki, yaradıcı adam vəsaitlərini
xərcləmək üçün
istiqaməti özü
müəyyənləşdirməlidi. Ona görə də biz sənət adamlarından
ibarət ekspert komissiyası təşkil
etmişik. Yaradıcı gənclər öz layihələrini o komissiyaya
təqdim edirlər.
Təbii
ki, rəssamlığa,
ədəbiyyata, musiqiyə,
teatra, kinoya aid uyğun heyət var. Mədəniyyət Nazirliyi
onların işinə
ümumiyyətlə, qarışmır.
Sonda qalib gələn müəlliflərə
bu layihələri gerçəkləşdirmək üçün pul mükafatı verilir. Bilirəm ki, Azərbaycanda da belə layihələr
tez-tez reallaşır.
Gənclərin inkişafı, istedadların
püxtələşməsi üçün bunlar çox vacibdi.
Pərvin:
Təşəkkür edirəm, Deyvidas. Ümidvaram ki, hər
dəfə ölkəmizə səfərləriniz zamanı
belə xoş, müsbət fikirləriniz, müşahidələriniz
davam edəcək...
Deyvidas
Staponkus: Mən də sizə təşəkkür edirəm.
Azərbaycana da gözəl, bənzərsiz II
Bakı Beynəlxalq Teatr Konfransı səviyyəsində tədbirlərin
daha çox keçirilməsini arzulayıram.
525-ci qəzet.-
2012.- 8 noyabr.- S.5.