Nağılbazın nağılbaz olmayan atası   

 

Yaddaşımın küncündən...

 

Tez-tez yazılarıma eyni kəlmələrlə başlamağımın təqsiri məndə, yaxud qələmdə deyil: sadəcə, həqiqətə zərrə qədər də əl qatmaq istəmirəm, hər şeyi olduğutək təqdim eləmək istəyirəm.

...İki-üç ilin söhbətidir. Şənbə günüydü. Evdə oturub hansısa qəzetin təzə nömrəsini vərəqləyə-vərəqləyə mənzilin bir küncünü təşkil edən bağlı balkonda divarın artıq kif bağlamış suvağını təmizləyib yerə tökən ustanın yerli-yersiz suallarını cavablamaqla məşğul idim. Elə bu dəm 2001-ci ildən bəri işlətdiyim “Nokia” zəng çaldı. Monitoruna göz yetirdim: tanış nömrə deyildi. Buna baxmayaraq “Yes” düyməsini basdım və dərhal da suallı səs eşitdim:

– Şakir?..

– Bəli, eşidirəm...

– Rizvandır... Nə var, nə yox? Necəsən?

– Salamatçılıqdır... İmkanınız varsa, ev telefonundan zəng vurun... – Və mən nömrəni söylədim. Hiss elədim ki, o, bir anlığa duruxdu:

– Bu, haranın nömrəsidir ki?

– Evimin...

– Axı 9-cu mikrorayonun telefon nömrəsi deyil bu!..

– Elədir ki, var, bu, Yasamal bazarı ətrafının nömrəsidir. Mən qabaqlar 9-cu mikrorayonda olurdum. Sonra ehtiyac üzündən o mənzili satıb burada birotaqlı mənzil aldım. Bu nömrə də yeni mənzilin telefonudur... – Heç özüm də bilmirdim ki, dediklərimdə zarafat nə qədərdir, gerçəklik nə qədər. Amma dayanmır, necə mütəəssir olduğunu virtual şəkildə olsa da açıq-aydın hiss edirdim. – Rəsmən işləmirəm, ikinci dərəcəli əliləm, hərəkət imkanlarım məhduddur. Eləcə evdə kompüterin qabağında oturub internet aləmində dolaşıram...

Cavanlıq çağlarımızdan belə vəziyyətlərə davamsız olduğunu bildiyimdən ucundan tutub çox da uzağa getmədim:

– Xeyirdimi zəng vurmağınız?..

Bu kişini 1971-ci ildən tanıyıram, amma onunla heç vaxt bu dəfəki kimi zarafat eləməmişəm. Təkcə ona görə yox ki, məndən düz 10 yaş 6 ay böyükdür, qəzetçi kimi ilk dəfə, həm də təxminən üç il yarım şöbə müdirim olub; başlıcası odur ki, peşəkar jurnalistikada MÜƏLLİMİM dediyim iki-üç kişidən biridir. Bilənlər bilir: mən MÜƏLLİMLƏRə həmişə müəllim gözü ilə baxıb onları müəllim mərtəbəsində saxlamışam – mənə münasibətlərindən asılı olmayaraq!

Sonuncu kəlmələrimdən sonra o, bir qədər susub sanki təsəlli verirmiş kimi dedi:

– İctimai Televiziyada beş-üç manata işləyirəm, həftədə bir dəfə media ilə bağlı veriliş hazırlayıram: “Media haqqında hər şey”, yəqin baxırsan... Növbəti verilişi veteran jurnalistlərə həsr eləməyi qərara almışam. Təsəvvür eləyirsənmi, neçə adam üçün zəng vurmuşam, deyirlər ki, rəhmətə gedib. Mənə üç-dörd nəfər lazımdır ki, yığışıb söhbət edək, dərd-sərimizdən danışaq. Sən gərək ki, zəng vurduğum doqquzuncu adamsan...

Bir-iki həmkarımızı xəbər aldı və mən də onların haqq dünyasında olduğunu söylədim. Üstündən təxminən on gün keçəndən sonra təsadüfən həmin verilişi də izlədim. Mənim barəmdə belə bir kəlmə işlətdi: “Sovet dövrünün parlayan ulduzu”. Təbii ki, çox xoş idi müəllimimdən ünvanıma belə bir tərif eşitmək, hərçənd ürəyimdə fikirləşdim ki, jurnalistlik fəaliyyətimin təxminən 20 ili müstəqillik dövrünə təsadüf elədiyi üçün və mənim də bu dövrdə az-çox beş-altı layiqli kəlmə yazdığımı, bugünkü HƏQİQİ jurnalistlərin bir qisminin mənə müəllim gözü ilə baxdığını nəzərə alıb həmin fikri ayrı cür də ifadə eləmək olardı. Amma... Olmalıydı, olmadı...

 

lll

 

1974-cü il avqustun 4-üydü. Metronun o vaxt “Bakı Soveti” adlanan stansiyası tərəfdən, Kommunist küçəsində, Mirzəbekyants qardaşlarının yeddimərtəbəli keçmiş mülkü ilə üzbəüz avtobus dayanacağında “Azərbaycan gəncləri” qəzeti redaksiyasının məktəbli gənclər şöbəsinin müdiri Rizvan İsrafil oğlu Cəbiyevin (o, əsəbiləşəndə əyani, yaxud qiyabi müsahibinə özünü məhz bu cür təqdim edirdi və bu, biz cavanlara bir növ siqnal olurdu ki, həmin anda ona hansı tərzdə müraciət edək) idarəyə nə vaxt gələcəyini gözləyirdim.

Bundan iki il əvvəl, təxminən aprel-may aylarında o, yaxın günlərdə redaksiyada iş yeri boşalacağını və məni məmnuniyyətlə həmin yerə təklif edə biləcəyini söyləyəndə özümü sındırmadan sovet ordusu sıralarında xidmət üçün seçildiyimi, bu söhbətə ordudan tərxis olunandan sonra qayıda biləcəyimi demişdim. İndi isə ikiillik ordu həyatım arxada qalmış və mənim azad təyinatla özümə iş tapmaq məqamım yetişmişdi, Rizvan Cəbiyevi də bu məqsədlə arayırdım.

Siqaretə güc verdiyim məqamda arxadan kimsə məni səslədi:

– Müəllim, kimi gözləyirsən?..

Çevrildim: o idi. Əl verib görüşdüm, onu gözlədiyimi və az öncə redaksiyada olduğumu söylədim.

Pul həmişə adamı dingildədir: cibimdə 2 min manatadək sovet 50-liklərindən vardı – xaricdəki qulluğuma görə SSRİ ərazisindəki banklarda yığılıb qalmış halal haqqım. Yekə-yekə qəzetdə iş axtardığımı deyib nə qədər lazımsa, verə biləcəyimi də əlavə etdim. Bir anlığa eynəyinin arxasından gözlərinin qaraldığını, rəng-ruhunun ağardığını gördüm.

– Ayıb olsun! – dedi. Üzümə baxmadan çımxırdı: – Gəl dalımca!..

Hər 2-3 dəqiqədən bir maşının ötdüyü küçəni keçib “Azərbaycan gəncləri” qəzetinin 5-ci mərtəbədəki redaksiyasına gəldik. Mənə tanış olan açıq qapıdan içəri daxil olub sağ əldəki xırda yazı stolunu göstərdi və amiranə səslə:

– Keç otur, bu stol sənin olacaq, – dedi və qəhvəyi rəngli yekə çantasını sanki sürüyə-sürüyə yuxarı başdakı iri stolun başına keçdi: – Şakir bu gündən bizim işçimizdir!..

Demə, həmin stolun arxasında o vaxt gənc şair, ədəbiyyat və incəsənət şöbəsinin müqaviləli xüsusi müxbiri, mənim doğulduğum Sovet Astarasının o biri tayında – İran Astarasında dünyaya göz açmış, 50-ci illərin ortalarında gizli yolla bu taya keçərək “demokrat” statusu daşıyan (niyə “demokrat” – heç cür bilə bilmirəm) Əyyub Sədi otururmuş. Haradansa qulağı çalan kimi başımın üstünü kəsdirdi. O vaxtacan artıq otaq yoldaşlarım mənim barədə bəzi xırda-para məlumatlar əldə edə bilmiş və bir qismini də Əyyuba ötürüblərmiş. Ona görə otağa girən kimi birbaşa:

– Ə, talış, özüvə ustul tap, – deyərək üstümə cumdu.

Təbii ki, ədəblə stuldan qalxıb “kişinin yerini” özünə qaytardım. Həmin vaxt Rizvan otaqda yox idi, qayıdanda məsələdən hali olub:

– Sən heç narahat olma! Necə oturmusansa, elə də otur, işinə davam elə. Nə Əyyubdan ədəbiyyat şöbəsinə işçi olasıdır, nə də o stuldan ona yer...

Həqiqətən də az sonra Şuşa Rayon Partiya Komitəsinin birinci katibi, vaxtilə “Azərbaycan gəncləri” qəzetinin redaktoru olaraq Əyyubu redaksiyaya gətirən rəhmətlik Qəşəm Aslanovun bilavasitə himayədarlığı ilə keçmiş Stepanakert Pedaqoji İnstitutuna qəbul edilən gənc şairin daha mənimlə işi olmadı.

Amma kənardan mərdimazarlar yox deyildi. Məhz onların dırnaqarası səyi ilə yalnız altı aydan sonra – 1975-ci ilin fevralında məktəbli gənclər şöbəsinə maaşsız xüsusi müxbirliyə götürüldüm və təxminən üç il bu “şərəfli vəzifə”də yorulmaq bilmədən çalışdım. Həmin o illərdə məhz Rizvanın sükutlu razılığı ilə qəzetin hər nömrəsinə idman materialları yazıb başımı dolandırdım, Rizvanın təqdimatı ilə üç il – hər dəfə dörd aylıq müddətə olsa da – tələbə inşaat dəstələri respublika qərargahının ədəbi işçisi kimi maaşlı işdə işlədim.

Hərçənd həmin illərdə iki dəfə ciddi münaqişəmiz də oldu və hər dəfə yenə Rizvan böyüklük göstərərək “atəşkəs elan elədi” və biz həyatımızın bugünkü gününə gəlib çatdıq...

 

lll

 

1977-ci ilin avqustunda atam haqqın dərgahına qovuşdu. O, sağalmaz xəstəliyə düçar olmuşdu və ailənin böyük oğlu olan mən də əslində işsiz-maaşsız bir övlad olaraq onun dərdinə bir çarə qıla bilmədim...

Atamın yeddisindən sonra kənddən redaksiyaya qayıtmışdım. Səhər-səhər otağa girib-çıxanlar belə vaxtlar üçün adicə insanlıq, iş yoldaşlığı borclarını yerinə yetirərək mənə başsağlığı verir, təsəlli sözləri söyləyirdilər.

Rizvan gəldi, hamının dediyini dedi və üzümdəki kədər rahiyəsinin zərrə qədər sönmədiyini görərək sonuncu vasitə kimi ehtiyatda saxladığı sözləri söylədi:

– İnsanlar iki qrupa bölünür. Bir qrup insan sən yaşa çatanda – onda mənim 26 yaşım vardı – hər şeyə malik olurlar və bu şeyləri də qızıl məcməyidə onlara təqdim edirlər: ali məktəb diplomu, hansısa vəzifəyə təyin olunduqları barədə əmrin surəti, evin orderi, minik maşınının açarları və nikah şəhadətnaməsi – bax, bu otaqda bu şəhadətnamədə göstərilən nam-nişanda qız səni gözləyir...

İkinci qrup insanlar həmin bu sadalananlara və ya onların bir neçəsinə nail olmaq üçün bütün ömürləri boyu çalışmalı olurlar. Taleyimiz elə gətirib ki, sən bu yaşında atanı itiribsən, mən isə səndən azı on il tez. Biz həmin ikinci qrupdanıq. Ancaq onu da deyim ki, birinci qrupdakı o insana “Filan mənzildə bu nikah kağızında göstərilən qız səni gözləyir” deyiləndə o soruşur: indi mən neyləməliyəm?..

 

lll

 

70-ci illərin sonunda müəyyən aylarda redaksiyada qəribə proseslər gedirdi və mən aydınca başa düşürdüm ki, bu proseslər kiminsə “yanması”yla nəticələnəcək, qəribə olsa da, “yanan” qismində özümü görürdüm.

“Niyə”sinin uzun, çox uzun izahı var, kəsəsi budur ki, eyni vaxtda redaktorun, redaktor müavininin və məsul katibin işdə olmadığı bir vaxtda elementar məntiqə görə qəzetin buraxılışına redaksiyanın birinci şöbəsinin, yəni təbliğat və təşviqat şöbəsinin müdiri kimi mən cavabdeh idim. Onda mənə mətbəənin çap sexindən zəng vurub bildirdilər ki, növbətçi redaktor gəlmədiyinə görə qəzeti çap edə bilmirlər. Növbətçi isə Rizvan idi. Mən onun nədəsə umacağı olduğunu güman edərək bu addımı bilərəkdən atdığını düşündüm və... bunu təklikdə özünə də dedim. Cavabı indi də qulaqlarımda səslənir: “Adam heç vaxt su içdiyi quyuya tüpürməz. Bu qəzet mənim çörək ağacımdır, balalarımın çörək ağacıdır. Mən bu redaksiyada kiməsə qarşı xəyanət işlədə bilərəm, ancaq qəzetə heç vaxt xəyanət eləmərəm!”.

1981-ci ilin may, yaxud iyun ayında bir həmkarımızla bağlı məsələni yoxlamaq üçün Rizvanın “Jiquli”sində Zərdab rayonuna ezamiyyətə getmişdik. Bir yüksək vəzifəli məmurdan söz düşdü, yana-yana, az qala gözləri yaşarmış halda dedi: “O adam bir jurnalist kimi məni məhv edib, balalarımı yetim qoyub...”.

Mən ayrı heç kimdən peşəsiylə bağlı belə, yaxud oxşar söz eşitməmişəm! Nəzərə alaq ki, mən həyatda, o cümlədən jurnalistikada bir pud duz yemiş adamam...

 

lll

 

İndi Azərbaycan cəmiyyətinin işlətdiyi “Kütləvi İnformasiya Vasitələri haqqında” və “İnformasiya azadlığı haqqında” qanunların hazırlanması, araya-ərsəyə gəlməsi bilavasitə Rizvanın adı ilə bağlıdır: axı sovet dövründə “Abşeron”və “Azərbaycan gəncləri” qəzetlərində, “Kirpi” jurnalında çalışmış Rizvan 1992-cı ildən müstəqil “Naxçıvan” qəzetinin baş redaktoru, 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. Deputatlıqdan azad dövrdə onun geniş oxucu kütləsinin mühakiməsinə verdiyi “Şumer kilidi: Hamının bildiyi, heç kəsin tanımadığı sivilizasiya” (2008) və “Erkən türklər, yaxud Şumer kilidinə türk açarı” (2011) adlı irihəcmli kitabları isə, bir qəzetin çox dəqiq ifadəsincə desək, RİZVAN CƏBİYEVİN TARİXÇİ ALİMLƏRƏ “TARİX DƏRSİ”DİR.

Xatırladıram: Rizvan Cəbiyev ixtisasca müəllimdir və jurnalistlik fəaliyyətinin təxminən 15 ilini də elm, təhsil və məktəb məsələlərinə həsr edib...

P.S. Əməkdar jurnalist Rizvan Cəbiyev məşhur repçi Anar Nağılbazın atası olsa da, nə jurnalistlik, nə də deputatlıq fəaliyyətində zərrə qədər nağılbaz olmayıb...

May 1971 – oktyabr 2012

 

 

Şakir YAQUBOV

 

525-ci qəzet.- 2012.- 8 noyabr.- S.5.