Narahat yazıçı haqqında
düşüncələr
Səliqə-sahmanla geyinmiş yeniyetmə
şagirdlər bir qədər həyəcanlı və daha
çox da maraq dolu baxışlarla məktəbin foyesinə
daxil olan hər bir qonağı çox diqqətlə nəzərdən
keçirir, sonra da gələnin yazıçı-dramaturq
Hüseynbala Mirələmov olub-olmadığı barədə
öz aralarında xısınlaşırdılar. Amma hiss etdim ki, onların çoxu ədəbiyyatşünas
alimlərimizdən birinin “XX əsrin adamı, XXI əsrin
yazıçısı” kimi təqdim etdiyi nasiri ən
azından əsərlərindən tanıyır. Sadəcə
hər şeyi televiziya ekranlarından, kompyüter
monitorlarından izləyən, gələcəyin, kim bilir,
böyük şəxsiyyətləri olacaq bu gül balalar,
elmin təməlinin qoyulduğu bu məbəddə, deyəsən
hələ canlı yazıçı görməmişdilər...
Nostalji hisslər
məni bir anlıq ötən əsrin 70-80-ci illərinə
alıb apardı. O zaman özgə bir zaman idi. Tələbəlik
həyatımızın qaynar çağlarında azadlıq
və müstəqilliyin ətrini bir az şairlərdən,
bir az yazıçılardan, bir az da sözünü
sözsüz deməyi bacaran universitet müəllimlərimizdən
alırdıq. O zaman saatlarla kitab mağazalarında növbədə
durub Çingiz Aytmatovun, Markesin, Rasputinin, Belovun, Bulqakovun əsərlərini
almaq və hamıdan tez oxumaq dəbdən çox, zamanın
yetişməkdə olan inqilabçı nəslinin “yeni
söz azarına” tutulmasından irəli gəlirdi. Kitab
böyük nemətdir, o da olsun qiymətli kitab...
Bu yerdə Rey Bredberinin müsahibələrinin
birində dediyi aşağıdakı sözlər yadıma
düşdü: “Məni kitabxanalar böyüdüb. Mən
kolleclərə və universitetlərə inanmıram. Mən
kitabxanalara inanıram, çünki tələbələrin
çoxunun oxumağa pulu yoxdur. Böyük depressiya
dövründə mən məktəbi qurtaranda bizim heç
pulumuz yox idi. Mən kollecə oxumağa gedə bilmədim,
ona görə də mən 10 il ərzində gündə
üç dəfə kitabxanaya gedirdim. 27 yaşında mən
universitet əvəzinə kitabxananı bitirdim...”
Hüseynbala Mirələmov isə zəngin
ailədə yaşamasa da, məktəbə getmişdi,
kitabxanada da olmuşdu və orta təhsilini də əla qiymətlərlə
başa vurmuşdu. Hələ orta məktəbdə oxuyarkən
“Bir tikə çörək” hekayəsi onun
yazıçı tərcümeyi-halına ilk sətirləri
yazmışdı. Sonra... sonra isə Texniki Universitetə qəbul
olunmuşdu və oranı da fərqlənmə diplomu ilə
bitirmişdi. Niyə texniki Universitetə? Maraqlı
sualdır, görən özü buna necə cavab verəcək
ki, onu diqqətlə dinləyən və artıq peşə
seçimi qarşısında olan onbirincilər sabah doğru
qərar verməkdə yanılmasınlar?..
– Mən özümə, öz daxili istəyimin
gücünə, yəni yazıçı ola bilmək
bacarığıma, istedadıma nə qədər inansam belə,
valideynlərimin məni mühəndis görmək istəyi
daha güclü idi. O vaxtdan bu qərarımda qətiyəm
ki, insanın özünü özü qədər tanıya
bilən ikinci bir insan ola bilməz. Amma nəyə görəsə
valideynlərə, elə gəlir ki, onlar
uşaqlarının gücünə, istedadına daha
yaxşı bələddirlər. Mənim valideynlərim də
istisna deyildi.
Mən onlarla razılaşdım. Amma
istəyimlə də uzun zaman gizli, baş-başa yaşaya
bildim. Bu istəyin azadlığa çıxası
günü, nə vaxtsa onun işıq saldığı yolla
gedəcəyimi gözləməyə səbrim
çatdı. Doğrudur, bu o qədər də asan deyildi. Mən
eyni vaxtda içimdə iki sənət yaşatmalı
olmuşam. Biri valideynlərin arzusundan yaranan və cəmiyyətdə,
gündəlik həyatda mənim adımla yanaşı
çəkilən mühəndislik, biri isə içimdə
yaşatdığım yazıçılıq. Birincini də
mükəmməl bilməli idim. Çünki onun
uğursuzluğu, bir şəxsiyyət kimi cəmiyyətdə
mənə olan münasibəti korlaya və məni pessimizmə
sürükləyə bilərdi. Bax, burda artıq hisslərdən
daha çox ağlın, məntiqin
çıxardığı hökmə üstünlük
verdim. Və elə bilirəm
ki, pis mühəndis olmamışam”.
– Hüseynbala
Mirələmov sələflərinin isbat etdiyini bir daha
sübut etdi – hansı peşə sahibi olmağın
yaxşı yazıçı olmağa heç bir
maneçiliyi yoxdur. Yazıçılıq ilahi bir vergi,
istedaddır. Mirələmov, illər keçəndən
sonra belə, ədəbi istedadının gücü ilə
vaxta macal vermədən ərsəyə gətirdiyi əsərləri
ilə nəinki Azərbaycanda, hətta ölkəmizin
hüdudlarından kənarda da oxucularının
zövqünü öz sözünün sehrinə sala bildi,
onların sevgisini qazanmağı bacardı...
190 saylı orta
məktəbin müəlliməsi, pedaqoji elmlər üzrə
fəlsəfə doktoru Qənirə xanım Əmircanova
yazıçı şəxsiyyətinə vurğunluğunu
gizlətmədən sözünə davam edir:
– Cəmisi bir
onillikdə, əsrlərin qovşağından başlayaraq
bu günə qədər haqqında on beşdən artıq
kitab, beş yüzdən artıq məqalə çap olunan
və bu əsərlərdə bir yazıçı kimi daim
təqdir olunan Hüseynbala Mirələmov həm də cəmiyyətdə
ən çox oxunan və ədəbi-ictimai fikrin diqqət mərkəzində
qalan bir yazıçı ola bildi. Ədəbiyyatşünaslar,
ədəbi tənqidçilər nə deyir desin, amma mənə
elə gəlir ki, bunun izahı yazıçının
öz əsərlərində ruhu dolaşmış cəmiyyətimizə
amansız müdaxiləsində, bu cəmiyyətin eybəcərliklərini
cəsarətlə açmasında, onlara milli şüurla
çəkinmədən etiraz etməyi bacarmasındadır.
“Həyatda və
sənətdə əbədini ötəridən
ayırmağı bacaran”, tənqidçilərin “müasir
Amerika romanı” ilə müqayisə etdikləri əsərləri
ilə özünü Azərbaycan cəmiyyətinə “cəmisi
on ilə tanıtmağı və sevdirməyi bacaran”
yazıçı-dramaturqun narahat ruhu “Güllələnmiş
heykəllərin” “xəcalət”ini çəkə-çəkə
əsgər cəsarəti, sərkərdə dühası ilə
daim Qarabağı, Şuşanı dolaşır...
...Bilmirəm
klassiklərdən hansı bu həyat həqiqətini
yazıb ki, “xəcalət hissini itirən adamdan hər cür
naqislik gözləmək olar”. Hüseynbala Mirələmovun qəhrəmanları
nə yaxşı ki, hələ bu hissi itirməyiblər.
Hüseynbala Mirələmov
daxilən yaşadığı Qarabağ
ağrılarında, torpaq itkisində, Vətəndəykən
qaçqınlıq və məcburi köçkünlük
qınağının əzablarında, bu insanların xəcalətində
oxucunun da payının olduğunu gizlətmir, onlara da bu hissləri
yaşadır.
“...Hörmətli Hüseynbala Mirələmov,
“Xəcalət” povestinizi yalnız yarıya qədər oxuya
bildim. Qəhər məni boğdu, göz yaşlarımı
saxlaya bilmədim, bacarmadım. Bu boyda dərdlə qol-qola,
baş-başa yaşaya bildiyimə görə xəcalət
çəkdim. Bəli biz hamımız
babalarımızın bizə əmanət verib getdiyi cənnətməkan
Qarabağı düşmənə təslim edəndən
sonra yenə də yaşaya bildiyimizə görə o müqəddəs
torpaqda yetişən dahilərimizin ruhundan utanmalıyıq. Əsərinizlə
məni bir daha utandırdığınıza görə Sizə
təşəkkür edir, axıra qədər oxuya bilmədiyimə
görə Sizdən üzr istəyirəm, əfv edin, təsvir
etdiyiniz o dəhşətli səhnələri yaşamaq qəlbi
və vicdanı olan hər kəs üçün çox
ağırdır”. Bu ürək dağlayan kövrək
duyğular sevimli şairimiz Bəxtiyar Vahabzadə qəlbinin
hıçqırıqlarıdır.
Böyük
şair “Xəcalət”i göz yaşı, qubarla oxuyan tək
adam olmadı. Artıq neçə illərdir ki, dram əsəri
kimi Akademik Milli Dövlət Dram Teatrının səhnəsindən
düşməyən, hətta bir çox ölkələrin
teatr səhnələrində böyük uğur qazanan “Xəcalət”
öz tamaşaçılarını utandırır,
ağladır, hiddətləndirir və amansız düşmənlə
mübarizəyə, qisas almağa çağırır.
Yox, “Xəcalət”i
milli mənliyimizin əyilməsi kimi qəbul etmək qətiyyən
doğru olmaz. Bu günahlarımızın etirafı, xəcalətdən
qurtulmağa bir çağırışdır. H.Mirələmov
yardıcılığında önəmli məqam ondan ibarətdir
ki, o oxucularını Qarabağ torpağının
işğalının “Xəcalət”ində saxlamır. Bu “Xəcalət”i
üstümüzdən götürmək üçün
bir xilas yolunu da göstərir və bu yol onun “Yanan qar”
romanında əksini tapır. Tənqidçi-ədəbiyyatşünas
professor Nizaməddin Şəmsizadə
yazıçının bu qayəsinə işarə edərək
deyir ki, “əslində Hüseynbala Mirələmov “Yanan qar”
(“Dağlarda atılan güllə”) əsərində
Qarabağ müharibəsinin bədii həllini tapır. Bu əsərlə
tanışlıqdan sonra qarşıya sual çıxır:
Hanı bu ölkənin partizan oğlanları? Niyə
Qarabağda erməni dağılarına göz yummağa
imkan verməyən bir əli silahlı dolaşmır?...”
Hüseynbala Mirələmovun
“əsərləri belə bir təsəvvür yaradır ki,
o, bir yaradıcı şəxsiyyət kimi daim narahat və
nigaran insandır, ” yazan görkəmli ədəbiyyatşünas,
akademik Bəkir Nəbiyev də həmkarının fikrini
bölüşərək yazır:
“..Həyat
materialından özünəməxsus tərzdə istifadə
edən müəllif erməni təcavüzünün
qurbanlarını, məhrumiyyət və itkilərimizi təsvir
etdiyi anlarda belə bədbin görünmür, əksinə,
biz yağı düşmənlə döyüş ruhunun, qələbə
əzminin güclü tərənnümünün şahidi
olur, bir-birindən mətin, yenilməz obrazlarla
qarşılaşırıq...
...Nə bəy
Kamran, nə də onun silahdaşları yalnız subyektiv
düşüncə əsasında uydurulmuş obrazlar deyil,
daha çox xalqın danışan mənliyi, Qarabağ
yanğısı ilə döyüş meydanına
atılmağa hazır olan canlı insanların obrazı kimi
çıxış edir və təbii olaraq, köhnə dəyirmandakı
ocaq yurd, Vətən mənasında dərk edilir...”
...Hüseynbala
Mirələmovun ədəbiyyatda istiqaməti, müəyyən
edilmiş sərhədlərdə yox, insanlığın gələcəyinin
təhlükəyə məruz qaldığı yerdə
yaratmaqdır. Romen Rollan “Bethovenin həyatı” əsərində
bunu çox gözəl ifadə edir: “Qorxaq və namərd eqoizmin
boğduğu bəşəriyyət can verir. Gəlin pəncərələri
açaq. Azad nəfəsi buraxaq. Qoy qəhrəmanların nəfəsi
bizi isitsin”. Bəli, qəhrəmanlar, xeyirxahlar lazımdır
ki, onlara baxıb yaşamaq olsun. O qəhrəmanlar ki, onlar
vicdanın hökmü ilə yaşayır, həqiqəti
axtarır, şərlə mübarizə aparırlar.
Nizaməddin
Şəmsizadəyə görə “XX əsr sosial-psixoloji
romanının yaradıcılarından biri”, “Avropa təfəkkürlü,
Şərq ruhlu bir azərbaycanlı” olan Hüseynbala Mirələmov
“tamam təsadüfən tapılmış adi bir ipin ucundan
tutub cəmiyyətin sarsılmış kökünə enməyi,
insan taleyini həll edən ani bir məqamı ciddi
sosial-psixoloji hadisə miqyasında genişləndirməyi
bacaran”yazıçıdır..
Hüseynbala Mirələmova
görə “insanın başlıca dəyəri VICDANDIR”.
Deyir, “vicdanla yaşamaq — bu rühən şəxsiyyət
olmaq deməkdir”. Yazıçıya görə “ bu ali
koteqoriyanı itirən adam hər cür alçaqlığa
gedə bilər.” “Qırxıncı otaq”da sosial iflicləri
göstərməklə bərabər nasir əclaflığın
və vicdansızlığın ictimai mahiyyətini
açıb göstərir.
Mariya fon
Ebner-Eşenbax nahaq deməmişdir ki, “insan öz iradəsinin
hakimi , vicdanının qulu olmalıdır.” Vicdan şahid istəməz,
çünki o cəmiyyətin mövqeyindən asılı
deyil. Məhz bu xüsusiyyətinə görə vicdan
ağlın digər nəzarət mexanizmlərindən fərqlənir.
Vicdan intuitivdir, bu dəyərə sahib olan insan onu hiss edə,
duya bilir və öz seçimində ona söykənir. Belə
insan həmişə düşünülmüş,
vicdanlı hərəkət edər, nə özünə nə
də ətrafdakılara ziyan verər. Bu Hüseynbala Mirələmovun
müsbət qəhrəmanlarının əsas səciyyəvi
xüsusiyyətlərdəndir.
Hüseynbala Mirələmov
həyatda olduğu kimi əsərlərində də fəal
vətəndaşlıq mövqeyi ilə seçilir. Onun vətəndaşlığı
onun yaradıcılığından ayrılmır. Uşaqkən
eşitdiyimiz bütün nağıllarda sirli – sehirli
“Qırxıncı otağ”ın qapısına açar salan
H.Mirələmov özünün həyatda görmək istədiyi
ədalətə, haqqa xidmət göstərən əsl vətəndaş-hüquqşünas
obrazını yaradır. Həyat, bu gün cəmiyyətimizdə
gedən proseslər göstərir ki, məhz Adil Hüseynli
kimi xalq arasında haqqa, sədaqət nümunəsinə
çevrilən, bütün mənfiliklərin,
çirkinliklərin, əxlaqsızlıqların
kökündə duran yalana, riyakarlığa, rüşvətxorluğa
qarşı mübarizə aparan insanlara böyük
ehtiyacı var. Bu mənada istər “Gəlinlik paltarı”nda,
istər “Qumru yumurtaları”nda, istər “Qırxıncı
otaq”da, istərsə digər əsərlərində
yazıçının qarşısına qoyduğu ali məqsədlərdən
biri insanın yaşadığı mühitdə öz
simasını qoruyub saxlaya bilməsinə, içindəki
iblisə qalib gələ bilməsinə kömək göstərməkdir.
Bütün
dövrlərin və bütün yazarların əsərlərində
xeyirlə şərin, işıqla qaranlığın,
yaxşı ilə pisin mübarizəsi əslində cəmiyyətin
əbədi problemi olaraq qalır. Amma dünyanın
yaranışında nə xeyr, nə şər var idi, xeyir və
şər sonra yarandı. Şər o vaxt dünyaya gəldi
ki, şəri hiss etmək qabiliyyəti olan ürək peyda
oldu, bu da əslində mahiyyətcə şər deyildi. O məqamda
ürək ilk dəfə imkan verir ki, şər var, onda o
ürəkdə şər doğulur və burada iki
başlanğıcın mübarizəsi başlayır.
Dünyada şərə zərurət fizikanın
işıq və kölgə qanununa bərabərdir, yəni
bu ona bənzəyir ki, işığın mənbəyi kənardadır,
kölgə isə şəffaf olmayan əşyalar
buraxır. Beləcə şər də dünyada öz
içindən ilahi nuru keçirməyən “qeyri şəffaf
canların” varlığı üzündən mövcud olur.
Hüseynbala Mirələmov
bu ilahi nuru keçirməyən “qeyri şəffaf
canların” mahiyyətinə nüfuz edir və bəlli olur
ki, xeyir və şər adlandırdığımız əməllər
ağlın təkamülləşməməsi nəticəsində
mövcuddur. Yazıçıya görə, ictimai şərə
qalib gəlmək mümkündür, əlbəttə əgər
insanlar öz xoşbəxtliklərini başqalarının bədbəxtlikləri
üzərində qurmasalar. Əzab, əziyyət
görmüş insan heç vaxt digər insanlara əzab verməz.
Bu mənada nasir əsərlərində xeyirxahlıq, mərhəmət
və əziyyətlərdən sonra insanın daxili harmoniya
problemini ortaya qoyur. Bəlkə elə bu ruhu duyduğu və
şahidi olduğu üçündür ki, siyasi elmlər
doktoru, Milli Məclisin deputatı Hadi Rəcəbli uşaqlıq
dostu haqqında danışanda tez-tez deyir ki, “Hüseynbala
xeyirxahlıq, mərhəmətlə yoğrulmuş bir mənəviyyat
sahibidir. Bu onun bütün əsərlərinə də
hopub”.
Hüseynbala Mirələmov
yaradıcılığında qaranlıqla
işığın, xeyirlə şərin mübarizəsilə
yanaşı, daha vacib bir problemə baxış aydın
duyulur- insan və inam. Bu mövzuda söz düşəndə
yazıçı həmişə alman filosofu Fridrix
Nitşenin belə bir ifadəsini xatırladır: “Necə
olur-olsun güclü inam baş vermiş, xoşbəxtlikdən
daha güclü həyat stimuludur”.
Mahiyyətcə,
nəhayətdə, daha geniş mənada inam- idealın, həyatın
məqsədi kimi o böyük insani dəyərlərdəndir
ki, Mirələmovun ədəbi personajlarından hər
hansı birinin mənəvi səviyyəsi onunla sınağa
çəkilir. “Xəcalət” pyesində müəllif iki fərqli
personajın daxili aləmini, Muradın pula, var-dövlətə
olan inamı ilə Vətənin dogma torpaqlarının azad
olunacağına, evinə qayıdacağına olan
inamını üz-üzə qoyur. Vətən əzab
çəksə belə, cəmiyyətin
ağrısını içində gəzdirən qalibdir və
eyni zamanda Muradın timsalında cəmiyyətdə olan
laqeydliyin sərt ittihamçısıdır.
“Özünə,
xalqına, dövlətinə inamı itirmək çox
qorxulu psixoloji bir boşluğa aparıb çıxarır və
bunun nəticələri də ağır olur. Ən qorxulusu
isə insanın düşünülmüş şəkildə
özünü saxta dəyərlərin xidmətinə verməsidir.
Cəmiyyət öz gündəlik qayğılarından
baş açmadığı bir vaxtda yazıçı
insan mənəviyyatının sapınmalarına biganə
yanaşa bilməz.”Bu da vətəndaş, oxucu
Hüseynbalanın yazıçı Hüseynbala
qarşısında qoyduğu tələblərdəndir.
Bu cür
düşünən yazıçı Mirələmov
insanların zaman –zaman bu istiqamətə meyl etməsindən
narahatdır və bunu mühakimə etməklə, milli əxlaqı
bu bəladan qorumağa çalışır: “İndi insan
bu ziddiyyətlər məngənəsində azmış və
hansı yolu gedəcəyini aydınlaşdıra bilmir. Məhz
burda bir söz adamı olaraq, onları həm mənən, həm
ruhən istiqamətləndirməliyik. Çünki cəmiyyət
həyatda gedən qlobal dəyişmələrə hazır
olmayanda, əxlaqi, mənəvi dəyərlər öz təsirini
itirir, insan öz həyati təyinatını dəyişir.
Tanınmış
rus yazarı Valentin Pasputin müsahibələrinin birində
qeyd edir ki, “Dostoyevskini dəfn edəndə onu son mənzilə
böyük insan axını yola salırdı. 25 ildən
sonra anım günündə bu nəhəng yazarın məzarı
üstünə cəmisi 9 nəfər
toplaşmışdı.” Bu təbii ki, Dostoyevskinin yox, biganələşən,
laqeydləşən cəmiyyətin faciəsi idi.
Belə nümunələr
bizim cəmiyyətdə də var. Unutqanlıq, öz ölkəsinin
keçmişinə biganəlik, Azərbaycan xalqının ən
ali keyfiyyətlərindən olan xeyirxahlıq və mərhəmət
hissinin zaman-zaman solması, bunlar adamı dəhşətə
gətirir. Təbii ki, əsərlərimdə bunlar cəmiyyətə
bir ciddi mesaj olaraq verilir və veriləcək də...”
lll
Tarixi roman olduqca populyar janrdır və
bu janrda olan əsərlər bütün dövrlərdə
yaşlı oxucular kimi, uşaq auditoriyası
üçün də maraqlı olub və oxunub. Bunu 190 saylı məktəbdə
yazıçı ilə görüşdə yeniyetmələrin
Hüseynbala Mirələmovun yenicə işıq üzü
görmüş “Sonuncu fateh” romanından bəzi təsiredici
məqamları əzbərdən və az qala aktyor
ustalığı ilə söyləmələri də
aydın göstərirdi.
Tarixi romanda
uydurma ilə sənədlilik çox ustalıqla
çulğalaşır, yazıçı təxəyyüllündə
keçmişin retrospektivi, hətta ən istedadlı və təcrübəli
tarixçinin belə göstərə bilmədiyi parlaq və
aydın detallarla tamamlanır.
Hüseynbala Mirələmov
da öz təxəyyülünün gücü ilə sənədli
tarixi məkana daxil olmağa, o zaman və məkan çərçivəsində
baş verənləri və sirli aləmi öz
fantaziyasının gücü ilə, bəzi məqamlarda bəlkə
də real hadisələrdən fərqli bir şəkildə,
təqdim etməyə çalışır və buna nail
olur.
Ümumiyyətlə
Hüseynbala Mirələmovun tarixi faktlar və sənədlərlə
işləmək təcrübəsi onun yazdığı və
hazırda müasir publisistikanın ən dəyərli
nümunələrinə çevrilən Moskvanın məşhur
“Molodaya qvardiya” nəşriyyatının “Görkəmli
adamların həyatı” seriyası ilə nəşr
etdirdiyi “Heydər Əliyev”, “İlham Əliyev” və “Zərifə
Əliyeva” əsərlərindən də aydın
görünür. Akademik Ziyad Səmədzadə ədibimizin
yüksək yazıçı cəsarətindən
danışarkən haqlı olaraq onun məhz bu əsərlərinin
adını çəkdi və “müasir Azərbaycanın
bütün incəliklərini bilən
yazıçının” əsrlərini belə qiymətləndirdi:
“Heydər Əliyev kimi şəxsiyyətdən yazmağa hər
şeydən əvvəl cəsarət, sonra isə tarixə
obyektiv, ədalətli baxış lazım idi. Hüseynbalada
bütün bunlarla bərabər bu böyük şəxsiyyətə
məhəbbət və onun ideallarına sədaqət var.
Etiraf etmək lazımdır ki, yüz il sonra da heç bir
başqa əsəri oxumadan, təkcə H.Mirələmovun qələmə
aldığı “Heydər Əliyev” kitabını oxumaqla,
müstəqil Azərbaycanın memarı və qurucusu olan bu
dahinin şəxsiyyəti, siyasi fəaliyyəti, vətənkeşliyi,
qətiyyəti, müdrikliyi və xalqının
xilaskarlıq missiyası haqqında müstəqil və zəngin
məlumat almaq olar...”
Hüseynbala Mirələmov
“Sonuncu fateh” tarixi romanında isə tarixin çox ziddiyyətli
və eyni zamanda maraqlı bir dövrünü
canlandırmağa çalışır. Əsərə
nüfuz etdikcə aydın olur ki, yazıçı təkcə
yaddaşının gücünə söykənmir, eyni
zamanda müxtəlif mənbələrdən
aldığı sənədli faktları istedadlı qələmi
ilə ədəbi formaya salır, canlandırır. Bu
canlandırmanın özü də müəyyən mərama
xidmət edir- oxucunun tarixi keçmişə olan
marağını təmin etmək və eyni zamanda hadisələrin
cərəyan etdiyi həmən dövrü, bu dövrün mənəvi
dəyərlərini, qanunlarını, insan xarakterlərini
müfəssəl göstərmək.
Nasir zamanın
siyasi rəngini, mühitini olduğu kimi verməyə,
bunların fonunda sadə insanların yaşam tərzini
göstərməyə çalışır ki, təəssürat
tam və bitkin olsun, oxucu zaman səddini aşıb,
özünün, bir anlıq da olsa, bu hadisələrin
içində olduğunu duysun.
Ədib əsərdə
Nadir şahı öz zəmanəsinin ən populyar dövlət
xadimi və sərkərdələrindən biri kimi göstərməklə
yanaşı, həm də dərin siyasi düşüncə
sahibi kimi də onu yüksək səviyyədə təqdim
edə bilmişdir. Səfəvi padşahı Nadir xan
“böyük birlik” uğrunda on illər boyu ağlı, qeyrəti,
qılıncı ilə əlləşib vuruşur və son
nəfəsdə tam səmimmiyyətlə bir daha etiraf edir:
“Bunlar necə adamlardır, İlahi, hər kəs öz
qalasının hakimi, öz evinin böyüyü olmaq istəyir.
Böyük bir ölkənin əldən getməsi isə
heç kimin vecinə deyil!”
Əsərdə
müsəlman aləmi üçün bəşəri əhəmiyyət
daşıyan daha bir mühüm məqam məzhəblər
arasındakı təfriqələrə, ayrı-seçkiliyə
olan münasibətdir ki, bütün islam aləmi bu gün də
bunun bəlalarından əziyyət çəkməkdədir.
Çox yəqin ki, bu, yazıçının
özünü daim düşündürən bu problem
olmuşdur. 48 yaşlı Nadirin şah seçilərkən
qurultay qaşısında qoyduğu əsas tələblərdən
biri də məhz bu məzhəb ayri-seçkiliyinə son
qoyulmasıdır: “... Əgər xalq Nadirin şah
olmağını istəyirsə, şiə məzhəbi ilə
yanaşı, sünni məzhəbinə də hörmət
etməlidir.Ona görə ki, bu məzhəb
ayrılığı Allahı, Peyğəmbəri və
Quranı bir olan ümmətin arasında çox qanlara səbəb
olmuşdur...”
Ayrıca bir
insan üçün daxili aləmin olmaması
narahatlığın və bir çox bədbəxtliklərin
mənbəyi olduğu kimi, bütöv bir xalq
üçün də xeyirxahların olmaması
aclığa, müharibələrə, bəşəri xəstəliklərə,
yanğınlara və bir çox bədbəxtliklərə
gətirib çıxarır. Yazıçı məhz bu
xeyirxahları axtarır və onları cəmiyyətdə
görmədiyi üçün, əsərlərində
yaradır. Yardır ki, cəmiyyətdəkiləri islah etsin,
tərbiyə edə bilsin.
Akademik Nizami Cəfərov
“dərdi çəkə bilən yazıçı
Hüseynbala Mirələmovun səmimi, təbii olduğunu” da
təsdiqləyir. O deyr ki, “yalan ədəbiyyat yaşaya bilməz.
Ədəbiyyat tarixi də sübut edir ki, yalan ədəbiyyat
olub, amma qalmayıb...”
Korifey
yazıçı mərhum Çingiz Aytmatovun isə dostu
haqqında söz yadigarı belədir: “İndi biz Azərbaycanın
tanınmış yazıçı-dramaturqu Hüseynbala Mirələmovla
bir yerdəyik..Mən dostluqda dəqiqliyə, həssaslığa
və təmənnasız münasibətlərə xüsusi
qiymət verən adamam. Bu mənada Hüseynbala Mirələmovla
oxşarlığımız çoxdur. Həmfikir
olduğumuza görə tale bizi qovuşdurub. Biz hər bir
mövzuda fikir mübadiləsi aparanda eyni məxrəcə gələ
bilirik... Hüseynbala ilə hər görüşəndə
ondan müsbət enerji qəbul edirəm, mənən bəhrələnirəm...”
lll
Müasir ədəbiyyatın
danılmaz tendensiyalarından biri ədəbiyyatın
qloballaşmadır. Bu hadisənin bir çox
üstünlükləri ilə yanaşı, neqativ tərəfləri
də az deyil. Bu neqativ tərəflərdən biri ondan ibarətdir
ki, bütün kütləvi ədəbi əsərlərin
hamısınin müəyyənləşdirilmiş eyni bir
formata uyğunlaşdırılmasına səy göstərilir
və bu da onların öz milli cizgilərini itirməsinə
gətirib çıxarır. Əsərlərin baş qəhrəmanları
o qədər biri – birilərinə bənzəyirlər ki,
sanki eyni bir yazarın obrazlarıdırlar.
Bu proses ildən-ilə
daha qabarıq şəkildə özünü göstərir
ki, bu da yüksək ədəbi zövqlü oxucuları cəlb
etməyə çalışan yazarları daim stereotipləri
sındırmağa və yeni formalar, janrlar, metodlar
axtarmağa məcbur edir. Hüseynbala Mirələmov məhz
bu yazarlar sırasında öndə gedir – milli ədəbi
cizgiləri qorumaqla, ədəbi zövqü daha da yüksəltməklə
və ədəbiyyatın insan mənəviyyatina, əxlaqına
xidmətini əsas tutaraq buna yüksək səviyyədə
nail olur.
Reymond Karber yazır:
“Bizdə nə varsa, son nəticədə bu sözdür,
yaxşı olardı ki, onlar ən döğru olanlardan
olsunlar...” Təbii ki, bu, yazılı sözə olan
münasibətdir. Amma görən yazılanlar həmişəmi
qiymətli olur? Yazanlar üçün – hə, həmişə.
Vaxt, zaman ötdükcə əlyazmalar saralır və
kövrəkləşir, ancaq üzərindəki
yazılanların dəyəri daha da artır.
Yazıçı-dramaturq
Hüseynbala Mirələmovun da ən qiymətli xəzinəsi
insani keyfiyyətləri və əlbəttə zaman
ötdükcə daha dəyərli olan sözüdür: “Cəmiyyətdə
gedən proseslər ədəbiyyatda real əksini tapmırsa,
ədəbiyyat bu cəmiyyəti gözləyən təhlükədən
necə xilas edə bilər?! Məhz indi gerçəkliyi ədəbiyyata
gətirmək lazımdır ki, insanlar müasirlik adı ilə
ənənəvi mənəvi-əxlaqi dəyərlərin
dağılmasının qarşısını almağa
çalışsınlar.”
Yazıçı
özünün başlıca vəzifəsini “cəsarətlə
həqiqəti axtarmaqda”, bütün mürəkkəbliyi və
ziddiyyətləri ilə insan haqqında gerçəyi
üzə çıxarmaqda görür. Bu ümumi qayda
Hüseynbala Mirələmovun seçdiyi ədəbi
janrların hamısına şamil olunur.
Bu, ondan irəli
gəlir ki, yazıçı humanistdir və ona görə də
çox narahatdır. Təbii ki, cəmiyyətdə
dağıdıcı meyllərin gücləndiyi bir vaxtda
onun insan taleyi üçün narahatlığı başa
düşüləndir. Çox vaxt deyirlər ki,
yazıçı gələcəyi, gedəcəyimiz yolu
yazıb göstərməlidir. Amma Hüseynbala Mirələmovun
əsərləri göstərir ki, yazıçı bu gələcəyimizin,
görəcəklərimizin qarşısını almağa
çalışır ki, Azərbaycanı, geniş anlamda
dünyanı qorusun.
İlqar RÜSTƏMOV
525-ci qəzet.- 2012.- 9 noyabr.- S.28-29.