“İki çocuğun Avropaya səyahəti”: əski əlifbadan  latına

 

Görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadi (1872-1950) zəngin ədəbi irs qoyub getmişdir. Böyük ədibin əsərlərinin səkkiz cildliyi və bir neçə romanları ayrı-ayrı kitab halında çap olunmuşdur. Keçən əsrin altmışıncı illərində, 1964-1967-ci ildə çapdan buraxılmış səkkizcildlik yazıçının əsas əsərlərini əhatə edir. Bu əhəmiyyətli çoxcildlikdə Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”, “Qılınc və qələm”, “Döyüşən şəhər” və “Gizli Bakı” romanları, “Dinçilər”, “Sevgililər”, “Maral”, “Bu da bir möcüzə”, “Böyük quruluşda” pyesləri, “Dumanlı Təbriz” romanlarının səhnələşdirilmiş variantı, bir çox lirik və satirik şeirləri, xatirələri və ədəbi-tənqidi məqalələri əhatə olunmuşdur. Bu, keçən əsrin ikinci yarısında təkcə Məmməd Səid Ordubadinin deyil, geniş mənada Azərbaycan yazıçılarının azsaylı, bəlkə də ilk səkkizcildliklərindən biri  idi. Səkkizcildlikdə toplanmış əsərlər Məmməd Səid Ordubadinin Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi olması, yaradıcılığının çoxcəhətliliyi, sənət özünəməxsusluğu barəsində kifayət qədər sanballı söz deməyə, tədqiqatlar aparmağa imkan verir. Hətta, bizim fikrimizcə, Məmməd Səid Ordubadi irsindən yalnız “Dumanlı Təbriz” və “Qılınc və qələm” tarixi romanları çap edilmiş olsaydı belə, yenə də o, Azərbaycan ədəbiyyatı tarixində xüsusi mövqeyə malik görkəmli yazıçı kimi özünəməxsus böyük yer tuta bilərdi.

Bütün bunlarla bərabər, Məmməd Səid Ordubadinin irsinin zənginliyi haqqında tam təsəvvür yaratmaq üçün bir sıra məlumatları da nəzərə çarpdırmağı faydalı hesab edirəm. Yazıçının görkəmli tədqiqatçısı, professor Yavuz Axundlunun hesablamalarına görə Məmməd Səid Ordubadi 4 mindən çox felyeton və şeir, 1800 məqalə yazmışdır. Ədibin “Qafqazın inqilabi-əxirəsi” əsəri, “İnqilabi-pərişan”, “Dilbər”, “İldırım Bəyazid” dramları, rus ədəbiyyatından etdiyi tərcümələr, bir çox librettoları, şeirləri və felyetonlarının əksəriyyəti çap olunmamışdır. Bundan başqa, Məmməd Səid Ordubadinin Tiflisdə “Qeyrət” nəşriyyatında çapdan buraxılmış “Qəflət” adlı şeir kitabından (1906) yalnız “Xabi-qəflət”, “Vətən və hürriyyət” kitabından (1907) isə “Qeyrəti-millət” və “Vətənimizə bir neçə söz” şeirləri böyük ixtisarla ədibin səkkizcildliyinə daxil edilmişdir.

Məmməd Səid Ordubadinin geniş oxucu auditoriyasına çatdırılmamış əsərlərindən biri də “İki çocuğun Avropaya səyahəti”dir. Əsər 1908-ci ildə Bakıda Haşımbəy Vəzirovun redaktorluğu ilə nəşr edilən “Tazə həyat” qəzetində əski əlifba ilə çap olunmuşdur. Yəqin ki, Qərb həyat tərzini əks etdirdiyinə, Avropaya rəğbətlə yazıldığına görə bu əsər sovet hakimiyyəti illərində nəşr edilməmişdir. Elmdə isə Məmməd Səid Ordubadi irsinin tədqiqatçılarından Fəridə Vəzirova və Yavuz Axundlu, ədəbiyyatşünaslardan İman Cəfərli “İki çocuğun Avropaya səyahəti” əsərindən bəhs etmişlər. Xüsusən, professor Yavuz Axundlu “Məmməd Səid Ordubadi” monoqrafiyasında (2012) “İki çocuğun Avropaya səyahəti” əsərindən bir qədər geniş söz açmışdır. Lakin bu əsər indiyədək nə kiril, nə də latın əlifbaları ilə çap olunmamışdır.

İranlı iki gəncin Avropaya səfəri zamanı yazdıqları məktubları keçmiş tələbə yoldaşlarından Ordubadda alıb “Təzə həyat” qəzeti vasitəsilə cəmiyyətə təqdim etmək üsulu üzərində qurulmuş bu səyahətnamədə Məmməd Səid Ordubadinin Şərq-Qərb müqayisəsi yolu ilə milli oyanışa və dirçəlişə çağırışı motivi öz əksini tapmışdır. “İki çocuğun Avropaya səyahəti” əsəri XX əsrin əvvəllərində Azərbaycan oxucusunda Avropa mühiti, Qərb ölkələrinin inkişaf səviyyəsi barədə gerçək təsəvvürlərin formalaşmasına imkan yaratmaq qayəsini izləmişdir. Bu əsər Məmməd Səid Ordubadinin öz ölkəsinin də qərbyönlü istiqamətdə inkişaf etdirilməsinin zəruriliyi, yaxud əhəmiyyəti haqqındakı baxışlarını da əks etdirir.

Müxtəlif Avropa ölkələrindən göndərilmiş 10 məktub əsasında qurulmuş bu əsərdə hər ölkənin paytaxtının ümumi mənzərəsi ilə yanaşı, həm də məmləkətlərin ən səciyyəvi xüsusiyyətləri nəzərə çarpdırılmışdır.  Paris şəhərini  “dünyamızın  bir ümumi mədrəsəsi” adlandıran Məmməd Səid Ordubadi  Fransa cəmiyyətində hürriyyət məsələsinin öndə olduğunu diqqət mərkəzinə çəkmişdir. Ədibin Brüsseldən yazdığı 2 məktubda Belçika ticarət və dəmiryolları ölkəsi kimi səciyyələndirilmişdir. Yazıçının fikrincə, “ticarətdə Belçika xalqı dünyaya güzgü misalındadır... Belqiyalılar dünyanın hər tərəfində dəmiryolları, tramvaylar, elektrik, qaz əməliyyatı icra etməkdədirlər”. Avstriyadan  yazılmış 2 məktubda  Vyana şəhəri elm və mədəniyyət mərkəzi olmaqla bərabər, həm də bənzərsiz parkları, xiyabanları,  kanalları, adalardakı restoranları ilə xarakterizə olunur. Məmməd Səid Ordubadiyə görə bütövlükdə Avstriyada “dünya içində bir dünya yaradılmışdır”.

Məmməd Səid Ordubadinin “İki çocuğun Avropaya səyahəti” əsərində Almaniyaya daha çox yer ayrılmışdır. Əsərdə Almaniya həyatı Berlindən yazılmış 3 məktubda öz əksini tapmışdır. Avropaya səyahətə çıxan iki gənc- Məhəmmədhəsən Tehranlı və İsfəndiyarxan Şirazlı öz səyahətlərinə 18 noyabr 1907-ci ildə Berlindən başlamışlar. cəmi 26 gün davam edən Almaniya səyahətinin 15 günü Berlində keçmiş, 11 günü isə Maqdenburq, Manhaym, Buxem, Köln şəhərlərini əhatə etmişdir. Berlindən başlanıb Brüsseldə, sonra Parisdə və Vyanada davam edən, nəhayət, 20 fevral 1908-ci ildə İstanbulda tamamlanan 94 günlük səyahətin vaxt etibarilə ən çoxu Almaniyada keçmişdir. Məmməd Səid Ordubadinin səyahətnaməsində Almaniya XX əsrin əvvəllərində hərtərəfli inkişaf etmiş bir ölkə kimi təsvir olunmuşdur. Yazıçı bu fikirdədir ki, Almaniyada “tərəqqi yoluna çox cəsarətlə addım atılmışdır”. Səyahətnamədə Almaniya həyatı, xüsusən də Berlin şəhərinin ecazkarlığı “Min bir gecə” nağılları ruhunda təqdim edilmişdir. Hiss olunur ki, poçtxanadan tutmuş universitetlərə  qədər, kənd təsərrüfatından sənayeləşməyədək, təbabət, memarlıq və muzeylər də daxil olmaqla Almaniyanın çoxcəhətli inkişafı yaxşı mənada müəllifi heyrətləndirmişdir.

“İki çocuğun Avropaya səyahəti” əsərində Məmməd Səid Ordubadi İstanbuldan da inkişafına görə Avropa şəhərləri səviyyəsində bəhs etmişdir. Ədibin fikrincə, “Yevropada nə vardırsa Türkiyədə də mövcuddur”. Bundan başqa, coğrafi baxımından da İstanbula Avropa şəhəri kimi yanaşılmış, hətta bu şəhərin Yevropanın şəhərlərini üstələdiyi qeyd edilmişdir. Məmməd Səid Ordubadi İstanbuldakı bir çox nəhəng binaların Avropadakı tikililərdən də gözəl və üstün olduğunu da qeyd etmişdir. Əsərdə həmçinin İstanbuldakı Asiya həyat tərzi, camelər, Osmanlı rejimi, mədrəsələr haqqında da əhəmiyyətli məlumatlar verilmişdir. Aşkar görünür ki, Avropa şəhərlərindən fərqli olaraq Məmməd Səid Ordubadi İstanbulu əhəmiyyətli bir Avrasiya şəhəri kimi təqdim etmişdir. İstanbulun qədim Konstantinopolun XX əsrin əvvəllərindəki əhalisi və məşğuliyyəti kimi məsələlər də “İki çocuğun Avropaya səyahəti” əsərində real surətdə əhatə olunmuşdur. Bütövlükdə Məmməd Səid Ordubadinin “İki çocuğun Avropaya səyahəti” əsərinin qəhrəmanlarının dilindən 18 fevral 1908-ci il tarixdə yazıb, 21 mart 1908-ci ildə Bakıda çıxan “Təzə həyat” qəzetində çap etdirdiyi onuncu məktub İstanbulun 104 il bundan əvvəlki mənzərəsini və vəziyyətini, inkişaf səviyyəsini bütün yönləri ilə əks etdirir. Bu, İstanbul haqqında çox mühüm bir elmi-ədəbi qaynaqdır. “İstanbuldan məktub” bölməsi o zamankı Türkiyə haqqında da aydın təsəvvür yaradır. Bütövlükdə “İki çocuğun Avropaya səyahəti” əsəri Şərq-Qərb müqayisəsinin, Avrasiya düşüncəsinin reallıqlarını da meydana qoyur. Bu əsər Azərbaycan ədəbiyyatına Avrasiya düşüncəsini gətirən ilk geniş həcmli bədii əsərdir. “İki çocuğun Avropaya səyahəti” ədəbiyyatda Qərb-Şərq müqayisəsinin ordubadnaməsidir.

Elmi fikirdə Məmməd Səid Ordubadinin Avropa ölkələrində olması, Qərbə hər hansı bir səfəri barədə heç bir qeyd belə yoxdur. “İki çocuğun Avropaya səyahəti” əsərində isə Avropa ölkələrinin paytaxtı olan şəhərlərin küçə və meydanları, elm və təhsil müəssisələri, mədəniyyət mərkəzləri o qədər real, dəqiq təsvir edilmişdir ki, oxucu əsərin müəllifinin həmin yerlərdə olmadığına asanlıqla inana bilməz. Heç şübhəsiz, əsərin yazılmasında Məmməd Səid Ordubadi tarixi-coğrafi mənbələrdən, dövrü mətbuat materiallarından faydalanmışdır. Tarixi və coğrafi məlumatları incəliklərinə qədər öyrənmək və əks etdirmək bacarığı yazıçının digər əsərləri üçün də səciyyəvidir. Bütün bunlarla bərabər, əsərdə o qədər gerçək təsvirlər vardır ki, “İki çocuğun Avropaya səyahəti” əsərinin yaranmasında Məmməd Səid Ordubadi ilə Avropa ölkələri arasında Qərbdə olmuş əlaqələndirici bir şəxsin olduğunu düşünmək lazım gəlir. Və yaxud da ola bilsin ki, ədibin müasirlərindən kimsə Avropada səfərdə olmuş, ona məktublar göndərmişdir və yazıçı həmin məktubların əsasında ədəbi səyahətnaməsini formalaşdırmışdır. Hər halda “İki çocuğun Avropaya səyahəti” əsəri bədii təxəyyüllə yanaşı, gerçək tarixi-coğrafi reallıqları da əks etdirir. Məmməd Səid Ordubadi irsinin tədqiqatçıları məsələnin bu cəhətinin aydınlaşdırılmasına ayrıca diqqət yetirməlidirlər.

Mövzu və ideya etibarilə “İki çocuğun Avropaya səyahəti” əsəri “Bədbəxt milyonçu, yaxud Rzaquluxan firəngməab” romanının müqəddiməsi təsiri bağışlayır. “İki çocuğun Avropaya səyahəti”ni gənc Rzaquluxanın səyahətnaməsi kimi də təsəvvür etmək olar. Bu əsərlə dərin daxili qatları etibarilə İran coğrafiyasından bəhs etmək mənasında Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” romanı arasında da müəyyən yaxınlığın, bağlılığın mövcudluğunu da müşahidə etmək mümkündür. Ona görə də “İki çocuğun Avropaya səyahəti” əsəri Məmməd Səid Ordubadi romançılığının, yazıçının bədii nəsrinin mənalı bir proloqudur. İlk dəfə 1908-ci ildə “Tazə həyat” qəzetində hissə-hissə çap olunan “İki çocuğun Avropaya səyahəti” əsəri, nəhayət indi 104 ildən sonra oxuculara çatdırılmaqla ünvanına yetişmək baxımından səyahətnaməsini tamamlayır.

“İki çocuğun Avropaya səyahəti” əsərinin janrı haqqında da bir neçə söz deməyə ehtiyac vardır. Mövcud ədəbiyyatşünaslıq əsərlərində bu əsərin roman janrında yazıldığı qeyd edilmişdir. XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında roman janrının hələ təzəcə formalaşmaqda olduğunu nəzərə alsaq, bu nəsr əsərinin də roman adlandırılmasını başa düşmək olar. Həmin kontekstdə roman Azərbaycan ədəbiyyatında hekayədən böyük həcmə malik olan nəsrlə yazılmış əsərlərə verilən ümumi ad idi. Bu dövrün romanları ideya-məzmunca dərin ictimai mövzulara həsr edilmiş, formaca yığcam əsərlərdən ibarət idi. Ona görə də Azərbaycan romanşünaslığında XX əsrin əvvəllərinin romanlarının janrı təyin edilərkən “kiçik roman” formatına da istinad olunmuşdur. Məsələn, Nəriman Nərimanovun “Bahadır və Sona” əsəri kiçik roman kimi meydana çıxmışdır. Fikrimizcə, “İki çocuğun Avropaya səyahəti” əsəri həcm etibarilə kiçik romana uyğun gələn əsərlərdən də kiçikdir. Lakin bizə görə “İki çocuğun Avropaya səyahəti” əsəri heç bir halda hekayə sayıla bilməz. Əsərdəki bir neçə məktub, yaxud da konkret olaraq ayrı-ayrı ölkələrə həsr olunmuş məktublar cəlbedici bir hekayə təəssüratı yaradır. Əsər sanki eyni kompozisiya içərisində yerləşdirilmiş, biri digərini tamamlayan hekayələr silsiləsi əsasında yazılmışdır. Lakin bu hekayələrin cəmindən yoğrulmuş “İki çocuğun Avropaya səyahəti” əsəri roman hüdudlarına çatmamışdır. Əslində yazıçının mövzuya geniş epik meydan açmaq niyyətində olduğu da görünmür. “İki çocuğun Avropaya səyahəti” əsəri yalnız və yalnız əhatə etdiyi coğrafi hüdudların genişliyinə və diqqət mərkəzinə çəkdiyi problemin əhəmiyyətinə görə roman təsəvvürü doğura bilər. Əsərdə roman üçün zəruri olan çoxplanlı süjet və kompozisiya da yoxdur. Eyni zamanda, “İki çocuğun Avropaya səyahəti” əsəri surətləri etibarilə də roman janrının tələblərinə cavab vermir. Bütün bunları nəzərə alaraq, Məmməd Səid Ordubadinin “İki çocuğun Avropaya səyahəti” əsərini səyahətnamə-povest, yaxud da sadəcə olaraq povest adlandırmaq daha doğru olar. Əsər mövzusu, əhatə dairəsi, süjet və kompozisiyası, surətləri etibarilə povestdir.

Qeyd etdiyimiz kimi, “İki çocuğun Avropaya səyahəti” povesti ilk dəfə 1908-ci ildə “Təzə həyat” qəzetində əski əlifba ilə hissə-hissə çap olunmuşdur. Qərb həyat tərzini, Avropanın inkişafını təsvir etdiyi üçün sovet ideologiyası ilə uyğun gəlmədiyinə görə bu əsər kiril əlifbası dövründə çap üzü görə bilməmişdir. “İki çocuğun Avropaya səyahəti” povesti əski əlifba ilə nəşrindən sonra ilk dəfədir ki, latın əlifbası ilə oxuculara çatdırılır. Bu, müstəqillik dövrü Azərbaycan elmi-ədəbi mühitinin nailiyyətlərindən biridir. Və “İki çocuğun Avropaya səyahəti” povesti müstəqil dövlətçilik dövrünün Azərbaycan oxucusu üçün də Avropa ölkələri ilə daha yaxından tanışlıq baxımından geniş imkanlar yaradır. Bu povest-səyahətnamə Azərbaycan-Avropa əlaqələrinin tarixini öyrənmək üçün də əhəmiyyətli mənbədir. “İki çocuğun Avropaya səyahəti” povesti hazırda ölkəmizdə milli-mənəvi dəyərləri qorumaq və yaşatmaq zəminində qərbyönlü inkişaf proseslərinin tənzimlənməsinə də kömək edən, işıq sala bilən əsər kimi də böyük müasirlik imkanlarına malikdir.

İlk dəfə 1908-ci ildə “Təzə həyat” qəzetində əski əlifba ilə hissə-hissə çap olunan “İki çocuğun Avropaya səyahəti” povesti, nəhayət, indi oxuculara çatdırılmaqla öz səyahətnaməsini tamamlayır. Əsərin latın əlifbası ilə nəşri Məmməd Səid Ordubadi romançılığının səyahətnaməsini də bir növ başa çatdırır.

Elmi-ədəbi ictimaiyyətimiz üçün əhəmiyyətli olacağını nəzərə alaraq Məmməd Səid Ordubadinin “İki çocuğun Avropaya səyahəti” povestindən parçaları oxuculara təqdim edirik.

 

 

“İKİ ÇOCUĞUN AVROPAYA SƏYAHƏTİ”

 

Məmməd Səid Ordubadi

 

1907-ci sənəyi-miladi oktyabr ayının 22-sinə təsadüf edirdi. Bu gün Tehranda ikmali-təhsil edərək “Darülfünuni-Nasiriyyə”dən şəhadətnamə əxz ilə Ordubad şəhərinə qayıtmağımın beş sənəsi tamam olurdu. Bu münasibətlə məsləkdaşım Salman bəy şəhər qiraətxanasında bir ziyafət, bir yadigaranə güşad edərək Səidlərini minnətdar buyurmuşdular.

Filhəqiqət, qiraətxana zalında icma edən gənclər yüz nəfəri mütəcaviz idisə, məslək və əqidəcə yekdil-yekxəyal daha açıq müsavat aləmində, yaxud ömür içində ən qiymətli bir ömür etməyə başlamışdıq. Saat 12-yə yaxın ixvanıma (qardaşlarıma) çay və qəhvə təqdim edilib, bədə (sonra) Tehranda müqim darülfünunda bir yerdə oxuduğumuz yoldaşlarımdan bu günün münasibəti ilə çəkilən teleqrafnamələri Salman bəy tərəfindən oxunmağa başlandı.

Ən əvvəl kiçik qardaşım Mirzə Məhəmmədhüseyn xan Tehranlı, İsfəndiyar xan Şirazlı və sairlərin müfəssəl teleqrafları oxunub, kafəsinin haqqında yoldaşlarım tərəfindən lazımı təşəkkür və rizaməndi yazıldı.

...Bu aralıqda Rzayevin fabrikası başına qoyulmuş böyük saat uca səs ilə saat ikini çalmaqda idi ki, qiraətxananın xadimi də sərasimə (həyəcanlı) qapıları açıb içəri daxil oldu. Damağıma Tehran darülfünunu, Mirzə Məhəmmədhüseyn xanın ətirli havası toxundu... Bu vaxt poçta xadimi Mirzə Məmmədhüseyn xandan sifarişli olaraq bir məktub gətirdi. Filhal (dərhal) hissiyyati-hazirəm digərgün olduğundan məktubu açmaq istəmədimsə də hazır olanların xahişi üzünə məktubun açılmasına məcbur oldum.

Məktubun eyni-surətidir:

Ordubad şəhərində bəradərim Məmməd Səidə!

4 oktyabr 1907 – sənəyi-miladi.

Mehriban yoldaş! Bu gün darülfünundan qurtardığımızın beşinci sənəsinə 18 gün qalmışdır. Sənənin başında bu münasibət ilə Tehranda olan yoldaşların məiyyətində bir yadigaranə ziyafət güşad edib, indi yaxın yerlərdə olan məktəb yoldaşlarıma ziyafət üçün dəvətnamələr göndəririk. Sizin hazır olmağınızı nə qədər istəyiriksə də, qeyri-mümkündür.

Bəli, mümkünsüzdür. Bəli, iki saat bundan müqəddəm (əvvəl) İsfəndiyar xan da Şirazdan Tehrana varid olub. Yanımda hazırdır. Bu saat da kağızı poçta salıb ikimiz də “Topxana” meydanı tamaşasına getməliyik.

Şah Əbdüləzim mövqifində bizimlə vida edib Ordubada yollandığınız vaxtda alınmış fotoqrafınız da yanımızda hazırdır. Rəsminizdən ətrinizi alırıq. Amma bir böyük təfavüt vardır. O isə 21 yaşınızda alınmış rəsminizdir ki, indi 26 sinninə  çatıbsınız.

Məktəbdə, o darülürfani-alidə keçirdiyimiz günlərin, daha o qiymətdar sənələrin xatiratı könlümdə o dərəcədə nəqşpəzir (həkk) olmuşdur ki, tərifi mümkün deyil. Yadındadır, təhsilimizin üçüncü sənəsi sentyabr ayında müəllim bizə nə dərs deyirdi? Yadındamı, o halda sən mənim qulağıma nə söyləyirdin?

Darülfünunda müəllim əfəndi madam “Dasdu” nam Fransa ədibəsinin bir para ədəbiyyatını mənə tərcümə etdirib və siz məşhur Fenelenun “Şəbabiyyət və həyat səriüzzavaldır” ünvanlı kəlamını qalxıb oxuyandan sonra, – təhsildən sonra hər tövr olsa Yevropaya gedəcəyəm, – söylədiyin xəyalındadırmı?

Xəyalınız var,  “Bismillah!”.

Ziyafəti bitirəndən sonra İsfəndiyar xanın məiyyəti ilə Yevropaya səyahətə getməliyik. Xəyalınızda varsa gözlərəm. Biləks (əksinə), sənsiz Yevropa səyahətinə gedərsəm də, hicranzədə yoldaşımız Məmməd Səidi fəramuş etməyərək həftəbaşı ümum səyahətimizə dair məktublar ilə dərxatir etməyi vəd edirik.

...Məşrutə namına hər gün bir təşəbbüs, hər saat bir ictimada (toplantıda) oluruq. Məlumunuz ola ki, Tehrandan bu axırıncı məktubdur. Bir də məktubumu Yevropadan gözləyəsiniz.

Baqi cənabi-həqqə əmanət ol!

 

Kiçik yoldaşınız

Məhəmmədhüseyn Tehranlı

 

“Təzə həyat”, 4 mart 1908,

¹52, səh.3  

 

 

Birinci məktub. Berlindən

 

Hörmətli bəradərim!

Məlumunuz olsun ki, 18 noyabrda Yevropanın məhdi-tərəqqisi (inkişaf etmiş) olan Berlin şəhərinə vasil olub “Sentralni otel”də iqamət edirik.

Yevropalıların, xüsusən almanların böyük bir diqqətini mövcib olacaq, yerləri, məşğul olacaq mövqeləri varsa, o da mehmanxanalardır. Almanların milli qeyrət tərəfdarı və vətəndust (vətənpərvər) olmaları buradan qiyas edilsin ki, almanların öz lisanlarından başqa sair dil ilə danışmağa əsla rəğbətləri yoxdur.

Mehmanxananın özünəməxsus kitabxanasını da gəzib, kitablara tamaşa etdik. Zənnimcə, bütün İranda olan kitabları bir tərəfə qoyduqda yenə bu mehmanxananın kitabxanasının bir şkafını doldurmaz. Kitablar içində hər dildə kitab olub, müsafirlərin baxmalarıüçün də müsaidə verilir.

Siz çox axtarıb tapa bilmədiyiniz Viktor Hüqonun iki qitə, birisi “Övraqi-xəzan”, o biri “Səfillər” adında kitablarını götürüb oxumaqdayıq.

...Məlumunuz ola ki, həmin bu Yevropa Tehran darülfünununda oxuduğumuz Yevropa deyil. Bunların dünənki tərəqqiləri bu günə qiyas edilməyərək hər dəqiqə tərəqqi yoluna çox cəsarətlə addım atmışdılar.

Mehmanxananın içində poçta və teleqram kontoru hazır olduğundan beş verst yol gedib kağızı poçta vermək ehtiyac deyil. Mehmanxanalarda müsafirlərin ibrət qazanmasıüçün gündə iki dəfə teatr verilir.

...Sizi arzu edəcək bir yer varsa, o da türklərin Germaniyada azacıq nüfuzlu olduğu üçündür. Biz isəöz-özümüzlə türkcə danışdığımızdan almanlar bizi ziyadə sevirlər. Bizə türkcəni təlim etdikdə yəqin ki, bu saatları mülahizə edirmişsən.

 

Xeyirxahınız: 

Məhəmmədhüseyn xan Tehranlı

“Təzə həyat”, 5 mart 1908,

¹53, səh.2

Üçüncü məktub. Berlindən

2 dekabr 1907

 

Hörmətli əfəndim!

Qardaşım, məlumunuz ola ki, Berlin şəhərindən layiqincə Sizə məlumat vermək istəsəm “Min bir gecə” hekayəsi kimi bir divan yazmaq lazım gəlir. Fəqət Sizəərz edirəm ki, Berlin şəhərinin binalarının cisaməti (əzəməti) dünya memarlıq sənətinin gözəlliyi iləşöhrət və mübahat qazanmışdır. Təsisati-elmiyyənin (elmi müəssisələrin) ikmal dərəcəsinə yetməsi, caddələrin vüsət və zinəti, ədəbiyyat və mətbuatının gündən-günə parlaq və müşəşə bir hal kəsb etməsi, sənaət və ticarətinin tərəqqisi ilə Paris və Londondan və başqa cümlə cahana təvəffüq (üstünlük) etmişdir.

Bizimlə müsafirətdə (səfərdə) olan zəvatın (şəxslərin) dediyindən Berlində olan elmi tərəqqilər, sənəti və ticarəti sair Yevropa paytaxtlarına qiyas etmək olmaz. Bütün elmi və fənni (texniki) işlərdə məharət yetirmiş bir alim Berlinə gələrsə, almanlar kimi mütərəqqi (inkişaf etmiş), mədəni bir millət bütün dünyada görülməz, – söyləyəcəyi bədihidir (şübhəsizdir).

Almanların cisamət vəşücaətlərinə daha açıq qiyafəti-əskəriyyələrinə baxıldıqda bunların bir seyfi-bürran (iti, kəsici qılınc) sahibi olduqları meydana çıxır.

Ədib vəşairlərinin hər yerdəşöhrətə nail olacağından, mətbuatlarının bir fövqəladə tərəqqidə (inkişafda) olduğundan bütün cahani-bəşəriyyətə elm ilə, qələm ilə kölgə salmaq xəyalındadırlar.

Bəli, qələm ilə seyfi (qılıncı) birləşdirib ümumun qarşısına çıxmaq cəsarətinə malik olan bir millət varsa ancaq almanlardır.

Bizimlə səyahət edən almanlar; bizim millətin yüzdə səksən hissəsi oxuyur, həm də yazır, – söyləyib.

Almanların ülumi-əqayidi, elmi-şəriəti o dərəcədə tövsi edilmişdir (inkişaf etmişdir) ki, bir neçə zatın himmət və mərdanəliyi ilə elmi-ədyan (dini elmlər) o dərəcə nəşr və təşrih edilmişdir ki, yüz yaşında qocalar deyil, səkkiz yaşında təbliqatlı alman balaları da elmi-şəriətin nə olduğunu beşikdən ana qucağına atılan kimi düşünmüşdülər.

Berlinin Elmi-hüquq Akademiyası, Dillər darülmaarifi, elmi-asari-qədimə cəmiyyəti həştad nəfər fərasətli və dirayətli müəllimlərin öhdəsinə verilib. Hökumət və millətin də milyonlarca pulu kamali-məmnuniyyətlə bu yollarda sərf edilməkdədir.

Ülumi-tibbə gəldikdə dünyamızda heç bir darülmaarif Almaniyanı təqib edə bilməmişdir (keçə bilməmişdir).

Berlinin botanika bağçası, təşrihxanası dünyanı heyrətdə qoyduğu kimi, sair Yevropa millətlərini də qibtə məqamına gətiribdir.

Berlində bir nümunə təşrih dairəsi də məqami-vücuda qoyulmuşdur ki, almanlar üçün başlıca nafe bir əsasdır.

Berlinin elmi-heyvanat muzesi bəşəriyyətin nə payədə (dərəcədə) müdəbbir və müqtədir olduğunu daha Xüdavəndi-zülcalalın bəşəriyyət başında olan hikməti-baliğəsini insanlara isbat etmişdir.

Berlində elmi-mədəniyyat o payədə (dərəcədə) isbati-vücud etmişdir ki, almanları kürreyi-ərzdə bir dağ yoxdur ki, bizim mühəndislərin müayinəsinə təsadüf etməsin, iddiasına mütəcasir qalmışdır.

Burasını da Səidə söyləməliyik ki, Berlin darülfünunlarında o qədər dəəcnəbi tələbəsi görə bilmədik. Buna səbəb isə, Almaniya dilinin fransız dili kimi ümumun qəbuluna məzhər olmamasıdır.

Darülfünunlarda Osmanlı-türk tələbələri görünürsə də, Germaniya ilə Osmanlının həmticarət olmasından naşidir.

“Təzə həyat”, 7 mart 1908,

¹55, səh.2

 

(Ardı var)

 

 

 İsa Həbibbəyli,

Naxçıvan Dövlət Universitetinin

rektoru, akademik

 

525-ci qəzet.- 2012.- 9 noyabr.- S.26-27.