İRADƏƏ

 

İnsanın kimliyini onun başqalarına olan münasibəti ilə müəyyən etmək lazımdır. Mənə yaxşı olan, amma başqalarına pis olan yaxşı insan sayıla bilməz.

Mən onu başqalarına olan münasibətdə tanımışam. 

Şəxslər haqqında ilk dəfə ondan yazmışam. Onda şəxsi tanışlığım yox idi.

Onu verilişlərindən, filmlərindən və məqalələrindən tanıyırdım. Adi təsadüf onun haqqında yazmağa səbəb oldu. Məqaləni çap etmir, çünki dostu haqqında bir-iki kəlmə haqlı olaraq tənqidi fikirlər yazmışam. Amma o, dostu bütün hallarda müdafiə etməyi haqlı bilir. Bu, xarakterdir...

“Xarakter intellektin deyil, iradənin əsasında dayanır. Xarakter həmçinin niyyətin və münasibətlərin fasiləsizliyidir”. 

 

lll

 

Bir daha yazmayacağıma söz vermişəm. Yazanda ürəyim, yazandan sonra başım ağrıyır. Başı olmayanlar başıma ağıl qoyurlar, başımda da ağıla yer yoxdur.

Yazmaq ürək məsələsidir, yazanda ürəyindən sözləri qələmlə bıçaq kimi kəsirsən – ürəyini verirsən, çoxlarının ürəyini alırsan. Amma hələ özümə söz verməmişdən əvvəl “Yol romanı” haqqında yazacağıma qərar vermişdim.

Çünki bu günə qədər ədəbiyyatımızda olmayan texnikadan və sistemdən istifadə edilmişdir.

Ürək məsələsi çətin məsələdir, məsəl çəkə-çəkə təskinlik tapırsan. Sözümü tuta bilməyəcəm, ürəyim üstələyir, ürəyim yenə əlimi çəkir qələmə. Yenə başladı – özünə qapılma, söz davası, kiminsə salamına diksinmək, gedəcəyin yerə nə zaman çatdığının fərqində olmamaq. Yazacam...

İradə xanıma zəng edirəm, onu görmək istədiyimi deyirəm. İşdə saat birdən sonra olacağını deyir. Baş redaktor oldun belədir də... İşə saat birdə gəlmək olar. Onsuz da bu gün baş verənləri qəzet sabah xəbərləyir. Xəbərçilər də xəbəri sabaha saxlamır.

 “Ədalət” qəzetinin yerləşdiyi mərtəbədəyəm –  Ədalətin mərtəbəsində. Çoxlarının heç zaman qalxa bilmədiyi mərtəbə. O isə Ədalətin baş redaktorudur.

Ceyhun Musaoğlu ilə qarşılaşıram, baş redaktorun hansı otaqda əyləşdiyini soruşuram. Ceyhun məni çox mehriban qarşılayır, baş redaktorun kabinetinə qədər yol yoldaşı oluruq. Mən insanları birinci dəfə görəndə ya qəbul edirəm, ya da qəbul etmirəm və sona qədər də belə davam edir. Ceyhuna qanım qaynayır....

 

lll

 

“Yol romanı”nın təqdimatındayam, təqdimata dostlarımla birlikdə qatılmışam. Keçib yerimi tuturam, keçən dəfəki təqdimatda əyləşdiyim yeri – harda daha çox az görünə bilərəm oranı. Keçən dəfəki təqdimatda keçən danışıqları bir daha dinləyirəm.

Aqil Abbas qonaqlara kitab paylayır, hamıya çatsın deyə mən kitab götürmürəm. İradə xanımla görüşmək səbəbim “Yol romanı”nı ondan götürməkdi.

Kabinetinə daxil oluram, bilgisayarın qarşısındadır, nəsə yazır, əyləşmək təklifini gözləyirəm, diqqətini bilgisayardan ayırıb üzümə baxır və hökmlə:

– Əyləş də...

Özümü itirmişəm, bütün sözləri unutmuşam, nə danışacağımı bilmirəm. Birtəhər özümü toparlayıram, dostlarını topa tuturam, diqqətlə qulaq asır. Mənsə divardakı rəsmə baxa-baxa danışıram. Səsinə diksinən kimi oluram:

– Üzünü mənə tərəf çevir.

Utana-utana ona baxıram. Böyük gözləri bir az da böyüyüb:

– Ağ eləmə də, Rza.

Məşədi İbadın sözləri yadıma düşür – heç hənanın yeri idi. Çıxış yolunu tez getməkdə görürəm. Kitabı alıram və sağollaşırıq.

 

lll

 

Yazmalıyam, necə, özümü tanımıram – ilham pərisi çiyinlərimdə yoxdur! Bir həftədir əlimdə qələm ağ vərəqlərlə üz-üzə qalmışam, hardan başlayım nə yazım, necə yazım. Elə başa düşməyin ki, yazmağa nəsə yoxdur, yoox, əksinə çoxdur, amma hər şeyi yazmaq olmur, inanın – olmur.

İndi kimsə kiminsə kitabını oxumadığı zamanda İradə xanım öz kitabını yazıb. Çoxları bu kitabı öz kitabı kimi oxuyur, oxumayanlar da oxusalar öz kitablarını oxuyacaqlar. Çünki İradə xanım öz həyatını, öz yaşantılarını qələmə alsa da, romanda ümumi cəhətlər, yaşantılar eynidir. Hər kəs bu romanda özünü tapa bilər-itirdiyi günləri, yaşaya bilmədiyi arzu- istəkləri, çata bilmədiyi məqsədləri. İradə xanım insanları özününkü edə bilib, insan talelərini özününküləşdirə bilib.

Romanda bir çox insan talelərindən bəhs edilib. İnsan taleləri, yaşantıları sintez edilib, müqayisə aparılıb, insanı çox uzağa – keçmişə, bu günə, gələcəyə aparıb. Hər yerdə insanın eyni, oxşar hisslər yaşadığını göstərib. Kimisi taleyini gizlədib – gizli yaşayıb, içinə çəkilib, içində çəkib. Kimisi taleyindən qaçıb – qaça-qaça yaşayıb, qaça bilməyib.

 

lll

 

 Ən yaxşı şərh və təhlil də romanı və yaxud mətnin özünü əvəz edə bilməz. Buna görə mən də romanı şərh və təhlil etməyəcəm. Amma bu günə qədər işlənməyən hermeneftik texnikadan və sistemdən az da olsa yazacam.

 ”Yol romanı”nda sözlərin, cümlələrin, abzasların ardıcıllığı – keçidlərdə “ayaqvermə” o qədər peşəkar işlənib ki, bu müəllifin televiziya təcrübəsindən və təxəyyül coğrafiyasının böyüklüyündən, genişliyindən xəbər verir.

”Yol romanı”nda hissələr bütövün əsasında anlaşılır, bütöv isə hissələrin daxili harmoniyası kimi başa düşülür.

”Yol romanı”nda hissələr ayrılıqda bir bütöv, daha bütövün içində bir hissəyə çevrilir.

”Yol romanı”nda hissələr ayrılıqda bir bütöv məna kəsb etdikləri halda, daha bütövün içində yardımçı və təminedici fikir funksiyasını daşıyırlar.

”Yol Romanı”nda hissələr ayrı-ayrılıqda başqa mənalar daşısalar da, birləşdikləri zaman başqa bir məna və məzmun yaradırlar.

Məsələn: Müəllif öncə Türkiyə ləhcəsindən təminedici məqsəd üçün istifadə edir, sonra isə türkiyəli məşhur yazar Orxan Pamukun mətnlərindən.

Bir çoxları ondan roman yazmağın texnikasını və sistemini öyrənsə yaxşı olar. Öyrənin, cocuqlar, öyrənin. Öyrənmək heç zaman gec deyil....

 

lll

 

Bir neçə kəlmə də müəllifin dil üslubu haqqında yazmaq istəyirəm.

İradə xanım publisistikada populyar dillə  bədii və obrazlı dili sintez etdi.

Dil, xüsusən də obrazlı dil – çətin, bədii ifadə olunanın verilməsi üçün əsasdır. Həm də yazar yaşadıqları ağrılardan, əzablardan o zaman qurtulur ki, onları bədii, obrazlı dillə ifadə edə bilir.

Roman yazmaq üçün obrazlı dil çox böyük əhəmiyyət daşıyır. Deyilən sözlərin içində sözlə deyilməyən sözlərin çoxluğu müəllifin bədii və obrazlı dilinin və təfəkkürünün göstəricisidir ki, bu gün ədəbiyyatımız bunun yoxluğundan əziyyət çəkir.

Müəllif sözləri, cümlələri sıxlaşdırır, qatılaşdırır, amma qəlizləşdirmir, bu da onu başa düşməyə kömək edir.

Müəllifin dili boş söhbətlərdə, çeynənmiş sözlərdə, laqqırtıda və söyüşlərdə ifadə olunmur, o hər bir hadisəni bədii və obrazlı ifadə etməyi bacarır, bu da müəllifin dilinin və onun daxilən necə zəngin olduğunun göstəricisidir.

Müəllif reallığın sözlə təsvirini lazımsız fotoqraf dəqiqliyi ilə yox, rəssam ümumiləşdirməsi ilə verməyi bacarır.

Müəllif bütün sözlərdə  və cümlələrdə demək istədiyini ifadə edə bilib. Bütün sözlər və cümlələr müəllifin demək istədiyi ilə üst-üstə düşür.

Məsələn, Aqil Abbasın “Bakıda çexoxbilini daha yaxşı bişirirlər” deməsinə müəllifin çoxmənalı cavabı var: – Aqil, Bakıda çoooox şeyi yaxşı bişirirlər...

 

lll

 

“Müəllifin əsəri danışmağa başladığı zaman özü susmalıdır”.

Bu gün ədəbiyyatımız  “ayağını çəkir”. Yazarlar çoxluğu yaranıb, yuxusunu yazanlar yuxusuz yazarları üstələyib. Elə dövrdə yaşayırıq ki, hər kəs özünü dahi, özünü birinci sayır. Heç kəs heç kimi etiraf və təsdiq etmir. Çoxları məndən başqa kimsə yoxdur – prinsipi ilə prinsipsiz yaşayırlar. Bir-iki aya roman yazırlar – sonra başlayırlar istedadlarından dəm vurmağa:  Bir aya roman yazmışam, amma acından ölürəm, dövlət mənə yiyə durmur. İstedadlı insan isə heç vaxt şikayət etmir, o susmağı bacarır.

 

lll

 

“İstedadlı olmağın cəzası tənhalıqdı”.

İstedadlı insan qəribə insandır, bu dünyanın qəribidir. Çoxları onu başa düşmür, o da bu dünyadan baş açmır, dünyanı qəribçiliyə salır.

Yaradıcı insan çox vaxt milyonların içində tək, tək olanda da tənha olur. Bu zaman aləm bir-birinə dəysə də sən öz aləmində olursan. Nə kimsəni görürsən, nə də eşidirsən. İsmin çəkilməyənə qədər haldan-hala düşürsən, sonra halın qalmır, bir neçə gün halsız gəzirsən. Yerini dəyişirsən, yer dəyişmələr edirsən, söz yerinə düşməyənə qədər yersiz qalırsan, yerdə yer tapmırsan, sığınırsan göyə, rəngin göyərir söz göyərənə qədər. Sonra olursan dünyanın ən xoşbəxti və sənin xoşbəxtliyin çoxlarının gözündə çox ucuzdur.

Bu gün çoxları pulun işığına yığışır, sözün işığına yığılan çox azdır. Əsl söz adamı isə gözlərinin nurunu sözə qurban verir. Söz qiymətdən düşüb, doymayan gözləri söz açmır daha.

 

lll

 

Qələm elə bir şeydir ki, onu gərək düz tutasan, düz yazasan, düzü yazasan, elə ki bir az əyildin, ömür boyu əyilirsən. Qələm əyiləndə boğaza və qarına xidmət edir, olursan xidmətçi. Əsl yazıçı heç zaman qələmi əyri tutmur, heç zaman əyilmir, əyri yazmır, dik dayanır, dayanacağı düz olur, düzdə qalır.

 

lll

 

Alın yazısını pozmaq mümkün deyil. İnsan ancaq yaşadığı qədər alın yazısını poza bilir. Ölüm alın yazısının nöqtəsidir. Yaşadığımız ömür zamanında çox ölüb-dirilirik, ömrümüzdə çox nöqtələr olur. Həyatımızdakı nöqtələr....

 

lll

 

Hər kəsin həyatında səhvlər və doğrular var. İnsan etdiklərinə haqq qazandırır. Hər kəsin yaşamaq haqqı var – çaqqalın çaqqal kimi, qurdun qurd kimi. Etdiklərinə haqq qazandırmasa, yaşaya bilməz insan. Hər kəs etdiklərinə haqq qazandıra-qazandıra haqdan uzaqlaşır. Hər kəs haqq-nahaq yaşayır.

İndi haqqın işığında adamın haqqını gözüyumulu yeyirlər. Müəllifin haqqını çox yeyiblər, müəllif hüququ qazanıblar. Bir çoxları İradə xanımın fikirlərini, yazdıqlarını, müsahibələrini oxuyub sabah qolun-qıçın sındıra-sındıra yazırlar, müsahibə verirlər.

 

lll

 

Gözləri çox yer tutsa da, onun heç kimin yerində gözü yoxdur.

Ondan mədəniyyət kanalına yaxşı rəhbər olar. Amma indi qabiliyyətinə və istedadına görə kimi qiymətləndirirlər ki? İndi qiymətləndirmənin ölçü vahidi çox dəyişikdir, gərək hər gün dəyişməyi bacarasan.

 

lll

 

Yana-yana yaşayıb, çoxlarına yanıb, çoxlarını yandırıb.

İnsanın yaşadıqları – itirilmiş ömür, yaşanmış ömür, yaşanacaq və itiriləcək ömürə bələdçilik edir,  qoymur onu başqa cürə yaşamağa.

Müəllif “Yol romanı”nda yazdıqlarının müəllifidir, amma yaşadıqlarının müəllifi deyil. İnsan həyat ssenarisini özü yazmır, yaşadıqları yaşamaq istəmədikləridir. Yaşamaq istəmədiklərini yaşayan insan yaşamaq istəmir. Sonra anlayır ki, indi onu yaşadan yaşamaq istəmədikləridir.

 

lll

 

Müəllif romanında yaşadığı illəri səfərə çıxdığı günlərə sığışdırıb.

Yaradıcı insan olmaq və yaradıcı insanın həyat yoldaşı olmaq çox çətindir.

Hər kəs çətinə dözmür. Çoxları yarı yolda qalır, yarsız qalır.

İradə xanımı başa düşmək üçün Aqil Abbası tanımaq lazımdır. Aqil Abbası qiyabi tanıyırdım. Onun ssenarisini yazdığı “Dolu” filmində çəkilirəm. O da tez-tez yaradıcı heyəti ziyarətə gəlir. Aqil müəllimi yaxından tanıyıram. Aqil Abbas başqa aləmdir, söhbətləri ilə beş dəqiqəyə aləmi qatır bir-birinə.

Çəkiliş zamanı iyirmi kilo çəki itirdim. İyirmi kilo çəki itirməyimin yarısının səbəbi –  rejissor Elxan Cəfərovun məni bir kadr üçün iyirmi dubl qaçırmağı idisə, yarısına səbəb isə Aqil müəllimin söhbətləri oldu.

Məndə belə bir düşüncə var ki, əliaçıq, səxavətli insanlar ürəyi təmiz yaxşı insanlardır və belə insanların pulları xərclədikləri qədərdir, pulları çox olmur. Çünki bu gün çoxları pula görə hər şeyi edirlər, pul onlar üçün hər şeydir. Pul yoxdursa, onlar da yoxdur.

Aqil Abbası həmişə sentimental çıxışları ilə tanımışam. Amma onu reallıqda həm də ruhsal biri kimi tanıdım, zəmanə, dövr onun ruhundan çox şey alsa da.

Çox vaxt ruhunu sakitləşdirmək üçün ruhuna “zəhrimar” qatır. Baxışlarımı tutur:

– Rza, bu zəhrimar olmasa, çoxdan ölmüşdük bu dərd-sərlə.

Aqil Abbasın ən çox xoşuma gələn fikri: “Ola bilər ki, mən uşaqlarıma var-dövlət qoyub getməyim, amma mən onlara dünyanın ən böyük var – dövlətini, nemətini vermişəm, onları Məmməd Arazın nəvəsi etmişəm”.

 

lll

 

Onu  da sevməyənlər var, bu normaldır, amma onu qərəzli sevməyənlər də var, bu isə normal deyil. Bəziləri Məmməd Arazın qızı olduğu üçün, bəziləri isə Aqil Abbasın həyat yoldaşı olduğu üçün sevmirlər onu. Onu gözdən salmaq istəyənlər, zərbə vurmaq istəyənlər var – kimisi bunu açıq edir, kimisi gizli. Öyrəşib bunlara artıq. Bəzilərinin zərbəsinə cavab verir, bəzilərinin zərbəsini qulaqardına vurur, yəni ”blok edir”. O, yaxşı “blokçudur”, zərbədən yayınmağı bacarır. Çoxları “zərbəm keçib” deyə bayram etdkləri zaman o gülümsəyir.

 

lll

 

İyirmi il bundan öncə peşəkar idmana yenicə başlamışdım. Müəllimim idmanın əsaslarını, yəni texnikasını və fəlsəfəsini çox gözəl bilirdi. O vaxt avtobuslarda çox sıxlıq olardı. Bir gün dörd-beş cavan oğlanla müəllimimin avtobusda mübahisəsi düşdü, cavanlar müəlimimi çəkib avtobusdan yerə saldılar və ona təpik, şillə atdılar. Müəllimim cavab vermədi, belə desək- qaçdı döyüşdən. Mən də bunu gördüm. Müəllimim özünü heç onda qoymadı, çıxıb getdi. Uşaqları saldım təpik-şillənin altına, axşam da məşqə getdim, müəllimim dedi:

– Bu gün fiziki məşqlər etməyəcəyik, amma bu gün öyrənəcəyimiz bütün məşqlərimizin əsasını təşkil edir. Mən sizlərə bəzi şeylər göstərəcəm. Uşaqları göndərdi gedib üzlük daşlardan beş-altısını gətirdilər. Daşları üst-üstə qoydu, bir zərbəyə hamısını sındırdı və baxdı mənim üzümə, mən də dərsimi götürdüm. Daha sonralar blokları öyrənəndə anladım ki, müəllimimə heç zərbə dəyməyib.

 

lll

 

Kimisi yol çəkir, kimisi yol kəsir.

İstedadlı insanlar azdır və bu azlığın çoxluğunun da istedadı paxıldır. İstedadı paxıl olanlar ömür boyu başqa istedadların üzə çıxmasını istedadlı alırlar. O isə istedadı olanların üzə çıxmasına həm mənəvi, həm də gücü çatdığı qədər maddi yardım eləyir.

Mənim də tərcümeyi-halımda önəmli yer tutur. Onun sayəsində məni artıq məclislərdə yazar kimi təqdim edirlər.

Çətin anlardı, düşmənlərimə pas vermişəm. Bir həftə olar ki, bütün mətbuat məqaləmi şərh edir, tərəfini tutduqlarımın yan-yörəsində olan çaqqal-çuqqal üstümə gəlir, danışmadıqları böhtan, üstümə yaxmadıqları şər qalmır. Mənsə çoxdanın Yalquzağıyam, kiməsə şikayət etmirəm, nə də halımdan gileylənirəm.

“Dostlar” gizlənib, bütün günü xahişdə bulunanların və yarınmaq istəyənlərin səsi batıb. Telefonuma zəng gəlir, İradə xanımdı:

– Rza, bunlar səndən elə-belə əl çəkməyəcəklər, bəlkə mən yazım bir şeylər.

– Yox, İradə xanım, mən hələ o qədər böyüməmişəm siz mənim haqqımda yazasınız.

Səhəri ONUN qəbrini ziyarətə getmişəm. Telefonuma zəng gəlir, Aqil müəllimdi:

– Rza, necəsən, məqaləni yozublar, sənə dəyib- toxunan yoxdur?

– Mənə niyə toxunsunlar ki, qəzetin baş məsləhətçisi sizsiniz.

Aqil müəllim gülür:

– Rza, narahat olma, ölməmişik.

Onun haqqında onu tanımaya-tanımaya yazmışdım. İndi şəxsən tanışıq, onları yaxın, doğma insanım kimi qəbul edirəm. Onlar da mənə bu münasibəti göstərirlər.

 

lll

 

Keçək əsas məsələyə – gün hardan çıxmışdı, bilmirəm, İradə xanım deyir ki, bu yazıya qonorar yazacam. Nə qədər qonorar yazacağını soruşmuram. Çünki biri həmişə eyni saç ustasına gedir. Saç ustası da müştərisini yaxşı tanıyır. Müştərinin saçını vurub bitirir. Müştəri yenə həmişəki kimi soruşur:

– Nə qədər pul verməliyəm?

Saç ustası bu dəfə dözmür,  deyir:

– Sən başının qiymətini məndən yaxşı bilirsən.

 

lll

 

Yazılarında mahiyyət və məzmunca türk ruhuna sadiq olan Orxan Pamuk ödül almaq üçün zamanında Türkiyənin xeyrinə danışmadı, düşmən mövqeyində dayandı. Nə qədər ki, bizi başqaları qiymətləndirəcək, biz də başqalaşacağıq.

Türkə düşmən kəsilən erməni jurnalistini cəhənnəmə vasil edən igidimiz, məhkəmə zalına aparılarkən üzünü jurnalistlərə tutub dedi:

– Akıllı ol, Orxan Pamuk, akıllı ol!!!l

İnsan yaradıb bu oyunu, kimisindən ötürmə alırsan, kimisini aldadırsan, kimisinə aldanırsan, topu qapıdan keçirirsən, sənin adına yazırlar topu, on oyunçunun haqqını yeyirsən, üstündən də su içirsən.

Ya da topu aparıb qapı xəttinin üstünə qoyursan, qapıya vurmursan, başqası gəlib vurur. Ya da qapıya vurmayıb başqasına ötürmə verirsən, o vurur, top onun adına yazılır.

Qapıda durursan, qapıya vurulan topların çoxunu tutursan, qapıdan keçəni də olur. Qələbə tutulan toplarla yox, qapıdan keçən topların sayına görə müəyyən olur. Qapıdan keçən toplar sənin hesabına yazılır – filan qapıçı qapısından bu qədər top ötürüb.

Ədalətli, vicdanlı olmaq istəyirsən. Zaman gəlir unudulur bunlar, üzünə ağ olurlar, eşitdiyin kəlmə acı olur: Ağlın var idi, etməzdin...

 

lll

 

Mənə görə ad məsələsi çox önəmlidir. Yazılarımın öncə adını kəşf edirəm, ad nə yazacağımı müəyyənləşdirir. Ad yazının gərək məzmun və mahiyyətini  özündə tam ifadə edə bilə. Bu yazıya bir çox adlar kəşf etmişdim, amma yaza bilmirəm, ad tapmıram bu halıma. Məncə, hər şeyi öz adı ilə demək lazım, öz adı ilə çağırmaq lazımdır. Mən də onu öz adı ilə çağırdım, dönsə də, dönməsə də – İRADƏ.....P.S. Çoxları səni başa düşməyəcək – YAZIÇI. Çünki sən həqiqətləri söyləyirsən. Onlarasa həqiqətsiz yaşamaq daha asandır. Onları çətinə salma!

“525”dən: 9 noyabr  Bayraq günüdü. 9 noyabr həm də İradə Tuncayın doğum günüdü. İradə xanım çağdaş Azərbaycan mediasında Sözü Bayraq kimi başı üstündə tutan, Sözü Bayraq kimi hər şeydən uca bilən az-az qələm adamlarındandı. Yaxşı ki, Söz var, yaxşı ki, Sözün qüdrətinə inanan insanlar var, yaxşı ki, Sözün keşiyində duran, onu qiymətdən düşməyə qoymayan qələm sahibləri var.

Doğum gününüz mübarək, İradə xanım!

 

 

Rza RZAYEV

 

525-ci qəzet.- 2012.- 9 noyabr.- S.24-25.