“Açığını deyim ki, ədəbiyyat oxumuram”

 

Yazıçı Afaq Məsudun Kulis.az internet jurnalına müsahibəsi

 

- Bioqrafiyanıza baxdıqda yaşıdlarınıza nisbətən tez məşhurlaşdığınızı görürük. 80-ci illərdə artıq yazıçı kimi özünüzü təsdiq etmişdiniz. Hətta bəziləri elə bilir ki, yaşınız çoxdur.

- Bunu çoxları deyir. Mənim özümə də elə gəlir ki, mən fiziki ömrümdən daha uzun ömür yaşamışam. Amma harada, necə, onu bilə bilmirəm. Bu, ola bilər ki, ömrümün əsaslı hissəsini yazılarımda keçirməyimlə bağlıdır. Məşhurluğa gəlincə, düşünürəm bu Allahın işidir. Quranda bu barədə ayə də var. Səhv eləmirəmsə, «Şairlər» surəsində. «Qələm verdiklərimizi görsünlər deyə, deyərik: «Görün onu». Digər səbəb olsun, bir vaxtlar deyildiyi kimi, Azərbaycan ədəbiyyatının qəbul olunmuş ənənəvi çərçivələrini dağıtmağımdı. Bu barədə ən çox 80-ci illərdə - «Sərçələr», «Dovşanın ölümü», «İzdiham» və sair bu kimi yazılar yazılan dövrlər deyirdilər. «Çərçivələrin dağıdılması» dedikdə yəqin ki, nəzərdə dilə gətirilməsi o dövrlərə qədər yasaq olunanların yazılması idi. Söhbət insanın özünün özünə etiraf etmək istəmədiyi, yaxud, bunu edə bilmədiyi gizli psixoloji məqamlardan gedir. Mən heç vaxt bunu şüurlu şəkildə eləməmişəm, sadəcə, ayrı cür yaza bilməmişəm.

- İlk hekayəniz nə vaxt çap olunub?

- 1977-ci ildə. “Həsən əmi” adlı hekayə idi. “Ulduz” jurnalında çap olunmuşdu. Onda mən tələbə idim, üçüncü kursda oxuyurdum. Dünyanın bozluğundan bəhs edən bu hekayəni mərhum Yusif Səmədoğlu (o zaman jurnalın baş redaktor o idi) düzəlişsiz-filansız nəşr etdi.

- İxtisasınız nədir?

- İxtisasca jurnalistəm. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Bu yaxınlarda oğlumla yazıçılıq barədə söhbət edərkən o: “Yazıçılıq nə peşədi? İnsan daim fikirləşməli, beyninə əziyyət verməlidi” deyəndə, «Axı yazıçılıq peşə deyil?!..» dedim. Həqiqətən də, peşə odur ki, onun təhsil sistemi var. Məsələn mühəndisliyin, həkimliyin, müəllimliyin və sair. Yazıçılığın, şairliyin isə məktəbi, təhsil mexanizmi yoxdu, bu ixtisas deyil. Olsun ki, bu, rütbədir, az-çox qələmi olanlara verilir. Hansısa xidmətlərinə görə. Bu da Allahın işidi.

- Sizi dilinizin nahamarlığına, kobudluğuna görə tənqid edirlər...

- Bir vaxtlar yazdıqlarımı nəşrə verməmişdən əvvəl mütləq Natiqə (mərhum tərcüməçi Natiq Səfərova-Kulis.az) göstərirdim ki, baxsın. Natiq gözəl ədəbiyyatçı idi. Hər dəfə yazını oxuyub bitirəndən sonra gülə-gülə: Bu möcüzədir – deyirdi, - baxırsan ki, cümlə redaktə olunmalıdı, sözlər yerində deyil, amma elə ki, toxunursan, bir sözü burdan götürüb o biri yana qoyursan, cümlə ölür, mətn sehrini itirir». Məncə də ədəbiyyatda dil faktoru önəmli deyil. Əlbəttə, yazıçı ədəbi dil normalarına riayət etməlidir, amma tək bir bununla yazılanların adını «ədəbiyyat» qoymaq düz deyil. Məhz bu səbəbdən bu gün Azərbaycan dilində naxışlı cümlələr yaza bilənlərin sayı gün-gündən artır və artdıqca da «yazıçı» adı uğrunda qanlı savaşlar gedir. Bu gün qələmi olan bir qisim gənclərimizi çaşdıran da budur. Bunu bir dəfə də demişəm, lakin «təkrar biliyin anasıdır» deyirlər. Ədəbiyyat - gözəl cümlələr yığnağı, hadisələrin bədii təsviri deyil. Bu ilk növbədə, İlahi işığın daşıyıcısı olan xüsusi növ mətnlərdir ki, onlar odda yanmır, Zaman küləklərinin tozanağından bozarmır. «Don Kixot» kimi, «Qarqantua və Pantaqruel» kimi, «Leyli və Məcnun» kimi…

- Siz xalq yazıçısı Əli Vəliyevin nəvəsi, ədəbiyyatşünas Məsud Əlioğlunun qızısınız. Babanız sizin yaradıcılığınıza necə təsir edib? Amma əsərlərinizi oxuyanda görürük ki, siz tamamilə başqa nəsrin davamçısısınız...

- Bu yaxınlarda “Budağın xatirələri” romanını redaktə edirdim. Kitab Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə yenidən işıq üzü görəcək. Bu romanı əvvəllər də oxumuşdum, bu dəfə redaktor qismində daha diqqətlə oxumalı oldum və babam olduğuna görə demirəm, bu qənaətə gəldim ki, Əli Vəliyev biz düşündüyümüzdən qat-qat maraqlı və ciddi yazıçıdır. Əsərin mövzusuna gəlincə, inqilabdan əvvəlki və sonrakı dövrlər, sovet hakimiyyətinin qurulması illəri, qolçomaqlarla mübarizə, həyata yeni gözlərlə baxan gənc kommunistlər və sair bu kimi, məqamlar ilk baxışda adama «zamanı ötmüş» kimi görünsə də, alt qatdan sızan canlı həyat – az qala salnamə effekti verən insan taleləri, yeni quruluşun məhv etdiyi bəy ailələrinin qısa, təsirli tarixçələri, yazıçının öz bioqrafiyasıyla bağlı səmimiliyi, kimsəsizlik və itki ağrıları və sair öz diriliyi, yazıldığı məqamların ağrılarını özündə saxlaması qüdrəti ilə məni heyran etdi. Mən Əli Vəliyevin yaxşı yazıçı olduğunu bilirdim, ölməz və əbədi mətnlər müəllifi olduğunu isə yalnız indi anladım. Bu gün dünya ədəbiyyatı xəzinəsini mükəmməl şəkildə ələkdən keçirəndən sonra «Əli Vəliyev ölməz mətnlər müəllifidir» demək elə də asan məsələ deyil. O ki, qaldı mənim onu davam etdirməyimə, məncə, bizi nəsrdə bir araya gətirən nə isə var. Amma onun nə olduğunu hələ dəqiq anlaya bilmirəm.

- “Budağın xatirələri” əsərində redaktə zamanı düzəlişlər etdinizmi?

- Bir qədər təmizləmə işi apardım. Xırım-xırda düzəlişlərdi. Yazıçının yeniyetməlik dövrlərini təsvir edən fəsilləri isə göz yaşlarsız oxuya bilmədim. Orda havanın ayazı da, torpağın nəmi də ata-anasını, qohum-əqrabasını faciəvi şəkildə itirib çöl-biyabanlarda yalquzaq kimi tək tənha qalmış yeniyetmə Budağın ağrılarıyla bir sızıldayır. Bax, ədəbiyyat budur. Cümlələr sadə və qısa, təsvirlər aydın və təsirlidir. Mətn əzəli və dəyişməz insan saflığı, ilahi ağrılar və nisgillə doludu.

- Yazdığınız hekayələr babanızın xoşuna gəlirdi?

- Bunu bilə bilmədim. O, sözün əsil mənasında, zəhmətkeş idi. Günün əksər hissəsini yazı masasının arxasında keçirirdi. Hətta bildiyimə görə yay ayları istirahət evlərində onunla bir dincələn yazıçıları da işləməyə vadar edirdi. Qalan vaxtlarını o, uzaq dağ kəndlərindən evinə axışan adamların problemləri ilə məşğul olurdu. Evi, həyəti daim adamla dolu olardı. Bu qədər vacib, əhəmiyyətli işlərin arasında mənim hekayə yazmağım yəqin ki, onun diqqətini cəlb eləmirdi, amma ara-sıra görüşdüyümüz zaman zarafatla mənə: “Salam kolleqa” deyə müraciət eləməyindən yazılarımı oxuduğunu anlayırdım. Bəlkə də o, mənim hekayə yazmağıma bir o qədər də ciddi yanaşmırdı, bunun ötəri həvəs, yaxud baş qatma olduğunu düşünürdü. Hər halda mən özüm də onun marağına, yaxud diqqətinə ehtiyaclı olduğumu xatırlamıram.

- Neçə vaxtdır kitab buraxmırsınız. Səbəb nədir?

- Tez-tez kitab buraxmağın, oxucuların zəhləsini tökməyin əleyhinəyəm. Bir də bununla məşğul olmaq lazımdı, mənim isə buna vaxtım yoxdur. Təsəvvür edin, iki cildliyimi nəşrə hazırlamağa düz iki ilim getdi. Düzdü, arada bir nə isə qaralamağa imkan tapırdım, amma tamlıqla özünə qapılmaq olmur. Kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunur, yaxın günlər işıq üzü görməlidir. Bura erkən və son hekayələr, romanlar, pyeslər, esse və məktublar, müsahibələr və əlbəttə ki, “Duyğular imperiyası” silsiləsi daxil edilib.

- Son kitabınız nə zaman çap olunub?

- 2004-cü ildə «Yazı» adlı kiçik kitabımı nəşr etdim. Bu, latın qrafikasına keçəndən bəri çap etdirdiyim ilk kitabımdı. Bu ilin aprelində isə seçilmiş əsərlərimin toplandığı «Roman-rasskaz» adlı rus nəşri işıq üzü gördü. Kitabın tərtibçisi və redaktoru moskvalı təndiqçi-jurnalist Lyudmila Lavrovadır.

- Ədəbiyyatda qadın və kişi ədəbiyyatı bölgüsünə münasibətiniz necədir?

- Bu bölgü mənə həmişə bizim məclislərdə tez-tez rast gəlinən kişi-qadın bölgüsünü xatırladır. Gedirsən ki, gözəl süfrə açılıb, kişilər masanın bir tərəfdə oturublar, qadınlar o biri tərəfində. Və yuxarı başda mütləq kişilər oturub. Burda da belə. Bir də olsun ki, bu, bizim bu günkü ədəbiyyat qarmaqarışıqlığında nəyisə ayırd etməkdən ötrü onu heç olmasa, iki hissəyə – kişiyə və qadına ayırmaq ehtiyacından irəli gəlir. Mənə gəlincə, ədəbiyyat birdir və nəyinki kişi-qadın prizmasından, millət, ərazi və zaman nisbətindən yanaşanda belə o, birdir, əbədi və yeganədir. Və əgər burda qadın nəfəsi necə isə, duyulursa, bunu bu ədəbiyyatın üstünlüyü, yaxud əskikliyi kimi qiymətləndirməyin məntiqi nədir? Jorj Sandı və Virciniya Vulfu, yaxud Aqata Kristini götürək. Jorj Sand qadın baxışları və hissiyyatı ilə dolu əsərlərin, digərləri tam fərqli – cinsi bilinməz ədəbiyyatların müəllifləridir. İndi necə deyək, bunun hansı qadın ədəbiyyatıdır, yaxud hansı hansından üstündür? Bu çaşqınlıq qadın ədəbi qəhrəmanlarına münasibətdə də var. Yaradıcılığım əsasında doktorluq müdafiə etmiş avstriyalı Sena Dohan belə mənim qadın qəhrəmanlarımın üzüntülərini hüquqları tapdanmış qadının, Şərq qadınının üzüntüləri kimi qiymətləndirib. Əslində isə bu, özünü, öz ali Mən-ini darısqal sosiallıq məngənəsindən qurtarmağa cəhd edən İnsan üzüntüləridi.

- Günel Mövlud yazır ki, Afaq Məsudun əsərlərindəki qadınlar məişətdən bezmiş qadınlardır, amma tirik Azərbaycan qadınlarının əsas problemi məişət içində boğulmuş adamlardır. Bu fikirlə razısınız?

- Məişət heç zaman məni üçün problem olmayıb və bu səbəbdən qəhrəmanlarımın problemi də bu deyil. Sadəcə, yaşadığım ərazi məişətə tam zidd bir qütb olduğundan o, məni həmişə qıcıqlandırıb. Axı biz hamımız həyatın amansız diktəsi altında yaşamağa məhkumuq?! Hər səhər dişlərimizi fırçalamağa və sair və ilaxır. Yəni bu var. Lakin «Sərçələr» in, yaxud «Dovşanın ölümünün», ya «İzdiham»ın qəhrəmanlarına gəlincə, «bu qadın məişətdən bezdiyinə görə bu hala düşüb» demək, ən azı bu mətnləri anlamamaqdı.

- Tərcümələr edirsiniz...

- Tərcüməyə, əsasən öz yazı ərazimdən çıxdığım vaxtlar ehtiyac duyuram. Bax, indi yenidən ora qayıtmaqdan ötrü Əl Qəzalinin «Yanlışlıqlardan qurtaran» elmi-mistik traktatını tərcümə edirəm. «Xəzər»in növbəti sayında gedəcək.

- Sufiliyə maraq necə yarandı?

- Sufi mətnləri ilə tanış olduğum ilk kitabı mənə bizim Tehran (Tehran Vəliyev-Kulis.az) gətirmişdi, hələ 2002-ci ildə. Mənim xahişimlə. Bu marağın məndə haradan, necə yarandığını indi dəqiq xatırlamıram, amma Tehranın kitabı mənə verərkən: «Onlarla bir az ehtiyatlı olmaq lazımdı.» dediyi yaxşı yadımdadır. Onda bu xəbərdarlıq mənə qəribə gəldisə də, kitabı oxumağa başlayan kimi vəziyyətin həqiqətən təhlükəli olduğunu başa düşdüm. Belə ki, bunun oxuduğum ədəbiyyatlara bənzəməyən tam fərqli mətnlər olduğunu mütaliə zamanı içimdə yaranan təlatümə bənzər qəribə axıntılardan anladım. Hətta arada bir mənə elə gəldi ki, burdakı hərflər də nə isə, tam fərqli, yəni istənilən məqam yerlərini və yönlərini dəyişməyə qadir mistik işarələrdir. Bu mətnlər ilk baxışda fəlsəfi fikir yığnağı təsiri bağışlasa da, onlarla işləməyə başlayanda yuxuyla reallıq arasındakı hala bənzər qəribə vəziyyətlərə düşdüyümü hiss edirdim. Hər şey, bütün reallıq mənasını və əhəmiyyətini itirirdi... Qısaca desəm, bu mətnlərlə işləmək - tam fərqli ərazilərə düşmək deməkdi. Hər halda mənimlə bu belə olur. Əlimdəki tərcümə düşünürəm ki, onu anlayanlar üçün astanasına çatdığımız xilas rolunu oynaya bilər.

- Amma Qəzali bəzi sufi təriqətlərini İslama bağlaya bilmədikləri səbəbindən kafir elan edirdilər...

- Bu, belə deyil. Bir vaxtlar mənim də «sufi» deyəndə, təsəvvürümə tərki-dünyalıq, uzunətəkli, xır-cındır libaslarda mağarlarda yaşayan dərvişlər gəlirdi. Böyük sufilər isə İslamı dünyanın bir çox ölkələrində bərqərar edən dərin bilikli mütəfəkkirlərdir, Bağdad, Şam, Xorasan, Tus kimi şəhərlərin İlahiyyat universitetlərinin, bizim dildə desək, prorektorları və kafedra müdirləri, cild-cild mistik-elmi əsərlər müəllifləridirlər.

- İslamla sufiliyi necə fərqləndirirsiniz?

- İslam - insanın, onun ailəsinin və yaşadığı cəmiyyət modelinin qorunub saxlamasının təminatçısıdır. Bu mənada İslam humanist dindir, o, ilahi sirləri tam açıqlamır. Quranda bir çox mətləblər müstəsna insan dərəcələri üçün gizli işarələr və kodlarla verilir. Burda məqsəd – orta insanın qavrayışının nəzərə alınmasıdır. Quran İlahiyə aparan yolun səmtini göstərirsə də, eyni zamanda insanı öz şəfası və Rəhmi ilə qoynunda qoruyub saxlaya bilir. İnsan şüuru üçün dərkedilməz və bu səbəbdən yasaq olunan ilahi həqiqətləri gizlidə saxlaya-saxlaya insana məhvərindən çıxmağa imkan vermir. Həqiqətən də, yol asan keçilən yol deyil. Quran: “Ey Mühəmməd, səndən ruhla bağlı soruşsalar, de ki, bu Rəbbimin sirlərindəndir”. – deyib, ruh barədə bilgini gizli saxlayır. Çünki Freyd deyən kimi: «Əgər insan öləcəyini bütün reallığı ilə dərk edərsə, o bircə saat da yaşaya bilməz.». İnsanın Ölüm dərki, yəni əbədi mövcudluğun dərketmə nöqtəsi bağlıdır. Bu həmin o nöqtədir ki, Kainat və ruh haqqında bilgini qəbul edə bilmir.

Sufilik isə həmin o gizli nöqtənin sirrindən təkan alır və burda daha İslamın qoruma mexanizmi işləmir. Buna Allaha və onun misilsiz gözəlliklərinə qapanan ilahi eşq mane olur. Məhz bu səbəbdən sufi İlahiyə aparan yolu bütün uçurumları və hüdudsuz ənginlikləri ilə insanın gözü qarşısında açmaqdan çəkinmir və anlayanın sonrakı taleyinin fərqinə varmır. Sufi mətnləri ilə işləyərkən, Ölümü bir addımlığında hiss edirsən. Bu mətnləri sadəcə oxuyub, «sufiliklə tanış oldum» demək də olar. Ölümü yalnız yasda yadına salıb: “İnsan bu dünyadan üç metrlik kətandan savayı nə aparır ki?” deyən və yasdan birbaş dükan-bazara qaçanlar kimi. Yəni bir var onu nəzəri cəhətdən anlamaq, bir də var canında hiss etmək.

- Kimi oxuyandan sonra yazmağa başladınız?

- Açığını deyim, ədəbiyyat oxumuram. Oxuya bilmirəm. Bütün ədəbiyyatlar mənə darıxdırıcı və mənasız gəlir. Orta məktəb və tələbəlik illərində oxuduqlarımdı. Bu da əsasən, darıxdırıcı yay tətilləri zamanı baş verirdi. Mən darıxmaqdan oxuyurdum. Atamın zəngin kitabxanası, üstəgəl 350 cildlik dünya ədəbiyyatı kitabxanası. Demək olar ki, hamısını oxumuşam.

- Son zamanlar nə isə oxuyursunuz?

- Sufilərdən sonra ədəbiyyat mənə üstü ildırımlı, yağışlı dənizdən elektrik lampasıyla işıqlanan dördkünc vanna otağına girmək təsiri bağışlayır. Ara-sıra saytlara baxıram. Ötən həftə Qafqazinfoda Musa Yaqubun ata ölümü mövzusunda yazdığı dahiyanə bir şeirini oxudum. Kafkasayağı bir atmosferə düşdüm. Atanın ölümünü təsvir edən bu kiçicik şeirdə həqiqi ölümünün, yəni o biri üzün havası var. Burda hər şey, hava və ildırım, hadisələr və personalar misralara hopmuş Ölümün rəngindədi. Ədəbiyyat budur.

- Elif Şafakın “Aşk” romanını oxumusunuz?

- Yox, oxumamışam. Bu yazıçı barədə yazılan bir məqalədə əsərlərindən sitatlar gözümə dəyib. Onu deyə bilərəm ki, romantik yazardı. Bu xanımın Şəms Təbrizi kimi nəhəng sufinin həyatından yazdığını eşitmişəm. Amma axı sufilik romantika deyil?! Ora kələ-kötür, təhlükəli uçurumlardır…

- Bədii ədəbiyyatda bu haqda yazmağı düşünürsünüz?

- Mənsur Həllacın Allaha olan dəli eşqi barədə mistik-psixoloji pyes yazmaq istəyirəm. Daha doğrusu onu yazmağa başlamışam. Bu, nəhəng sufidir, Allaha olan sevgisinə, Nəsimidən bir neçə əsr əvvəl dediyi «ən-əl həqq!» şüarına görə onu İsa peyğəmbər kimi çarmıxa çəkiblər. Bir qədər yazmışam, tam girişməyə isə hələ ürək eləmirəm. Gərək özü gəlsin. Bu mövzuya, yəni ilahi eşq mövzusuna mən vaxtı ilə “O məni sevir” əsərində toxunmuşam. Burda isə bunu tarixi faktlarla açıqlamağa cəhd edəcəyəm. Kərbəla hadisələri barədə pyes yazmışam. Bu, Kərbəla faciəsinin Afaq yozumudur. Əsər peyğəmbər ümmətinin alilik və şəhidlik dərəcəsi barədə, Həzrət Əlinin qızı Xanım Zeynəbin bənzərsiz, pak şəxsiyyəti barədədir. Bu haqda daha ətraflı əsər inşallah tamaşaya qoyulandan sonra danışarıq. İndi isə onu pyes halında yaxın günlərdə işıq üzü görəcək ikicildlikdə oxuya bilərsiz.

- İnternetdə olursunuz? Facebookda varsınız?

- Yox-yox, buna nə vaxtım, nə də həvəsim yoxdu. Ümumiyyətlə, bu Facebook deyilənin nə olduğunu bilmirəm. Ara-sıra vaxtım olanda, müəyyən saytlara girirəm. Əsasən ədəbiyyat portallarına baxıram. Sizin Kulis.az-a, Kult.az.-a, Qafqazinfoya və sair. Amma başqa saytlara mütəmadi baxa bilmirəm, çünki bundan halım xarablaşır. Ümumiyyətlə, mən mənə dəxli olmayan məlumatlardan pis oluram, elə bil zəhərlənirəm. Başım ağrıyır, ürəyim bulanır. Olsun ki, bu informasiyalar məndə olan ayrı xassəli məlumatlarla reaksiyaya girir.

- Ədəbiyyatımızın indiki durumunu necə görürsünüz?

- Bizim xalq bir vaxtlar ədəbiyyatı sevirdi, oxuyurdu, kitaba hörməti var idi. Bu gün isə kitab gözdən düşüb, dəyərini elə itirib ki, insanlar ondan üz çeviriblər. Əcaib mətnlərlə dolu təhsil kitabları bir tərəfdən, sponsorlar hesabına buraxılan özfəaliyyət ədəbiyyatlar o biri tərəfdən, bir-biri ilə yarışa girən «imza günləri», təqdimetmə mərasimləri bu biri tərəfdən. Aləm bir-birinə qarışıb. Yazıçılar dalğa-dalğa gəlir, bir dalğa o birinin üstündən aşır… Dörd bir yandan «Bura baxın! Yazıçı mənəm!» deyən qışqırtıları eşidilir. Heç kim də bu “ədəbiyyat”, “bədii əsər” deyilən şeyin nə olduğunun, bunun nə ilə və necə yeyilməli olduğunun fərqinə varmır. İlk əvvəl anlaşılmalıdır axı ki, bu ədəbiyyat dediyimiz nədir?.. Dava nəyin uğrunda gedir? Bu, nəfis tərtibli qalın kitabdırmı? Yoxsa, sinonim və antonimlər, təşbehlər və bənzətmələr dolu misralar yığnağıdı? Yoxsa, dava «yazıçı» adı uğrunda gedir? Amma niyə və nədən ötrü, bunu anlamıram. Axı daha heç kimə bu ada görə nə ev, nə maşın, nə torpaq sahəsi vermirlər?! Allah xətrinə, kim yazmaq istəyir, yazsın, «yazıçı» adını ona onun yazdığı yox, ədalətli və amansız Zaman verəcək. İnanmıram ki, hər hansı ciddi yazıçı, ya şair «yazıçı» adı qazanmaq uğrunda əsər yazıb. Hər halda beləsi yadıma gəlmir. Yazıçılıq, mənə görə, bu dünyada diri-diri boğulub ölməməkdən ötrü içində öz-özünlə apardığın savaşlardan yaranır. Yaxud, belə də demək olar ki, «yazıçı» adını bu dünyada ölüb tamamilə ayrı ərazidə doğulan və orda yaşayıb-yaradan müstəsna qələm adamları qazanır. Yazmaq bir vaxtlar mənim üçün də xilas yolu olub. Uzun illərlə orda gizlənmişəm. İndi isə bu, mənim yaşam tərzimdir. Yazdıqlarıma görə heç vaxt heç bir təmənnam olmayıb. Pulsuz-parasız yazmışam. Aylar və illərlə. Tanınmaq təmənnam da olmayıb, bunu siz də bilirsiniz. İmzamın tanınmasını əlbəttə ki, istəmişəm. Əsərlərimi axtaran oxucularımın onları tapıb oxusunlar deyə. Yəni sözümü ona gətirirəm ki, ilk əvvəl ədəbiyyatın nə olduğunu dəqiqləşdirək. Bu, çox vacibdir. Sonra ondan nə istədiyimizi anlayaq.

 

 

Qan TURALI,

 

Fərid MİRZƏYEV

 

525-ci qəzet.- 2012.- 9 noyabr.- S20-21.