Böyük
şəxsiyyətlər bütün dünyaya məxsusdur
Şəxsiyyət
anlayışı barədə
(Əvvəli ötən şənbə
saylarımızda)
Antonin kimi mənim üçün şəhər və
vətən Romadır, bir insan kimi isə – dünyadır.
Mark Avreli
Təbabətin atası sayılan Hippokrat ilk dəfə
insan orqanizminə, bütün təbiətin tabe olduğu
tarazlıq qanununa tabe olan mikrokosmos kimi baxmağa
başladı.
İnsanın fəaliyyətinə də belə
səbəblə şərtlənən münasibət bəslənirdi.
Əlbəttə, kainatla, makrokosmosla müqayisədə
bütün insanlar mikrokosmos hesab olunurlar. Təbiətin
hər bir hissəsində kosmos mövcuddur, hətta otda da,
böcəkdə də. Lakin mikrokosmoslar
da bir-birindən fərqlidir, çünki insanlar
istedadlarına, qabiliyyətlərinə, zəkalarına
görə müxtəlif ölçülərə sahibdirlər.
Bu nöqteyi-nəzərdən böyük
şəxsiyyətləri fövqəl mikrokosmoslar hesab etmək
olar və onlar bacarığı, istedad və qabiliyyətlər
mozaikasının bütün komponentlərini
götürdükdə, hətta onlarla eyni panteonda uyuyanlardan
da xeyli fərqlənirlər.
Bəzi filosoflar, məsələn IV əsrdə
yaşamış Sallyusti məntiqi sistemləşdirmə
planında allahların təsnifatını verir. Onlara görə
fövqəlkosmik allahlar (Uran, Kronos və Zevs) və kosmik
allahlar var. Axırıncılar dünyanı yaradan,
dünyanı canlandıran və dünyanı qaydaya salanlara
bölünürlər. Digər allahlar bu
və ya digər dərəcədə həmin 12 əsas
allaha tabedirlər.
Əgər
şəxsiyyətlər də belə təsnifləşdirilsəydi,
yəqin ki, fövqəl şəxsiyyətlərlə
yanaşı böyük şəxsiyyətlər, həmçinin
tarixi missiyasının miqyasına görə daha az əhəmiyyətli olanlar dəqiq
ölçülərində tanınardı. Təəssüf
ki, belə təsnifat yoxdur, ona görə də
ayrı-ayrı xalqlar öz tarixi liderlərinə qiymət
verdikdə ölçü hissini unudub, mənəvi və zəka
ölçüləri o qədər də böyük
olmayan nümayəndələrini az qala titanlar dərəcəsinə
qaldırmağa çalışırlar və hətta Qədim
Yunanıstanı da bu yarışda kölgədə qoymaq
kimi ağılsız bir cəhddə bulunurlar.
Aristotelin ən möhtəşəm konsepsiyalarından
biri – ilk hərəkətverici zəka haqqındakı təlimdir. Bütün
eydosların (ideyaların) kosmik eydosunu Aristotel “zəka”
adlandırır. Belə ki, hər bir eydos
hökmən həm də səbəb-məqsəd enerjisi
olduğundan, ümumi kosmik zəka birinci hərəkətverici
kimi izah olunur. Bu birinci hərəkətverici
zəka təkcə ümumi kosmik enerji deyildir, həm də
kosmosa münasibətdə müstəqildir və ondan
asılı deyildir. Kosmik zəka hər
şeyi əhatə edir. Kosmik zəka eyni
zamanda düşünəndir və düşünüləndir.
Birinci hərəkətverici zəka ümumiyyətlə
istənilən eydos kimi hökmən maddidir.
Böyük filosofun metodikasından istifadə edərək
on müxtəlif tarixi şəxsiyyət barədə
qısaca da olsa söhbət açmaq istəyi meydana gəldikdə,
seçim tam subyektiv olsa da, müəyyən
qanunauyğunluğun tələbləri də yaddan
çıxarılmamışdır. Bu şəxsiyyətlərin
hər biri məxsus olduqları xalqların görkəmli
insanları qalereyasında ən hörmətli yeri tuturlar.
Onlardan əksəriyyəti ilə öz
xalqları əsrlər boyu fəxr etmişlər və
müasir nəsil də həmin ənənəni pozmağa cəsarət
etmir. Onların çoxu öz adı ilə
epoxa yaratmışlar, bəzilərinin adı epoxaya verilməsə
də, dünya tarixinin zənginləşməsində
onların rolu danılmazdır, heç bir şübhənin
yaranmasına imkan vermir.
Haqqında söhbət açılanların
seçilməsi tam subyektiv xarakter daşısa da, əvvəllər
təcrübədən keçirilmiş metodikaya pozitiv
münasibət bəslənilməsi də bu məsələdə
müəyyən rol oynamışdır. XX əsrin
ikinci yarısında hələ ABŞ prezidentlərinin
sayı qırxa çatmayanda jurnalistlər, politoloqlar,
tarixçilər arasında ölkənin on ən
yaxşı prezidentini seçmək barədə rəy
sorğusu keçirilmişdi. Abraham Linkoln
rəy sorğusuna görə tarixdəki ən yaxşı
prezident olmaqla, birinci yeri tutmuşdu. Lakin
onuncu yer tutan prezident müəyyən olunanda iki nəfər
eyni miqdarda səs topladığına görə 11 ən
yaxşı prezident müəyyən olunmuş və
onların fəaliyyətinə dair xüsusi kitab
buraxılmışdı. Kitabın üzərində
10 rəqəmi üzərindən xətt çəkilib, “11
ən yaxşı prezident” yazılmışdır. Məhz bu təcrübəni əsas götürərək,
on tarixi şəxsiyyət barədə söhbət
açmaq planlaşdırılsa da, formalaşan siyahıdan
heç kəsi pozmaq istənilmədiyindən, 11 tarixi şəxsiyyət
barədə yazmaq lüzumu yarandı.
Hər biri haqqında bir-iki sözdən ibarət məlumat
da onların böyüklüyünü təsdiq edir.
Böyük
Karl ilk birləşmiş Avropanın yaradıcısı kimi
öz böyük ideyasının sönməz təsirini
özündən min il sonraya – XX əsrə
ötürmüşdü. Səlahəddin
Yaxın Şərqi səlibçilərin istilasından
qorumaqla, Qərbin müstəmləkəçilik zülmünü
bu zonadan tarixən xeyli uzaqlaşdırmışdı. Kolumb özünə qədər olan dünyanın
sərhədlərini xeyli genişləndirmiş, Yer kürəsini
yenicə məlum olan torpaqlar hesabına xeyli
böyütmüşdü. XXI əsrdəki
dünyanın yeganə fövqəldövləti olan Birləşmiş
Ştatlar da öz mövcudluğunun ilkin şərtlərinin
yaranmasına görə, yəqin ki, bilavasitə olmasa da bu
böyük səyyaha borcludur. Mikelancelo heykəltəraşlıqda,
rəssamlıqda elə sənət zirvəsi
yaratmışdır ki, sonrakı beş əsr
də bu zirvəni başqa yenidən fəth edənlərin
varlığı ilə öyünə bilməmişdi. Magellan ilk dəfə dünya ətrafına səyahətə
çıxmış, Qərbə üzməklə Şərqə
başqa qapı açmış və bəlkə də
Makedoniyalı Aleksandrdan və Vasko da Qamadan sonra Qərblə
Şərqi birləşdirməyə və ya
yaxınlaşdırmağa cəhd göstərmişdi.
XIV Lui – Günəş Kral Fransanı öz
şöhrətinin zenitinə yüksəltmiş, onun mədəniyyətinin
inkişafına himayəçilik göstərmişdi.
Yekaterina öz sələfi Böyük Pyotrdan
fərqli olaraq Rusiyada milli mədəniyyətin
inkişafına mühüm töhfə vermiş,
imperiyanın ərazisini xeyli böyütmüşdü.
Tomas Cefferson Amerika demokratiyasının atası
hesab olunur, o, prezident olanda ölkə ərazisini iki dəfəyə
yaxın böyütmüşdü, özü də buna
heç də müharibə yolu ilə nail
olmamışdı. Simon Bolivar yeganə
beynəlmiləlçi idi ki, bütöv qitəni ispan
ağalığından azad olması uğrunda mübarizə
aparmaqla, Cənubi Amerika xalqlarının inkişafına əslində
yeni yol açmışdı. Uinston
Çörçill görkəmli siyasi xadim olmaqla
yanaşı, İkinci Dünya müharibəsində Hitler
Almaniyası üzərində qələbənin
arxitektorlarından biri olmuşdu. Şarl
de Qoll faşist işğalından alçalan Fransanı
düşmənə qarşı mübarizəyə
qaldırmış, XX əsrin ikinci yarısında dövlətin
qüdrətinin və nüfuzunun yüksəlməsi naminə
böyük işlər görmüşdü. Ona görə də bu on bir nəfər tarixi yaradan
və ya ona özünəməxsus naxış vuran şəxsiyyət
barədə söhbət açmaq istəyi yarandı.
Böyük Karl
Bütün insanlar daim mübarizədə olur, həm
şəxsi və ictimai həyatda, həm də özü ilə.
Platon
Audaces fortuna juvat (lat.) – Cəsarətlilərə
tale də kömək edir.
Latın zərb-məsəli
Avropa tarixində yeni imperiya yaratmaqla yanaşı, bir
sıra nəcib xüsusiyyətlər sapları ilə öz
dövrünün təkrarolunmaz mənəvi
parçasını toxuyan Böyük Karl (Şarleman) diqqəti
xüsusilə cəlb edir. Frankların 768-814-cü illərdə
kralı olan Şarleman İtaliyada Lombardiya
krallığını işğal etmiş, saksonları
özünə tabe etmiş, Bavariyanı öz səltənətinə
daxil etmiş, İspaniyada və Macarıstanda hərbi
kampaniyalar aparmış, İspaniyada Asturiya
krallığı, Şimali İtaliya və Britaniya
adaları istisna olmaqla Qərbi Avropadakı bütün
xristian torpaqlarını bir fövqəldövlətdə
birləşdirmişdi. 800-cü ildə o,
imperator tituluna yiyələnmişdi. O, imperiyanın
siyasi gücünü genişləndirməklə
yanaşı, həmçinin onun ərazisində mədəni
dirçəliş həyata keçirmişdi. İmperiya öz mövcudluğunu onun varisindən
yalnız vur-tut bir nəsil sonra saxlaya bilsə də, orta əsrlərin
Fransa və Almaniya kralları bütün konstitusional ənənələri
məhz Karl monarxiyasından əxz etmişdilər. Orta əsrlər Avropasında Karlın şəxsiyyəti
xristian kralının və imperatorunun prototipi hesab olunurdu.
Karl güman ki, 1742-ci ildə anadan olmuşdu, Gödək
Pipin adlanan III Pipinin böyük oğlu idi. Pipin qardaşı Karlomanla
birlikdə bütün Frank krallığına nəzarət
edirdi. Şarlemanın babası Karl Martell isə
vaxtilə Puatye yaxınlığında ərəb
ordularına qalib gəlməklə, onların İspaniya kimi
Fransaya da soxulmalarının və orada
yayılmalarının qarşısını
almışdı.
Krallıq edən monarxın böyük oğlu kimi Karl
12 yaşında olanda Papanı salamlamağa getmişdi. Yeniyetməlikdəki
təcrübəsi Karlın xarakterinin formalaşmasına və
məqsədlərinin kristallaşmasına kömək
göstərmişdi.
Pipin
öləndən sonra frank adətinə görə
krallıq 768-ci ildə onun iki oğlu arasında
bölünmüşdü, lakin bu vəziyyət uzun sürmədi,
çünki iki qardaş arasında güclü rəqabət
başladı. Karl anasının köməyi
ilə Lombardiya kralı və Bavariya hersoqu ilə,
qardaşı Karlomana qarşı ittifaq müqaviləsi
bağladı. Üç il sonra
qardaşı qəflətən öldükdə Karl
krallığın yeganə hökmdarı olmağa artıq
qadir idi. Lombardiya paytaxtı Paviyaya hücum
etdikdən sonra, onu məğlub etməsi ilə
özünü həm də Lombardiya kralı etdi. Karl bütpərəst saksonlarla
döyüşdü, lakin Saksoniya kübarları ilə
ittifaqını bəyan etməli oldu.
778-ci ildə
o, İspaniyaya girdi, lakin məqsədinə nail ola bilmədi. Bu məğlubiyyəti
onun hökmranlığının birinci mərhələsinin
sonu rolunu oynadı. Bu dövrdə o, cəsarətli
ekspansiya siyasəti aparmışdı. On il
ərzində frankların yeganə hökmdarına
çevrilmiş, Lombardiya krallığını
işğal etmiş, saksonları özünə tabe
etmiş və İspaniyaya müdaxilə etmişdi.
772-ci illə
804-cü il arasında Karl 18 dəfə
saksonlara qarşı vuruşmuşdu. Axırda öz məqsədinə
nail olmuş, bu ərazini bütövlükdə
imperiyasına birləşdirmişdi. Yerli əhalini
o, xristianlığa keçirmişdi. 788-ci
ildə Reyn çayının arxasındakı german
tayfalarından axırıncısını müstəqillikdən
məhrum etmişdi. Bavariyalılar da
birbaşa imperiyaya birləşdirilmişdi.
Frank
dövlətinin nəhəng qaydada genişlənməsi, onu
orta əsrlərin tayfa dövlətlərindən çox
yuxarı qaldırmışdı, kəmiyyət dəyişiklikləri
həm də keyfiyyət dəyişikliklərinə səbəb
olmuşdu. Şərqi Roma və ya Bizans imperiyası
özünün dünya dövləti kimi tanınması barədə
iddia irəli sürdükdə, Papalar hələ də
konstitusional qaydada Bizansın təbəələri olsalar da,
Şərq imperatorlarının ikonapərəst siyasətinə
qarşı çıxdılar. Papa Romada
öz şəxsi düşmənləri tərəfindən
sıxışdırıldıqda, Karlın sarayında
sığınacaq tapdı və kral onu öz şəhərinə
geri qaytardı. 800-cü ilin noyabrında
isə Karl özü Romaya gəlib imperator şərəflərini
qəbul etdi. Həmin vaxtdan etibarən Papa imperatora tac qoyurdu. 1804-cü ildə referendumun nəticəsinə
müvafiq olaraq imperator adını alan
Napoleonun da tac qoyma mərasimində Romadan Parisə gəlmiş
Papa iştirak etmişdi. İmperial titul roman ləyaqətinin
təbiətindən irəli gəlirdi.
Karlın imperial rütbəsi, onun köhnə Roma
imperiyasının qərb hissəsində ağalıq etməsini
qanuni olaraq təsdiq edən əlamət idi. Beləliklə,
Karl imperial idarəetməni özünün möhkəm əlinə
keçirdi. Paytaxtı Axenə
(Eks-la-Şapelə) qayıtdıqdan sonra imperator tituluna tam
uyğun olaraq öz qanunlarını elan etdi. Bizans imperatoru I Mixail də onu on iki illik müddətdən
sonra da olsa tanıdı. Lakin imperial
adı ona əlavə heç bir hakimiyyət vermirdi, bu vaxt
yalnız Roma üzərində onun nəzarəti legitimlik
qazanmışdı.
Onun üzərinə böyük siyasi işlər
düşdü. Karl öz dövlətinin onun sərhədlərindən
kənarda da tanınmasını hərbi və diplomatik vasitələrlə
yoluna qoyurdu. Qədim Roma
imperiyasının qanuni varisi olan Bizans imperiyası ilə rəqabət
aparırdı.
(Ardı
var)
Telman Orucov
525-ci qəzet.-
2012.- 9 noyabr.- S.18.