Mustafa Çəmənlinin
"Ölüm mələyi"
Mirzə
Fətəli Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında dəyərli
yazıçı-publisist Mustafa Çəmənlinin “Ölüm
mələyi” tarixi romanının təqdimat
mərasimi keçirilib.
525.az-ın
məlumatına görə,
Mədəniyyət və
Turizm Nazirliyinin, Azərbaycan Yazıçılar
Birliyinin (AYB) əməkdaşlarının
da iştirak etdikləri tədbirdə
romanın tariximizin Səfəvi xanədanı
dövrünün mürəkkəb
və ziddiyyətli illəri ilə bu günümüz arasında bədii-sənədli
körpü salmasından,
tarixi hadisələrin
arxasında gizlənən
hakimiyyət ehtiraslarından
söz açılıb,
kitabla bağlı geniş müzakirə aparılıb.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq bildirib ki, burada
dəyərli qələm
sahiblərinin, görkəmli
şəxsiyyətlərin yaradıcılıq gecələrinin,
kitab təqdimatlarının
keçirilməsi xoş
bir ənənəyə
çevrilib. Mustafa Çəmənli
yaradıcılığından söz açan natiq onun Azərbaycan
ədəbiyyatının cəfakeş
nümayəndələrindən olduğunu vurğulayıb:
“Bu gün burda sərgisini keçirdiyimiz
kitablar da göstərir ki, Mustafa Çəmənli Azərbaycan
ədəbiyyatına, mədəniyyətinə
böyük və dəyərli töhfələr
verib. Onun “Xallı gürzə”
əsərini tarixi romançılığımızda ən ciddi uğurlardan
biri hesab etmək olar”. Görkəmli dramaturq Əli Əmirli müəllifin şəxsiyyətini və
yaradıcılığını uğurla səciyyələndirib:
“Mustafa Çəmənli haqqında
danışmaq mənim
üçün çox
asanddır. Ona görə ki,
mən onu bir şəxsiyyət kimi də, yazıçı
kimi də uzun illərdir tanıyıram. Demək olar
ki, onun əsərlərinin ilk oxucusu
olmuşam. Mustafa sözün əsil mənasında öz çiyinlərini ağır
yük altına verən yazıçıdır.
Tarixi əsər yazmaq çox çətindir, amma yazıb uğur qazanmaq ondan da çətindir.
Mustafanın əsərlərinin əsas mövzusu Qarabağla bağlıdır.
Mən onun “Xallı gürzə”, “Fred Asif”, “Ruhların üsyanı” əsərlərini trilogiya
adlandırardım. Nəzər salsaq
görərik ki, bu üç əsər həqiqətən
də bir-birinə bağlı əsərlərdir.
“Ölüm mələyi”
tarixi romanı isə Mustafa Çəmənlinin
növbəti ədəbi
qələbəsidir. Bu
əsərdə müəllif
müasir oxucuların
kitaba marağının
az olmasını nəzərə alıb hadisələri asan başlanğıcdan mürəkkəbliyə
doğru aparıb”.
Seriallara tələbatın
artdığını deyən
dramaturq “Ölüm mələyi” romanının
serial üçün keyfiyyətli
material olduğunu da bildirib: “Düşünürəm
ki, artıq tariximiz ekranlara çıxarılmalıdır. Millət öz tarixini bilməlidir, bu həm də başqa xalqlarda bizim tarixə, tarixi şəxsiyyətlərə
qarşı maraq oyatmaq baxımından uğurlu addımdır.
Məlum
məsələdir ki,
bədii əsərlər
tarixə maraq oyadır. Mustafa müəllimin “Ölüm
mələyi” də məhz bu missiyanı
yerinə yetirir”.
AYB katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid
Mustafa Çəmənlinin bu günə qədər yazdığı
əsərlərdən başqa,
həm də onlarla kitaba redaktorluq etdiyini vurğulayıb:
“Son zamanlar bizim qarşılaşdığımız ciddi problemlərdən biri də nəşriyyatlarda
yaxşı, savadlı
redaktorlar olmaması problemidir. Mən belə düşünürəm
ki, Mustafa Çəmənlinin
bu baxımdan bir redaktor kimi
öyrənilməsi vacibdir.
Özünün yaratdığı bədii əsərlər
də böyük dəyərə, ehtirama layiqdir. Ümid edirəm ki,
Mustafa müəllimin Azərbaycan
ədəbiyyatını, mədəniyyətini,
incəsənətini əhatə
edən əsərləri
hökumətimizin də
diqqətindən yayınmayacaq.
Çox
arzusundayam ki, Mustafa Çəmənli gördüyü
işlərin layiqli qarşılığını alsın. Mustafa Çəmənlinin yaradıcılığına
bələd olduğum
üçün əminəm
ki, “Ölüm mələyi” tarixi romanı da digər əsərləri
kimi peşəkarlıqla
yazılıb. Mən Mustafa müəllimə, onun yaradıcılığna göstərdiyi
diqqətə görə
Kərim müəllimə
və Milli Kitabxananın əməkdaşlarına
minnətdarlığımı bildirirəm”.
Şair Ənvər Əhməd də roman haqqında təəssüratlarını bölüşüb. Mustafa Çəmənlinin
yaradıcılığını daima izlədiyini qeyd edən Ə.Əhməd onu təpədən-dırnağa ədəbiyyat adamı kimi dəyərləndirib.
Romandan hissələrlə sitat gətirən Ə.Əhməd
yazıçının epoxanın
ümumi obrazı ilə yanaşı, konkret şəxsiyyətlərin
fərdi səciyyəsini
də yaratmağa nail
olduğunu vurğulayıb
və yazıçının
tarixi hadisələri,
təsvirləri ustalıqla
qələmə aldığını
diqqətə çatdırıb.
Tədbirdə roman haqqında olduqca maraqlı fikirlər səsləndirilib. Romanın tarixi nöqteyi-nəzərdən
olduqca ardıcıl, təhrifsiz qələmə
alındığını deyən tarix elmləri doktoru İlham Həsənov II Şah İsmayılın
dövrü ilə bağlı hadisələri,
onun Qəhqəhə
qalasına salınma səbəblərini bu günə qədər heç bir tarixçinin araşdırıb
ortalığa çıxarmadığını
bildirib:
“Bu əsərdə müəllif
Təhmasibin hakimiyyətə
gəlməsini, saraydaxili
çəkişmələri, ölüm, edam səhnələrini,
şəxsiyyətləri, tarixi həqiqətləri
bədii süzgəcdən
keçirərək oxucuya
çatdırıb".
Fəlsəfə doktoru Qürbət
Mirzəzadə, şair
Ramiz Məmmədzadə,
tədqiqatçı Zəkulla
Bayramlı, kitabın
redaktoru Sevinc Nuruqızı, MHS poliqrafiya
şirkətinin nümayəndəsi,
şair Vasif Qurbanzadə də Mustafa Çəmənlinin hə
şəxsiyyəti, həm
ümumən yaradıcılığı,
həm də konkret olaraq “Ölüm mələyi” romanı barədə təəssüratlarını, fikir və mülahizələrini
açıqlayıblar.
Tədbirin sonunda çıxış
edən Mustafa Çəmənli
yaradıcılığına göstərilən diqqətə,
əsərləri və
son romanı haqqında
bildirilən fikirlərə
görə Kərim Tahirova və Milli Kitabxanının əməkdaşlarına, eləcədə
tədbir iştirakçılarına
minnətdarlıq edib.
Günel MUSA
525-ci qəzet.- 2012.- 9 noyabr.- S.17.