Diplomat düşüncəli ədəbiyyat adamı- Vilayət Quliyev -60

 

Deyirəm, nə yaxşı ki, 40 il bundan qabaq hər şey indi mənim təsvir elədiyim kimi oldu... Adam yatsa, yuxusuna girməzdi. Axı hər şey başqa cür də ola bilərdi... Məgər paralel dünyalar yoxdurmu?

1970-ci ilin 1 sentyabrında indiki Azərbaycan Dövlət İqtisad Universitetinin binasında həmin il o zaman ölkədə yeganə universitet olan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş ilk tələbələr ikinci mərtəbənin dəhlizinə yığışıb həyəcanla ilk dərsi gözləyirdilər.

Əlbəttə, bu, bir kütlə idi – 25 nəfərdən ibarət 540 və elə o qədər də nəfərdən ibarət 542-ci qrupun tələbələri. 540-cı qrupu yüksək baln azı iki “5” və iki “4”) toplamış tələbələrdən, 542-cini isə “öz gücünə girmiş” tələbələrdən oluşdurmuşdular. Əslində isə, aydındır ki, hər iki qrupdakı 50 nəfər öz gücünə girmişdi və həmin il bizim qəbulumuz Ümummilli Lider Heydər Əliyevin Respublikada birinci dəfə hakimiyyətə gəlməsindən sonra keçirilən ilk qəbul imtahanı idi və başqa cür ola da bilməzdi.

Elə ilk gündən tələbə kütləsi arasında fərqlənən bir neçə nəfər var idi; necə ki, gözəl bir çəmənlikdə qəfildən qıpqırmızı ləçəklərilə ucalara boy atan bir çiçək ətrafındakı yaşıl otlardan seçilər. Onlardan da biri, bəlkə də birincisi uca boylu, şümşad qamətli, arıq, əsmər çöhrəli, geniş alınlı (sonralar bu məziyyəti ilə özünün dəfələrlə fəxr etdiyinin şahidi olmuşam) Vilayət Quliyev idi. Hər ikimiz cənublu olduğumuzdanmı, ya nədənsə, elə ilk gündən, necə deyərlər, bir-birimizə quşumuz qondu, arxa cərgələrin birində bir nimkətdə (mərhum Firuz Sadıqzadə demişkən) qərar tutduq. Yaddaşım namərdlik etmirsə, ilk dərsimiz “Ədəbiyyatşünaslığın əsasları” idi və ilk universitet ustadımız professor Mir Cəlal ağır addımlarla auditoriyaya girəndə, məğrur və mehriban baxışları ilə bizi süzəndə sanki hamımız qarşımızdakı canlı klassiklə görüşdən bir qədər özümüzü itirmişdik, rus demişkən, özümüzü öz qabımızda hiss etmirdik.

Xülaseyi-kəlam, dəftərlərimizi açıb Mir Cəlalın aramla və təmkinlə dediyi mühazirəsini yazmağa başladıq və məni heyrətləndirən ikinci şeyVilayətin muncuq kimi düzülmüş xətti oldu. Əlbəttə, bu, onun çoxyönlü istedadının ilk göstəricilərindən biri idi və beş illik universitet təhsilimiz, üç illik aspiranturaistirahətimizdövründə Vilayət Quliyev istedadının bu cür saysız-hesabsız yönlərini görüb, dostum üçün qürur duyduğum halların bəlkə də hamısını indi xatirimə gətirə bilmərəm. Ancaq nə yaxşı ki, tarix hər şeyi bir stenoqrafçı dəqiqliyi ilə qeydə götürür.

Hərdən Vilayətin gərgin diplomatik fəaliyyət prosesində hansı bir sehirbazlıqla isə vaxt və imkan tapıb ərsəyə gətirdiyi fundamental kitablara baxanda özzümə düşünürəm ki, yəqin məşhur perpetuum mobile deyilən şey elə professor Vilayət Quliyevdir və heç bir gərgin ictimai-siyasi iş, təpədən-dırnağa məşğulluq onun Azərbaycan ədəbi-ictimai fikrini zənginləşdirməyə yönəlmiş fəaliyyətinin qarşısını almağa, bu cür fundamental kitabların arayarsəyə gəlməyinə maneçilik törətməyə müvəffəq olmayacaq və bu yöndə bir dəfə işə salınmış beyin və qələm bir daha dayanmayacaq...

Qarşımda müəllifin özü kimi məğrur-məğrur dayanan kitabları da mənim bir qədər fantastik səslənən bu qənaətimin sübutlarından biri kimi qəbul edilə bilər. Və düşüncələrin bu axarında dahi Füzulinin 500 il öncə söylədiyi bu müdrik sözləri necə yada salmayasan?

 

Ey xacə, gər qulundan oğulluq murad isə,

Şəfqət gözüylə bax ona daim oğul kimi.

Vər oğlunu dilərsən ola sahibidəb,

Əlbəttə, eylə zillətə mötad qul kimi.

 

Vilayət Quliyev də öz quluna – istedadına bir oğul kimi şəfqət gözüylə baxmaqla yanaşı, oğlunu, yəni bədənini də qul kimi zillətə mötad eləməkdən, zəhmətə alışdırmaqdan çəkinməmişdir və bu zillətdən, bu zəhmətdən bu gün də çəkinmir. Elə bunun sayəsində, özünə bu cür zülm eləməyin nəticəsi olaraq elmimizi tez-tez yeni-yeni əsərlərlə, qalın-qalın kitablarla, qiymətli nəzəri mülahizələr və dəyərli qaynaqlarla zənginləşdirir.

Deyirlər, bir varlı adam Platondan xahiş edir ki, onun oğluna dərs desin, elmlərdən, biliklərdən agah edib, adam arasına çıxarsın. Platon əlli qızıl qarşılığında buna razı olduğunu bildirir. Uşağın atası deyir ki, sən nə danışırsan, mən əlli qızıla sağlam bir qul alaram!

Platon deyir ki, yaxşı, sən əlli qızıla sağlam bir qul al, onda sənin iki qulun olar!

Professor Vilayət Quliyevi istedadlı, qabiliyyətli və ümidverən bir kadr kimi, insan sərrafı gözləri ilə görüb irəli çəkən Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bu gün Heydər Əliyevin canı-canından, qanı-qanından olan oğlu, siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyev Azərbaycan Respublikasının iqtisadiyyatının Ulu Öndərin tövsiyəsinə uyğun olaraq günbəgün deyil də, saatbasaat güclənməsi üçün mümkün olan hər şeyi edir və hər gün bu sahədə yeni-yeni uğurlar əldə edilir. Neft kapitalının insan kapitalına çevrildiyi indiki dövrdə artıq bizim alimlərimizin xarici ezamiyyətlərə getməyə, milli-mənəvi dəyərlərimizə yiyə durmağa kifayət qədər imkanları vardır. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının mühacirət irsimizi toplamaq üçün elmi əməkdaşlarını Türkiyəyə, Almaniyaya və başqa ölkələrə göndərməsi heç bir maddi maneə ilə qarşılaşmır. Bu, bu gündür. Dünən isə belə deyildi. Dünən mühacirət irsimizin toplanması, nəşri və şərhi işi professor Vilayət Quliyev kimi vətənpərvər entuziastların çiyinləri üzərində aparılırdı və onun bu təmənnasız fəaliyyətini bu gün də yorulmadan davam etdirməsi, yeni-yeni sanballı kitablarını ortaya qoyması bizi sevindirməyə bilmir.

Akademik İsa Həbibbəyli həmişə özünü “elmin qara fəhləsi” adlandırır. Düşünürəm ki, eyni fəxri elmi titulu professor Vilayət Quliyevə də şamil etmək olar. Ancaq o da var ki, bu “qara fəhlələr”in fədakarlıqla kəsdikləri “kərpiclər” –sanballı kitablar, qiymətli qaynaqlar olmasaydı, çağdaş elmimizin möhtəşəm sarayını tikmək də çox zor bir iş olardı və bəlkə də heç mümkün olmazdı.

Professor Vilayət Quliyevin bir müddət öncə müzakirə etdiyimiz bir kitabı da yadıma düşür. Həmin kitabın müəllif ön sözündə və naşir, eyni zamanda görkəmli tədqiqatçı Asif Rüstəmlinin sözardında istər bu toplunun mahiyyət və önəmi, milli müstəqilliyimizin və suveren dövlətçiliyimizin günü-gündən möhkəmləndiyi indiki dövrdə aktuallığının kəskinləşməsi, eləcə də professor Vilayət Quliyevin Azərbaycan mühacirətinin siyasi irsinin toplanması, nəşri və şərhi işində həyata keçirdiyi müstəsna xidmətlər haqqında kifayət qədər deyildiyindən, mən bir daha velosiped kəşf etməkdən vaz keçib yalnız bəzi mülahizələrimi bildirməklə toxdayacağam.

Belə bir kitabın tərtibi üçün materialların toplanması, seçilməsi, sistemə salınması, redaktəsi bir böyük əziyyətdir – bu bir yana dursun. Bir də var ki, ictimai, siyasi, tarixi mövzularda qələmə alınmış bütün bu çoxsaylı, rəngarəng materiallara şərh yazasan, onların müəllifləri haqqında qənaətbəxş məlumat verəsən – bu, bəlkə də birincidən daha böyük əziyyət, daha böyük “zillətdir”. Sağ olsun ki, bu əziyyətini yüksək səviyyədə təqdim edib, bununla da bir çox tədqiqatçıları əziyyətdən qurtarıb. Doğrudan da, bu boyda bir kitabı tərtib etmək və ona bu boyda şərh yazmaq sizə zarafat gəlməsin!

Deyəsən, Füzulinin 500 illik yubileyinə hazırlıq ərəfəsində Azərbaycan Respublikasının Prezident Aparatında Ümummilli Liderimiz Heydər Əliyev toplantı keçirirdi və o toplantıda bəndeyi-həqir də iştirak etmək şərəfinə nail olmuşdum. İndi yadımda deyil, deyəsən, “cənab”, yaxud “cənabları” müraciətlərindən hansının daha doğru olması məsələsi ortaya çıxdı və Ulu Öndər tərəddüd etmədən üzünü o zaman Azərbaycan Respublikasının xarici işlər naziri kimi yüksək bir vəzifəyə layiq gördüyü Vilayət Quliyevə tutaraq:

– Vilayət, sən dilçisən, bilərsən, de görək, hansı doğrudur? – deyə soruşdu.

Əlbəttə, Ulu Öndər bilirdi ki, professor Vilayət Quliyev ixtisasca dilçi yox, ədəbiyyatçıdır; ancaq onun qabiliyyətlərinə bələd olduğu üçün dilçi adlandırmışdı və eyni uğurla Vilayəti tarixçi, sosioloq, sənətşünas, politoloq, şərqşünas da adlandırmaq olardı və bütün bu adlar ona ana südü kimi halal olardı.

Bu çoxyönlülüyün, ensiklopedik biliklərin və bacarıqların bir səbəbini də mən Vilayət Quliyevin tam mənasilə Heydər Əliyev məktəbinin yetirməsi olmasında, onun vətənşümul ideyalarının davamçısı olmasında görürəm. Necə ki, dahi müəllim ictimai-iqtisadi, tarixi-mədəni sahələrin hamısının fenomenal bilicisi idi, onun şagirdi də bir çox sahələrdə yədi-beyzasını eyni dərəcədə nümayiş etdirməklə bu məktəbin layiqli məzunu olduğunu göstərməkdədir.

Ancaq kök də gərək olsun da...

Vilayət tələbəliyindən (bəlkə də daha öncədən) “fərri cücə yumurtadan bəllidir” misalını doğrultmağa xidmət edirdi. Əslində o, çox sərbəst bir insan idi və xalqından, vətənindən başqa kiməsə, nəyəsə xidmət etməyi qəbul etməzdi. Ancaq bir sahə də vardı ki, burada onun kövrəkliyinin həddi-hüdudu yox idi. Ailə məsələsində. Tələbə Vilayət Quliyev, aspirant Vilayət Quliyev sanki bütün kainatın fövqündə dururdu; ancaq söhbət anasından (atasını erkən itirmişdi, allah rəhmət eləsin), qardaşından, bacısından düşəndə elə bil ona təzətər ruh gəlirdi, onsuz da ilahi bir nurdan aldığı işıqla parlayan gözləri yeni bir məsum alovla işıqlanırdı. Böyük qardaşının ilk övladı haqqında dediyi bu səmimi sözlər indiyə kimi yadımdadır: “Dünyada ondan gözəl uşaq yoxdur!” Bir əmi öz qardaşı oğlu haqqında bundan gözəl başqa nə deyə bilərdi ki?..

Bir epizod da yadımdadır (özgə vaxt yaddaşımdan gileylənərəm ha!). Yay tətili vaxtı o, Beyləqana, mən isə Naxçıvana getdiyimiz üçün yolumuz bir olardı və çalışıb bir yerə bilet alardıq. Xüsusən son kurslarda Vilayət bir qeyrətli qardaş kimi bacısının cehizi haqqında düşünərdi və hər dəfə kəndə gedəndə əlinə düşəndən alıb aparardı. Bu dəfə biz gedəndə rəngli televizor almışdı və necə oldusa, vaqon bələdçisi tərsliyə düşüb, televizor üçün icazə alınmasının lazım olduğunu dedi. Əlbəttə, burada xırda bir rüşvətlə məsələni həll etmək olardı. Ancaq mən, genetik bir naxçıvanlı kodu ilə sırf qanun-qaydaya əməl edilməsini lazım və vacib bilərək bunu gerçəkləşdirmək üçün Vilayətin biletini və televizorun alınma çekini qaparaq qeyd etdirmək üçün aşağıya qaçdım. Halbuki, qatarın yola düşməsinə cəmi bir neçə dəqiqə qalırdı...

Xoşbəxtlikdən, mən lazım olan kağızları qeydiyyatdan keçirərək son anda vaqona tullandım və bacımız o zaman çox vacib olan rəngli televizor cehizindən məhrum qalmadı...

Bütün bunları mən niyə dedim? Təkcə ona görə yox ki, iki yeniyetmənin Naxçıvana gedən dəmiryol qatarında nə isə ekstraordinar bir iş görməsini nəzərə çatdırmaq və bununla da narrativ ədəbiyyatşünaslığın bugünkü vəziyyətinə xidmət etmək istədim. Yox və bir də yox!

Sadəcə onu göstərmək istədim ki, bəlkə də çoxları üçün sirr olan Vilayət Quliyev doğma ailəsinə, bacı-qardaşına təbii və səmimi tellərlə bağlıdır və bu onu göstərir ki, Vilayət Quliyev şəxsiyyəti həm də öz ölkəsinə, millətinə, xalqına qırılmaz tellərlə bağlı olan bir insandır.

Ya, mən nə danışıram? Məgər bu neçə onillərdə professor Vilayət Quliyevin bütün çoxcəhətli yaradıcılığı ilə həm də ədəbiyyatşünaslıq və tarixşünaslıq elmlərimiz üçün çox böyük işlər gördüyünün inkarına yönəlmiş bir fikri mən təsdiq edərmiyəm? Əsla yox!

Hələ tələbəliyimizin ilk illərində biz divar qəzeti çıxarırdıq və həmin qəzetdə çap olunmaq əməlli-başlı hadisəyə çevrilirdi. Çox yaxşı yadımdadır ki, məqalə vermək üçün baş redaktor bizim qrupa müraciət edərkən mən ilk yazımı məhz Vilayət haqqında verdim. Əgər o qəzet (əlbəttə, əlyazması hüququnda) zamanın keşməkeşlərindən çıxaraq salamat qalsaydı, yəqin ki, Vilayət müəllim biblioqrafiyasını həmin məqalə ilə başlayardı.

Yadımdadırsa, mən o qəzetdəki məqaləni insan yaddaşına mədhiyyə ilə başlamışdım və Herbert Uellsin də romanından belə bir sitat gətirmişdim ki, insanlığın gələcəyi yaddaşın gücü ilə bağlıdır və bizim kursda yaddaş gücü ilə seçilən tələbələr arasında Vilayət Quliyevi örnək gətirmişdim. Bəşər tarixinin sonrakı inkişafı göstərdi ki, mən öz proqnozlarımda yanılmamışam və Vilayət Qiliyev kimi fenomenal yaddaşa malik olan insanlar bizim humanitar elmimizin gələcəyini təmin etmək gücündədirlər.

Anası onu ədəbiyyatçı doğmuşdu. O, taleyinə üsyan etdi; psixoloq, sosioloq, filosof, nəhayət diplomat oldu. Ancaq heç vaxt anasının təyinatına xəyanət edə bilmədi – başlıca olaraq bir ədəbiyyat adamı kimi tanındı və bu yolda bu gün də uğurla irəliləməkdədir.

Bu gün artıq onun 60 yaşı var (nə qədər çox və nə qədər də az!),

Ancaq yenə də bir körpə uşaq kimi anasının onun üçün müəyyən etdiyi yoldan çıxa bilmir – elə ədəbiyyatçıdır ki, ədəbiyyatçıdır!

Elə ona görə də, mən bu gün qırx bir illik keçmişə bir daha baş vuraraq, dostum Vilayət Quliyevə – görkəmli ədəbiyyatşünas-alim Vilayət Quliyevə, nazir Vilayət Quliyevə, səfir Vilayət Quliyevə (hərçənd, köhnə dostumuz Tahir Məsimov deyir ki, nazirin köhnə dostları olmur...) vətən və xalqımızın rifahı, elmimizin inkişafı naminə təmənnasız və səmərəli fəaliyyətində yeni-yeni uğurlar diləyirəm.

Əzizi dost! Başqa bir söz də var ki, insan özünü neçə yaşında hiss edirsə, elə o yaşdadır. Axı, yaşa dolan, qocalan ürək deyil, bədən hüceyrələridir.

Mən bilirəm ki, sən özünü bizim dostluğumuzun ən gözəl yaşında – on səkkiz yaşında hiss edirsən və bundan yuxarı qalxmağın da imkansızdır, daha doğrusu, mənasızdır.

Elə bu yaşda da qal! Yoxsa, söz-söhbət olar...

Nəyi pisdi ki?! Yüz yaşında da on səkkiz yaşında olmağın! Ya da on səkkiz yaşında yüz yaşlı müdrik olmağın...

5 noyabr 2012

 

 

Teymur Kərimli

 

525-ci qəzet.- 2012.- 9 noyabr.- S.13.