Orxan Pamukun şəhəri və
dünyası
2009-cu il mayın 21-də Azərbaycan
yazıçılarının XI qurultayı oldu. Başqa
qonaqların sırasında mən türk
yazıçısı Orxan Pamuku da dəvət etmişdim.
O, dəvətimizi məmnuniyyətlə qəbul etdi və məşhur
jurnalist, rəhmətlik İrfan Ülkü ilə birlikdə
ilk dəfə Azərbaycana gəldi. O zaman Orxan hələ
Nobel laureatı deyildi, lakin bundan qabaq da Türkiyədə onu
çoxları sevmirdi. Mükafat aldıqdan sonra onların
sayı təbii ki, artdı. Şöhrətin bədəli
budur.
Yadımdadır, Meksikada oradakı
yazıçılarla söhbət zamanı söz Markesin
“100 ilin tənhalığı” romanından düşdü,
nasirlərdən biri “bu əsər Nobel mükafatı
alanda çox təəccübləndim”
dedi. “Sonra romanı bir də
oxudum və Nobel komitəsinin qərarına daha çox təəccüb
qaldım” deyə davam etdi.
Türkiyədə Orxan Pamuka qarşı
bəzi həmkarlarının münasibəti bir qədər
soyuq və hətta qısqanc idi. Nəinki onun
romanlarının bədii əhəmiyyətini danır, hətta
özünü də lovğa, təkəbbürlü, son dərəcə
ambisiyalı adam kimi qələmə verirdilər. Orxan Pamukun əsərlərini
oxuduqda gördüm ki, onun yaradıcılığına belə
münasibət ədalətsizdir. Onunla şəxsən
tanış olduqdan sonra isə əmin oldum ki,
lovğalığı iddiası da əsassızdır. Əslində,
Orxan çox sadə, ünsiyyətə açıq adam
imiş, heç də özündən müştəbeh,
özündənrazı deyilmiş. Baxmayaraq ki, hələ
Nobel mükafatı almamışdan qabaq da məşhur və
bütün dünyada əsərləri nəşr olunan
yazıçı idi. Bizim yaş fərqimizə görə
mənə “abi” deyə müraciət edirdi. Biz onu “Azərbaycan”
mehmanxanasının lüks otağında yerləşdirdiyimizdə
dünyanın yarısını dolaşmış Orxan
ömründə belə təmtəraqlı nömrədə
yaşamadığını dedi.
O bizim qurultayda çıxış etdi.
Bir gün dostcasına söhbətimiz zamanı mən
soruşdum:
– Orxan bəy, bizdə bəzən iddia
etdikləri kimi siz postmodernistsizmi?
– Əlbəttə ki, yox – deyə dərhal
cavab verdi.
– Bizdə adətən yaza bilməyənlər
özlərini postmodernist elan edir – dedim.
– Bizdə də eynən elədir – dedi.
Təkcə bizdə yox, dünyada bəzi
dəbdə olan yazıçıları, məsələn
Umberto Ekonu, M.Paviçi, P.Zyuskindi, X.Murakamini və
başqalarını postmodernistlər sırasına daxil
etdiklərinə görə bu barədə öz mülahizələrimi
bölüşmək istəyirəm. Bu mövzuya mən hələ
“Gecə düşüncələri”ndə toxunmuşdum.
Mənəvi cəhətdən səbatsız
olan bir qrup, xüsusilə tez şöhrət qazanmağa
düşkün bəzi gənc yazıçılar
üçün postmodernizm əsas cazibə obyekti
olmuşdur. Kifayət qədər geniş tarixi, mədəni
və ədəbi görüş dairəsinə malik olmayan,
rus dilini yetərincə bilməyən, illah da başqa xarici
dilləri heç bilməyən, postmodernizmlə yalnız
üzdən, səthi tanış olan, bəzən o barədə
ancaq ordan-burdan eşidən adamlar yazdıqları səfsəfəni
yenilik, dünya standartlarına uyğun, ədəbiyyatımızda
yeni mərhələ kimi sırımağa
çalışırlar. Onlardan əvvəl yazılan
bütün əsərləri, əlbəttə ki, inkar edirlər.
Yəni bizdən qabaq ümumiyyətlə, heç bir ədəbiyyat
olmayıb, hər şey bizdən, hətta bizim hələ
yazılmamış əsərlərimizdən
başlayır.
Bizim bu əldəqayırma “postmodernistlər”
bir qırağa dursun, demə bu problem rus ədəbiyyatında
da gündəmdədir.
Bu barədə yunan
yazıçısı Nikos Zavraç belə yazır: “Həyasız,
kəmsavad jurnalistlərə öz ordusunu alçaltmağa,
vulqar postmodernist “yazıçılara” əzəmətli rus
ləyaqətini təhqir etməyə, rus məktəblərinin
müdir və müəllimlərinə hər cür zibil və
çirkabı təqdim etməyə icazə verən
xalqı görmək xəcalət gətirmirmi?
Postmodernizm şöhrətpərəst, həyasız,
özündənrazı və ifrat dərəcədə
pafosludur. Çünki naqislik və günah həmişə
aqressivdir. Homoseksualizm pafosu, kobudluq pafosu, bayağı rişxəndçilik
pafosu”.
Orxan Pamuku bəzən türk Umberto Ekosu
adlandırırlar, məncə bu da düz deyil. İtalyan
yazıçısı özü postmodernizm haqqında belə
yazır: “Təəssüf ki, postmodernizm hər şeyə
yarayır. Mənə elə gəlir ki, bizim zamanda
bütün bu sözdən istifadə edənlər onu hər
dəfə kimi isə tərifləmək istədiklərində
işlədirlər. Həm də onu inadla keçmiş əsrlərə
aparıb çıxarırlar. Əvvəl o yalnız
axır 25 illiyin yazıçıları və rəssamlarına
aid edilirdi, yavaş-yavaş o əsrin ibtidaisinə qədər
uzandı, sonra daha qabaqlara gedib çıxdı,
görünür bununla kifayətlənməyəcək,
tezliklə postmodernizm kateqoriyası Homeri də özünə
aid edəcək. Postmodernizm – modernizmə cavabdır. Madam ki,
keçmişi yox etmək olmur və ya onun məhv edilməsi
heçliyə gətirib çıxarır, o zaman onu yenidən
ironiya ilə şəbədəyə, lağa qoyaraq təqdim
etmək lazım gəlir”.
Umberto Ekonun bu dəyərləndirməsini
rus və bizim Azərbaycan ədəbiyyatından misallarla da təsdiq
etmək olar. Əgər postmodernizm parodiyalaşdırmaq,
klassik mətnlərin istehzalı şəkildə
aşağılanmasıdırsa, hələ “postmodernizm”
termininin yaranmasından çox-çox əvvəl Mayakovski
bunu Puşkinin Tatyanasının məktubunu “Yaxşı” poemasında satirik tərzdə
parodiyalaşdırmışdı. Bizim ədəbiyyatda isə
Sabir Füzulinin lirik qəzəlləri ilə bağlı
belə üsluba əl atmışdı. Lakin nə Mayakovski,
nə də Sabir bunu məqsəd sayırdı. Mayakovski bu
üslubu siyasi təbliğata tabe etmiş, Sabir isə bundan
gerilik, cəhalət və maarif düşmənləri ilə
mübarizə üçün istifadə etmişdi.
Bəs müasir postmodernistlərin məqsədi
nədir, yalnız adamların mənəviyyatını
qıcıqlandırmaqmı, epatajmı?
Yeri gəlmişkən, bu da dünya ədəbiyyatında
yeni bir şey deyil, elə Mayakovskinin ilk dövrünü yada
salaq.
Umberto Eko yazır: “Doğrusu, mənə
elə gəlir ki, biz daima müzakirələrimizdə
mövcud olan bu gizli fikirlərdən əl çəkməliyik
– o fikirlərdən ki, hay-küy əsərin qiymətinin
yeganə meyarıdır”.
Umberto Ekonun “Qızılgülün
Adı” romanından məni heyrətləndirən bir sitat da
gətirim: “Elə vaxt gələcək ki, – deyə Xorxe yenidən
danışdı – qanunsuzluq yayılacaq, oğullar valideynlərinə
əl qaldıracaq, arvadlar ərlərinə xəyanət edəcək,
ər arvadını hakimlərin qarşısına
çıxaracaq, ağalar öz təbəələrilə
insafsız davranacaq, təbəələr ağalara itaət
etməyəcək, böyüklərə hörmət
qalmayacaq, yetkinləşməmiş gənclər hakimiyyət
tələb edəcək, iş, əməl faydasız, zəhlətökən
bir şeyə çevriləcək, hər tərəfdə
günahın, qüsurun, bütün əxlaq
qaydalarının pozulmasının şərəfinə
mahnılar oxunacaq”.
Bu fikir məni təkcə orada sanki
postmodernizm estetikasının ifadə olunması və
bütün bu deyilənlərin zəmanəmizin həqiqətlərinə
tuş gəlməsi ilə deyil, həm də bu mətnin qədim
“Oğuznamə”lərin birində ailə bağlarının
qırılması, yaş iyerarxiyasının pozulması,
hakimiyyət hərisi olan “südəmər” gənclərin hərcimərclik
və qanunları tapdaması haqqında şikayətlərilə
tam eyniliyiylə heyrətləndirdi. Həqiqətən
dünyada heç bir şey yeni deyilmiş.
Bəs keçən əsrin müxtəlif
ölkələrinin dəbdə olan yazıçıları
– italiyan Umberto Ekonu, serb Milorad Paviçi, almandilli Patrik
Zyuskindi, yapon Xaruki Murakamani və türk Orxan Pamuku birləşdirən
nədir? Ən tutumlu və dəqiq tərif yenə də
Umberto Ekonun sözlərindədir: “Ömrüm boyu hesab
etmişəm ki, roman, hər halda həm də öz iti
süjeti ilə oxucunu cəlb etməlidir”.
Meduavist-alim, Avropanın orta əsrlər
tarixinin dini cərəyanlarının, xristian təriqət və cəmiyyətlərinin
mükəmməl bilicisi öz böyük elmi bilik
ehtiyatını dedektivə çox meyl edən, belletristik
janrda yazılmış “Qızılgülün adı”
romanında təcəssüm etdirmişdir. Qəhrəmanlarından
birinin adını Vilhelm Baskervil qoyan müəllif aydın
şəkildə Konan Doylun “Baskervillərin iti” dedektivinə
işarə edir.
Orxan Pamuk da başqa tarixi materialda və
coğrafi məkanda islam, sufilik, hürufilik, osmanlı ənənələri,
Şərqin orta əsr minatürçü rəssamlıq məktəbləri
və s. haqqında geniş məlumatlarından gərgin
süjet xəttinə malik romanlarında istifadə edir.
“Qara kitab”da məzmun əsas qəhrəman
Qalibin öz itmiş (və ya onu tərk etmiş)
arvadının axtarışı üzərində qurulur.
Lakin Orxan Pamuk romanının dedektiv ədəbiyyatdan fərqi
ondadır ki, o macəralı
süjetin köməyi ilə müasir Türkiyənin ən
mühüm ictimai-siyasi və mənəvi problemlərinə
toxunur. Macəralı süjetdən daha artıq məni “Qara
kitab”ın “Bosforun suları çəkildikdə” (romanın
fəsillərindən biri belə adlanır) İstanbula həsr
olunmuş səhifələri maraqlandırdı. Bu fantastik əhvalatı
müəllif o qədər dəqiqliklə, əyaniliklə
təsvir edir ki, oxucu sanki öz gözüylə əbədi
şəhər – İstanbul-Konstantinapol-Bizansı indiyə qədər
dənizin dibində gizlənən bütün əşyaları,
bir çox əsrlərin qalıqları ilə görür.
Yalnız həqiqətən istedadlı yazıçı
heç kimin heç zaman görmədiyi dəniz altında
qalmış avadanlığın belə canlı
sırasını yarada bilər.
Eyni zamanda Orxan real İstanbul haqqında
xatirə kitabının müəllifidir. Kitab elə belə
də adlanır – “İstanbul”. İstanbul Orxan Pamuk
üçün təkcə doğulduğu,
böyüdüyü, həyatının çox hissəsini
yaşadığı sevimli şəhər deyil, həm də
çoxəsrli tarixinin bütün mərhələləri
ilə birlikdə tam bir dünyadır, içində müxtəlif
mədəniyyətlərin, dinlərin qəribə
qarışığı olan bir qazandır. Eyni zamanda,
İstanbul onun üçün uşaqlığını
xatırladanda gözlərini yaşardan doğma şəhərdir.
O.Pamukun sualtı İstanbulun fantastik mənzərəsini
yaratmaq istedadı onun doğma şəhərinin müasir məişətini,
əxlaqını, həyat tərzini, zövq və əyləncələrini,
ailə əlaqələrini təsvir etmək
bacarığına bərabərdir.
“İstanbul” zənnimcə, O.Pamukun ən
yaxşı əsəridir. Bu kitabda O.Pamuk ən yüksək
dərəcədə özüdür. Ümumiyyətlə,
onun xatirə kitabları və romanlarına diqqət yetirdikdə
Orxanın çox həssas, hətta bir qədər sentimental
insan olması təsəvvürü yaranır. O, kitablar
arasında böyümüş və yaşayan, sənət
əsərlərinə bağlı assosiasiyalarla, şəhərin
keçmişi haqqında nostalji xatirələrlə, eyni
zamanda özünün keçmişi, uşaqlıq, yeniyetməlik
və gənclik illəri ilə bağlı unudulmaz təəssüratlarla
yaşayan insandır.
İstanbul haqqında romanı oxuduqda hiss
etdiklərim O.Pamukdan Paris jurnalı üçün
müsahibə alan fransız jurnalistinin fikirləri ilə uyğun
oldu.
Jurnalist:
– “İstanbul” romanı tənhalıq
hissi, sizin tənhalıq hissinizlə doludur – deyir. Tamamilə
aydındır ki, Türkiyədə siz yazıçı
kimi də tənhasınız. Siz sizi qəbul etməyən
dünyada böyümüş və
yaşayırsınız.
Orxan Pamuk belə cavab verir:
– Böyük ailədə
böyüdüyümə və məni həmişə
yaşadığım mühitə hörmət etmək və
onu qəbul etmək öyrətdiklərinə baxmayaraq, illər
sonra oradan ayrılmaq, qopmaq zərurətini duymağa
başladım. Mən çox erkəndən başa
düşdüm ki, cəmiyyət mənim xəyal
gücümü, nəyi isə uydurmaq
bacarığımı boğur. Xəyal gücümün
çalışması üçün mənə tənhalıq
ağrısı gərəkdir. O zaman yalnızlıqda mən
xoşbəxt oluram. Lakin türk olduğuma görə mən
bir müddətdən sonra ünsiyyət üçün
darıxıram, nəyinsə çatmadığını
hiss edirəm.
“İstanbul” romanı anamla əlaqələrimin
kəsilməsinə səbəb oldu – onunla daha
görüşmürük. Və əlbəttə ki,
qardaşımla da çətin ki, görüşək.
Türklərə münasibətim isə mənim bu
yaxındakı çıxışlarım və dediklərim
üzündən pozuldu”.
Bu çıxışlara hələ
qayıdacağam, lakin burada mən bir məqama toxunmaq istərdim;
Onun altını “Qara kitab”ı oxuyarkən cızmış,
indi isə kitabı vərəqləyərkən təsadüf
etdim:
“Nəsimi Allahı öz sevgilisinə bənzətmişdi,
bunun üçün onu tutub edam etmişdilər – diri-diri dərisini
soymuş, çarmıxa çəkmiş, sonra 7 yerə
parçalayıb 7 müxtəlif şəhərdə
basdırmışlar (dərs olsun deyə).(?-A)
“Mənim
adım qırmızıdır” romanında da
“Qızılgülün adı”nda olduğu kimi orta əsrlərin
tarixi fonunda bir sıra müəmmalı qətllər,
adamqaçırtma, qeyb olmalarla rastlaşırıq, bu da,
görünür, türk yazıçısının Umberto
Ekoyla müqayisə edilməsinə səbəb olmuşdur.
Lakin yenə də müəllif dedektiv süjet vasitəsilə
Qərb və Şərq mədəniyyətlərinin – təsviri
sənət nümunələri əsasında – bir-birinə
yaxın və uzaq olması kimi ciddi problemlərə toxunur.
İnsanların və mənzərələrin təsvirində
Qərb üslublarını təqlid etmək istəyi sonunda
Şərqin böyük minatür sənətinin süqutuna
gətirib çıxarır. Öz əhvalatlarını
müxtəlif insanlar, nəinki kişilər və
qadınlar, həm də ağac, it, hətta ölüm
adından danışan müəllif sanki bütün
varlığın vəhdəti haqqında panteist ideyaları
təsdiq edir.
Ən çox oxunan dünya
yazıçılarının əsərlərindəki gərgin
süjet təkcə estetik deyil, həm də iqtisadi səbəblərlə
izah olunur. Axı indiki zamanda ədəbiyyat və incəsənət
tez-tez bazar ölçüləri ilə qiymətləndirilir.
Bəziləri yaxşı satılan
kitabları bədii cəhətdən də daha dəyərli
hesab edirlər. Onlar sanki unudurlar ki, satılmayan insanlar
olduğu kimi, satılmayan kitablar da var. Bu isə nə o
adamların, nə də o kitabların dəyərini
azaldır.
“Həyatdan daha heyratamiz bir şey yoxdur.
Sözdən başqa”. Bu fikri Orxan Pamuk özünün
uydurduğu İbn Zəhranının kəlamı kimi qələmə
verir. Y.Lotman qeyd edir: Umberto Ekonun romanı
İohann İncilindən bir iqtibasla başlayır:
“Öncədən yalnız söz
vardı” və sonu latınca sitatla bitir: orada deyilir ki,
“qızılgül soldu, amma “qızılgül” sözü
“qızılgülün adı” qaldı. Əsərin həqiqi
qəhrəmanı sözdür. Sözləri insanlar
yaradır, lakin sözlər insanları idarə edir.
Sözün mədəniyyətdə yeri,
söz və insan arasında münasibəti öyrənən
elm- semiotika adlanır. “Qızılgülün Adı”
romanı söz və insan haqqındadır – bu semiotik
romandır”.
Bu mənada orxan Pamukun romanlarını da
semiotik adlandırmaq olar.
Milorad Paviçin “Xəzər lüğəti”
əsəri isə sırf semiotik romandır, onun
adının altında “1000000 sözlük roman – leksikon” tərifi
verilmişdir.
Yeni nəslin
yazıçılarının başqa bir xüsusiyyəti də
məcaziliyə meyldir. Patrik Zyuskindin “Əttar” romanı
geniş vüsətli bir məcazdır. Bu roman xoşuma gəlmədi,
onu güclə axıracan oxudum. 200 səhifə ərzində
ətirlərin necə hazırlanması və hansı tərkiblərdən
düzəldilməsi haqqında təfərrüatlı məlumatlar
verilir. U.Ekonun, M.Paviçin, O.Pamukun, hətta Den Braunun “Da
Vinçi kodu” kitabından (sonuncu yuxarıdakılardan daha
aşağı pillədədir) aldığım sırf
elmi məlumatlardan fərqli olaraq, Zyuskindin ətriyyata aid
bilgiləri məni cəlb etmir. Əgər mənə bu sahədə
biliklər lazım olsaydı, mən müvafiq elmi ədəbiyyata
müraciət edərdim. Bu romanda ətriyyatın incəlikləri
və sirlərindən başqa nə var? Əsas qəhrəman
çoxdan hamını bezdirən freydist motivləri – nakam xəsarətli
uşaqlıq, ana ilə əlaqə problemi, gizli seksual
doyumsuzluğu və s. ilə yoğrulmuşdur. “Əttar”
dedektiv kimi də maraq doğurmur. Əvvəlcədən qətlin
səbəbləri də, qatil də məlum olan əsər
nə sayaq dedektivdir? Bəs ortada nə qalır? Ən
geniş mənada məcaz – məsələn, A.Kamyunun “Taun” əsəri
kimi. Şər qüvvə, burada hakim olmaq ehtirası ilə
deyil, qoxular ideyasına tutulmuş və “qoxular hakimiyyətinə”
çatmaq üçün cinayətə hazır olan məcazi
“şər dahisi” obrazının təsviri. Beləliklə
insan həyatının öz-özlüyündə heç
bir qiyməti yoxdur, hər adam yalnız müəyyən maddələrin
toplusudur (Osvensimdə bu materiallar – saçlar, dişlər,
insan dərisi olduğu kimi). Romanda məcazi zirvə nəqtəsi
– Hitlerəbənzər “şər dahisinin” cazibəsi və
təsirinə uyaraq kütlənin onun iradəsinə (bu halda
qoxuya) ram olmasıdır. Bu da Corc Oruelin “1984”
antiutopiyasını xatırladır, orada qurbanlıq adam sonda – diktatoru,
“Böyük qardaşı” –
sevməyə başlayır. Əlbəttə ki, meyidin
(mütləq meyid olmalıdır) qoxusunu əldə etmək
– fantastik ehtimaldır, lakin bu yenə də məcazi mənada
qəbul edilir – şeytan ram edilmiş insanın ruhunu
aldığı tək. Daha bir məcazi məqam – qəhrəman
özünün qoxusu olmamasından, yəni o, özəlliksiz
adam olmasından əziyyət çəkir: Bu tərif
başqa bir Qərb romanının
adın xatırladır “Özəlliksiz insan”. Qoxusuz,
özəlliksiz, xüsusiyyətsiz insan təkcə adi,
istedadsız adamın deyil, həm də (bunu biz XX əsrin
sonunda müşahidə etdik) bütün dünyaya hakim ola
bilən şəxsiyyətsizliyin məcazi obrazıdır. Məcazı
təfəkkür Orxan Pamukun romanlarına da xasdır. Lakin nə
Umberto Eko, nə Milorad Paviç, nə Patrik Zyuskind Nobel
mükafatına layiq görülmədilər. Bu
mükafatı türk yazıçısı aldı. Qərb
yazıçıları öz oxucularına maraqlı şəkildə
də olsa, onlara az-çox tanış olan Avropa tarixindən
süjetlər təqdim edirlər.
Orxan Pamukun romanlarının
fakturasını isə Qərb oxucusunun alışmış
olduğu biçimlərdə Şərqin ona az tanış
olan ekzotik həyatı təşkil edir. Türk-Şərq məhsullarından
O.Pamuk Avropa ədəbi təamı hazırlayır. Həm də
bunu parlaq, istedadlı, “dadlı”, başlıcası isə
uğurla edə bilir. Onun romanları məzmununun zənginliyi
ilə ədəbi elitanın diqqətini cəlb edir, dedektiv
süjetləri isə sıravi oxucularda maraq oyadır. “Qar”
romanında da cinayətlə bağlı süjet müasir
Türkiyənin siyasi panoramını əhatə edir – sollar,
sağlar, kommunistlər, millətçilər, kamalistlər,
islamçılar – müəllif ölkənin şərqindəki kiçik əyalət şəhəri
Qarsda məmləkətinin tam siyasi mənzərəsini əks
etdirir. Mən bir dəfə İstanbulda qarslıların
keçirdiyi gecədə iştirak etdim.
Çıxış edənlərdən bəziləri şəhərlərinin
belə təsvirinə görə O.Pamukdan
narazılıqlarını bildirirdi. Sonralar romanı oxuyanda mən
orada Qars sakinlərinə toxunan bir şey tapmadım. Hadisələrin
baş verdiyi yeri seçməyinin səbəbini izah edərək
Orxan Pamuk deyir:
– Bu Türkiyənin ən soyuq şəhərlərindən
biridir. Həm də ən kasıblarındandır. 1980-ci ilin
əvvəlində Türkiyənin ən aparıcı qəzetlərindən
biri nömrəsinin tam səhifəsini Qarsdakı
kasıblığa həsr etmişdi. Mən oraya getməyi qərara
aldıqda ölkədəki siyasi vəziyyət heç də
normal deyildi. Şəhərin ətrafında əsasən kürdlər məskunlaşmışdı,
şəhərdə isə kürdlərə, azərbaycanlılara,
türklərə və bəzən də ruslar və
almanlara rast gəlmək olurdu. Etnik problemlərdən əlavə,
şiə və sünnülər arasında da dini ixtilaflar
mövcud idi. “Qara kitab” və “Mənim adım
qırmızı” kimi, “Qar” da mükəmməl və
maraqlı romandır, amma əsas qəhrəmanın əhvalının
tez-tez dəyişməsi – o gah xoşbəxt, gah bədbəxt
olur – yeknəsikliyi ilə
oxucunu bir qədər yorur. “KA”nın
(müəllif qəhrəmanı belə
adlandırır) daim səbəbli və səbəbsiz
ağlaması adamı bezdirir. Lakin üstünü qar
basmış kiçik şəhərin mənzərəsi və
mühiti çox gözəl
canlandırılmışdır. Məharətlə təsvir
edilmiş canlı, parlaq surətlər yadda qalır.
Gərgin
süjetli “Qar”la müqayisədə yazıçının
o biri romanı “Məsumiyyət muzeyi” öz amorfluğu ilə
qəribə təsir bağışlayır. Sanki o, O.Pamukun
məşhur romanlarından qabaq yazılıb,
lazımsız, artıq şeyləri atıb yalnız vacib
şeyləri saxlaya bilməyən müəllifin qələmindən
çıxıb. Bu əsər nə haqdadır?
Keçmiş illərdəki sovet tənqidinin
quru üslubu və birmənalı qiymətləndirməsinə
üz tutsaq, bu əsər, necə deyərlər
“şadlığından şitlik edən” avara bir zənginin
anlaşılmaz və son dərəcə uzun-uzadı hekayəsidir.
Sanki bir boşluqda, kəskin ictimai problemləri olan Türkiyənin
müasir ictimai-siyasi mühitindən kənarda yaşayan Kamal
adlı bu personaj öz mənasız həyatını Don
Kixota bənzər şəkildə
(lakin onun romantik heyranlığından xali) özünə
bir Toboslu Dulsineya (hətta bir yox, iki Dulsineya) uydurur ki, sonda
onları məhv etməsə də, cəmiyyətin
gözündə biabır etsin.
Sosyeteninsə – yəni kübar təbəqənin
(romana əsasən) bu qızların bakirə
olub-olmamalarından başqa problemi yoxdur. Həm də bu həmin
qızların öz həyatlarını hörmət-izzətli
və rahat qurmalarına mane olmur. Kamal qətiyyətsiz, iradəsiz
adamdır, eyni zamanda fetişist və hətta kleptoman, yəni
əşyalara tapınan və həm də əşya
çırpışdırandır. “Əttar”ın qəhrəmanı
kimi o da qoxuları, təkcə qoxuları deyil, həm də
saçları, sancaqları, sırğaları,
üstündə sevgilisinin dodaq boyasının izləri qalan
siqaret kötüklərini yığıb kolleksiya
toplayır, özünün qəribə “məsumiyyət
muzeyi”ni – “xoşbəxtlik muzeyi”, “kədər muzeyi”,
“ümidsizlik muzeyini” yaratmaq istəyir. Lakin Kamalın
ümidsizlik, qüssə, kədər vəziyyətindən
sevinc və xoşbəxtlik, məmnunluq halına keçməsi
anidir. Dulsineyanın (yəni Füsunun) əlinə bir
toxunuşdan və ya onun bir xoş baxışından
asılıdır. Xoşbəxtlikdən bədbəxtliyə
və əksinə olan bu keçidlər, yırğalanmalar
romanda dəfələrlə təkrarlanır və müəllif,
görünür unudaraq hər belə dəqiqəni qəhrəmanın
həyatında ən fərəhli an elan edir.
Lakin gəlin vulqar-sosioloji tənqid
üsulunu kənara qoyub istedadlı yazıçının
öz romanında nə ifadə etmək istədiyini
anlamağa çalışaq. Müəllifin fikrincə, bu,
məhəbbət hekayəsidir, lakin bu məhəbbət
olduqca qəribədir. Məhəbbət hekayəsinin məcazi
səpgidə izahına realistik təfərrüat, realistik əsər
kimi qavranmasına isə onun qeyri-inandırıcı
xronologiyası əngəl törədir.
Füsun və onun əri Firudinin 8 il evli
olduğu halda bir dəfə də ər-arvad münasibətlərinə
girməməsinə necə inanmaq olar?
Əgər belə vəziyyət
mümkündürsə (dünyada hər şey ola bilər),
bu ayrı bir əsərin mövzusudur. Bu patoloji münasibətlərin
incə və dəqiq təfərrüatlı əhvalatını
onların bütün mürəkkəbliyini, xüsusiyyətlərini
və çalarlarını təhlil edən bir romanın
mövzusudur. Pamukun romanında bütün bu mürəkkəb
durum bircə məlumat cümləsi ilə, adi bir şey kimi
qələmə verilir.
Və yaxud realistik mövqedən
yanaşılsa, necə inanmaq olar ki, Kamal 8 il ərzində
yalnız Füsunun yanında olmaq xatirinə onun evinə gəlir
ki, orada televizora baxıb rakı içsin. Bu necə adamı
bezdirməyə bilər? Əgər bu olduqca dərin məhəbbətdirsə,
o necə belə uzun müddət heç bir konkret hərəkətə,
addıma çevrilmədən sürə bilər. Belə
olduqda təsir yaranır ki, Kamalın bu cür vaxt keçirməsi
onun avaraçılığı və özünü
heç nə ilə məşğul edə bilməməsindən
doğur. Bəlkə yazıçı elə bunu ifadə
etmək, yəni, öz cəsarəti və eşqi
uğrunda mübarizə etməyi bacarmayan, yalnız
başqasının ailə səadətini iradəsiz şəkildə
seyr edən və Füsun və Firudinin gec-tez
ayrılacağına ümid bəsləyərək özünə
təskinlik verən avara obrazı yaratmaq istəyib.
Həm də məlum olur ki, bu əsl mənada
evlilik deyil. Kamalı daima cinsi tələbləri olan bir erkək
kimi təsvir edən müəllif, bizi inandırmağa
çalışır ki, o müəyyən qadını
ehtirasla sevdiyi üçün 8 il ərzində cinsi əlaqədən
çəkinmişdir. Amma bu ehtirasdan yanıb kül olma
deyil, yalnız közərmədir.
Təkrar edək ki, Orxan Pamuk sözsüz
ki, bu romanında da başqa əsərlərində olduğu
kimi, çox istedadlı yazıçıdır. Eyni zamanda
o, Qərb yazıçılarının – Marsel Prustdan tutmuş
Borxesə qədər güclü təsiri altındadır.
Prustun təsiri “Məsumiyyət muzeyi”ndə də hiss olunur.
Lakin əgər fransız yazıçısının təsviri
qəhrəmanların zahiri hərəkətlərini göstərmədən
onların daxili hisslərinə yönəlmişdirsə və
bu duyğular çalarları, əhval dəyişmələri
ilə son dərəcə zəngindirsə, Orxan Pamukun qəhrəmanlarının
daxili hisslərini yalnız iki sözlə ifadə etmək
olar – xoşbəxtlik, ya bədbəxtlik.
Qəhrəmanın öz həyatı
haqqında çıxardığı son xülasə isə
tam gözlənilməzdir: “ Qoy hamı bilsin ki, mən çox
xoşbəxt həyat sürmüşəm” – deyir.
Bu, həyatını az-çox normal
yaşamış və Kamala onun keçirdiyi mənasız həyatına
görə yazığı gələn insanlara meydan
oxumaqmıdır? Yaxud daha dəqiq fikri Füsun Kamalın
onlara gəlməsi haqqında rəfiqəsi ilə söhbət
edərkən deyir: “Bizə Kamal bəy gəlir, o çox zəngindir,
amma bir az başdan xarabdır”.
Füsunla Kamal arasındakı münasibətlərin
açarı bu sözlərdə deyilmi? “Çox zəngindir”
– yəni Füsunu kino ulduzu olmaq arzusunu həyata keçirə
bilər və “bir az başı xarabdır” – Füsunun onunla
xoşbəxt olmasını qeyri-mümkün edən səbəbdir.
Bu, şərh edilərsə, Füsunun
avtomobil qəzasında həlak olmasını gələcək
birgə xoşbəxt həyatın sanki
mümkünlüyü, gerçəkləşməsi ərəfəsində
intiharı kimi qiymətləndirmək olar.
Füsunun
ölümündən sonra Kamalın yaratdığı “Məsumiyyət
muzeyi” isə yəqin ki, yazıçının fikrincə,
real dünyada xoşbəxtliyin qeyri-mümkün
olmasının metaforasıdır.
Səadəti cəfəng məsumiyyət
muzeyinin eksponatlarında təcəssüm etdirilmiş xatirə
dünyası əvəz edə bilər.
“Başqa rənglər”də Orxan Pamuk
türk və xarici yazıçılar, oxuduğu kitablar,
baxdığı filmlər haqqında öz esse və
düşüncələrini toplamışdır.
Yazıçının öz əsərləri, onları
yazması səbəbləri, bu və ya digər romanda ifadə
olunması, onun üçün bir müəllif kimi vacib olan
motivlər haqqında qeydləri xüsusi maraq doğurur.
Kitaba həm də Orxanın Türkiyədə və bir
sıra Avropa ölkələrində çıxış və
müsahibələri daxil edilmişdir. Bu
çıxışların biri üzərində
dayanmağa dəyər. Bu onun məhkəmədəki
çıxışıdır. O, türk ictimaiyyətinin qəzəbinə
səbəb olmuş başqa oxşar fikirlərilə eyni tərzdədir.
Yuxarıda bu məsələyə toxunduqda mən həmin
problem barəsində təfərrüatıyla
danışmağı vəd etmişdim.
O.Pamukun “erməni
məsələsi” ilə bağlı 1915-ci il hadisələri
haqqında dedikləri Türkiyədə kəskin reaksiya
doğurmuşdur. Məhz bu sözlərinə görə o,
məhkəmə qarşısında durmalı olub. Dediklərinin
məğzini, dəlillərini və mövqeyinin
izahını başa düşmək üçün onun məhkəmədəki
çıxışından geniş sitat gətirirəm:
Orxan “Məni türk millətini təhqir
etməkdə ittiham edirlər” – deyir. – Prokuror mənim 3 il həbsxanada
yatmağımı tələb edəcək. Vəkilim kimi mən
də inanıram ki, əleyhimə irəli sürülən
ittihamlar inandırıcı deyil və düşünmürəm
ki, həqiqətən həbsxanaya düşəcəyəm.
Hökumət məni həbs etmək qərarına gəlmişdirsə,
demək mən axır ki, əsl türk
yazıçısı olmuşam – deyənləri başa
düşürəm.
2005-ci ilin fevralında bir İsveçrə
qəzetinə müsahibəmdə mən demişdim ki,
Türkiyədə otuz min kürd və bir milyon erməni
öldürülmüşdür və
narazılığımı bildirirdim ki, ölkədə bu
mövzunun müzakirəsi qadağandır. Mən 1915-ci ildə
Osmanlı imperiyasında ermənilərin başına gələn
hadisələr haqqında danışırdım. Ciddi
tarixçilər arasında şübhə yoxdur ki,
Osmanlı imperiyasında yaşayan ermənilərin çoxu
birinci dünya müharibəsi zamanı etibarsızlıq bəhanəsiylə
yaşadıqları yerlərdən
köçürülmüş və bu köçmə
prosesində çoxusu öldürülmüşdür.
Türk Cümhuriyyətinin rəsmi nümayəndələri
iddia edirlər ki, həlak olanların sayı çox
şişirdilmişdir və bu hadisələri
soyqırımı hesab etmək olmaz, çünki ermənilərin
məhv edilməsi müntəzəm xarakter daşımamış
və ermənilər özləri də müharibə
vaxtı bir çox müsəlman öldürmüşlər.
Mən bu məsələni böyütmək
istəmədiyim və heç bu haqda eşitmək istəmədiyim
üçün əvvəlcə susdum və qəribə
bir xəcalət hissi keçirdiyim üçün
olanları gizlətməyə çalışdım. Lakin
vilayətlərdən birinin qubernatoru mənim bütün
kitablarımı yandırmağa əmr verdikdə və
İstanbulda mənim əleyhimə məhkəmə işi
açıldıqda bu məsələ beynəlxalq əks-səda
yaratdı. İndi mən başa düşürdüm ki, bu
cəmiyyətdə alovlanan nifrət təkcə mənə
qarşı yönəlməmişdi. Və anladım ki, Türkiyədə
və onun xaricində baş verənlər haqqında
danışmağın vaxtı çatıb- qismən ona
görə ki, mən əminəm: millətin şərəfini
onun tarixində olan “qara ləkələrin” açıq
müzakirəsi yox, əksinə, onların ört-basdır
edilməsi çirkləndirə bilər. Müqəddəratıma
qarşı beynəlxalq ictimaiyyətin marağı və
diqqəti məni təsirləndirdi, ancaq öz ölkəmlə
qalan dünya arasında qalmağım mənə heç də
xoş gəlmirdi”.
Sonra O.Pamuk söz azadlığına
istinad edir, xalqlarının tarixində olan qara səhifələr
haqqında yazan bir sıra ölkələrin
yazıçılarını yada salır, Türkiyənin
Avropa İttifaqına girməsi üçün belə
etirafın zəruri olması ilə bu hərəkətlərinə
bəraət qazandırmağa çalışır.
Mən
Orxanın nəcib niyyətlərinə şübhə etmirəm,
lakin obyektiv şəkildə baxılsa, türk
yazıçısının belə bəyanatları ölkəsini
hörmətdən salır, onun çoxsaylı düşmənlərinin
dəyirmanına su tökür. Hələ onu da demək
lazımdır ki, O.Pamukun bütün dəlillərini
asanlıqla təkzib etmək mümkündür. Türkiyə
bir çox illərdir ki, bütün arxivləri, həmçinin
başqa əlaqədar ölkələrin arxivlərinin
açılmasını təklif edir ki, 1915-ci ilin həqiqi
səbəbləri, miqyası və nəticələri
aydınlaşdırılsın, bu məsələnin
müzakirəsi siyasi müstəvidən tarixi
araşdırmalar müstəvisinə keçsin. Erməni
qurbanlarının sayının ildən-ilə artması danılmaz
faktdır. Həmçinin danılmaz fakt da odur ki,
böyük sayda türk və kürd dinc sakinləri – qadınlar, qocalar və uşaqlar
ermənilər tərəfindən qəddarcasına məhv
edilmişdir. Dünya bilmir, daha doğrusu, qəsdən bilmək
istəmir ki, təkcə Türkiyədə deyil, həm də
Azərbaycanda – Bakıda, Şamaxıda, Naxçıvanda,
Qarabağda, Gəncə, Lənkəran və Qubada XX əsrin
ilk iyirmiilliyində dinc əhali görünməmiş dəhşətli
zorakılıqlara məruz qalmışdır. Erməni quldur
dəstələrinin törətdikləri vəhşiliklər
haqqında oxuduqda damarlarda qan donur. Məgər Orxan Pamuk bu
cinayətkarlıqlar barədə heç vaxt eşitməyib?
Əgər eşitməmişsə, bu təəssüf
doğurur, çünki yazıçı bu qədər həssas
məsələ haqqında fikir irəli sürəndə
(özü də dost olmayan mətbuatda) hadisələrə hərtərəfli
qiymət verməlidir, o biri tərəfin əməllərinə
bəraət qazandıraraq yalnız bir tərəfi
suçlamamalıdır.
Orxan Pamukun məhkəmədəki
çıxışına qarşılıq olaraq akademik
Ziya Bünyadovun “Nə üçün Sumqayıt?” məqaləsindən
də geniş sitat gətirmək istəyirəm:
“Bütün orta əsr erməni müəllifləri onlara
kilsə tikməyə və azad sahibkarlıqla məşğul
olmağa icazə verən Məsihsevər Səlcuq
sultanlarından danışır. Ermənilər Azərbaycanda
Atabəylər dövründə, Elxanilər, Cəlarilər,
Qaraqoyunlu və Ağqoyunlu sultanları, Səfəvilər
(1Şah Abbasın hakimiyyətinin ilk illərindən
başqa) və Qacarlar dövründə firavan
yaşamışlar. Erməni salnamələrinə əsasən
ermənilərə xoş münasibət bəsləyən
Ecmiədzin keşişlərinin malikanə və mülklərinin
qorunması üçün onlara əsgərlər ayıran
osmanlı sultanlarından da şikayətə səbəbləri
olmamışdır. Axırıncı Osmanlı sultanı 11
Əbdülhəmid hakimiyyəti vaxtı da ermənilər, hərhalda
üst təbəqə pis yaşamayıb. Hər şey ən
parlaq nümayəndələri 11 Əbdülhəmidin
sevimlisi, məşhur Akon paşa və Nübar paşa
başda olmaqla erməni komprador burjaziyası “Daşnaksütun”
partiyasını yaratdıqda dəyişdi. Birincisi,
sultanın şəxsi xəzinədarı, ikincisi
(Qarabağdan gəlmiş) hətta vəziri idi. İlk dəfə
Türkiyədəki erməni millətçi təşkilatları
haqqında Avropa 1885-ci ildə məlumat aldı. Bu erməni
komitələri 1895-96-cı illərdə Türkiyədə
elə şərait yaratdılar ki, tezliklə erməni və
türk vətəndaşları arasında nifaq
düşdü.
Məhz bu illərdə Qərbdə erməni
“ağlaşması”nın təsiri altında “erməni məsələsi”
yarandı. Bütün bu həngaməni erməni millətçiləri
Türkiyənin Balkanlardakı məğlubiyyətindən
sonra, çar ordusununsa Qarsı, Ərzurumu, Bitlisi və
Vanı işğal etməsi ərəfəsində
qaldırılmışdı. Daşnaklar zənn edirdilər
ki, çar ordusunun hücumu qarşısında türklər
öz doğma yerlərini tərk edəcək və ermənilər
böyük sərvət əldə edəcəklər.
Türkiyədəki daşnak başçıları zəhmətkeş erməni əhalisini
öz mənfur fəaliyyətlərinə cəlb etmək
üçün alçaq üsullara əl atırdılar –
erməniləri öldürüb günahı türklərin
boynuna atırdılar. Türkiyədə millətlərarası
savaşı qızışdırmaqla daşnaklar ümid
edirdilər ki, müttəfiqlər İstanbulu işğal edəcək,
bu da onlara hədəflərinə çatmağa imkan
yaradacaqdır.
Yuxarıda gətirilənlər Van, Bitlis
və Ərzurumun baş konsulu general Mayevskinin raportundan əxz
edilmişdir”.
Sonra Z.Bünyadov general Nikolayevin 1 iyun 1915
ildə və Bolovitinovun 9 iyul 1915 ildə qraf
Vorontsov-Daşkovun ünvanına göndərdiyi raportlara
istinad edir. Hər iki general daşnak qətlçilərinin
dinc türk əhalisinə qarşı törətdikləri
terror və vəhşilikləri çox dəqiq şəkildə
səciyyələndirir. 1917-ci ilin yanvarında rus ordusu
Trabzon, Ərzurum və Bitlisi tərk etdikdə
çeteçilər burada dinc əhaliyə əsl divan
tutmuşlar. Buna general Prejevalski və Odinulidzenin raportları
dəlalət edir. Kulier familiyalı alman şahidlik edir ki, ermənilər
müsəlmanların yaşadığı məhəllələrə
soxulur, qarşılarına çıxan hər kəsi
qılınclarıyla doğrayır, süngüləriylə
deşir, qurbanlarını yandırır, uşaqları
alovlanan evlərə atır, özləri isə onların
diri-diri yanmalarına tamaşa edirdilər.
Dinc əhaliyə qarşı bu cinayətlərin
və vəhşi zorakılıqların daha dəhşətli
faktlarını da gətirmək olar, amma ehtirasları
qızışdırmaq istəmirik.
Yaxşı olardı ki, Orxan Pamuk bu qədər
həssas və ağrılı məsələyə
toxunduqda bütün faktlarla tanış olub, sonra Avropa mətbuatında
bundan sonra çıxış edəydi. Avropa mətbuatı
buna imkan vermirsə, yaxşı olardı ki,
yazıçı belə çıxışlardan uzaq durub
məsələnin həllini tarixçilərə
buraxaydı. Dinc erməni əhalisinə qarşı
zorakılıq faktlarına heç bir vəchlə bəraət
qazandırmağa çalışmadan tarixin bu faciəvi və
qaranlıq səhifəsinə görə təəssüf
hissi keçirməklə yanaşı, bu hadisələrin səbəbləri
və daşnak çeteçilərinin məhv etdiyi dinc
türk və kürd əhalisinin çoxlu sayda
qurbanlarını da yadda saxlamaq vacibdir. Türkiyədə ermənilərə
qarşı zorakılıqla az-çox əlaqəsi olan hər
kəs ittiham və hətta edam edilmişdir, bəs türk,
kürd və azərbaycanlıların qanına dirsəyədək
bulaşmış erməni başçılarından
heç olmasa birisi cəzalandırılmışdırmı?
Hər halda Orxan Pamukun bu bəyanatı
yazıçının öz xalqından uzaq düşməsinə
səbəb oldu.
Təkcə Türkiyədə deyil, Azərbaycanda
da böyük etiraza səbəb olmuş bu
çıxışdan bir il sonra 2006-cı ildə Orxan Pamuk
Nobel mükafatına layiq görüldü. Bu münasibətlə
ona belə bir teleqram göndərdim: “Qondarma
“soyqırımı” ilə əlaqədar bəyan etdiklərinizdən
üzüldüm, amma eyni zamanda bu böyük mükafata
türk yazıçısının layiq görülməsindən
qürur duyur, Sizi təbrik edirəm”.
sentyabr 2012-ci il
ANAR
525-ci qəzet.- 2012.-
9 noyabr.- S.8-9.