“İnşallah,
5 ildən sonra, “525”in
25 illiyini geniş qeyd edərik”
“525-Cİ QƏZET”İN BAŞ
REDAKTORU RƏŞAD MƏCİD: “QÜRUR DUYURAM Kİ,
ÖLKƏNİN BİR NEÇƏ NƏSİL ƏBƏDİ-MƏDƏNİ,
İCTİMAİ-SİYASİ ELİTASI “525”İ ÖZ QƏZETİ
HESAB EDİR”
– Rəşad müəllim,
gələn şənbə,
noyabrın 17-si, Milli Dirçəliş Günündə
həm də “525-ci qəzet”in 20 yaşı tamam olur. Hansı hisslər
keçirirsiniz?
– Əslində, “525”in 20 yaşı
barədə bir il öncədən,
qəzetin 19 yaşı
tamam olan günlərdən düşünürəm.
Zamanın, vaxtın göz qırpımında
ötüb keçməsinin
hüznüylə bahəm,
həm də havayı ötməyən,
sevinci-kədəri, ağrısı-acısıyla
dopdolu yaşanan iki sanballı onillik qürur hissi də verir.
– Yubileyi qeyd etmək
fikriniz varmı?
– Keçən il
19 illiklə bağlı
təbriklərin içərisində
mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyevin də səmimi ürək sözləri vardı. Ədalət
müəllim “525”in 20 illiyilə
bağlı teatrlarımızın
birində tədbir keçirilməsi təklifini
də söyləmişdi.
Bununla bağlı nazirliyə yazdığım məktubu
Ədalət müəllimə
təqdim etmək üçün neçə
vaxtdan bəri maşınımda gəzdirdim,
amma düşünüb-daşınıb
təntənəli yubiley
keçirmək fikrindən
vaz keçdim.
– Niyə?
– On il öncə
“525”in “Gənclik” sarayında
keçirilmiş 10 illik
yubiley tədbirinin videoyazısını bu yaxınlarda bir də izlədim. O tədbirdə Azərbaycanın
siyasi, ədəbi, mədəni elitasının,
ictimaiyyətimizin, musiqi
sənətimizin ən
görkəmli nümayəndələri
iştirak edib səmimi arzularını,
təbriklərini söyləmişdilər.
Kamera dopdolu, guruldayan zalı hərləndikcə
gözümə indi aramızda olmayan tanınmış insanlar da dəyirdi və kövrəlirdim.
Biz özümüz də o vaxt gənc idik, belə bir tədbirə,
özünütəsdiqə bəlkə ehtiyacımız
vardı. O yubiley
barədə ən fərqli insanlar xoş sözlər söyləmişdilər. İqtidar və
müxalifət nümayəndələrinin,
fərqli baxışları
və dünyagörüşü
olan insanların bir yerə toplanması,
bir süfrə başına yığışması
o vaxt çoxlarına
təəccüblü görünmüşdü
və bunu gizlətmədən söyləyir,
belə bir tədbiri yalnız “525”in keçirə biləcəyini
də iddia edirdilər. Mən indi
də o tədbirdəki
enerjini, ruhu, çıxışlardakı səmimiyyəti
hiss edirəm. Düşünürəm ki, 20 illiyimizi o səviyyədən daha artıq, daha fərqli, sanballı, maraqlı edə bilməyəcəyiksə, bizi
sevənlərə bu
vaxt qıtlığında
yenidən əziyyət
verməyimizə nə
hacət? İnşallah,
daha 5 il
də ötər və biz “525”in 25 illiyini orijinal bir mərasimlə
qeyd edərik.
– Axı, yubiley həm də xoş sözlər, səmimi təbriklər deməkdi. Kim belə
fürsətdən qaçar
ki?
– O təbrikləri mən və “525”in əməkdaşlar,ı demək olar ki, hər
gün, hər həftə ən müxtəlif, həm də dəyərli insanlardan eşidirik. Fürsət
olan kimi ölkənin tanınmış
ziyalıları “525” haqqında
xoş sözlər deməkdən çəkinmirlər.
On il öncə
də etmişdik, indi də səmimi
ürək sözlərini
demək, göndərmək
istəyənlərə qəzetimizin
səhifələri açıq
olacaq. Amma yəqin “525”in veteranlarıyla
20 illik yubileyi sakit şəkildə qeyd etməkdən də vaz keçməyəcəyik.
– “525” brendə çevrilib,
sanbalı, səviyyəsi,
təmkiniylə seçilir. Bunu necə
qazandınız?
– Masallıdan bir
daimi oxucumuzun sözünü arabir xatırlayıram: “525” də,
demək olar o, biri qəzetlərin yazdıqlarını yazır,
amma o qəzetləri oxuyanda təzyiqim qalxır, düşünürəm
dünya dağılır,
“525”i oxuyanda isə sakit, rahat oluram”. Biz tez tanınaq deyə yalanlara, şayələrə səhifələrimizdə
yer vermədik, insanlarımızın əsəbləriylə
oynamadıq. Qəfil gələn
şöhrətə, mövsümi
xülyalara uymadıq.
Ağır-ağır, təmkinlə öz
yolumuzu getdik.
– “525” həm yaşlıların,
həm elitanın, həm də gənclərin qəzeti sayılır. Buna necə nail oldunuz?
– Bəlkə bu mənim xarakterimdən irəli gəlir. Bəlkə bu gün ölkədə elə bir adam tapılmaz ki, özündən 30 yaş böyük, 30 yaş kiçik insanlarla rahat, komplekssiz oturub danışa bilsin. Mən xalqımızın həyatında,
mənim dünyagörüşümün
formalaşmasında rolu,
zəhməti olan insanlara ehtiram göstərməkdən, əllərini
öpməkdən heç
vaxt çəkinməmişəm.
Sözündə, danışığında, cümləsində bir istedad qığılcımı
gördüyüm sütül
gənclərə dəstək
olmaqdan, özünə
güvənc yaratmaqdan
yorulmamışam. Qürur duyuram
ki, ölkənin bir neçə nəsil ədəbi-mədəni,
ictimai-siyasi elitası
“525”i öz qəzeti hesab edir. Bu gün “525”in yetirmələrinə
hər yerdə rast gəlmək mümkündür. Beynəlxalq
təşkilatlardan tutmuş
dövlət orqanlarına,
ictimai təşkilatlara,
TV-lərədək ilk addımlarını
“525”də atmış yüzlərlə
tanınmış, özünü
təsdiqləmiş şəxs
var. Mənim bu iyirmi ildə gəldiyim qənaət budur ki, bir
insan öz sevdiyi, bacardığı
işlə əzmlə,
yorulmadan, tələsmədən
məşğul olursa,
mütləq qiymətini
alır, təsdiqini tapır.
– Bu 20 ildə etmək istədiyiniz, edə bilmədiyiniz nələr
oldu?
– Çox şeylər etdik. Oxucular üçün təzə
hava, geniş pəncərə, gücümüz
azalanda nəfəslik
ola bildik.
“525” 15 ildən artıqdır, tanınmış
yazıçımız Afaq
Məsudun rəhbərlik
etdiyi Tərcümə
Mərkəzində yerləşir.
Bəlkə bir az kədərlidir
ki, bu illərdə
“525”in öz normal ofisi
olmadı, qəzet bazarı formalaşmadı,
qəzetlərimiz biznes
strukturuna çevrilə
bilmədi. Amma biz bu təmirsiz,
soyuq otaqlarda da özümüzü isti, təmirli ofislərdən daha rahat hiss edirik.
BƏXTİYAR
525-ci qəzet.- 2012.- 9 noyabr.- S.7.