Şirindil
Alışanlının 60 illiyi Yazıçılar Birliyində
qeyd olunub
Azərbaycan
Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda ədəbiyyatşünas
alim Şirindil Alışanlının 60 illik yubileyilə
bağlı tədbir keçirilib.
525.az-ın
məlumatına görə, tədbiri giriş sözü ilə
AYB-nin katibi Arif Əmrahoğlu açıb. O,
çıxışında bildirib ki, Şirindil
Alışanlı müasir elmi nəzəriyyəyə dərindən
bələd olan, dayanmadan bu sahədə mütaliə edən
dəyərli bir ədəbiyyatşünas alimdir:
“Şirindilin çox yaxşı xüsusiyyətlərindən
biri odur ki, yazdığı qədər oxuyur, “pis”
xüsusiyyəti odur ki, oxuduğu qədər yazmır. Onun
yüksək səviyyəli mütaliə qabiliyyəti
yazılarında özünü çox qabarıq şəkildə
büruzə verir. Şirindil bizim nəslin, bütün
ömrünü ədəbiyyata həsr edən nümayəndələrindəndir.
Bizim nəslin, mən də daxil olmaqla bir çox nümayəndələri
başqa sahələrdə çalışdıq, amma
Şirindil ilk gündən harada işləyirdisə, indiyə
qədər də ünvanını dəyişmədi. O
artıq uzun illərdir ki, Ədəbiyyat İnstitutunda
çalışır və orada həyata keçirilən
bir çox islahatlar məhz onun adı ilə
bağlıdır”.
Nitqini təbrik
sözləri ilə bitirən Arif Əmrahoğlu
çıxış üçün sözü AYB-nin sədri,
Xalq yazıçısı Anara verib: “Mən Şirindili 20
ildir tanıyıram. İstər zahiri görkəmində,
istərsə də yazıb-yaratmaq həvəsində
Şirindil elə 20 il əvvəlki kimi qalıb. 60-cı illərdə
ədəbiyyata bir çox yazıçı, şair gəldi.
Onda tənqidçilər hələ yox idi. Bu baxımdan da
Şirindil Alışanlını Azərbaycan ədəbiyyatına
gələn birinci tənqidçilərdən hesab etmək
olar. Onun Azərbaycan ədəbiyyatı ilə bağlı
yazdığı bir çox məqalələr var ki, onlar gələcək
nəsillər üçün dəyərli bir mənbədir”.
Filologiya
elmləri doktoru Teymur Kərimli ilk növbədə bu cür
görkəmli alimlərə qarşı qədirşünaslıq
nümayiş etdirdiyi üçün Azərbaycan
Yazıçılar Birliyinin rəhbərliyinə öz təşəkkürünü
bildirib. Şirindil Alışanlı ilə bağlı xatirələrindən
bəhs edən T. Kərimli onun dəyərli bir ədəbiyyatşünas
olmaqla yanaşı, həm də yüksək insani keyfiyyətlərə
malik bir şəxsiyyət olduğunu diqqətə
çatdırıb: “Biz Şirindil Alışanlı ilə
artıq 42 ildir ki, yol gəlirik və tanıdığım
gündən etibarən heç vaxt onunla dost, həmkar
olmaqdan peşman olmamışam. 60 yaş gəncliyin zirvəsi
hesab olunur. Mən inanıram ki, bundan sonra Şirindil daha
çox yazıb-yaradacaq, Azərbaycan ədəbiyyatının
inkişafı üçün əlindən gələni əsirgəməyəcək”.
Professor
Kamran Əliyev vurğulayıb ki, Şirindil
Alışanlını qiymətləndirmək ədəbiyyatı,
elmi qiymətləndirməkdir. Professor Məhərrəm
Qasımlı çıxışında bildirib: “Ədəbiyyat
İnstitutunun taleyində 30 il bundan əvvəl baş verən
yeniləşmə indi də davam edir. Şirindil
Alışanlı indi də istedadlı insanları axtarıb
tapıb instituta cəlb edir. Onun elmi dəyərləndirmələrində
bir obyektivlik var. Şirindil olduqca
konseptual düşüncəyə malik insandır. Onun
elmi nəzəri dəyərləndirmələrinin istiqaməti
çox gözəldir.
Şirindilin çox kitabı var amma bir kitabının
adı –“Sözün estetik yaddaşı”- onun öz
obrazıdır”.
Professor
Nizaməddin Şəmsizadə deyib: “Bu gün mənim
üçün çox xoş gündür. 60 yaş olduqca
maraqlı bir yaş dövrüdür. Bu yaş gəncliyin
zirvəsi hesab olunur və biz bu zirvəyə birlikdə gəlmişik.
Bu il həm də bizim Şirindil ilə
tanışlığımızın 40 ili tamam olur və biz
bu 40 ildə olduqca şirin, səmimi bir yol keçmişik.
Biz bu gün bu səviyyədə olduğumuz
üçün öz müəllimlərimizə minnətdarıq.
60-cı ildə ədəbiyyata yeni bir nəsil gəldi. Bu
dövrdə bizim üçün də bir şərait
yarandı. Biz o nəsli oxuyaraq tənqidçi olduq və təhsil
tənqidindən təhlil tənqidinə keçməyin əsasını
qoyduq. Bu nəslin başında duran nümayəndələrdən
biri də Şirindil Alışanlı oldu. O istəsəydi,
bizdən əvvəl alim ola bilərdi, amma o əvvəlcə
bizləri yetişdirdi sonra özü müdafiə etdi”.
Filologiya
elmləri doktoru Asif Rüstəmli
Ş.Alışanlının obyektiv insan olduğunu, zahirən
realizmin heykəlinə bənzəsə də, romantizmdən
yazdığını diqqətə çatdırıb və
Nizami adına Ədəbiyyat İnstitutunun kollektivi adından
“Fədakar alim” fəxri adını və əməkdar rəssam
Cabbar Oğuzun çəkdiyi portreti alimə təqdim edib.
Tənqidçilər
Qurban Bayramov, Vaqif Yusifli, Fəridə Vəlixanlı,
filologiya elmləri doktoru Sara Osmanlı da çıxış edərək
yubilyarı təbrik edib, onun haqqında xoş sözlər
söyləyiblər. Tədbirin sonunda Şirindil
Alışanlı Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anara, həmçinin tədbirin təşkilində
əməyi olan hər kəsə öz minnətdarlığını
bildirib.
GÜNEL
525-ci qəzet.-
2012.- 13 noyabr.- S.7.