İşıqlı ziyalı,dəyərli
alim
PROFESSOR VAQİF
ABBASOVUN 60 İLLİYİNƏ
Bəzən elə məqam yetişir ki,
illərlə tanıdığın, hörmət etdiyin,
işığına uçunduğun bir insan haqqında
ürək sözlərini başqalarına
çatdırmağa ehtiyac duyursan. Belə məqamda ad
günündən, yubileydən, hər hansı həyati
uğurdan gözəl nə fürsət ola bilər
axı?!.
Bu payız günlərinin birində xəbər
tutdum ki, oktyabrın 5-də görkəmli Azərbaycan alimi və
ziyalısı, dostluğunu özümə fəxr bildiyim
Vaqif Abbasovun 60 yaşı tamam olub. Daha doğrusu, bir dostum zəng
vurub bu xəbəri verəndə əvvəlcə
inanmağım gəlmədi: əvvala, Vaqif müəllim özünəxas təvazökarlıqla
yubileyini “gizlətmişdi”, ikincisi də o məndən
ötrü coşub-çağlayan gənclik enerjisi, sonsuz
yaradıcılıq ehtirası, həyata və insanlara həddən
artıq canlı baxışı ilə hələ 60 yaş
hüdudundan çox uzaqda idi.
Amma gerçəkliyi qəbul etməli,
yubiley faktına inanmalı oldum və onu
tanıdığım illər ərzində
düşüncəmdə formalaşan portretini öz cizgilərim
və rənglərimlə oxuculara təqdim etmək qərarına
gəldim...
İnsanların taleyi, bu dünyada
onların payına düşən qisməti haqqında nə
qədər kəsərli söz deyilib, fərqlənmək
inadı bu variantlardan birinin təkrarından başqa bir
şey olmaz!
Dünya fırlandıqca, taleyin təkəri
döndükcə uşaqlıqdan qocalığa qədər
keçən günlərimiz ani olaraq qarşımıza
çıxır, yuxudan ayılmış kimi oluruq. Bəzən
rəqəmlər, bəzən də hərflər gözəgörünməz
bir qüvvənin əliylə ixtiyari yerdəyişmə
edir, taleyin sərt oyunları qarşısında dayanmalı
oluruq. Taleyin təkəri, bu çərxi-fələk irəli
getdiyi kimi, eyni zamanda arxaya-keçmişimizə doğru “ləngər
vurur”, onda bir günün, bir saatın, bir dəqiqənin
içində həm yaşlaşır, həm də
uşaqlaşırıq. Biz anadan olanda göydə
adımıza bir ulduz yanır, sönəcək kimi közərir,
ancaq söndüyü andan güc alıb dirənir,
dünyada bizə verilən yer işıqlaşır. Közərib
sönmək istəyən ulduz artıq sönmüş,
gözlərini qapamış ulduzların qəhrini çəkir,
içini çəkib ağladıqca vağam olmuş
güllər dirilir, bir yerdə, bir ömrün içində
ona yoldaşlıq edəcək ulduzun göz qapaqlarına
şeh kimi düşür. Bunu şairlər bilər – hər
kəs sevdiyi insanın yumulu gözlərinin içinə
şeh kimi düşür. Doğum, ölüm...... rəqəmlərinin
bəzən yan-yanaşı olması elə buna görədir,
böyük sevginin əzabı, yükü, ağrısı
daha böyük olur.
Doğulanda hamımız
nağılların içindən gəlirik, öləndə
gözlərimizi qapayanda yenə o nağılların
içinə dönürük. Bəzən sən gözləyirsən,
bəzən səni gözləyirlər-nağılların
içində. Anadillər də bu nağılların
içində yaşayan quşlardır, Səməd
Vurğun demişkən, “Qarayazı meşəsində anadil
bir quş var, Mənim sevdalı könlüm tək
asılmışdır ayağından”.
Alman filosofu Feyerbax deyir ki, insanı
tanımaq və dərk etmək üçün onu sevmək
lazımdır. Sevgi qəlblərdə yaranır, insanı
arzularla yaşadır. Arzuların tükəndiyi andan sevgi
dünyanı tərk edir, həyat mənasızlaşır.
Elə adamlar, elə hadisələr var ki,
onlar haqqında düşünəndə qəlbimiz
işıqla dolur və bu işığın şölələri
üzümüzə çıxır, istər-istəməz
gülümsünürük. Vaqif müəllim haqqında
düşünəndə işıqlanırsan, sifətinə
qeyri-ixtiyari təbəssüm çökür, ilıq hisslər
keçirirsən, onu şəxsən tanıyanlar bu xoş
ovqatı daha iti duyurlar.
Bəri başdan onu qeyd edim ki, neçə
illər əvvəl Vaqif müəllim
ilə məni hələ keçən əsrin 70-ci illərin
sonu, 80-cı illərin əvvəllərində Moskvada
hüquq fakultəsində birgə təhsil
aldığımız, hazırda Daxili İşlər Nazirliyində
məsul vəzifədə çalışan tələbə
dostum tanış edib. Əlbəttə, ilk ünsiyyətdə insanların qəlbində yer, həm
də xüsusi yer tutmaq
çox az adama nəsib olur. Bununla belə, birinci
görüşümüzdəcə Vaqif müəllimin
ziyalı təbiəti, erudisiyası, həyata, insanlara və
dövlətçiliyimizə özünəməxsus
baxışları məni heyran etdi. Qarşımda insani və
elmi cəhətdən yetkin, müdrik bir şəxsin
dayandığını hiss etdim.
Sonralar Vaqif müəllimlə davamlı ünsiyyətimiz
get-gedə böyüyüb dostluğa çevrildi. Mən
onu özümə dost bilirəm və qəti fərqinə
varmıram ki, o da məni özünə dost bilirmi?! Bu mənim
ona olan dostluq hisslərimi azaltmır, əksinə
artırır, bu hisslərimi daha səmimi, daha da təmənnasız
edir. Dostluğun da sevgi, məhəbbət kimi
qarşılıqlı olması həmişə
mümkün olmur və bəlkə də heç lazım da
deyil, təki sən dostluq hissləri keçirəsən.
Vaqif müəllimi mənə sevdirən
və dost edən onun əqidəsidir, əməlləridir,
gördüyü işləridir... Dünyaya, həyata
baxışıdır. Onun əqidəsi təmizlik,
saflıq, paklıq üzərində qurulub, ona görə də
o, heç vaxt əqidəsini dəyişmir, ona xəyanət
etmir. Onu mənə dost edən onun özünəməxsus
düşüncə tərzi, məntiqi, analitik ağlı,
universallığı, qətiyyəti, mübarizliyidir. O, hər
şeyi düşünərək gündəliyə gətirir,
bu səbəbdən də, düşündüyündən
heç vaxt geri çəkilmir.
lll
Professor Vaqif Abbasovun ömür yoluna nəzər
salanda hər şeydən əvvəl halallıqla
qazandığı uğurların bolluğu və bu yolda
çəkilən zəhmət barədə fikirləşdim...
O, 1973-cü ildə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun kimya fakultəsini bitirib. 1973-1978-ci illərdə Azərbaycan MEA akademik Y.H.Məmmədəliyev
adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında
oxuyub. Əvvəlcə elmlər namizədi elmi dərəcəsini
alıb, 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə
edib, 1992-ci ildə isə professor vəzifəsinə
seçilib. 1978-1981-ci illərdə Azərbaycan MEA-nın
akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri
İnstitutunda kiçik elmi işçi, 1981-1984-cü illərdə
isə baş elmi işçi kimi fəaliyyət göstərib.
1992-1999-cu illərdə Təhsil Nazirliyində Vahid
Elmi-Metodiki Şuranın kimya bölməsinin sədr
müavini olub.
Vaqif Abbasov hazırda Y.H.Məmmədəliyev
adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, TQDK nəzdində
kimya fənni üzrə ekspertlər qrupunun və seminarın
sədri, Təhsil Nazirliyi nəzdində məktəblilərin
kimya olimpiadasını keçirən münsiflər heyətinin
sədri, Təhsil Nazirliyi Elmi-Metodik Şurası “Kimya və
kimya texnologiyası” bölməsinin sədri, Respublika Korroziya
cəmiyyətinin vitse-prezidenti, “Kimya məktəbdə”
jurnalının baş redaktoru, “Neft kimyası və neft
emalı prosesləri” jurnalının baş redaktorunun
müavini, Bakı Dövlət Universitetinin professoru, Azərbaycan
MEA-nın müxbir üzvüdür. 2005-ci ildə Azərbaycan
Respublikası Prezidentinin fərmanı ilə “Azərbaycanın
Əməkdar Müəllimi” fəxri adına layiq
görülüb.
O, çapdan çıxmış 300-dən
artıq elmi əsərin, o cümlədən, 7
monoqrafiyanın, 15 dərsliyin, 11 dərs vəsaitinin müəllifidir. Həmin
elmi əsərlərdən 70-dən artığı
xarici ölkələrdə çap olunub. Vaqif Abbasovun müəlliflik
şəhadətnamələrinin və patentlərinin biri
SSRİ-də, üçü Rusiya Federasiyasında, 19-u isə
Azərbaycan Respublikasında verilib.
O, kadr hazırlığı sahəsində
də öz əməyini əsirgəməyib,
indiyədək 22 elmlər namizədinin elmi rəhbəri, 6
elmlər doktorunun elmi məsləhətçisi olub.
Professor Vaqif Abbasovun gərgin zəhməti
həm dövlətimizin, həm də xarici ölkələrin
elmi dairələrinin diqqətindən kənarda qalmayıb.
O, 1987-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisinin gümüş medalı və “SSRİ-nin
qabaqcıl ixtiraçısı” döş nişanı ilə
təltif edilib. O 1989-cu ildə SSRİ Neft-Kimya Sənaye
Nazirliyinin Fəxri Fərmanına, 1996-cı ildə akademik
Y.H.Məmmədəliyev adına medala layiq görülüb.
Bütün bunları ona görə
xatırladıram ki, Vaqif Abbasovun oxucunun təsəvvüründə
yaratmaq istədiyim portretinin cizgiləri tamamlansın, onun elm
adamı kimi hansı zirvələr fəth etdiyi məlum
olsun. Şübhəsiz ki, bu uğurları əldə edənəcən
yuxusuz gecələr keçirib, saysız-hesabsız maneələri
adlayıb, qəlbinin işığını
gördüyü işdən də insanlardan əsirgəməyib. Bütün bunların nəticəsidir
ki, indi professor Vaqif Abbasovun adı respublikamızın elmi
ictimaiyyəti arasında hörmətlə çəkilir.
Onun ömür yolu mən desəm də,
deməsəm də nəsillərə nümunədir, müəllim
adını illərlə şərəflə
daşıyıb. Bu peşə Allahla uşaqlar arasında
sevgi dərsidir. Bu dərsi yaxşı bilənlər, bu dərsə
aşiq olanlar başqalarının görə bilmədiklərini
görür, heç zaman eşidə bilmədiklərini
eşidirlər.
lll
Mən hüquqşünasam və
hüquq elminin həm nəzəri, həm də praktiki sahəsində,
insanların hüquq və vəzifələrinin müdafiəsi
sistemində çalışıram. Təbii ki, professor Vaqif
Abbasovun məşğul olduğu elm sahəsi ilə yaxın
tanışlığım yoxdur. Amma onun elmi
axtarışları və əldə etdiyi uğurlar
haqqında mətbuatdan xəbər tutmuşam...
Bilirəm ki, Vaqif müəllim ilk dəfə
olaraq nitrobirləşmələrin və üzvi
turşuların keçid elementləri ilə
qarışıq komplekslərinin alınma
mümkünlüyünü kəşf edib, bu zəmində
də mövcud analoqlarından yüksək effektivliyi,
stabilliyi və çoxfunksiyalılığı ilə fərqlənən
antistatik aşqar yaradıb.
Karbamid və aminlər əsasında yeni
tip fosfat komplekslərinin sintez üsulunu yaradan Vaqif Abbasov
Olefinlər əsasında korroziya inhibitorları
alınmasının elmi əsaslarını işləyib
hazırlayıb. O, eyni zamanda inhibitorlarının alınma
texnologiyasını yaradıb, sənaye sınaqlarını
keçirib və sənayedə geniş tətbiqini təşkil
edib. Vaqif Abbasov turş mühitlər üçün suda həll
olan inhibitor yaradıb, sənayedə tətbiqini həyata
keçirib. O, gərgin axtarışlarını daha da
genişləndirərək
parafinçökmə və korroziya inhibitorunu
yaradıb və onun istehsalını təşkil edib.
Həmişə
yenilikçi alim kimi tanınan Vaqif Abbasov nefti sudan təmizləmək
və duzsuzlaşdırmaq üçün deemulqator
yaradıb, Azərbaycanın neft emalı komplekslərində
tətbiqini gerçəkləşdirib. O, dəri sənayesi
üçün dünyada analoqu olan və olmayan yeni
aşı maddəsi yaradıb və həmin maddə bir
çox ölkədə, o cümlədən, Türkiyədə
uğurlu sənaye sınaqlarından keçib. Maddənin tətbiq
olunması dəri sənayesində işlənən səkkiz
maddənin istifadəsini aradan qaldırmağa imkan verib.
Eyni zamanda
dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin
struktur-qrup tərkibini müasir metodlarla
araşdırmış professor Vaqif Abbasov müalicəvi
komponenti olan naften karbohidrogenlərinin dar fraksiyalarının
bioloji aktivliyini də tədqiq edib. Onu da qeyd edək ki,
müalicəvi Naftalan neftinin istifadə tarixində ilk dəfə
olaraq onun rəhbərliyi ilə yaradılmış “Ağ
naftalan yağı” Azərbaycan Respublikası Səhiyyə
Nazirliyində dərman preparatı kimi qeydiyyatdan
keçirilib, Ukrayna Səhiyyə Nazirliyinin qərarı ilə
Ukraynada dərman preparatı kimi satışına icazə
verilib.
Əlbəttə,
neçə illərdir müşahidə etdiyim respublika və beynəlxalq əhəmiyyətli
bu elmi uğurların qazanılması təkcə Vaqif müəllimin,
onun başçılıq etdiyi kollektivin deyil,
bütövlükdə Azərbaycan elminin uğurudur.
lll
Vaqif müəllim
ilə hər ünsiyyət insanı zənginləşdirir,
ona ruh yüksəkliyi, qəlbinə isə təpər verir.
İlk baxışdan elə görünür ki, onunla ancaq
elm sahəsində, kimya, xüsusilə neft kimyası
mövzusunda söhbət etmək olar. Amma ilk ünsiyyətdəcə
yanıldığını dərk edirsən: Vaqif müəllimə
könlünü aça, mədəniyyətimizdən,
tariximizdən, ədəbiyyatımızdan,
bütövlükdə mənəviyyatımızdan söhbət
edə bilərsən, hər sahədə dəonun dərin və
hərtərəfli biliyinin şahidi ola bilərsən.
Vaqif müəllimin
milli və insani təəssübkeşliyi barədə saatlarla danışmaq olar. O,
xalqımızın ümummilli
problemlərini həmişə şəxsi
uğurlarının fövqündə saymağı bacaran
ziyalılarımızdandır. Yüksək tribunalarda da, məhrəm
söhbətlərində də Azərbaycanın Qarabağ dərdini
dilinə gətirir, haqqın öz yerini tapması,
işğal altında olan torpaqlarımızın azad edilməsi
üçün hamının dövlətimizə və
Prezidentimizə dəstək olmasının vacibliyi
haqqında danışır. Onun dövlətçiliyimizə
sədaqəti, xalqımızın gələcəyinə
inamı hər söhbətində özünü
açıq-aydın büruzə verir.
Bir faktı xatırladım. Son görüşlərimizin
birində Prezidentimiz tərəfindən qeyrətli həmvətənimiz
Ramil Səfərovun əfv olunması xəbərini
eşitdik. Vaqif müəllim bu
xəbərdən o qədər duyğulanmışdı ki,
sevincinin həddi-hüdudu yox idi. Əlbəttə, o, bu
faktı dövlətimizin öz vətəndaşına sahib
çıxması kimi qiymətləndirirdi, üstəlik də
çox təbii insani hisslərinin təzahürü idi.
Onun ədəbiyyatımıza sevgisi
ayrıca bir yazının mövzusudur. Vaqif müəllim gənclik
çağlarından qəlbindəki kövrək
duyğuları qələmə alır, dost məclisində,
söz anlayan yanında şeirlərini oxumağı sevir.
Onun qələmindən çıxanları oxuyanda vətəndaş
qeyrəti, ziyalı təəssübkeşliyi ilə
yanaşı, saf adamlara xas olan insani hisslərin şahidi
olursan. Şeir oxuyanda Vaqif müəllim başqalaşır,
az qala, başqa planetin adamına oxşayır. Heç təsadüfi
deyil ki, bu məhrəm duyğular artıq kitab şəklində
üzə çıxaraq oxuculara təqdim olunmuşdur.
Vaqif müəllim insanlarla ünsiyyət
mədəniyyətini xüsusilə vurğulamaq istəyirəm.
Dəfələrlə məclislərində olsam da həmişə
hiss etmişəm ki, növbəti görüş
üçün darıxıram. O, həmsöhbətində
güclü və silinməz təəssürat
yaratmağı bacarır, bu da məncə, ona Allahın bəxş
etdiyi insani qabiliyyətlərdən biridir. Onun bütün məsələlərə
fərdi və fərqli baxışı var. Eyni zamanda o
müəyyən məsələ barədə öz qənaətlərini
həmsöhbətinə hökm şəklində təlqin
etməyə çalışmır, dediklərini elə dəlil-sübutlarla
əsaslandırır ki, qəbul etməyə bilmirsən.
Elmi təfəkküründəki nizam və
ardıcıllığı insanlarla münasibətində
göstərmək də onun gözəl xüsusiyyətlərindən
biridir.
Artıq neçə illərin ünsiyyətindən
sonra tamamilə səmimiyyətlə deyə bilərəm ki,
professor Vaqif Abbasov insan kimi bütöv, dost kimi sədaqətli,
ziyalı kimi təəssübkeş şəxsiyyətdir.
Bilirəm ki, Vaqif müəllim nəyi söz verdisə, yerinə
yetirəcək, ən çətin anlarında
arxa-dayağın olacaq, heç vaxt haqqı nahaqqa verməyəcək.
lll
Professor Vaqif Abbasovun çoxşaxəli elmi
axtarışlarını, ictimai fəaliyyətini, ziyalı
kimi gerçəkləşdirdiyi işləri göz
önünə gətirdikcə bir daha əmin oluram ki, onun
yenicə arxada qoyduğu 60 illik ömrünü uğurlu və
barlı-bəhrəli saymağa haqqı var. Elm sahəsində
əldə etdiyi nailiyyətlər, ictimai mühitdə
qazandığı nüfuz, insanlar arasında nail olduğu
hörmət yaşadığı zəngin və şərəfli
ömrün mənasıdır.
Ona da əminəm ki, Vaqif Abbasov heç
vaxt həyatda qazandıqları ilə kifayətlənməyəcək,
özünəməxsus gənclik enerjisi, həvəs və
inadla axtarışlarını davam etdirəcək, elmin
yeni-yeni zirvələrini fəth edəcək, ictimai fəaliyyətini
genişləndirəcək, elmimizin inkişafı və
dövlətçiliyimizin daha da möhkəmləndirilməsi
üçün əlindən gələni əsirgəməyəcək.
Professor Vaqif
Abbasov məndən ötrü həmişə ünsiyyətdə
olmaq istədiyim, insani keyfiyyətlərindən öyrəndiyim,
dostluğuna güvəndiyim, qürur duyduğum və fəxr
etdiyim insandır.
Əlbəttə,
60 yaş ömrün yetkinlik və müdriklik
çağıdır. Vaqif müəllim bu yetkinliyi və
müdrikliyi xeyli əvvəl qazanıb,
qazandıqlarını da elmimiz və dövlətçiliyimiz
naminə bol-bol xərcləyib. Şübhə yoxdur ki,
insanlarımıza və cəmiyyətimizə bəxş
etdikləri bundan sonra daha da zəngin və sanballı olacaq.
Vaqif müəllim, Siz payızda dünyaya
gəldiniz... Yox gəlmədiniz... Alın yazısı
çəkib gətirdi Sizi bu dünyaya. Bəlkə elə həyatın
özünə də dərs vermək üçün.
Hələ neçə-neçə
payız gələcək, hər payız Sizin
yaşınızın üstünə yaş gətirəcək
və varlığınız çox uca, çox ülvi dəyərlər
yaşadacaq.
Nə yaxşı ki, bu dünyada Siz
varsınız!
Hacı
İBRAHİMOV,
hüquq elmlər
namizədi
525-ci qəzet.- 2012.-
13 noyabr.- S.5.