Sabir Rüstəmxanlının
“Əbədi sevdası”
...Bu gün elə iddialar eşidirsən ki,
təəccüblənməyə bilmirsən. Kimsə sözü hörmətsiz edən
cızmaqarası ilə gah dili yaşatdığından dəm vurur, gah da
Allahın onu seçib
xüsusi istedad verməsindən
danışır. Amma imzalar
içində SÖZÜ boy verən və
bir azadlıq mücadili
kimi sözünü
qanıyla yazan, elə buna
görə də xalqın şairi
adını qazanmış Sabir Rüstəmxanlı:
Dərdli deyingən olar
Deyirlər.
Mənim dərdim artdıqca
Dilim bağlanır,
Özümə çəkilirəm.
Qayadan uçan suyam
İçimə
tökülürəm...
– söyləyir.
8-9 il əvvəl ondan müsahibə
götürmüşdüm. Yadımdadır ki, ədəbiyyat
söhbəti olduğu üçün şad olduğunu
söyləmişdi. Şairin siyasəti elə onun
sözü deyilmi? Sonra onu bir az da yaxından tanıdım.
Bir gənc qız, özü də Qarabağdan didərgin,
atasını-anasını müharibədə itirmiş, bir
az özünə inamsız olan müəllif hansısa bir tədbirdə
ona kitabını bağışladı və onu sabah “Vahid”
Poeziya Evində keçiriləcək təqdimat mərasiminə
dəvət etdi. Tədbir 20 noyabra təsadüf edirdi. Sabir
müəllim səhər 11-də başlanan tədbirə
üzündəki xəfif təbəssümə bənzəyən
böyük bir çiçək dəstəsi ilə gələndə
çoxu təəccüblənmişdi. Ürəkdolusu
çıxış elədi, 20 noyabr faciəsini
xatırladan şair o gün Qarabağın o zərif səsindən
danışdı. Və bu mənim yaddaşıma həkk
olundu ömürlük. Bu günlərdə elə
uzaqdan-uzağa hiss elədim ki, Sabir müəllim də, Aqil
Abbas kimi, adamlara elədiyi yaxşılıqları unudur. Nədən
ki, onların Vətənə, adamlara, müəlliflərə
münasibəti hansısa bir təmənna xatirinə yox,
öz könül səslərini dinləmələri ilə
bağlıdır. Fəqət kimsə bu sevgini,
qayğını şairin Vətən sevgisini qısqananlar
kimi unudur, kim isə fürsət axtarır o
yaxşılığın cavabını qaytarmaq
üçün. Nədənsə Sabir Rüstəmxanlının
“Təhsil” nəşriyyatında yenicə çapdan
çıxmış “Əbədi sevda” adlı
kitabını əlimə götürəndə bunları
düşündüm.
Düzü, hələ kitabla
tanışlıqdan əvvəl elə
düşünmüşdüm ki, yəqin, kitabın adı
sevgi şeirləri ilə bağlıdır. Amma sonra
gördüm ki, canlı “Dərd muzeyi” olan
könlü-gözü Vətən yanğılı, yurd
nisgilli şairin bütün istəklərinin sonu gəlib uğruna
can qoyduğu o taylı-bu taylı bütöv Azərbaycan
sevdasına çıxır. Bu şeirlərin elə
oxunaqlı dili var ki, kitab əlindən yerə düşmək
istəmir və bir də baxırsan gecə yarıdan
keçib artıq. Həm də bu şeirlər şairin
şəxsiyyəti ilə o qədər
uyarlıq təşkil edir ki, ona görə belə ciddi,
qüvvətli, alovlu, maraqlı və səmimidir.
“Əbədi sevda” adlı bu 576 səhifəlik,
şeirlər və poemalardan ibarət olan kitabda əsərlər
ayrı-ayrı bölmələr daxilində oxucuya təqdim
olunur. Beləliklə gəlin “İçimdə dərd
ağacı” adlı birinci bölməyə nəzər
salaq. “Vətən” adlı bu çox sevdiyim şeir mənə
çoxdan tanış olsa da ilk dəfə oxuyurmuş kimi təsirlənirəm.
Şeir adamın sanki yaddaşını dindirir:
...Bir əlçim buluddu,
Bir ömür umuddu,
Bir içim
sudu.
Yandıqca odlanan
ocaqdı,
Daddıqca dadlanan
arzudu.
Bir dərə
bahar leysanıdı,
21 Azərin qanıdı,
Cavad xanın qətl yeridi,
Sabirin “Fəxriyyə”
şeiridi,
Dağları dumanda itən-
Vətən...Vətən!
Və ya
“Zaman məndən keçir” şeirində
Min ilin qanıdır
–içimdə diri,
Dünyada kim
ölür? Yaddaşı
itən!
Ürəyim bir
qaçqın düşərgəsidi,
Keçir körpələrin
göz yaşı məndən.
Söyləyir Yurdun cəfakeş şairi. Sonra “Yurdun bayrağı” bölməsi gəlir. “Qorxum qalmadı” şeirinin sonunda şair ümidlə səslənir:
Qayıtdı, qayıtdı
Bayrağımın əsl rəngi,
İlhamın qanadı,
Günəşin odu...
Torpağım azadlıq doğacaq sabah!..
Qorxum qalmadı!..
Bu bölmədə şairin Vətənə
həsr olunmuş himni də var,
marşı da. Müəllifin söylədiyi
“Marş” düşünürəm
ki, ana yurdu
düşmən əsirliyində
olan hər birimizin marşı”dı:
Babaların igid
ruhu dirildi
Qisas deyir
türk yaddaşı
– şanımız.
Ömür bizə
Vətən üçün
verildi,
Qurban getsək,
halal olsun qanımız.
“Mən demədim” adlı bölümdə isə diqqətimi “Xocalıdan sonra” adlı şeir daha çox çəkir:
Xocalıdan sonra
özümdən zəhləm
gedir,
Qohumumdan, qonşumdan,
“Müstəqillik yolundan”,
“Azadlıq vuruşundan”,
görüşümdən, şeirimdən,
sözümdən
zəhləm gedir!
“Tanrıyla görüş” bölməsindəki
“Anam” adlı şeiri bu mövzuda
yazılan şeirlərdən
özünəməxsus doğmalığı
və canlılığı
ilə seçilir:
Dağların başında, qəm dumanında
Sirrinə sığınan
qalaça – anam!
Ruhum yaşadıqca,
sözüm durduqca
Sözümün canıtək qalacaq anam!
“Dostların qəlbimdə ucalan yeri” bölməsindəki şeirləri oxuduqca həm də müəllifin məsləkdaşı böyük
şair X.R.Uluturku düşünmüşəm nədənsə. Və bir də baxdım
“Xəlil Rzaya mərsiyə” şeiri könüldən xəbər
bilən kimi özünü yetirdi:
Turan çələngi
hördün Türküstanın
səsindən,
Altaydan Ağdənizə
yürüşlər həvəsindən,
Azadlıq ruhun
uçdu ömrün
dar qəfəsindən,
Odum, odqoruyanım,
Ulutürk Xəlil Rza,
Ölümündən doğulan, ey böyük Xəlil Rza!..
“Təklik” bölümündə şair
yaşadığımız zamanın və adamlarımızın bu günkü düşüncələrini
reallıqla əks etdirir. Doğrudan belədi, kimi dindirirsən başqasından
gileylənir. Bir də baxırsan adam özü o danışdığından da
betərdi...
Dünya söz
böyütmür, qeybət
böyüdür!
Bütün qeybətlərə
–”qardaşlıq” qəbri!
Qeybət məzarlığı
çiçək-çiçəkdir.
Bu şeytan toxumu düşməyən
yerdən
Ruhumuz təzədən
göyərəcəkdir!
“Qoşmalar, gəraylılar” adlı bölümdə isə adından da göründüyü kimi
şairin bu janrda olan şeirləri
yer alıb:
Çəkdim sinəmə tüstütək,
Mən bu
xalqın min ahını.
Ovxarladım hər
sözümlə
Pas aparan silahımı.
“Qorusun” adlı bu şeirdə
şair
Ev tikənəm,
qonşum quyu qazandı,
Sağ əl
yazır, sol əlimsə
pozandı,
Başqasına cavab vermək asandı,
Allah bizi özümüzdən qorusun.
– deyir. Amin!
Bu da “Mahnılar”.
Bu bölmədə şairin
nəğməyə çevrilmiş
şeirləri verilib.
Musiqisi Gülər Həsənovanın olan “Gecdi daha” mahnısının
sözləri həqiqi
sevgini əks etdirməsi ilə unudulmazdı...
Tanımışam axır
səni
O xəyallar keçdi daha.
Sən ömrümün
bir parçası-
Səndən qopmaq
gecdi daha.
“Dünya ovcumdadır” bölümündə
şairin səfərləri,
onun üz tutduğu məkanlardan dünyaya, insanlara səslənməsi öz
əksini tapır. “Mən yol dəlisiyəm”
şeirində deyilir:
Mən yol
dəlisiyəm,
Yürüş dəlisi,
İstər aran
olsun, istər dağ olsun.
Hər izin,
cığırın sonu
üç nöqtə...
Qoy onu
yenidən uzatmaq olsun.
“Türkiyə duyğularından” “Son nəğmədə”
isə ayrı bir poetik ruh
var:
Qızıl yarpaqlar
yağır,
Mən də
onlardan biri.
Düşmüşəm eyvanına
Yox kimsənin
xəbəri
Budaqlar məni
atdı,
Səndən niyə
küsürəm.
Son nəğməm fəryad çəkir
Deməyə tələsirəm.
Bu da “Kiçik
şeirlər” bölməsi.
Şeirlər kiçik
həcmli olsa da məna böyüklüyü
ilə diqqəti çəkir.
Dağ çayı
yatağına sığmır,
Mən səbrimə
Dağ çayı
düzə tələsir,
Mən qəbrimə!
Bu bölmələrdən
sonra şairin “Orxonla görüş” və “Atəş böcəyi”(Mahmudəli Çehrəqanlıya) adlı
poemaları gəlir. Şairin şeirlərinin
ruhu poemalarında da öz əksini
tapır. Yəqin ki, şairin hər kəlməsində
ürəyi olan yazıları haqqında ən dəyərli sözü tənqidçilər
söyləyər... Mən
isə bir oxucu kimi qələminə
və şəxsiyyətinə
böyük hörmət
bəslədiyim, “Əbədi
sevda” adlı bu kitabından aldığım zövqə,
yaşadığım həyəcanlara
görə müəllifə
təşəkkür edir,
yeni uğurlar diləyirəm...
Mina RƏŞİD
525-ci qəzet.-
2012.- 13 noyabr.- S.7.