"Onlar təkcə
universitetimizi deyil, həm də Azərbaycan mədəniyyətini
təbliğ edirlər."
Müsahibimiz Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
rektoru, professor Timuçin Əfəndiyev Böyük
Britaniyanın Suffolk Universitetinə səfəri ilə
bağlı mülahizə və düşüncələrini
bölüşür
–
Hörmətli Timuçin müəllim, Böyük
Britaniyaya səfərdən yenicə
dönmüşsünüz. Bu Sizin İngiltərəyə
ilk səfəriniz idi?
– Bu,
ikinci idi. Mənim Böyük Britaniyaya birinci səfərim
2008-ci ilin noyabrında baş tutub. O zaman mən bu ölkənin
nüfuzlu ali məktəblərindən sayılan iki təhsil
müəssisəsində oldum. Bunlardan biri London Beynəlxalq
İncəsənət Məktəbi, digəri isə
Vulverhempton Universiteti idi. Hər iki ali məktəbdə
çox konstruktiv, işgüzar görüşlər
keçirildi və aramızda işgüzar və səmərəli
münasibətlər yarandı. O zaman biz qərara aldıq
ki, əlaqələrimiz davamlı olmalı və inkişaf
etdirilməlidir. Bu fikri həm London Beynəlxalq İncəsənət
Məktəbinin rektoru cənab Tomas Prattki, həm də
Vulverhempton Universitetinin rektoru cənab Con Pumm və
icraçı direktor cənab Vilyam Foster dəstəklədilər.
2008-ci ildə mən orada olarkən hər iki
universitetdə professor-müəllim auditoriyası
qarşısında Azərbaycan mədəniyyətinin
inkişaf tendensiyaları mövzusunda mühazirə oxudum.
Deməliyəm ki, orada ölkəmizə,
xüsusilə milli mədəniyyətimizə olan maraq
çox böyükdür və bu, məni məmnun etdi.
Böyük Britaniyaya bu dəfəki səfərim də
universitetimizin Avropa təhsil məkanı ölkələri
ilə əməkdaşlığın genişləndirilməsi
çərçivəsində reallaşdı. Bu dəfə
mən ora bu ölkənin nüfuzlu Kampus Suffolk Universitetinin
rektoru cənab Mayk Saksın dəvəti ilə getdim. Kampus Suffolk Universiteti İngiltərənin
İpsviç şəhərində yerləşir. Universitetdə səmimi, işgüzar söhbətlərimiz
oldu. Görüşlərdə rektor, professor-doktor Mayk
Saksdan başqa bu universitetin Beynəlxalq əlaqələr və
marketinq şöbəsinin müdiri Pollş Bridgman, İncəsənət
və humanitar şöbəsinin müdiri Krissi Harrinqton, Azərbaycan
Respublikasının Böyük Britaniyadakı səfirliyinin
katibi Ayaz Mustafayev də iştirak edirdi. Qeyd etməliyəm
ki, bu gənc kadr öz savadı, ingilis dilini gözəl bilməsi
ilə məni fərəhləndirdi.
Universitetin rektoru, cənab Mayk Saksla görüş
zamanı onunla Azərbaycan mədəniyyəti haqqında, Azərbaycan
incəsənətinin böyük uğurları, dövlətimiz
tərəfindən mədəniyyətə və incəsənətə
göstərilən qayğı haqqında geniş söhbət
apardım. Bu
söhbətlər zamanı mən hiss etdim ki, birinci səfərimdən
keçən 4 il ərzində
Böyük Britaniyada Azərbaycan haqqında bilgilər xeyli
çoxalıb, ölkəmizlə maraqlanan insanların
sayı artıb. Əlbəttə bunlar
uğurlu xarici siyasətimizin, dünya birliyində
yaxşı tanınmağımızın təzahürüdür,
Azərbaycan mədəniyyətinin və təhsilinin təbliğ
olunmasının, ölkəmizin incəsənət, idman və
digər sahələrdə əldə etdiyi beynəlxalq
nailiyyətlərin təsirindəndir.
Görüşdə iştirak edən xanım Krissi
Harrinqton haqqında da bir neçə söz deməyi vacib
bilirəm. O,
təkcə İngiltərədə yox, həm də
bütün Avropada ən məşhur baletmeystlərdən
biridir. Dəfələrlə Londonun, Parisin, digər
şəhərlərin nüfuzlu səhnələrində
çıxış edib. Xanım Krissi Harrinqton ötən
il Bakıda olarkən universitetimizdə
çox maraqlı ustad dərsləri keçdi. Bu dəfəki görüşümüzdə mən
onu yenə də Bakıya, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin xoreoqrafiya
şöbəsində ustad dərsləri keçməyə
dəvət etdim. Böyük sənətkar bu dəvəti
məmnuniyyətlə qəbul etdi və gələcəyinə
söz verdi.
– Bəs
səfərdə məqsəd nə idi?
– Əsas
məqsəd universitetlərarası əməkdaşlıq
proqramı çərçivəsində həmin universitetlə
əlaqələr yaratmaq, münasibətlər qurmaq, mütərəqqi
iş təcrübəsini öyrənmək və onu öz
tələblərimizə uyğunlaşdıraraq təhsil
sistemində tətbiq etmək idi. Keçirdiyim
görüşlər, rektor Mayk Saksla olan əməli söhbətlərimiz,
gələcəkdə də münasibətlərimizin
davamlı olması və inkişaf etdirilməsi barədə
razılaşmalarımız belə deməyə əsas verir
ki, biz öz məqsədimizə çata bilmişik. Söhbət zamanı mən tədris-təcrübə
mübadiləsi proqramı çərçivəsində
ustad dərslərinin təşkil edilməsi, tələbə
filmlərinin göstərilməsi, rəssam tələbələrin
qarşılıqlı sərgilərinin nümayişi,
Bakıda və İpsviçdə milli rəqs
qruplarının çıxışlarının təşkil
edilməsi təkliflərini irəli sürdüm. Təkliflərim cənab Saks və həmkarları
tərəfindən rəğbətlə
qarşılandı. Tərəfimdən
irəli sürülən əsas təklif isə bu iki
universitet arasında Anlaşma Memorandumunun imzalanması oldu.
Mən cənab Saksı Bakıya dəvət
etdim və memorandumun imzalanma mərasiminin Bakıda
rekllaşdırılması təklifini irəli
sürdüm. Cənab Saks bu təklifi minnətdarlıqla
qəbul etdi və dəvət üçün səmimi təşəkkürlərini
bildirdi. Onu da deyim ki, professor Mayk Saks
Azərbaycanla yaxından tanışdır. O, dəfələrlə
ölkəmizdə olub. Professor Bakıya son dəfə bu il 4-5 oktyabr tarixində Bakıda keçirilən
Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün
xanım Krissi Harrinqton ilə birlikdə gəlib.
– Bir qədər
də qonağı olduğunuz Suffolk Universiteti ilə
bağlı təəssüratlarınızı oxucularla
bölüşməyinizi istərdim.
– Suffolk
Universiteti yaxın keçmişdə yaradılmasına
baxmayaraq Böyük Britaniyanın tanınmış ali təhsil müəssisələrindən
biri hesab olunur. Universitetlə tanışlıq
zamanı mən maddi-texniki bazanın geniş
imkanlarının, müasir texniki təchizatla təmin
olunmuş auditoriyaların şahidi oldum. İstər
buradakı səsyazma və film studiyalarının, istərsə
də rəqs və təsviri sənət otaqlarının təchizatı
ən müasir tələblərə cavab verir. Universitetin nəşriyyyat və poliqrafiya bölmələrindəki
təchizat mənim çox xoşuma gəldi.
Suffolk Universiteti nüfuz reytinqində Böyük
Britaniya universitetləri arasında ilk iyirmiliyə daxildir. Bunu da demək
vacibdir ki, minlərlə tələbəsi olan bu universiteti
bitirənlərin 90 faizi işlə təmin olunur.
Universitet Avropa təhsil nailiyyətlərinə və humanitar
təfəkkür tərzinə istinad edən, geniş
maddi-texniki bazaya malik olan, hər il müxtəlif
ixtisaslar üzrə yüzlərlə mütəxəssis
yetişdirən bir qurumdur, kampusdur. Suffolk Universiteti
artıq təhsil, sənət sahəsində ciddi nailiyyətlərinə
imza atıb.
Universitetin professor-müəllim və tələbə
heyətinin maraq dairəsi də geniş, çoxcəhətlidir. Bura təkcə mədəniyyət
və sənət təhsili deyil, ictimai həyat,
xalqlararası münasibətlər, eləcə də Cənubi
Qafqazda ictimai-siyasi durum, Azərbaycanın regionda inkişaf
etmiş, aparıcı dövlətə çevrilməsi,
müxtəlif sahələr üzrə gerçəkləşdirilən
əməkdaşlıqda etibarlı tərəfdaş
olması kimi məsələlər daxildir. Mən
bunu görüş zamanı onları mədəniyyətimiz
haqqında məlumatlandırdıqdan sonra mənə verilən
suallardan aydın gördüm. Azərbaycanın
dünya mədəniyyətində və geosiyasətində
uğurla həyata keçirdiyi siyasi kursun inkişaf etmiş
Avropa ölkəsində layiqincə qiymətləndirilməsinin
şahidi oldum.
İpsviç şəhəri də mənə xoş
təsir bağışladı. Şəhər
kiçik olsa da, çox səliqəli və gözəldir.
İpsviç şəhərinin məşhur
Rəsm qalereyası var, bu qalereya şəhərin bir növ
rəmzi, simvolu hesab olunur. Cənab Mayk Saks
bildirdi ki, qalereyada saxlanılan rəsm əsərlərinin
ümumi dəyəri üç milyard funt-sterlinqdən
yuxarıdır. O, həmçinin bildirdi ki, bu rəsmləri
qalereyaya şəhər sakinləri, ayrı-ayrı
kolleksiyaçılar hədiyyə ediblər. Əlbəttə,
bu fakt həqiqi vətənpərvərliyin, əsl təəssübkeşliyin
gözəl nümunəsidir. Vətənini,
xalqını sevən insanların şəxsən malik
olduqları qiymətli sənət incilərini doğma yurda,
şəhərə təmənnasız hədiyyə etməsi
insanda dərin rəğbət, ehtiram hissi doğurur.
Güman edirəm ki, bu, başqalarının da nümunə
götürməsi üçün layiqli, ibrətamiz vətənpərvərlik
nişanəsidir, bir növ çağırışdır.
Hər halda bu barədə düşünməyə
dəyər.
– Bəs
ümumilikdə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin xarici əlaqələri
haqqında nə deyə bilərsiniz?
–
Universitetimiz geniş beynəlxalq əlaqələrə malik
olan yaradıcı təhsil ocağıdır. Dövlətimizin
təhsilin modernləşdirilməsi siyasətindən
çıxış edərək mütərəqqi tədris
metodlarını tətbiq etməklə yanaşı, xarici əlaqələrimizin
də genişləndirilməsinə xüsusi önəm
veririk. Qloballaşan dünyada mədəniyyət
fenomeni sivilizasiyalararası dialoqda ən keçərli təsir
imkanlarına malik olan və qarşılıqlı etimad
doğuran elitar ünsiyyət vasitələrindən biridir.
Bu, həm də Azərbaycanı dünyaya
tanıtmaq baxımından olduqca əhəmiyyətlidir.
Xarici əlaqələrimizi genişləndirərkən
biz təhsilimizin keyfiyyətini yaxşılaşdırmaq, onu
müasirləşdirməklə yanaşı, həm də
müasir Azərbaycan dövlətçiliyinin mədəniyyət
və təhsil sahələrindəki tövsiyələrini,
dövlətimizin bu sahədəki siyasətini əldə rəhbər
tuturuq.
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti 2002-ci il oktyabrın 26-dan Avropa
İncəsənət Universitetləri Liqasının
(ELİA) tamhüquqlu üzvüdür. Bizdə
çoxlu sayda xarici tələbə təhsil alıb və
bu gün də almaqdadır. Universitetdə
Xarici əlaqələr üzrə prorektorluq, Əcnəbi tələbələrin
təhsili üzrə dekanlıq kimi qurumlar fəaliyyət
göstərir. Fərəh hissi ilə
vurğulamaq istərdim ki, ADMİU dünyanın 50-yə
yaxın universiteti ilə əlaqələr yaradıb ki,
onlardan da 23-ü ilə əməkdaşlıq müqavilələri
imzalanıb. Şübhəsiz ki, təhsilin
keyfiyyəti yüksəldikcə xarici universitetlərlə təmaslarımız
daha da intensivləşəcək.
Universitetimiz
Yaponiyanın “Ot kökləri” layihəsində, “Mitsubisi
Korporeyşn” şirkəti tərəfindən irəli
sürülmüş mədəniyyət üzrə
xüsusi layihədə, Almaniyanın təhsil üzrə
nümayəndəliyinin “DAAD” proqramında, UNESKO – ASCHBERG
proqramında, Bakıdakı Yunanıstan Səfirliyinin təklif
etdiyi Aleksandr Onasis Fondunun proqramında, ABŞ Səfirliyinin
vasitəçiliyi ilə Nyu-York Universitetinin irəli
sürdüyü mədəniyyət proqramında, “TEMPUS –
TASİS” proqramında və bir çox digər beynəlxalq
layihələrdə iştirak edir. Bizim Nyu-York Siti Universiteti,
Çikaqo Universiteti, Viskonsin Medison Universiteti (ABŞ), Paris
Musiqi Akademiyası, Düsseldorf İncəsənət
Universiteti (Almaniya), Drezden İncəsənət Akademiyası
(Almaniya), Sankt-Peterburq Dövlət Teatr Akademiyası, Kiyev
Milli Mədəniyyət və İncəsənət
Universiteti, Belqrad İncəsənət Universiteti (Serbiya),
Misir İncəsənət Akademiyası, Ş.Rustaveli
adına Teatr və Kino Universiteti (Gürcüstan) və bəzi
digər nüfuzlu ali məktəblərlə münasibətlərimiz
var. Bu sırada qardaş Türkiyə universitetləri ilə
əlaqələrimizi xüsusi vurğulamaq istərdim. Memar
Sinan Universiteti, Marmara Universiteti, Sakarya Universiteti, Trakiya
Universiteti, Beykənd Universiteti və başqa ali
məktəblərlə münasibətlərimiz inkişaf etdirilir.
– Tələbələrinizin
beynəlxalq səviyyədəki uğurları barədə
nələri söyləmək istərdiniz?
Tələbələrimiz bir çox beynəlxalq
festivallarda uğur qazanıblar. Bununla onlar təkcə
universitetimizi deyil, həm də Azərbaycan mədəniyyətini
təbliğ edirlər. ADMİU mədəniyyət
və incəsənətin əksər sahələri üzrə
mütəxəssis hazırlığı aparan universal tədris
müəssisəsidir və elə ona görə də
nailiyyətlərimiz ən müxtəlif sənət sahələrinə
aiddir.
Teatr sənəti sahəsində tələbələrimizin
beynəlxalq miqyasdakı müvəffəqiyyətləri
ürəkaçandır. Bir il öncə, 2011-ci ilin noyabr
ayında Qazaxıstanın Almatı şəhərində
keçirilən I Beynəlxalq Tələbə
Tamaşaları Festivalında universitetimizin “Aktyor sənəti”
və “Rejissorluq” fakültələrinin II və III kurs tələbələri
iştirak etmiş, festivalın ali mükafatı olan Qran-pri
mükafatını almışdılar. Tələbələrdən
Vaqif Əzizov, Səbinə Namazova və Aytən Hacıyeva
xüsusi sertifikatlarla
mükafatlandırılmışdılar. Aydın məsələdir ki, xarici ölkədə
Qran-prinin alınması, onun başqa bir ölkəyə yox,
məhz Azərbaycana gətirilməsi çox böyük
hadisədir. Bu, Azərbaycan təhsilinin, o
cümlədən bədii təhsilin nüfuzundan, onun beynəlxalq
aləmdə tanınmasından xəbər verir. Mən fərəh doğuran belə nümunələrdən
çox sadalaya bilərəm. Tiflis Beynəlxalq
Tələbə Etüdləri Festivalında tələbələrimiz
“Təmas” adlı tamaşa ilə çıxış
etmiş və festivalın sertifikatını
almışdılar. 2010-cu ildə Türkiyədə,
İstanbul Kültür Universitetində keçirilən Beynəlxalq
Tələbə Tamaşaları Festivalında “Dram teatrı
və kino aktyoru” ixtisası üzrə təhsil alan IV kurs tələbələrimiz mükafata
layiq görülüblər.
Kino sənəti
sahəsində təhsil alan tələbələrimizin
də beynəlxalq uğurları çoxdur. 2011-ci ildə
Tiflisdə keçirilən “Amirani” Beynəlxalq Tələbə
Film Festivalını xatırlatmaq yerinə düşər. Tələbəmiz Rəşad Səmədovun “Səkkiz”
adlı sənədli filmi və “Yuxu” adlı bədii filmi bu
festivalda diploma layiq görülmüşdü. Elə həmin
il Qazaxıstanda keçirilən “Bastau” I
Beynəlxalq Tələbə Debüt Filmləri
Kinofestivalında təmsilçimiz Murad Muradov “Kənar” filminə
görə mükafat almışdı. İranda
keçirilmiş başqa bir festivalda – “100 saniyəlik filmlər
festivalı”nda tələbəmiz Röyal Əliyevin
“Başdaşı” adlı filmi beynəlxalq jüri tərəfindən
yüksək qiymət almışdı. Qazaxıstanda
bu il keçirilən II “Bastau” Beynəlxalq
Tələbə Debüt Filmləri Kinofestivalında təmsilçilərimiz
yenidən fərqləniblər.
Rəssam tələbələrimiz müxtəlif xarici
ölkələrdə, o cümlədən qardaş
Türkiyədə keçirilən Beynəlxalq sərgilərdə
dəfələrlə diplomlara layiq görülüblər. Əlbəttə,
beynəlxalq sərgilər, festivallar ölkəmizdə də
keçirilir və dünya miqyasında kifayət qədər
rezonans doğurur. 2011-ci ilin dekabrında
gerçəkləşdirilən II Qəbələ Beynəlxalq
İncəsənət sərgisi bu qəbildən idi. Bu möhtəşəm rəsm sərgisinə 20-yə
yaxın ölkənin 100-dən artıq təmsilçisi
qatılmışdı. Orada bizim universitetimizin
təmsilçiləri olan müəllim və tələbələr
də uğurla çıxış ediblər.
Eyni
sözləri “Musiqi sənəti” fakültəsində təhsil
alan, müxtəlif müsabiqələrdə,
o cümlədən Beynəlxalq Muğam müsabiqəsində
iştirak edən, eləcə də nəzəri fakültələrdə
oxuyan tələbələrimiz haqqında deyə bilərəm.
Onların da beynəlxalq aləmdəki sənət
və elmi nailiyyətləri kifayət qədərdir və
bu, bizi sevindirir. Çünki çəkdiyimiz
zəhmətin bəhrəsini görürük.
Söhbətləşdi:
İntiqam
525-ci qəzet.- 2012.- 13 noyabr.- S.2