“Teatr
konfransı” təhlil müstəvisində
TARİXİ-KULTUROLOJİ ASPEKT VƏ YA BİR PAKET TƏKLİF
Azərbaycan
teatrı tarixində, təbii ki, mən yerli mədəniyyət
şəbəkəsində avropatipli peşəkar teatrın
təşəkkül və inkişaf tarixini nəzərdə
tuturam, teatr konfransı keçirmək ənənəsi
olmayıb, o da ki ola beynəlxalq formatda. İndi Azərbaycanda
bu ənənə var; təptəzə bir ənənədir
ki, 2012-ci ildə yaradılıb! Bir zamanlar bu, Azərbaycan
teatr ictimaiyyətinin arzularının son həddi sayıla bilərdi.
Bugünsə biz bu hadisəyə az qala adi bir olay kimi
yanaşırıq, konfransla bağlı tələb və
iddialarımızı ortaya qoyuruq, konfransdan həməncə
konkret nəticələrin gündəmə
çıxarılmasını umuruq, təşkilatçıların,
iştirakçıların müzakirəsindən, tənqidindən
yayınmırıq, çəkinmirik. Mən bu məqamı
da pozitivlər ayağına yozuram: konfransa belə bir reaksiya,
belə bir münasibət son dərəcə normal bir
şeydir və beynəlxalq əhəmiyyətə malik hadisənin
Azərbaycan teatr mühitilə
qaynayıb-qarışmasının əlamətidir.
Lakin...
tələsmək nəyə gərək: məsələləri
bir-bir çözmək daha doğru yol.
Əvvəla
ondan başlayaq ki, müasir dövrdə Azərbaycan mədəniyyəti
dövlət siyasətinin prioritetlərindən biri kimi total
şəkildə inkişaf etdirilir, yəni praktiki olaraq
heç bir sahə dövlət qayğısından kənarda
qalmır, mədəniyyətin milli və dünyəvi
formalarının dinamik gəlişməsi balansı hər
bir an gözlənilir. Bu kontekstdə
Bakı Beynəlxalq Teatr Konfransının mövcudluq təminatçısı,
onun funksionallığının qarantı da Azərbaycan
Dövlətidir.
İkincisi:
Bakı Beynəlxalq Teatr Konfransı adi bir tədbir deyil,
siyasi-kulturoloji aksiyadır, dünya teatr məkanına bir
mesajdır və teatr sənətinin inkişafı ilə əlaqədar
qəbul olunmuş Dövlət Proqramının icrası
yönündə mühüm bir addımdır. Bu addım
bizi dünya teatr məkanına yaxınlaşdırır,
dünya teatrının çağdaş
tendensiyalarının Azərbaycana daxil olması
üçün qapılar açır. Uşaq və Gənclər
Teatrları Beynəlxalq Assosasiyasının (ASSİTEJ) “sərhədləri aşmaq,
xalqlar arasında körpülər qurmaq” ideyasının həqiqəti
də elə budur. Ona görə də hələ I Bakı
Beynəlxalq Teatr Konfransında Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin Təşkilat Komitəsi, başda nazir
müavini Ədalət Vəliyev olmaq şərtilə, qərara
aldı ki, konfarns ənənəyə çevrilsin və iki
ildən bir keçirilsin. Və bu xüsusda nəzərdən
qaçırılmadı ki, konfransın gerçəkləşməsində
bizim qədər dünya da maraqlıdır.
Ol səbəbdən
“Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər,
alternativlər” mövzusunda Bakı Beynəlxalq Teatr
Konfransı ikinci dəfə Azərbaycan mədəniyyətinin
mövcudluq şəbəkəsinə daxil oldu və öz
iki günlük həyatını fləşmob ritmində
yaşadı. Və bu fləşmobun içində müxtəlif
kalibrli media mənsubları yaxınlaşıb mənə
bir sualla müraciət edirdilər (elə bil ki öncədən
yığışıb sözü bir araya qoymuşdular):
“Bu konfransın səmərəsi nədir?” Yaxşı
sualdır: konkret və birbaşadır; di gəl ki,
primitivdir.
Çünki
qarşılığında mən də soruşa bilərdim:
bir ağacdan bar götürmək üçün neçə
il lazımdır; neçə il sərasər qulluq etmək
lazımdır ki, ağac qol-budaq atsın, böyüsün?
İndi təsəvvür eləyin: Bakı Beynəlxalq Teatr
Konfransı iki ildən bir olmaq şərtilə cəmi
dörd gün yaşayıb! Bizsə istəyirik ki,
konfransın real bəhrələrini toplayıb onları sapa
düzək. Olurmu heç? Hərçənd konfransın
ictimai-siyasi və kulturoloji səmərəsi
gözönündə... və bunu hamı təsdiqləyir.
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev: “II Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan dövlətinin mədəni inteqrasiyaya çox böyük önəm verdiyinin əyani sübutudur”.
ASSİTEJ-in prezidenti, Cənubi Afrika təmsilçisi İvet Hardi: “Bakının belə mədəni hadisələrə ev sahibliyi etməsi dünyanın diqqətini Azərbaycan mədəniyyətinə cəlb edir”.
Əli İhsan Kaleçi, Fransanın Saynt-Blejö Teatr Tədqiqatları İnstitutunun bədii rəhbəri, rejissor-yazıçı: “İki il əvvəl keçirilən konfransda da iştirak etmişdim və düşünürəm ki, Azərbaycanın bu istiqamətdə fəaliyyətə başlaması çox önəmlidir. Çünki teatr hazırda dünya masştabında böhran dövrünü yaşayır. Avropada, Qərbdə bu cür maraqlı konfranslar keçirilmir. Teatrın problemləri gündəmə gətirilmir. Bu baxımdan Bakı konfransını yüksək qiymətləndirirəm”.
Əli İhsan Kaleçinin fikrindən sonra bircə “no comment” ifadəsi yazılsa, kifayət edər. Nədən ki, bizim keçirdiyimiz konfrans Azərbaycanın dünya teatr ictimaiyyətinə bağışladığı bir hədiyyə qismində yozulur hətta.
Ancaq buna baxmayaraq Bakı Beynəlxalq Teatr Konfransı öz qayəsinə görə hələ də dünya teatr ictimaiyyətilə əlaqələr şəbəkəsini qurmaq mərhələsindədir. Ona görə də burada Beynəlxalq Teatr İnstitunun (BTİ), ASSİTEJ-in, Teatr Tənqidçiləri Beynəlxalq Assosasiyasının təmsilçiliyi önə çəkilir. Bu işdə məqsəd yaradıcılıq mübadilələri üçün şərait yaratmaq və konfransın təqdim etdiyi şansdan maksimum yararlanmaqdır. Heç də təsadüfi deyildi ki, bu dəfəki konfransa dünyanın 35 ölkəsindən 80-ə yaxın nümayəndə gəlmişdi: hamısını adbaad xatırlatsam, burada mənim öz fikirlərimə yer qalmayacaq.
Konfransın ideyası isə Cənubi Afrikadan gətirilmiş “Qadın intizarı” tamaşasının finalında aktrisa Tembi Mtçalinin sözlərində öz təcəssümünü tapırdı: “Biz danışmalıyıq. Mütləq danışmalıyıq. Danışmasaq, ürəyimiz partlayar”. Elə ona görə də bir sıra ölkələrin teatr mütəxəssisləri öz problemlərini, sənət qayğılarını götürüb gəlmişdilər Bakıya...
Bakı Beynəlxalq Teatr Konfransı eyni zamanda dünyanın tanınmış sənətçilərilə birbaşa təmasda bulunmaq imkanıdır: Litva aktyorları Regimantas Adomaytis və Yuozas Budraytis, habelə kino və teatr rejissoru Kşiştof Zanussi kimi peşəkarların konfransda iştirakı dediklərimizin əyani sübutudur. Və üstəgəl, ustad dərsləri və üstəgəl dünyanın müxtəlif regionlarından məhz konfrans günlərində göstərilmək üçün gətirilən tamaşalar...
Konfransa toplaşanların hamısının, bizimkilər və onlar qarışıq, bir ali məqsədi vardı: çağdaş teatr sənətinin problemlərinin çözülməsinə yardımçı olmaq, teatrın gələcək perspektivlərini müəyyənləşdirmək, seyrçilərlə teatrın ünsiyyət probleminin müasir həlli yollarını tapmaq. Bu da aydın məsələdir: çünki teatrı yaşadan, onun toplum içrə mövcudluğunu mənalandıran tamaşaçıdır. Seyrçisiz teatr, büdcəsində milyonlar olsa belə, yenə də ölü teatrdır.
Bunlar əla, super!
Di gəl ki, müasir teatr prosesini içdən, nəzəri-praktiki yöndən, fəlsəfi aspektdən aydınlatmaq məramı ilə düşünülmüş belə bir Teatr Konfransının əməli gerçəkliyi böyük maliyyə xərclərinin hesabına mümkünləşir...
Və təkcə maliyyə xərclərinin hesabına yox...
Nədən ki, cəmi ikicə günlük bir Teatr Konfransı təşkil etmək naminə hər hansı bir peşəkarlar komandası aylarla fasiləsiz işləməli olur. II Bakı Beynəlxalq Teatr Konfransını keçirmək niyyətilə də məhz belə bir mobil komanda yaradılmışdı və ona son dərəcə ağır bir missiyanın öhdəsindən gəlmək tapşırılmışdı. Və şükürlər olsun ki, bu komanda öz vəzifəsini layiqincə yerinə yetirdi. Ona görə də istər nazir müavini Ədalət Vəliyevə, istər nazirliyin teatr şöbəsinin ildə 365 gün əvəzinə 366 gün işləyən əməkdaşları Naidə İsmayılzadəyə, Vəfa Kazımovaya, istərsə də xarici əlaqələr üzrə koordinator Şaiq Səfərova sonsuz təşəkkürlər!!!
Lakin... və bir də lakin... və bütün bunlarla yanaşı...
Hər hansı bir ideya ətrafında formalaşmış teatrın aktiv, canlı fəaliyyət ömrü ilk beş illə məhdudlaşır: növbəti beş il teatrın inersiya ilə yaşadığı dövrdür. Bundan sonra həmin teatr ideyası intensiv şəkildə reviziya edilir və onun köhnəldiyi ortaya çıxır. Çünki tamam yeni və fərqli bir nəsil öz düşüncəsi, öz maraqları və öz problemlərilə tarixi zamana daxil olur və nələrisə, elə ideyaları da o cümlədən, artıq bəyənmir. Odur, mən fikirləşirəm ki, bəlkə biz də Teatr Konfransını beş ildən bir keçirək, ancaq beş gün müddətinə, debatlarla, gündəliyə daxil edilmiş yerli və dəvət olunmuş tamaşaların müzakirəsilə birgə?! Əvəzində isə teatr təqviminə dörd ildən bir olmaq və Bakı Beynəlxalq Kukla Teatrları festivalına toxunmamaq şərtilə, yeni bir festival əlavə edək?! Bu, daha ilginc olmazmı? Yoxsa Teatr Konfransına maraq azala bilər. Soruşacaqsınız niyə? Çünki iki ildən bir təqribən eyni tərkibdə respublikaya axışan qonaqlar bəzən özlərini təkrarlayırlar, yeni fikir, söz söyləmək iqtidarında olmurlar, dünya teatr məkanında gedən proseslərdən, tendensiyalardan bizə yeni heç nə deyə bilmirlər. Bəlkə biz onları Bakı Beynəlxalq Teatr Konfransına daha məsuliyyətlə, respublikanın teatr ictimaiyyətinə isə daha ciddi, daha lütfkar yanaşmağa sövq etməliyik? Mən, məsələn, Kşiştof Zanussidə gördüyüm səmimiyyəti, açıqlığı, teatr elitası ilə, dinləyicilərlə bölüşmək həvəsini bir çox digər qonaqlarımızda görə bilmədim. Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankone, artıq dəfələrlə Bakıda olmasına baxmayaraq, mən hələ ondan maraqlı bir söhbət və ya səmimi bir diskussiya eşitməmişəm və ya nəyisə öyrətmək, nəyisə məsləhət vermək həvəsi görməmişəm. Yəni bu kimi məqamlar konfransda qədərincədir. Axı Beynəlxalq Konfrans özündə turizm elementlərini qapasa da, hər şeydən öncə məqsədyönlü işdir, ruhsal çalışmadır!
Mən bunları yazmasam, deməsəm, olmaz! Çünki məramımız Azərbaycan teatrını
inkişaf etdirmək,
onu seyrçilərə,
yaxınlara və uzaqlara sevdirməkdir.
Bugün Azərbaycan teatrı bir neçə il
bundan öncəki durumundan xeyli irəli gedib: Milli Teatr, Gənc
Tamaşaçılar Teatrı,
Musiqili Komediya Teatrı, Kukla Teatrı səviyyəcə
başqalaşıblar: sanki
diriliblər, canlanıblar,
özlərinə və
gördükləri işə
inanıblar; tamaşalar
da, oyun mədəniyyəti də
biraz daha fərqli olub. Odur ki, bizim
hər hansı bir teatr konfransından
və ya festivalından daha üstün nələrisə
ummaq haqqımız var!
Hərçənd mən ulu Mövlanənin dediklərindən
dönməyəcəyəm və onun arxasınca
bir də təkrar-təkrar hamıya
söyləyəcəyəm:
“Yenə gəl, yenə gəl,
hər nəsən yenə gəl,
kafirsən, atəşə
tapınırsan,
bütə tapınırsan;
burax və gəl...
Bu bizim qapımız,
ümidsizlik qapısı
deyil;
yüz kərə tövbəni pozmuş olsan da,
yenə gəl”.
Yeni konfranslarda, festivallarda görüşmək, yeni
fikirlərlə, ideyalarla
bölüşmək arzusu
ilə!!!
Aydın TALIBZADƏ
525-ci qəzet.- 2012.- 14 noyabr.- S.7.