İnsanları mənəvi
saflığa çağıran görkəmli alim və
müəllim
Cari ilin
noyabr ayında Bakı Dövlət Universitetində Azərbaycanın
görkəmli şərqşünas və islamşünas
alimi, ensiklopedik bilik sahibi, əməkdar
elm xadimi, filoloji elmlər doktoru, akademik Vasim Məmmədəliyevin
anadan olmasının 70 illik yubileyinin təntənəli şəkildə
qeyd edilməsi nəzərdə tutulmuşdur.
Mən həmişə düşünürəm ki, hər
bir xalqın böyüklüyü təkcə onun bəşəriyyətə
bəxş etdiyi görkəmli şəxsiyyətlərə
görə yox, həm də onların qədr-qiymətini bilməsi
ilə müəyyən edilir. Sevinirəm ki, Azərbaycanda da
öz həyatını xalqın və millətin
inkişafına həsr edən, bu məqsədlə müəyyən
mütərəqqi bir missiyanı yerinə yetirən belə şəxsiyyətlərə dövlət və ictimaiyyət
tərəfindən lazımi qayğı göstərilir. Bu baxımdan respublikanın aparıcı elm və təhsil
mərkəzi olan Bakı Dövlət Universitetində də
gözəl bir ənənə formalaşmışdır.
Uzun illərdir ki, Bakı
Dövlət Universitetində həm respublikanın
ictimai-siyasi həyatında, həm də universitetdə elm və
təhsilin inkişafında əhəmiyyətli xidmətləri
olan görkəmli alimlərin, ziyalıların təntənəli
yubileyləri keçirilir, onların həyat və
yaradıcılığını əks etdirən məqalələr
yazılır və kitablar nəşr edilir. Akademik Vasim Məmmədəliyevin
də taleyi, həyat və
yaradıcılığının böyük bir hissəsi
Bakı Dövlət Universiteti ilə bağlıdır və
onun anadan olmasının 70 illik yubileyinin universitetdə keçirilməsi bu
qəbildən olan növbəti tədbirlərdən biridir.
Akademik Vasim Məmmədəliyev çoxşaxəli
elmi-pedaqoji və ictimai fəaliyyətə malik olan bir şəxsiyyətdir. Azərbaycanda
və dünyanın bir çox ölkələrində
dilçilik elminin tanınmış nümayəndəsi kimi
Vasim Məmmədəliyev uzun illər ərzində ərəb
dilçiliyi və filologiyasının aktual problemlərinin tədqiqi
ilə ardıcıl surətdə məşğul olub.
Onun ərəb dilçiliyi və
filologiyasının bir sıra aspektlərinə həsr
olunmuş əsərləri elmi ictimaiyyətin rəğbətini
qazanıb, mədəni irsimizin bir sıra abidələrinin,
o cümlədən müqəddəs “Qurani-Kərim”in təfsiri
və dilçilik xüsusiyyətləri ilə bağlı
fikir və mülahizələri mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilir və bu sahədə tədqiqatların
aparılması üçün prioritet istiqamətlərin
müəyyən edilməsi baxımından böyük əhəmiyyətə
malikdir.
Akademik
Vasim Məmmədəliyev 1942-ci il avqustun
27-də Bakı şəhərində anadan olmuşdur. 1949-1959-cu illərdə Bakıda 113 saylı orta məktəbdə
təhsil almışdır. Orta məktəbi
bitirdikdən sonrakı həyat və fəaliyyətinin əsas
hissəsi Bakı Dövlət Universiteti ilə
bağlıdır. 1959-cu ildə o vaxtki Azərbaycan
Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsinə daxil olmuş və 1964-cü ildə həmin
fakültəni ərəb filologiyası ixtisası üzrə
bitirmişdir. 1965-1968-ci illərdə
Tbilisi Dövlət Universitetinin aspiranturasında təhsil
almışdır. 26 yaşında akademik G.V.Tseritelinin
rəhbərliyi ilə
“Müasir ərəb –Azərbaycan ədəbi
dilində və İraq dialektində felin zaman
formalarının müqayisəli-tipoloji təhlili”
mövzusunda namizədlik dissertasiyası, 32 yaşında isə
Tbilisi Dövlət Universitetində
“Müasir ərəb ədəbi dilində felin zaman,
şəxs və şəkil kateqoriyaları” mövzusunda
doktorluq dissertasiyası müdafiə edərək
keçmiş SSRİ məkanında ərəbşünaslıq
sahəsində ən gənc elmlər doktoru adını
almışdır. 1981-1991 ci illərdə
BDU-nun şərqşünaslıq fakültəsinin
dekanı, 1991-1992-ci illərdə BDU-nun humanitar fakültələr
üzrə prorektoru olmuşdur. 1991-ci ildən
BDU-nun Şərqşünaslıq fakültəsində Ərəb
fılologiyası kafedrasının müdiri, 1993-cü ildən
yeni yaradılmış İlahiyyat fakültəsinin
dekanı vəzifələrində çalışır.
1978-ci ildən professordur. 2001-ci
ildə Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir, 2007-ci ildə isə həqiqi üzvü
seçilmişdir.
Bu gün təkcə Azərbaycanda deyil, bütün
Yaxın Şərq ölkələrində və Avropada
görkəmli şərqşünas və islamşünas
alim kimi tanınan Vasim Məmmədəliyev dilçilik sahəsində
dərin və hərtərəfli biliyə malik kamil bir
mütəxəssisdir. Onun dilçilik elminin yaranması və
inkişafı, bu elmin ən qədimdən müasir dövrə
qədər keçdiyi inkişaf yolu, dilçilik məktəbləri,
nəzəri dilçiliyin aktual problemləri və bu kimi məsələlərə
dair tədqiqatları elmi ictimaiyyət tərəfindən
yüksək qiymətləndirilmişdir.
Artıq qeyd edildiyi kimi, akademik Vasim Məmmədəliyevin
elmi və ictimai fəaliyyəti geniş və çoxsahəlidir. Dilçilik və
filologiya sahəsində mütəxəssis
olmadığıma görə onun elmi fəaliyyəti
haqqında fikir yürütməyim obyektiv olmazdı. Lakin bununla bərabər özümdə cəsarət
taparaq onun elmi fəaliyyəti barədə bir neçə
söz deməyi lazım bilirəm. Akademik Vasim Məmmədəliyev
tərəfindən aparılan tədqiqatlar nəticəsində
ərəb dilçilik elminin dünya dilçilik elmində
orijinal sistemə malik olması, onun nəzəri və metodoloji
baxımdan Hind-Avropa dilçiliyindən fərqli cəhətləri
müəyyən edilmiş, ərəb dilçiliyinin ilkin
orta əsr dilçilik tarixində yeni söz olması
göstərilmiş və ərəb dilçiliyinin Avropa
dilçilik elminə təsiri ətraflı olaraq
araşdırılmışdır. Müəyyən
edilmişdir ki, ərəb ədəbi dilindən fərqli
olaraq bəzi ərəb dialektləri tipoloji baxımdan Azərbaycan
dili ilə daha yaxındır. Onun elmi
yaradıcılığının böyük bir hissəsi
müsəlman dünyasının ən nadir incilərindən
hesab edilən və ərəb ədəbi dilinin ən
böyük abidəsi olan “Qurani-Kərim”in dil və üslub
xüsusiyyətlərinin öyrənilməsi ilə əlaqədardır.
Vasim müəllimin universal biliklərə, ensiklopedik məlumatlara
malik olması onun
mərhum akademik Ziya Bünyadovla birgə müqəddəs
“Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə edərək
xalqın istifadəsinə verməsinə imkan
yaratmışdır. Onun öz təbirincə
desək, – “Allah kəlamı olan Quran elə bir ecazkar ilahi
kitabdır ki, heç bir müfəssir onu tam
dolğunluğu ilə təfsir və heç bir mütərcim
mükəmməl tərcümə edə bilməz. Çünki Allah təala Özünün haqq dini
islamı və onun müqəddəs kitabı Quranı
insanlara yalnız müəyyən bir dövr
üçün deyil, qiyamət gününə qədər
olub keçəcək bütün dövrlər
üçün göndərmişdir”.
Vasim
müəllim klassik Şərq ədəbiyyatını, o
cümlədən, klassik Azərbaycan, fars,
ərəb ədəbiyyatını mükəmməl bilir,
müasir ədəbi prosesləri daim izləyir. O, həm də
klassik Azərbaycan poeziyasının nadir bilicilərindəndir,
klassiklərimizi gözəl bilməklə yanaşı,
onların iri həcmli əsərlərini də əzbərdən
söyləmək qabiliyyətinə malikdir.
Vasim müəllim eyni zamanda Azərbaycan musiqisinin,
xüsusilə də muğamların gözəl bilicisidir. Dəfələrlə
muğam gecələrini aparmış, respublikanın görkəmli
xanəndə və müğənnilərinin
yaradıcılıq görüşlərində mütəxəssis
kimi çıxış etmiş, musiqi xadimlərini muğam
incilərinə hörmət etməyə, onları
düzgün ifa etməyə
çağırmışdır. O, həm də klassik
Avropa musiqisinə dərindən bələddir.
Akademik Vasim Məmmədəliyev müstəqillik əldə
etmiş respublikamızın ehtiyac duyduğu gənc
ilahiyyatçı mütəxəssislərin
hazırlanmasında gərgin əmək sərf etmişdir. O, 20-dən çox
monoqrafiya, dərslik və kitabın, 600-dən çox elmi və
elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq
ölkəsində nəşr edilmişdir, 40-dan çox
dissertasiya işinə rəsmi opponentlik etmişdir. Şərqşünaslıq və ərəb
dilçiliyi sahəsində 41 elmlər namizədi və 3
elmlər doktoru yetirmiş akademik bu gün Azərbaycan şərqşünaslarının
lideri kimi dünyanın müxtəlif ölkələrində
keçirilən toplantılara qatılır. Dəfələrlə
Rusiya, Polşa, Misir, ABŞ, İndoneziya, İraq, Türkiyə,
İran, Gürcüstan, Fransa və digər xarici ölkələrdə
keçirilən konfrans və simpoziumlarda məruzə ilə
çıxış etmişdir.
Akademik Vasim Məmmədəliyevin elm və təhsil sahəsindəki
əvəzsiz xidmətləri dövlət və beynəlxalq
ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilmişdir. Bu sahədəki səmərəli
fəaliyyətinə görə o, ölkə
başçısı tərəfindən 1992-ci ildə Azərbaycanın
Əməkdar elm xadimi fəxri adına
layiq görülmüşdür, 2002-ci ildə “Şöhrət
ordeni”, 2009-cu ildə “Şərəf”ordeni, 2012-ci ildə
Prezident təqaüdü ilə təltif edilmişdir. 2003-cü
ildə Dağıstan Respublikasının Əməkdar elm
xadimi adına layiq
görülmüşdür. “Yusif Məmmədəliyev”
medalı ilə təltif edilmişdir. Qafqaz Müsəlmanları
İdarəsi nəzdində Elmi-Dini Şuranın sədri, Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının
Rəyasət Heyətinin üzvü, İraq Elmlər
Akademiyasının, Suriya Quran Elmləri və Ərəb
Filologiyası Akademiyasının, Misir Ərəb Dili
Akademiyasının müxbir üzvü, İslam Əməkdaşlıq
Təşkilatının Müsəlman Hüququ
Akademiyasının akademiki və Azərbaycanın orada təmsilçisi,
İranın Beynəlxalq Əhli-Beyt Assosiasiyası və
Türkiyənin Elmi Araşdırmalar Vəqfinin üzvü,
Azərbaycan – İraq Dostluq Cəmiyyətinin sədridir.
Vasim
müəllimin islam dininin, islam dəyərlərinin
təbliğində və yayılmasında, Quran ayələrinin,
dini ayinlərin və hədislərin düzgün
yozulmasında, xalqın mənəvi cəhətdən zənginləşməsində
və inkişafında böyük xidmətləri vardır.
Azərbaycan Televiziyasında hər cümə
axşamı efirə verilən “Haqqın dərgahı”
verilişini xalqımız artıq 20 ildir ki, maraq və səbirsizliklə
izləyir. Bu veriliş ümumxalq məhəbbəti
qazanmış, İslam dini dəyərlərinin ölkəmizdə
elmi şəkildə təbliğ olunması işində
mühüm rol oynamış və oynamaqdadır.
Yorulmaz və
gərgin əməyi sayəsində Vasim müəllim öz
dərin savadı və xoş niyyətli əməlləri
ilə insanlığın ən ali zirvəsində,
ən yüksək nöqtəsində dayanaraq, alimlik zənginlikdirsə,
insanlıq isə qəlbin, daxili aləmin zənginliyidir
anlayışını bir daha öz əməlləri ilə
sübut etmişdir. O, iki zənginliyi-istər beyin, zəka,
istərsə də qəlb, iç dünya zənginliyini
özündə cəm edən bir şəxsdir. Onu hələ gənc yaşlarımdan yaxından
tanıdığım və onunla təmasda olduğum
üçün deyə bilərəm ki, Vasim müəllim
heç kəsi incitməmiş, heç kəsi özündən
narazı salmamışdır. Kömək
üçün ona müraciət edənlərin heç
biri ümidsiz geri qayıtmır. Elm və
biliyini heç kəsə əsirgəmir. Düzlüyü, doğruluğu,
halallığı və xeyirxahlığı özünə
amal, həyat yolu seçən bu insan deyərdim ki, nəcibliyin
və insanlığın ən yüksək zirvəsində
dayanır. Təbii ki, Allah hər bir insana
yalnız və yalnız bir ömür payı bəxş
edib və gərək bu ömrü elə yaşayasan ki, təmiz
və mənalı olsun. Həyatın mənasını
şan-şöhrətdə, mal-dövlətdə, varidat
yığmaqda deyil, insanlara xidmətdə görür Vasim
müəllim. Quranın əsas
mövzularından biri yer üzünün əşrəfi
olan insan haqqındadır. Buradakı ayələrə
istinad etsək deyə bilərik ki, bəli, insan kainat
ağacının meyvəsidir; fəqət bu meyvənin tam
yetişməsi üçün şaxəli budaqlar və rəngarəng
çiçəklər kifayət etməz.
Ağacın yaşaması, bar verməsi üçün yer
altındakı qaranlıqlara və dərinliklərə
kök atması lazım olduğu kimi, insan da çətinliklərə
və əzablara qatlaşmadan istədiklərinə nail ola bilməyən bir varlıqdır. Vasim müəllim də həyatın bütün
çətinliklərinə sinə gərərək, maneələrdən
keçərək insanlığın ən uca zirvəsində
kök salmışdır. O, heç vaxt özünü
düşünməmiş, yalnız və yalnız həyatının
mənasını ümumi məqsədə – insanlığa
xidmətdə görmüşdür. Nəcib əməllər,
xeyirxah işlər sahibi olan bu nurani, alicənab insan kimsənin
haqqını tapdamadığı, heç kəsi
özündən narazı salmadığı
üçün hamıdan onun haqqında yalnız xoş
sözlər eşitmişəm.
Onun müəllim və alim kimi fədakarlığı,
yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi
və qayğıkeşliyi, insanlara və onların problemlərinə
göstərdiyi diqqət və qayğı, fəal həyat
mövqeyi ona həmkarlarının, dostlarının və tələbələrinin
dərin hörmətini qazandırmışdır. O, yaşından
asılı olmayaraq hər kəslə öz dilində
danışmağı bacarır. Mən dəfələrlə
onunla müxtəlif mövzularda söhbət etmişəm.
O həmişə məntiqlə, əsaslandırılmış,
eyni zamanda, səmimi danışır, adi sözlərlə
insanın qəlbində həyat eşqi oyadır. Onunla danışmaq, ona qulaq asmaq çox
maraqlıdır. O, çox az adama
xas olan düşüncə tərzi ilə müsahibini heyran
edir, ən adi sözlərlə insanların qəlbinə
nüfuz edə bilir, onların sevimlisinə çevrilir.
Öz ixtisasını qızğın məhəbbət və
sədaqətlə sevir, bu sahədəki mövcud problemləri
dərindən bilir və daima bu sahədə baş verən
yenilikləri izləyir, bu yenilikləri həm öz fəaliyyətində
tətbiq etməyə çalışır, həm də bu
barədə öz həmkarlarına məlumat verir, rəhbərlik
etdiyi kollektivdəki müəllim və elmi işçilərin
bilik və bacarıqlarının daha da yüksəldilməsi
üçün bütün imkanlardan istifadə edir. Yüksək peşəkarlığı, dostpərvərliyi,
ünsiyyətdə səmimiliyi, istiqanlılığı və
qayğıkeşliyi ilə seçilir. Yaşamaqdan,
işləməkdən ilham alır, həyata və insanlara
nikbin yanaşır, xeyirxahlıq və etimad ab-havası
yaradır.
Hörmətli akademikimiz Vasim Məmmədəliyevi
anadan olmasının 70 illik yubileyi münasibəti ilə səmimi
qəlbdən təbrik edir, ona möhkəm
cansağlığı, sağlam həyat və yeni
yaradıcılıq uğurları arzulayırıq. İnanırıq
ki, hələ uzun illər o, nəcib və xeyirxah əməllərini
davam etdirərək insanları mənəvi saflığa
çağıracaq, böyük səylə, qətiyyətlə
çalışaraq Azərbaycanda dilçilik elminin ən
son nailiyyətlərini dünya ictimaiyyətinə
çatdırmaq sahəsində yüksək fəallıq və
vətənpərvərlik nümayiş etdirəcəkdir.
Aydın KAZIMZADƏ,
Bakı Dövlət Universitetinin Elm
və
İnnovasiyalar üzrə prorektoru,
fizika-riyaziyyat elmləri doktoru,
professor
525-ci qəzet.-
2012.- 14 noyabr.- S.4.