Tarixdə yaşamaq haqqı
Görkəmli şərqşünas-alim, müəllim
Vasim Məmmədəliyevi
yaxından tanıyanların
təəssüratları belə
bir fikri xülasə etməyə
əsas verir ki, “o bir sirri-xudadır”. Nədir bunun
səbəbi? Nədən Vasim
müəllimin kimliyində
özünü göstərən
şəxsiyyət həqiqətləri
bu nəticəyə gəlməyə imkan verir? Zənnimcə hamımızın ehtiram göstərdiyi akademik Vasim Məmmədəliyevin sadəliyi,
ünsiyyətcilliyi, insana
diqqəti, qayğıkeşliyi
ilk yada düşsə
də, bunu tamamlayan alimin həm də heç birimizə bənzəməyən cəhətidir,
onun müstəsnalığıdır.
Hər birimizi görərkən şirin
Bakı ləhcəsi
ilə salamlayan, böyük qardaş sevgisi ilə rəğbətini gizlətməyən
Vasim Məmmədəliyev
ciddi alim, teoloq, ictimai xadim olmaqla yanaşı,
bir də tanrının ona verdiyi müstəsnalıq
taleyini yaşayır.
Bunu onun həyat tərzi və işi, əməlləri
təsdiqləməkdədir. “Quran” kimi islam
aləminin möhtəşəm
abidəsini dilimizə
tərcümə etmək,
Azərbaycanda ərəb
dilçiliyi məktəbini
formalaşdırmaq, İlahiyyat
fakültəsini yaratmaq
və yeni ilahiyyatçılar nəslinin
yetişdirilməsində elmi-nəzəri
əsərləri, təcrübəsi
və təşkilati
bacarığı ilə
bilavasitə iştirak
etmək onun tərcümeyi-halında müstəsnalıq
deyil də, nədir? Bu və
oxşar həqiqətlər
başqalarının taleyinə
yazılmayıb. Vasim
müəllimin ictimai
taleyində o da var ki, müqəddəs
səmavi kitablarda deyildiyi kimi tanrının buyurduğu
“missiya”nı yerinə yetirsin. Yəni, Allah kəlamını
xalqa söyləsin, onun izahını versin, şərh etsin, özü həmin qeybdən gələn səsin intonasiyası ilə nəfəs alsın, tanrı SÖZ-ünün
prinsipləri ilə yaşasın, çevrəsindəkiləri
DOĞRU YOL-a səsləsin.
Bu hər dəfə
gördüyümüzdə uzun illərin doğması kimi salamlaşdığımız, sadə, sakit, rəvan nitqi ilə, eyni zamanda müdrik, məntiqli yumoru ilə feyziyab olduğumuz Vasim müəllimin müstəsnalığı
deyil də, nədir? Axı, bu hər kəsə,
hamıya verilməyib?..
Tanrı
“missiyası”ndan danışmaq
və öylə yaşamaq, başqalarını
da bu yola
dəvət etməklə
yanaşı Vasim Məmmədəliyevin bir
xüsusi cəhəti,
hamımızın heyran
olduğu, təqdir etdiyi bir müstəsnalığı
da onun fenomenal
yaddaş sahibi olmasıdır. Bu sadəcə bəzilərinin
əzbər gücünə
çoxsaylı bədii
parçaları, klassik
şeir nümunələrini
yadda saxlaya bilməsi ilə müqayisəyə gəlməyən
həqiqətdir. Vasim müəllimin
təhkiyəsindəki aydınlıq
və məntiq məqamları, onun klassik və müasir əsərlər
arasında irs-vairlik əlaqələrini qorunması,
ərəb-farsdilli ədəbiyyat
tariximizi mükəmməl
bilməsi, ona aşinalığı həmin
fenomenallığı təsdiqləyən
keyfiyyətlərdir.
Çoxprofilli fəaliyyəti ilə
diqqət mərkəzində
olan Vasim Məmmədəliyev yalnız
Azərbaycanda deyil, müasir müsəlman aləmində modernist islam filosofu kimi yüksək qiymətləndirilir. Ərəb
ölkələrinin və
ümumislam dünyasının
ictimai-mədəni tərəqqisinə
dərindən bələd
olan, tarix təcrübəsinə istinad
etməyi və özünəqədərki islamşünasların
iş üsullarından
bəhrələnməyi vacib
bilən Vasim müəllim əsərləri
və nitqlərində
XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda
vüsət alan yeni islam maarifçiliyi
və həmin miqyasda həyata keçirilən islahatlar-
reformizm hərəkatına
böyük əhəmiyyət
verir. Bu dövrdə M.F.Axundov, Şeyx Əhməd Səlyani və Həsən bəy Zərdabi ilə başlayan, “Elmi-Əbdanə və elmi-ədyanə bir nəzər” mövzusunda mübahisə və müzakirələrə səbəb
olan, Ə.Ağaoğlu,
Ə.Hüseynzadə, M.Hadi,
Axund Əbuturab, Axund Molla Ruhulla,
Mirməhəmməd Kərim
ağa, Axund Yusif Talıbzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir,
Ö.F.Nemanzadə, H.Vəzirov
və başqa bu kimi şəxsiyyətlərin
fəaliyyəti ilə
davam etdirilən modernizmi yeni müstəqillik illərində
Vasim müəllim başda olmaqla onun həmkarları və tələbələri
əsaslı şəkildə
müdafiə etdilər.
Bu istiqamətdə aparılan
aktiv fəaliyyətin
nəticəsidir ki, elmi və dini
dəyərləri qarşı-qarşıya
qoyan, birinin digərindən üstünlüyünü
“sübuta çalışanlar”dan
fərqli olaraq yeni dövrün modernistləri xürafat, fanatizm və mühafizəkarlıq əleyhinə
çıxdı, tərəflərin
sintezinə əsaslanmaqla
dini dəyərləri
gerçək həyat
hadisələri ilə
uzlaşdırmağa, ateizm
təbliğatının qərəzli
qalıqlarını aradan
qaldırmağa nail ola
bildilər. Həmin sosial-mədəni hərəkatın
və elmi-nəzəri
axtarışların lideri
kimi tanınan Vasim Məmmədəliyev,
eyni zamanda islamşünas filosof kimi də məşhurlaşdı,
xalqın sevdiyi, ehtiram göstərdiyi, sözünə etibar bəslədiyi şəxsiyyət
zirvəsinə yüksəldi.
İstər klassik, istərsə
də müasir Şərq müdriklərindən
danışsın, fərqi
yoxdur, onların hər birinin gerçək yaşam üçün faydasını
açıqlayan Vasim
Məmmədəliyev səmavi
kitablara da, ərəb, fars və Avropa dahilərinə də, özəlliklə Azərbaycanın
tarixi və müasir şəxsiyyətlərinə
eyni prinsiplərlə
yanaşır, onların
əsərlərinin bədii-estetik
məziyyətləri ilə
yanaşı ictimai dəyərlərinə, cəmiyyət
quruculuğu işindəki
əhəmiyyətinə mühüm
yer verir. Çünki özü daha çox inanır ki,
Ayinəsi işdir kişinin,
lafə baxılmaz,
Şəxsin görünür rütbeyi-əqli
əməlində.
Onun nitqini və Azərbaycan divan ədəbiyyatı, poeziyası
haqqında fikirlərini
dinləyəndən sonra
yaddaşa yazılan misralar insanı bir daha tərk
etmir və elə hesab edirsən ki, haçansa bu misraları bəlkə özün yazmısan. Bu baxımdan yəqin ki, çoxları Vasim müəllimin tələbələrinə həsəd
aparır, onun mühazələrini dinləmədiyinə
təəssüf hissi
keçirir.
Bir vaxtlar mən Azərbaycan televiziyasında “Qaynaqlar” adlı silsilə verilişlərin ssenari müəllifi və aparıcısı kimi çalışır, Azərbaycan tarixinə dair fakt, sənəd, hadisə, şəxsiyyət və problemlərin işıqlandırılmasına geniş yer ayırır, paralel olaraq eyni televiziya kanalında hər həftə efirdə çıxış edən Vasim Məmmədəliyevin fikir və mülahizələrindən bəhrələnir, ona daxili minnətdarlıq duyğularımı özünə hər görüşdə ifadə edirdim. Çox şükürlər olsun ki, indi özünün müdriklik çağını yaşayan Vasim müəllim haqqında düşüncələrimi yazılı şəkildə həm özünə, həm də onun qədrini bilən dostlarına, tələbə, tamaşaçı, oxucu və dinləyicilərinə çatdırıram.
Vasim müəllim xeyli vaxtdır ki, haqqın dərgahına sığınıb və onun auditoriyası yalnız ali məktəb, Bakı Dövlət Universitetinin tədris otaqları deyil, televiziyanın, elektron medianın əhatə edə bildiyi coğrafiyadır. Nitqində, fikrində böyük Azərbaycan həqiqətlərini, onun çağdaş qayğılarını yaşadan Vasim müəllimin SÖZ-ünün nüfuz dairəsi həmin coğrafiya miqyasındadır və ona tarixdə yaşamaq haqqını verib. Bu bir tək mənim deyil, akademik Vasim Məmmədəliyevi tanıyan və dinləyənlərin birmənalı söylədiyi fikirdir.
Şamil Vəliyev
filologiya elmləri doktoru,
professor
525-ci qəzet.- 2012.- 14 noyabr.- S.4.