Hamının qəzeti olmaq missiyası - Qulu Məhərrəmli "525"i təbrik etdi

  

Populyar bir qəzetin 20 il mövcud olması ciddi ictimai-mədəni hadisəsidir, mətbuat  tariximizin parlaq bir səhifəsi, istiqlal havasının var olması, mətbuat azadlığının nəbzinin hələ vurması deməkdir. Bu qəzeti 20 il yaşatmaq, onu təhlükələrdən sovuşdurub, daşlı-kəsəkli yollardan keçirib, burulğanlardan qoparıb bugünə gətirib çıxartmaq, sözün həqiqi mənasında, qəhrəmanlıqdır. Gözümüzün önündə keçən bu 20 ildə “525” yeni mətbuat mühitindəki qəzet bolluğundan sıyrılıb çıxaraq ölkənin sayılıb-seçilən qəzetlərindən birinə çevrilib.

Əlbəttə, şərəfli bioqrafiyanın formalaşdığı bu illərdə qəzetin səhifələrinə və oxucu yaddaşına ağlı-qaralı neçə-neçə hadisənin izi düşüb. Doğularkən  söz və mətbuat azadlığının bol oksigeninə bürünmüş qəzetin sonralar kükrəyən dalğalar kimi şahə qalxdığı vaxtları, eyni zamanda çətin, həyəcanlı, hətta ümidsiz günləri də  olub. Amma xoşbəxtlikdən bu çətinlik və həyəcan labirintlərindən hünərlə keçmiş “525-ci qəzet” hazırda bir çox sərt reallıqların meydan suladığı məmləkətimizdə cəmiyyətin səsi və yaradıcı adamların tribunası olmaq missiyasıni yerinə yetirir. Ölkənin bir neçə nəsil ədəbi-mədəni, ictimai-siyasi elitasının “525”i öz qəzetləri hesab etmələrinin tam ciddi əsasları vardır.

İndi yazmağa, hər hansı problemlə bağlı mövqe bildirməyə meyilli olan ziyalıların, tədqiqatçıların, yaradıcı adamların bir çoxu materiallarını çap etdirməyə mətbu orqan axtaranda “ən yaxşısı 525-dir” tövsiyələrini az eşitmirlər. Çünki qəzet tərəfsizdir və  onun səhifələri hər kəsin üzünə açıqdır. Məhz bu cəhət “525”-i ictimai qəzet platformasına yaxınlaşdırır, onu topluma doğmalaşdırır.

“525” sadədir, doğmadır, canayaxındır, öyrədəndir, tonu mülayimdir, iddiasızdır, gerçəkliyi öz rəngləri ilə təqdim edəndir, milli problemlərə, cəmiyyət maraqlarına həssasdır, dəyərlərə sayqı göstərəndir və elə bu səbəbdən də seviləndir. Qəzet öz səhifələrində yaşadığımız cəmiyyətin gerçəklərini, o cümlədən ağrılarını, dərdlərini, problemlərini əks etdirməyə çalışır. “525”-in ədəbi mühitimizə təsiri, istedadlı gənclərə qaygısını bir kimsə dana bilməz. Bu baxımdan qəzet az qala istedadlar yetişdirən laboratoriyaya çevrilib. Bunu adları artıq məşhurlar sırasında çəkilən ədəbi istedadlar da, “525”-in bulağından su içib digər qəzet və TV-lərdə çalışan bacarıqlı jurnalistlər ordusu da sübut edir.

Əlbəttə, qəzetin 20 illik şərəfli bioqrafiyasının,uğurlarının arxasında zəhmətkeş bir kollektiv və onu yönəldən Rəşad Məcid kimi bir istedad, bacarıqlı baş redaktor və menecer dayanır. Yaşından xeyli əvvəl müdrikləşmiş, amma sadəliyini, ləyaqətini, səmimiyyətini, genetik mərdliyini qoruyub saxlamış dostum R.Məcidin yaratdığı mühitin nəticəsidir ki, qəzetin xoş aurası az qala bütün mediaya sirayət edib. Bu gözəl  mühitin (və münasibətin) nəticəsidir ki, Yaşar Əliyev və Yusif Rzayev kimi bütün mətbuatımızda barmaqla sayılan peşəkar redaktorları, hətta qəzetin iqtisadi cəhətdən böhranlı anlar yaşadığı dövrdə belə qəzetdən qoparmaq mümkün olmayıb. 

Mən daimi oxucusu olduğum “525-ci qəzet”in xoş duyğular yaradan doğum gününü-20 illiyini təbrik edirəm, növbəti parlaq yubileyini özünün müstəqil redaksiya binasında, təmirli və isti otaqlarda ürək açıqlığı və bütün dostları ilə birlikdə qeyd etmələrini arzulayıram. Əminəm ki, qəzetin yaradıcıları tutduqları yoldan dönməyəcək, daim  cəmiyyətə güzgü tutmağı, həqiqəti yaymaqla sosial mühiti olduğu kimi göstərməyi özünün borcu hesab edəcək, bugünkü kimi müxtəlif fikirlərin müzakirəsi üçün forum olmaqla  demokratiyanın davamlı prosesə çevrilməsinə dəstək olacaq, gediləcək yolları işıqlandıracaq, bu yoldakı təhlükə və həyəcanlardan xəbər verəcək. 

 

 

Qulu MƏHƏRRƏMLİ,

Filologiya elmləri doktoru,

professor 

 

525-ci qəzet.- 2012.- 15 noyabr.- S.3.