“Sən bir
çiçək olsan, mən bir yaz olsam”
Səhər erkəndən yola
çıxmalıydıq. Güya axşamdan
hazırlanıram. Əslində hazırlanmaq sözü də
bir bəhanə. Evdə o otaqdan bu otağa dolanıb dururam.
Axşamdan dilimə yamanmış yanıq bir türkü
heç cür yaxamı buraxmır. Bilirəm ki, bu melodiya ,
bu sözlər məni yatmağa qoymayacaq! Allahım nədir
bu türkülərin əlindən çəkdiyim? Daha bir yuxusuz gecəyə mərhaba!
“Sən bir çiçək olsan, mən
bir yaz olsam!“
Ustad Aşıq Veysəlin sanki ərşdən
gələn yanıq, müdrik və insanı uçurumlardan
qurtaran səsi ruhumun qapısında durmuş məni imtahan
edir. Eşqdən məni dara çəkən Ustad, az qala qəlbimi
yerindən çıxarıb başıma vuracaq! Gərildikcə
gərilirəm. Nəcip Fazilin bir dördlüyü gəlir
dilimə:
Ateşten zehrini tattım bu oxun
Bir anda kül etti can elmasımı
Sanki burnum değdi burnuna yoxun
Kustum öz ağzımdan
kafatasımı!
Yoo! Bu bir az çox oldu mənə! Fəlsəfənin
odlu suallarına təhəmmülüm yox.Yenə varsa yoxsa
Veysəl...Anadolunun Dədə Ələsgəri!
Hər sabah hər sabah suya gedərkən
Yar yolunda torpaq olsam, toz olsam.
Baxıb dörd köşəyə seyran
edərkən
Qara qaş altında ala göz olsam!
Ruhumu alt-üst edən melodiyayla yatağa
girirəm. Sağa dönürəm Veysəlin səsi...Sola
dönürəm xalqımın yovşanlı çöllərdəki
iki min illik tək yoldaşı sazın mələrtisi...Elə
sərxoşam ki, bir yata bilsəm! Gözlərimi
sıxıb yumuram. Saz məni tellərinə sarmış
alıb götürür. Aha, burası İğdır,
burası doğulduğum, amma çiçəklərini,
güllərini, otlarını, ağaclarını
ölümünə qoxlayammadığım,
doyammadığım, qurban
olduğum yerlər, Quzugüdən...Yenə tozlu yollar və
upuzun, bəyaz qovaq ağacları... Məni sərxoş edən
bəlkə də bu bəyazlıq... Bəyazlıq ərşə
uzanıb gedir....Bir an Rəşad bəyin gülümsər
siması qarşımda durur.
–Sənə görə beş dəqiqə
gecikdik!
–Mənə görəmi?
Hələ yuxudayammı? Bəs o bəyazlıqlar,
o səs, o saz? Yoxlar...Bir tək dilimdə hələ də o
misra:
“Sən bir çiçək olsan, mən
bir yaz olsam!”
“Bir çiçəklə yaz gəlməz,”-
demiş atalarımız, amma olsun, Ustad, olsun! Eşq
üçün nə yazlar oldu və nə yazlar payızlara
döndü!
Yola çıxırıq. Evlər,
küçələr, insanlar, şəhər arxada
qalır. Dümdüz yollardan təpələrə
dırmanırıq. Buralar haradır? “Bibiheybət”- deyir birisi... Qurban Səid
düşür yadıma... Onun Əlixanı gəzdirdiyi yerlər... Bir müddət
yoxuşdan sonra yenə düzənlik başlayır! Geniş
yoldakı tabel Qazax və Gəncəni göstərir. Ah, Gəncə,
ah! 22 yaşım və 22 il öncəki ilk
yolçuluğum gəlir ağlıma... Mən xəyallarım
və melodiyalarımla boğuşarkən bir səs məni
özümə gətirir.
–Sən heç Qobustanda olmadın, deyilmi?
–Olmadım, deyirəm.
–Dönüncə gedərik.
Sanki yuxudan yeni
oyanmışcasına dönüb mənimlə
danışana baxıram. Mənim baxışımı
görən sürücü yan gözlə mənə
baxıb şirin-şirin gülümsəyir. Bir an
utanıram. Əcəba hələ yuxuda olduğumu hiss etdimi?
Günahkar kimi bir şeylər anlatmağa başlayıram.
Anlatdığım əhvalatmı,
nağılmı, bilmirəm... Elə-belə söylənmiş
sözlər....
Bu səs Veysəlin səsinə
qarışıb gedir. Maşın bir az daha sürətini
artırır. Bu səsi duyalı çox olmadı. Bir kitab təqdimatında
duydum ilk kəs bu səsi... Sanki Veysəli
xatırladırdı bu səs... İçdən gələn
və şeir qoxan bir səs....O kitab təqdimatında yan –
yana oturmuşduq. Simsiyah bir kostyum geymiş və içimizdə
tək qalstuk taxan oydu. Bu “rəsmilik” diqqətimi çəkmişdi.
Orada iştirak edən hər kəs
bir – biri haqqında upuzun təriflər
yağdırırdı, amma bu adam susurdu. Çox keçmədən
də qalxdı və bizimlə vidalaşdı. Mənə əlini
uzadarkən: “Yenə görüşərik”- dedi.”Oldu,
görüşərik”.- dedim. Bu sözləri çox
duymuşdum. “Yenə görüşərik” deyənlərlə
nədənsə bir daha bir neçə il sonra təsadüfən
görüşə bilirdim. Amma bu “rəsmi” geyimli adam
gerçəkdən çox keçmədən məni
axtarıb tapdı və yenidən görüşdük.
Görüşdük, amma çox danışmadıq.
Bakının məşhur tıxacında qalmış və
görüş yerinə 2 saat
gec, yorğun-arğın gəlib
çıxmışdı.Yarım saata qədər oturduq,
iki kitabını verdi və ayrıldıq. Evə gəldim.
Onun yorğunluğu sanki mənə siraət etmişdi.
Televizorun qarşısına uzandım. Anlamsız bir televiziya
serialındakı süni dialoqlar məni özümdən
çıxardı. Əlimi masanın üzərinə
atdım. Kitablardan birini alıb qarışdırdım. Mənə
verilən kitabları oxumasam, yazarına, yazarın əməyinə,
ədəbiyyata, sənətə xəyanət etmiş
sayıram özümü.Bu səbəblə verilən
kitablar məni sarmasa belə yazarına olan sayğımdan
dolayı mütləq başına, ortasına, sonuna baxaram. Əlimə
keçən ilk kitab şeir kitabıydı! Azərbaycan
maşallah başdan-başa şairlə doluydu. Bu ölkədə
şeir yazmayan bir insan varmı görəsən? Suyundan,
çörəyindənmi, yoxsa dərdindən, kədərindənmi
nədir, hər kəs şeir yazır? Doğrusu kitaba bir az
da o duyğularla baxdım. İlk şeirin bir bəndini oxudum.
Sonra kitabın səhifələrini çevirdim. Ortadan bir bənd
daha...
Ovulub tökülür qala divarı
Deyəsən, onunla heç kim
danışmır.
Yanında bir ağac- yarpağı
sarı
Deyəsən onunla heç kim
danışmır
Ağacın altında düşgün
bir qarı
Deyəsən onunla heç kim
danışmır...
Hmmm...Bu şair rəssammı əcəba?
Bu nə gözəl təsvir! Altı misrada bu qədər rəng,
bu qədər yalnızlıq, bu qədər tərkedilmişlik,
bu mövsüm və bu qədər keçmiş illər
necə bu qədər yan – yana gələ bilmiş?
Kitabın üz qabığının
içinə baxıram...30 kitabın müəllifi...Amma rəssam
deyil. Kəlmələri fırça kimi gəzdirmiş rəsmin
üzərinə... Necə demiş millətimizin düşməni
qoca Firdovsi?
“Fələk ehsan dedi, mələk afərin!”
Ö biri şeirlərə baxıram. Olar
də, ilham pərisini bir dəfə öpən o qədər
şair var ki!
Qoxusu birdir gülünün
At ilinin, it ilinin
Qoy qəmimiz Füzulinin
İncə qəzəlindən gəlsin!
Gəlsin, baxaq! Eşq yolunda
qəmlər necə də xoşdur!
Ey Füzuli, qam-ı hicr ilə
pərişandır hal
Kimsə agah deyil, hal-i pərişanımdan!
Ustad, tapdıq agah olanı...Rahat yat!
Şeirlər axıb gedir dilimdən...”Yaşa”
kitabını bir sağa çevirirəm, bir sola...Eynən
yuxusuz gecələrimdə başımı yastıqda
döndərdiyim kimi... Bir “agah” tapmışam, buraxarammı?
Amma bu qədər şeir yenə yuxusuz qoyacaq məni...Həyat
yoldaşım pərişan könlümdən xəbərdar
və qarşıma keçib başını sallayır:
“Yenə yuxusuz qalacaqsan”- deyir.
Nə etməli? Şeirmi, yuxusuzluqmu?
Arada bir qadın sözü dinləməli,
deyilmi?
–Oldu, oxumayacağam, deyirəm.
Televiziya kanallarını yuxarıdan
aşağıya, aşağıdan yuxarıya bir – bir
qarışdırıram. O biri kitab
masanın üzərində durur. Bir gözüm kitabda.
Şeiri gözəl, nəsri
necədir görəsən? Bu maraq duyğusu ki var, adamı
öldürər! Pultu kreslonun üzərinə atıb
kitabı açıram.Təsəllim də bu olur: “Bir
bölüm oxuyar, sonra yatağa gedərəm”. Öncə
“Komandirin meymunu”nu oxuyuram, sonra “Ölümlə
zarafat”ı...”Namiq Abdullayev”ə gəlincə durub bir az nəfəs
alıram. Saat gecənin yarısı... Otaqda “Namiq Abdullayev”in
ruhu dolaşır sanki...Aman Allahım! Bir insan bu qədərmi
içdən və canlı təsvir olunar? Bu nə bəla
şair böylə! Hələ “Usta Yusifin
kamançası”.... Komediyamı, drammı? İkisi də...
Bu xalqın zəifliyi, yoxsulluğu, sarkazmı, ölümə
meydan oxuması, cəsarəti və bütün sevimliliyi bu
kiçik hekayəyə sığmış. Var ol, şair!
Yol uzandıqca və gözlərim
dağların ətəklərinə qədər uzanıb
gedən çöllərə daldıqca hekayələri
yenidən oxumuş kimi oluram. Bu torpaqların tozu və duzu bu
hekayələri yazdırmış.
Dalğınlığımı Rəşad bəyin səsi
dağıdır.
–Şəhərə varmadan bir çay
içsək!
Şair sükanı ən yaxın istirahət
yerinə doğru döndərir. Maşın durunca təmiz
hava almaq üçün tələsirəm. Sanki ətrafı
sarmış qamışlardan qopub gələn təmizlik və
tazəlik ruhumu yenidən ayağa qaldıracaq. Ətrafa
baxıb dərin – dərin nəfəs alıram. Bizim
arxamızdan gələn o biri maşınlar da dayanır. Gənc
hekayəçi Pərvin, şair Rasim Qaraca və Səlim
Babullaoğlu da maşınlardan enirlər. Pərvinlə bu
ikinci görüşüm. Rəşad Məcid onun
üçün “gənclərin içində ən
istedadlılardan biridir” deyir. Qalın qara çərçivəli
eynəyi ilə yetkinliklə gənclik
arasında bir görüntü verən Pərvin kiçik
hekayə kitabı “Qar yağacağ”ı imzalayıb mənə
verir. Rasim Qaraca ilə də bu ikinci
görüşümüz. Çənəsindəki
saqqalı və çoxalan bəyaz saçlarıyla insana
daha çox güvən verir. “Alatoran”ın yeni sayını
uzadır. Bu sayı sadəcə müasir alman ədəbiyyatına
ayrılmış. Tərcümələrdən başqa
orijinal mətnlər də verilmiş. Qısaca bir göz gəzdirirəm,
tərcümələr mükəmməl! Və onun bir
neçə misrası dilimə gəlir, amma o, duymur.
Sevgi dolu bu ürəyə
Yerin altı dar olacaq !
Mərmər üstə qara şeir
Buz tutacaq, qar olacaq!
Səlimi uzun zamandır
tanıyıram.Türkiyədə də sənətçi
çevrələrində tanınır. Çalışqan
və əzimli. Amma nədənsə onun son dönəm
çalışmalarından elə də xəbərim
yoxdur.Yanında kitab da gətirməyib.
Çay içmək üçün
içəri girincə iki nəfərlə daha tanış
oluram. Biri Varis adında gənc bir yazar. Bir neçə roman
yazmış. Son romanı “77- ci gün”. İkinci şəxs isə simadan hər
kəsin o andaca “tanıyıram” deyə biləcəyi biri.
Simpatik, gülümsər üzlü, zarafatcıl və
olduqca söhbətcil... Masamızda mikrafon yox, amma sanki əlində
mikrafon varmış kimi məclisin liderliyini ələ
alır. İlk kəs tanıdığı mənim kimi
birinin belə qanına girib güldürə bilir.
Rəşad bəy: “Onu
tanıyırsanmı?” – deyə soruşur.Tanımıram,
amma sanki minillik tanış birisi kimi. Sanki insanlarla dost olmaq
üçün yaradılmış. Anadangəlmə istedad
beləsinə deyərlər.
“O, əməkdar artist, bədii qiraət
ustası Ağalar Bayramovdur,” deyir Rəşad bəy.
Çaylarımızı içib yola
çıxırıq. Çox keçmədən ana yoldan
ayrılıb Hacıqabula giririk. İlk kəs gəldiyim bir
yer. Hər yerə diqqətlə baxıram. Küçələrdəki
insanlar sanki bizim kənddə yaşayanların əkiz
qardaşları kimidirlər. İcra Hakimiyyəti
binasının önündə icra başçısı Əhməd
Muxtarov bizləri qarşılayır. Bütün gözlər
şairdə... Bizlər dodaqlarımızdakı təbəssümlə
olub bitənləri izləyirik. Şair bu torpaqların
övladı. Buraya toplanan insanların qanından, canından
biri.. Haqlı bir qürur var üzlərində...Mədəniyyət
Sarayını ağzına qədər dolduran Şairin yerliləri
bizləri sanki qucaqlayırlar. Gülüşləri və əl
sıxmalarıyla bütün səmimiyyətlərini ürəyimizə
doldururlar. Çox keçmədən
Şairin təqdimi başlayır. Rəşad bəy mərasimə
qısa bir girişlə başlayıb, sözü Ağalar
Bayramova verir. İnsan şeiri necə bu qədər içdən
oxuya bilər, Allahım? Əlləri,
ayaqları, başı, dili, dodaqları şeirlə
bütünləşib sanki şeirin ritmiylə hərəkət
edirlər. Arada əhvalatlar söyləyərək izləyiciləri
qəhqəhələrə boğarkən: “Aranına,
dağına, gözəl Qarabağına, ad qoyub can deyiblər,
Azərbaycan deyiblər,” dediyində də gözlərimizi
yaşardır.
Ardından şair çıxır səhnəyə...Kəlmələri
eynən içindən çıxdığı
insanların ürəkləri kimi sımsıcaq və məna
dolu. Təmkinli duruşu və sakit halı insana cəsarət
aşılayır. Kimsəni göylərə qaldırmadan
mütəvazi sözləriylə əməyi keçən
hər kəsi salamlayır və bir az utancaq, bir az da
duyğulu rəftarıyla şeirlərindən parçalar
oxuyur:
Söyləyim mənmi daha neyləyəcək
istiqlal
Əjdər Oldum, bizi biz eyləyəcək
istiqlal !
Əjdər Ol olan şairə və Pərvinə
Rəşad bəy Avrasiya Yazarlar Birliyi tərəfindən
verilən mükafatları təqdim edir. Sonra Şairin əsərindən
hazırlanmış ssenari əsasında rejissor Bəhram
Osmanlının çəkdiyi, bizləri həm qəhqəhəyə
boğan, həm də ürəyimizdə
bir sızıltı buraxan “Usta Yusifin kamançası“ filmini
izləyirik.
Rasim Qaraca, Səlim Babullaoğlu və
Ağalar bəy bizlərdən ayrılırlar.
Yenidən yol və yenidən mənim bitməz
– tükənməz xəyallarım... Ürəyimi
işğal etmiş tozlu və uzun, bəyaz qovaqlarla dolu kəndim...
Amma artıq boş və yalnız deyiləm o xəyal dolu
yollarda. Hacıqabulun doğub böyütdüyü bir
şair var yanımda və o şair kəndimizlə dolu
duyğularımı bölüşür.
Qobustana varırıq. Qoca dağlar, dilə
gəlmiş qayalar, minlərcə il öncəsini gözlərimizin
önünə gətirən cizgilər... Hey mənim tarix
fışqıran, insan qoxan məmləkətim, Azərbaycanım,
hey!
Şair mənə
hədiyyə olaraq muzeydən bir daş alıb verir.
Daşın üzərində əl – ələ tutmuş
atalarımızın rəsmi var. Bəlkə mənim dinlədiyim
sazı onlar da dinləyib “hey hey“ deyə hayqıraraq
oynayırlar. Ustad Veysəl gəlib qayalardan birinin
başında oturur. Əlində minillik sazı...Melodiya
hamımızın ürəyini bir dağa çevirmiş.
“Sən bir çiçək olsan, mən
bir yaz olsam!”
Rəşad
bəyin, Pərvinin, Bəhram Osmanlının üzlərinə
baxıram... Həyat nə qəribə,
həyat nə sirli , həyat nə gözəl və
şirin!.. Hər birimiz bir yerdən qopub gəlmişik və
duyğularımızla bir dağ başında eyni
türkünü oxuyuruq. Şair uzaqda dayanıb gülümsəyir. Hansı
duyğunu, hansı fikri, hansı melodiyanı görəsən
bişirib şeirə çevirir? Yunus boş yerə “Yunus
miskin çiy idik, bişdik əlhəmdulillah,“ deməmiş.
Şair Əjdər olmuş,
“Ol“ olmuş, bişmiş, Yunusun yolunun yolçusu olmuş.
Yaxşı ki belə olmuş.
Yolçu yolunda gərək!
Sabah gəlim?
–Yox! Hələ bu gündü.
–Bu gün gəlim?
–Yox!
–Bəs nə vaxt?
–İndi !
Gəlirik, Əjdər Ol, gəlirik! Şeirlə, sazla,
sözlə, günəşlə, dağla, düzlə...Gəlirik
sənlə, insanla və Azərbaycanla... Bu təmiz və
bişmiş duyğuların heç dəyişməsin,
şairim!
Orxan ARAS
525-ci qəzet.-
2012.- 17 noyabr.- S.29.