Leyla 

 

Romandan parça  

 

Özümə kişiyana söz vermişdim: nə Əsməri, nə də Leylanı itirib-axtardı yoxdur. Miskin, kədərli yataqxana otağına çəkilib dəlicəsinə yazmaq ən gözəlidir. Bir həftə dayanmadan kompüterin klaviaturalarını döyəcləməkdən yorulmadım, uşaqlar evə gəlib gözlərimdə qızartı görəndə əvvəlcə başıma ağıl qoymağa çalışır, sonra bir-birinə göz basıb “şair, mirzə” deyə, bu boyda dahi yazıçı ilə məzələnirdilər. (İlahi, dahinə şükür!) Belə ələsalmalardan, bambılı yerinə qoyulmaqdan inciməzdimmi, inciyərdim! Əlimə keçəni qapıb üstlərinə vızıldatmaq bir yana, üstəlik gecə yarıyacan donquldanırdım.  

Bir də gördün, yazmaqdan çimçəşirdim, kompüterə baxanda ürəyim qalxırdı. Ya kitab oxumaq, ya da köhnə iş yoldaşlarımdan simsarına zəng vurmaq eynimi açırdı. Tutalım, Narınla danışmaq adamın min illik yorğunluğunu canından çıxarır, adamın həyat eşqini körükləyir. Roman yazdığımı eşidəndə qız əməllicə çaş-baş qaldı. Yox, əvvəl şaqqanaq çəkib güldü, elə bildi, yenə yazıçılarla məzələnirəm, bayağı əhvalatlar uydurmağın mənasızlığını qanmadıqlarına görə bu boşboğaz sürüsünə acı-acı gülürəm.  Sonra ciddiliyimi başa düşəndə, səsindən hiss elədim: belə ağır işin öhdəsindən gələcəyimə şübhəsi var. Nədən, kimdən yazdığımı xəbər alanda səsimə cod ton verib təntənəli surətdə bəyan etdim ki, yazı haqqında danışmazlar, bəkarətini itirir. Sadəlövh Narın, uşaq saflığıyla inandı, şipşirin səslə “namuslu və bakirə” kitabımı oxumağı səbirsizliklə gözlədiyini dedi. 

Leyladan, Əsmərdən yana qəzəbimi ürəyimin dərinliyində saxlamağıma bənd olmayın, hərdən zəng etmək, yollarına çıxmaqdan yana sinov gedirdim. İllah da Əsmər... Unutmaq olmur, olmur! Gecələr yuxularıma gəlib ürəyimi məşum kədərə çulğayırdı.  Otaqdan çıxıb siqaret yandıranda dekabr soyuğu bir yana, Əsmərin yoxluğunun  sazağı içimi, qəlbimi üşüdürdü; qəhər boğanda üzü küləyə dayanıb yanağımın nəmini yellərə hopdururdum. 

O kədər gətirən axşamların birində foyenin başında qaraltı göründü. Qorxdum, dinşədim.  İstədim özümü tələsik otağa salıb, qapını arxamca bağlayam. Elə bil, əlim-ayağım qurudu, yerimdən tərpənə bilmirdim. Yarıqaranlıq foyenin o başından  bir kişi ağır-ağır üstümə gəlirdi. Bu gəlişin özündə vahimə, hürkü gizlənmişdi. Aramızda üç-dörd addım qalmış narahat-narahat qurcalandım, boğazımı arıtladım ki, sükutdan havalanmayım. Adam saqqallı, yekəpər birisiydi, qalın qaşlarının altındakı zəhmli baxışları canımı üşütdü. Yanımda lal-dinməz  dayanıb pəncərədən bayıra boylandı. 

– Soyuqdu, hə? – Xırıltılı səslə soruşdu. 

– Soyuqdu... 

– Axşamın xeyir.

– Hər vaxtın...  xeyir.

– Tələsmirsən?  – ...  

  Dinməzcə üzünə baxdım. 

– Dedim bir siqaret çəkib söhbət edərdik.

– Zəndlə gözümün içinə baxdı. Sonra cibindən siqaret qutusunu çıxarıb mənə sarı uzatdı. – Götür, götür... 

– Sağ olun... 

– Bu yataqxanada çoxdan qalırsan?  – Bir az olar... 

– Hmm...   

Yekəpər pəncərədən aşağı boylandı. 

– Adamı burdan yerə atsalar nə olar?       – ...  

– Doğrudan, nə olar görəsən? 

– İstəyirsən, yoxlayaq. –  Mən dedim. 

– Kimi?  – Əlbəttə, səni...  Vay-vay, qatıqladım, it peşmanlığının ardınca, qorxudan dizlərim  əsməyə başladı. 

Qaranlıqda yekəpərin sifətini güclə seçirdim. Hiss elədim, qaşları düyünləndi, di gəl, özünü o yerə qoymayıb istehza ilə gülümsədi. 

– Noldu sənə? 

– Nə?! 

– Niyə titrəyirsən? 

Ay əclaf, qorxduğum gözündən qaçmamışdı. 

– Soyuqdandı. 

– Pis oğlana oxşamırsan... 

– Hm... Yaxşı, sağollaşaq, gecdi. 

– Hara? İstəyirsən, düşək bir araq içək.  Hava soyuq, gecə uzun, yuxu da ki, ... belə...

– Yox, qalsın başqa vaxta. 

– Aha, başqa vaxta... qalsın başqa vaxta. – O, dodağının altında mızıldandı. Siqaretin ikincisini yandırdı.

– Heç soruşmursan, kiməm, nəçiyəm. 

– Lazım deyil, əsas odur ki, tanış olduq.

– Həmin gün ötkəm-ötkəm danışığımı sonralar xatırlayanda üşənirdim. 

– Hərdən yolum bu yataqxanaya düşür. Elə-belə, gəzirəm özüm üçün.  – ... 

– Di yaxşı, görürəm, tələsirsən. Get! Hə-hə, bir çətinliyin varsa de! Puldan-paradan... 

– Yoo-ox, yox... – Kəkələdim. 

Ondan yaxa qurtardığıma sevinirdim. Özümü bu dəqiqə içəri atıb, yorğanın altında küçük kimi büzüşmək istəyirdim. Onsuz da gözümə yuxu getməyəcəkdi, bu heyvərənin kabus kimi qorxunc siması məni Allah bilir, neçə-neçə gecələr üşəndirəcəkdi. Qapını açhaaçda koridorun o başından qart səsi eşidildi. 

– Rəcəb...  İlahi! Aa-a-adımı har-da-dan bilir, görəsən?   

Bayaqdan özümü təsəlliyə tuturam: yox, ola bilməz məni addım-addım izləsinlər, rəddimi güdsünlər. Heykəl kimi yerimdə quruyub qalmışdı. Ehmal addım səsləri eşidildi, mənə sarı yaxınlaşdı. 

– Binanın zirzəmisindəki daşların altına baxarsan, bəri başa... Bir torba var, götürərsən. Yaxşı?  Tapança!!! Tfu! Hər şey bitdi, vəssalam! Bitdi, bitdi! Elə bil, ürəyimi dartıb boğazımdan çıxardılar. Dizlərim əsim-əsim əsirdi.     Başımı birtəhər çevirib, yekəpərə sarı dəhşətlə baxdım.  – Amma indi götürmə, sabah tezdən düşərsən, gözdən uzaq olsun. 

O, yüngülcə gülümsədi, mənə göz vurdu və yarıqaranlıq foyedə itəndə pilləkənlərdən eşidilən addım səslərinin hər biri başıma endirilən daş baltasının zərbəsindən betəriydi. Gərəsən, tapançanın yerini hardan bilirdi? Bəlkə, bəlkə heç bu məsələ deyildi? Nə qədər uzaqlaşmamışdı, gedib yolundan saxlayım ki, onsuz da kim olduğunu bilirəm; məni nigaran qoyma, hər şeyi aç danış: niyə gəlibsən, istədiyin nədir, tapançanı harda gizlətmisən? Danış, danış ki, içimi alan dəhşət xofundan yaxamı qurtarım. 

Bu dəqiqə pilləkənlərə cumub aşağı şığımağa hazır idim. Bircə addım atmağa özümdə cəsarət tapa bilsəydim. Otağa keçib qapının ağzında çökdüm, yumaq kimi büzüşmüşdüm. Aradan nə qədər keçdi bilmədim, qapını açıb özümü pilləkənlərə vurdum. Yataqxananın kəsif yemək, yuxu qoxusundan mədəm bulandı, az qaldı öyüyəm. İki mərtəbə düşüb ayaq saxladım. Bəlkə lazım deyil, getməyim?! Bir də ayıldım, birinci mərtəbədəyəm, komendant şirin-şirin yatırdı. Qapını ehmalca açıb bayıra çıxdım. Külək yeri-göyü dağıdırdı. Ətrafı dinşədim, sakitlikdi. Demək, gedib. Əvvəl istədim, özümü zirzəmiyə vurub, tapançanı yoxlayam. Ağlıma gəldi ki, birdən o əclaf getməz, zirzəmidə oturub yolumu gözləyər. Yuxarı qalxıb pallı-paltarlı yorğanın altında büzüşdüm. İlan vuran yatdı, mənim gözümü çimir almadı. Fikrimi min yerə azdırdım: uşaq vaxtı qonşunun toyuğunu öldürmüşdüm. Anamın qapazları, üz-gözümü şapartlaması gözümün qabağına gəldi. Sonra Ümidlə Aynişanın əhvalatını xatırladım, Humayı xəyalımda öpüb-oxşadım, yüzəcən saydım, dodağımın altında mızıldandım, yo-ox ey qardaş, alınmır, bu qorxu içimi oyum-oyum oyur. Təpəm tüstülənir bu saat, yorğanı üstümdən atıb şəstlə, kişiyana ayağa qalxdım. Döşəmə cırıldadı, siçanlar civildəşdi, Ənvər yuxulu-yuxulu, şərəfsizcəsinə donquldandı: 

– Ə,  oğraş, yat də! İt kimi nə sülənirsən, öl də!     

Kirimişcə dayandım. Bu saat vəziyyətdən çıxmağın ən yaxşı yolu peysərə atıb mumlamaqdır. Ənvərin xorultusu eşidiləndə ehmalca qapıdan çıxıb özümü tualetə verdim.  Guya bu murdarxanaya təpilməklə qırıq unitazlar, lüləyi ərimiş yesir aftafalar başıma ağıl qoyacaqdılar? Elə tualetdəcə əl-üzümə su vurdum, özümü toparlayıb zirzəmiyə – tapançadan ötrü düşməyi qətiləşdirdim. 

Çöl-bayırda ins-cins gözə dəymirdi. Gödəkçəmə bürünüb qıvraq addımlarla zirzəmiyə səmt aldım. Bu xaraba zirzəmi nağıllarda əjdahaların məskən saldığı qorxulu mağaraları xatırladırdı. Ətrafı bir də gözdən keçirdim, dekabrın bu qurd ulayan çağında kimin nə iti azmışdı bayırda? İşığı yandırıb hürkə-hürkə içəri girdim. Ürəyimdə min yol, milyon kərə Allaha yalvarmışdım ki, bircə məni  tapança ilə sınağa çəkməsin. Qırın-qırtı daşların altında gizlətdiyim torbanı yerində görsəm, elə bil, on il qabağa düşərəm. Tezcənə işığı söndürdüm, çox da çöl-bayırdan əl-ayaq kəsilmişdi, şəhərin döyənək küçələrinə etibar etmək olmaz, bir də gördün, küçədə qalmış idbar fahişə, ucuzxanalarda gödənini doldurmuş kefli şair hardansa peyda olub burnunun altında bitdi; indi gəl, bir-birinə tən gələn bu süləngəc məxluqlardan yaxa qurtar. Zirzəminin dərinliyinə doğru bir-iki addım atmışdım ki, elə bil kürəyimdə kiminsə hənirini duydum. Bədənimdən gizilti keçdi, tüklərim biz-biz oldu. İşığı yandırıb içərini bir də yaxşı-yaxşı gözdən keçirmək, arxayın düşmək üçün özümdə cəsarət tapa bilmirdim. Bircə ağlıma o gəldi ki, bu dəqiqə başıma nəsə dəyəcək, səntirləyib huşdan gedəcəm. Udqunub kirimişcə dayandım. Yox, deyəsən sakitlikdir, xoflanmağa dəyməz. Özümü toxtaq tutub, iki addım da irəlilədim. Yekəpərin ayrılanda dediyi sözləri xatırladım: “Binanın zirzəmisindəki daşların altına baxarsan, bəri başa... Bir torba var, götürərsən. Yaxşı?” Bəlkə, o əclafın tapançadan-filandan xəbəri yoxdur, öz-özümdən üşənib, ağlıma min cür şey gətirirəm? Yox,  bu... bu dəfə xışıltı, dalınca yenə hənirti-hərəkət səsi aldı qulağım. Qəfildən dəli kimi geri çevrildim, “kimsən, kim...sən səsini çıxa-rr!” demək istəyirdim ki, yerə tökülən su şırıltısının səsini eşitdim. Ardınca üz-gözümə su çiləndi, özümdən ixtiyarsız bağırdım: 

– Kimsəəə-nnn – Qorxudan ağlımı itirmişdim.  – Bilirdim, gələcəksən...  Nə yaxşı həmin vaxt bağrımın başı yarılmamışdı. Ölüb eləcə zirzəmidə qalacaqdım. İşığı yekəpərin qart səsi eşidilən səmtə tutdum: küncdə arxayınca oturub yarım litrlik butulkanı ovucları arasında oynadırdı. 

– Qorxdun?  – ... – Yaxşı-yaxşı, özünə gəl! Səninlə yüngülvarı zarafat eləmək istədim, deyəsən, yaxşı düşmədi. Nə yaxşı belə tez gəldin?  – ... 

– Noldu, dilin tutuldu? – Bir az hikkəli xəbər aldı. 

Sonralar onun yaxasından yapışıb onu vurmaq istədiyimi xatırlayanda, öz-özümə gülməyim tuturdu. Tez-tez “alçaq, alçaq, öldürərəm səni” deməyim uşaq sadəlövhlüyündən başqa bir şey deyildi. Yalandan goplamaq nəyə lazımdır, bu heyvərə istəsəydi məni ayağının altında salıb qabırğalarımı sındırar, şalvarımın balağından yapışıb nahamar zirzəmidə ora-bura sürüyərdi. Ancaq aram-aram, sakit səslə məni başa saldı ki, bəlkə zarafatım yerinə düşməyib, əgər belədirsə, üzr istəyir. Qollarım boşaldı, bir-birinə sıxılan dişlərimin kilidi açıldı. 

– Vaxtım azdır, söhbət etməliyik, – dilinə şirinlik qatdı – Çox vacibdir! 

Hərəmiz kələ-kötür daşlardan birini altımıza çəkib oturduq. O, siqaret çıxarıb yandırdı. 

– Nə vaxta qədər Leylanın yanına olacaqsan? Söhbətə girişsiz-filansız, birbaşa başladı. Onsuz buna ehtiyac da yoxuydu. 

– Bundan niyə narahatsan? 

– Rəcəb, qulaq as, bilirsən ki, mən bura özbaşına gəlməmişəm. Demək istəyirəm, hər şeydən xəbərin var. 

– Var! 

– Düzünü bilmək istəyirsənsə, mən Klaranın bu hikkəsini başa düşmürəm, daha doğrusu..., – Siqaretdən dərin bir qullab alıb nəsə fikirləşdi – Bilirsən, Onun Leylaya olan bu intiqam hissinin mənasızlığı məni heyrətə gətirib. Axı bu həngamə, səs-küy nəyə lazımdır. 

– Konsert... 

– Yox-yox, nə bilim, məncə, konsert-filan boş şeydir. 

  Leylanın anasını Klara yandırtdırıb?  – Hə, onu demək istəyirdim axı... 

– Leylanın anasını o öldürtdürüb? 

– Səncə, bunu məndən soruşmağa ehtiyac var?  – Sən qorxmursan ki, mən elə günü sabah bu görüşümüzü olduğu kimi yazaram?  – Əlindən heç nə gəlməyəcək, sənə dəli kimi baxacaqlar. 

– Amma... 

– Rəcəb, sənə dost kimi deyə bilərəm: onun yanından uzaqlaşmasan, sənə çətin olacaq. O qəhbənin başını burax, qoy rədd olsun! Səni də başa düşmürəm, nəyinə lazımdır axı onu müdafiə etmək, bundan nə qazanacaqsan? Onun indiyə qədər nə əməllərdən çıxdığını bilsən, tüpürərsən üzünə.  Başa düş, bu inadkarlıq  sənə heç nə verməyəcək. Yalançı qəhrəmanlıq sənə çox baha başa gələ bilər. Bu xəbərdarlığı etmək mənim işimdir. Dediklərimi eşitsən, kənarda dayansan, bütün işlərin yağ kimi gedəcək, bil! Bircə xahişimiz olacaq, əvvəlki  yazını təkzib etmək, vəssalam! Hə, bir də ssenari hazırlayarıq ki, Leyla uşaq evlərindən qız satmağı haqqında hər şeyi guya sənə etiraf edib...

 

 

Cavid ZEYNALLI 

 

525-ci qəzet.- 2012.- 17 noyabr.- S.28.