Payız gülləri,
yaxud bütün
sevgilərin bitdiyi yerdə
Sabah tezdən sənin
uyuduğun o qəbristanlığa
gedəcəm. Bir az doğma,
bir az ögey
o kəndə. Bizim doğma
kəndimizdən cəmi
altı kilometr aralı düşmüş
o kəndə. Səni
biraz doğma, bir az ögey, bizim kəndimizdən cəmi altı kilometr aralı o kənddə dəfn edəndə içimdəki sənsizlik
ağrısı o kəndin
ağrısına qarışdı.
Torpağını isti avqust günəşinin də hələ quruda bilmədiyi qəbrinə baxdım, cəmi altı kilometr aralıda olan kəndimizin ağaclarının
yaşıllığına baxdım və içimdəki ağrının
haçan kəsəcəyini
gözlədim. Əlimi Allahın
dərgahına açdım
və sənin torpağı hələ soyumamış o qərib qəbrinin ətrafındakı
adamlara bir söz deməyə güc verməsini dilədim. Beynimdə “kişi ağlamaz”
kəlməsi fırlanırdı
və mən doğrudan da ağlamaq istəmirdim.
Ancaq iki dərdin acısı qəlbimi göynətdi və mən bu dünyada
heç nədən,
heç kəsdən
çəkinmədən hönkür-hönkür
ağladım. Belə anlarda
məni sən ovudardın. Amma indi
son ümid işığım
da sönmüşdü
və mən bu hönkürtü içində yenə də əlimi Allahın dərgahına qaldırdım. Səni
o böyük şəhərin
qəbristanlıqlarında deyil, bir az
doğma, bir az ögey o kənddə niyə dəfn etdirdiyimi yaxınlarıma, qohum-əqrabaya
bildirməliydim. Sənin
əbədi uyuyacağın
o kənd övladlarının
yaşadığı o böyük
şəhərdən çox
uzaqdadı və bu uzaqlığa görə məni qınayanlar da tapıla
bilərdi.
Əlini
dərgahına qaldırıb
güc istədiyim
Allah mənə qüvvət
verdi və
mən o gün hələ torpağı qurumamış o qəbrin
üstündə səni
balalarından, nəvələrindən
uzaq o kənddə niyə dəfn etdiyimi aydınlaşdırdım:
Bu kəndin mənim əsarətdə olan doğma kəndimə yaxın olduğuna, sənin Qarabağ sevginə, kənd torpağının, kənd
adamlarının təmizliyinə
üz tutduğumu dilə gətirdim...
Sonra biz sənin
üç, yeddi, qırx günlərini o qərib qəbrin üstündə keçirtdik. Qızlarının, nəvələrinin, kürəkənlərinin,
qohum-əqrəbanın göz
yaşları isti avqust-sentyabr günlərində
o qərib qəbrin torpağını yenə
isladırdı və
elə bil o torpaq heç vaxt qurumayacaqdı.
Oktyabr ayının
iyirmi ikisi sənin ad günün idi və mən
heç kimə demədən gizlicə o qəbrin yanına getmək istədim. Amma yerin
də qulağı varmış və səni sevən hər kəs o gün mənə qoşulub o qəbrin üstünə gəldi.
Sənin
doğma Məhərrəmin
qəbristanlığa hamıdan
tez gəlmişdi və Bərdədən dostlarının yığdığı
altmış üç
qızıl gülü
sənin qəbrinin üstünə düzmüşdü.
Hər dəfə gələndə
sənin qəbrinin üstünə çoxlu
gül qoymuşuq.
Amma Məhərrəmin altmış
üç qızıl
gülü qədər
məni bu dünyada kövrəldən
heç nə olmamışdı. Səni tanıyanlar
gülləri, çiçəkləri
necə sevdiyini yaxşı bilirlər.
Amma bunu mənim qədər bilən varmı? Ağdamın işğaldan sonra
əsarətdə qalan
o doğma kəndimizdə,
təzəcə tikdirdiyimiz
o balaca evin şirin torpaqlı həyətində əkdiyin
güllər üçün
o böyük şəhərdən
o yerlərə necə
tələsdiyini təkcə
mən görürdüm.
Bəlkə sənin
o qızıl gül dərdinə görəydi
ki,
kəndimizin işğalından
sonra Qubada bir balaca yurd
yeri saldıq. O balaca həyətin hasarı boyu əkdiyin o qızıl güllər sənə Ağdamın təsəllisini
verirdi. O gülləri
qızmar günəş
altında necə bəslədiyini də daha çox mən görürdüm.
Sənin ad günündə
Məhərrəmin altmış
üç qızıl
gülünün yanında,
qəbrinin baş daşının qabağına
Mehmanın Qubadakı
həyətdən o isti
sentyabr günündə
hansı möcüzəyləsə
təzə-tər gətirib
yetirdiyi iki vedrə (!) gül qoyulmuşdu...
Sabah ayın onudur. Sən öz
dünyanı avqustun onunda dəyişmisən və biz hər ayın onunda sənin məzarının
başına yığışırıq.
Sabah ayın onudur.
Mən bu gün Qubaya
gedirəm. Sənin
güllərindən yığıb
Ağdama, bir az doğma, bir az ögey
o kəndin qəbristanlığına
aparmaq üçün.
Hərçənd, sənin
uyuduğun o kəndin
hər addımı gül-çiçəkdir, amma
mən sənin, yalnız sənin bəslədiyin öz güllərindən dəstə
bağlamağa gedirəm...
Yol gedirəm
tək-tənha. Böyük şəhərdəki evimizdən çıxanda
hara gedəcəyimi heç kimə demədim. Yadındamı, biz o yolu həmişə
ikimiz getmişik.
İşi-gücü başlarından aşan balaların Qubadakı yay evimizə ancaq isti iyul-avqust günlərində istirahətə
gələrdilər. Amma sən
torpağı, yaşıllığı,
gül-çiçəyi o qədər sevirdin ki, məni də
tez-tez o güllü-çiçəkli
həyətə can atmağa
məcbur edirdin.
Yol gedirəm... Tək-tənha. Ara-sıra avtomobilin qərib
və yazıq görkəmlə ürəyimi
dağlayan qabaq oturacağına baxıram.
Boş qalmış qabaq oturacağına. İkimiz olanda,
yalnız ikimiz olanda əyləşdiyin qabaq oturacağa. “Dünya sənsiz boş qaldı...”. Qəbrinin üstünə yazdırdığımız bu
ağır cümlənin
ağırlığı altında
səni xatırlayıram.
“Dünya sənsiz boş qaldı...”. Bu boşluq
çox ağırdı.
Mənə təsəlli verirlər
ki, zaman hər şeyi yerbəyer edəcək.
Amma yox. Bu boşluq
necə dola bilər? Bu boşluq
mənim üçün
bütün sevgilərin
bitdiyi yerdir. Zaman hər şeyi yerinə qoya bilər. Amma bu boşluğu
heç vaxt doldura bilməz. Xatirələr boşluğu doldura
bilmir.
Bu yolların hər məqamında sənin xatirələrin var. Ağac
kölgələri, Beşbarmaqda
beş dəqiqəlik
istirahət, yol boyu qəsəbələr,
kəndlər...
Bilmirəm hardan ağlıma
gəldi. Tamam arxada,
əks istiqamətdə
qalan Ağdam yollarındakı-səfərlərimizi xatırladım. Hər dəfə
o yollardakı qəsəbələrdən
birinə yaxınlaşanda
oğrun-oğrun üzümə
baxıb rəngimin dəyişəcəyini gözləyirmiş
kimi qəribə hisslər keçirirdin.
Bilmirəm, hardan ağlına gəlmişdi
ki, bu qəsəbədə
böyümüş bir
qadına mənim “rəğbətim” var. Mən
bu “rəğbət” söhbətini dəfələrlə
açmaq, sənə
izah etmək istəmişdim. Sənə bu qədər
sünanmış sevgilərimin
qarşısında gümanlara,
nağıllara əhəmiyyət
verməyin mənə
çox təəccüblü
gəlirdi. Amma bu gün becərdiyin o güllərdən dəstə
bağlamağa getdiyim
yolda sənin gümanının nahaqdan
yarandığını haçansa
sənə anlatmamağımın
acısını çəkdim.
Elə sarsıldım ki, içimdəki bütün
sevgilər öldü.
Amma qəribə bir istək də keçdi içimdən: yenə yanımda, avtomobilin qabaq oturacağında olaydın və həmişəki ironiya ilə nəsə hiss etmək üçün üzümə baxaydın...
Bu uzun, boz yolların sonuncu kilometrlərindəki yaşıllığa
çatanadək Qarabağdan,
Şuşadan, Ağdamdakı
qərib kəndimizdən
danışardıq. Yaşıl
zolaqlara çatanda Qarabağ yollarına bənzədiyindən bir az təsəlli
tapardıq və mən o təsəllini o yaşıl yolların ağac kölgəsində
sənin üzündə
hiss edəndə özümü
çox xoşbəxt
sanırdım.
Bu gün səninlə
sənsiz keçdiyim
o yollarda heç bir təsəllim yoxdur. Ümidin həyətimizdəki
güllərin payız
düymələrində qalıb...
Payızın son ayıdır və
sənin beş
ildən bəri bəsləyib böyütdüyün
o payız güllərinin
çoxu təzəcə
düşən soyuqlara
tab gətirməyib. Amma təbiətin
mənə yazığı
da gəlib. Sənin güllərinin üstündə
təcəsə açan
qönçələr və
təzəcə pardaxlanmağa
başlayan düymələr
var. Mən heç vaxt sənsiz girmədiyim o evin qapısını açmıram.
Qonşularımız xəbər tuturlar
və həmişə
gülə-gülə gəldikləri
bu həyətə indi kədər və hüznlə ayaq basırlar. Güllərin üstündəki son qönçələri yığırıq.
Mən o
gülləri avtomobilin
qabaq oturacağına-ikimiz
olanda sənin çox sevdiyin o qabaq oturacağın üstünə qoyuram.
Qonşular kədər dolu
baxışları ilə
məni yola salırlar. Yollar, döngələr, ağaclar...
Hər şey dəyişib, dünya bomboz olub. Sağ tərəfimdə, qabaq oturacaqdakı o qızıl
güllər bir az doğma,
bir az ögey
o kənddəki qərib
qəbrin üstünə
tələsir.
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.- 2012.- 17 noyabr.- S.27.