“Tamaşa
hazırlayanda gəncləri də düşünürəm,
yaşlıları da...”
Pərvinin
həmsöhbəti teatr rejissoru, əməkdar incəsənət
xadimi, Azərbaycanın Xalq artisti Azər Paşa Nemətdir
Azər Paşa Nemət.
Musiqiçi olmalıymış. Bülbül adına orta musiqi məktəbini bitirib. Azərbaycan Dövlət Konservatoriyasında
Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik
illərində mahnılar
da bəstələyirmiş...
Amma birdən-birə nə baş veribsə, fikrini dəyişib.
Çox
güman ki, səbəbkar atası, Gənc Tamaşaçılar
Teatrında yüzdən
artıq tamaşaya quruluş vermiş rejissor Zəfər Nemətov olub. 1965-ci
ildən Teatr İnstitutunun rejissorluq fakültəsində Mehdi
Məmmədovun kursunda
təhsil alıb.
– Hələ tələbəykən
atama dedim ki, mən hamınızdan
böyük rejissor olacağam. Atam dedi – deyəsən,
bu uşağın başına hava gəlib...(gülür) Diplom işim olan “Qardaşım klarnet çalır” tamaşasına baxandan sonra isə anama söyləmişdi ki – “Sənin oğlunun dili var, amma dilçəyi
də var...”
Zaman keçdikcə
gənc rejissorla bərabər bu iddia da böyüyür. Və
o, teatr səhnəmizə “Bumbaraş”,
“Təmas”, “Mirəlinin
sağ əli”, “Fudzi dağında qonaqlıq”, “Ötən ilin son gecəsi”, “Danabaş kəndinin məktəbi”, “Hamlet”, “Afinalı
Timon”, “12-ci gecə”,
“Boy çiçəyi” kimi
əsərlər bəxş
edir.
II Bakı Beynəlxalq
Teatr Konfransında Azər Paşa Nemətin sənət barəsində çox uğurlu bir çıxışı oldu. Tədbirdən sonra fürsətdən istifadə edib diktafonu rejissorumuza tuşladım.
Pərvin:
Azər müəllim,
söhbətimizə son günlər
sənət aləminin
müzakirəsinə səbəb
olan Teatr Konfransı ilə başlamaq istəyirəm.
Sizin rejissor baxışınız
maraqlıdır mənə.
Bəzən deyirlər ki,
sənət yaratmaq üçün kiçik
bir çardaq da kifayət edər. Sizcə, bu cür təntənələrin əsas
faydası nədir?
Azər
Paşa Nemət: Bilirsiz, işləmək,
öyrənmək istəyən,
sənətini sevən
adama şübhəsiz
ki, xeyri çoxdur. Ayrı-ayrı
teatrlarla, axınlarla tanış olursan, yeni fikirlər
eşidirsən, həm
mənəvi, həm də emosional cəhətdən təsirlənirsən.
Xalqlar dilinə, dininə, adətlərinə görə
fərqləndikləri kimi,
teatr sahəsində də fərqlənirlər.
Belə tədbirlərin keçirilməsi
bütün bu fərqlərin içərisində
təmas nöqtəsini
tapmağa imkan yaradır. Bu baxımdan da çox faydalıdır.
Pərvin:
Konfranslara, festivallara xərclənən maliyyəyə
görə “narahat olan”lar da
az deyil. Məsələn, “bunu keçirməkdənsə, aktyorun
maaşını artırsınlar...”
– deyənlər...
Azər
Paşa Nemət: Doğrudur. Belə düşünənlər də var. Amma mən qətiyyətlə
deyirəm ki, mədəniyyətə, sənətə
xərclənən pul,
maddiyyat heç vaxt batmır. Bu yerdə praqmatik
olub xeyiri tezliklə götürmək
istəyiylə hərəkət
etmək düzgün
deyil. Gələcəkdə, gec-tez bunun
faydasını görəcəyik.
Əsas budur ki, teatrlarımızın
da belə görüşlərdən yararlanmaq,
necə deyərlər,
ilhamlanmaq təcrübəsi
var. Şübhəsiz, Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı,
bu işi yüksək səviyyədə
qurması az
rol oynamır.
Pərvin:
Sənətə mühafizəkar
yanaşmanı necə
qəbul edirsiniz? Yeni qaydaları, Avropa təcrübəsini
səhnəyə çox
çətinliklə buraxan
sənətkarlar da az deyil...
Azər
Paşa Nemət: Mənə belə gəlir ki, bu cür mövqedə
olan adamlar ümumiyyətlə sənətdən,
onun tarixindən xəbərsizdilər. Bizim
peşəkar teatrımızın
140 yaşı var. 140 il öncə başlanğıc Avropa teatrından götürülüb.
Hələ o dövrdə
“Otello”, “Hamlet” hazırlanıb.
Amma bu əsərləri təbdil ediblər, yəni özümüzə
uyğunlaşdırıb qəhrəmanlara
müsəlman adları
qoyublar. Lakin Hüseyn
Ərəblinski, Abbas
Mirzə Şərifzadə,
Ülvi Rəcəb bu obrazları o dövrün müasir Avropa teatr ənənələri
ilə yaradıblar.
Həmin
format getdikcə dəyişilib,
inkişaf edib və hal-hazırki şəklə düşüb.
Yəni kök, təməl belə qoyulubsa, indi yeni qaydaları,
poetika, yaxud dramaturgiyanı səhnəmizə
gətirməkdən niyə
çəkinməliyik ki?
Pərvin:
İlyas Əfəndiyevin
“Boy çiçəyi” pyesi
hələlik sonuncu işinizdir. Yeni quruluşda haqqında
danışdığımız yeni yanaşmalar müşahidə olunur.
Nargiləni hay-küylü
bir gəncə çevirməkdə, yaxud Həsənzadəni
yaşından çox-çox
cavan jestlərlə, sözlərlə danışdırmaqda
məqsədiniz nə
idi? Çağdaş gəncliyi teatra
cəlb etməkmi?!
Azər
Paşa Nemət: Ümumiyyətlə, mən
tamaşa hazırlayanda gəncləri
də düşünürəm,
yaşlıları da.
Yaşlı nəsil üçün
bu pyes doğmadır,
maraqlıdır. Amma
mən Həsənzadənin
müasirlikdən uzaq,
həvəssiz, başı
işə qarışmış,
boz bir adam təsiri bağışlamasını istəmədim.
Əsərdə Həsənzadənin 46 yaşı var. Biz onu bir qədər də yaşlı göstərmişik. Amma burada
əsas düşündürən
məsələ məkandır.
Məkan Bakıdır.
Burada insanlar necə görüşür, onların
həyatı bir-birindən
necə fərqlənir,
talelər harada toqquşur, nə cür ayrılır və sonda kimə
nə qalır?
Pərvin:
Heç kimə heç nə qalmır...
Azər
Paşa Nemət: Bəli. Bu çox
kədərlidir. Amma həm
də həyatın qanunudur. Və böyük dramaturqun
illər öncə yazdığı əsərin
hələ də aktual olmasına səbəb budur.
Pərvin:
Məncə, tamaşanın
“demək” istədiyi əsas fikirlərdən biri budur ki,
“sevgi insanı böyüdür”... Yəni
birinci hissədə oğlan kimi geyinən, danışan, uşaq kimi atılıb düşən
Nargilə ikinci hissədə böyüyür,
xanım-xatunlaşır... Amma doğrusu onun bundan sonra
da diskotekaya getməyə hazırlaşması
məni bir az təəccübləndirmişdi...
Azər
Paşa Nemət: (gülür) Yadınızdadırsa,
həmin məqamda Nargilə
küsmüşdü Həsənzadədən.
Və dostuyla diskotekaya getmək istəyi də nəyisə dəyişmək,
sındırmaq cəhdi
idi... Həsənzadə gəlib çıxır
və o fikrindən daşınır. Yəni
getsəydi, bəlkə
də hadisələr
başqa cür cərəyan edəcəkdi...
Bu yerdə dramaturgiya
çox güclüdür.
Pərvin:
Müasir dövrdə
belə dram əsərləri
az yazılır. Xatırlayıram, Əli Əmirli
ilə söhbət edəndə o demişdi ki, dramaturgiyanın açarı var. Sizcə,
yazar bu açarı qazanmaq, sirrləri öyrənmək
üçün nə
etməlidir?
Azər
Paşa Nemət: Yəqin ki, ilk növbədə oxumaq, öyrənmək lazımdı.
Yəni istedadlı yazarların dramaturgiyanın sirrlərinə
yiyələnməsi üçün
müəyyən kurslar
təşkil olunmalıdır.
Biz Teatr Xadimləri
İttifaqında “Axundzadə
dərsləri” keçiririk.
Buna sənət laboratoriyası da demək olar. Dramaturgiya ilə maraqlanan, bu sahədə özünü sınamaq
istəyən gənc
yazıçılar həmin
dərslərdə, seminarlarda
iştirak edirlər.
Amma belə dərslər, müasir dildə desək, treninqlər daha çox olmalıdır. Çünki dramaturgiya
çox qəliz bir sahədir, onun dəmir qanunları var. Bu qanunları
sadəcə istedadla əməl etmək mümkün deyil, onları öyrənmək
lazımdır. Belinski deyirdi
ki, “Dramaturgiya ədəbiyyatın tacıdır.”
Tacı,
yəni zirvəsi.
Bu zirvəni fəth
etmək üçün
isə çox çalışmaq lazımdır.
Pərvin:
Bildiyimizə görə
yeni tamaşa haqqında düşünürsünüz. Özü də bu tamaşa
tarixi mövzuda olmalıdır...
Azər
Paşa Nemət: (gülür) Siz bunu haradan bilirsiniz?
Dediyiniz kimi, biz hələ sadəcə düşünür
və götür-qoy
edirik. Bu tamaşanı dostum Fuad Poladov üçün
hazırlamaq istəyirəm.
Bir növ ona hədiyyə
kimi. Yeri gəlmişkən mənim “Boy çiçəyi”nə
də müraciətim
Fuad Poladova görə olmuşdu. Eyni zamanda İlsay Əfəndiyevin ruhunu şad etmək, onun yaradıcılığına
ehtiramımı bildirmək
üçün idi.
Ona görə də həmin tamaşanı teatra hədiyyə etdim. (gülür)
Bu dəfə isə hədiyyə etməyəcəyəm. Zəhmət haqqımı alacağam.
Pərvin:
Bu dəfə hansı
əsərə quruluş
verəcəksiniz?
Azər
Paşa Nemət: Ağa Məhəmməd şah Qacar haqqında pyes olacaq. Bu mövzuda
Əbdürrəhim bəy
Haqverdiyev də yazıb. Lakin biz qərara gəldik
ki, Əli Əmirli ilə işləyək. O çox
maraqlı və fərqli bir insandır, eyni zamanda olduqca istedadlı dramaturqdur. Və ondan xahiş etmişik ki, Qacar haqda yazdığı
əsərin səhnə
variantını hazırlasın.
Sadəcə “Şah Qacar”
adlanacaq tamaşa.
Yəni həmin pyes ekskluziv olaraq məhz mənim arzumla teatrımız
üçün yazılacaq. Pərvin: Təşəkkür edirəm,
Azər müəllim.
Sizə bu yeni planlarınızda
və ümumiyyətlə
yaradıcılığınızda uğurlar diləyirəm.
Azər
Paşa Nemət: Çox sağ
olun. Mən də sizə və “525-ci qəzet”ə
öz minnətdarlığımı
bildirir, gələcək
işlərinizdə müvəffəqiyyətlər diləyirəm.
525-ci qəzet.-
2012.- 17 noyabr.- S.25.