Ömrün bəyaz çalarları
Ömrünün 80-ci ilinə qədəm qoymuş Qənbər Şəmşiroğlunun
həyat yolu işıqlı salnamə və
bir müdriklik düsturudur
Hələ
qədimdən filosoflar bu fikirdə olublar ki, müdriklər təkcə
işıqlı düşüncələri gəzdirənlər
deyil, həm də öz ömürlərini bu tərzdə
yaşayanlar, gerçək həyatdakı
davranışları ilə başqalarına nümunə
olanlardır. Bugünkü qənaətə görə də
müdrik o adamdır ki, mürəkkəb dünyada necə
ömür sürməyin, hər addımda
rastlaşdığı çətinliklərdən necə
çıxmağın, taleyin zərbələrinə necə
tab gətirməyin, haqqı-ədaləti unutmamağın,
büdrəyəndən sonra hünərlə ayağa
qalxıb necə ləyaqətlə yaşamağın yolunu
sənə göstərə bilsin. Bu baxımdan indi
ömrünün 80-ci ilinə qədəm qoymuş
nüfuzlu el ağsaqqalı, tanınmış ictimai xadim,
şair və yazıçı-publisist Qənbər Şəmşiroğlunun
bütün ömür yolu bir müdriklik nümunəsidir.
Studiyadan
təzəcə çıxıb qonaqlarımı yola
salmışdım ki, cib telefonum aramsız zəng
çalmağa başladı. Neçə illərdən bəri
dostluq etdiyim Qənbər müəllim idi. Həmişə
şən, gümrah və ötkəm olan səsi bu dəfə
telefonda mənə bir az qayğılı göründü.
Salam-kəlamdan sonra:
- Xəbərin
var, bu Məmməd (ünlü şairimiz M.Aslanı nəzərdə
tuturdu) işləri yenə korlayıb ? dedi. Bir az qabaq
danışdım, halı heç xoşuma gəlmədi.
-
İstəyirsiniz bu dəqiqə Mail həkimə zəng vurum,
gedib bir baş çəksin, həm də dərman-flan nə
lazımdırsa çatdırsınlar – deyə mən
ağlıma gələn ilk fikri söylədim.
- Deyəsən,
təklifim onu çox da açmadı. Telefonun o
başında səsini ərkyana bir az qaldırdı:
- Ayə, yox ey. İynə-dərmanlıq
deyil, bu gün 2-3 dəfə həkim gəlib üstünə.
Dur gəl bura, bir gedək dəyək ona.
Yarım
saatdan sonra biz Bakının keçilməz tıxacından
birtəhər qurtularaq birlikdə Sumqayıta üz
tutmuşduq. Qənbər müəllim çox fikirli idi, yol
boyu gözləri elə hey yol çəkirdi, danışmırdı, özlüyündə
nəyi isə götür-qoy edirdi. Onu söhbətə
çəkmək üçün göstərdiyim cəhdlər
uğursuz alındıqdan sonra maşının sürətini
artırdım. Arada mənə
“bir az yavaş sür” desə də, onu məşğul edən
fikirlərdən qopa bilmirdi. Uzun yol boyu ağzından bircə
kəlmə “zalım oğluna yüz dəfə deyirsən
ki, bir yerdə otur, səhhətinə bax, adamı eşitmir”
cümləsi çıxdı. Onu da əslində mənə
demirdi, sadəcə dodaqlarının altında
pıçıldayırdı.
Həmişə zarafatcıl, üzügülər
olan, şirin-duzlu atmacalarından qalmayan Qənbər müəllim gəncliyindən
bu yana duz-çörək kəsib dostluq etdiyi Məmməd
Aslandan çox narahat idi.
Pilləkənləri
yaşına uyğun olmayan bir cəldliklə qalxdı.
Artıq onun həyəcanı mənə də sirayət
etmişdi, adamın ağlına yüz fikir gəlir belə
məqamlarda... Yaxşı ki, qapını şair özü
açdı (zatən, başqa adam da yoxdu, şair uzun illərdir
ki, bu mənzildə tək yaşayır). Halsız və
üzülmüş haldaydı, deyəsən Qənbər
müəllimin gəlişi bir az gözlənilməz
olmuşdu onunçun, üzünə xəfif bir işıq
gəldi, gözləri və bütün vücudu dirçələn
kimi oldu. Xeyli mehriban görüşdülər, yalnız
özlərinin bildikləri və Allah bilir arxasında
hansı incə mətləblərin yatdığı ifadələrlə
zarafatlaşdılar. Amma zarafata
keçməzdən əvvəl onların dialoqu heç
yadımdan çıxmır.Qən çaynikin bər müəllim
xəstələndiyinə görə şairi ərklə “danlayır”,
o da uşaq kimi özünə
bəraət qazandırmağa çalışırdı:
– Ə
nədi, yenə noolub, niyə özünə baxmırsan, sənin
50 yaşın yoxdur ey, tay havalar da soyuyub, niyə qorumursan
özünü?
– Ay
Qənbər, elə bilirsən özümdən
asılıdır, olur da... neyniyim! Şəkər xanım
bir yandan yapışıb yaxamdan, ürək sözümə
baxmır, gözlərim də indi təzə iş
açıb mənə...
Məmməd
müəllimin nadir kitablarla dolu olan böyük və incə
səliqəsi olan otagında əyləşib dərdləşməyə
başladılar. Şair mənə qazlarının gəldiyini,
çaynikin də mətbəxdə olduğunu dedi. Əslində
mən birinci dəfə deyiliydi ki, bu evdə olurdum. Mətbəxin
harda yerləşdiyini, çaynikin və bankalarda hansı
faydalı otların olduğunu, Məmməd müəllimin ən
yaxşı meyvə arağını,ən yaxşı
mürəbbəni hara qoyduğunu, hətta mən evə gələn
kimi üstündə əsdiyi ən yaxşı kitabları
hər ehtimala qarşı hansı rəfə qaldırıb
qoyduğunu da yaxşı bilirdim. Amma indi şair məni
başa salırdı ki, qulluq eləməyə halım yoxdu,
zəhmət çəkib özünüzə çay dəmləyin.
Mən
məmnuniyyətlə vəzifəmin icrasına
başladım, ağsaqqallar isə nostalji
duyğularının qanadlarında keçmişə
uçurdular... Onların səmimi münasibətləri,
xüsusən hər halda yaşca böyük, həm də
imkanlı olan Qənbər müəllimin dostuna belə həssas
münasibəti mənə yaman ləzzət eləmişdi.
Doğrudur, əvvəllər də onun gənclik dostuna diqqətini
görmüşdüm, amma bu gün həmin münasibətin
nə qədər dərin, səmimi və duyğu
burulğanı yaratdığının şahidi oldum.
Özlüyümdə bunu Qənbər müəllimin
kökdən gələn şəxsiyyəti, mənsub
olduğu ocağın nəcibliyi ilə əlaqələndirdim.
İstər-istəməz Dədə Şəmşirin
insanın əsli-nəcabəti, nəsildən, kökdən
gəlmə insani keyfiyyətləri
vəsf edən məşhur misraları dilimin ucuna gəldi:
Lütfü
təmiz, əsli, zatı pak olan,
Nə
dosta kəm baxar, nə üzdən keçər.
Bu,
artıq bir davranış tərzi, yazılmamış qaydadır,
kodeksidir. Mənəvi kamilliyə
iddia edən hər kəs üçün həmin ləyaqət
proqramını isə zaman-zaman Şəmşır
ocağının orta əsrlərə gedib çıxan nəsil
şəcərəsi yazmışdır.
Miskin Abdalla başlayan nəsil şəcərəsi
Qənbər
müəllim vaxtilə Ağdam İkiillik Müəllimlər
İnstitutunda oxuyarkən bir dəfə yaz tətili günlərində
Ağdabana gələndə evdəkiləri
çox pərişan ovqatda görür. Soruşub öyrənir ki, Mingəçevir
tərəfdən beş-altı aşıq bir ustad kimi
atasını qaralayıb, gah hərbə-zorba atışma
şeirləri, gah da ağıllarına gələn
bağlamaları kişinin ünvanına göndərib cavab
gözləyirlər. Şəmşir kişi də evdə
yox, aran rayonlarında toylarda imiş.
Qənbər yazılanlarla tanış olub, elə həmin
axşam lovğa aşıqların qıfıl-bəndlərini
birər-birər açıb cavablarını verir. Axırda
da 18 yaşlı bu gənc nəsil-nəcabəti
və şəxsi kimliyini də fəxarətlə bəyan
edən belə bir qoşma da göndərir onlara.
Pədərim
Şəmşirdi; madərim Güllü,
Babam
Şair Qurban, bir adı bəlli!
Tələbə
Qənbərəm, Ağdaban elli!
Qoy
tanısın kim ki, bizi bilmədi!!
Bu
yerdə yazsaq ki, ot kökü üstdə bitər, xeyli
çeynənmiş fikir kimi görünəcək. Daha sərrast
və obrazlı demək üçün də Şəmşir
kimi ustad olmaq gərəkdir ki, “mərd ata, mərd oğul el
misalıdı” kimi qanadlı ifadəni tapa biləsən. Bu
ifadə ən azı 400-500 illik tarixi olan nəsil şəcərəsinə
aiddir. Bilinən odur ki, bu şəcərədə Miskin
Abdal, Ağdabanlı şair Qurban, Dədə Şəmşir,
Qəmbər Şəmşiroğlu, Cavid Qurbanov kimi parlaq
adlar var.
Orta əsr
kitabələrində və şifahi xalq ədəbiyyatında Miskin
Abdalın şəxsiyyəti barədə az qala əfsanələr
danışılır. Könüloxşayan dərin fəlsəfi
şeirləri, iti ağlı, hazırcavablığı və həqiqətpərəstliyi ilə
məşhurlaşmış Msikin Abdal, həm sadə xalq
arasında, həm də şah saraylarında sevilirdi. Bu dəbdəbəli
saraylarda keçirilən elm-ürfan məclisləri, şeir
və musiqi gecələri onsuz ötüşməzdi. Dərin
zəkasına, iti ağlına və dürüst əxlaqına
görə Şah İsmayıl Xətai də Miskin Abdala rəğbət
bəsləmiş, həmişə onu dəyərləndirmişdi.
Bu nəhəng söz adamının nəsil şəcərəsinin
bir qolu məşhur el şairi Qurbana gəlib
çıxır.
Bu həmin
Ağdabanlı şairdir ki, “Qurban, qəm eləmə, kərəm
kanı var! Adil zalım olmaz, haqq divanı var!” deyərək
Molla Pənah Vaqifdən sonra uzun illər Azərbaycan şeir
dilinin, ədəbiyyatımızın inkişafına dəyərli
töhfələr vermişdir. Həm də təkcə təbiəti,
gözəlləri vəsf etməmiş, əsərlərində
zəmanənin insan duyğularını korşaldan sosial
çalarlarına da yer vermişdir. Yaxşı ki, indi bu əsərlər
gün işığına çıxarılır,
böyük şairin kitabları çap olunur, oxunur, əsərləri
tədqiq edilir.
Daha
sonra aşıq poeziyasının
müxtəlif poetik formalarında (qoşma, gəraylı, təcnis,
divani, bayatı, rübai, qəzəl və müxəmməslər)
yaratdığı mükəmməl sənət nümunələrilə
Dədə Şəmşir gəlir. Ömrünün 60
ilini öz sənəti ilə xalqın xidmətində
dayanmış, canlı həyat lövhələri ilə
dolu əsərlərində doğma xalqının fikir və
duyğularını yüksək sənətkarlıqla ifadə
etmiş Aşıq Şəmşir yazılı və
şifahi poeziyamızın ən önəmli cəhətlərini
ustalıqla mənimsəyən (və buna öz
istedadını əlavə edən) qüdrətli söz
ustası kimi öz fərdi məktəbini
yaratmışdır.
Dədə
Şəmşir ocağında isə bu gün Qənbər
müəllim qələm çalır. Şeirlər, hekayə
və povestlər yazır, xatirələrini çap etdirir.
Daşıdığı vəzifələrin
ağırlığına, işlərinin çoxluğuna
və gərginliklərə baxmayaraq oğlu Cavid də hərdən
könül rübabını dilləndirir, şəcərə
genindən gələn tükənməz enerji ilə poetik
mozaika hörür. Təəccüblü
deyil, amma maraqlıdır ki, Miskin Abdaldan tutmuş Cavid
Qurbanova kimi əlinə qələm alanların hamısı
çox yaxın, hətta eyni mövzulara toxunurlar: təbiət
gözəllikləri, Vətən sevgisi, torpağa
bağlılıq, insana xas olan ən ülvi duyğular
onların yaradıcılığının əsas
mövzularıdir, xüsusən dağ və bu müqəddəs
varlığa müraciət başlıca motiv kimi
görünür. Məsələn, Şair Qurbanın
“Dağlar” qoşması ilə ulu dədəsi Miskin
Abdalın və Dədə Şəmşirin “Dağlar”ı
arasındakı doğmalıq açıq-aşikar
duyulmaqdadır. “Məni boğur o dağların həsrəti”
deyən Qənbər Şəmşiroğlunun da,
duyğulandırıcı bir intonasiya ilə “Dağlar bizim
dağlar deyil” deyə mizrabı küskün əda ilə kədərli
simlərə vuran Cavid Qurbanovun da nəzmə çəkdiyi
dağlar bizə doğmadır,
Bu oxşarlıq, simsarlıq Miskin Abdaldan
Ağdabanlı Qurbana, ondan Dədə Şəmşirə və
Cavidə qədər gözlə görülən qədər
aydınlıqla sezilir; otun öz kökü üstündə
bitdiyi xalq inancına bir daha heyrət eləyirsən.
Bir ömür dastanı
Qənbər
müəllimin olduqca ibrətamiz həyat yolu var. Tale ona Dədə
Şəmşir ocağında dünyaya göz
açmağı qismət eləyib, uşaqlıqdan
şeir, sənət, elm-ürfan havasını udub.
Uşaqlığı acı müharibə illərinə
düşsə də, təhsildən qalmayıb, orta məktəbi
yaxşı oxuyub. 1953-cü ildə Ağdam Dövlət
Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı
fakültəsini bitirərək Kəlbəcərə
qayıdır. Əvvəlcə doğma Ağdaban yeddiilik məktəbində
müəllimlik edir. Sonra həmin məktəbə direktor təyin
olunur. Qısa müddətdə işgüzarlığı
ilə bütün Kəlbəcərdə ad
çıxarır. Tezliklə bu gənc kadrı komsomol
işinə cəlb etmək istəyirlər. Lakin rayon rəhbərliyinin
onu komsomolun birinci, Bakının isə ikinci katib görmək
istəməsi üstündə yaranan mübahisəni
qüruruna sığışdırmayan Qənbər müəllim
bu işdən imtina edir. Bir müddət raykomun təbliğat
şöbəsinə rəhbərlik edir, onda 24 yaşı
varıymış...
1971-ci
ildə Kəlbəcər rayon partiya komitəsinin ikinci katibi
təyin olunur. Təəssübkeş bir ziyalı və
partiya xadimi kimi rayonun sosial-mədəni həyatının
inkişafına öz töhfəsini verir. 1974-cü ildə
ona daha böyük etimad göstərərək rayon icraiyyə
komitəsinin rəhbərliyini həvalə edirlər. 15 il bu
yüksək vəzifədə çalışmış Qənbər
müəllim həmin posta öz doğma rayonu, Azərbaycanın
ucqar guşələrindən sayılan Kəlbəcəri
inkişaf etdirib çiçəkləndirmək fürsəti
kimi baxırdı.
Gədəbəyin müdafiəsi,
Ağdabanın faciəsi
Qənbər
müəllimin idarəçilik sahəsindəki 20 illik zəngin təcrübəsini,
dağ rayonunda yüksək quruculuq işləri aparmaq
bacarığını nəzərə alaraq, həm də
yaxın qohumunun Kəlbəcərə birinci katib təyin
edilməsi səbəbindən 1989-cu ildə onu Gədəbəy
rayonuna icraiyyə komitəsinin sədri vəzifəsinə
göndərirlər. Daha sonra 1992-ci ilə kimi həmin rayonun
icra hakimiyyətinə başçılıq etmiş,
ömrünün çox çətin illərini burada
yaşamış, Gədəbəyin inkişafı, güclənməsi
və o dövrdə güclənməkdə olan erməni
separatçılarının hücumlarından müdafiəsi
üçün çox işlər görmüşdü.
Bəzən
taleyin qəribə gedişləri olur. Qənbər müəllim
gecəli-gündüzlü bütün səyi ilə Gədəbəyi
erməni hücumlarından qoruduğu bir vaxtda onun doğma Kəlbəcərinin
başı üzərini almış qara buludlar getdikcə
sıxlaşırdı. Belə ağır bir vaxtda ulu Şəmşir
yurdu – Ağdaban amansız düşmən hücumuna məruz
qaldı. Bu xəbəri alan Qənbər müəllim gecə
saat 3-də Kəlbəcərə çatmışdı,
amma neyləyə bilərdi ki?
Ağdabana
hücum tarixdə bəşəriyyətə qarşı
törədilmiş ən böyük cinayətlərdən
biri idi. 130 evdən ibarət kəndı tamamilə erməni
separatçıları tərəfindən
yandırılmış, kəndin 779 nəfər dinc sakininə
qeyri-insani işkəncələr verilmişdir. 32 nəfər
qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca,
2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın
diri-diri odda yandırılmış, 2 nəfər itkin
düşmüş, 12 nəfərə ağır bədən
xəsarəti yetirilmişdir. Qənbər müəllim bu
qırğında bir çox doğmalarını, o cümlədən
sevimli bacısı Çimnazı itirmişdi.
Ağdaban
dərdindən sonra daha ağır dərd gəldi,
dağlara söykənmiş Kəlbəcər süqut etdi,
minlərlə insan yurd-yuvasından didərgin
düşdü. Qənbər müəllim
qaçqınçılığın ilk dövrlərində
– kəlbəcərlilərin sağalmaz yaralarının hələ qaysaq
bağlamadığı təzə vaxtlarda rayon icra hakimiyyətinə
başçılıq etdi. Əsil el-oba təəssübkeşi,
dar günün adamı olduğunu bir daha göstərdi. Azərbaycanın
az qala hər yerinə səpələnmış adamları
böhrandan, kütləvi ruh düşkünlüyündən
çıxara bildi...
“Sabaha ümidlə
baxıram...”
Qənbər
müəllim 1994-cü ildən fərdi təqaüdə
çıxıb. Amma bir ağsaqqal kimi yenə də
elin-obanın yanındadır. Həmişəki tək
xüsusi hörmət-izzət sahibidir. Yenə də
şuxluğunu saxlayır, daim insanlar arasındadır, el-el gəzir,
Azərbaycanın hər yerinə səpələnmiş kəlbəcərlilərə
baş çəkir, xeyirdə-şərdə olur,
adamları sabaha ümidlə baxmağa ruhlandırır.
...Özü də işdən-gücdən qalmayıb, təsərrüfatla,
əkin-biçinlə məşğuldur. Təqaüdə
çıxandan sonra paytaxtda yaşamaq üçün
geniş imkanları olsa da o, cəfakeş ömür-gün
yoldaşı Firuzə xanımla həmişə
üstündə gəzib güc aldığı
torpağı seçiblər, rayonda məskunlaşıblar İstisi və işığı
heç vaxt azalmayan Dədə Şəmşir ocağı
bir ilham çeşməsi, saz və söz
ocağıdır. Qənbər müəllimin hələ
uşaqlıqdan bədahətən şeir demək qabiliyyəti
olub, ara-sıra şeirlər. Gəncliyində vəzifə
çalışmaları vaxtının və enerjisinin
çoxunu alsa da, yenə bir əli qələmdə olub.
Ömrü boyu xırda-xırda yazdıqlarını indi
toplayıb kitablara çevirir, yeni əsərlər – şeir
və povestlər yazır, xatirələrini qələmə
alır. Bu illərdə “Oğul, gərək oğul olsun”,
“Dədə Şəmşir yaddaşlarda”, “Gədəbəy
xatirələri”, “Ömrün
işıqlı anları”, “Dostlar unutmaz məni” kimi şeir,
povest və xatirələrini çap etdirib. Bu yaxınlarda isə
Qənbər müəllimin “Kəlbəcər xatirələri”
kitabı işıq üzü görüb. Həmin xatirələrdən
sanki oxucuların ruhuna Ağdabanlı Şair Qurbanın
unudulmaz misraları çilənir:
Əzəl
xilqətimiz torpaqdan, sudan,
Sən
bizə atasan, anasan, dağlar!
Əslində
Qənbər müəllimin bu xatirələri yazması
çox vacibdir, rəmzidir və gələcək nəsillər
üçün ictimai önəm daşıyır. Ən
başlıcası odur ki, müdrik el ağsaqqalı
bütün əsərlərində hamıda gələcəyə,
sabahkı günə inam aşılayır, “mən sabaha
inanıram, biz mütləq Kəlbəcərə
qayıdacağıq” mesajını verir. Çünki o
torpaqlar, böyük söz ustalarının öydüyü
dağlar da öz övladlarının həsrətindədir.
525-ci qəzet.-
2012.- 17 noyabr.- S.24.