Oralarda kimlər
var- Cavad Zeynal-1
Yazar,dramaturq və alim Aslan Qəhrəmanlı
şair Cavad Zeynalın “AXŞAM QƏRİBLİYİ”
kitabına yazdığı
ÖN SÖZDƏ qeyd eləyir :”Qarşımda hələ
çap olunmamış bir kitabın kompüterdə
yığılmış variantı var. “Axşam qəribliyi”
adlandırılan bu kitabı gözdən keçirirəm,
yadıma müəllifin – şair və nasir Cavad Zeynalın
“Yazıçı” nəşriyyatında işlədiyi
vaxtlar, bir də şair Qabilin eyni adlı şeiri
düşür:
“Gedirsən, deyirsən öz-özünə
sən:
Bu səbəbsiz olan qüssəni unut!
Lakin heç qoyarmı qəlbin ola şən
Axşam qəribliyi, bir də ki,
sükut?!”
...Cavad Zeynalın son zamanlar məhsuldar
işləməsi bəzilərini təəccübləndirsə
də, mən buna çox təbii baxıram. Çünki
yaradıcılıq məsələsi həddindən
artıq mürəkkəb məsələdir. Hər gün
müəyyən saatlarda yazanlar da var, aylarla mövzunu beynində
saf-çürük edib birnəfəsə yazanlar da. Cavad
Zeynal ikincilərə aiddir. Onun mətbuatda çıxan
şeirlərinin, hekayələrinin çox böyük hissəsini
oxumuşam və bəzən fikirlərimi müəllifə
bildirmişəm. Nəhayət, haqqında
danışdığım kitabın əlyazmasını (yəni
kompüterdə yığılmış variantını)
görəndə tənqidi qeydlərimi söyləməyi
xahiş elədi. Düzünü deyim ki, kitab xoşuma gəldi.
Buraya müəllifin həm şeirlərinin, həm də nəsr
əsərlərinin bir hissəsi daxil
edilib.Yaradıcılığa şeirlə
başlamış Cavad Zeynal sonradan nəsrə keçsə
də, çox az dəyişib, yenə gəncliyində
olduğu kimi emosionaldır, dəymədüşərdir, tez
inciyəndir və bir az da... bədbindir.Bilmirəm Cavad
özünü şair hesab edir, yoxsa nasir? Bunu mən ondan
heç soruşmamışam. Çünki onun cavabı nə
olur-olsun, lap qalın-qalın romanlar yazsa belə, o
şairdir”.
– Haralardasız Cavad bəy?
– Haralarda deyiləm ki? Toylarda, hüzrlərdə,
məhlədə nərdtaxta oynayanların sırasında,
evdə mütaliədə. Ömürlük istirahətə
çıxmışam, axı. Allahın bəxş etdiyi
şərəfli qocalığımı yaşayıram.
– Qardaşım nə
qocalıqbazlıqdır, maşallah zaman-zaman şeirlərinizi “525-ci qəzet”də
oxuyuram və belə məhsuldar işləmənizdən hiss
eləyirəm ki, bu söz sizə yaraşmır və belə
bir şey soruşum : poeziya sizi hələ bezdirməyib.
– Əstağfurullah! Poeziyadan bezmək olar
heç? Onda gərək gündəlik çörək yeməyək.
Çörək maddi qidadırsa, poeziya da mənəvi
qidadır. Bunlar ayrılmazdılar, axı. Hansından
keçmək olar?Yaxşı şeir ruhu qidalandırır,
adamı saflaşdırır. Hüseyn Arif demiş: “Nə qədər
həyat var, şeir də vardır”. Sadəcə bu misraya
bircə söz əlavə etmək lazım gəlir.
İnsan sözünü. Yəni, nə qədər həyat,
insan varsa poeziya da mütləqdir. Poeziyasız aqillik, kamillik təsəvvür
etmirəm. Bəzən adi danışıqda belə bircə
misra, görürsən deyilən sözə möhür
olur. Şeir mənim üçün insanlığın, mənəviyyatın
poetikləşmiş zirvəsidir. O zirvədən o yana ali
heç nə yoxdur.
– Vaxtilə ədəbi mühitin
içində olan bir yazar və şair idiniz.İndi bu
mühitdən uzaqlaşmasanız da, adınız bir az az
hallanır ədəbi camiədə?
– Buna tale yazısı kimi baxıram. Əvvəla,
mən özümü heç vaxt reklam etdirmədim. Gəncliyimdə
bəziləri kimi ədəbi görüşlərə,
toplantılara heç vaxt can atmadım. Görünmək,
yarınmaq kimi baxdım belə şeylərə. Halbuki ətrafımdakılar
gedirdilər də, gəlirdilər də. Qayıdanların bəziləri
ağzıəyri qayıdırdı, bəziləri “xoşbəxt”.
O dəqiqə hiss olunurdu ki, “xoşbəxt” kiminsə diqqətini
özünə çəkə bilib. İyrənirdim onda.O
vaxtlar tanınmışlara, xalq şairlərinə
“uğurlu yol” yazdırmaq da yaman dəbdə idi. Az qala hər
ay bir gənc haqqında titullu şairlərimizdən biri
“uğurlu yol” yazırdı. Bununla da o beş-üç
şeirin müəllifi birdən-birə dönüb olurdu məşhur.
Yəni bu adət mühitdə rəyi
formalaşdırırdı. “Onun haqqında filankəs
“uğurlu yol” yazıb”.Mən bu titulluların yanına getmədim.
Sadəcə başqaları kimi vaxtaşırı çap
olundum. Sonralar başa düşdüm ki, getmək-gəlmək
lazım imiş...Bir də ki, haqq üçün deyim ki, mən
yaşıdlarımı o vaxt da, indi də özümdən
öndə görmüşəm. Allah hərəyə bir
cürə verir də. Kimə çox, kimə az. Buna da
şükür, qismətimdən razıyam. Tanıyanlar,
oxuyanlar razılıqlarını bildirirlər, elə bu bəsimdir.
Mənim də olanım budur də. Tarix boyu unudulanlar o qədər
olub... biri də mən. Neynək. Hamı Nizami, Füzuli olmaz
ki!
– Vaxtilə yaxşı vəzifələrdə
olmusuz, yəni yazıçılıq sahəsində deyirəm,
məsul nəşriyyatlarda, məsul işlərdə
çalışmısız, redaktor işləmisiz, nə
kimi şeylər qalıb o illərdən yadınızda?
– Çox şeylər. Acıları da
var, şirinləri də. Bəri başdan qeyd eləyim ki,
redaktorluq ağır sənətdir. Redaktor ikinci müəllif
deməkdir. İstər “Azərnəşr”də işlədiyim
dövrdə, istərsə də “Yazıçı”da
neçə tanınmış şair, yazıçı nəşriyyatda
işə düzəldi. Amma heç biri bir-iki aydan artıq
işləyə bilmədi. Çünki nəşriyyat
işi çox dərin işdi. Hər alim,
yazıçı o dərinliyə gedib çıxa bilmir.
Redaktor gərək birinci növbədə müəllifin
dünyasına girməyi bacarsın. Onun yazı
manerasını duysun. Kitabda müəllifin təhkiyyəsini,
üslub xüsusiyyətini mənimsəsin. Kitabın əyər-əksiyini
dəqiq görsün və müəllifi işlətməyi
yaxşı bacarsın. Əks halda o kitab müəllifdən
asılı olmayaraq qüsurlu çıxacaq.”Azərnəşr”də
işləyirdim. Bədii tərcümə redaksiyasında.
Farscadan tərcümə olunmuş bir kitabın (səhv etmirəmsə,
Dəhləvinin “Vis və Ramin” əsəri idi) redaktəsini
məşhur şairimiz Mirmehdi Seyidzadəyə vermişdilər.
Redaksiyada Cəfər Bağır (şöbə müdiri),
Məmməd Araz idi, Vilayət Rüstəmzadə idi, Mehdi
Mirkişiyev idi, bir də mən! Mirmehdi (ona hamı Ağa
deyirdi) müəllim naşir olmadığından və tərcüməçi-şair
Abbasəli Sarovlu Gəncəyə köçdüyündən
kitaba nəzarəti mənə
tapşırmışdılar. Mirmehdi müəllimdən
sonra kitaba baxdım. Xeyli qeydlərim oldu.
–Bu qeydləri Mirmehdi müəllimə
dedinizmi?
–Çağırdım gəldi. Qeydlərimi
görəndə bərk əsəbiləşdi. O vaxtlar
yaşlı nəsil arasında qəribə bir tendensiya
yaranmışdı. Yaşı qırxdan keçənlərə
tənqidi söz demək olmurdu. Tənqidi heç cürə
götürmürdülər.Sözümüz çəpləşdi.
Araya Məmməd Araz qarışdı. Yenə xeyri
olmadı. Mirmehdi müəllim korrekturanı da
götürüb çıxdı. Səhərisi gün Əjdər
Xanbabayev daxili telefonla məni yanına
çağırdı. Getdim.
– Səni Mərkəzi Komitədən
Teymur Əliyev çağırır (ideoloji şöbənin
müdiri və gözəl uşaq şairi) – dedi. – Bilmirsən
nə məsələdi?
– Yox – dedim.
Əjdər müəllim
dodağını çirmədi:
– Yəni nə olar bu?
O vaxt mən çox gənc idim və mənim
kimi bir gəncin Mərkəzi Komitəyə
çağırılmasının özü bir sual
doğururdu.
Getdim. Mirmehdi müəllimi Teymur müəllimin
yanında görəndə məsələni başa
düşdüm. Korrektura Teymur müəllimin stolunun
üstündə idi.Dizlərim əsdi. O vaxtlar Mərkəzi
Komitənin işdən çıxardığı kadrı
heç yerdə işə götürmürdülər.
Qapı ağzında mıxlanıb qaldım. Handan-hana Teymur
müəllim çağırdı və mən yaxın
getdim. Eynəyinin altından mənə sərt bir nəzər
saldı və soruşdu:
–Fars dilini bilirsən?
– Xeyr!
– Bəs sən hansı ixtiyarla bu kitabda təftiş
aparırsan?
– Mənim qeydlərim dil və stilistik
qeydlərdir!
– Göstər görüm.
Mən stolun üstündəki
tanış korrekturanı qarşıma çəkdim. Qeydləri
bir-bir dedim. Altıncı qeydə çatanda Teymur müəllim
məni saxladı və üzünün sərtliyi çəkildi. Üzünü Ağaya
çevirdi və çox mülayimliklə dilləndi:
– Ağa, indi bu cavan olanda nə olar, dediklərinin
hamısı düzdü də...
Mirmehdi müəllim qeyzləndi:
– Sən də qoşuldun bu uşağa?
Teymur müəllim gülümsədi və
mənə baxdı:
– Götürün, gedin, yollaşın!
–Hər halda “gedin yollaşın”
sözü bir çox şeyləri açıq saxlayır
və sonra bu işi necə
yoluna qoydunuz?
–Korrekturanı götürüb qapıya
yönəldim.İşə tələsdim. Yolda təsəlli
tapdığım bircə bu idi ki, nə yaxşı Teymur
müəllim şair idi. Yoxsa onun yerinə ayrı bir
çinovnik olsaydı nə olardı?İşə
çatan kimi birbaşa direktor otağına getdim. Qapını
açanda Əjdər müəllimin heybətli
baxışları mənə dikildi:
– Getdin, gəldin?
– Hə.
– Nəyə
çağırmışdı?
– Mirmehdi müəllim məndən
şikayət eləmişdi.
– Boo, necə oldu bəs?
– Nə olasıydı ki. Teymur müəllim
qeydlərimdən beş-altısına baxan kimi
razılaşdı.
Əjdər müəllimin üzündəki
gərginlik çəkildi.
– Yaxşı qurtarmısan. – Ani fikrə
getdi və sözünü bir də təkrarladı. –
Yaxşı qurtarmışıq. – Bu dəfə
özünü də qatdı mənə. Mən təəccübləndim:
– Burda nə vardı ki?
Əjdər müəllimin sifəti bir
anda elə gərildi ki...
– Nə danışırsan, – dedi, – sən
bilirsənmi onlar qudadılar?
Ayağım yerə yapışdı. Mən
dondum qaldım. Handan-hana Əjdər müəllim dilləndi:
– Yaxşı, get işini işlə.
Mən çıxdım.
İkinci bir xatirə. Yetmişinci illər
idi. “Yazıçı”da işləyirdim.
Biabırçı bir əlyazma vermişdilər mənə.
Hekayələr idi. Plana on iki çap vərəqi həcmində
salınmışdı. Dişimi dişimə sıxıb
hamısını oxudum. Biri də ələ gəlmirdi.
Müəllif Gəncədə yaşayırdı və Kənd
Təsərrüfatı İnstitutunun elmi kommunizm
kafedrasının müdiri idi. Professor idi. Əyalətdə
yaşadığını və plana güclə
düşdüyünü (o vaxtlar nəşriyyatda plana
düşmək çox çətin idi) nəzərə
alıb, iki çap vərəqi həcmində hekayələrini
birtəhər düzəldib hazırladım (üç dəfə
makinaya verməklə).
(DAVAM EDƏCƏK)
Tofiq ABDİN
525-ci qəzet.- 2012.-
17 noyabr.- S.23.