Bir qartal da havalanıb
zirvə qaşından...
(Tərcüməçi məsuliyyəti
və istedadı haqqında söz)
“A.S.Puşkin və Azərbaycan” mövzusunda Azərbaycan
filoloqları dissertasiyalar müdafiə etmiş, elmi
monoqrafiyalar yazmışlar və bu tədqiqatların
böyük əksəriyyəti sovet dönəmində
aparılmışdır. Bu tədqiqatlar, ümumiyyətlə,
Azərbaycanda Puşkinə və rus ədəbiyyatının
başqa böyük klassiklərinə münasibət ikili səciyyə
daşıyır: rəsmi-inzibati münasibət və təbii-estetik
münasibət.
“Rəsmi-inzibati münasibət” dedikdə, mən hakim
sovet ideologiyasının xalqlar arasında “böyük
qardaş” prinsipini, bu prinsipin təhrik etdiyi ifrat təbliğatı
və həmin təbliğatın süni nəticələrini
nəzərdə tuturam. Misal üçün, 1937-ci il Azərbaycan
mətbuatını vərəqləsəniz iki əsas
mövzu ilə rastlaşacaqsınız: “xalq düşmənləri”nin
ifşası və Aleksandr Sergeyeviç Puşkinin vəfatının
100 illik... yubileyinin bayram (!) edilməsi.
Vəfatın
ildönümünün yubiley kimi təntənəli şəkildə
keçirilməsi, Azərbaycan aşıqlarının
Puşkinin şəninə “Ay Puşkin hey, Puşkin!..”- deyə zəif və mənasız
mahnılar qoşub oxuması, partiya rəhbərliyinin verdiyi
komanda ilə şairlərimizin kütləvi şəkildə
Puşkinə həsr olunmuş şeirlər yazması
sürrealist, hətta fanatasmoqorik bir təəssürat
yaradır, ancaq qanlı 37-ci il tuthatutu içində hakim ideologiya
belə bir təəssüratın tamam fövqündə
idi.
Yaxud
1938-ci ildə Azərbaycan hökumətinin (əslində rəsmi
ideologiyanın) qərarı ilə Biləsuvar rayonuna
Puşkinin adının verilməsi, Azərbaycanın
bütün bölgələrində bu adı daşıyan
saysız küçələrin, parkların,
kitabxanaların, məktəblərin, uşaq
bağçaların və s. yaranması böyük
şairin xatirəsi ilə bağlı dediyim həmin
süni, qəlp nəticələrin bariz nümunələri
idi.
“Təbii-estetik münasibət” isə oxucunun sənətə
verdiyi qiymətin, poeziyaya məhəbbətin və
ehtiramın ifadəsi idi və Puşkini Azərbaycan oxucusuna
sevdirən də məhz bu qiymət, bu məhəbbət, bu
ehtiram idi. Məhz bu qiymətin və məhəbbətin sayəsində
Azərbaycanda yüksək bədii-estetik səviyyəli tərcümələr
yarandı və həmin tərcümələr şübhəsiz
ki, bizim tərcümə ədəbiyyatımızın
inkişafında ciddi rol oynadı. Yaxud da, misal
üçün, Ağabacı Rzayevanın Puşkinin
sözlərinə yazdığı və ən gözəl
romanslarımızdan biri olan “Oxuma gözəl” romansı kimi əsərlər
meydana çıxdı.
Qeyd edək ki, Puşkin hələ X1X əsrdə Azərbaycanda
nəinki tanınırdı, onun sənəti və şəxsiyyəti
hətta Azərbaycan bədii ədəbiyyatının
predmetinə çevrilmişdi – yalnız elə M.F.Axundovun məşhur
poemasını xatırlayaq.
Yaxud da
başqa bir misal: 1880-ci ildə Moskvada Puşkinə heykəl
ucaldıldı, müəllifi A.M.Opekuşin olan bu heykəlin
ucaldılması Rusiya imperiyasının mədəni həyatında
hadisəyə çevrildi (o heykəl bu gün də
Moskvanın simvollarından biridir) və Moskvadan min kilometrlərlə
uzaqda yerləşən Şamaxıda S.Ə.Şirvani bu
hadisəyə həsr etdiyi şeirini yazdı. Heç kim Seyid Əzim kimi mötəbər bir sənətkarı
məcbur etmirdi ki, Puşkinə şeir həsr etsin, bu – sənətə
verilən həmin qiymətin, poeziyaya həmin məhəbbət
və ehtiramın nəticəsi idi.
Yenə əlamətdar
tarixi bir fakt: M.Sidqi 1899-cu ildə Puşkinin 100 illiyi
münasibətilə məruzə yazdı və həmin məruzə,
əgər səhv etmirəmsə, bizim ədəbiyyatşünaslığımızda
klassik rus ədəbiyyatının tədqiqi ilə
bağlı ilk təcrübələrdən biri idi. Burasını da qeyd edim ki, həmin məruzə
ayrıca kitab şəklində də nəşr də
olunmuşdu.
1830-cu illərin
birinci yarısında Varşava, Peterburq aristokrat
salonlarının qəhrəmanı olan A.Bakıxanovun
Puşkin ailəsi ilə isti münasibəti, həmin ailənin
bu azərbaycanlı aristokratı necə yüksək qiymətləndirməsi
barədə təsəvvür əldə etmək
üçün Puşkinin anası Nadejda Osipovnanın
yazdığı məktubları oxumaq kifayətdir.
Puşkinin özü isə Fazil xan Şeydaya, yaxud rus
ordusunun zabiti olan qarabağlı Fərhad bəyə şeirlər
həsr etmişdi və onun yalnız Azərbaycanla deyil,
ümumiyyətlə, Qafqazla bağlılığı rus
puşkinşünaslarının əsas tədqiqat
mövzularından biridir.
F.B.Köçərli,
R.B.Əfəndiyev, xüsusən Abbas Səhhət kimi qələm
sahibləri hələ 100 il bundan əvvəl Puşkini tərcümə
və təbliğ edirdilər, sonrakı illərdə isə
Mikayıl Müşfiq, Səməd Vurğun, Rəsul Rza,
Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Məmməd Rahim, Osman
Sarıvəlli, Mir Mehdi Seyidzadə, Tofiq Bayram, Mikayıl
Rzaquluzadə, Qasım Qasımzadə, Böyükağa
Qasımzadə, Ənvər Əlibəyli, Ələkbər
Ziyatay, Şəmsəddin Abbasov, Tələt Əyyubov,
İsmayıl Soltan və b. Puşkin poeziyasını demək
olar ki, tam şəkildə tərcümə edərək,
bizim oxuculara təqdim etmişlər. Mən bu yazıda
Puşkinin nəsrini tərcümə edənləri də
xatırlamaq istəyirəm: “Kapitan qızı” və
“Dubrovski”ni Ənvər Məmmədxanlı, “Mərhum
İvan Petroviç Belkinin hekayələri”ni
Adil Əfəndiyev, “Böyük Pyotrun zəncisi”ni isə
Mikayıl Rzaquluzadə dilimizə çevirmişlər.
Əlbəttə,
bu tərcümələrin hamısı eyni səviyyədə
deyil, onlar Puşkin yaradıcılığına məhrəm
münasibətin, ehtiramın ifadəsi olsa da, hamısında
Puşkin Puşkin deyil və bu da təbiidir, çünki
xüsusən poeziyanı tərcümə edərkən bədii-estetik
itkilərə yol verməmək, müəllif məxsusiliyini
olduğu kimi qoruyub saxlamaq olduqca mürəkkəb
yaradıcılıq məsələsidir, halbuki poeziyanın
estetik mündərəcatının ilkin dəyərlərindən
biri, bəlkə də ən başlıcası onun məxsusiliyindədir.
Digər tərəfdən isə, N.Qoqolun Puşkin
haqqında dediyi sözləri xatırlayaq. O, Puşkini “rus
xalqının milli şairi” kimi müəyyənləşdirir
və yazırdı: “Puşkinin meydana çıxması
fövqəladə bir hadisədir və ola
bilsin ki, rus ruhunun yeganə hadisəsidir... Rus təbiəti,
rus qəlbi, rus dili, rus səciyyəsi onun simasında optik
şüşənin qabarıq səthində apaydınca
görünən bir mənzərə kimi, tam saflıqla, saf
bir gözəlliklə təcəssüm etmişdir.”
Aydın
məsələdir ki, bu dərəcədə milli bir
şairi başqa bir dilə tərcümə etmək və
onun bütün estetik xüsusiyyətlərini qoruyub saxlamaq,
dediyim kimi, çox çətin məsələdir, necə
ki, misal üçün, Vaqifi, yaxud Sabiri başqa dillərə
tərcümə etmək. Buna görə də, elə bilirəm
ki, böyük şairləri – böyük şairlər isə
həmişə millidir! – Tərcümə edərkən orijinalın tam
surətini əldə etmək uzun yaradıcılıq prosesi
tələb edir və elə buna görə də mən
bizim görkəmli şairimiz Eyvaz Borçalının
Puşkinlə bağlı tərcüməçilik fəaliyyətini
yüksək qiymətləndirirəm.
Eyvazın Puşkindən tərcümələrinin
hamısı, hər halda böyük əksəriyyəti əvvəllər
də başqa şairlərimiz tərəfindən dilimizə
çevrilib və bu cəhət dediyim həmin uzun
yaradıcılıq prosesinin yeni və istedadlı ifadəsidir,
eyni zamanda, Eyvazın timsalında sənətkar cəsarətinin
göstəricisidir.
Baxın, Səməd Vurğunun “Yevgeni Onegin” tərcüməsi
bizim tərcümə ədəbiyyatımızın ən məşhur
nümunələrindən biri, bəlkə də birincisidir. Azərbaycanda yəqin az oxucu tapılar ki, Səməd Vurğunun
1936-cı ildə “Yevgeni Onegin”i tərcümə edib bitirdikdən
sonra “Böyük şairin şərəfinə”
yazdığı:
Axıtdım
alnımın inci tərini,
Yanmadım ömrümün iki ilinə.
Rusiya
şerinin şah əsərini
Çevirdim
Vaqifin şirin dilinə!
– misralarından xəbərsiz olsun.
Bu
kontekstdə Səməd Vurğunun ədəbiyyatda, ictimai
fikirdəki böyük nüfuzunu da yada salsaq, ondan sonra yenidən
“Yevgeni Onegin”ə müraciət etmək, bu böyük
poemanı yenidən Azərbaycan dilinə çevirmək,
şübhəsiz ki, sənətkar cəsarəti tələb
edir. Sən gərək bu poemanı elə bir
ilhamla, elə bir bədii səviyyədə tərcümə
edəsən, deməsinlər ki, Səməd Vurğundan sonra
Eyvaz Borçalı bunu nə üçün tərcümə
edib.
Və deməliyəm ki, Eyvaz Borçalı bu çətin
işin öhdəsindən layiqincə gəlib.
Səməd
Vurğun bu işin pioneri olub, onun kimi şöhrətli bir sənətkar
ömrünün həmin iki ilində bu tərcümənin əvəzində,
bəlkə də, özünün neçə-neçə
orijinal poemasını, pyesini yaza bilərdi, ancaq Səməd
Vurğun yalnız rus ədəbiyyatının deyil, dünya
ədəbiyyatının şedevrlərindən hesab olunan bu
poemanın – “Yevgeni Onegin”in tərcüməsinə
üstünlük verib və ilk dəfə Azərbaycan
oxucusunu bu poema ilə tanış edib.
Səməd Vurğun professional tərcüməçi
deyildi və ilham bəzən onu mətndən
uzaqlaşdırırdı. Eyvaz isə eyni zamanda professional tərcüməçidir
və yeri gəldikdə ilham pərisini, bir az
kobud da desəm, cilovlaya bilir, görünür, elə buna
görə də onun tərcüməsi orijinala daha yaxındır.
Burası da məlum məsələdir ki, “Yevgeni Onegin”
kimi bir poemanı və ümumiyyətlə, Puşkin kimi bir
şairi tərcümə etmək üçün həm də
istedadlı şair olmalısan. Mən az qala otuz
il bundan əvvəl – 1984-cü ildə Eyvazın “Dünya, məni
tərkinə al” adlı şeirlər kitabını oxuduqdan
sonra, bu kitab haqqında “Borçalıdan gələn yollar”
adlı bir məqalə yazmışdım və bu günlərdə
həmin məqaləni tapıb oxudum. Orada belə bir fikir var:
“Eyvazın poeziyası Azərbaycan dilini yaxşı bilən,
bu dili sevən və bu dilin zəngin poetik imkanlarından
istifadə etmək istəyən bir şairin
poeziyasıdır. Onun nəinki sözlərlə işləmək,
hətta səslərlə işləmək istəyi və
bu zaman əldə etdiyi poetik uğurlar bu mənada bizə
prinsipial, əhəmiyyətli görünür... Eyvazın obrazlar aləmində də sözü
duyan, hiss edən və həmin duyğudan, hissdən yaranan
estetik bir saflıq var”.
Mənim
üçün xoş cəhətdir ki, bir şair kimi
Eyvazın bu xüsusiyyətləri illər keçsə də
qocalıb zəifləməmiş, dəyişməz
qalmışdır və məhz bu xüsusiyyətlər
“Yevgeni Onegin”in də, “Baxçasaray
fontanı”, “Qaraçılar”, “Tunc atlı” kimi məşhur
poemaların da, şeirlərin də yeni tərcümələrinin
uğurunu müəyyənləşdirmişdir.
Tərcümənin
qiyməti ondadır ki, oxuduğun cümlələrin,
misraların məhz tərcümə olduğunu hiss etməyəsən
və sənin ustalığın da onda olmalıdır ki, həm
tekstdən kənara çıxmayasan, həm də təbii
olasan:
Qoru məni,
talismanım,
Qoru məni
savaş günü,
Təqib,
tövbə, təlaş günü;
Qoru məni ərməğanım.
Gurlayanda
dörd bir yanım
Okeanda
dalğalarla,
Şimşək
çaxan bir rüzgarla,
Qoru məni
talismanım...
Bu məşhur şeiri mən orijinalla tutuşdurdum. Puşkinin mətnidir?
Bəli. Ancaq eyni zamanda, yəqin
oxucu da mənimlə şərik olar ki, “tərcümə
quruluğundan” uzaq təbii misralardır.
Mən
yuxarıda A.Rzayevanın “Oxuma gözəl” romansını
xatırladım və budur, həmin şeirin yeni tərcüməsi:
Oxuma
yanımda, oxuma gözəl!
O qəmli
Gürcüstan nəğmələrini;
Onlar yada
salır, hər şeydən əzəl,
Ömrümün çox uzaq səhnələrini.
Neynim, oxuduğun həzin zümzümə
Elə kədərlidir, elə amansız,
Kövrək xəyalımı çəkir özünə
Aylı bir gecədə zavallı bir qız.
Təşnəsi olduğum o əziz xəyal
Yadımdan çıxsa da, səni görəndə –
Səsin gələn kimi canlanıb dərhal
Yenə cilvələnir hey yan-yörəmdə.
Oxuma yanımda, oxuma, gözəl,
O qəmli Gürcüstan nəğmələrini.
Onlar yada salır, hər şeydən əzəl,
Ömrümün çox uzaq səhnələrini.
Tekst – tam Puşkin mətnidir. Eyni zamanda kədərin ifadəsində Puşkin zərifliyi, Puşkin təbiiliyi, Puşkin dilinin sadəliyi də Azərbaycan oxucusuna çatdırılıb.
Mən bu şeirin yeni tərcüməsini oxuculara təqdim etdim, ancaq məsələ burasındadır ki, bu şeirin əvvəlki tərcümələrindən biri elə Eyvazın özünün qələmindən çıxıb və mən bu faktı əlamətdar hesab edirəm.
Puşkinin “Seçilmiş əsərləri”nin mənim kitabxanamdakı 1988-ci il nəşrindən Eyvazın həmin tərcüməsini də oxucunun diqqətinə çatdırıram və elə bilirəm ki, bu, oxucu üçün maraqlı olar:
Oxuma, ey
gözəl, gəl, yet dadıma:
Dadlı
Gürcüstanın o nəğmələri
Hardansa gətirib
salır yadıma
Başqa bir həyatı, özgə bir yeri.
Əfsuslar
olsun ki, bu sərt avazın
Nəşədir
fikrimin qol-qanadına;
Aylı
bir gecədə gördüyüm qızı
Axtarıb, gətirib salır yadıma.
Hər səni
görəndə unuduram mən
O əziz
xəyalı, acı həsrəti,
Sən nəğmə
deyəndə gəlib yenidən
Gözlərim önündə durur qəfləti.
Oxuma, ey
gözəl, gəl, yet dadıma:
Dərdli
Gürcüstanın o nəğmələri
Hardansa gətirib
salır yadıma
Başqa bir həyatı, özgə bir yeri.
Mən yazdım ki, Eyvaz Borçalının bu şeiri ikinci dəfə və tamam başqa variantda tərcümə etməsini əlamətdar hesab edirəm. Ona görə ki, 25-30 ildən sonra yenidən eyni şeirə müraciət etmək faktı tərcüməçinin bir tərəfdən sənətkar məsuliyyətindən, axtarışlarından xəbər verirsə, digər tərəfdən də onun uzun illər boyu öz “tərcümə obyekti” ilə birgə yaşadığını göstərir. Oxucunu bilmirəm, ancaq mənim ikinci variant daha artıq xoşuma gəlir.
Puşkin Qoqolun dediyi kimi, “milli şair” idi, ancaq onun istedadı heç vəchlə milli sərhədlərə sığışmırdı, bu milli şair eyni dərəcədə də bəşəri şair idi. Bununla bərabər, orası da var ki, bir şəxsiyyət və vətəndaş kimi Puşkində də “velikorus şovinizmi” ünsürlərini müşahidə etmək mümkündür, baxmayaraq ki, bu istilah Puşkindən xeyli sonralar – XX əsrin əvvəllərində yaranıb.
Puşkinin Qafqazı sevməsində və qafqazlıları qiymətləndirməsində heç bir mübaliğə yoxdur, ancaq onun Qafqaza və ümumiyyətlə, Şərqə münasibətində rus çarizm müstəmləkəçilik əhval-ruhiyyəsini də hiss etmək mümkündür. İndi baxın:
Tək özüməm Qafqaz üstə, uçurum başında
Aşağıda qar – altdadır, dağlar dərində:
Bir qartal
da havalanıb zirvə qaşından
Dövrə
vurur, cövlan edir bərabərimdə:
Qar
xarlayıb, sular sızır, artır, çaxnaşır
İlk uçqunlar ləngərlənib aşır,
ağnaşır.
Aşağıda
məzlum-məzlum üzür buludlar,
Şəlalələr
yelləndikcə çırpılıb daşa,
Qayaların
üstən aşıb gedir birbaşa...
Dediyim həmin əhval-ruhiyyə təhtəlşüur olaraq lirik qəhrəmanı Qafqazın üstünə qaldırıb, ancaq böyük istedad elə möhtəşəm bir Qafqaz mənzərəsi yaradıb ki, o lirik qəhrəman o möhtəşəm mənzərə içində əriyib gedir və Eyvazın da poetik məharəti ondadır ki, həmin möhtəşəmliyi göstərə bilib.
Şərq mövzusu və fakturası Puşkin istedadının təbiətinə doğma idi və burada, bəlkə də, genetik yaddaşın təhtəlşüur ifadəsi öz işini görüb, hər halda Puşkin istedadı Şərq mövzularını ekzotikadan bədii kolorit səviyyəsinə qaldırmağı bacarıb.
Bu mənada onun ən koloritli əsəri, məncə, “Baxçasaray fontanı” poemasıdır və Eyvaz Borçalı o bədii koloriti öz tərcüməsində qoruyub saxlayıb. Poemanın elə ilk misraları oxucunu ələ alır, Xan sarayının ekzotik yox, qorxulu-hürkülü, təbii-koloritli əhval-ruhiyyəsini, hətta mən deyərdim ki, aurasını canlandırır:
Kəhrəba qəlyana dəm verib Gəray,
Zəhmli gözləri zillənib yerə;
Susub dövrəsində tülüngü saray,
Hazırdı tərpənib qulluq göstərə.
Buyuruq gözləsə də hərə özünə,
Sükuta qərq olan sarayda indi
Heybətli Gərayın dalğın gözündə
Aydınca oxunan qəzəbdi, kindi...
Mən bu kiçik önsözü yazarkən “Baxçasaray fontanı”nı bir daha orijinalda oxudum və Eyvazın tərcüməçi səriştəsi və istedadı bu poemanın tərcüməsində də özünü açıq-aşkar göstərir. Misal üçün, poemada kənizlərin oxuduğu “Tatar nəğməsi” var və bu nəğmənin poetik dili poemadakı nağılçının, yəni müəllifin dilindən fərqlidir – eyni təbiilikdir, ancaq nəğmə daha zərifdir, daha incə, daha həzindir.
İndi Eyvaz Borçalının tərcüməsinə diqqət edək.
Bu – kənizlərin
“Tatar nəğməsi”dir:
“Hər dərdin,
ələmin, ağlamağın da
Göylər
əvəzini qaytarır axır;
Əcəb
bəxtəvərdi ahıl çağında
Məkkəni ziyarət eyləyən fağır.
Əcəb
bəxtəvərdir cavan çağında
Dunay sahilində şəhid olanlar.
Çıxar
qabağına cənnət bağında
Bir xoş təbəssümlə huri-qılmanlar.
Ondan da bəxtəvər
o kəsdir ancaq
Həyatdan zövq ala, bir ləzzət dada.
Zarema... O
səni qızılgül sayaq
Bəsləyib oxşaya hərəmxanada.”
Bu isə
– həmin nəğmədən sonra gələn müəllif
mətnidir:
Kənizlər oxuyur. Amma bu saat
Hardadır
Zarema – şux gürcü qızı?
Tərifi
eşitmir, dərdlidir heyhat,
Hərəm yaraşığı, sevda ulduzu.
Elə
bil, palmadı çıxıb tufandan,
Başını
saxlayıb, büküb çiynini;
Gəray
üz döndərib, soyuyub ondan
Heç nə də oxşayıb açmır eynini.
Eyni
nüansı biz “Yevgeni Onegin”dəki Tatyananın Oneginə
yazdığı sevgi məktubunda da hiss edirik və bu yerdə
mən Puşkinin dünyagörüşü ilə
bağlı maraqlı bir cəhəti xüsusi qeyd etmək
istəyirəm. Tatyana yalnız Puşkin
yaradıcılığında deyil, ümumiyyətlə, X1X
əsr rus ədəbiyyatındakı sevimli qadın qəhrəmanlardan
biridir, bu mənada onu, bəlkə də, Nataşa Rostova ilə
müqayisə etmək olar. Ancaq baxın, Puşkin
öz qəhrəmanının məktubunu necə təqdim
edir və Eyvaz da bunu necə səlist tərcümə edib:
Hələ
xəbərsizik bir çətinlikdən:
Elin şərəfini
xilas edərək,
Bizim
Tatyananın məktubunu mən
Doğma dilimizə çevirim gərək.
Aleksandr Sergeyeviç Puşkin nə üçün
“elin şərəfini xilas etmək” məcburiyyətində
qalıb, söhbət ki, məsum bir qızın ilk sevgi məktubundan
gedir? Bu, nə “məktubu doğma dilimizə çevirmək”
söhbətidir?
Məsələ
burasındadır ki, Tatyana da X1X əsrin birinci
yarısında rus kübar cəmiyyətinə mənsub
başqa yaşıdları kimi “ruscanı pis bilib, ayıb
sayıbdı...”
Öz
doğma yurdunda, doğma elində
Çox
çətin danışıb ana dilində,
Elə məktubu
da yazıb firəngcə...
... Nə
etmək?..
Rusca
anlatmayıb eşqini heç kəs,
Qadınlar
yad dili sevib beləcə...
Öz ana
dilimiz, məğrur dilimiz
Məktubda işlənmir, yatmır əlimiz.
Və Puşkin Tatyananın məktubunu guya fransız
dilindən tərcümə edir.
Tanış situasiyadır, deyilmi?
Əsas və mənim üçün çox qiymətli
cəhət isə burasındadır ki, Puşkin öz
poeziyasının qadirliyi ilə rus dilinin inkişafında,
sevilməsində, o cümlədən rus kübar cəmiyyətinin
tatyanaları tərəfindən sevilməsində misilsiz rol
oynadı. Puşkindən sonra kübar cəmiyyətindəki
həmyaşıdları çox güman ki, Tatyananın guya
fransız dilində yazdığı həmin ilk sevgi məktubunu
Puşkinin “tərcüməsində” əzbər söyləyirdi.
Eyvaz Borçalının isə bədii-estetik uğuru
ondan ibarətdir ki, Aleksandr Sergeyeviç Puşkin
poeziyasının qadirliyini Azərbaycan dilində bizə
çatdırıb və bunun əyani təcəssümü
oxucunun qarşısındakı bu kitabdır.
ELÇİN
525-ci qəzet.-
2012.- 17 noyabr.- S.20-21.