Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur

 

Şəxsiyyət anlayışı barədə

 

(Xeyirə kahin xidməti, şərə qarşı isə məğlubedilməz qladiator cəsarəti göstərən R.A.-ya)

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Antonin kimi mənim üçün şəhər və vətən Romadır, bir insan kimi isə – dünyadır.

 

Mark Avreli

 

 

Xristianlıq üçün onun ən böyük xidməti imperiyanın şimalında və şərqində olan bütpərəst tayfaları bu dinə keçirməsi idi. Sakson tayfaları zorla xristianlaşdırıldı.

Böyük Karl həm də incəsənətin və elmlərin himayəçisi idi. Bu “Karolinq inqilabı” adlanır. Məşhur frankon akademiyası meydana gəldi. Bu, ilahiyyatçıların, tarixçilərin, şairlərin dərnəyi olmaqla, qədim latın kanonlarını həyata qaytarırdı.

Karl xalq arasında savadlılığın yayılmasına böyük əhəmiyyət verirdi. Hər yerdə latın dilini, ədəbiyyatını, qrammatikanı, ilahiyyatı öyrədən məktəblər meydana çıxdı. O, vahid xristian roman-german mədəniyyət məkanı yaratmağa, frank mühitində savadlılığı tətbiq etməyə can atırdı. O, xüsusilə göstəriş vermişdi ki, latın dili kimi, yazısı da unifikasiya edilsin. Heç də təsadüfi deyildir ki, Karlı Avropanın yaradıcısı adlandırırlar. Min il sonra imperator titulunu qəbul edən Napoleon da Böyük Karlın universal imperiyasının ənənəsini davam etdirmək istəyirdi.

Frank cəmiyyətində ailə məsələlərinə də ciddi diqqət verilirdi. Burada nikah ailəni genişləndirmək üçün cavanların adından ata və ya əmi tərəfindən bağlanırdı. Arvadlar ərlərinə sədaqətli olmalı idilər. Qızın 15 yaşı olanda öz mühafizəçisinə ona ər seçməyə icazə verirdi. Stabil kəbin monoqamiya xarakterli olmaqla daimi idi. Bir sıra xüsusiyyətlərinə görə Karlın imperiyası əslində “Avropa krallığı” idi.

İmperiyanın yaranması həm də başlıca olaraq onun daxilində əhalinin mədəni səviyyəsinin yüksəldilməsi sahəsində Karlın cəhdlərinin legitimləşdirilməsinə şərait yaradırdı. Karl hakimiyyətə gələndə Frank krallığının mədəni, inqilabi və qanun institutları müqayisəli qaydada götürdükdə, hələ də inkişaf etməmiş şəkildə qalırdı. Frank kralı, misal üçün, heç bir daimi iqamətgaha malik deyildi. Yayda bir tərəfə gedilirdi, axı həm də yay ayları hərbi kampaniyalar mövsümü hesab olunurdu. Qışda isə kral özünün imperial saraylarının birində məhkəmə prosesləri aparırdı. Axen isti bulaqlarına görə yaşlı monarxlara xoş gəlirdi. Karl isə orada indiyədək qalan saray kilsəsi tikdirdi.

Karlın sarayı onun ailəsindən, şəxsi xidmətində olan keşişlərdən, bu, kral kapellası adlanırdı və müvəqqəti qulluqçulardan ibarət idi. Karl çalışırdı ki, onun sarayı səltənətin siyasətinin və inzibatçılığının intellektual mərkəzi olsun. Bu məqsədlə imperiyanın bütün guşələrindən, hətta xaricdən çox sayda görkəmli alimlər dəvət olunurdu. Onların daha məşhurları Eynhard və Alkuin idi. Axırıncıların və digər savadlı adamların köməyi ilə Karl saray kitabxanasını yaratmışdı, həmçinin gənc frank rıtsarlarının təhsil alması üçün saray akademiyasının əsasını qoymuşdu.

Karlın ana dili köhnə yüksək german dili olsa da, frankların çoxunun danışdığı dil olan köhnə fransız dialektini də başa düşürdü. Yaşlı adam kimi o, özü də latın dilini və bir qədər yunan dilini öyrənmişdi. Ona ucadan kitablar oxuyurdular və həm də matematika və astronomiya biliklərinə yiyələnmişdi.

Öz sarayı vasitəsilə Karl imperiyasını idarə edir və inzibatçılığı həyata keçirirdi. İldə ən azı bir və ya iki dəfə imperiyanın hər tərəfindən magistratlar və kübarlar baş məclisə toplaşırdılar. Karolinq imperiyasının unikal quruluşu ondan ibarət idi ki, heç kəs silahlı qüvvələr məclisi ilə, kübarlığın konstitusiya məclisi kimi kilsə sinodu arasında aydın xətt çəkə bilməzdi. Ədalət məsələləri, hərbi işlər və köməyə aid olan problemlər kübarlığın və ruhanilərin nümayəndələri tərəfindən eyni bir vaxtda müzakirə edilirdi. Onların hamısının üstündə isə Şarlemanın şəxsiyyəti dayanırdı.

Karl müxtəlif xalqların və tayfaların ənənəvi hüquqlarına hörmətlə yanaşırdı. Kapitulyarilər (frank krallarının imzaladığı qanunlar və sərəncamlar) müəyyən dərəcədə tayfa hüquqlarına əlavə kimi xidmət edirdi, həm də ictimai və özəl həyatın ayrı-ayrı aspektlərini nizamlamaq üçün tətbiq olunurdu.

Karlın imperiyasının təşkili heç də nöqsanlardan və məhdudiyyətlərdən xali deyildi. Ancaq müxalifət hərəkatları barədə olduqca az məlumatlar vardır. Karlın varisi Luinin başçılığı altında hazırlanmış imperiyanın tarixi göstərir ki, ən görkəmli qabiliyyətlərə malik olan şəxsdən belə, siyasi sistem asılı olduqda, onun yoxa çıxması ilə hökmən bu sistem üçün iflas təhlükəsi yaranır. Artıq kralın sağlığında sahil regionları normanların hədələrinə məruz qaldı. Ölümündən xeyli əvvəl, 806-cı ildə Karl imperiyanı öz oğlanları arasında bölməyi planlaşdırırdı. İki böyük oğlu öldükdən sonra o, Lui Akvitaniyalını həmimperator və yeganə vəliəhd kimi taclandırdı. Bir neçə ay sonra, 814-cü ilin yanvarında Karl vəfat etdi.

Germanların ya fransızların Şarlemanın həqiqi varisi olması barədəki mübahisə orta əsrlərdən başlayaraq müasir dövrə qədər davam edir. Napoleon özünü Şarlemanın varisi adlandırırdı. İkinci Dünya müharibəsindən sonra “Qərbi” Avropanın birləşməsi barədəki müzakirələr onun modelini dirçəldirdi. Karl haqqında populyar əfsanələr və şeirlər meydana gəldi, onların zirvəsini “Roland haqqında nəğmə” epik poeması təşkil edir. Qay Yuli Sezarın adından kayzer, çar, qeysər titulları yarandığı kimi, Karlın adından slavyan dillərində – çex dilində “kral”, polyak dilində “krol”, rus dilində “korolğ” və sairə sözlər meydana gəlmişdir.

Karlın sarayında yaşayan Eynhard Şarlemanın xarakterik cəhətlərini belə təsvir edir: “O, qeyri-adi hündürlükdə olan geniş və möhkəm bədənə, lakin yaxşı proporsiyaya malik idi. Onun sifəti dəyirmi idi, gözləri canlı, saçları gümüşü və sıx idi, üzü xoş və şən idi. Oturanda və ya duranda o, yaxşı təəssürat bağışlayırdı, baxmayaraq ki, o, yoğun bədənə malik idi, boynu gödək idi, qarnı bir qədər qabağa çıxırdı, lakin bədənin yaxşı proporsiyası bunu gizlədirdi. O, möhkəm addımlarla addımlayırdı. Özünü adi adam kimi aparırdı. Ucadan danışırdı. O, yaxşı sağlamlığa malik idi, ölümündən dörd il əvvəl qızdırmadan dəfələrlə əziyyət çəkmişdi. O, ölümünə yaxın bir ayağını çəkirdi”.

Onun sarayındakı şairlərdən biri onu “rex pater Europae” – “Avropanın kral atası” adlandırmışdı. Həqiqətən də, heç kəs Avropa tarixinə orta əsrlər ərzində onun kimi bir damğa vura bilməmişdi.

Böyük fransız mütəfəkkiri Şarl Monteskye isə özünün “Qanunların ruhu haqqında” dahiyanə əsərində Böyük Karla xüsusilə yüksək qiymət verir, tərifli sözlər bir növ panegirika xarakteri daşısa da, həqiqətin heç də təhrif olunması kimi qəbul edilmir. Tomas Moru düşündüklərindən daha çox oxuduqları haqqında danışmağına görə tənqid edən Monteskye, bu nəhəng sima haqqında daha çox düşündüklərini danışsa da, obyektivlikdən azacıq da olsa uzaq qaçmır, axı onun qiyməti də başlıca olaraq oxuduqlarına, tədqiqatına əsaslanır. O, Böyük Karlı erkən orta əsrlərin qəhrəmanı və əfsanəvi şəxsiyyəti, həm də Qərbi Avropada ilk xristian dövlətinin yaradıcı hesab edir. Çünki Karl həqiqətən də xristian dəyərlərinə əsaslanan dövlət qurmağa səmimi qaydada cəhd etmişdi. İcma adətləri əsasında deyil, həqiqət ruhunda qanunlar təsis etmişdi. O, hesab edirdi ki, dövlətin möhkəmliyi, tabeliyə əsaslanan hakimiyyətin gücündən asılı olduğu kimi, həm də təbəələrin sədaqətindən, onların etimadından və məhəbbətindən asılıdır. Əgər gələcək hökmdarlar da Böyük Karldan nümunə götürsəydilər, onda xalqların həyatı, heç şübhəsiz, xoşbəxtlik naxışları ilə bəzənərdi.

Böyük Karl savadsız olmasına baxmayaraq, bütün ömrü boyu maarifi inkişaf etdirdi, bunun üçün monastırlar yanında çox sayda məktəblər açmışdı, Akademiya yaratmışdı. Akademiyaya isə bütün dünyadan alimləri cəlb etmişdi və özü onun iclaslarına sədrlik edirdi.

Karlın təşəbbüsü ilə Bibliyanın səhih mətni tərtib edilmişdi. Monarx qədim german rəvayətlərini və nəğmələrini yığırdı, alimlərə tapşırıq vermişdi ki, özünün doğma frank dilinin qrammatikasını işləyib hazırlasınlar. Bu sübut edir ki, Karl özünü german kimi hiss edirdi, nə öz xalqını, nə də şəxsən özünü latınlaşdırmağa cəhd etmirdi. Onun sarayı german üslubunda qurulmuşdu, boş vaxtını ova və ya kitab oxunmasını dinləməyə sərf edirdi. Sarayın ağasının fərdi sadəliyi və mötədilliyi şəraitində onun ətrafında bir qədər kobud dəbdəbə mövcud idi.

Onun hökmranlıq dövrünü bəzən “Karolinq dirçəlişi” adlandırırlar, bu xaosa deyil, qaydalara, parçalanmağa deyil, birliyə xidmət nümunəsi idi. Məhz bu xüsusiyyətlər krala hakimiyyət verir. Böyük bir imperiyanı vahid bir dövlət kimi birləşdirən Şarlemandan fərqli olaraq, sonrakı bəzi dövlət başçıları öz hakimiyyətlərini qoruyub saxlamaq üçün idarə etdikləri xalqı parçalamaqdan, onun bütövlüyünü qorxulu təhlükə altına salmaqdan da çəkinməyərək, əslində dövlətçiliyə zərbə vururdular. Tayfalara, klanlara arxalanan hakimiyyətin dayaqlarının puçluğunu XXI əsrin əvvəllərində baş verən “ərəb baharı” prosesi açıq şəkildə göstərdi.

Böyük Karl öz hakimiyyətini dövlətin bütün ərazilərinə yaymışdı, axı bu feodalizm dövründə görünməmiş iş, inqilabi xarakter daşıyan bir hadisə idi. Çünki feodalizm əslində mərkəzi hakimiyyətin iflasından xəbər verirdi, feodallar krallarla hesablaşmır, onları ələ salırdılar. Orta əsrlər Fransasında bir qraf guya krala təzim edirmiş kimi əyiləndə, onu qılçalarından tutub yıxmış, monarxı istehza obyektinə çevirmişdi. Karl isə Avropada sonralar da davam edən prosesin əksinə nəhəng dövlətinin parçalanmasına yol verməmiş, idarəçiliyi təkmilləşdirmək üçün hakimiyyətin pilləli qaydada bölünməsini tətbiq etmişdi.

Bütün əməllərinə görə Böyük Karl tarixdə ən görkəmli hökmdarlardan biri hesab olunur. Təkcə Qərbdə Roma imperiyasını yenidən qurması ona tarixin ən böyük şəxsiyyətlərindən ibarət, o qədər də böyük olmayan qalereyaya tam əsasla daxil olmaq hüququ verir. Taxt-tacda olmasının sonunda Böyük Karlın hakimiyyəti bütün Mərkəzi və Qərbi Avropaya – Şimal dənizindən Aralıq dənizinə qədər, Atlantik okeanından Adriatik dənizinin şərq tərəflərinə qədər yayıldı.

Qocalıq əsri olan orta əsrlər termini humanistlər tərəfindən 1500-cü ilə yaxın leksikaya daxil edilmişdi. Qədim Yunanıstanda və Qədim Romada vətəndaş ləyaqətləri inkişaf edirdi, zəka və mədəniyyət ağalıq edirdi, sonralar isə barbarlığın, cəhalətin və ümumi tənəzzülün uzun dövrü başlandı. Humanistlər antik dövrün dəyərlərini bərpa etməyə çalışırdılar və ona görə də tarixçilər onların dövrünü İntibah epoxası adlandırırlar. Elmdə humanistlərdən gələn bir adət üzrə 476-cı ildə Romanın süqutu və Qərbi Roma imperiyası ərazisində barbar krallıqlarının yaranması orta əsrlərin başlanğıcı kimi qəbul edilmişdir.

Böyük Karla isə məhz bu dövrdə, 800-cü ildə Qərbi Avropanı imperiyada birləşdirmək müyəssər oldu, ona görə də romalılar onu “Ave, Sezar!” deyə salamlayırdılar. Təsadüfi deyil ki, Karlı Avropanın yaradıcısı sayırlar. Məsələnin mahiyyətinə nüfuz etdikdə bu ideya heç də həqiqətdən uzaq deyildir. Böyük Karlın dövründə Avropa vahid məkana çevrildi, ona qədər və ondan sonra Avropa heç vaxt belə birləşmiş olmamışdı. Bu nöqteyi-nəzərdən Karlın Avropasını müasir Avropanın prelyudiyası saymaq olar.

Böyük Karl heç də təkcə istedadlı hərbi xadim deyildi, həm də parlaq inzibatçı idi. O, heyranedici bir səmərəliliklə nəhəng, həm də mürəkkəb quruluşlu krallığı bacarıqla idarə edirdi. O, çox sayda iqtisadi və aqrar islahatlar aparmışdı, təhsilə himayəçilik edirdi. O, həyatın bütün tərəflərinə – həm dini, həm də dünyəvi tərəfinə hakimiyyəti öz əlində cəmləşdirmişdi. Lakin bu heç də tarixdə sonralar meydana gələn totalitar quruluş deyildi.

 

(Ardı var)

 

 

Telman Orucov

 

525-ci qəzet.- 2012.- 17 noyabr.- S.18.