525-ci qəzet'ə yubiley təbrikləri - 20 il

 

Mənə əziz, doğma olan hörmətli Rəşad Məcid və “525-ci qəzet”in əməkdaşları!

Qəzetinizin 20 yaşını ürəkdən təbrik edirəm!

“525-ci qəzet” ilk addımını atan gündən öz yolunu düzgün müəyyən etmiş və tarazlığını itirmədən irəliləməkdədir. Orta mövqeli olmaq, obyektiv münasibəti qorumaq bütün dövrlərdə olduğu kimi indi də çətin və yorulmazlıq tələb edən bir yaradıcılıq tərzidir.

İqtidar və yaxud müxalifət yönlü qəzet buraxmaq məncə elə də çətin deyil. Çünki hər ikisinin mövzusu boldur, genişdir, yazdıqca bitmir. Biri təqdir edir, o biri tənqid.

Amma təsirlərdən azad, müstəqil qəzet yaratmaq və yaşatmaq, cəmiyyətin güzgüsünə çevrilmək böyük zəhmət, gündəlik axtarışlar tələb edir.

“525-ci qəzet” ziyalılar arasında ən populyar qəzetdir. Yazıçılar, alimlər, ictimai xadimlər və digər ziyalılarımız bu qəzetin səhifələrində görünməyi şərəf bilirlər. Həm də inanırlar ki, bu qəzetdə çap olunsalar dəyərli və qədirbilən oxucuları çox olacaq.

Mən nəsr yazılarımın əksərini “525-ci qəzet”də yayımladıram. Bu qəzet mənə bir köynək yaxındır.

Rəşad müəllim, sizin baş redaktor və Azərbaycan Yazıçılar Birliyinin katibi kimi geniş ədəbi-ictimai fəaliyyətiniz, yaradıcı gənclərin qayğısına qalmağınız, oxucuların cəmiyyətdə düzgün yönəldilməsi istiqamətində ilhamlı və entuziast işiniz “525-ci qəzet”i daha etibarlı tribunaya çevirmişdir.

 Kollektivinin özü də gəncdir, ruhu da!

Sizə böyük uğurlar arzulayıram!

 

 

Əjdər OL

 

525-ci qəzet.- 2012.- 17 noyabr.- S.16.