“525” – doğma
ünvan...
1997-ci ilin avqustu idi.
Mən “525”ə ilk dəfə ayaq basdım. Orda
çalışmaq, həm də muvəqqəti
çalışmaq üçün. Ona görə
müvəqqəti ki, o dövrün populyar qəzetlərindən
olan “Hürriyyət”də təsisçi ilə baş
redaktor arasında olan şəxsi problemlərə görə
bu qəzetin kollektivi istefa edəndən sonra uşaqların
çoxu hərə bir yerdə özünə iş
axtarırdı.
Hara gedəcəyimə qərar verməkdə çətinlik
çəkən mənsə, düşündüm ki,
müvəqqəti “525”ə gəlim. Burda dostum Kamil Həmzəoğlu
çalışır, bir müddət, daha uyğun bir
iş yeri tapana qədər burda vaxt keçirim.
Redaksiyaya
gələndə fikrimi Kamilə dedim, o, Azərbaycan mətbuatının
ən peşəkar redaktorlarından olan Yusifə (Rzayev),
Yusifsə Rəşad Məcidə. Sonuncu, heç, mənimlə
görüşmədən “işə başlasın” dedi. Yəqin
ki, “525”in tarixində baş redaktorun görüşmədən
işə götürdüyü yeganə adam
mənəm. O vaxta qədər olan 1-2 maraqlı reportajım
belə bir etimad görməyimə kömək eləmişdi.
Mən “525”də çalışa-çalışa hər
gün burda müvəqqəti olduğuma özümü
inandırmışdım. Əvvəllər
daimi oxucusu olduğum bir qəzet deyildi deyə, onu özümə
yaxın hiss edə bilmirdim.
Rəşad müəllimlə ilk
tanışlığım kompyüter otağında
olmuşdu.
Yazını kompyüter yığıcısına diqtə
etdiyim vaxt otaqda cüssəli bir nəfər mənə
yaxınlaşıb bu qəzetin baş redaktoru Rəşad Məcid
olduğunu bildirdi və barəmdə 1-2 xoş söz dedikdən sonra
uğurlar arzulayıb otaqdan çıxdı.
Türklər təsirləndikləri bir şeyə
“elektrik aldım” deyirlər. “525”dən elektrik
aldığım ilk an, bax, onda oldu. Redaksiyanın rəhbəri
özünə münasibətdə heç bir rəsmi hərəkətlər
tələb etmədən özü əməkdaşla tanış olurdu.
Kompyüter otağında özümdən başqa bir
yeni əməkdaşı da gördüm. Çox gənc
idi, olsa-olsa 16-17 yaşı vardi. Tanış
oldum – Aydın idi adı. Hansısa mətni
kompyüterdə yığırdı. Klaviaturada hər
hərfi tək-tək axtarmağından hiss olnurdu ki,
kompyüter arxasında ilk dəfə oturur. Köməyimi təklif
elədim – dedi yox, öyrənmək istəyirəm. Aydın qəzetə texniki işçi kimi gəlmişdi,
sonra fotoqraf da oldu, müxbir də. Qəzetçiliyin
həm texniki, həm yaradıcılıq sahələrində
sıfırdan başlayıb öyrəndi. Öyrənə-öyrənə mətbuatda
imzasını təsdiqləyən bir jurnalist oldu. Aydın Bağırov indi ölkənin
aparıcı futbol saytı olan “Qol.az”ın baş redaktorudur.
“525” hamıya öyrədir.
“525”də işləyən və öyrənmək istəyən
hər kəs öyrənir.
lll
İndi Azərbaycandan uzaqdayam. Bu yay Bakıda olanda
“525”ə də getmişdim.
Redaksiyada
köhnə uşaqlarımızdan çox az
qalmışdı – Yusif, Yaşar Əliyev, Aydın, Seyfəddin
Hüseynli və mənim “525”də işlədiyim son illərdə
gələn İsgəndərlə Miri, Mirhacib Məcid.
Yenilər
çox az idi. Halbuki vaxt vardı “525”də
qarışqa kimi hərə bir yana
qaçardı.
Rəşad müəllimlə nostalji söhbət elədik. Bir az
hirslə, bir az da təəssüflə dedi, kimi gətirib
yetişdiririksə, mətbuat xidmətləri, agentliklər,
televiziyalar bir az yüksək maaşla aparır.
Dövlət qurumlarının mətbuat xidmətlərində
nə qədər “525”çi var. Vergilər, Rabitə,
İqtisadi inkişaf nazirlikləri kimi dövlət
qurumlarının mətbuat xidməti “525”də təcrübə
qazanmış əməkdaşları işə dəvət
edib. “525” məsul dövlət vəzifələri
üçün də dəyərli peşəkarlar
yetişdirib. Dini Qurumlarla iş üzrə Dövlət
Komitəsinin sədr müavini, Azərbaycanın ən
savadlı din mütəxəssislərindən olan
Gündüz İsmayılov işgüzar həyata məhz
“525”dən başlayıb. Dini Komitəyə də elə
“525”dən transfer edib.
“525”də redaktorların tədbirlərindən xəbər
yazmaqçün göndərdiyi gənc jurnalistlər
qısa müddət sonra informasiya agentliklərinə,
televiziyalara, jurnallara dəvət alıb həmin qurumun
aparıcı əməkdaşları olublar.
Müvəqqəti gəldiyim “525”ə elə möhkəm
bağlandım ki, bundan sonra istəsəm belə, qopara bilmirəm
özümdən. Düz 12 il “525”də işlədim.
“525” mənim mənəvi ailəm oldu. Bu ailədə elə dəyərli dostlar
qazandım ki, onlarla özümü arxalı və zəngin
hesab edirəm. İşə bir bax ki, “525”in 10 illiyini
birlikdə qeyd etdiyimiz bizlər indi fərqli ölkələrdə,
fərqli iş yerlərindəyik. Amma yenə də
“525”çilər kimi bir-birimizlə əlaqələrimizi
qırmırıq. İnternet bir dünya,
facebook isə mənimçün virtual vətəndir. Bu günlərdə facebook-da köhnə
“525”çilər duyğusal, nostalji söhbətlərlə
o günləri xatırladıq.
Gündüz İsmayılov Gündüz Kamiloğlu
imzası ilə 525-də sıravi müxbirlikdən
başlayıb ölkənin nüfuzlu
ilahiyyatçısı, daha sonra isə dövlətin dini
siyasətini yürüdən nüfuzlu insanların cərgəsinə
keçdi. Gələcək
həyat yoldaşı Aysellə də elə burda tanış olub evləndi. “525-ci qəzet”in mənim
həm ailə, həm də iş həyatımda
böyük rolu və yeri olub. Buna görə
“525”ə həmişə minnətdar olacağam. Harada və hansı işdə
çalışmağımdan asılı olmayaraq, “525” mənimlədir
– sözün bütün mənalarında", deyir
Gündüz İsmayılov.
Bir vaxtlar
“525”də yumoristik “525+1” səhifəsinin həmmüəlliflərindən
olan, sonralar qəzetin xəbərlərinə məsul Kamran Həsənovun
da ilk iş yeri “525” olub. Prezident Aparatı
ictimai-siyasi şöbənin məsləhətçisi olan
Kamran “525”in dəyərli əməkdaşlarından idi.
“İnsanın həyatında müəyyən mərhələ,
yaş dövrü var ki, gələcək həyatın və
karyeran üçün lazım olan hər şeyi həmin
dövrdə öyrənirsən, lazımi təcrübəni
həmin dövrdə qazanırsan. O mərhələ keçəndən
sonra artıq gecdir. Və mənim bəxtim gətirib
ki, həyatımın həmin mərhələsini “525”də
keçdim. Bu mənim üçün
unudulmaz bir məktəb oldu və bu “məktəb”i
tikib-quranlar da, orada “dərs deyənlər” də mənim
üçün doğma insanlardır”, deyir Kamran.
İndi ANS-in redaktoru olan Azadə Balayeva “525”in
yetişdirdiyi jurnalistlərdən olmasa da, televiziyaya dəvət
olunmasında “525”dəki fəaliyyətinin xüsusi rolu olub. “525”
jurnalistika fəaliyyətimdə ata evimdir” deyir. “Bu qəzetdə mən sözün bütün mənalarında
azad idim. İstər yaradıcılıq – mövzu
seçimləri,
materialların hazırlanması prinsipləri, istərsə
də, iş qrafiki
baxımından. “525” Rəşad Məcidin rəhbərliyində
gözəl, mehriban bir ailə idi mənim aləmimdə.
Orada işlədiyim müddət ərzində
Rəşad müəllimin bir işimizə
qarışdığını görmədim. “525”in redaksiyası bu gün də mənim
üçün doğma bir yer, oradakı insanlar da istənilən
çətin anlarımda heç bir tərəddüd etmədən
üz tuta biləcəyim doğma insanlardır”.
Telejurnalist
Samir Paşayev: “525-ci qəzet” mənim ilk iş yerim və mətbuatda
ilk addımlarımı atdığım məkan olub. Əvvəllər qəzet mənə yazılarımın
dərc olunduğu səhifələri ilə, məqalənin
sonunda adımın yazılması ilə doğma idi. Amma sonralar, hətta qəzetdən, ümumiyyətlə,
qəzetçilikdən uzaqlaşandan sonra onun mənim
üçün daha böyük önəmini anlamağa
başladım – “525-ci qəzet” məni ictimailəşdirib, fərd
çərçivəsindən çıxarıb. “525”dən başlayan mətbuat təcrübəm vəzifəli-vəzifəsiz
insanlarla komplekssiz ünsiyyət qurmağı öyrədib.
Halbuki belə ünsiyyət qabiliyyəti bizim bəzi
tanınmış ziyalılarımızda, siyasətçilərimizdə,
rəsmilərimizdə yoxdur.
Mətbuat tramplindir – həm düşüncələr
üçün, həm karyera üçün. “525-ci qəzet”
isə çox elastik tramplindir – 20 ildir elastikliyini saxlayır.
İndi Azərbaycanda bəlkə də elə
bir sahə tapılmaz ki, orda çalışan nüfuzlu
insanlar arasında “525-ci qəzet”də işləyən, bu qəzetlə
əməkdaşlıq edən olmasın”.
lll
1999-cu ildə “525”ə gənc bir oğlan gəlmişdi. “525”in ən
çətin vaxtları idi. Əməkdaşların
bir çoxu işdən uzaqlaşsa da, o, həvəsdən
düşmədən işlədi. İşlədi
və əməyinin bəhrəsini gördü – mətbuata
Zabil Müqabiloğlu imzasını tanıtdı. Artıq “Gunxeber.com” saytını yaradıb, ona rəhbərlik
edir. Deyir, “hər bir insanın həyatında
ilk sevgi deyilən və heç vaxt unudulmayan bir sevgi
olduğu kimi, “525-ci qəzet” də jurnalistikada mənim ilk
sevgimdir. Bu qəzetdən sonra başqa yerlərdə
işləsəm də, hazırda özüm bir mətbuat
orqanına rəhbərlik eləsəm də, tam səmimi
deyirəm ki, indi də özümü “525”in bir sıravi əməkdaşı
kimi hiss edirəm, hər zaman ora doğma bir yer kimi, ata
ocağı kimi baxıram”.
lll
...“525”in 10 illik yubileyinə redaksiyada çox qısa
müddətdə çalışanlar belə dəvət
olunmuşdular.
O zaman mənim təmsil olunduğum mənəvi ailəm də
mövcud idi. Sonralar böyük əksəriyyətimiz
müxtəlif səbəblərdən “525”dən
uzaqlaşdıq. Könül Xəlilova Dövlət
Neft Fonduna, ordan isə dünyanın xəbər nəhənglərindən
olan BBC-yə, Kamran Həsənov Prezident Aparatına, mən
ailə qurub Ankaraya, Zəminə Əliqızı təhsil
sistemində məsul vəzifəyə, Sevda Sultanova kino tənqidçiliyinə,
Qalib Toğrul İqtisadi Tədqiqatlar Mərkəzi İdarə
Heyətinin sədrliyinə getdik. “525”dən
incidiyimiz anlar da olub, yorulub bezdiyimiz anlar da. Amma bərabər
çalışmağımızdan sevindiyimiz,
dostluğumuzdan zövq aldığımız anlar daha
çox olub. İndi “525” fiziki və ya mənəvi
baxımdan bizimlə olmasa da, əsas odur ki, biz bir-birimiz
üçün varıq və hər zaman var olacağıq!
İlhamə Qasımlı
Ankara,
525-ci qəzet.- 2012.- 17
noyabr.- S.17.