Görkəmli alim və ictimai
xadim
Əhliman Əmiraslanov-65
Azərbaycan
daim özünün
dünya şöhrətli alimləri, ictimai xadimləri,
müəllim, həkim və səhiyyə işçiləri
ilə fərqlənib, vətənimizin başını hər
yerdə uca edən, ona şan-şöhrət gətirən
ləyaqətli övladları ilə fəxr edib. Bu möhtəşəm ənənə
bütün dövrlərdə olduğu kimi bu gün də
davam edir. Doğma, müstəqil Azərbaycanımızın
hər uğuruna sevinən, ölkə
başçımızın apardığı mükəmməl
daxili və xarici siyasəti nəticəsində əldə
edilən yenilməz yüksəlişə şad olan, hər
bir Azərbaycan övladı kimi bacardığı qədər
bu yüksəlişə elm, təhsil və müalicə-profilaktika sahələrində, ictimai işlərdə öz töhfələrini verən,
ürəyi vətən üçün döyünən sədaqətli,
səmimi, oğullarından biri də bu günlərdə
anadan olmasının 65-ci ildönümü qeyd edilən
SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan
Milli Elmlər Akademiyası, Rusiya Tibb Elmləri Akademiyası və
Polşa Tibb Elmləri Akademiyasının həqiqi
üzvü, Milli Məclisin deputatı əməkdar elm xadimi,
tibb elmləri doktoru, dünya şöhrətli cərrah-onkoloq
akademik Əhliman Tapdıq oğlu Əmiraslanovdur.
Həkimlik
peşəsini seçənlərin yollarının nahamvar, kələkötür
olduğuna, onların bu yolda çox əziyyətlərlə
üzləşəcəklərinə, lakin bu əziyyətlərə
qatlaşıb qarşıya çıxan bütün çətinliklərə
sinə gərərək onları ağılla, bacarıqla dəf
edə bilənlərin əsl həkim olacaqlarına işarə
edən məşhur bir latın kəlamı
vardır. Bu kəlamda deyilir: “Per aspera, ad astra!”,
yəni “Çətinliklərdən, əzablı yolardan
keçərək, ulduzlara doğru!”. Mən deyərdim ki, bu
kəlam məhz sözün həqiqi mənasında həyatı
boyu böyük çətinliklərdən, daşlı-kəsəkli,
od-alovlu, məşəqqətli, qarlı-çovğunlu
yollardan keçərək addım-addım irəliləyib,
çəkdiyi zəhmətlər bahasına həkimliyin ən
yüksək zirvəsinə ucala bilən və belə bir
zirvəyə yüksələrək özü də bu zirvədə
həkimlik peşəsinin hərarətli, parlaq bir ulduzuna
çevrilən akademik Əhliman Əmiraslanov kimi həkimlər
üçün deyilib. Şükürlər olsun Tanrıya
ki, dünyanın ulduz həkimləri sırasında Azərbaycanın
da ulduz həkimləri az deyil və onların sırasında Əhliman
müəllim də öz şəfqətli şəfəqlərilə
ətrafına nur seli çiləyib, büllur kimi təmiz,
saf inci danələri səpərək ulduzlara doğru gedən
yolunu böyük məhəbbətlə davam etdirir. O, həkimlik
sənətinin zirvəsinə yüksəlməklə, eyni
zamanda insanlıq, vətəndaşlıq, vətənsevərlik,
mətinlik, dəyanətlik, sədaqətlik, səmimilik, təvazökarlıq
rəmzinin, övladlıq və valideynlik ləyaqətinin, təmənnasızlıq
qürurunun ən yüksək zirvəsinə ucalıb. Əhliman müəllim son dərəcə çətin,
eyni zamanda şərəfli və çox zəngin bir həyat
yolu keçərək, özü də hiss etmədən, bu
günkü mərtəbəyə yüksələ bilib.
Ona görə “özü də hiss etmədən” deyirəm
ki, çünki onun qayəsi, məqsədi, həyat
amalı zirvələrə ucalmaqdan yox, harada olursa-olsun bəşər
övladları arasında xeyirxahlıq toxumu səpməkdən,
insanlara kömək əli uzatmaqdan, bu missiyaları səbrlə,
təmkinlə yerinə yetirməkdən ibarət olub. Dünya şöhrətli alimin bioqrafiyasının
ayrı-ayrı məqamlarına ötəri nəzər
saldıqda belə, bunu aydın sezmək mümkündür.
1947 – ci il noyabrın 17 – də Qərbi Azərbaycanın
Göyçə Mahalının Basarkeçər rayonunun Zod
kəndində ziyalı ailəsində dünyaya göz
açan Əhliman Əmiraslanov uşaq yaşlarından fitri
istedada malik olduğunu büruzə vermiş,
özünün hazırcavablığı, məntiqi təfəkkür
qabiliyyəti ilə nəzəri cəlb etmişdir. Atası Əmiraslanov
Tapdıq Muxtar oğlu (1918 – 1976) orta məktəb direktoru,
Basarkeçər rayonunun partiya rəhbəri, həmin rayonun
maarif şöbə müdiri vəzifələrində
çalışmış, bütün şüurlu həyatını
elin savadlanmasına, maariflənməsinə sərf etmiş,
uzunmüddətli qüsursuz pedaqoji fəaliyyətinə
görə “Əməkdar müəllim” fəxri adına
layiq görülüb. Anası Əliyeva
Xanım İlyas qızı (1922 – 2006) Zod kəndində
dünyaya göz açıb, el ağbirçəyi olub, tərbiyə
verib böyütdüyü istedadlı övladları ilə
həmişə fəxr edib.
1965-ci ildə
Zod kəndindəki orta məktəbi qızıl medalla bitirən gənc
həmyaşıdları ilə Bakıya gəlib və sənədlərini
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb
İnstitutunun müalicə – profilaktika fakültəsinə
verərək, həmin fakültədə tələbələr
sırasına daxil olub. İnstitutda da təhsil alarkən qibtəli
istedadı, yüksək erudisiyası ilə fərqlənən
gənc tibbin onkologiya sahəsinə daha çox həvəs
göstərmiş, 1969-cu ildə, hələ beşinci kurs tələbəsi
ikən, Bakı şəhər Kliniki Onkologiya Xəstəxanasında
dərsdən kənar vaxtlarda tibb qardaşı vəzifəsində
əmək fəaliyyətinə başlamışdır. 1971-ci ildə institutu fərqlənmə diplomu ilə
bitirən gənc, 1971-74-cü illərdə Bakı şəhər
kliniki onkologiya xəstəxanasının cərrahiyyə
şöbəsinin müdiri vəzifəsində
çalışmışdır. Akademik Ə.Əmiraslanov
onkologiya üzrə
ilk müəllimi olan Azərbaycanın görkəmli alimi –
dünyadan vaxtsız köçmüş professor Arif Abbasovu
həmişə böyük məhəbbətlə yad edir və
daim xatirəsini əziz tutur.
Ulu
öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda
siyasi hakimiyyətə gəlişindən sonra gənclər
üçün yaratdığı əlverişli münbit
şəraitdən bəhrələnmək şansı gənc
kadr kimi Əhliman Əmiraslanova da nəsib olmuşdur. Belə
ki, o, 1974-cü il oktyabrın
1-də müvəffəqiyyətlə imtahan verərək
Moskva şəhərində SSRİ Tibb Elmləri
Akademiyasının (TEA) Ümumittifaq Onkoloji Elmi Mərkəzi
(ÜOEM) nəzdində aspiranturaya daxil olmuşdur. 1977 – ci ildə
aspiranturada təhsil müddəti hələ başa
çatmamış, vaxtından əvvəl, akademik
N.Trapeznikovun rəhbərliyi altında “Bədxassəli
şişlərlə əlaqədar aşağı ətrafların
amputasiyasından sonra xəstələrin reabilitasiyası”
mövzusunda namizədlik dissertasiyası müdafiə
etmiş və tibb elmləri
namizədi elmi dərəcəsinə layiq
görülmüşdür. Adətən, SSRİ-nin periferik
respublikalarından ÜOEM-də aspirantura keçən kadrlar
namizədlik dissertasiyasını başa vurduqdan sonra işlərini
davam etdirmək üçün öz respublikalarına
göndərilirdilər. Gənc alim Əhliman Əmiraslanov
aspiranturanı bitirdikdən sonra onun özü
üçün gözlənilməz, lakin onu yaxından
tanıyan professional alimlər üçün isə gözlənilən
bir müstəsnalıq yarandı. Həm Ə.Əmiraslanovun
rəsmi elmi rəhbəri akademik N.Trapeznikov, həm də
SSRİ TEA-nın ÜOEM-inin baş direktoru akademik N.Bloxin təkidlə
məsləhət gördülər ki, o, geniş diapazonlu,
ümidverici, bacarıqlı və perspektivli gənc kadr kimi
bu Mərkəzdə qalıb işləsin və elmi-tədqiqat
işlərini burada davam etdirsin. Belə bir böyük
etimadın azərbaycanlı alimə göstərilməsi bəlkə
də OEM-in bu vaxta qədərki fəaliyyətində
görünməmiş nadir bir tarixi hadisə idi və bu,
yüksək dərəcəli potensial imkanlara malik alimin
sonrakı həyatı üçün əsl
dönüş nöqtəsinə çevrildi.
Ə.Əmiraslanov
aspiranturanı bitirdikdən sonra
24 noyabr 1977-ci ildən Moskvada SSRİ TEA-nın
ÜOEM-inin ümumi onkologiya şöbəsində kiçik
elmi işçi, baş elmi işçi, sonralar isə
böyük elmi işçi və professor vəzifələrində
çalışmışdır. Bu dövrlərdə bir
çox mürəkkəb cərrahiyyə əməliyyatlarını,
o cümlədən dünyanın yalnız bir neçə məşhur
klinikalarında tək-tək cərrah – onkoloqlar tərəfindən
icra olunan və SSRİ miqyasında ilk dəfə Azərbaycan
alimi Ə.T.Əmiraslanov tərəfindən həyata
keçirilən “Rotasion plastika” operasiyası böyük məharətlə
yerinə yetirilmiş və ümidverici göstəricilər
əldə edilmişdir.
Gənc
alim elmi axtarışlarını uğurla davam etdirərək
1984 – cü ildə “Osteogen sarkomalı xəstələrin
kompleks müalicə üsulları” mövzusunda doktorluq
dissertasiyası müdafiə etmiş və tibb elmləri
doktoru elmi dərəcəsinə layiq
görülmüşdür.
Akademik Ə.Əmiraslanov
onilliklər ərzində Moskvada apardığı səmərəli
elmi – tədqiqat işlərinə görə ardıcıl
olaraq SSRİ TEA-nın ÜOEM-inin rəhbərliyi tərəfindən
müxtəlif mükafatlara layiq görülmüşdür.
Həmin illər ərzində ümumi onkologiya şöbəsində
“Sümük şişlərinin müalicə
metodlarının təkmilləşdirilməsi” mövzusu
üzrə cavabdehlik görkəmli alim Ə.Əmiraslanova
tapşırılmışdı və o, bu vəzifənin
öhdəsindən bacarıqla gələrək,
ardıcıl olaraq bir neçə elmi işləmələri
müvəffəqiyyətlə səhiyyə praktikasına tətbiq
etmişdir. Belə işləmələr sırasında
dayaq – hərəkət aparatı şişləri zamanı
bərpa müalicəsi metodları əsas yer tuturdu. Alimin
“Uşaq, yeniyetmə və yaşlılarda osteogen
sarkomanın kompleks müalicə metodu” adlı işləməsi
SSRİ səhiyyə nazirinin əmri ilə tibb elminin səhiyyə
praktikasında qazanılan mühüm nailiyyətlərin tətbiqinin
Ümumittifaq perspektiv planına daxil edilmişdir.
Dünya
şöhrətli mütəxəssislərdən olan akademik
N.Trapeznikov alimin SSRİ TEA-nın Onkoloci Elmi Mərkəzindəki
fəaliyyətini səciyyələndirərkən qeyd edirdi
ki, “Əhliman Əmiraslanov Moskvada işləyərkən onun
mövzu ətrafında əldə etdiyi nəticələrin
böyük əksəriyyəti SSRİ –də ilk dəfə
əldə edilən son dərəcə dəyərli yeni
elmi nəticələr idi və həmin nəticələr
xarici ölkə alimlərinin bu sahədəki elmi nəticələrini
ya qabaqlayır, ya da onları tamamlayırdı”.
Moskvada
işləyərkən ailəsində baş verən itkilərdən
sonra Ə.Əmiraslanov gördüyü işləri
yarımçıq qoyub geri qayıtmağı qərarlaşdırmışdı.
Lakin bunu eşidən akademik N.Bloxin və akademik N.Trapeznikov
ona mənəvi dayaq duraraq əsl alim münasibəti, əsl
insani münasibət göstərdilər və onun ətrafında
elə bir mühit yaratdılar ki, Əhliman müəllim bu
müdrik və qayğıkeş insanların məsləhətlərindən,
tövsiyələrindən sonra özündə yenidən mənəvi
güc, mənəvi qüvvə tapa bildi və mənəvi
övladlıq borcunun bilavasitə yaxınlarının
yanında yerinə yetirilməsi məqsədilə qərarlaşdırdığı
fikrindən daşındı.
1985-ci ildə
alimin məhsuldar fəaliyyəti “Sümük sarkomaları”
adlı monoqrafiyada öz əksini tapmış və bu
orijinal monoqrafiyaya görə o, SSRİ Tibb Elmləri
Akademiyasının 5 ildə bir dəfə nadir alimlərə
təqdim edilən “akademik N.Petrov adına” mükafatı və
medalı ilə təltif edilmişdir.
Görkəmli
azərbaycanlı alim hələ Moskvada çalışarkən
1991-ci ildə yüksək ixtisaslı tibb kadrları
hazırlığındakı, eləcə də tibb elminin və
səhiyyənin inkişafındakı böyük xidmətlərinə
görə “Əməkdar elm xadimi” fəxri adına layiq
görülmüşdür.
Keçən
əsrin 80-ci illərinin sonu, 90 – cı illərin əvvəlləri
Azərbaycan üçün çox çətin,
ağır illər idi. Bu illərdə digər sahələrdə
olduğu kimi tibb sahəsindən olan bir çox mütəxəssislər
də Azərbaycanı tərk edib başqa ölkələrə
gedirdilər. Azərbaycanda beyin axınının gücləndiyi
bir dövrdə Əhliman Əmiraslanov Moskvadakı rahat
iş yerindən çıxıb Bakıya gəlməyi və
Azərbaycanın ağır illərində ona öz peşəkar
həkimliyi ilə dayaq olmağı qərarlaşdırdı.
Bu dövrdə artıq akademik N.Bloxin dünyasını dəyişmişdi
və Onkoloji Elmi Mərkəzə akademik N.Trapeznikov rəhbərlik
edirdi. O, çox çalışdı ki, Əhliman müəllimi
fikrindən döndərsin, hətta belə bir açıq
fikir də söylədi ki, gələcəkdə öz yerinə
əvəz kimi, OEM-in gələcək baş direktoru kimi
yalnız Əhliman müəllimi görür və o, burada
qalıb işləməklə öz ölkəsinə də
daha çox xeyirli ola bilər. Lakin vətən sevgisi, vətənə
tez bir zamanda kömək etmək hissi dominantlıq təşkil
etdi və Ə.Əmiraslanov müəllimindən vətənə
dönməsinə icazə verməsini istədi.
Əhliman
müəllim Bakıya qayıtdıqdan sonra öz xeyirxahlığı,
təmənnasız xidməti ilə tezliklə əhalinin
hörmət və məhəbbətini qazandı.
Akademik Ə.Əmiraslanov
Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsi ilə
yanaşı onkologiya kafedrasının müdiri vəzifəsini
də uğurla yerinə yetirir. Onun elmi-tədqiqat işlərinin
əsasını dayaq – hərəkət aparatı, yumşaq
toxumalar və bir sıra daxili orqanların, həmçinin vəzilərin
bədxassəli şişlərinin öyrənilməsi, eləcə
də onların effektli müalicə metodlarının və
profilaktikasının işlənib hazırlanması, bu
metodların səhiyyə praktikasında tətbiq edilməsi
təşkil edir. Onun bu sahədə təklif etdiyi yeni
müalicə metodları artıq sınaqdan çıxaraq
praktik səhiyyədə müvəffəqiyyətlə tətbiq
olunub və hazırda ondan müxtəlif klinikalarda geniş
miqyasda istifadə edilir. Alimin təklif etdiyi müasir
müalicə metodu xəstəliyin uzaq nəticələrini
yaxşılışdırır, əlillik dərəcəsini
azaldır, qısa müddətdə xəstələrin aktiv
əməyə və məişətə
qayıtmalarına kömək edir.
Akademik Ə.Əmiraslanov
həm Moskvada fəaliyyət göstərdiyi vaxtlar SSRİ
TEA-nın ÜOEM – ində, həm də hazırda Bakıda
ATU-nun Onkoloji Klinikasında böyük praktik işlər
apararaq yorulmaq bilmədən ona müraciət edən hər
bir xəstəni diqqətlə dinləyir, məsləhətlər
verir və mürəkkəb cərrahi əməliyyatları
bilavasitə özü tələbələri ilə birlikdə
yerinə yetirir.
Əhliman
müəllim Moskvada Mərkəzi Təkmilləşdirmə
İnstitutunun kursantlarına, SSRİ TEA–nın ÜOEM–nin
aspirant və ordinatorlarına, Bakıda isə Azərbaycan
Tibb Universitetinin tələbələrinə, dinləyicilərinə
ixtisası üzrə maraqlı və məzmunlu mühazirələr
oxuyaraq təcrübəli pedaqoq kimi dərin hörmət və
böyük nüfuz qazanmışdır. O, dəfələrlə
Azərbaycan Respublikasının və xarici ölkələrin
tibb alimləri, səhiyyə işçiləri
qarşısında “Dayaq – hərəkət aparatının
bədxassəli şişlərinin müasir müalicə
metodlarının işlənib hazırlanması və təcrübəyə
tətbiqi” mövzusu üzrə Akt nitqləri söyləmiş
və həmin nitqlərin məzmunundan doğan mülahizələr
tibb ictimaiyyətinin böyük marağına səbəb
olmuşdur. Akademik Ə.Əmiraslanov az vaxt ərzində
ATU-nun tibb təhsili sistemində bir sıra islahatlar həyata
keçirmiş və kadr hazırlığının təkmilləşməsinin
əsasını qoymuşdur. 2011-ci ildə ATU məzunlarının diplomdan
sonrakı hazırlığının rezidentura sistemi ilə
aparılmasına başlanılması faktı da onun daha bir
arzusunun reallaşmasına zəmin yaratmışdır.
Görkəmli
alim SSRİ TEA-nın ÜOEM-ində təşkil edilmiş
hospitalizasiya üzrə daimi komissiyanın üzvü
olmuş və 1988-ci ildə SSRİ TEA-nın ÜOEM-də
keçirilən “Sümük sarkomlarının müalicəsi”
adlı Onkoloqlar Məktəbinin Beynəlxalq Təşkilat
Komitəsi tərkibində aktiv fəaliyyət göstərmişdir.
Akademik Ə.Əmiraslanovun
xeyirxahlığı və qayğıkeşliyi, insansevərliyi
və vətənpərvərliyi dövlətimiz və
xalqımız tərəfindən yüksək qiymətləndirilmişdir.
O, 1990-cı ildə 12-ci çağırış Azərbaycan
SSR Ali Sovetinin, 2010-cu ildə isə müstəqil Azərbaycan
Respublikası Milli Məclisinin deputatı (millət vəkili)
seçilmişdir. Bu müddətlərdə dövlət səviyyəli
nümayəndəliklərin tərkibində bir sıra xarici
ölkələrdə olmuş, Azərbaycanın mənafeyini
müdafiə edən siyasi məsələlərin müzakirəsində,
ərazi bütövlüyümüz, müstəqilliyimiz və
dövlətçiliyimizin qorunmasında fəal iştirak
etmişdir. O, həmçinin Müstəqil Dövlətlər
Birliyinin iştirakçı dövlətlərinin Parlamentlərarası
Assambleya Şurasının üzvü kimi də fəaliyyət
göstərmişdir və hazırda TürkPA-nın
üzvüdür.
Akademik Ə.Əmiraslanov
300- ə qədər elmi əsərin müəllifidir. Onun əsərlərinin
böyük əksəriyyəti dünyanın bir çox
ölkələrinin nüfuzlu jurnal, toplu və məcmuələrində
nəşr edilmişdir. Əsərlərindən 18 – i
monoqrafiya, 16 – sı ixtira və səmərələşdirici
təkliflər, 28 – i dərslik və dərs vəsaiti, 20 –
si metodik tövsiyədir. O, həmçinin onlarla elmi –
kütləvi məqalələrin və görkəmli şəxsiyyətlərin
həyat və yaradıcılığından bəhs edən
məqalələrin müəllifidir. Alimin “Onkologiya” adlı
ilk orijinal dərsliyi azərbaycanlı tələbələr
üçün əvəzsiz töhfə olmuş və
onların, eləcə də həkimlərin, aspirantların
stolüstü kitabına çevrilmişdir. Onun 1995 – ci ildə
Ankarada çapdan çıxan “Bədxassəli sümük
şişlərinin proqnozu”, 1999 – cu ildə çap olunan
“Onkoloji kaxeksiya” adlı monoqrafiyaları da geniş oxucu
kütləsi tərəfindən rəğbətlə
qarşılanmışdır. Alimin “Mədə və qida
borusu xərçəngi olan xəstələrdə kaxeksiya”
adlı kitabı həm rus, həm də ingilis dillərində
Türkiyədə nəfis şəkildə çap
olunmuş və dünya oxucularının istifadəsinə verilmişdir.
Bunlardan əlavə 1987 – ci ildə Nyu – Yorkda, 1989 – cu ildə
Tokioda müvafiq olaraq dünyanın məşhur
onkoloqlarından V.Enneking və T.Yamamura kimi görkəmli
alimlərin redaktorluğu ilə çap olunmuş sanballı
rəhbərliklərin hər birinin böyük bir bölməsində
Azərbaycan alimi Ə.Əmiraslanovun onkologiyanın müasir
problemlərinə dair ümumiləşmiş işlərinin
dəyərli nəticələrini əks etdirən
yazılara geniş yer verilmişdir.
Akademik Ə.Əmiraslanov
elmi – pedaqoji kadrların hazırlanması məsələsinə
xüsusi diqqət yetirir və bu sahədə də məhsuldar
çalışaraq öz yetirmələrinə tələbkarlığı
bir an belə azaltmadan, böyük qayğı, yüksək
həssaslıqla yanaşır. Əhliman Əmiraslanov məktəbinin
yetirmələri nəinki Azərbaycanın, eləcə də
keçmiş SSRİ –
nin müxtəlif klinikalarında çalışaraq, onun
yolunu davam etdirirlər. Ə.Əmiraslanovun bilavasitə rəhbərliyi
altında 42 nəfər dissertasiya müdafiə etmiş və
onlardan da 32 nəfəri tibb elmləri namizədi, 10 nəfəri
tibb elmləri doktoru elmi dərəcəsinə layiq
görülmüşdür.
O,
Ümumdünya Ortoped – Travmatoloq və Onkoloqlar
Assosiasiyalarının, Yunanıstan, Çexiya, Macarıstan
Onkoloqlar Cəmiyyətlərinin, Avropa Bərpa Cərrahlığı
Assosiasiyasının üzvü, Amerika Klinik Onkoloqlar Cəmiyyətinin,
Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Təbiət
Elmləri Akademiyasının, Rusiya Tibb Elmləri
Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının
həqiqi üzvüdür.
Ümummilli
lider Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də
Azərbaycanda yenidən siyasi hakimiyyətə
qayıdışından sonra ölkəmizin bütün təhsil
ocaqlarında olduğu kimi, Azərbaycan Tibb Universitetində də pərakəndəliyə, tənəzzülə
son qoyuldu və yeni dirçəliş mərhələsi
başlandı. Bunun sayəsində Azərbaycan Tibb Universiteti
beynəlxalq əlaqələrini genişləndirməyə
başladı. Ulu öndər Heydər Əliyevin diqqət və
qayğısı sayəsində akademik Ə.Əmiraslanovun fədakarlığı
və beynəlxalq əlaqələr prosesində həyata
keçirdiyi aktiv fəaliyyəti nəticəsində
1996-cı ildə keçmiş SSRİ–nin bir çox
respublikalarının, o cümlədən Qafqaz
Respublikalarının ali tibb məktəbləri
sırasında yalnız Azərbaycan Tibb Universiteti Londonda
çapdan çıxan Amerika və Avropa Təhsil Birliyinin
Beynəlxalq reyestrinə, 1998 – ci ildə Qara dəniz hövzəsiətrafı
ölkələrin Ali Məktəblər Birliyinə daxil
edilmiş, 2000-ci ildə ATU Beynəlxalq Ali Məktəblər
Assosiasiyasının, 2002-ci ildə isə Avropa Universitetlər
Assosiasiyasının tamhüquqlu üzvü
seçilmişdir ki, bu da ATU-nun və bütövlükdə
Azərbaycan tibb təhsili sisteminin Beynəlxalq miqyasda
geniş nüfuz qazanmasına, həmçinin diplomların
qarşılıqlı tanınmasına əhəmiyyətli
dərəcədə zəmin yaradan mühüm amilə
çevrilmişdir.
Ə.Əmiraslanov
1998- ci ilin yanvarında aparılan sorğuya əsasən
“1997-ci ilin elm adamı” fəxri adına layiq
görülmüşdür.1998-ci ildə Ə.Əmiraslanovun
adı dünya tibb elminə verdiyi dəyərli töhfələrə
görə Kembricdə çapdan çıxan “XX əsrin
2000 görkəmli şəxsiyyəti” məcmuəsinin əsas
hissəsinə daxil edilmişdir. O, həmçinin həmin
ildə tibb elminin, tibb təhsili sisteminin inkişafı
yolunda, eləcə də onkologiya sahəsində əldə
etdiyi nailiyyətlərin səhiyyə praktikasında geniş
tətbiqi yolunda qazanılan yüksək nəticələrə
görə Amerika Bioqrafiya İnstitutunun “Qızıl Statuya”
mükafatına, 1999- cu ildə isə Polşa Tibb Elmləri
Akademiyasının Albert Şvaytzer adına mükafata və
böyük qızıl medalına, daha sonra akademik Yusif Məmmədəliyev
mükafatına, “Akademik M.Topçubaşov mühazirələri”
mükafatına layiq görülmüşdür. ATU-nun
rektoru akademik Əhliman Əmiraslanovun və Türkiyənin
Qazi Universitetinin rektoru Prof. Dr. Riza Ayhanın birgə təşəbbüsü
və təşkilatçılığı ilə
İctimai Televiziyanın və Türkiyənin TRT Avaz
telestudiyaları rəhbərliklərinin köməkliyi ilə
2011 və 2012-ci illərin fevral ayında Xocalı
soyqırımının dünya miqyasında
tanıdılmasına həsr edilmiş Telekörpü
keçirilmişdir. Alim həmçinin, “Xocalı
soyqırımını tanıtma” İctimai Birliyinin
“Şöhrət Həsənov” adına mükafatına layiq
görülmüşdür.
Akademik Ə.Əmiraslanov
1999 – cu ildə YUNESKO xətti üzrə “Bioetika, elmi biliklərin
və texnologiyaların etikası” Azərbaycan Milli Komitəsinin
sədr müavini seçilib, 2000 – ci ildə Azərbaycan Respublikasının
“Şöhrət” ordeni ilə təltif olunub, 2001 – ci ildə
Rusiya Tibb Elmləri Akademiyasının və Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü və
AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik – katibinin
müavini seçilib, 2006 – cı ildən YUNESKO – nun “Bioetika, elmi biliklərin
və texnologiyaların etikası” Komitəsinin Rəyasət
Heyətinin üzvüdür, YUNESKO-nun ekspertidir. O, 2007 – ci
ildə Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya
Elmləri Bölməsinin akademik- katibi seçilib. Akademik Ə.Əmiraslanov
2007-ci ildə RTEA-nın akademik N.Bloxin adına qızıl
medalına, 2009 – cu ildə
Rusiyanın “XXI yüzilliyin liderləri” proqramı
çərçivəsində “Millətin intellekti” adlı
beynəlxalq təltifə layiq görülüb, 2010-cu ilin
aprel ayının 30 – da ölkə Prezidentinin Sərəncamına əsasən akademik Ə.Əmiraslanovun
adı Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondunun Himayədarları
Şurasının, Azərbaycan Respublikası Dövlət
Mükafatlarının verilməsi üzrə Komissiyanın,
həmçinin “Azərbaycan Respublikası Milli
Atlası”nın tərtibi üzrə redaksiya heyətinin
üzvləri siyahısına salınıb. Akademik Ə.Əmiraslanov
2010-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Milli Məclisinin
deputatı, 2011-ci ildə Avropa Tibbi –Onkologiya Cəmiyyətinin
həqiqi üzvü və Dünya Azərbaycanlılarının
III qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə
Şurasının üzvü, 2012-ci ildə Türkiyənin
Qazi Universitetinin “Fəxri doktoru” seçilib.
Bütün
bu təltiflərin, mükafatların əldə edilməsi
müstəqil Azərbaycan Respublikasının memarı olan
ulu öndər Heydər Əliyevin və onun layiqli
davamçısı, cənab İlham Əliyevin diqqət və
qayğısı sayəsində
daha geniş vüsət almışdır. Ulu öndərimiz
Heydər Əliyev Azərbaycanın iqtisadi çətinliklər
keçirdiyi bir dövrdə akademik Əhliman Əmiraslanovun
ATU-nun tədris bazasında yaranan çətinliklərlə əlaqədar
ona olan müraciətini nəzərə almış və dərhal
keçən əsrin 80-ci illərində bünövrəsi
özü tərəfindən qoyulmuş, lakin sonralar tikintisi
yarımçıq qalmış 11 mərtəbəli tədris
binasının inşasının başa çatdırılmasına
göstəriş vermişdir. 1998-ci il sentyabrın 28-də
ümummilli liderimiz həmin binanın
açılışında iştirak etmiş Tibb
Universitetinin fəaliyyətinə bötüvlükdə
yüksək qiymət vermişdir. Ulu öndər 2000-ci ildə
də ATU-nun 70 illik yubileyində iştirak edərək
ölkəmizin yeganə ali tibb təhsili ocağının əməkdaşlarını,
tələbə-gənclərini, həmçinin ölkəmizin
bütün səhiyyə işçilərini bu münasibətlə
hərarətlə təbrik etmiş, onlara gələcək
işlərini uğurla yerinə yetirmələri
üçün proqram tərkibli dəyərli məsləhətlər
vermişdir.
2010-cu ildə
ATU-nun 80-illik yubileyi ərəfəsində Azərbaycan Tibb
Universitetinin Tədris Terapevtik Klinikasının
açılışında çıxış edən ulu
öndərimiz Heydər Əliyevin layiqli
davamçısı, zati-aliləri möhtərəm cənab
Prezident İlham Əliyev bu möhtəşəm klinikanı
Universitetin tələbələrinə və professor-müəllim
heyətinə hədiyyə edərək, ATU-nun həyatında
yeni bir yüksəliş mərhələsinin
başlandığını qeyd etmiş, beynəlxalq
standartlara tam cavab verən bu klinikanın imkanlarından səmərəli
istifadə etməyi tövsiyə etmişdir.
Akademik Əhliman
Əmiraslanov həm həkimlik, müəllimlik və elmi-tədqiqat
işlərinin, həm də rektorluq və Milli Məclisin
deputatı kimi yerinə yetirdiyi məsuliyyətli işlərin
sabahını düşünərək daim
axtarışlarını davam etdirir. O, Azərbaycan tibb
elminin, tibb təhsili sisteminin bundan sonra beynəlxalq miqyasda
yeni uğurlar qazanacağına əminliklə, nikbinliklə
yanaşır. Fürsətdən istifadə edərək biz
də bu yolda ona uzun ömür, cansağlığı, səadət
diləyir, Azərbaycan tibb elmi, tibb təhsili sisteminin
inkişafı naminə gördüyü çoxşaxəli
işlərində yeni-yeni nailiyyətlər
arzulayırıq.
Mübariz ALLAHVERDİYEV,
Respublikanın əməkdar müəllimi,
tibb elmləri doktoru,
professor
525-ci qəzet.-
2012.- 17 noyabr.- S.10-11.