“Şair,
hökmdarın hüzurundasan...”
(ATATÜRK VƏ ƏHMƏD
AĞAOĞLU)
Makedoniyalı
İskəndərdən üzü bəri həqiqi dövlətçilik
təfəkkürünə malik bütün böyük
hökmdarlar həmişə çevrələrində
müdrik, təcrübəli, dünyagörmüş, əqidə
və iman sahibi, kökləri
ilə xalqa bağlı ziyalıların, alim və
filosofların cəmləşməsinə
mühüm diqqət yetiriblər. Hökmdarın özünə
inamı, xalq arasında nüfuz və hörməti nə qədər
çox olubsa, o, məddahlıqdan uzaq, həqiqətin
gözünə dik baxmağı bacaran, yalnız qulağa
xoş gələn şit təriflər deyil, həm də acı gerçəklər
söyləməyi bacaran insanlarla- alim və intellektuallarla
ünsiyyəti daha önəmli sayıb.
Bu mənada yeni Türkiyənin qurucusu Mustafa Kamal
Atatürk də istisna deyildi. Yer kürəsinin üç qitəsində
yeddi yüz ildən çox hökmranlıq etmiş
Osmanlı xanədanının xarabalıqları üzərində çağdaş dövlət-Cümhuriyyət
qurarkən o, yalnız hərbçilərin və siyasətçilərin
deyil, türk dünyasının ünlü fikir
adamlarının rəylərinə, təklif və məsləhətlərinə də
böyük əhəmiyyət vermişdi. Onlardan
yalnız şəninə söylənən təriflər
deyil (hərçənd bu təriflərdən
xoşlandığını da gizlətmirdi!), işgüzar
məsləhətlər, hətta sərt həqiqətlər
eşitməyi hər zaman gərəkli saymışdı.
Anadolu,
habelə Balkan türklərinin bir sıra alim və
ziyalıları ilə yanaşı Atatürkün çevrəsinə
inandığı, fikirləri ilə
hesablaşdığı tatar Yusif Akçura, Rəşid Rəhməti
Arat, Sədri Məqsudi Arsal, başqırd Zəki Vəlidi Toğan, Karaim
türkü Sürəyya Şapşal kimi tanınmış
şəxsiyyətlər daxil idi. Atatürk vətənləri
bolşevik işğalına uğradığından
qardaş Türkiyəyə üz tutmaq məcburiyyəti
qarşısında qalan Məmməd Əmin Rəsulzadə,
Əhməd Ağaoğlu, Əlibəy Hüseynzadə, Əhməd
Cəfəroğlu kimi Azərbaycan ziyalılarını,
ictimai-siyasi xadimlərini də yaxşı
tanıyırdı, zərurət yarandığı məqamlarda
Cümhuriyyət Türkiyəsinin siyasi və mədəni tələbatlarının
təmin olunması, milli maraqlarının qorunması
baxımından onların bilik və bacarıqlarından, intellektual potensialından
yararlanmağa çalışmışdı.
Yeni
Türkiyənin banisi ilə daha yaxın təmasda olan, onun rəhbərliyi
altında müxtəlif dövləti vəzifələrdə
çalışan, iki dəfə Türkiyə Böyük
Millət Məclisinə seçilən, siyasi sistemin
qurulmasında iştirak edən, ən başlıcası ilə
dəfələrlə Atatürklə (Türkiyə
Cümhuriyyətinin banisi bu adı 1934-cü ildə, soyad
qanunu qəbul edildikdən sonra götürmüşdü. Həmin dövrə qədər Mustafa Kamal Paşa,
daha çox isə Qazi müraciət forması geniş
yayılmışdı. Lakin müəyyən
tarixi dissonans yaranmasına baxmayaraq 1920-ci illərdən bəhs
edərkən də Atatürk adından istifadəni məqsədəuyğun
saydıq – V.Q.) qarşı-qarşıya
gəlib cəsarət və prinsipiallıqla polemika aparan yeganə
Azərbaycan türkü isə,
heç şübhəsiz, Əhməd bəy Ağaoğlu (1869-1939) olmuşdu.
Onu
Qurtuluş Savaşının öndərinə ilk dəfə
“Türk yurdu” və “Türk ocaqları”nda birgə
çalışdığı dostu, həmin dövrdə
TBMM hökumətində maarif naziri vəzifəsini tutan Həmdulla
Sübhi Tanrıöver təqdim etmişdi. Əhməd bəyin
bütün sonrakı həyatını dəyişən bu
hadisə 1921-ci il iyunun sonlarında baş
vermişdi.
Azərbaycanda və Osmanlı imperiyasında ciddi siyasi
proseslərin getdiyi 1919-1920-ci illərdə Əhməd
Ağaoğlu ingilislərin fitnəkarlığı nəticəsində
müvəqqəti də olsa həyatının əsas
amalı saydığı türklük uğrunda fəal
mübarizədən uzaq düşmüşdü. XX əsr türk dövlətçiliyinin, türk
ictimai-siyasi fikrinin bir sıra tanınmış simaları ilə
Böyük Britaniyanın nəzarəti altındakı Limnos
və Malta adalarında sürgündə olmuşdu. Əslində 1919-cu ilin baharında o, Ə.Topçubaşovun
rəhbərliyi altında Versal Sülh konfransına göndərilən
Azərbaycan nümayəndə heyətinin tərkibində
Parisə yola düşməli idi. Lakin Bakıdakı
ingilis işğal qüvvələrinin komandanı general
V.M.Tomsonun etimad məktubuna, Azərbaycan Parlamentinin
üzvü və Sülh konfransının
iştirakçısı mandatlarına baxmayaraq İstanbulu ələ
keçirən müttəfiq qüvvələr “İttihad və
Tərəqqi” partiyasının tanınmış nümayəndələrindən
biri kimi 1919-cu ilin mart ayında Əhməd bəyi də həbs
edib sürgünə yollamışdılar. Osmanlı siyasi və
mədəni elitasının digər nümayəndələri
kimi onu da “asayişi pozmaqda və ermənilərə
qarşı zor işlətməyə
çağırışda” günahlandırırdılar.
Taleyin qəribə
ironiyası nəticəsində qurulmasında yaxından
iştirak etdiyi Azərbaycan Cümhuriyyətin birinci
ildönümündə – 1919-cu il
mayın 28-də Əhməd Ağaoğlu Böyük
Britaniya dəniz qüvvələrinin “Prinsessa Ena” hərbi gəmisində
iztirab və məhrumiyyətlərlə dolu Malta
sürgününə yola salınmışdı.
Düz iki ildən sonra, 1921-ci ilin mayın 28-də
Türkiyə Böyük Millət Məclisi (TBMM) hökumətinin
səyləri nəticəsində sürgün həyatından
xilas olub İstanbula dönmüşdü. Rus
bılinalarındakı bahadırlar kimi onun da
qarşısında üç yol
açılmışdı. Ya hələ
də müttəfiq qüvvələrin nəzarəti
altındakı İstanbulda “İttihad və Tərəqqi”
partiyası ilə əlaqələrini bərpa edib hadisələrin
sonrakı gedişini gözləməli idi. Ya Malta sürgünündən qurtarması
üçün əlindən gəldiyi qədər
çalışmış həmvətəni və köhnə
qələm dostu Nəriman Nərimanovun dəvətini qəbul
edib rəsmi bir vəzifə tutmaq üçün sovet Azərbaycanına
dönməli idi. Ya da türk millətinin Mustafa Kamal
Paşanın rəhbərliyi altında günü-gündən
daha geniş vüsət alan Qurtuluş
Savaşının sıralarına qoşulmaq
üçün Ankaraya üz tutmalı idi.
Ankara – türklüyün Məkkəsi
Hansı variantın seçilməsindən asılı
olmayaraq qəbul ediləcək qərar siyasi xarakter
daşıyırdı. Atacağı addım Əhməd
Ağaoğlunun həyatını kökündən dəyişdirəcəkdi.
Eyni zamanda yeni çətinlik və məhrumiyyətlərə
yol açacaq, özünü və ailəsini yeni hədələrə,
təhlükələrə məruz qoyacaqdı.
Sürgündə Əhməd bəy bir sıra
ittihadçıların həqiqi simasını
görmüşdü. Bəzən
yalnız Britaniya müstəmləkəçiləri
ilə deyil, “ingilisləri əsəbiləşdirib bizim
hamımızı burada çürüdəcəksən”-deyən
köhnə əqidə yoldaşları ilə də
mübarizə aparmalı olmuşdu. Malta
sürgünü birlik tərəfdarlarının-ittihadçıların
düçüncə tərzi və mənəviyyat
baxımından nə qədər fərqləndiklərini
bütün kəskinliyi ilə üzə
çıxarmışdı. Bu partiyanın
dövrünü başa vurduğu, Türkiyə üçün
xilas yolu göstərə bilməyəcəyi ilə
bağlı artıq Malta
adasında qəti əminlik hasil etmişdi.
Digər
tərəfdən, həyatının son on iki ili
İstanbulda keçsə də, bundan sonra ingilislərin nəzarəti
altındakı
şəhərdə yaşamaq təhlükəli
idi. Müttəfiqlər nəzərindəki
siyasi etibarsızlıq və keçmiş ittihadçı
kimi təqib olunmaqla bir sırada Əhməd Ağaoğlunun
adı ermənilərin “qara siyahısında” da vardı.
Türkiyə və Azərbaycanın bir sıra
tanınmış şəxsiyyətləri kimi onu da hər an terror yolu ilə aradan götürə bilərdilər.
Ana vətənini hədsiz sevməsinə,
ömrünün ən yaxşı illərini doğma
xalqının maarifə, mədəniyyətə, siyasi
azadlıqlara qovuşması uğrunda mübarizəyə
verməsinə baxmayaraq Əhməd bəy bolşeviklərin
işğalı altındakı Azərbaycana dönməyi təsəvvürünə
gətirmirdi.
Hətta hakimiyyət sükanının N.Nərimanov
kimi milli ruhlu, saf və təmiz bir şəxsin əlində
olması da onun fikrini dəyişdirməmişdi.
Çox
düşünüb-daşındıqdan sonra daha təhlükəli,
amma eyni zamanda daha şərəfli olan üçüncü
yolu seçdi – Anadoluya gedərək günü-gündən
geniş vüsət alan Qurtuluş
Savaşına qoşulmaq, millətin son ümid yerinə
çevrilmiş Mustafa Kamal Paşanın əsgəri olmaq qərarını
qəbul etdi. Və tam əminliklə demək
olar ki, özünün bu tarixi seçimi ilə Türkiyə
Cümhuriyyətinin qurucuları arasında yer aldı.
İki il ərzində ailə
başçısının sürgünə göndərilməsi
nəticəsində hədsiz məhrumiyyətlərlə
üzləşmiş xanımının və
uşaqlarının yenidən çətin sınaqlar
qarşısında qalacaqları da Əhməd bəyi niyyətindən
çəkindirməmişdi. Söhbət millətin taleyindən gedərkən
o, özünün və yaxınlarının
rahatlığını, mənafeyini ümumi işə
qurban verməyi bacarırdı. Hətta
bunu vacib və zəruri sayırdı.
Həyatının bu çətin məqamında yenidən
İstanbulda allahın ümidinə buraxaraq tərk etdiyi ailəsinə
yeganə yardımı dostu Həmdüllah Sübhinin göndərdiyi
300 türk lirəsi olmuşdu. Bu məbləğin əsas hissəsinin
evin ehtiyaclarına xərcləyərək cibindəki 50 lirə ilə
ağır, təhlükəli səfərə
çıxan Əhməd bəy 1921-ci il iyun ayının
sonlarında Ankaraya gəlmiş və Qurtuluş
Savaşının iştirakçıları sırasına
qoşulmuşdu.
“Ankaraya bir
mömünün müqəddəs bir yerə qədəm
basarkən yaşadığı duyğularla gedirdim,- deyə sonralar xatırlayırdı.-
Oranı bütün Türklük üçün bir Kəbə,
bir Qüds kimi görürdüm. Ora dərin
bir şükran, içdən gələn bir iman, yüksək
bir dilək duyğusu ilə gedirdim. Bu yer
məni düşmənlərin əlindən qurtarmış
bir tapınaqdı (məbəd-V.Q.). Bu yer
yurdsuz və ocaqsız qalmış Türklərin yurdları
və ocaqları üçün savaşan bir qəhrəmanlar
məskəni idi. Bu yer qüruru itirilmiş
Türklüyün şərəf və heysiyyəti
üçün tale və qəza-qədərlə
çarpışan cəngavərlərin oylağı idi...”
Belə yüksək qayə və amalla gəldiyi
Ankarada təbii ki, Əhməd Ağaoğlunun siyasi
keçmişini unutmamışdılar. Osmanlı
imperiyasını məğlubiyyətin astanasına gətirib
çıxarmış “İttihad və Tərəqqi”
partiyasının ideoloqlarından biri kimi ona bəlli bir
şübhə və inamsızlıqla
yanaşırdılar. Bəlkə buna
müəyyən izah tapmaq da mümkün idi. Çünki önəmli şəxsiyyətlərin
cəbhə dəyişmələri cəmiyyətdə həmişə
etimadsızlğın, fərqli fikirlərin yaranmasına əsas
verir. Odur ki, ümummilli ideallar naminə gəldiyi
Ankarada ilkin vaxtlarda müəyyən inamsızlıq və
soyuqluq görsə də, qayəsindən çəkilməmişdi.
Mustafa Kamal Paşanın yaxın dostları və uzun illər
tanıdığı hərbçilər istisna edilməklə
səmimi vətənpərvərlik hissləri ilə
Qurtuluş Savaşına qoşulan keçmiş ittihadçıların
bir çoxunun mərkəzdən
uzağa, əyalətlərə və təbii ki, ikinci dərəcəli
işlərə göndərilmələri daha məqsədəuyğun
sayılırdı.
Ətrafındakı adamların çoxundan fərqli
olaraq Mustafa Kamal Paşa ilk görüşdən ona
inanmışdı. Doğrudur, Əhməd bəy hərbçi
deyildi. Amma onun qılınc və tüfəngdən
heç də az kəsərli olmayan
silahı vardı. Bu qələm və söz
idi. Həmin mürəkkəb tarixi mərhələdə
millətin sərrast, səfərbəredici sözə
böyük ehtiyacı vardı. İstiqlal hərbinin təkcə
türk dövlətini yer üzündən silməyə
çalışan xarici güclərə, müdaxilə
qüvvələrinə qarşı aparılması yetərli
deyildi. Mübarizədəki birliyi və həmrəyliyi
təmin etmək, xalqı maarifləndirmək məqsədi
ilə ölkənin daxilində də bir fikir və ideya
savaşı vermək tələb olunurdu. Əhməd
Ağaoğlunun simasında Atatürk məhz bu mübarizədə
öz yaxın
silahdaşlarından birini görmüşdü.
Lakin etimad ab-havası da keçmiş ittihadçı Əhməd
Ağaoğlunu başlanğıc mərhələdə əyalətdə
müəyyən “sınaq müddəti” keçməkdən
azad etməmişdi. Çağdaş türk tədqiqatçısı Fəxri
Sakal Ankara hökuməti yanında daha çox bir “təbliğat
əsgəri” kimi yer alan Əhməd bəyin
həmin dövr fəaliyyətindən bəhs edərək
yazır: “O günlərdə (1921-ci ilin yayı nəzərdə
tutulur –V.Q.) Kütahya-Əskişəhir
müharibələri TBMM hökumətinin əleyhinə
işləməyə başlamışdı. Hətta Ankarada belə Qayseriyə çəkilmək
və mücadiləyə son qoymaqla bağlı uca səslər
eşidilirdi. Pozulan mənəviyyatı
düzəltmək, millətə inanc və əzm
aşılamaq üçün yeni siyasət işləyib
hazırlamaq lazım idi. Bu vəzifəni öz üzərinə
götürən Mətbuat və İstihbarat Müdiriyyəti-Ümumiyyəsi
Anadolu mətbuatını gücləndirməklə milli
mübarizəni həm xalq arasında, həm də xarici
ölkələrdə daha yaxşı təbliğinin
mümkünlüyünü nəzərə alaraq bu məqsədlə
“İrşad heyətləri” təşkil etməyi qərarı
vermişdi”.
Qurtuluş Savaşının ideoloqlarından sayılan
Həmdullah Sübhinin fikrincə, bu işi ən yaxşı
bacaran azsaylı şəxslər sırasında Əhməd
Ağaoğlunun xüsusi yeri vardı. Çünki
hər şeydən öncə o, “çarlıq
zülmünə qarşı Azərbaycanda türkcə mətbuat
ənənəsini yaradan iki-üç aydından biri” kimi
tanınırdı. Digər türk tədqiqatçısı
Cəmil Öztürk isə Əhməd bəyi Türkiyədə
“şəhər və qəsəbələrdə elmi
propaqanda konfransları verərək xalqı irşad etməyə
çalışan üç kişidən biri”
adlandırır.
Atatürkün
tapşırığı ilə 1921-ci il
iyulun sonunda Əhməd Ağaoğlu Qaradəniz və Qars
bölgəsinə yola düşmüşdü. Onun qarşısına Şərq vilayətlərində
TBMM hökumətinin daxili və xarici siyasəti ilə
bağlı təbliğat aparmaq, eləcə də Qarsda yeni
məktəblər, çağdaş tələblərə
uyğun təhsil çəbəkəsi yaratmaq vəzifəsi
qoyulmuşdu. Qazi Əhməd bəyin Azərbaycan türkü
olduğunu, Qars bölgəsində soydaşlarının
yaşadığını nəzərdə tutaraq
vidalaşdıqları zaman “bu fəaliyyətin sərhəddin
hər iki tərəfindəki xalqa böyük fayda gətirəcəyini”
xüsusi
vurğulamışdı.
Mustafa Kamal Paşa milli-azadlıq müharibəsinin
bütün ölkəni bürüdüyü və əsas
resursları udduğu bir zamanda da “İrşad heyətlərinin”
fəaliyyətini daim nəzarətdə saxlayırdı. Bu baxımdan Əhməd
Ağaoğlunun Türkiyənin şərqində son dərəcə
çətin şəraitdə gördüyü işlər
onun diqqətindən yayınmamışdı. Qarsa, göndərdiyi
teleqramların birində “irşad və tənvir (maarifləndirmə
– V.Q.) xüsusunda
bizzat ibzal buyurduğunuz məsaidən (şəxsən həyata
keçirdiyiniz işlərdən-V.Q.) məmnun və mütəşəkkirəm”
– deyə azərbaycanlı fikir adamına ayrıca olaraq səmimi minnətdarlığını
da bildirmişdi.
Paşaların yanında –
paşalara qarşı
Əhməd Ağaoğlu qısa müddətdə
ciddi uğurlar qazansa da, tezliklə “irşad heyətlərindəki”
fəaliyyətindən uzaqlaşmaq məcburiyyətində
qalmışdı. Səbəb həmin dövrdə Atatürkün
yaxın silahdaşlarından biri kimi tanınan Kazım Qarabəkir
Paşa ilə
aralarında çıxan bir münaqişə,
daha doğrusu, Əhməd bəyin həmişəki kimi həqiqəti
söyləməsi idi. Bu epizod eyni zamanda onun əsas
iştirakçılarının hər
üçünü də səciyyələndirmək
baxımından diqqətəlayiqdir.
İstiqlal Savaşının vüsət
aldığı dövrdə keçmiş hərbi nazir,
1909-1918-ci illərdə Osmanlı imperiyasını idarə
etmiş Triumviratın üzvü Ənvər Paşa Rusiyada
və Qafqazda dolaşırdı. 1920-ci ildə
Bakıda Şərq xalqlarının I qurultayının
iştirakçısı olmuşdu. Hakimiyyət
ehtirası, bəlkə də keçmiş səhvlərini
düzəltmək, xalqının müstəqillik
davasına öz töhfəsini vermək istəyi onu
bolşeviklərlə yaxınlaşdırmışdı.
Ənvər Paşa Anadoluya keçmək, Qurtuluş
Savaşında yer almaq, hətta bəlkə bu savaşın lideri olmaq
arzusu ilə yaşayırdı. Mustafa Kamal isə
keçmiş hərbi naziri yaxına buraxmaq niyyətində
deyildi. Onun fikrincə,
Osmanlı imperiyasını Birinci Dünya müharibəsindən
sarsıdıcı məğlubiyyətlə çıxaran
“İttihad və Tərəqqi” liderinə yeni Türkiyənin siyasi səhnəsində
yeri yox idi.
Çox
güman ki, TBMM hökumətinin iradəsi ilə Ənvərə
qarşı təbliğata başlayan Kazım Qarabəkir bu
işi ən yaxşı bacaran adam kimi Əhməd
Ağaoğlunu Qarsdan yanına – Sarıqamışdakı hərbi
qərargahına çağırmışdı. Hətta
ardınca xüsusi qatar göndərmişdi.
Əhməd bəy xatirələrində yazırdı: “Qarabəkir
məni ruslardan qalma qərargah binasının böyük
salonunda qəbul etdi. İltifat göstərərək
çay ikram etdi. Sonra da Ənvərin əleyhinə
bir yazı istədi. Qarsa döndüm.
Paşanın təsirini hələ də üzərimdə
hiss edirdim. Mustafa Kamalın ilk görüşdən insanı
öz təsiri altına alan mənəvi
nüfuzu onda yox idi. Fəqət Osmanlı
imperatorluğunun xarabaları üzərində yeni bir
dövlət qurmağa qərar vermiş yeni insanların
qüsursuz təmsilçisi idi”.
Bir neçə gün sonra “Hakimiyyəti-milliyə” qəzetində
Ağaoğlunun “Nə paşalar hökuməti, nə
ağalar səltənəti” adlı yazısı çap
olundu. Müəllif
son bir neçə yüz ildə türk millətinin üzləşdiyi
çoxsaylı fəlakətlərin bünövrəsində
ayrı-ayrı adamların hakimiyyət ehtirası, “sən-mən”
davası dayanması fikrini önə çəkərək
məqaləsinə belə yekun vururdu: “Artıq türk milləti
nə ağalar səltənəti, nə paşalar hökuməti
istəyir. O, haqqa, hüquqa dayanan nizamlı bir dövlət
qurmaq əzmindədir. Bir daha bu arzusunu “sən-mən”
qovğası üçün hədər yerə sərf etməyəcəkdir”.
Yazı
çıxar-çıxmaz müəllifi yenə gecə
ilə Qarsdan Sarıqamışa gətirmişdilər. Təbii ki, məqsəd təşəkkür
bildirmək deyildi. Xatirələrdə oxuyuruq: “Qarabəkir
masanın arxasında kreslosuna yayxanmışdı. Çatıq qaşlarla üzümə
baxırdı. Hər iki tərəfində
bir neçə zabit dayanmışdı. Mənə
“otur” işarəsi vermədən önündəki qəzeti
üstümə fırlatdı, “Mən sizdən bunumu istəmişdim?”
– deyə bağırdı. “Siz
Ənvər bəyin deyil, topdan hamımızın əleyhinə
yazmısınız”.
Əslində bu sözlərdə bəlli bir həqiqət
vardı.
Çünki Əhməd bəy həmişəki kimi ağlının
və ürəyinin səsi ilə hərəkət
etmişdi. Özünü haqlı
saydığından meydana çıxa biləcək problemlərdən
qorxub çəkinməmişdi. Qarabəkirin
zəhminə, vahiməsinə baxmayaraq türk
ordularının keçmiş baş komandanı, şəxsi
fəzilətlərinə və insani keyfiyyətlərinə
yaxşı bələd olduğu Ənvər Paşa
haqqında bundan artıq bir şey yaza bilməyəcəyini
açıq söyləmişdi. Qarabəkir elə həmin
gecə şifrəli teleqram göndərərək
Ağaoğlunun həssas bölgə saydığı Qarsdan geri
çağırılmasını istəmişdi.
Atatürk onu darda
qoymamışdı – 1921-ci il noyabrın 29-da Əhməd
Ağaoğlu TBMM hökumətinin “təbliğat naziri”- Mətbuat
və İstihbarat Ümumi Müdiri təyin olunmuşdu.
Tezliklə “İrşad” heyətləri, habelə
Yunis Nadi və Xalidə Ədib Adıvarın təşəbbüsü
ilə yaradılan Anadolu Agentliyi də Mətbuat və
İstihbarat Müdiri-Ümumiyyəsinin tərkibinə daxil
edilmişdi. Ağaoğluna həm də
Ankara hökumətinin yarırəsmi mətbu orqanı
sayılan “Hakimiyyəti-milliyə” qəzetinin baş
redaktorluğu həvalə olunmuşdu. Qazandığı
zəngin siyasi təcrübə, bir sıra Şərq və
Qərb dillərini yaxşı bilməsi onun
qarşısında Qurtuluş Savaşının məqsəd
və məramlarını geniş təbliğ etməyə,
işıqlandırmağa imkan yaratmışdı.
Kazım Qarabəkirlə qarşıdurmanı tezliklə
yaddan çıxarmışdı. Amma həqiqi hakimiyyət
adamlarının çoxu kimi həm yaxşı, həm də
pis şeyləri yadda saxlamağı bacaran Atatürk hadisəni
unutmamışdı. Cümhuriyyət elanından bir il sonra Kazım Paşa ilə
cümhurbaşkanının arasında fikir
ayrılıqları yarandı. Köhnə
silah yoldaşları siyasətdə eyni hədəfə vura
bilmədilər. TBMM
üzvü olan Kazım Qarabəkir 1924-cü ilin noyabrında
müxalif yönlü Tərəqqipərvər Cümhuriyyət
Partiyasının
(TCP) qurucuları sırasında yer aldı və
yeni siyasi təşkilatın baş katibi seçildi. Müxalif mövqedə dayanması ona və
partiyasına baha başa gəldi. 1925-ci
ildə Şeyx Səid üsyanı başlananda TCP-nin də
adı üsyanla əlaqələndirildi. Nazirlər Şurası
partiyanın bağlanmasına qərar verdi.
Bir il sonra isə Kazım Qarabəkir
İzmirdə Atatürkə sui-qəsd təşəbbüsünün
iştirakçılarından biri kimi həbs olundu.
Haqqında edam hökmü istənilirdi. Lakin İstiqlal Məhkəməsi
qarşısında günahsızlığını
sübuta yetirib bəraət ala bildi. Kazım
Paşanın həyatının bu ağır günlərində
Atatürk Əhməd bəyi yanına
çağırıb Sarıqanışdakı köhnə
münaqişəni xatırlatmış və onun əleyhinə
məqalə yazmasını istəmişdi. Ağaoğlunun cavabı qısa
olmuşdu:
“-Yıxılmış adamın əleyhinə yazı
yazmaram. Hələ əski bir arkadaşınız
üçün bunu siz də məndən istəməzsiniz,
Paşam!”
Atatürk israr etməmişdi. Bu dialoqdan xəbər tutan Kazım
Paşa isə aradan illər keçəndən sonra minnətdarlığını
Əhməd bəyin oğlu Səməd Ağaoğluna
çatdırmış, hətta o zamankı yersiz sərtliyi
üçün üzrxahlığı da yaddan
çıxarmamışdı...
Atatürkün mətbuat naziri
Yeni Türkiyədə mətbuat və informasiya fəaliyyətinin
təşkilini Əhməd Ağaoğlu quru yerdə
başlamalı olmuşdu. Ölkənin
bütün atributları kimi milli mətbuatı da, necə
deyərlər, sıfırdan yaratmaq lazım gəlmişdi.
1922-ci ildə, TBMM-nin iclaslarından birində az
müddətdə gördüyü işlər barəsində
hesabat verərək demişdi: “Müdiriyyətə gəldiyimdə
“Sirati-müstəqim” (hakimiyyəti dəstəkləyən qəzet-V.Q.)
dörd ay idi ki, tətil etmişdi. “Köy Hocası”nın (“Kənd müəllimi”-maarifçi məcmuə
idi- V.Q.) da nəşri dayanmışdı. Mətbəənin
maşınları zirzəmidə atılıb
qalmışdı, alət və avadanlıqların hərəsi
bir yana dağılmışdı. Mən
bunları on beş günə topladım.
“Surəti-müstəqim”i təkrar
çıxarmağa başladıq. “Kiçik
məcmuə”nin əsasını qoydum”.
Həmişə belə təsadüflərdə
olduğu kimi, iti qələmi, yorulmaz fəaliyyəti Əhməd
bəyə təkcə dostlar deyil, rəqib və əleydarlar
da qazandırmışdı. Oğlu Səməd “Həyat bir macəradır”
kitabında bu münasibətlə yazırdı: “Hakimiyyəti-milliyyə”
qəzetində ulduz işarəli baş məqalələri
yazarkən atam çox yaxşı bilirdi ki, böyük bir
düşmən cəbhəsinin mühasirəsinə
düşəcək. İki şeyə arxalanırdı:
inandığı fikirlərə və Mustafa Kamal Paşaya. Onu da bilirdi ki, hətta günün birində Mustafa
Kamal da fikirlərini paylaşmadığını söyləyə
bilər. O zaman da qələmi əlindən
alınmayana qədər ağlı “dur!” desə də,
xarakteri, hissi, bir az da inadı onu döyüşə çəkəcəkdi”.
Atatürkün idealları və yeni Türkiyə
uğrunda döyüşdə təkcə köhnə
düşüncə sahibləri, mühafizəkarlar deyil, bir
sıra komanda üzvləri, dövlət rəsmiləri də
Əhməd bəyə düşmən kəsilmişdilər. Ölkənin
“ikinci adamı” sayılan İsmət İnönü ilə
aralarındakı prinsipial fikir ayrılıqları getdikcə
kəskinləşərək həyatının sonuna qədər
davam etmiş, hətta bəzi münaqişələri “irsən”
1950-ci illərdə Türkiyənin siyasi həyatında
mühüm rol oynayan oğlu Səmədə
keçmişdi. Amma ədalət naminə
qeyd etmək lazımdır ki, Atatürk bir sıra hallarda
İnönünün və digər yüksək çinli məmurların
Ağaoğluna haqsız hücumlarının
qarşısını alırdı. Silahdaşlarına
böyük fikir adamı, türklük ideallarına
bağlı şəxsiyyət kimi dəyərləndirdiyi Əhməd
bəyi qruplararası çəkişmələrə qurban verməyəcəyini
aydın bildirirdi.
Belə təsadüflərdən biri Sovet Rusiyası ilə
əlaqədar meydana çıxmışdı. 1922-ci ilin
yanvarından Rusiyanın TBMM hökuməti yanındakı səfiri
vəzifəsində çalışan sovet diplomatı
S.Aralov Əhməd bəylə yaxın idi. Fərqli siyasi məfkurələrin sahibi olan bu
insanları çox güman ki, rus dili, Ağaoğlular ailəsində
mövqeyini həmişə qoruyub saxlayan zəngin rus mədəniyyəti
birləşdirirdi. Təbii ki, Əhməd bəyin
vaxtı ilə rus təbəəsi olması, ortaq vətən
paylaşmaları da burada müəyyən rol
oynayırdı.
“Anamla atamın rusca bilmələri ailəvi dostluq
qurulmasına yardım etdi”-deyə sonralar türk ədəbiyyatına
“Dostoyevski heyranı” kimi daxil olmuş Səməd
Ağaoğlu xatirələrində yazırdı. S.Aralov da
özünün “Sovet diplomatının xatirələri”
adlı memuarlarında Əhməd bəydən minnətdarlıq
hissi ilə bəhs edirdi. Ailələrdə
təkcə yaşlı nəslin təmsilçiləri
deyil, uşaqlar da dostlaşmışdılar. Hətta Aralov xidmət müddətinin başa
çatması ilə əlaqədar Ankaradan ayrılanda
oğlu Sergey velosipedini həmyaşıdı Səmədə
bağışlamışdı. Patriarxal Ankarada bu
görünməmiş hədiyyə idi!
Çox güman, Ankaranın informasiya siyasətinə rəhbərlik
etdiyini nəzərə alaraq S.Aralov bir dəfə RSFSR
hökumətinin Türkiyə Böyük Millət Məclisinə
ünvanladığı məktubun surətini Əhməd
Ağaoğluna çatdırmışdı. O isə həqiqətən
də tələskənliyə yol verərək (türk tədqiqatçısı
Fəxri Sakalın fikrincə, S.Aralov bu təsadüfdə Əhməd
bəyin səmimiyyətindən istifadə edib onu provakasiyaya
çəkmişdi-V.Q.) məktub Məclisdə müzakirəyə
çıxarılmamışdan əvvəl əlindəki mətni
“Hakimiyyəti-milliyyə” qəzetində yayınlamışdı. Həm də sənəddə hər hansı məxfilik
olmadığından atdığı addımı ilk
növbədə informasiya azadlığı ilə əsaslandırmağa
çalışmışdı.
(Ardı var)
Vilayət QULİYEV
525-ci qəzet.- 2012.-
17 noyabr.- S.8-9.