Uşaqların qayğısına qalaq

 

20 noyabr – Ümumdünya Uşaqlar Günüdür

 

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri 

 

Uşaqların xüsusi müdafiəyə ehtiyacı var. Bu gün uşaqlar insan hüquqları subyekti olaraq beynəlxalq səviyyədə diqqət mərkəzindədir. Onların problemlərinin həlli və hüquqlarının və ən yaxşı maraqlarının müdafiəsi məqsədilə BMT-nin Baş Assambleyası tərəfindən 1989-cu il, 20 noyabr tarixli “Uşaq Hüquqları Konvensiyası” (UHK) və Konvensiyanın  2000-ci il, 25 may tarixli “Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakültativ Protokolu” və “Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakültativ Protokolu” qəbul edilib. Uşaq Hüquqları Konvensiyası BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir və uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir.

Bu il ölkəmiz tərəfindən bu mühüm sənədin ratifikasiya edilməsindən 20 il, onun Fakültativ Protokollarına qoşulmasından isə 10 il ötür. Milli Məclisin 21 iyul 1992-ci il tarixli qanunu ilə BMT-nin “Uşaq Hüquqları Haqqında” Konvensiyasına, 2 aprel 2002-ci il tarixli Qanunu ilə Konvensiyanın Fakültativ Protokollarına qoşulub.

Bu illər ərzində respublikamızda uşaq hüquqlarının təmin olunması istiqamətində bir sıra sosial, iqtisadi və hüquqi islahatlar həyata keçirilib, bu sahədə mühüm qanunvericilik aktları və dövlət proqramları qəbul edilib. 1998-ci ildə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Azərbaycanda ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək üçün mərkəzi icra hakimiyyəti orqanı olan – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.

Azərbaycan prezidentinin 2012-ci il 8 may tarixli fərmanı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası” təsdiq edilib. Dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınmasıdır.

Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin UHK-na qoşulduqdan sonra Konvensiyaya uyğun olaraq qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar ölkədə bu sahədə həyata keçirilmiş fəaliyyət, əldə olunmuş nailiyyətlər və mövcud problemlər haqqında BMT-nin Uşaq Hüquqları Komitəsinə dövrü məruzələr təqdim edir və  Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) bu hesabatların hazırlanmasında iştirak edir.

Müvəkkil ümumilikdə uşaq hüquqlarının etibarlı müdafiəsi üçün əsasən uşaq hüquqlarının pozulması ilə bağlı daxil olmuş şikayətlərin araşdırılması, uşaqların vəziyyətinin monitorinqi və dövlət müəssisələrində uşaqların vəziyyətinin öyrənilməsi məqsədilə araşdırmanın aparılması, uşaq hüquqlarına dair milli qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması, maarifləndirmə və təşviqat tədbirlərinin həyata keçirilməsi, uşaqların iştirakçılığının təmin edilməsi və istedadlarının üzə çıxarılması, bu sahədə fəaliyyət göstərən dövlət qurumları, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla əməkdaşlıq kimi istiqamətlərdə fəaliyyət göstərir.

Müvəkkilin ünvanına uşaq hüquqlarının pozulması ilə bağlı müxtəlif məzmunlu şikayətlər –  təhsil hüququnun, sağlamlıq hüququnun təmin olunması, uşaqlara qarşı baş vermiş fiziki, cinsi və psixoloji zorakılıq, o cümlədən məişət zorakılığı, erkən nigah, alimentin ödənilməməsi, məhkəmə prosesində mənzilin ər-arvad arasında bölgüsü zamanı uşağın payının nəzərə alınmaması, uşağın mənzil hüququ, ünvanlı sosial yardımın verilməməsi, şərəf və ləyaqətin alçaldılması, doğum haqqında şəhadətnamənin alınmasında süründərməçilik halları, uşaq bağçalarında, orta məktəblərdə rüşvət, polisin etinasızlığı və digər məsələlərlə əlaqədar müraciətlər daxil olub və müvafiq tədbirlər görülüb.

Uşaqların hüquqları pozulduqda, onların və valideynlərinin təxirə salınmadan Müvəkkilə müraciət etməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi və texniki yardımı ilə Ombudsman təsisatında 24 saat ərzində xidmət göstərən 916 nömrəli üçrəqəmli qaynar xətt yaradılmış, bu haqda məlumat aidiyyatı dövlət qurumları, şəhər və rayon icra hakimiyyətləri və KİV vasitəsilə geniş şəkildə yayılıb. Bu xidmətin yaradılması ölkəmizdə uşaq hüquqlarının daha etibarlı, səmərəli və təxirəsalınmadan müdafiə olunmasına xidmət edir.

Prezidentin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planının (MFP) və 27 dekabr 2011-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) qəbul edilməsi uşaq hüquqlarının səmərəli şəkildə həyata keçirilməsinə böyük tövhə verməkdədir. Qəbul edilmiş plan və proqrama uşaq hüquqlarının təbliği və müdafiəsi ilə bağlı bir sıra mühüm bəndlər, o cümlədən ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi daxil edilib. Müvəkkil MFP-nin icrası və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə ölkənin hər bir şəhər və rayonunda ictimai dinləmələr keçirib, müzakirələr aparılıb.

İnsan hüquqlarının o cümlədən uşaq hüquqlarının məktəblərdə tədrisi ilə bağlı Müvəkkilin təşəbbüsüylə Təhsil Nazirliyi ilə birgə pilləli təhsil üzrə tədbirlər planı hazırlanaraq təsdiq edilib. 2010-cu ildə Bakı şəhərinin Nəsimi, Yasamal və Nərimanov rayonlarındakı 5, 31 və 207 saylı pilot məktəblərdə, 2011-ci ildə isə Bakı şəhəri üzrə hər rayonun bir məktəbində və respublikamızın digər bölgələrində – Quba, Şabran, Cəlilabad, Biləsuvar, Şəki, Qəbələ, Gəncə və Göygöl şəhər və rayonlarında da layihə uğurla həyata keçirilib. Layihənin davamlılığını təmin etmək məqsədilə həmin təhsil ocaqlarında Uşaq Hüquqları Tədrisi Mərkəzləri yaradılıb.

Ötən illərdə olduğu kimi, bu il də Müvəkkil BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda “Hər bir uşağın qayğısına qalaq” şüarı altında “Uşaq hüquqları aylığı” keçirmək təşəbbüsünü irəli sürmüşdür.

Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin yaxşılaşdırılması və onların daha effektiv müdafiəsinin təmin olunmasıdır.

Azərbaycan Respublikasının Ombudsman təsisatı 2008-ci ildən Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin (ENOC) üzvüdür. Müvəkkil və onun uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri ENOC-un illik konfransında iştirak edib, təqdimatlar etmiş, fikir və təcrübə mübadiləsi aparıblar. 2010-cu ildən başlayaraq ENOC tərəfindən həyata keçirilən Avropa Gənc Məsləhətçilər Şəbəkəsi (ENYA – (European Network of Young Advisors) layihəsində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri də iştirak ediblər. Müvəkkilin əsas fəaliyyət istiqamətlərindən biri də uşaq hüquqlarına dair milli qanunvericiliyin təkmilləşdirilməsi və onun beynəlxalq qanunvericiliklə uyğunlaşdırılması üçün təkliflərin hazırlanmasıdır.

Müvəkkil “Uşaq ili” çərçivəsində uşaq hüquqlarına dair qanunvericiliyi təhlil edib, normativ-hüquqi aktlarda təsbit olunmuş uşaq hüquqları ilə bağlı normalarının təkmilləşdirilməsinə dair təkliflər irəli sürüb və Milli Məclisə göndərilib.

Nikah yaşının kişi və qadınlar üçün 18 yaş müəyyən edilməsi ilə bağlı Ailə Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi təklifi ilə əlaqədar 15 noyabr 2011-ci il tarixli, 255-IVQD saylı Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə nikah yaşı qadınlar üçün artırılaraq 18 yaş müəyyən edildi.

Müvəkkil tərəfindən “Məişət zorakılığı haqqında” Azərbaycan Respublikasının qanununun qəbul edilməsi tövsiyə olunub.

Uşaqların cinsi istismar və sui-istifadədən müdafiə olunmasına dair Avropa Şurasının Konvensiyasının ratifikasiyasının və Müvəkkil tərəfindən UNİCEF-in dəstəyilə hazırlanıb və 2009-cu ildə Milli Məclisə təqdim edilmiş “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanunun qəbul olunmasının sürətləndirilməsi təklif olunub.

Yuxarıda qeyd olunanlarla yanaşı uşaq hüquqlarına dair milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində və uşaqların müdafiəsi naminə bir sıra başqa təklif və tövsiyələr Müvəkkilin Uşaq hüquqları üzrə ixtisaslaşmış ilk məruzəsində və illik məruzələrində əks olunmuş və aidiyyəti qurumlara göndərilib.

2009-cu ildə ölkəmizdə elan olunmuş “Uşaq ili” çərçivəsində BMT-nin Uşaq Hüquqları Bəyannaməsinin 50 illiyinə və UHK-nın 20 illiyinə həsr olunmuş uşaq hüquqları sahəsində mövcud vəziyyəti və Müvəkkilin fəaliyyətini, gələcəkdə uşaqların vəziyyətinin daha da yaxşılaşdırılmasına yönəlmiş təklif və tövsiyələrini əks etdirən ilk ixtisaslaşmış məruzə hazırlanaraq nəşr edilib. BMT-nin Uşaq Hüquqları Bəyannaməsinin 50 illiyinə və UHK-nın 20 illiyinə həsr olunmuş bu məruzə aidiyyatı dövlət qurumlarına, həmçinin BMT-nin Uşaq Hüquqları Komitəsinə, Avropa Şurasına, Avropa Uşaq Ombudsmanları Şəbəkəsinə (ENOC) və digər beynəlxalq qurumlara göndərilib.

Məruzədə əks olunan təklif və tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi məqsədilə aidiyyatı qurumlar tərəfindən görülən işlər təhlil edilib. Uşaqların maraqlarının ən yaxşı şəkildə təmin olunmasına yönəlmiş təkliflərin icrası məqsədilə aidiyyatı qurumların səlahiyyətləri çərçivəsində təqdirəlayiq işlər görülüb. Buna baxmayaraq qeyd etmək lazımdır ki, bir sıra təkliflərin icrası həyata keçirilməmiş qalır.

BMT-nin Uşaq hüquqları üzrə Komitəsinin 2006 və 2012-ci ildə Azərbaycan hökumətinin ikinci və sonuncu dövri hesabatı üzrə verdiyi Yekun Müşahidələrində irəli sürdüyü tövsiyələrin həyata keçirilməsi istiqamətində bütün aidiyyəti qurumların əlaqələndirilmiş şəkildə fəaliyyəti çox zəruridir. Bütün uşaqların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların – sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olan, qanunla ziddiyyətdə olan, qaçqın və məcburi köçkün uşaqların, miqrant ailələrdəki uşaqların hüquqlarının qorunması üçün hər birimiz səy göstərməliyik.

Gəlin uşaqların qayğısına qalaq!

 

 

Nigar ŞƏBİYEVA

 

525-ci qəzet.- 2012.- 20 noyabr.- S.4.