Dünyanın “sakit” okeanı  

 

Bu günoxuduqca

əsrlərin,

illərin o üzündən

SÖZün cəzalanmaq –

şaqqalanmaq,

soyulmaq,

döyülmək “səsi” gəlir.

Hələbdə dərisi soyulan da

Nəsimi deyildi,

Nəsiminin SÖZüydü.

Soyulduqca

bir SÖZün altında

başqa bir SÖZ göründü.

Soyasoya gördülər ki,

SÖZ nə qədər keçilməz,

nə qədər dərindi.

Bu dərinlikdən,

əsrlərin,

qərinələrin qatlarından

keçə – keçə

dupduru bulaq kimi

yenə üzə çıxdı SÖZ.

Önünü kəsən qaranlıqların,

bulanıq sulu sellərin gözünə

həmişə

şimşək kimi çaxdı SÖZ.

 

 

SÖZ

 

Hər zaman bizimlədi. Yalnız gecələr oyaq qalır,

biz yuxuya gedəndə.

Nəzarətdən çıxıb

nağıllaşır

beynimizdə.

Yüyənsiz at kimi

baş alıb gedir.

Hər arzumuza çatdırır,

xoşbəxtedib,

aldadır bizi

yuxularda.

Biz oyananda

söz gəlir özünə.

Addım-addım yeriyir bizimlə.

Hara baxırsan

təkrar-təkrar deyilən

sözə bənzəyir.

Küçələr,

maşınlar,

binalar,

adamlar...

Gözə dəyən,

sözlə deyilən var

sözdü.

Hər bahar

qönçə dimdiyində

söz açılır çiçək-çiçək.

Payızda

 ağaclardan yarpaq-yarpaq,

çiçəklərdən ləçək-ləçək

söz tökülür.

Qızılı xəzəllər

yerə düşənsöz kimi

tapdanır ayaq altda.

Qar altında gizlənən

bənövşə isə

gizlin söz”ə bənzəyir.

Dəyərli söz

par-par yanan

ulduzlar kimi

məskən salır

ucalıqda.

Həzin səslə axan bulaq

pıçıltıyla,

şaqraq səslə axan çay

çılğınlıqla deyilən

sözdü.

Damla-damla yağan yağış

ürəyə sərinlik gətirən,

narın-narın yağan qar

ürəyə yatan sözdü.

Həzin külək

təskinlik verən,

dəli külək

qəzəblə deyilən sözdü.

Ətrafımızda olan hər şey

yerinə düşənsözə bənzəyir.

Amma kaş

yerinə düşməyənsöz kimi

yer qaçmasın ayaq altdan,

dənizlər daşmasın

fəlakətlər olmasın

heç yerdə.

Dünyanınsakitokeanı

Qəzəbi içindən çağlayacaqmış.

Dünyaya səs saldı o gün

Sakit okean.

canlını qoyub,

cansızı apardı,

yaxşını qoyub,

yamanı apardı,

doğrunu qoyub

yalanı apardı...

Əşya da,

insan da

eyni oldu o gün.

Yaponiyanı

qabağına qatıb apardı

Sakit okean.

Adınasakitdedilər.

Amma kükrəyib

on metr hündürlüyə qalxan

qəzəbinə çatan

qəzəb olmamışdı

indiyə kimi.

Binalar, qatarlar,

 maşınlar

cılız oyuncağa dönmüşdü

qabağında.

Yaponiyada qiyamət qopardı

Sakit okean.

Adınasakitdedilər.

Amma Yerin oxunu tərpətdi,

 ürəkləri titrədib təlatümə,

vahiməyə,

insan həyatını

misli görünməmiş

fəlakətə qərq elədi

Sakit okean.

Sunaminin qabağında

yerlə-yeksan oldu,

küründü Yaponiya.

Bu dəhşətin,

fəlakətin qarşısını almaq üçün

robotlar,

hər addımda bir edilən

ixtiralar köməyə gəldi.

Bu fəlakətdən sonra

bəlkə

yaponların gözü

tam açıla

bilələr ki,

təbiətin hökmü

hər ixtiradan güclüymüş.

Tanrının yaratdığının qabağında

yenisini yaratmaq olmaz.

Yaradan BİRdir.

Bəlkə

 Tanrının qəzəbinə tuş gəldi o gün

Yaponiya.

 

 

525-ci qəzet.- 2012.- 21 noyabr.- S.7.