Əlibaba Məmmədov: “Əhmədxan müəllim tara, musiqiyə, muğama, bütövlükdə xalqa xidmət edirdi”   

 

Əhmədxan Bakıxanov-120

 

Xalq artisti, görkəmli muğam ustadı Əlibaba Məmmədov təkcə ölkəmizin musiqi ictimaiyyəti arasında deyil, eləcə də mətbuat təmsilçiləri arasında xüsusilə arzulanan, axtarılan, aranan bir həmsöhbətdir. Bizim həmkarlarımız da musiqiçilər kimi ona Əmi deyirlər. Ancaq biz onu nə isə öyrənmək, hansısa ifa barədə məsləhətləşmək üçün axtarmırıq. Bizi onunla həmsöhbət olmağa tələsdirən məqam... elə həmsöhbətlikdir. Çünki Əlibaba müəllimin qeyri-adi bir tərzdə xatirə danışmağı var, söhbətlərində obyektivdir, tərəfkeşlikdən uzaqdır, xüsusən, musiqiçilər barədə danışanda öz fikirlərini elə şəkildə cilalayır ki, sonradan həmin söhbət bir dərslik xarakteri daşıyır. Mən dövlət radiosunda çalışdığım zaman (1989-1996-cı illərdə) onun söhbətini bir neçə dəfə lentə almış və heç bir redaktəsiz efirə vermişdim. O, muğam, mahnı, təsnif ifasında olduğu kimi adi söhbətdə də ustadlıq nümayiş etdirir. İndi haqqında söhbət açdığım görüşümüzdə də Əlibaba müəllimin xatirə danışmaq ustalığının şahidi oldum.

Görkəmli tarzən, iyirminci əsr musiqi mədəniyyətimizin ən üzdə olan simalarından biri, Respublikanın Xalq artisti, əməkdar incəsənət xadimi, əməkdar müəllim, fenomenal musiqi təşkilatçısı və ictimai xadim Əhmədxan Bakıxanovun 120 illik yubiley tədbirləri çərçivəsində hazırlanması nəzərdə tutulan “Əhməd Bakıxanov xatirələrdə” adlı kitabın tərtib olnması mənə həvalə ediləndə ilk növbədə görüşəcəyim sənət adamlarının təxmini siyahısını hazırlamışdım. Yubilyarın oğlu, bəstəkar Tofiq Bakıxanov həmin siyahı ilə tanış olanda gülümsündü. Bu, məmnunluq ifadəsi idi. Vasim Məmmədəliyev, Nəriman Məmmədov, Əlibaba Məmmədov, Arif Babayev, Rafiq İmrani... Əlibaba müəllimlə yağışlı, küləkli bir mart səhərində, dəniz sahilində görüşdük. Ona məqsədimi ətirli çay süfrəsi arxasında danışdım.

– Çox gözəl məqsədiniz var. Əhmədxan Bakıxanov haqqında nəinki bir, hətta, beş, on kitab yazılsa da azdır – deyə söhbətə başladı. – Çünki o, ömrünü tara, muğama, xalqın musiqi sənətinin öyrənilməsinə və öyrədilməsinə həsr etmiş, çox mükəmməl bir ansambl yaratmış, öz ifaçılıq məktəbi, çoxsaylı yetirmələri olan sənətkar idi. O ki, qaldı həmin kitaba mənim ürək sözlərimin də daxil edilməsinə, bu da təqdiredilməli təklifdir. Çünki mən Əhmədxan Bakıxanovun köməyini, qayğısını, diqqətini ən yüksək səviyyədə görmüş insanlardan biriyəm.Ona görə   müəllim haqqında mənim—biz hamımız ona sadəcə müəllim deyirdik—nə isə xoş bir xatirə söyləməyim insanlıq borcum, mənəvi borcumdur. Əhmədxan müəllimin özü də xatirə danışmağı çox sevərdi. Həmişə deyərdi ki, “biz böyüklərdən belə görmüşük” . Elə biz də öz böyüklərimizdən belə görmüşük. Gördüklərimiz, öyrəndiklərimiz bizi məcbur edir ki, hamıya məhz öz layiq olduğu qiyməti verək.

– Əhmədxan müəllimlə ilk görüşünüzü necə xatırlayırsınız?

– Mən hələ 19 yaşım olanda, yəni 1949-cu ildə müsabiqə yolu ilə Filarmoniyaya solist qəbul edildim. O vaxt Xan Şuşinskidən başqa heç kəsin muğamı tam dəstgah kimi oxumasına icazə verilmirdi. Təsəvvür elə, mən o yaşda Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva və Əbülfət Əliyev kimi sənətkarlarla bir yerdə oxumalı idim. Filarmoniyanın cəmi 12 solisti var idi. Mənim bir tərəfdən yaşım az idi, digər tərəfdən də musiqi təhsilim yox idi. Ona görə də musiqi təhsili almaq qərarına gəldim. Nə olsun ki, “Çahargah”ı oxuyurdum, savad da lazım idi. Qərəz, 1953-cü ildə Seyid Şuşinski Ağdam Musiqi Məktəbindən Bakıya dəvət edildi və mən musiqi texnikumunda onun sinfinə qəbul olunmaq üçün ərizə verdim. O vaxt Əhmədxan müəllim  texnikumda şöbə müdiri işləyirdi. Yadımdadır, Adil Gəray məni Seyid Şuşinskiyə təqdim edəndə Mirzə Mansur da orada idi, Əhmədxan müəllim də. Amma mənim oxumağım üçün tarı Adil Gəray özü çalırdı. Beləcə mən musiqi texnikumuna qəbul olundum.

Hə, o vaxtdan Əhmədxan müəllim mənim gələcəyimə inanıbmış. Niyə belə düşünürəm, indi aydın olacaq. Günlərin birində, biz hələ birinci kursda olanda, Əhmədxan müəllim açdı bizim sinfin qapısını:- Seyid, salam. Dedi:-salam. Soruşdu ki, bu uşaqlardan hansı “Rahab”ı yaxşı oxuyur? Seyid dedi, Əlibaba. Əhmədxan müəllim mənə qayıtdı ki, gəl ansambla, “Rahab”ı yazmaq istəyirəm. Yəni, “Əlibaba bu uşaqların hansıdır” – deyə soruşmadan birbaşa mənə çevriləndə bildim ki, imtahandan yadında qalmışam.

Qulu Əsgərovla birlikdə getdim səsyazma studiyasına. Əhmədxan dedi ki, mən “Rahab” muğamı haqqında rəhbərliyə danışmışam. Deyirlər ki, yazdır, görək o nə olan şeydir. Ona görə də indi ötəri yazaq, qulaq assınlar, sonra fond üçün təzədən yazarıq. Oxudum, yazdılar. İndi gözləyirəm ki, fikir müsbət olsa, muğamı təzədən yazacağıq. Bəlkə yadınızdadır, o vaxtlar hər bazar günü radioda “Muğamat” konserti olurdu. Bir gün həmin konsertə qulaq asırdım. Diktorun verdiyi elan məni çaşdırdı: “Rahab”, oxuyur Əlibaba Məmmədov. Ətim ürpəşdi. Elə bildim üstümə qaynar su töküldü. Konsert qurtaran kimi götürüb Əhmədxan müəllimə zəng vurdum. Dedi, Əlibaba, “Rahab”ı da bəyəniblər, sənin ifanı da. Bizə başqa nə lazımdır? Dedim, heç nə.

Ondan sonra “Bayatı-Şiraz”ı yazdıq və beləcə Əhmədxan müəllim məndən əl çəkmədi, mən də Əhmədxan müəllim. Müxtəlif musiqilər bəstələyirdim, gəlirdim ki, müəllim, filan mahnı var, elə böyük həvəslə qəbul edir, məşqlərə başlayırdı ki, elə bil bundan başqa heç bir işi yoxdur.

Bu, Əhmədxan müəllimin mənə olan qayğısı. Amma təkcə mən deyildim, axı. 50-ci, 60-cı illərdə, lap elə  onun ömrünün sonuna qədər oxuyan, ərsəyə gələn xanəndələrin, tarzənlərin hamısı Əhmədxan müəllimə borcludur. Əhmədxanın zəhməti, qayğısı hər birimizə çatırdı, bəs edirdi. Çox xeyirxah idi. Bizə yox, musiqiyə, muğama, tara, yəni, xalqa xidmət edirdi.

– Siz həm də tar çalırsınız.Ona görə də Əhmədxan müəllimin tarzənliyi, tar ifaçılığı barədə də maraqlı fikirləriniz olmamış deyil.

– Bilirsinizmi, mən tar çalıram, amma mən xanəndəyəm, tarzən yox.Müəllimin tar ifaçılığı barədə fikir söyləməyə gəlincə isə deyim ki, Sadıqcan, Mirzə Mansur, Qurban Pirimov, sonra, Ağabacı Rzayevanın babası vardı,  Mirzə Fərəc- onlar tarın korifeyləri idilər. Əhmədxan müəllim bax, o sırada dururdu. Əhmədxan müəllim üstünlüyü nə idi? O, yenilikçi idi, yaradıcı idi. Özünün bəstəkarlığı vardı. Məsələn, “Rahab” dəramədi, “Orta Mahur” , “Rast” , “Bayatı- Şiraz” dəramədləri Əhmədxan müəllimdir. Üstəlik, harda bir köhnə, unudulmuş xalq mahnısı vardısa, onu yenidən işləyir, sevilən bir şəkildə dinləyiciyə təqdim edirdi. Demirəm ki,  o  biri tarzənlərdə  bu keyfiyyətlər olmayıb. Sadəcə Əhmədxan    müəllimdə heç kəsdə olmayan bir yaradıcılıq vardı.

– Həmin unudulmuş dediyiniz mahnılardan siz də oxumusunuzmu?

– Hə, gəldi Seyiddən xahiş elədi ki, bizim ən qədim mahnılardan olan “Güllü qafiyə”ni uşaqlardan birinə öyrət, onu lentə yazaq. Bu mahnı ağanın ifasında ( Seyid Şuşinski nəzərdə tutulur-red.) radioda var idi. Amma Əhmədxan istəyirdi ki, təzə səs olsun. “Güllü qafiyə” bir az aşıq musiqisinə oxşadığına görə mən dedim ki, onu Qulu Əsgərov oxusun. Çünki Qulunun səsi bir az aşıq musiqisinə yaxın idi. Razılaşdılar. Qulu getdi oxudu, alınmadı. Sizə deyim ki, Qulu hələ texnikumda oxuduğumuz illərdə çox mükəmməl ifaya malik idi. Amma “Güllü qafiyə”ni nədənsə oxuya bilmədi.Ona görə də Əhmədxan gəlib Seyiddən birbaşa məni istədi. Yenə də Qulu ilə birlikdə getdik səsyazma studiyasına. Oxudum, yazıldı.O mahnını indi Alim Qasımov, Mələkxanım Əyyubova və başqaları dillər əzbərinə çeviriblər. Əhmədxanın xidmətidir... Sən bayaq onun tar ifaçılığı barədə soruşmuşdun. Sonra unudulmuş mahnıları bu suala qatdın. Əvvəlki sualın cavabı olaraq davam edim ki, Əliağa Quliyev, Həbib Bayramov və Sərvər İbrahimovdan üzü bəri bütün tarzənlər onun yetirmələridir. Çox maraqlıdır. Bu qədər şagird yetişdirəsən, ansamblı saxlayasan, dərs deyəsən, proqram tərtib edəsən – çox böyük zəhmət tələb edən fəaliyyət idi.

– Siz bir dəfə onun unudulmuş muğamlara da yenidən həyat verdiyini söyləmişdiniz.

– Yenə də söyləyəcəyəm. Deməli, mən “Dəşti”ni ərsəyə gətirmək üçün 7-8 il fikirləşmişəm.Seyiddən eşitdiyim 4 dəqiqəlik “Dəşti”yə müxtəlif muğamların uyğun gələn hissələrini əlavə elədim və oldu 17 dəqiqə. Mən muğam yaratmadım ha, olanlardan istifadə elədim. Muğam yaratmaq mümkün olsaydı, Üzeyir bəy yaradardı. Yaratmayıb. Sadəcə bütün muğamlardan istifadə edib. Mən də eləcə “Dəşti”ni tamamladım və Əhmədxan müəllimin böyük köməyi, qayğısı ilə lentə yazdırdıq. İndi mən bir məsələni qeyd etmək istəyirəm. Üzeyir bəy olmasaydı, bizim muğamlar yenə də əvvəlki kimi 35-40 şöbədən ibarət olardı. Yəni, muğamları Üzeyir bəy təkmilləşdirib. Seyid Şuşinski olmasaydı, bizim muğam tədrisimiz olmayacaqdı. Əhmədxan müəllim məhz həmin iki böyük sənətkarın milli musiqimiz qarşısındakı məsuliyyətini eyni miqyasda davam etdirən bir sənətkar idi. Xidmətləri çox böyük idi. Xanəndə nəyisə yarımçıq oxuyanda mütləq ya Həbibə tapşırırdı, ya da mənə həvalə edirdi və həmin yarımçıqlıq aradan qaldırılırdı. Xanəndə ümumiyyətlə naşı idisə, Əhmədxan onu qətiyyən yazmazdı. Deyirdi, get, oxumaq istədiyin muğamı öyrən, sonra gəl, yazaq.Ömründə xaric pərdələrə imkan verməzdi.

– Bəs xanəndələr arasında  necə, Əhmədxan müəllimin tarzənlikdə etdiyi yeniliklərə bənzər yenilik edən olmayıb?

– Əhmədxan müəllim tarla öz xalqına, mədəniyyətinə, musiqisinə necə xidmət edibsə, xanəndələr arasında da həmin işi Cabbar Qaryağdıoğlu edib. Cabbar əmi təkcə təsnif yaratmayıb, təsniflərin sözlərini də yazıb. Onun şairliyi də var idi. İndi bizim oxuduğumuz təsniflərin 80 faizi, bəlkə də çoxu Cabbar əminindir.  Etiraf edim ki, Cabbar əminin təsiri olmasaydı mən də o qədər təsniflər, mahnılar yarada bilməzdim. Mən yüzdən çox mahnı, təsnif bəstələmişəm. Hamısı Cabbar əminin təsiri idi.

– Bəs Əhmədxan Bakıxanov bir insan kimi, şəxsiyyət kimi yadınızda necə qalıb?

– O, yaxşı musiqi xadimi, novator sənətkar, nurlu ziyalı, eyni zamanda hamımızın dərs ala biləcəyi bir insanlıq nümunəsi idi. Təsəvvür edin, mən-19-20 yaşlı adam zəng edirdim ki, müəllim, bir muğamla, ya da  mahnı ilə bağlı görüşmək istəyirəm. Deyirdi, filan saatda gəl, evdə olacağam. Gedirdim, dərhal çay, halva, şirniyyat, süfrə... Mən Əli Fəhmi kimi dahi ilə Əhmədxan müəllimin evində tanış olmuşdum. Mənim Əliağa Vahidin sözlərinə yazdığım “Hisar” təsnifinin adı ilı bağlı maraqlı söhbət də məhz həmin görüş zamanı olmuşdu. Əhmədxan müəllim deyirdi ki, o muğamın adı “Hisar” yox, “Hasar”dır. Əli Fəhmi isə müəllimin sözünü təsdiq etməklə yanaşı bildirdi ki, el arasında “Hisar” deyirlər, qoy elə də qalsın. Müəllim razılaşdı.

Daha maraqlı bir fakt. O, mənə bir “Şur” təsnifi yazmağı tapşırmışdı. Getdim, yazdım: “Vətən yaxşıdır”. Evində qulaq asdı. Dedi, Əlibaba, mən sənə təsnif demişdim, bu mahnıdır. Özü də mükəmməl bir mahnı. İndi diqqət yetirin. Mən onun dediyini yerinə yetirə bilməmişdim, yenə də məni pərt eləmək istəmirdi. İncitsəydi, gedib məhz onun dediyi təsnifi – “Burdan bir ceyran keçir” sözləri ilə başlanan təsnifi yaza bilməzdim. Yazdım, dedi, əla, əhsən!..

Bax belə, Əhmədxan müəllim hələ bundan sonra da yüz illər boyu ehtiramla xatırlanacaq sənətkarlarımızdan biridir. Onun həyatının istənilən sahəsi məktəb kimi dəyərlidir, öyrənilməlidir, nümunə götürülməlidir. Şəxsən mən fəxr edirəm ki, onun kimi böyük sənətkarla uzun illər çiyin-çiyinə çalışmışam. Yenə də əlavə edirəm ki, mən onun köməyini, qayğısını görmüş yüzlərlə sənət adamından biriyəm. Onun 120 illik yubileyinin keçirilməsi çox böyük qədrşünaslıq nümunəsi olacaq.

– Əlibaba müəllim, maraqlı söhbətə, şirin xatirələrə və həqiqi qiymətləndirmələrə görə çox sağ olun. Sizə uzun ömür, cansağlığı və daha maraqlı günlər arzulayırıq.

 

 

İttifaq MİRZƏBƏYLİ,

əməkdar jurnalist

 

525-ci qəzet.- 2012.- 21 noyabr.- S.4.