İnternet
(hekayə)
Qızı
İradə ali məktəbə qəbul
olmadığından Əsurənin qanı yaman
qaralmışdı. Müəllimlərə
çəkdiyi xərc, ətək-ətək
tökdüyü pullar kül kimi havaya sovrulmuşdu.
Qızı deyirdi ki, guya imtahanda özünü pis hiss edib və
buna görə, heç bildiklərini də yaza bilməyib. Bütün bunlar azmış kimi, İradə
günlərin birində məsləhətsiz, filansız
tanımadığı birisinin şirin dilinə aldanıb,
qoşulub qaçdı. Hadisə gözlənilmədən
baş verdi. Əsurə bir
gün işdən qayıdanda mətbəxdəki stolun
üstündə məktub gördü. Onu
qızı yazmışdı. Həyəcanla
məktubu oxudu. Əvvəlcə qorxdu, elə bildi ki,
İradə məktəbə daxil ola bilmədiyinə
görə yəqin özünü asıb. Asmazdan
əvvəl isə başqaları kimi, o da anasına məktub
yazıb. Sonra gördü ki, yox, qız
sağ-salamatdır, özünü asmayıb. Məktubunda istədiyi bir oğlana ərə
getdiyini yazmışdı. Əsurə məktubu
oxuyub dəli oldu, başına hava gəldi. Hirslənib özündən çıxdı,
saçlarını yoldu, ayaqlarını möhkəm-möhkəm
yerə vurub, qışqırıb ağladı. Həmişə qızını
tanıdığı yaxın adamlardan birinin oğluna vermək,
ona yaxşıca toy etmək arzusu ilə yaşayırdı.
Özü sevdiyinə getməyib bədbəxt
olmuşdu. Bir neçə il sonra
qucağında uşaq ata evinə qayıtmışdı. Ona görə istəyirdi ki, qızı onun taleyini
yaşamasın, yaxşı birinə ərə getsin,
xoşbəxt olsun. İndi İradə
onun bütün planlarını altını üstünə
çevirmişdi, arzularını puç etmişdi. Bir anlıq özündən çıxan Əsurə
əsəbləri sakitləşəndən sonra tələsik
qızına zəng vurdu. Onun nömrəsinə
zəng çatmırdı. Əsurə
bilmək istəyirdi ki, görsün onu qaçıran kimdir?
Onsuz da, ta olan olmuşdu. Daha
onu geri qaytarmaq mümkün deyildi. Neçə
illər əzab-əziyyətlə böyütdüyü
qızı İradə məsləhətsiz, xeyir-duasız
qaçıb getmişdi.
Dəfələrlə ana-bala təklikdə oturub bu bərədə
söhbət etmişdilər. Əsurə fikirləşirdi
ki, qızının qanmaz vaxtıdır,
tanımadığının birisinə qoşulub gedər, bədbəxt
olar. Ona görə hər dəfə
soruşurdu ki, qızım, bir istəyənin varmı? Kimə fikrin olsa, onu mənə də göstər.
Ana məsləhəti pis olmaz. Mən də bir oğlana baxım, əl altdan
maraqlanım, öyrənim görüm kimdir, nəçidir,
kimlərdəndir? Ərə getməyə də tələsmə,
çalış ali məktəbə qəbul
ol, əlində bir sənətin olsun. Belə
söhbətləri olanda həmişə qızı
utana-utana “istəyənim yoxdur” – deyib başını
aşağı salırdı. Deyirdi ki,
ay, ana, ərə getmək nədir, mən mütləq
oxuyacam. Yaxşıca hazırlaşıb gələn il ali məktəbə qəbul olacam, səni
arzulara çatdıracam. Bütün bunları
xatırlayan Əsurə dodaqlarının altında deyinməyə
başladı; bəs nə oldu, bu köpək qızına,
birdən-birə niyə fikrin dəyişdi? Kimə
urcah oldu, kim onu yolundan çıxarıb
toruna saldı? Əsurə yaxşı bilirdi ki, qızın
dalınca gedib onu kiminsə əlindən almaq mümkün
olan iş deyil. Bundan əlini
üzmüşdü. İndi heç
olmasa, qızla bir kəlmə danışmağa
çalışırdı. Öyrənmək
istəyirdi ki, görsün gələcək yeznəsi kimdir,
hansı tərəfdəndir, nə işin yiyəsidir?
İradənin nömrəsinə zəng
çatmırdı ki, çatmırdı. O, fikirləşməyə
başladı; gecənin bu vaxtında hara getsin, kimə dərdini
desin, qardaş-bacılarına zəng vurub evə
çağırsınmı? Qohum-qardaşlara hay
salsınmı? Sonra ağlına gəldi ki,
qızla kəlmə kəsməmiş, heç kəsə
bir söz deməsin.
Əsurə xanım səhərə qədər
çimir eləmədi. Eləcə, yerin içində o tərəf,
bu tərəfə aşdı. Tezdən
yerindən qalxan kimi yenə də İradəyə zəng
vurdu. Ona zəng çatırdı, indi də
telefonu götürmürdü. Nömrəni
təkrar-təkrar yığandan sonra, handan-hana xəttin o
başından qızının yuxulu səsi gəldi. Doğma balasının hənirtisini eşidən
kimi Əsurənin ürəyi yerinə düşdü,
gözləri işıqlandı. Elə
bil uzun illərin ayrılığından sonra
qızını yenidən tapmışdı. Onunla həyəcan
dolu səslə danışdı:
– Ay
qızım, bu nə məktubdu, yazmısan? İndi
haradasan, hara getmisən, hara qaçmısan? Sən mənim bircə balamsan. Bəs
belə ana-balalıq olar? Bəs mənsiz,
mənə məsləhət etmədən kimə qoşulub
getmisən, niyə qaçmısan? Nə
olmuşdu, niyə belə tələsdin? Nə
tez ərə getdin? Qoyeydin bir
sümüklərin bərkiyeydi də. Adam
da anasına qarşı belə insafsız olar? Səni min əziyyətlə böyütmüşəm.
Ana kimi xeyir-dua verər, yaxşı yol
arzulayardım. Təzə qohumlar el adətiynən
elçi gələr, nişan taxar, sonra
da sənə yaxşı bir toy edərdim. Odur
e, cehizlərı da hamısını alıb
yığmışam ora. Yiyəsiz ha
deyilik, əmin var, dayın var. Bəs camaat, el-oba buna nə
deyəcək? Allah sənə nəhlət
eləsin, hamının yanında başımı
aşağı elədin. İndi deyəcəklər
ki, Əsurə bir qızı da saxlayıb tərbiyə edə
bilmədi. Bu nə oyundur durduğum yerdə
başıma açdın? Belə fikrin
var idi, bir mənə də deyəydin, məsləhət
eliyeydin. Bala, ərə getdiyin oğlan
kimlərdəndir, hansı tərəfdəndir, necə
insandır? Barı heç olmasa, tanış
adamdır, yoxsa uzaqdır, yaddır? Varlı-hallıdırmı,
yoxsa elə bizim kimi lütün birisidir?
Əsurə
ürəyindəki olan bütün sualları qızına
birnəfəsə verdi. İradə onun
narahatçılığına son qoyub dedi:
– Ay ana,
narahat olma, getdiyim ev,
düşdüyüm yer çox yaxşıdır. Oğlanın adı Namiqdir. Çox
tərbiyəli, sözünün üstündə dayanan
adamdır. Bir tərəfi də, elə
biz tərəflərdəndir, nəsli-nəcabətli
adamlardır. Var-dövlətli insanlara
oxşayırlar. Anası da elə səninlə
yaşıd olar. Çox şirindilli,
qanacaqlıdır. Məni mehriban
qarşıladı, xoş dindirdi. Onlar
yaxın vaxtlarda barışığa gələcəklər.
Oğlanın həm varlı-hallı, həm də
öz zonalarından olmasına Əsurə sevindi. Fikirləşdi
ki, yenə hara dönsə el adamıdır. Qızının ətini yesə də,
sümüyünü çölə atmaz. İradə onu nə qədər arxayın etsə
də, Əsurə bir məsələdə nigaran qaldı.
Fikirləşdi ki, görəsən qızı Namiqlə
harada tanış olub? Onu çoxdanmı
tanıyır, yoxsa təzə tanışıdır?Nigarançılığına son qoymaq
üçün ondan soruşdu:
–
Qızım, bu oğlanı haradan tanıyırdın? Səninlə bir sinifdə oxuyub, yoxsa uzaq
qohumlardandır? Tanışlığınız
nə vaxtdandır?
İradə anasını
aldatmadı, hər şeyi olduğu kimi də dedi:
– Ana, mən
Namiqlə on-on beş gün əvvəl
internetdə tanış olmuşam. Elə də
çoxdan tanımıram.
Qızından bu sözləri eşidəndə elə
bil onun başına qaynar su tökdülər. Əlini dizlərinə
vurdu, saçlarını yoldu. Amma
bunları elə sakitcə elədi ki, qızı hiss eləməsin.
Nə isə bu icdivacdan dalağı sancdı,
ağlı bir şey kəsmədi. İndiyə qədər
oğlanların internetdə qızlarla tanış
olduqlarını və aldatdıqlarını çox
eşitimişdi. Bəlkə elə Namiq də
həmin oğlanlardan biridir. Bu da İradəni
aldadıb yoldan çıxarıb. Sonra
heç ailə qurmayıb atacaq onu. Bunları fikirləşəndən
sonra Əsurə qızına dedi:
– Bala, sən
özünü bilə-bilə oda atmısan. Bu
internet məsələsi məni heç açmadı.
Allah bu internetdi, nədi onu çıxaranın
başına daş salsın. Onu icad elədiyi
yerdə qolları qırılaydı, gözləri
çıxaydı. Heç adam on-on
beş gün əvvəl tanıdığı bir adama da ərə
gedər? Qızım, Allah səni xoşbəxt eləsin,
xeyr versin. Amma nə isə bu iş mənim ürəyimi
açmadı. Heç mən illərlə
tanıdığım qohumuma, kəndçimə getdim,
xoşbəxt olmadım. O ki qalmışdı internetdə
təsadüfən tanış
olduğunun birisi ola.
Əsurə
bu qarğışları, acı sözləri interneti kəşf
edənin ünvanına deyəndən sonra yadına
düşdü ki, axı elə o da təzə sevgilisi Qəmbərlə
internetdə tanış olmuşdu. Sonra da görüşmüş, bir-birilərindən
xoşları gəlmiş, danışıqları baş
tutmuşdu. Qəmbər Əsurəni hərtərəfli
qane edirdi. Buna görə də əvvəlki
sevgilisini atıb ondan möhkəm
yapışmışdı. İndi də qızı
İradə internetdə oğlanla tanış
olub, qoşulub qaçmışdı. Bir
növ anasının yolu ilə getmişdi. İndi qızını danlamağa heç onun mənəvi
haqqı da yox idi. İradə də bu barədə
anası təzə tanışı Qəmbərlə
söhbət edəndə eşitmişdi.
Qızı
ilə danışandan sonra zəng vurub utana-utana bütün
qohumlara onun qoşulub qaçdığını dedi. Nə isə özü qızının ərə
getdiyinə sevinmirdi, ürəyi açılmırdı.
Doğrudan da, İradə dediyi kimi, on-on beş
gündən sonra oğlan tərəfinin adamları
barışığa gəldilər. Yaxşı
da gəlmişdilər. Gətirdikləri
pay-pürüşü qoymağa evdə yer də
tapmırdılar. Həmin gün Əsurə
də ağsaqqallarını, ağbirçəklərini
çağırmışdı. Təzə qohumlar
xeyli söhbət edib, yaxından tanış
oldular. Danışıqları baş tutdu.
Bu qohumluq hamının ürəyincə oldu.
Namiqin anası Almaz xanım İradənin dediyi
kimi yaxşı qadına oxşayırdı. Sifətindən nur yağırdı. Namiqin
atası dörd il əvvəl
dünyasını dəyişmişdi. Əsurə
öyrəndi ki, gələcək kürəkəni neçə
ildir Rusiyada yaşayıb, ticarətlə məşğul
olub. İndi Bakıya qayıdır,
biznesini burada qurmaq istəyir. Namiqin belə
imkanlı olması xəbərinə Əsurə çox
sevindi. Fiikrləşdi ki, özü həmişə
kasıblıqdan əziyyət çəkib, qoy indi heç
olmasa qızı imkanlıya ərə getsin, yaxşı
gün görsün. Qohumlar məsləhətləşib
toy gününü də təyin etdilər.
Amma toy xeyli gec baş tutası oldu. Çünki
bir neçə gündən sonra məhərrəmlik
başlayırdı. Bu bir neçə
günə isə nə oğlan, nə də qız evi toya
hazırlaşa bilməzdi. Qızı evdə
olmadığından Əsurənin əl-qolu
açılmışdı. Neçə
illər dostluq etdiyi köhnə sevgilisi Zəfərin
ağzını çoxdan boza vermişdi. Təzəcə
tanış olduğu sevgilisi – cavan
oğlan saqqallı Qəmbərlə tez-tez
görüşürdü. Əsurə evdə
tək olduğundan bəzən, hətta gecələr də
onunla qalırdı. Səhərə qədər
bir yataqda olurdular. Qəmbər ona
yaxşı əl tutur, kömək edirdi. Sevgilisini darda qoymurdu. Əsurə
də ürəyini ona geniş açmışdı. Qəmbərin hesabına qızının cehizlərini
də aldı. Onu xeyli xərcə
saldı, amma qulluğunda da yaxşıca dayandı. Ayağını yuyur, dırnağını tutur,
sonra onu əvvəlki sevgilisinin düzəltdiyi hamama salıb
çimizdirirdi. Ürəyindən
keçən arzu və istəklərini yerinə yetirirdi.
Toya az qalırdı. Əsurə Qəmbəri
də məclisə dəvət etmişdi. Demişdi ki, gəlib qarışarsan oğlan evinin
adamlarına, bizimkilər səni nə tanımayacaqlar ki?
Əsurə toya qədər bir dəfə yeznəsigilə
getdi. Onların ev-eşiklərinə söz ola bilməzdi. Deyəsən,
qızının bəxti gətirmişdi, yaxşı yerə
düşmüşdü. İradə ilə
tez-tez telefon əlaqəsi saxlayan Əsurə bir gün
eşitdiyi şad xəbərdən lap çox sevindi. Qızı hamilə idi, uşağa
qalmışdı. Bu xəbər onun
ürəyincə oldu. Toya bir həftə
qalmış Namiq evdəkilərlə, İradə ilə
sağollaşıb Rusiyaya getdi. Dedi ki, işlərini
yekunlaşdırıb bir iki günə qayıdacaq. Gedəndən yalnız bircə dəfə zəng
vurub İradə ilə danışdı. Sonra səs-soraq gəlmədi. Toyun
vaxtı yaxınlaşsa da, Namiqdən xəbər
çıxmırdı. İradə
nömrəsini tez-tez yığsa da, ona zəng
çatmırdı. Toy günü gəlib
yetişdi, amma Namiq gəlmədi. Qohum-əqrabalar
ayaq üstə idilər. Əsurə
narahatçılıq içində xəbər gözləyirdi.
Dəvətnamələr bir həftə əvvəldən
paylanmışdı. Əsurə demək
olar ki, gündə dörd-beş dəfə onun anasına,
öz qızına zəng vurub Namiqi soruşurdu. Amma nə fayda, hələlik ürəkaçan bir
xəbər yox idi. Toyu təxirə
salmalı oldular. Bəysiz necə toy etmək
olardı? Qərara aldılar ki, Namiqi
gözləsinlər. Nə vaxt zəng
vurub desə, toyu da həmin günə təyin etsin.
Əsurə əsəbindən bilmirdi ki, neynəsin. Gücü,
ancaq qızına çatırdı. Ona
dişinin dibindən çıxanları deyirdi. Tanımadığı bir adama qoşulub
qaçdığına görə gecə-gündüz onu
danlayırdı. Hirslənəndə hələ
söyürdü də. İradə
özü də bu danlaqlardan təngə gəlmiş,
bezmişdi.
Beş aydan çox idi ki, Namiqdən zəng gəlmirdi. İradə
yalnız indi-indi düşünülməmiş addım
atdığını anlayır, səhv etdiyini başa
düşürdü. Bu da çox gec idi.
Artıq qatar getmişdi. O da yanlış
addım ataraq bu qatarın talesiz bir sərnişini olmuşdu.
İradə hiss edirdi ki, bəxti üzünə gülməyəcək.
Gələcək həyatı acılarla dolu
olacaq. Namiq onu şirin dili ilə,
yalançı vədləri ilə aldadıb, yoldan
çıxartdı, həyatını məhv etdi. O,
heç geri qayıdana da oxşamır. Bir neçə
gün əvvəl həmişə sifətindən nur
yağan anası Almaz xanım otağına gəlib dedi:
– Bala, ta
mənim evimdə Namiqi nə vaxtacan gözləyəcəksən?
Çıx get ananın yanına. Oğlum gələndə
də toyunu edərik, səni evimizə gəlin gətirərik.
Daha burda kimə görə oturacaqsan? Biz özümüzü güclə
dolandırırıq. Oğlum səni
qaçıranda çox sevindim. Dedim bəlkə sənə
görə çıxıb o xaraba urusetə getməz, burda
qalar. Evimizə yiyə durar, ailəsi olar.
Neyniyim nə qədər dil töksəm də,
qalmadı, bizi atıb getdi. İndi nə
zəng edir, nə də pul göndərir. Özü onsuz da, avaranın biriydi, səni də
alıb bədbəxt elədi. Vallah bala, mən
onun qayıtmağına inanmıram. Evinizə
getsən yaxşıdır, bəlkə özünə bir
gün ağlayarsan. Burda boş yerə
oturub gözləməyə dəyməz.
İradə ona üzünü bozardıb “Namiq gəlməyincən,
mən heç yerə gedəsi deyiləm. Ya bu evdə mənim toyum
olacaq, ya da buradan meyitim çıxacaq” – dedi. Almaz xanım
“özün bilərsən, ay bala, day mən sözümü
dedim” – deyib çıxıb getdi.
Hamı
İradədən qaçır, heç kim
onunla danışmaq istəmirdi. Dünənə
qədər toya hazırlaşan, gəlinlə “can” deyib “can”
eşidən Namiqin bacıları da indi onu eşitmir,
saymırdılar. Sözünə də
cavab verməyə ərinirdilər. Yavaş-yavaş
hamı bu evdə Əsurənin qızını burunlamağa
başlamışdı. İradə
dünənə qədər ona doğma olan yad adamların
arasında sıxıla-sıxıla qalmışdı.
Dişini dodaqlarına tutub onların
qarşısında güclə duruş gətirirdi. Amma anasına bu evdə baş verənləri deyə
bilmirdi. Namiqə qoşulub qaçmazdan əvvəl
ondan məsləhət almadığına görə indi
dili yaman gödək idi. Gecə-gündüz
başına döyür, fikirdən, ah-nalədən yata
bilmirdi.
Bir
gün axşamtərəfi Almaz xanım əlində telefon tələsik
onun otağına gəlib dedi:
– Ay
qız, İradə bala, al danış, oğlum zəng vurub.
Mən dediyimə inanmırsan, al eşit, bu da
Namiqin özü.
İradə Namiqdən zəng gəldiyinə çox
sevindi, hələ qulaqlarına toy səsi də gəldi. Özünü gəlin
paltarında məclisin yuxarı başında oturan hiss etdi. Amma hər şey onun fikirləşdiyi kimi
olmadı. Bu zəng İradənin
bütün ümidlərini alt-üst etdi. Namiq çox soyuq, yad adamlar kimi danışdı.
Heç elə bil tanış olanda onunla
mehriban, xoş danışan, deyib, gülən oğlan bu
deyildi. O, dedi:
– İradə, mən neçə illərdir burada
yaşayıram. Evim, ailəm var. Arvadım da rusdur. Bakıya bir neçə aylığa istirahət
etməyə, mamagilə baş çəkməyə gəlmişdim.
Səninlə tanış oldum, günlərimi
yaxşı keçirdim. Bu
tanışlığa peşiman deyiləm. Amma mənim səninlə ailə qurmaq, evlənmək
fikrim yoxdur. İstədiyin vaxt
çıxıb evinizə gedə bilərsən. Mamanı da çox incitmə. Nə
deyirsə, onu da eşit. Bir də
Bakıya nə vaxt gəlsəm, səni axtarıb taparam, yenə
də günlərimizi bir yerdə xoş keçirərik.
İndi isə vaxtını boş keçirib,
havayı yerə məni gözləmə.
Bu sözləri deyəndən sonra telefonu qapadı. İradə nə
qədər çağırsa da, qışqırsa da xeyri
olmadı. Namiq onun səsinə səs vermədi.
Hər yerdən əli üzülən İradə
bir həftədən sonra zəng vurub ağlaya-ağlaya
bütün olanları anasına danışdı. Əsurə qızından bu sözləri eşidəndə
havalandı, elə bil başına at təpdi. Tez işdən icazə alıb birbaş Namiqgilə
gəldi. Həyət qapısını
Almaz xanım açdı. Bayaq İradə
zəng vurub anası ilə danışanda dediklərini
eşitmişdi. Bilirdi ki, harda olsa, Əsurə
qaça-qaça gələcək. Əsurə
içəri girən kimi səsini başına atıb
Namiqin anası ilə qışqıra-qışqıra
danışdı. Həmişə
üzü nurlu olan Almaz xanım da heç ondan geri
qalmadı. Bütün qonşular da səs-küyə,
hay-həşirə çölə
çıxmışdılar. Ha
qışqır-bağır salsa da, Əsurə Almaz
xanıma heç nə edə bilmədi. Axırda
həyasızlığını göstərib qadına
yaraşmayan söyüşlər söyə-söyə,
onun oğlu Namiqə pis-pis qarğışlar tökə-tökə
qızının əlindən tutub onların
qapısından çıxdı. İradə
üzüqara, başıaşağı vəziyyətdə
evlərinə qayıtdı. O, bu qapıya xoşbəxtliyi
və səadəti arxasınca, arzularına qovuşmağa gəlmişdi.
Amma arzuları, istəkləri puç oldu,
kiçik bir səhv həyatını, gələcəyini məhv
etdi.
Bir neçə
gündən sonra Əsurə qızını öz həkiminin
yanına apardı ki, uşağı götürsünlər.
Müayinə aparan həkim dedi ki, vaxt çox keçdiyindən
bu iş mümkün deyil. Əməliyyat
qızının həyatı bahasına başa gələ
bilər. Əsurə nə qədər
pul təklif etsə də, dil töksə də həkim
razılaşmadı. Bu təhlükəli
işi öhdəsinə götürmədi. Ana-bala qanları qara evə döndülər.
İndən sonra həyatı boyu İradə də
anası kimi olacaqdı. Övladını
atasız böyüdəcək, acılarla dolu günlər
yaşayacaqdı. Uşağın yaş
kağızında heç atasının adı da
yazılmayacaqdı. Vaxtsız, tələsik
və düşünülməmiş səhv bir addım
İradəyə bədbəxtlik gətirdi. Bu bədbəxlik
İradənin bütün sevincini əlindən aldı, əvəzində
ona kədər, qəm verdi. Onun
tay-tuşları indi ali məktəblərdə
oxuyurdular. O isə bətnində təsadüfən internetdə
tanış olduğu və onbeş
gündən sonra qoşulub qaçdığı Namiq
adlı bir yaramazın uşağını gəzdirirdi. Məsləhətsiz atdığı bu addım
İradənin əlindən hər şeyi almışdı.
İndən sonra daha kiminlə ailə quracaq,
belə erkən yaşlarında itirdiyi xoşbəxtliyini necə
tapacaqdı? Uşaq doğulandan sonra
dolanışıqları bir az da çətinləşəcəkdi.
Hələlik İradə evlərinin
yaxınlığındakı gözəllik salonunda,
mağazada və bir vaxtlar Namiqlə tanış
olduğu internet klubda qulluqçu işləyirdi. Axşam-səhər buraları
yığışdırır, günləlik
beş-üç manat pul qazanırdı.
Günlərin birində Əsurənin təzə
sevgilisi Qəmbər evdə heç kəsin
olmadığından istifadə edib İradənin
bütün cehizlərini, həmçinin əlinə
keçən başqa yaxşı nə var idisə
yığıb aparmışdı. Əsurə evə gələndə
hər yeri dağılı, sökülü gördü.
Ev bomboş qalmışdı. Qəmbər hər şeyi yığıb
aparmışdı. Zalım oğlu, zalım oturmağa
heç bir stol da saxlamamışdı.
Balaca bir məktub da yazıb qoymuşdu: “Əsi, əgər məni
polisə versən, özündən küs. Bu,
sənə çox baha başa oturar. Apardığım
əşyaların hamısı mənim pullarımla
almısan. Bunlar mənim halalca
malımdır. Sənin burada bir qəpiyin
də yoxdur. Məni çox axtarıb
narahat eləmə”. Əsurə Qəmbərin
yazdıqlarını oxuyanda gözlərinə inanmadı.
Fikirləşdi ki, insanlar nə qədər
etibarsız olurmuşlar. Başını əllərinin
arasına alıb divara söykənib xeyli ağladı.
Qızının başına gələnlər
azımış kimi, bu da bir yandan ona dərd oldu. Əvvəlki sevgilisi Zəfəri unutduğuna, elə
bir gözəl insanı yalançı bir gədəyə dəyişdiyinə
görə peşiman oldu. Qəmbərə
belə tez inandığına və evini ona etibar etdiyinə
görə özünü xeyli danladı. Qəmbərin mobil telefonu da yox idi. Bir dəfə uzaqdan işlədiyi şirkəti ona
göstərmişdi. Söz vermişdi ki,
səni bu şirkətdə işə düzəldəcəm,
rahat və geniş kabinetin, həmçinin fırlanan kreslon
da olacaq.
Əsurə səhər tezdən vaxt itirmədən onu
tapmaq, əşyalarını geri qaytarmaq üçün
işlədiyi şirkətə yollandı. Amma burada Əsurəyə
bildirdilər ki, şirkətdə belə bir adam
işləmir. Əsurə bura nə qədər
ayaq döysə də, xeyri olmadı. Onu
tapa bilmədi. Saqqallı Qəmbəri
polisə verməyə də qorxdu. Daha
ondan əlini üzdü. Təzə
sevgilisi onu məhv elədi. Puluna,
malına aldanıb ona çox vaxt ayırdı. Başı Qəmbərə o qədər
qarışdı ki, qızını da yaddan
çıxartdı. Onunla az
maraqlandı, qayğı, diqqət, nəvaziş göstərmədi.
İradə də evdə nəzarətsiz
qalıb boş-boş gəzib dolandı.
Bekarçılıqdan internet klublara getdi,
tanımadığı gədənin biri ilə tanış oldu, sonra da şirin dilinə, yalan
vədlərinə aldanıb ona qoşulub qaçdı. Həyatını, gələcəyini məhv etdi.
Axırda inandığı, etibar etdiyi Qəmbər
də onu aldatdı. İndiyə qədər
pullarına alınan əşyaları da, hələ üstəlik
Əsurənin özünün cehizliyindən
qalanlarını da yığıb apardı. Onu quru yurdda qoydu. Ondan Əsurəyi
heç bir xeyir qalmadı.
Qızını
Namiq, onu isə saqqallı Qəmbər aldatdıqdan sonra Əsurəgilin
vəziyyətləri lap pisləşmişdi. Evlərində
də heç nə qalmamışdı. Dolanışıqları
çətinləşmişdi. Əsurə
bu işdə özünü günahkar hesab edirdi. Qızı da onun biganəliyinin, səhvinin
qurbanı olmuşdu. İndi təzədən
heç nəyi geri qaytarmaq mümkün deyildi.
İndi nə
ana, nə də bala internetə girib kimləsə tanış olmağa maraq göstərmirdi. Çünki onlar internetdən gördüklərini
görmüşdülər.
Vahid MƏHƏRRƏMOV
525-ci qəzet.-
2012.- 22 noyabr.- S.7.